Günahkar…

Görəsən, gecələrmi günahkar bu qədər ağır, hüzün yüklü olduğu üçün… Yoxsa ürəkmi günahkar, bütün gün ağrısını, kədərini gizləyib gecələr gözlərə töküldüyü üçün?
Dilmi günahkar sözləri sıxıb-sıxıb söyləmədiyi üçün… Yoxsa sözmü günahkar dodaqlarda kilidlənib dilə əzab verdiyi üçün? Bəzən bir şeylər axtararsan adına “hə, yaxşıdır” demək istədiyin. Özün-özünü ovutmaq istəyərsən bəlkə də. Ya da həyata tutunmağa bəhanə gəzərsən.
Əvvəl qəlbinə boylanarsan, baxarsan çat-çatdır divarları. Zəlzələdən sonrakı xarabaya bənzəyir. Hər çatından damla-damla qan süzülür. Sızlaya-sızlaya, nalə çəkib inləyir.. Bir neçə addım atarsan içərisinə, baxarsan məzarlar var içində adsız, sahibsiz. Əvvəl tanış gəlməz, sonra anlarsan. O məzarlığa gömülənlər sənin arzuların, istəklərin, illərlə xəyallarını qurduqların olduğunu. Həm də orda, öz əllərinlə gömülmüş olduğunu…
Keçərsən aynanın qarşısına qorxa-qorxa sığallarsan saçını. Dən düşmüş hər tel nalə çəkər əlinin altında. Deyər toxunma, ağrıtma, sızlatma onsuz da ağrıyan bağrımın köz-köz olanı başını… Başını qaldırdığında üzü qırışmış, saçı ağarmış, solğun, ifadəsiz çöhrəsi cansız cəsədi xatırladan, yaşını bilmədiyin, qocalmadan yaşlanmış biri baxar sənə. Axtararsan o üzdəki hər qırışda, göz yaşalarının açdığı hər cığırda gəncliyin ötüb keçən hərarətini. Axtarasan hər ağ teldə ömrə bədəl qara taleyini…
Sonra yadına gözlərin düşər. Hə, gözlərin!
Bəlkə onlar xəyanət etmiş olmaz sənə. Bəlkə saxlar özündə bir az ümid. Bir az gəncik hərarəti, az da olsa həyat eşqi… Baxarsan, onlar da çoxdan satmış olar bu boyda varlığını qəmə, kədərə. Şaxtada donmuş çiçəklərtək, solmuş olar bəbəklərin. Baxışların dikili qalmış uzaqlarda. Həyat yükündən tamam çökmüş, işığı sönmüş gözlərin…
Xəyalların… Axı bir vaxt sən var olduğunda onlar da vardı…
Yox, orada payızın son günləridir indi. Xəzan küləkləri sovurub hamsını, alıb ovuclarından uçurub olmazlıqlara. Artıq budağından düşməyə bir sarı yarpaq da qalmayıb. Yavaş-yavaş qış duyulur, şaxta düşür bağçasında…
Bəzən bir şeylər axtararsan özünü ovutmağa, həyata tutunmağa. Amma tapmazsan…
Görən viranə qalmış, heçə dönmüş varlığında ürəkmi günahkardır,
yoxsa əlini buraxıb qaçmış ümidlərinmi?!..
Müəllif: Xəyalə
06/07/2020 tarixində Sizdən gələnlər içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.
Bir şərh yazın
0 şərh