Şuşa Azərbaycanın musiqi beşiyidir

qarbag_musiqi_tarix

 

Şuşanı dünyaya tanıtdıranlar arasında incəsənət xadimləri də vardır. “Əgər oxumursansa, deməli, şuşalı deyilsən” – məşhur rus şairi Sergey Yeseninin bu kəlamlarında böyük həqiqət var. Doğrudan da, bu diyarda hər ailədə oxumağı, musiqi alətlərində ifa etməyi bacaran adama rast gəlmək olardı və bu, şuşalılar üçün adi hal idi. Böyük rus musiqi tədqiqatçısı V.Vinoqradov yazırdı: “Şuşa musiqi istedadlarının beşiyi idi. Bu füsunkar təbiətli yerin xoş avazlı xanəndələri Zaqafqaziyadan kənarlarda da şöhrət qazanmışdır. Şuşa musiqiçiləri Azərbaycan musiqisinin tarixini yaratmış və onu yalnız öz vətənlərində deyil, həm də Şərqin başqa ölkələrində təmsil etmişlər.”. Bu şəhər on doqquzuncu əsrin sonu və iyirminci yüzilliyin əvvəllərində Qafqazın musiqi mərkəzinə çevrilmişdi. İstedadlı musiqi tədqiqatçısı Firudin Şuşinskinin təbirincə desək, “İtaliya vokal məktəbi musiqi tarixində hansı mövqeyi tutursa, Şuşa vokal məktəbi də Şərq musiqisi tarixində eyni mövqe tutur”.

Abbasov Əşrəf Cəlal oğlu (1920 – 1992)


bəstəkar, musiqişünas və pedaqoq. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963), professor (1968). 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını, 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmişdir.
1953-1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdur. 1965-ci ildə ilk Azərbaycan uşaq baleti “Qaraca qızı”ı yazmışdır. Əşrəf Abbasov fortepiano və orkestr üçün konsertin (1946), “Şuşa” (1945), “Gələcək gün” (1952), “Dramatik” (1953) simfonik poemalarının, “Səndən mənə yar olmaz” (1963), “Dağlar qoynunda” (1970) operettalarının, bir çox instrumental əsərin, xor, mahnı, romansın, həmçinin “Üzeyir Hacıbəyov və onun “Koroğlu”operası”(1956) və bir sıra başqa nəzəri əsərlərin və məqalələrin müəllifidir. 1952-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir. “Şərəf nişanı”ordeni və medallarla təltif edilmişdir.

Abdullayev İslam Əbdül oğlu (1876 – 1964)


xanəndə, əməkdar artist. İlk təhsilini Şuşada şəhər məktəbində almışdır. Mirmöhsün Nəvvabın “Xanəndəlik məclisi”nin üzvü olmuşdur. Burda əsl xanəndə kimi təkmilləşmiş, tez-tez Qarabağ, Gəncə, Şəki, Şirvan mahallarına el şənliklərinə dəvət edilmişdir. Çox çəkmədən o, İran məclislərinin də qonağı olmuşdur.
Xanəndə “Segah”, “Mahur”, “Rast”, “ Kürdi- Şahnaz” , “Şüştər”, “Bayatı-kürd” , “ Şikəsteyi-fars” muğamlarının çox yüksək səviyyədə ifa etmiş, orijinal tərzdə oxumuşdur. Onun “ Yetim Segah” ı isə nəinki Zaqafqaziyada, hətta bütün yaxın Şərqdə məşhur idi. Buna görə də xalq onu “Segah İslam” adlandırmışdı. 1901-1905-ci illərdə o, tarzən Qurban Pirimovla Qarabağ və Gəncə məclislərində çıxış etmişdir. 1910-1913-cü illərdə isə “Sport – Rekord”, “Ekstrafon”, “Primer – Rekord” aksioner cəmiyyətləri onun səsini vala yazdırmışdır.
İslam Abdullayev uzun illər Azərbaycan Dövlət Estradasının solisti olmuş, eyni zamanda Şuşa və Ağdam musiqi məktəblərində muğamdan dərs demişdir.

Adıgözəlov Vasif Zülfüqar oğlu (1935 – 2006)

bəstəkar, Azərbaycan SSR xalq artisti (1989), professor, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. İlk musiqi təhsilini ixtisaslaşdırılmış musiqi məktəbinin fortepiano sinfində almış, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə bitirmişdir (1958). Yaradıcılığına hələ tələbə ikən başlamışdır.
Vasif Adıgözəlovun ilk əsərləri 1956-cı ildə Azərbaycan bəstəkarlarının I qurultayında ifa olunmuşdur. Vasif Adıgözəlov Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində baş redaktor (1957-1959), Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun müəllimi (1959-1960), M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş musiqi redaktoru (1960-1961), Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin məsul katibi (1962-1968), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri (1968-1978), A.Zeynallı adına Bakı Musiqi Texnikumunun direktoru (1972-1983) vəzifələrində çalışmışdır. O, 1972-ci ildən taleyini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasi ilə bağlamış, burda müəllim, dosent, professor və xor dirijoru kafedrasının müdiri kimi gənc musiqiçilər nəslinin yetişməsində mühüm xidmətlər göstərmişdir. 1990-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin I katibi olmuşdu.

Ağa Mirzə Ələsgər

On doqquzuncu əsr Azərbaycan musiqi mədəniyyəti tarixinə daxil olan ilk tarzən. Gəncliyindən “Ağa”, “ Mirzə” təxəllüsü ilə tanınan Ələsgər musiqi aləmində, o cümlədən, kamançada çalmağı bacarmış, eyni zamanda yaxşı səsi olduğundan toylarda, musiqi məclislərində oxumuşdur.
Tar çalmağı on doqquzuncu əsrin ilk illərində İrandan Şuşaya gəlmiş və İbrahimxəlil xan Cavanşirin saray musiqiçilərindən olmuş tarzən Əli Şirazidən öyrənmişdir. Ağa Mirzə Ələsgərin tamaşaçılar qarşısında ilk çıxışı 1812-ci ildə olmuşdur. Bu çıxışdan sonra müstəqil bir tarzən kimi fəaliyyətə başlayan Ağa Mirzə Ələsgərə Azərbaycanın ilk tarzəni adını qazanmaq şərəfi nəsib olmuşdur. Çox çəkmədən gənc tarzən Qarabağın üçüncü hakimi Mehdiqulu xan Cavanşirin saray musiqiçiləri dəstəsinə daxil olmuşdur.

Bağırov Zakir Cavad oğlu (1916 – 1996)

bəstəkar, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1961). Moskva Dövlət Konservatoriyasını bitirmişdir (1949). Həmin ildən Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, 1970-ci ildən musiqi nəzəriyyəsi kafedrasının müdiri olmuşdur.
“Aygün”(1972) operasının, “Kəndimizin mahnısı”(1958) və “Qaynana” (1964) operettalarının, xalq çalğı alətləri orkestri üçün suitaların (1956, 1969), fortepiano ilə orkestr üçün konsertin (1970), orqan üçün improvizasiya və fuqanın (1973), kamera-instrumental əsərlərin, mahnı və romansların müəllifidir. Zakir Bağırov bir çox dram tamaşası və kinofilmə də musiqi yazmışdır. “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.

Behbudov Məcid Behbudalı oğlu(1873 – 1945)

xanəndə. Əvvəlcə Şuşada arşın malı satmaqla məşğul olmuşdur. Tədricən xüsusi məclislərdə, toy şənliklərində xanəndəlik etməyə başlamış, 1904-cü ildə professional xanəndəlik sənətinə qədəm qoymuşdur. Bir müddət Zaqafqaziyanın kənd və şəhərlərində və Tiflisdə tarzən Məşədi Zeynal Haqverdiyevlə çalıb-çağırmışdır. “Mirzə Hüseyn segahı”, “Şüştər”, “Çahargah”ın gözəl ifaçılarından olmuşdur.
1910-cu ildə “Qrammofon” şirkəti onu Riqaya dəvət etmiş, xanəndə Məşədi Cəmil Əmirovun müşayiəti ilə bir neçə muğam və təsnifi, qədim Qarabağ mahnılarını vala yazdırmışdır.

Behbudov Rəşid Məcid oğlu (1915 – 1989)

müğənni (lirik tenor), SSRİ xalq artisti (1959), SSRİ Dövlət mükafatı laureatı (1946). İfaçılıq fəaliyyətinə Tiflisdə başlamışdır (1930). 1938-1944-cü illərdə İrəvan filarmoniyasının solisti olmuş, həmçinin opera və balet teatrında çıxış etmişdir.
1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, eyni zamanda 1953-1960-cı illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən özünün təşkil etdiyi Azərbaycan Dövlət Mahnı Teatrının solisti və bədii rəhbəri olmuşdur. Teatrda musiqi və estrada sənətinin müxtəlif janrlarını (balet, pantomima və sair) üzvi surətdə birləşdirmişdir.

Bədəlbəyli Əfrasiyab Bədəlbəy oğlu (1907 – 1976)

Bəstəkar, dirijor, musiqişünas, librettoçu. Respublikanın əməkdar incəsənət xadimi (1940), Azərbaycan SSR xalq artisti (1960). Dövlət Türk Musiqi texnikumunda violençel ixtisası üzrə təhsil almış, eyni zamanda ADU-nun şərq fakültəsini bitirmişdir (1930).

Cabbar Qaryağdıoğlu (1861 – 1944)

xanəndə, musiqi xadimi. Azərbaycanın xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri. AzərbaycanSSR xalqartisri (1935). Xanəndəlik sənətinə həvəsi uşaqlıqdan oyanmış, ilk musiqi təhsilini Xarrat Qulunun məktəbində almışdır. Cabbar Qaryağdıoğlu muğam, dəstgah, təsnif və mahnılarını xalq şənliklərində məharətlə oxumuş və tezliklə Qarabağda şöhrət qazanmışdır.

Hacı Hüsü Niftalı oğlu (1839 – 1898)

xanəndə. Qafqazda, yaxın və Orta Şərqdə məşhur xanəndə kimi tanınmışdır. İlk musiqi təhsilini Xarrat Qulunun məktəbində almışdır. Burda o, musiqi sənətini və klassik Şərq muğamlarını mükəmməl öyrənmişdir.

Hacıbəyov Soltan İsmayıl oğlu (1919 – 1974)

bəstəkar, pedaqoq, SSRİ xalq artisti (1973), SSRİ Dövlət mükafatı laureatı (1952), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970). Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini bitirmiş, burda Ü.Hacıbəyov, B.İ.Zeydman və başqalarından dərs almışdır. O, 1947-ci ildə Mockva konservatoriyasında D.D. Şostakoviçin sinfində təcrübə keçmişdir.

Hacıbəyov Üzeyir Əbdülhüseyn oğlu (1885 – 1948)

bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim. Müasir Azərbaycan professional musiqisinin və milli operasının banisi, Şərqdə ilk operanın yaradıcısı.

Hacıbəyov Zülfüqar Əbdülhüseyn oğlu (1884 – 1950)


Bəstəkar, əməkdar incəsənət xadimi (1943). Ü.Hacıbəyov, M.Maqomayev, H.Sarabski ilə birlikdə Azərbaycan musiqi mədəniyyətinin inkişafı uğrunda fəal mübarizə aparmışdır. İlk Azərbaycan operalarından olan “Aşıq Qərib” (1915) operasında muğamlara əsaslanmış musiqi folkloru formaları ilə Avropa musiqi janrlarını əlaqələndirməyə çalışmışdır.

Hacıbəyov-Tağızadə Niyazi Zülfüqar oğlu (1912 – 1984)

bəstəkar, dirijor, ictimai xadim, SSRİ xalq artisti (1959), Sosialist Əməyi Qəhrəmanı (1982). Dirijorların Ümumittifaq baxışının laureatı (1946), SSRİ Dövlət mükafatı laureatı (1951, 1952) qalır.

Hüseynov Fərhəng Rəhim oğlu (1949)


skripkaçı, bəstəkar, professor (1993), Azərbaycan Respublikasının Əməkdar artisti (2009), Bülbül adına Bakı Orta İxtisas Musiqi məktəbini bitirmiş (1968), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdur.

Keçəçi oğlu Məhəmməd Məşədi Xəlil oğlu (1864 – 1940)

xanəndə. Kiçik yaşlarından atasının keçəçilik peşəsinə yiyələndiyindən xalq arasında “Keçəçi oğlu” adıyla məşhurlaşmışdır. Xarrat Qulunun musiqi məktəbində oxumuş, məşhur xanəndə Məşədi İsidən xalq musiqisinin əsaslarını mükəmməl surətdə öyrənmişdir.

Mirzə Sadıq Əsəd oğlu (1846-1902)

Musiqi mədəniyyəti tarixində müstəsna xidməti olan tarzən. Xarrat Qulu məktəbinin yetirməsidir. On səkkiz yaşında səsi batmışdır, lakin ruhdan düşməmiş, əvvəlcə tütək və ney, sonra isə kamança çalmağı öyrənmişdir.
Bir müddətdən sonra kamançanı buraxmış, tar çalmağa həvəsi artmışdı. Tarzən Ağa Mirzə Ələsgərin şagirdi olmuşdur.

Nəvvab Mir Möhsün Hacı Mirəhməd oğlu (1833 – 1918)

şair, filoloq, rəssam, xəttat və musiqişünas. “Məclisi-fəramuşan” ədəbi məclisinə başçılıq etmiş, qiraətxana, “üsuli-cədid” məktəbi, mətbəə və cildxana açmışdır. Qarabağ şairlərindən bəhs edən “Təzkireyi-nəvvab” əsərinin müəllifidir.

Polad Bülbüloğlu (1945)

bəstəkar, müğənni, Respublika Lenin komsomolu mükafatı laureatı (1970), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973), Azərbaycan SSR xalq artisti (1982). Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (1968; Q.Qarayevin sinfini).

