Sevgi və məhəbbətlə böyüyən, əmək və zəhmət görən toxum gözəl bar verir… (Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 27-ci yazı)

Cüməniz mübarək, əzizlərim. Bu gün gözəl xanım, gözəl ana, gözəl bir müəllimə ilə tanış olacaqsınız. Çox səmimi bir müsahibə alındı. Cavablarından təyin etdim ki, Hicran xanım çox təmkinli və xoşxasiyyət biridir. Daha yaxından tanımaq və fikirlərinizi bildirmək istəyirsinizsə, buyurun müsahibəni oxuyun.

1. Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Salam. Mən Rəhimli Hicran, 46 yaşındayam. 3 gözəl, göycək, ağıllı övlad anasıyam. Özəl məktəblərin birində müəlliməyəm. Soruşa bilərsiz, niyə ilk öncə ana, sonra müəllimə olduğumu qeyd etmişəm, baxmayaraq ki, ana olmamamışdan öncə müəllimə olmuşam və müəllim stajım analıq stajımdan böyükdür.  Düşünürəm və əminəm ki, həyatda mən özümü ana kimi daha cox təsdiq edə bilmişəm. Analığı, ana olmağı mən nakam dünyadan köcən, çox cavan ikən həyata, övladlarına vida edən anamdan öyrənmişəm. Ana mənim həm yaralı, həm də həssas yerimdir. Uzun illər anamın itkisi ilə barışa bilmədim, hər zaman ürəyimdə Ana adlı həsrət, özləm, sızıltı ilə yaşadım….Mən Anam kimi ana olmağa calışdım… əvvəlcə kiçik bacı-qardaşımı böyüdərək, onlara anamı əvəz etməyə calışaraq…Calışdım ki, bu həyatda əyilməyim, heç nəyə yenilməyim, anamın məni əzizləyərək böyütdüyü kimi onlarıda böyüdüm…Düşünürəm Anam sağ olsaydı mənimlə qürur duyardı: “Afərin, qızım, bacardın, sən olmağı bacardın, qızım” deyərdi…
2. Bəzi insanlar həyatda heç bir məqsədi olmadan yaşayırlar. Belələri çay üzərində axıb gedən saman çöpünə bənzəyir: onlar getmir, suyun axını onları aparır. Hicran xanım, yaşama məqsədiniz nədir bu həyatda?
– Bu həyatda ən böyük arzum , amalım, dediyim kimi, sözün əsil mənasında gözəl Ana olmaqdır. Bu dünyaya qadın olaraq gəldiyimə, Analıq duyğusunu daddığıma, dünyaya 3 övlad bəxş etdiyimə, onlara gözəl təhsil və tərbiyyə verdiyimə görə Uca Allaha hər an şükr edirəm. Bu dünyada mənim missiyam Ana olmaqdır.
3. Gözəlliyi anlamaq üçün bir dəfə baxmaq yetər, bir qərara gəlmək üçünsə çox düşünmək lazımdır…nədir sizin üçün gözəllik?
– Bu sual həqiqətən əsil sahibinə ünvanlanıb. Gözəllik mənim ücün nədir? Gözəl düşüncəni, gözəl tərbiyyəni, gözəl rəftarı və ünsiyyəti, gözəl davranış və mədəniyyəti formalaşdıran-gözəl ürəkdir. Gözəl ürəyə isə ruhu gözəl olanlar sahibdirlər. Gözəl ruh isə insana Allah tərəfindən bəxş olunur. Gözəl ruhun təməli isə Allaha və onun yaratdıqlarına olan böyük sevgidir.
4. “Üç şey vardır ki, insanoğlunun ucalığını göstərir. Müsibətdən şikayətçi olmamaq, ağrıdan ötrü sızlanmamaq və diliylə özünü tərifləməmək.” (Əbu Dərda) Hansısa biri varmı sizdə?
– Hec vaxt ağrıya, acıya sızıldayıb ağlıyanlardan olmamışam. Çox səbirli və dözümlü insanam. Fiziki və mənəvi ağrıya illərdi formalaşan immunitet sayəsində tab gətirirəm. Bunu mənim ətrafımda olan əzizlərim təsdiq edə bilərlər. Qəlbimin daşıdığı ağır yüklər məni əyməyib, kütləşdirib, kobudlaşdırmayıb, əksinə, müdrikləşdirib və kamilləşdirib.
