Gələcək sənin istəklərin və Allahın layiq bildiyi kimi gələcəkdir…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 11-ci yazı)

Günlər necə keçir, hardan gəlir, hara gedir bəzən heç anlaya bilmirəm. Yenə də həftənin sonuna çatdıq, yenə də tanışlıq üçün gün yetişdi. Hər birinizi bu müqəddəs cümə günündə xoş gördük, dostlar!

Bu gün sizə tanışlıq üçün bir tələbə gənci gətirdim. Seçdiyi sənətinə dərin hörməti olan, həm də zaman keçdikcə şagirdlərinin sevimli müəllimi olacaq iddiasında olan, bəzilərinin tanıdığı, bəzilərinin tanımadığı, amma hər kəsin tanımaq istədiyi Turaldır qonağımız. Maraqlı fikirləri var, oxumağa dəyər. ☺️
Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Salam. Adım Tural, Lənkəran Dövlət Universitetinin “Riyaziyyat və İnformatika” müəllimliyi üzrə oxuyuram, 3-cü kurs tələbəsiyəm… Dediklərinə görə xarici simaca, həm də danışığım və dediyim fikirlərə görə olduğum yaşdan böyük görünürəm. Bəziləri də şair kimi tanıyır. 
2. Özünü tanımaq heç də hamıya sərf etmir. Özünüzü tanımaqda çətinliyiniz yoxdur ki?
– Özünü tanımaq və özünü tanıtmaq hər kəsin bacaracağı və iddia edə biləcəyi bir şey deyil. Özünü tanımaq heç də hamıya sərf etmir deməzdim, insan əvvəla özünü tanımalıdı ki, qarşısındakı insanı tanıyıb öyrənərək öz xasiyyəti ilə müqaisə etməyi bacarmalı, özündə olub da, onda olamayan cəhətləri və ya əksini düşünməyi bacarmalıdır. İnsan heç vaxtı özünü tam şəkildə tanıya və bunu düzgün şəkildə yaziya dərc edə bilmir. Nə qədər düzgün ıe dolğun yazsa da bir hissəni tam aydın yazmaq mümkün olmur.
3. Həyat nə qədər gözəl olardı… Bir insan həm aşiq, həm də sadiq olmağı bacara bilsəydi…! Necə düşünürsüz, həm aşiq, həm də sadiq olmaq çətindirmi?
– Həyatda bir insanın aşiq olması demək olar ən çox gördüyümüz hallardan biridir. Amma sadiqlik hər kəsin bacara biləcəyi bir şey deyil. Əvvəl yazdığım fikrimi indi bir də nəzərdən kecirdək: bir yerdə hər kəs aşiq olar dedik, amması var bu cümləmin də! Hər kəs ürəkden sevə bilməz, hər kəs canı bahasına sevə bilməz, heç kəs o var deyə, onu sevirəm deyə, ona aşiqəm deyə mən bu gözlərə haram gətirməyim deyə bilməz! Sadiq olmaq insanın öz əlindədir, aşiq olmağı isə qarşısındakından asılı deyildir…təmiz qəlbnən sevən qarşılıqsız sevməyi də bacarır, bunu bacarandır sevən insan…
4. Həqiqi mənada sevən, həqiqi sevgiyə layiq olanlara sevgi göstərən və sevməyi maddiyatdan uzaq tutub, bu işi Allah üçün edən insan, hayatda sevgi dolu insan olaraq tanınacaqdır. Məncə indiki zamanda bunu çoxları dərk etməkdə çətinlik çəkirlər. Niyə belədir sizcə?
– Deyərli olduğunuz kimi gözəl suallar da yazmısınız, ana və hörmətli müəllim. Bu suala baxış tərzimi və deyəcəyim sözləri gercək həyatda gördüklərimlə işıqlandırım istəyirəm. Bu həyatda deyəndə hal-hazırdakı zamanda zəmanədə insanların bəziləri hər kəsi bu ad altına bu sözlərin altına salmaq olmaz. Etdiyi hər bir işə görə qarşılıq gözləyirlər. Baxaq sualımıza indi sevməyi maddiyatdan uzaq tutanlar və hər dediyi sözlər madiyyata görə olan insnalar sizin bir-birinizdən fərqiniz bilirsinizmi nələrdir? Biri gələcəyi düşünmür, sadəcə hal-hazırki vəziyyətini sadəcə pul-para, şan-şöhrət bahalı maşın ev və s. düşünür və bunları etmək üçün sevirəm dediyinin qarşısında dondan-dona girir. Yəni sevgisini pula satan deyək, belələrinə alçalırlar, saxtakarlıq edirlər və ən acındırıcısı da saxta olan axan göz yaşlarıdır! Sizə deyəcəyim budur, o göz yaşınız hər etdiyiniz səhv və yalanlar tükənənə kimi yanaqlarınızdan süzülsün və o yanaqlar həmişə islansın göz yaşı ilə sulansın! Və qarşılıqsız sevən mərd bəylərimiz və ürəyini ortaya qoyan xanımlarımız! Bu sevənlərin, qarşılıqsız sevənlərimizin fikri nədir bilirsinizmi? Onlar gələcəyinə xəyallarla başlayır, yəni düşünün ki, çəkəcəyi portreti əvvəlcə karandaşla cızır, sonra isə rəngli qələmlərlə onu boyamağa başlayır, o qurulan xəyallarda əvvəlcə iki, sonra üç nəfər olmaq iddialari var, orda gözəl ailə, sevgi, gözəllik, səadət və məhəbbət var… Orda isti, gözəl bir ev var, ora qarşılıqsız sevənlərin məhəbbəti ilə evlərini isidən, evindən xoşbəxtlik saçan o pəncərədən işıq sacan o ev, həmin o gözəl cütlüyün evidi …vaxt var idi arzu edib xəyal quranlarımızın, heç bir maddiyat gözləmədən sevənlərimzin evidir…
5. Şirin şeylər sonu yaxşı bitən ağrılardır… Fikriniz?
– Əlbbəttə, yox. Niyəsi çox asandı və sadədir. Şirin şeylərin sonu ağrı olacaqsa, bu o insanın keçmişdəki səhvləri, yanlışarıdır. O haqq yolunu tutubsa doğruluğu seçibsə, dini imani ilə hərəkət edibsə, şirin dediyimiz şeylərin sonu ağrılar ola bilməz. Allahın rahatlığı olacaqdır. Son nəfəsinə kimi sevdikləri ilə, əzizləri ilə bir yerdə olacaqdır.
6. “Oxuya bilsəniz, hər insan bir kitabdır”. Bir kitab olsaydınız, oxucularınız çox olardımı?
– Zatən hər insanın həyatı bir əsərdir bu bəzən bir kitab, bəzən də cildlərlə davam edən bir romana çevrilir. Özüm bir kitab olsaydım, oxucularım olacaqdırmı sualına isə yazdıqlarımı oxuyan oxucular və məni tanıyanlar qərar versinlər.
7. “Mən heç vaxt gələcək haqda düşünmürəm. O, kifayət qədər tez gəlib çıxır”…Gələcək haqqında çox düşünürsünüz?
– Gələcək haqqında düşünməyən insan sabahı necə qarşılayır çox maraqlıdır mənə. İnsan hər atdğı addımı, hər deyəcəyi sözü, hər yazacağı kəlməni, hər irəli sürdüyü fikri dəfələrlə ölçüb-biçməlidir, sonra onu irəli sürməlidir. Gələcək sənin istəklərin və Allahın layiq bildiyi kimi gələcəkdir. Əlbəttə, bu günü düşünməyənlər sabahı gələcəyi düşünə bilməzlər. “Eh, nə olacaq görərik” deyənlər nə bir gələcək, nə bir karyera qura bilər, nə də ən əsası bir ailəyə başçı dura bilməz. Onun üçün də hər kəs gələcəyini yaxşı və doğru düşünməlidir. Mən, hə, çox düşünurəm gələcəyimi inşallah Allah hər şeyi gözəl qismət edər..
8. Uşaqlarınıza dərhal oxumağı öyrətməyin. Onlara oxuduqlarına sual verməyi öyrədin. Sonra hər şeyə sual verməyi öyrədin. (Corc Karlin). Çətin bir peşə seçmisiniz, uşaqlarla işləmək sizi yormayacaq ki?
– Uşaqlar həyatda ən gözəl və bir ailənin ən möhtəşəm meyvəsidir. Uşaqlarla işləmək hər kəsin bacaracağı bir iş deyil, düzdür. İnsan əvvəlcə edəcəyi işdən zövq almalıdiı və etdiyi işi sevməlidir. Hər bir uşaq bir fidandır, ona bu yolda irəliləməyi öyrədən isə biz müəllimlər olmalıyıq. Əvvəla deyim ki, uşaqları çox sevirəm, həddən daha çox sevirəm. Demək olaraq özüm-özümə keçirdiyim sınaqlardan tam uğurla keçmişəm. Yaşından asılı olmayaraq tanışdığım 50 uşaqdan 48-i  ilə çox gözəl münasibət qurmağı bacarmışam. Müəllimlik təkcə bir uşağa dərs oxumağı, dərsini əzbərləməyə məcbur etmək olmamalıdır. Müəllim uşağın hər gecə yatanda, səhər nə vaxt açılacaq səhər Solmaz müəlliməmin və ya Həbib müəllimin dərsidir mən o müəllimin xoş davranışına bizimlə qurduğu ünsiyyətə gözəl danışığına görə keçəcəyi maraqlı dərsə görə səbirsizlənirəm. Dediklərini daha da gözəlləşdirib təmiz nitlqə ona danışmaq istəyirəm ki, müəllimim məni daha da çox sevsin, mənim adımı tez-tez çəksin o müəllim kimi olum, onun kimi savadlı olum deyən uşaqları böyüdəndir müəllim. Müəllimlik müqəddəs peşədir, çünki hər bir peşədə oturanın əlindən tutub ona ilk hərfləri öyrədən insandır müəllim. Biz müəllimi hər zaman bu cür xatırlayırıq: saçlari ağarmış, eynəkli, qayğıkeş, şagirdlərini çox sevən nur üzlü biridir müəllim. Bilirsinizmi, mən əvvələr elə düşünərdim ki, müəllimlərim yemək yemir, onlar sadəcə dərs öyrədir, uşaqlarla söhbət edir. Mən mənə dərs deyən bütün müəllimlərimin qarşısında baş əyirəm və seçdiyim peşədən heç vaxt peşman olmayacam. Uşaqlar məni yormaq yerinə, daha da cavanlaşdıracaqlar məncə.
9. Aclığa səbr edərsən adı oruc olar, ağrıya səbr edərsən adı mətanət olar, insanlara səbr edərsən adı xoşgörüş olar, istəyə səbr edərsən adı dua olar, duyğulara səbr edərsən adı gözyaşı olar, darıxmağa səbr edərsən adı həsrət olar, Sevgiyə səbr edərsən adı eşq olar…Sizin necə, səbir edib əldə etdiyiniz nələrsə oldumu?
– Qısa və konkret yazacam bu suala cavabı: Səbir etmək hər insanın bacarığı deyildir. Mənim bu barədə sıxıntım şəxsi həyatımla baqlıdır. Belə isə elə də böyük bir şeylər olmayıb ki, səbrlə gözləyim və əldə edim.
10. Eynşteynin fikrincə – İnancı inkar edən elm topal, elmi inkar edən din kordur. Siz necə, inanclara inanan birisinizmi? Və sizin üçün din, yoxsa elm öndədir?
– Əziz və hörmətli fizikin bu fikri bir az mücərrədir amma deyim ki, Eynşteyn çox savadlı olsa da həyata yanaşmasında kəsiklər çox olub. Kiçik bir fraqman keçim həyatı ilə bağlı. Deyilənə görə Eynşteynin iki pişiyi olub, biri həm çəkidə, həm də boyda böyük olub. Bunların evdən rahat çıxması üçün qapı düzlətmək qərarına gəlir və divarı böyük pişiyin ölçülərinə görə deşir. Və yanında balacası üçün də kiçik bir deşik açır:)) Deməyim budur ki, dahi fizik önəmli kəşflərə imza atasa da onun da bəzi yanlış yanaşmaları vardır. Mənsə elmmi, ya dinmi sualına belə cavab verim: bu dünyanı və kainatı Allah yaradıb və hər şey yer üzünə göndərdiyi müqəddəs kitabda qeyd edilmişdir. İnsanın elmli olması, dahi olması, savadlı olmasi o demək deyil ki, dinini unutmalıdır. Elm və din bir-biri ilə bağlıdır və belə də davam edəcəkdir. Seçim belə ola bilməz ki, bunlardan biri, hər ikisi vacibdir və əməl olanmaldır. Elimli olmaq hər insana qismət olmasa da dinini bilmək, imanlı olmaq hər insan üçün vacib, önəmli və tərbiyəvi nümunədir.
