Mübarək aya qədəm qoyduq

image

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur. Həmin gecəyə “qədir” və ya “əhya” gecəsi deyilir. Qədir gecəsinin konkret olaraq hansı günə təsadüf edildiyi bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər vardır. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. Islamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-sinə təsadüf edir.

Müqəddəs Qurani Kərimin “Qədir” surəsində qədir gecəsi haqqında belə yazılmışdır: “Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aydan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür”.

Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın”.
Qeyd edək ki, müsəlmanlar ən mühüm ibadətlərini, o cümlədən orucu və həcci, Fitr və Qurban bayramlarını hicri-qəməri təqviminə əsasən yerinə yetirirlər. Ayın isə Günəşə və Yerə nisbətən vəziyyətindən asılı olaraq müxtəlif səfhələri (ayın görünən xarici tərəflərindən hər biri) olur. Bu səfhələrdən biri də hilaldır, yəni təzə aydır.”Qurani- Kərim”də deyilir ki, “(Ya Məhəmməd!) Səndən hilallar barədə soruşurlar. De: Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir”. Insanlar vacib ibadətlərinə ayın hilalına əsasən əməl etmişlər: hilalı görəndə oruclarını başa vurmuşlar. İki təzə ay arasında keçən müddət 29,5 orta Günəş gününə bərabərdir ki, bu da bir ay edir. Qədim ərəblər bunu vaxt vahidi kimi götürərək bəzi ayları 29, bəzilərini isə 30 gün qəbul etmişlər.

“Qabusnamə”nin müəllifi Keykavus ibn İsgəndər oğluna nəsihət edərək yazır: “Ey oğul!… bil və agah ol ki, Allah-Təalanın sənin ac və ya toxluğuna ehtiyacı yoxdur. Oruc Allah tərəfindən sənin var-dövlətinə və özünə vurulan möhürdən ibarətdir. Bu möhür mal və bədənin yalnız bir hissəsinə deyil, bəlkə, bütün üzvlərinə vurulur: əl-ayağa, gözə, dilə, qulağa, qarına.
Ey oğul, bil və agah ol: orucluğun ən böyük məqsədi ondadır ki, sən gündüz yemədiyini ehtiyacı olanlara verəsən ki, zəhmətinin faydasını görmüş olasan, elə bu zəhmət ona görə lazımdır ki, onun xeyri ehtiyacı olana çatsın”.
Orucluqla bağlı dini ayinlər əvvəlki səmavi dinlərdə də (yəhudilik, xristianlıq) mövcud olmuşdur. Amma digər dinlərdən fərqli olaraq İslamda orucluq xüsusi əhəmiyyət daşıyır. Islam qaydalarına əsasən yetkinlik yaşına çatmış hər bir müsəlmana oruc tutmaq vacibdir. Bu ibadət ayini ilə bağlı Məhəmməd peyğəmbərin (S.Ə.S) xeyli hədisi vardır. Həmin hədislərin birində deyilir ki, Adəm oğlunun hər bir əməli özü üçündür. Təkcə orucdan başqa- o, Allah üçündür, əvəzini də Allah verir.

Allah hər kəsin oruc və niyyətini qəbula yazsın.

18/06/2015 tarixində Tariximiz içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 11 Şərh.

  1. Bayramınız mübarək, müəllim 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  2. Ramazan ayımız mübarək olsun inşəAllah. Allahın bağışladığı kəslərdən olaq Allahın iznilə. Bu ayın haqqını ödəyə bilmək ümidilə, hər kəsə xeyirli Ramazan.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Hamımızın müqəddəs Ramazan ayı mübarək olsun!Allah günahlarımızı bağışlasın,ruzimizi əsirgəməsin!

    tərəfindən bəyənildi 1 şəxs

  4. Salamlar.Hər kəsin bu müqəddəs ayı ugurlu olsun.Allah hər birimizin oruc və dualarını qəbul etsin.Bu qarmaqarışıq dünyamızda hər kəs öz niyyətinə arzusuna çatsın.Bu ay insan ruhunun təmizlənmə ayıdır.Hər birimizə bu təmizliyi arzulayıram.Allah orucumuzu qəbul etsin…

    tərəfindən bəyənildi 1 şəxs

  5. Mənim nədənsə bayramları qeyd etməkdən xoşum gəlmir Amma yeganə bayramdar ki cox sevə sevə gözləyirəm Orucluq ayını da cox sevirəm Allahım insana elə bil ki daha cox səbr verir bu ayda Tək oruc tutmağa görə demirəm Hərtərəfli sakit oluram bu aydaAllah hamımızın orucunu qəbul etsin

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...