Şuşinski Seyid (1889 – 1965)

xanəndə, musiqi xadimi, pedaqoq, Azərbaycanın xalq artisti (1956), respublikanın əməkdar müəllimi (1961). Məlahətli səsə malik olan Seyid Şuşinski
uşaq ikən dini mərasimlərdə və xalq şənliklərində iştirak etmişdi. On beş yaşında oxumağa başlamışdı. 1907-ci ildə Şuşada Mir Möhsün Nəvvabın məktəbində təhsil almışdır.

Şuşinski Xan (1901 – 1979)

xanəndə, Azərbaycanın xalq artisti (1943). Xanəndəliyə yeniyetmə yaşlarından başlamışdır. O, məşhur sənətkar İslam Abdullayevin şagirdi olmuşdur.

Zabul Qasım (1873-1927)

peşəkar xanəndə. Xalq arasında “Zabul Qasım” adı ilə məşhurlaşmışdır. Yatımlı və duzlu səsi vardı. Əsasən, “Səkili bulaq”da, “ Şırşır”da, “Şəmilin bağı”nda və Şuşanın sair səfalı istirahət yerlerində oxuyurdu.

Əliverdibəyov Kazım Ağalar oğlu (1934)

dirijor, Azərbaycan SSR əməkdar incəsənt xadimi (1978), professor (1991). Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki orta ixtisas musiqi məktəbinin xor dirijiorluğu sinfini, eyni zamanda skripka sinfini və konservatoriyanın xor dirijorluğu fakultəsini (1959) bitirmişdir. Hələ tələbə ikən (1958) bəstəkar Süleyman Ələsgərovun dəvəti ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləməyə başlamışdır.

Əliverdibəyov Nazim Ağalar oğlu (1926 – 1986)

bəstəkar. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1951-1986-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində (1964-1986-cı illərdə bu məktəbin direktoru olmuşdur) və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir.

Əliyev Əbülfət Əsəd oğlu (1926 – 1990)

müğənni, Azərbaycan SSR xalq artisti (1964). Yaradıcılığa 1943-cü ildən başlamışdır. 1945-ci ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. Məlahətli, xoş tembrli səsi olan müğənninin ifa tərzinə incə lirizm, emosionallıq xasdır. O, xüsusilə, muğam (“Segah”, “Humayun” və.sair) və təsniflərin ifasında milli vokal sənətinə xas müxtəlif vasitələrdən (guşə, zəngulə və sair) bacarıqla istifadə edirdi. 1956-1962-ci illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında Məcnun, Kərəm (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, Ü.Hacıbəyov) və Şah İsmayıl (“Şah İsmayıl”, M.Maqomayev) partiyalarını oxumuşdur. Keçmiş SSRİ-nin bir çox şəhərlərində, Qvineya, Qana, İran, Suriya, Livan, MƏR, ADR, PXR və sair ölkələrdə konsertlər vermişdi. İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Ələsgərov Süleyman Əyyub oğlu (1924 – 2000)

bəstəkar, dirijor, pedaqoq, Azərbaycan SSR xalq artisti (1974), Ü.Hacıbəyov adına respublika mükafatı laureatı (1967). Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (1948). A.Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru, Azərbaycan SSR Mədəniyyət Nazirliyi İncəsənət şöbəsinin müdiri, Azərbaycan Dövlət Radio və Televiziyası xalq çalğı alətləri orkestrinin dirijoru, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, baş direktoru və sair vəzifələrdə işləmişdir (1949-1965).

Əmirov Məşədi Cəmil Əmiraslan oğlu (1875-1928)

tarzən, müğənni, bəstəkar, dirijor. İlk təhsilini mədrəsədə almış, sonralar tar çalmağı öyrənmişdir. Onun bir musiqiçi kimi yetişməsində Mirmöhsün Nəvvabın musiqi məclisinin böyük təsiri olmuşdur.

Əmirov Fikrət Məşədi Cəmil oğlu (1922 – 1984)

bəstəkar, SSRİ xalq artisti (1965), SSRİ Dövlət mükafatı laureatı (1949), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974). 1959-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının, 1974-cü ildən isə SSRİ Bəstəkarlar İttifaqının katibi idi. Gəncə musiqi məktəbinin tar sinfini bitirmiş, 1938-1939-cu illərdə Bakı Musiqi məktəbində oxumuşdur. Böyük Vətən müharibəsinin iştirakçısıdır. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Azərbaycan Dövlət Filormoniyasının bədii rəhbəri (1947), Azərbaycan Opera və Balet teatrının direktoru (1956-1959) olmuşdur.

 

08/05/2015 tarixində Tariximiz içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: