Mən atamı istəyirəm…

image

Neçə ildir qulağım səsdə, gözüm yollardadır. Neçə ildir sənsiz olan bir həyatı yaşamaq məcburiyyətindəyəm. Neçə ildir ata deyib ağlasam da, gözümün yaşını axıtsam da sən səsimə səs vermirsən, səni yana-yana axtarıram, səni yana-yana itirdiyim kimi…

…Bu günümün pənahı atam, başımın tacı, məsləhət yerim, arxam, dayağım ata, heç yuxularıma da gəlmirsən neçə vaxtdır. Yoxsa incimisən, yoxsa küsmüsən məndən, ən sevimli qızından? Mən dünyaya, sən də mənə küsgünmüsən?! Hələ sağlığında mənə gələcək bəlalardan elə yuxularımdaca məni agah edər, hayıma yetərdin. Onda həyatdaydın çətinliyim olan kimi quş qanadında yetirərdin özünü. Nə qəribədir…o vaxt həm yuxuma, həm evimə gələn atam, bu gün nə yuxuma gəlir, nə də evimə… 
…28 fevral – ömrümə qara hərflə yazılan bir təqvim…heç gözləmədiyim bir anda gələn qəfil zəng. Aman Allah, yoxsa atam yenə xəstələnib?…
…Gecənin qaranlığında anamın həyəcan dolu səsinə yuxudan oyandım. Orta məktəbin 4-cü sinfində oxuyurdum. Hələ dünyanı dərk edəcək bir yaşda da deyildim. Amma dayanmadan ağlayır, atama bir şey olacaq deyə çox qorxurdum. Anam məndən böyük bacımı mətbəxə qaşıq üçün göndərdi. Çaşbaş qalmışdım, nələr baş verir anlaya bilmirdim. Atam çarpayısında uzanmışdı, bərk xorultu səsi gəlir, ağzından köpük axırdı. Mən qorxumdan divara sıxılmış, əsim-əsim əsirdim. Anam üstümə qışqırdı:
– Həkimə zəng elə, niyə durmusan.
Telefonu götürüb qohumumuz olan Vahid həkimin evini yığdım.

Uşaq səsimlə:
– Mən filankəsin qızıyam, atama nəsə olub bizə gəlin, -dedim. Telefonu atıb anamın yanına qaçdım. Anam qaşıqla atamın ağzını açmışdı, xorultusu kəsilmişdi, amma gözünü açmırdı. Mən qaranlıqdan qorxmayıb həyətə çıxdım, ağlayırdım, həkim tez gəlsin deyə yalvarırdım… Həkim atama iynə vurdu, atam gözlərini açdı, anam çarpayıda, həkim isə stulda atamın yanında oturmuşdu. Mən küncə sıxılıb danışılanlara qulaq asırdım. Həkim atama dedi ki, onu anam qaytarıb həyata. Anam qaşıqla atamın ağzını açmasaydı, atam həkim gələnədək keçinə bilərdi…
Çox sonralar mənə bəlli oldu ki, atam cavan qardaşının dəfn günü huşunu itirmiş, yıxılıbmış. Həmin vaxtdan atamda bu xəstəlik yaranıbmış. Bir neçə il müalicə aldıqdan sonra keçdi bu xəstəlik atamdan, amma mən həmin o xəstəliyin qorxusundan neçə illər gecəni rahat yata bilmədim. Gecənin bir aləmi oyanar, gəlib atam yatan otağın qapısından baxardım görüm atam yatıb deyə xoruldayır, yoxsa…
İndi də o ümidlə gedirdim yolu, fikirləşirdim ki, gör neçə il keçib o vaxtdan atam yenə xəstələndi…Kaş sən yenə xəstələnəydin, kaş anam səni yenə qutaraydı, ata! Amma gedib səni dünyadan köçmüş görməyəydim. 28 yaşımda, ayın 28 -də həyat mənə amansız sürprizi ilə dağ çəkdi. O dağın göynərtisi bu gün də sinəmdədi. Bu gün də səni itirdiyim gün kimi yanaraq ağlayıram. Qızların atası olmayanda onların gözünün yaşı heç qurumaz deyərdilər… Doğruymuş, qurumur gözümün yaşı, canım atam. Sənin ölümün mənim zülümüm olub, atam! Kimə yalvarım, kimdən istəyim səni? Ya mənə gəl, ya sənə gəlim…O qabar əllərinlə başıma yenə sığal çək. Yenə xoş sözlərinlə dindir məni, canım atam. Səni əvəz edəcək bir kimsə yoxdur, kimsə ola da bilmz. Bütün övladların səni itirdiklərinə yandılar, amma mənim kimi yanıb qovrulanı olmadı…bu gün anamı da incitdim, anamı da yaraladım…zəng etdim, salamını verib ağladım…anam bildi niyə ağlayıram, amma mən ona:
– Atamı ver, ana, mən atamı istəyirəm, mənə atamı ver deyib, hönkürdüm…ölməsin atam, mən atamı görmək, mən atama sarılmaq, onun qucağına sığınmaq istəyirəm. Ölməsin atam, qoy yaşasın, məni hamıdan az istəsin, amma ölməsin…amma yoxdu atam, heç gəlməyəcək, geri dönüşü olmayan bir yolçuluğa çıxıb canım atam… Sən gəlməsən də mən gələcəm sənə, gözlə məni, ata…
Məni qınamayın, əzizlərim, mən atamı istəyirəm…

Səndən istəmirəm nə var, nə dövlət,
Nə də cah-cəlalda gözüm var mənim.
Ağlayıram, sızlayıram, yanıram,
Mən atamı istəyirəm, Allahım.

Atam gedib bir qanadsız quşam mən,
Yurdum yoxdu, yuvama da uçum mən.
Gözətçi tək yollarında durum mən?!
Mən atamı istəyirəm, Allahım!

Taleyimə yazılmadı xoş günüm
Atam getdi zülmət oldu gündüzüm.
Sənsən mənim qibləgahım, ümidim
Mən atamı istəyirəm, Allahım!

22/04/2015 tarixində Yazılarım içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: