Qələbə ətirli Qarabağım
QƏLƏBƏ ƏTİRLİ QARABAĞIM
…əfsanəyə görə abad bir mahal, bu mahalda isə iki sevgili varmış. Bu sevgililər uzun müddət imiş ki, bir-birindən aralı, həsrətin, hicranın vurduğu yaranın göynərtisi ilə yaşayırlarmış. Başlarından keçməyən qəzavü-qədər qalmayıbmış. Ayrılıq günü onlar söyüdlü arxın kənarında oturub gələcək həyatları haqqında xəyallar qururlarmış. Qəfildən göy guruldayıb ildırım çaxır bədheybət bir quş sevgililərdən birini caynağına alıb göyün milinə qalxır. Göy üzündə qara buluda dönüb ətrafı zülmətə boyayır. Yer üzündə qalmış sevgili saçını-başını yolub haray salsa da, səsini duyan, ününü eşidən tapılmır. Torpağın sinəsini göz yaşları ilə sulayır. Günlər ayları, aylar illəri yola salır. Sevgililərin məskəni olan abad mahalın güllləri, çiçəkləri göz yaşı ilə sulanmaqdan solub-saralır. Bağlar barını, çəmənlər ətrini, dağlar az qala qürurunu itirir. Nə bülbül oxuyur, nə Xarı bülbül açır. Çaylar su əvəzinə qan-yaş axıdır. Abad mahaldan əsər-əlamət qalmır, hər yan xarabazara dönür. Həsrət könülləri dağlayır…
…və… və heç kimin gözləmədiyi bir gün göyün üzü birdən-birə aydınlaşır. Qoşa qumrulardan biri göy üzündən yerə enib sevgilisinə qovuşur. Muradına yetən iki sevgili bir-birlərinə sarılırlar. Çiçəklərin ətri ətrafı bürüyür, bülbülün cəh-cəhi mahalı başına götürür. Xaraba qalmış yurdun sinəsi laləzara dönür. Axı illərdir həsrətlisini gözləyən gözlər yoldan yığılmışdı, axı hicranın buzu ərimişdi. İndi daha bu torpağın köksünə yaralar vurulmayacaqdı, yarasına məlhəm olan çiçəklər bitəcəkdi…
Bəli, dostlar, mən daha işğal günlərini qeyd etməkdən yorulmuşdum. Mən işğal altında olan Qaabağ haqqında keçmişdə qalmış bir xatirə kimi danışmaqdan yorulmuşdum. İçimdən hayqırmaq, içimdən düşmənə üsyan etmək keçirdi. Amma sən demə, vaxtı və zamanı deyilmiş hələ. Ümidimi itirməsəm də, gözlərimdəki həsrətin, qəlbimdəki yaraların ağrısı-acısı ruhumu sarsıtmış, qələmimi yazıya küsdürmüşdü. Mənim içimdəki yaraların acısını məndən yaxşı kim duya bilərdi axı?!
Mənim ruhumun, qəlbimin, gözlərimin, xatirələrimin acısı idi Qarabağ. On doqquz ilimin əvəzedilməz xatirələrinin beşiyi idi Qarabağ. Hər qarış torpağına qarışa biləcək bir xatirə həm də… 27 illik həsrət mənə nə torpağımı, nə də xatirələrimi unutdura bildi. Unutsam, nankor olaydım gərək…
44 gün… əfsanəyə bərabər bir dönəm. Hər zaman qürur duydum Azərbaycanın Vətən həsrətli, Vətən sevgili igidləri ilə. Yanılmamışdım, məhz bu igidlərin qanı, canı bahasına möhtəşəm bir qələbənin tarixi yazıldı. 44 gün ərzində hər gün acını da yaşadıq, sevinci də. İlahi, bəndəni necə də dözümlü yaradıbsanmış… bir gözümüzdən yaş axdı, bir gözümüz güldü. Eyvanları bayraqlar bəzədikcə biz addım-addım Qarabağa yaxınlaşırdıq. Bəlkə də Qarabağa dönüşümüz reallaşdıqca eyvanlardakı bayraqların sayı artırdı…
Nəhayət, 8 noyabr!
Bəlkə də bloq izləyicilərimin yadında olar, 2017-ci ilin 8 may tarixində, Şuşanın işğalının 25-ci ildönümündə “Mən Şuşadan gəlirəm” adlı bir yazı dərc etmişdim. Xatırlatma kimi yazını yenidən təqdim edirəm:
“25 il az bir müddət deyil. El arasında – “bir igidin ömrü” də deyilir. Bu yazını iki il bundan əvvəl yazmışdım, içimdə qəribə bir inam hissi ilə…inanırdım ki, növbəti yaz o qırmızı lalələr düşmən ayağının tapdağından, düşmən nəfəsindən xilas olacaq. Amma…dəyişən heç nə yoxdur… Yenə də şəhid, yenə də anaların fəryadı, yenə də ürəklərdə Qarabağ həsrəti yaşayırıq…yurd həsrəti ilə yaşamağa yaşamaq deyilirsə…
Bu arada, hamınızı salamlayıram, mənm sadiq və vəfalı dostlarım…
…qıpqırmızı lalələr çəmən çiçəkləri ilə baş-başa verib şirin-şirin pıçıldaşırdılar. Elə bil neçə illərin həsrətli sevgililəri idilər. Quşların cəh-cəhlə oxuması, bülbülün Xarı bülbülə, öz sadiq sevgilisinə vəfası, buludların səmada düzülüşü belə, bir xoşbəxtlik tablosu idi.
Cıdır düzündə igid-igid oğlanlar əllərində Azərbaycanın üçrəngli bayrağı at çapırdılar. İsa bulağının buz bulağından su içmək üçün qızlar boy-boya vermişdilər. Ağacların yenicə tumurcuqlamış budaqlarında min rəng vardı. Başı dumanlı dağların ən uca zirvəsi belə açıq-aydın görünürdü…
25 il əvvəl bu dağları bir həsrət bürümüşdü. Nankor ermənilər, çörəyimizi yeyib, suyumuzu içən, evimizin ən əziz qonağı bildiyimiz mənfurlar işğal edib viran qoymuşdular Şuşanı. Şuşanın sinəsinə çalın-çarpaz dağ çəkmişdilər. O dəhşətli gün topun, güllənin səsindən quşlar perik düşmüşdü, çiçəklər tapdaq altda qalıb əzilib torpağa qarışmışdı, torpağın sinəsi cadar-cadar olmuşdu, günahsız qan içməkdən gözü qan ağlamışdı Şuşanın…
…o gündən bu yana, düz 25 il idi ki, Şuşa, bax beləcə qan ağlayırdı, hər gecə, hər səhər…torpağına sədaqətli Xarı bülbül çiçək açmırdı, quşlar şən nəğmə yerinə ağı deyirdi, dağlar bomboz həsrət dumanına bürünmüşdü, göy üzündə qəhərdən, acıdan dolmuş qara buludlar məskən salmışdı…
…sevin daha Vətənim, sevin, Qarabağın cənnət məkanı olan Şuşam! Bu ilin uğurlu gəldi, bu il bəxtinə doğacaq günəşinin al şəfəqləri səni bir daha xoşbəx illərinə qaytaracaq, əridəcək ürəyində buz bağlamış həsrəti, kədəri, qəmi-qüssəni, sevin, Şuşam!
Bax, bu gerçəkdir, bax sənin cənnət qoynunda yenə güllər açıbdır, yenə qız-gəlinlərin gülüşü quşların nəğməsinə qarışıbdır. Daha göydən yerə qara buluddan qanlı göz yaşları axmır, bu torpaq uğrunda qan tökmüş igid oğlanların ruhu azad bir quş kimi səmadan sənə baxıb gülümsəyir…onlar da arzusuna qovuşdular artıq, azad görmək istədikləri Vətən torpağında daha düşmən nəfəsi duyulmayacaqdı…
…çəmən-çəmən topladığım bir dəstə çiçəyi bağrıma basıb qoxusunu ciyərlərimə çəkdim. İlahi, necə də ətirlidir, necə də kövrəkdir mənim çiçəklərim…elə bu zaman “Gövhər ağa” məscidindən azan səsi eşidildi. Tez-tələsik çəmənlikdən, bu rayihədən aralanıb bulaq başına endim. Dəstəmaz alıb Allahın evində namaz qılmaq, dizlərimi yerə atıb Uca Yaradana şükürlər etmək üçün tələsdim. Şükürlər olsun ki, Qarabağımızı bizə yenidən qaytardı…
…qapının ağzında qoyduğum çiçək çələngini əllərimə alıb, qoxusunu yenidən ciyərimə çəkdim. Bu sevincimi Bakıdakı dostlarımla bölmək üçün şəhərə tələsirdim. Əlimdəki çiçəklərlə mən onlara sübut edəcəkdim ki, MƏN ŞUŞADAN GƏLİRƏM…
…elə bu vaxt TV kanalında “Xəbərlər” verilişinin aparıcısının kədərli səsi məni xəyalımdan ayırdı: “Bu gün Şuşanın işğaından 25 il keçir…”
Hə, əzizlərim, mən böyük bir məyusluqla bu sevincimin yerini kədərə vermişdim. Amma xəyalıma belə gəlməzdi ki, 3 il sonra Şüşa həqiqətən azad olacaqdır. Nəiki Şuşa, işğal altında olan torpaqlarımızın sinəsinə bir daha düşmən ayağı dəyməyəcək, torpaq mənfur erməninin nəfəsindən qurtulacaqdı…
Bu elə bir sevinc, bu elə bir hissdir ki, bunun şirinliyini, bunun dadını duymaq üçün gərək onun acısını da dadmış olasan.. Mən daha qaçqın deyiləm! Mənim yurdum mənə qayıdıb, mən torpağımın azadlığını gözlərimlə görə bildim. Nə xoşbəxtəm, çox xoşbəxt həm də…lap bir zamanlar Qarabağlı günlərimdə xoşbəxt olduğum kimi. 2020-ci il, sən mənim yenidən doğulduğum ilsən!
Daha yurd üçün nigaran deyiləm. Gözümdə yığılan qalaq-qalaq həsrətə son qoyulub artıq. Bir zamanlar yazılarımda “içimdə bir ümid var ki, bu dünyadan Qarabağ həsrəti ilə köçməyəcəyəm” deyərdim. Yaradana şükürlər olsun ki, ümidimi gözümdə öldürmədi.
Bu qələbəni asan qazanmadıq. Müharibə can aldı, anaların gözlərinə yaş, balaların taleyinə ömürlük həsrət naxışı biçdi… Biz o yurda şəhidlərimizin canı bahasına qayıtdıq. Uçulub dağılmış evimizin, yiyəsiz qalmış yurdumuzun, talan olmuş meşələrimizin qisasını onların qəhrəmanlığı sayəsində əldə etdik. Bu gün xaraba bir yurda döndük, amma torpağın ətri bizi isindirdi, bizə can verdi. Bir zamanlar “bağımızdakı ağaclar üşüyür” demişdim. Elə bilirdim ağaclar yerindəcə qalıb məni gözləyir. Amma nə ağac qalıb, nə də evimizin divarları…sən demə ağaclar üşümürmüş, ağaclar intihar edibmiş…
Ağlama şəhid anası
Ağlama sən, əziz anam, göz yaşına qurban olum,
Məğrur dayan, Vətən üçün mən qeyrətli oğul oldum.
Sil gözünün yaşını sən, bağlama qara başına,
Adın yazdı şəhid oğlun tarixin qan yaddaşına.
Belin bükülməsin, atam, oğlun qəhrəman olubdur,
Şərəfiylə, namusuyla bu Vətənə can qoyubdur.
Mübarizlər, fəridlər də sənin oğulların idi,
Başını dik tut sən, atam, Vətən sağ olsun qoy, atam!
Ağlama, qeyrətli bacım, qardaş deyib sən ağlama,
Göz yaşınla öz anamın ürəyini sən dağlama.
Qəhrəmanlar Vətən üçün öz canından keçənlərdir,
Vətən də, sən də bil mənim namusumdur, qeyrətimdir.
Ağlama şəhid balası, göz yaşını halal elə,
Torpaq üstə qədəmini sən rahat atasan deyə,
Atan canın fəda etdi, bu torpağa, bu millətə,
Bayrağını öp, qucaqla, başın üstə qaldır göyə.
Ağlama, vəfalı yarım, sevgimizin xatirinə sən ağlama,
Qoyma düşmən baxıb gülsün, yarama sən duz bağlama.
Əmanətdir balam sənə qoru, böyüt mərd, ürəkli,
Qürurlu ol, vaxtsız gələn bu dərdə sən təslim olma.
Başını dik tut sən, Vətən! Məğrurlardan məğrur dayan!
Sənin üçün candan keçən, sinəsini sipər edən,
Neçə-neçə igidlərin qoymaz səni yağı əldə.
Sevin, sevin, Qarabağım, qələbədir qapın döyən!!!
Sizin kimi oğulların qarşısında baş əyirəm! Sizin kimi igidlərin ruhuna da baş əyirəm. Baş əyirəm o anaya, sizin kimi oğullar doğub! Baş əyirəm o ataya, sizə doğru yol göstərib! Baş əyirəm o Vətənə, sizin kimi şəhidi var!
Qələbə bayramı
Don geyinib hər tərəf yaşıl rəngli xalıdan
Çəmənlərdə çiçəklər rəngbərəngdir, al-əlvan.
Xoş ovqatlı bahardan müjdəçidir qaranquş,
İlıq nəfəsli günəş əlvida deyir, ey qış.
Bahar xoş təravətli, bahar bayram ovqatlı,
Süfrələrə bəzəkdir paxlavası, qoğalı.
Arzuları çin oldu bu il elin, obanın
Şuşada yandırıbdır, ordu bayram tonqalın.
Yaddaşlara yazılıb Namiq, Polad, Mübariz
Xudayar avazında oxunacaq nəğməmiz.
Bayraq, torpaq uğrunda can qoyan ərlərimiz,
Biz sizi unutmarıq heç vaxt, şəhidlərimiz!
Qələbən mübarək, Azərbaycan!
Qələbən mübarək, Ali Baş Komandan!
Qələbən mübarək, İgid Əsgərlərimiz!
Qisasın mübarək, Şəhid Anaları!
Haqqınızı halal edin, Şəhid Övladları!
Ruhunuz qarşısında baş əyirik, Şəhidlərimiz!
08/11/2021 tarixində Tariximiz, Yazılarım içində dərc edildi və Qarabağ Azərbaycandır, Qələbəmiz, Sən azadansan, Şuşa olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 5 Şərh.
Əziz dostlarım, çox uzun ayrılıqdn sonra sizləri xoş gördüm. Qələbə xəbərini yazmaq ən böyük arzum idi. Yaradana şükürlər olsun ki, bunu mənə yaşatdı. Bir il öncə pərən-pərən düşmüş xəyallarımız, ümidi solmuş arzularımız gerçək oldu. Sevincimiz qayıtdı, həsrətimizə son qoyuldu. Keçən zaman müddətində çox şeylər dəyişdi, çox hadisələr baş verdi. Dəyişməyən bilirsiniz nə oldu? Sizin mənim qəlbimdəki yeriniz. Bəlkə çoxunuz bloqun yolunu belə unutmusunuz, bəlkə çoxunuz adımı belə unutmusunuz, bəlkə çoxunuz heç nəyi belə xatırlamırsınız, mənim kimi parolu unudalarınız da var bəlkə… amma mən heç birinizi unutmadım…
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Axşamın xeyir könlümün sultanı. Hər dəfə olduğu kimi bura qoxunu ciyərlərimə çəkməyə, köhnə günlərdəki birgə keçən günlərmizi bir anlıq da olsa yaşamağa gəlmişdim və nə yaxşı ki də gəlmişəm. Sizi burda görməyin yaşatdığı sevincin anladılması mümkünsüzdü. Bloqa daxil olandakı qarışıq halımı ifadə edə bilmərəm… Eyni anda həm sevinc, həm hüzün və heyrətlə açılıb kövrəlmiş gözlər… Əzizim, evinizə yenidən xoş gəlmisiz, səfalar gətirmisiz😍 Zəfər günümüz mübarək olsun, İnşAllah sevincimiz əbədi olar. Bu günü bizə yaşadan hər bir Vətən övladı qarşısında, Şəhidlərmizin ruhu, Şəhid analarının, övladlarının qarşısında.Qazilərmizin qarşısında ehtiramla baş əyirik. Allahdan Şəhidlərmizə rəhmət, doğmalarına səbir dözüm, Qazilərmizə sağlıq diləyirik. Yaşatdığın, ürəyimizdə qübar olmuş bu əvəzsiz sevincə şükürlər olsun Allahım🤲
Əzizim əllərinə, əməyinə sağlıq nə yaxşı ki, varımızsız🤗
Sizi qəlbən sevib dəyərləndirən heç kimsə bu dəyərli varlığı unudub özünü bu qədər zəngin gözəllikdən, dərin anlamlı söz xəzinəsindən məhrum etməz əzizim, bundan əmin olun😘♥️
Bəyəntərəfindən bəyənildi 2 şəxs
Xoş geldin, Xeyalem. Ne yaxşı ki varsan, vefalım…
Sene yazıram e-mailden. Niye çatmır?
BəyənBəyən
Axşamın xeyir, əzizim. Hər zaman xoş günlərinə, bol-bol sevinclərinə gələk inşAllah😍
Can bilmirəm niyə gəlmir Zümrütdə elə dedi😔 Yazmışam bayaq inşAllah gələr sizə❤
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Axşamın xeyir, Xeyalem. Yazmışam sene bax, sözüm var.
BəyənBəyən