11. İnsan sevmək hissini israf etməməlidir. Kim nə qədər sevilməyə layiqsə, onu o qədər sevməlidir. Sevginizi israf edəcəyiniz biri varmı və ya oldumu? Kimdir o?
– Bu saula çox dərinləməsinə girmiyəcəm, doğrudur sevgini layiq olana vermək lazımdır, layiq olamayana günahımı belə vermərəm! Bu qədər sərt olmaq lazımdır. Belə birisi, bəli olub və üstündən uzun müddət sonra xətt çəkməyi bacardım. Sevdiyim dəyərli birisinin köməyi ilə, yaxşı ki varımdı, həyatımdadı.
12. Çətin olduğu üçün cürət edə bilmədiyimiz şeylər, əslində biz cürət edə bilmədiyimiz üçün çətindir deyirlər…Sizcə doğurdan belədir?
– Əlbbəttə, doğrudur. Sizə belə bir şeyi etiraf edim ki, mən mənə qarşı haqsız olduğu halda, mən sonradan ondan asılı qalacağımı bildiyim halda o şəxsdən heç vaxt ona dediyimə və etdiyimə görə üzr istəməmişdim, cürət etməmişdim desəm, yanılmaram, çünki bunun məni aşağı salacağını mənə pis təsir edəcəyini mənə acıq kimi baxılacağını düşünürdüm, amma bunu etməyi məndən çox dəyər verdiyim birsi istədi ona sonsuz təşəkkürlərimi bildirirəm. Bu addımı atmağa mənə lazım olan bütün sözləri və ruh yüksəkliyini o verdi və bunu etdim. O addımı atdım, hər şey də yoluna girdi. Yəni, hər şey əlimizdədir, cürətli olsaq heç bir şeyin adını çətin olaraq beynimizdə qeyd etmərik.
13. İnsan dünyanın hakimi olsa da, ürəyinin əsiri olur həmişə. Ürəyinizin əsiri çox oldunuzmu?
– İnsan hər zaman ürəyindən asılı deyildir. Ürəkdən asılı olanlar içdən səvənlərdir sevməyi bacaranlardır. Onlar beyinlərinin verdiyi informasiyanı belə görə bilmir, duymur, əməl etmir, sevən insan ürəyinə tabe olmuş qol kimidir. Ürəyimin əsiri çox olmamışam, amma demək olar hal-hazırda əsir həyatındayıq və peşmançılığım yoxdur.
14. Dost üçün kürəyimi körpü etməyə hazıram, yetərki təmiz qəlbi daşıyan ayaqları keçsin üstümdən…varmı belə dostunuz?
– Var elə dostum. O təkcə dost deyil, həm də qardaş kimidir mənə. O ayaqlarla keçməz üstümdən, bunu deyim, o bilsə mənim kürəyim körpüdür o sürünüb keçər, ayaqları təmiz olsa da üstümə basıb keçməsin deyə…
15. Mərhəmət o qədər məsumdur ki, həris gözlərdə, xəbis ürəklərdə var ola bilməz. Amma deyəsən zaman irəlilədikcə insanlar bu hissdən məhrum olurlar. Sizcə bu nəylə bağlıdır?
– Zaman dəyişdikcə insanların keçmişdəki şəraitindən və yaşadıqları mühitdən demək olar ki, əsər-əlamət qalmır. İnsanlar daha çox şan şöhrət və pula üstünlük verdikləri üçün keçmişdə olan yaşayış tərzindən əsər-əlamət qalmadığı üçün yaşadıqları çətin şəraitləri kasıbçılığı birində olmayanda digərinin ona kömək etmək hissini və ən əsası mərhəmət hissini unudublar. Düşüncəm və insanların düşüncəsi məncə belədi: İnsan keçmişini və yaşadığı çətin yaşayışını və ən əsası ona olunan mərhəməti unutmamalıdır…
16. Uşaqlıq illərindən ən unudulmayan bir hadisəni bizimlə bölə bilərdinizmi?
– Uşaqlıq xatirələrim çoxdu, ən yadda qalanı isə budu: Tam da uşaqlıq deməzdim 7 il bundan qabaq olub. Yay ayı idi, babamgildə idik, babamı incitdiymizçün əmim oğluyla məni danladı. Biz də bu danlağın altında qalmayıb babamın maşınının tekerlerini sonuna kimi boşaltdıq və sonrası təbii ki, hər kəsə bəllidi nə oldu…
17. Deyirlər ki, bağışlamaq intiqam almaqdan daha yaxşıdır. Bəs sizin dünyanızda hansı hökmranlıq edir intiqam, yoxsa bağışlamaq?
– İnsan nə qədər də qəddar olsa içində bağışlamaq hissi hər zaman olmalıdır. Əgər sənin qarşındakı insan sənə qarşı bir pislik və ya saf hərəkət edibsə, sənin ona qarşı etdiyin bu hərəkətlə daha açıq desək, ondan intiqam almağınla onunla sən arasında heç bir hiss qalmayacaq sən onu bağışlamalısan ki, qarşındakı insan nə qədər aciz və cılız hərəkət etdiyni görsün. Sən onu bağışladıqdan sonra öz etdiyi və sənin verdiyin qarşılıqla baş vermiş hadisəni müqaisə edəcək, özünün etdiyi hərəkətin sənin verdiyin qarşılığın qarşısında seviyyəcə nə qədər aşağı olduğnu gördüyü zaman sənin ondan intiqam almaq hissin bu olacaq.
18. Kişinin qadına nəzakətlə davranması, ona olan sevgidirmi?
– Xeyr, mənim fikrimcə bu düzgün deyil. Kişinin qadına hörmətlə yanaşması onun ilk başdan qadın olmasına görədir sonra isə ona bəslədiyi hörmət hissindən irəli gəlir. Sevgi kişilərdə, bəylərdə o zaman yaranır ki, qadın ona edilən hörməti layiqincə ona qaytarır və onun qayğısına qalır. Qadına olan sevgi və hörmət bir-birilə ən çox bağlı sıx olan mövzudur, əgər o münasibətdə hörmət varsa, deməli, sevgi də mütləq vardır.
19. Mövlanə deyir: “Başqalarını hər zaman əfv edin, amma özünüzü əsla əfv etməyin”. Özünüzə bağışlamadığınız hansısa addımı atdınızmı?
– Bəli, elə bir səhvim olub. P.S.keçmişdən danışmaq istəmirəm.
20. Səhifələr, əslində, özündən əvvəlkinin izini daşıyır. Silib başdan yazacağınız səhifə varmı?
– Mürəkkəblə yazılmış yazını pozanla silmək mümkün deyildir. Mənsə həyat səhifəmə yazdığım yazıları mürəkkəblə belə yazmadım, hər bir səhifəyə həkk etdiyim fikirləri “qızıl” hərflərlə yazmışam. Çünki bilirdim ki, nə vaxtsa mürəkkəblə yazdığım yazıları siləcək pozan tapılacaq. Məhz buna görə də hər bir fikri “qızıl” hərflərlə yazdım ki, nə vaxtsa peşmançılıq çəkib bunları silməyim.
21. Həyatı rənglərlə görsək, seçdiyiniz hansı rəng olardı, ağ, yoxsa qara, yoxsa öz rənginiz?
– Qarışıq rənglərlə olardı: ağla-qaranın qarışığı. Çünki həyatda heç kim eyni xasiyətdə deyil. Ona görə də ətrafa baxdıqda eyni rəngi görə bilmirik. Məhz buna görə də “ağla-qaranın” qarışığını seçdim.
22. “Ağac meyvəsi, insan əməlləri ilə tanınar”. İnsan necə yaşamalıdır ki, yaxşı əməlləri danışılsın?
– İlk ağla gələn düşüncələr bunlardır: İnsanlar kiməsə pislik etməməli, evinə haram loxma aparmamalı, haqq yolunu tutmalı, fitnə və yalandan uzaq durmalıdır. Bunlarla yanaşı ətrafında olan kasıblara və yoxsullara əl tutmalı yardım etməlidir. Çalışmalıdır ki, hər bir gözəl işdə imzası olsun.
23. Elə cinayət var ki, bağışlanmır – o, Vətənə xəyanətdir. Sizdən vətənə xəyanət edən birinə cəza istəsəydilər, hansı cəzanı kəsərdiniz?
– Cəza vermək işlərinə mən baxsaydım, şəxsən Vətən xainlərini ASDIRARDIM.
24. Bir aforizm var: Bir dəfə dedin inandım. İkinci dəfə dedin, şübhəyə düşdüm. And içdin, inanmadım. İnsanlara inanmağınız asanmı olur?
– İnsanlardan çox şey asılıdı. Çünki qarşımdakı insandan güvən hissini duymasam bir gün, bir həftə, bir ay belə keçsə, inanmaram. Amma güvən hissini duyduğum insana dəqiqələr içində inanıram.
25. Sizcə, yaşamaq qadınlar üçün asandır, yoxsa kişilər?
– Kişilərin yaşaması daha asandır, cünki kişilər işlərini çətin tapsalar da uzun müddətli və davamlı olur. Səbəb: kişinin adına heç bir ləkə gətirilə bilməz. Qadınlara gəldikdə isə onlar işlərni asan tapsalarda 80%-nin işi qısa müddətli olur. Səbəb isə məlumdu.
26. Kişilərin ən ortaq nöqtəsi qadınlar haqda sahib olduqları biliklərdir. Qadınlar haqqında fərqli düşüncəniz necə, varmı?
– Xanımlar haqqında fərqli düşüncəm budur ki, bəziləri bütün qadınların eyni cür sevdiyini, eyni duyğuları paylaşdığını düşünür, amma mənim fikrimcə bu, belə deyildir. Qadınların ən fərqli cəhəti kişilərə bəslədikləri sevgi hissidir…
27. Buraxın, gənclər dünyanı arzuladıqları kimi görsünlər; necə olsa böyüdükcə olduğu kimi görəcəklər… Gənclərin dünyaya baxışı sizi qane edirmi?
– Çoxunun dünyaya baxışı fərqlidir. Əvvəlki suallarda da cavab verdiyim kimi, hər bir insan dünyaya eyni cür baxsaydı təkcə ağ rəngi seçərdim, amma bütün baxışlar fərqlirdir və rəngləri qarışıq seçdim. Bütün yetişkin gənclər eyni cür baxsa gələcəyə, onda, hə, buraxaq gördükləri kimi yaşasınlar, amma təəssüflər olsun ki, çoxu tamam yanlış səhv düşüncələrlə yaşayır onun üçün də bu dünyanı böyüksüz, ağsaqqalsız, ağbirşəksiz düşünmək belə mümkün deyil. Bu zəmanə ağıllıların zamanəsidir…
28. Filosoflar deyir ki, düzgünlük sonsuzluğun günəşidir. Necə olsa doğular. Amma niyəsə son zamanlar yalan qara bulud olub bu günəşin qarşısını gah kəsir, gah da çəkilir. İçinizdə bu günəşin heç doğmayacağı qorxusu yoxdur ki?
– İnşallah doğular o günəş hər kəs üçün. Mənim üşün şübhəli olan bəzi fikirlər var, amma hər şeyin yaxşı olmasını ümid edirəm. Allah hər kəsin köməyi olsun bizlər də icində. Amin!
29. Dostayevski deyir: “Kişi çata bilmədiyi qadını lənətləyər, qadın çata bilmədiyi kişiyə “eşq” deyər. Sizin üçün eşq nədir?
– Xeyr, əsla razı deyiləm, bu hər kişi üçün keçərli hal deyil! Xanımlar üçün isə eşq olub olmamasını xanımlar daha yaxş və doğru bilərlər.
30. Deyilənə görə həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda? Həyat hansı biridir sizin üçün?Ümumiyyətlə, nədir həyat?
– Demək olar qarışıq yaşayıram bu həyatı! Nə faciədi, nə də komediya. Amma nə olursa olsun, bu həyat gözəldir və yaşamağa dəyər həmişə…həyat dərə-təpədən ibarət daşlı-kəsəkli yoldur…. Kimin bu yolda nə tərzdə yeriməsi isə özündən asılıdır.

Müsahibə üçün təşəkkür edirəm, Tural.

31/03/2017 tarixində Yazılarım içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. Müsahibə üçün bir daha təşəkkür edirəm, Tural, oğlum. Allah yolunu açıq eləsin.

    Bəyən

  2. Sevinc, müsahibin ilk növbədə gələcəyin müəllimi olduğu üçün diqqətimi çəkdi. Müsahibəni oxudum, Tural bala ilə az da olsa tanış oldum. Sənə də, gözəl, deyərdim ki, səlis cavabları üçün Turala da sağ olun deyirəm. Allah yolunu açıq eləsin, seçdiyin sənətin ağırlığını bir ömür boyu hiss edib də heç zaman yorulmayasan, yetirmələrinə baxıb fəxr edəsən.Onu da deyim ki, indiki uşaqların müəllimi olmaq daha çətindir. Seçdiyin şərəfli (ən halal çörək qazanan) peşəndə uğurlar diləyirəm, Tural bala.

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...