Yetim uşaqlar

image

Kitablardan oxumuşam, sevginin növləri də varmış deyirlər. Bunu yaxınlarda Arif əmidən də eşitdim. Arif əmi ölkəmizə yad gözlə baxanların hesabını aparan birilərindən sayılır. O, Çanaqqala şəhidinin oğludur. Atası düşmənə qarşı mübarizə aparanlardan biri olmuşdur. Düşməni Çanaqqala boğazından keçməyə qoymayıb, canları, qanları bahasına buna yol verməyiblər. Arif əmi atasından həmişə qürurla danışar: “Bir bilsəniz necə vuruşubdur mənim atam! Mən də olsaydım eynisini edərdim. Damarımda o adamın qanı var axı!” 

Vətən sevgisi…Mənim özümə aid bir yerim olmadı, torpaq sevgisinin nə olduğunu hardan bilim ki… Özümə aid nə bir otağım, nə də bir evim olmadı ki, qoruyub saxlayım, sahib çıxım ona. Gördüyüm tez-tez dəyişən soyuq otağım və taleləri mənə bənzəyən minlərlə uşağın yatdığı, içinə kimsəsizlik qoxusu hopmuş qədim arakəsmələrin soyuq dəmirləri oldu… Bunların içində sevgi taparmı insan? Yoxsa sevgi eyni taleyi bölüşdüyün insanlarla bərabər olmaqmıdır elə?

Məktəbə gedirəm, təhsil alıram. Müəllimlərim, parta yoldaşlarlm var. Amma müəllimlərim bildirməyibsə heç kimə kimsəsiz olduğumu bildirmirəm. Utanıram, nə bilim mın də beləyəm…Bir şəkil çəkirəm, əsgər formalı ata, bir də ana. Ana işləmir, işindən mənə görə ayrılıb, mənə baxsın deyə. Həm də çox sevdiyi işindən. Sizcə bu fədakarlıqdırmı? Məncə fədakarlıqdır… Tərtəmiz, ağappaq çarşablı bir otaqdan da danışmaq istəyirəm…

Dərinə işləmiş ləkəli, həm də pis qoxulu çarşabları olan otaqlardan bezmişəm artıq…Bir də bacı və qardaş var nağılımın içində. Otaqlarımız ayrı-ayrıdır. Biz çox xoşbəxt bir ailəyik. Mən özüm-özümü belə məktəbdə uydurduğum bu nağıla inandırıram. Xəyalımda qurduğum bu evə gedəcəyimi düşünürəm, sevinirəm… İçim içimə sığmır, ürəyim şiddətlə döyünür… Sevgi bir yalana bilə-bilə aldanmaqdırmı yoxsa?..

Keçən qış çox xəstələnmişdim. Bərk soyuqlamışdım. Səhərə qədər qızdırma içində yandım. Dodaqlarım qovrulurdu susuzluqdan. Səhəri çox çətinliklə açdım. Həkim bir neçə gün sonra gəlib çıxa bildi. Soyuqqanlı halda “keçər” – deyib, bir-iki həb yazdı. Nə dərman saatımı təqib edən oldu, nə qızdırmama nəzarət edən, nə də ki, alnımın tərini silib səhərə qədər başımın üstünü kəsdirib narahat qalan…Üstümü örtüb dua edənim də yox idi. Səhərə qədər özüm-özümə keşik çəkdim, sabaha sağ-salamat çıxım deyə. Sevgi, doğulacaq günü tək başına bütün çətinliklərə dözərək gözləmək ola bilərmi görəsən?..

Mənə sevgini izah edən olmadı. Yaşadan da olmadı heç… Bəs elə isə haradan bilə bilərəm sevginin nə olduğunu? Həyəcanlı, narahat gözlər istədim, mənim üçün baxsın deyə…olmadı heç. Dərslərimi soruşan olsun istədim, amma kimsənin vecinə olmadı necə oxumağım. Pis vərdişlərə tutularam qorxusu ilə döyünən ürəklər olsun istədim…amma o ürəklər mən anadan olan gündən çıxmışdılar həyatımdan. Sevgi bütün istəklərin qursağında qalmasına baxmayaraq ümiddən əl çəkməməkdir bəlkə?…

Deyirlər ki, sevginin yeri könüldür. Könül harada yerləşir, mən bilmirəm ki… İnsan anatomiyası dərsində orqanizmimizin bütün orqanlarını gördük, öyrəndik, lakin aralarında könül yox idi. Sevmək üçün imiş sən demə könül. Bəlkə məndə yoxdur, başqa insanlarda var? Bunu düşündümsə də Ürfan müəllimə sual verməyə ürək etmədim. Yoxsa könülün başqa bir vəzifəsi də var? Könül sadəcə sevgi üçündürsə, onu tapmaq istəyirəm, nöqsanımı aradan qaldırmaq istəyirəm. Din dərsində Yunus Əmrədən danışarkən “Kainata sığmayan Yaradan insanın könlünə yerləşmişdir. Könül Yaradanın evidir. Buna görə də könül qırmaq, incitmək çox böyük günahdır uşaqlar” – demişdi Süleyman müəllim. Süleyman müəllimi çox sevirəm mən. Mənimlə çox xoş davranır.

Yetimxana uşağı olduğumu bildiyi halda çox yaxşı davranır mənə. Onu özümə yaxın hiss edirəm. Bir çoxları kimi bizdən qorxmaz, günahkarıq deyib də qaçmaz bizdən. Baş verən hər pisliyi, yaramazlığı araşdırmadan günahını çiyinlərimizə yükləməyə can atmaz. Yaradanın yerləşdiyi könülə sevgi də yerləşirsə, demək bu hiss çox böyük bir şeymiş. Ağlımın ala bilmədiyi qədər geniş, sevgi tanımayan ürəyimin qaldıra bilməyəcəyi qədər də ağır… Yoxsa sevgi budurmu?

Çoxları halımızdan xəbərsizdir. Nələr yaşadığımızı, nə çəkdiyimizi bilməzlər. Çox da ki, qəlbimiz qırıq, acısı böyükdür. Amma bizim də bir ürəyimiz olduğunu qəbul etmir bəzi insanlar. Ürəyimizin daşdan olduğunu güman edirlər. Amma Süleyman müəllim onlara heç bənzəməz. Əvvəldə dedim axı, çox yaxındır mənə. Fürsət tapdıqca məni otağına çağırır. Keçmişdən elə gözəl əhvalatlar danışır ki. Üsyan etməməyi məsləhət görür, səbr etməyi və taleyinlə barışmağı tövsiyyə edir. Səbrin meyvəsinin çox şirin, amma yetişməsinin çox əziyyətli bir fidan olduğunu deyir Süleyman müəllim. Ümidsizlik adlı bir söz onun lüğətində indiyə qədər heç yer almayıbdır. Ümidsizliyin ən pis xəstəlik olduğunu təkrar-təkrar xatırladır bizə. Gələcək gözəl günlərə özü üçün nə qədər inanırsa mənim üçün də o dərəcədə əmindir… Yoxsa ən qaranlıq anda belə sabahların işığına inanmaqdırmı sevgi?..

Sevginin nə olduğunu artıq adım kimi bilirəm. Tək bir cümlə kifayət etdi ki, sevginin nə olduğunu anlayım. Süleyman müəllimin otağının divarında asılan o tək cümlə mənə bəzilərinin ömrü boyu bilmədiyini bir andaca anlatdı. Kainatın mahiyyətini açdı mənə, o yeganə cümlə: “Qollarını aç hər kəsə, aça bildiyin qədər geniş aç həm də. Ümmanlar kimi olsun! İnamla gər sinəni və insanlara sevgi duy. Əl uzatmadığın bir kimsə qalmasın, o insanlar ki, ürəkləri qəm-qüssəylə doludur!” – bax, belə deyirdi… Mənim üçün – isti bir evdə açılacaq süfrənin xəyalını quran kimsəsiz biri üçün bunun nə demək olduğunu düşünürsünüzmü?

Məktubun başlığlnda içimdən gəlmir demişdim, amma indi elə düşünmürəm. Məni həyata gətirib, yarıyolda buraxıb gedənlərdən bir umacağım da yoxdur. Onlara küsgün də deyiləm, hətta minnətdaram belə. Mənə sevə biləcəyim bir ürək bəxş etdikləri üçün minnətdaram. Özün üçün istədiyini başqaları üçün də istəyə bildiyin halda əsl insanıq, bunu unutmayaq. Mən də qucaq açıram bütün insanlara, onları heç ayırmadan, günahlandlrmadan, mühakimə etmədən. İnsan olduqları üçün sevəcəyəm hər kəsi. Yaradana çatmağın yolu da yalnız budur. Siz isə, heç tanımadığım ailəm, bu məktubu oxuyamayacaqsınız, amma mən sizi bir gün tapmaq ümidi ilə insanlığı qucaqlayacaq, sevgimilə ümidi içimdə birgə tutacağam…

Qeyd: Mətni türkcədən tərcümə etmişəm. Türkcə oxumaq istəyənlər bu linkə daxil ola bilərlər – https://yenidenbirgun.wordpress.com/2016/06/20/basliksiz/

29/06/2016 tarixində Hekayələr içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 7 Şərh.

  1. Səhər səhər nə kövrək xəbər oldu. Çox gözəl yazıdır. Allah razı olsun sizdən, Sevinc. Mənə elə Azərbaycan dilində tərcüməsi bəs elədi inşəAllah. Həqiqətən, tanıdın, tanımadın Adəm övladına sevgi bəsləyən qəlb çox rahat olur, pisliklərdən uzaq olur.

    tərəfindən bəyənildi 2 şəxs

  2. İstədim yanam sənə… amma sənin kimi yana bilmədim. İstədim dərdini duyam , sənin kimi duya bilmədim. İstədim özümü sənin yerində hiss edim bir anlıq, sən yaşadıqlarını yaşaya bilmədim. istədim internat duivarlarının əcaib qoxusunu hiss edəm, sənin kimi hiss edə bilmədim. Uşaqkən hər şeyə möhtaclığın necə acı olduğunu duymaq istədim sənin kimi , amma sənin kimi mümkün olmadı, olmayacaq da heç… Sən yaşadıqlarını səndən başqa kimsə bilməz. Boyuna biçilmiş bu tale , bala, sənin körpə vücudunla bərabər gəlmiş dünyaya səni belə boynubükük yaşatmaq üçün. Ata istədinmi, ana istədinmi, isti ocaq istədinmi, bir uşağın bu dünyada qayğısız yaşaması üçün isti ürək istədin, sevgi dolu könül istədin. Səndən uzaq bütün bunlar. Dünya səndən ötrü ikiyə bölündü, içində isti dünyası olanlar və sizin kimi sizləri daim üşüdən heç bir zaman yayı olmayacaq soyuq dünya…

    tərəfindən bəyənildi 2 şəxs

  3. Sonayin bibisi Sada

    Ürəyim agrıdı…Nə qədər desələr də onlar həmişə valideynlərini axtarırlar.Tanıdıgım 2 uşaq var..O uşaqların gözlərindəki kədər bitmir ki bitmir..Sevincləri 1 anliqdı..Bütün dunyanı gəzdir yenə də gizlində (ən çox pəncərə pərdəsinin arxasında) onları ortalıqda qoyub gedən anaları üçün agladiqlarının shahidiyəm….Birazca boyusunlər məncə gedib onu tapacaqlar…

    Bəyən

  4. Hə, Sadam, bunun mən də şahidi olmuşam. Yetim uşaqların gözündə bir qəm dəryası olur həmişə…

    Bəyən

  5. Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Şərh yazın ki, Sizi tanıya bilim...