5. Bəlalar qula Cənabı Haqqın qapısını döyməyi öyrədir deyirlər. Niyə belədir insanlar?
– Çünki insan övladı zəifdir. Bizlər Qüdrət sahibi Allahın yaratdığı əsərlərik. Yaradandan gəlib, Yaradana da dönməliyik.
6. “Dərdlərini göz yaşlarında boğmaq istəyənlərə, dərdlərin üzməyi bildiyini də söylə”. Böyük hikmət gizlənib bu sözdə. Fikirləriniz maraqlı olardı.
– Ağlamağı acızlik saymışam hər zaman. Demirəm ağlamıram, əslində çox kövrək və sulugözlüyəm. Amma problemlər ücün deyil, duyğusal olduğum üçün ağlayaram. Mənə görə problemləri insanlar özləri yaradır və demək ki, onların cözümləridə insan övladının öz əlindədir. Bu dünyada tək bir ölümə carə yoxdur, çünki Allahdandır. Demək ki, həll olunmayan, ölümdən başqa bir dərd də yoxdur.
7. Amma belə də deyirlər ki, ölüm həyatda böyük itki deyil. Əsl böyük itki, yaşayarkən içimizdə ölənlərdir. İçinizdə dəfn etdiyiniz biri oldumu?
– Olub. Həyatda var ikən, içimdə dəfn etdiyim biri də olub. Həyat mənə yaşadıqlarıma və yaşayacaqlarıma hec vaxt peşman olmamağı öyrədib. Çönüb geri, yaşadıqlarıma baxdıqda, cismən bu həyatdan köcənlərimə ağlamışam, itkiləri məni sarsıtsa da, ruhları ayaqda tutub….var ikən ölü olanları sadəcə silib atmışam həyatımdan, düşünmüşəm, demək ki, Allah belə istəmiş və nə yaxşı ki,belə olmuş…
8. Hikmət sahiblərinin fikrincə, bu dünya, bəlkə də bir başqa planetin cəhənnəmidir. “Cəhənnəmi” cəhənnəmə çevirənlər var, bəs onları hansı cəhənnəm qəbul edəcək?
– Cəhənnəmi cəhənnəmə cevirənlərin həyatı cəhənnəmdir zatən…
9. Heç kim mənə özünü sübut etməyə səy göstərməsin! Çünki hər şey ortadadır; yeni maskalar taxmağın bir lüzumu yoxdur… Çoxmu maskalanmış üzlər var həyatınızda?
– Desəm ki, yoxdur, yalan demiş olaram. Mən o insanları görməməyə və onlardan uzaq durmağa calışıram. Mənim bu dünyada ən böyük şansım gözəl insanlarla qarşılaşmağımdır, amma həyat bu ,hər tip insan qarşımıza cıxa bilər. Maska taxıb həyatıma girmək istəyənləri qəbul etməmişəm, olubsa da uzaqlaşmışam.
10. Ədalətli qərar çıxara bilməyən hakim gec-tez özü müttəhimlər kürsüsündə əyləşməli olur… Siz baş verən hadisələrə qarşı həmişəmi ədalətli davranıbsınız, yoxsa məcburiyyət sizi ədalətsizliyə də sürükləyib?
– Mənim bürcümdən irəli gələn bir xüsusiyyətim var və mən o xüsusiyyətimi çox sevirəm. Mən analiz etməyi çox sevirəm. İnsanları calışıram olduğu kimi qəbul edəm. Bəzi insanlarda olduğu kimi, mənim ücün həyat iki rəngdən (ağ və qaradan) ibarət deyil. Qınamağı və məzəmmət etməyi sevmirəm. Ədalətli olmağa çalışıram. Qul haqqı yemərəm, ədalətsiz olub günaha girməkdən qorxaram.
11. Ulduzlara toxuna bilməzsiniz, amma qaranlıq gecələrdə onlar sizə yol göstərər. Varmı elə biri ki, sizdən çox uzaqdadı, amma doğru yolu görməyinizə bələdçidir.
– Çətin günümdə, çıxılmaz vəziyyətdə, hər şeyin bitib tükəndiyini hiss edəndə, yorulub, ayaq saxlayanda, artıq gücüm yoxdur deyəndə, mənə yol göstərən, yeni nəfəs, güc və qüvvət verən, qaranlıq tunelin sonundakı işığı görməyimə kömək edən tək varlıq- Uca Allahdır. Əlhəmdülillah….Sevgi və mərhəməti ücün Rəbbimə sonsuz şükür olsun.
12. Heç bir şey gözləməyənlər nə xoşbəxtdir, heç xəyal qırıqlığına uğramazlar…varmı belə insanlar sizcə?
– Var əlbəttə, biri mən. Heç vaxt heç kimdən heç nə gözləmirəm. Bir tək Allahdan başqa. İnanın çox xoşbəxtəm bu barədə. Allahımdan hər zaman çox az şeylər diləmişəm, əvəzində çox verib. Məni tanıyanlar bilir, bu belədir…
13. Edə biləcəyiniz qədər söz verin, sonra söz verdiyinizdən daha çoxunu edin. Söz verib əməl etmək o qədər də asan deyil, boş vədlər vermədiniz ki?
– Yox, vermədim. Söz verdimsə etdim. Başqasına arxayın olub boş vədlər vermirəm, bacararamsa özüm edərəm. Özüm aldanmağı qəbul etmədiyim kimi, başqalarını da aldatmağa razı olmuram.
14. Geridə buraxdıqlarımız üçün darıxır, əlimizin altındakından sıxılır, çata bilmədiklərimizə tutuluruq!.. Niyə beləyik?
– Cünki insan övladıyıq. Bütün günahları və savabıyla, cox vaxt naşükür, qədirbilməz, həyatı və dünyanı dərk etməyən insanlar…Həyatı bir okeana bənzədirəm. Biz insanlar bu okeanın sularında üzərək bir sahilə yan almağa calışırıq. Fırtına qoparsa, dalğalar bizi istədiyi yerə cırpar. Bəzilərimiz qayalara cılpılaraq çilik-çilik olub sınar, bəzilərimiz isə bərkiyərik…Həyatda yaşamaq və yaşam ücün mübarizə aparmaq çox çətindir. Qazandıqlarımızın və itirdiklərimizin Allahdan olduğunu dərk etdiksə, yaşamaq asanlaşır. Bəzən düşünürəm ki, bu həyatı gərək cox da ciddiyə almayasan, yoxsa dəli ola bilərsən.
15. Ağıl dişi hamıda çıxır, amma ağıl gözü hamıda açılmır… Sizcə bəzi insanlar ağıllı olmaqdan qorxub gözlərini açmırlar, yoxsa gözlərini açacaq ağıla sahib deyillər?
– İki variantın ikisi də kecərlidir. Kimə necə sərf edirsə elədir. Həyatımda və ətrafımda çox belə insanlara rast gəlmişəm. Aciz insanlar kimi baxmışam onlara.
16. Aclığa səbr edərsən adı oruc olar, ağrıya səbr edərsən adı mətanət olar, insanlara səbr edərsən adı xoşgörüş olar, istəyə səbr edərsən adı dua olar, duyğulara səbr edərsən adı gözyaşı olar, darıxmağa səbr edərsən adı həsrət olar, Sevgiyə səbr edərsən adı eşq olar… Səbrlə necə yola gedirsiniz?
– Səbr mənim ikinci adımdır.Cox səbirli insanam deyə bilərəm…Hərdən düşünürəm,görəsən səbirsiz olsaydım,necə olardım…Yox,ola bilməzdim,mən ana bətnində səbirlə yoğrulmuşam və bu səbrin mükafatını ömrüm boyu Allahu-Tealadan almışam.Həyatda qazandığım hər bir nailiyyətin ,uğurun təməlində səbr durur…Səbr işin yarısıdır deyiblər və bu həqiqətən belədir.
17. Başqalarının ağlı ilə cümlə qura bilməzsiniz; amma başqalarının cümlələriylə ağıllı görünə bilərsiniz…başqalarının cümlələrinə ehtiyacınız oldumu heç?
– Düzünə qalsa oldu. Etiraf edim ki, başqalarının səhvlərinə baxaraq müdrikləşdim. Mən hər addımımda yüz dəfə ölcüb-bicərək addım atanlardanam. Riski sevmirəm, heç vaxt sonunu görmədiyim bir yola düşmərəm. Hər medalın iki üzü var, mən hər üzü görmək məcburiyyətindəyəm. Bunlar bürcümdən irəli gələn xüsusiyyətlərdir. Mən axı əkizlər bürcündənəm.
18. Əgər xoşbəxtliyiniz, bir başqasının etdiklərinə bağlıdırsa, çox ciddi bir probleminiz var deməkdir. Sizin belə bir probleminiz yoxdur ki?
– Şükür Allaha ki, yox. Mən çox az şeylər istəyən, lakin hər zaman böyük mükafatlar alan insanlardanam. Xoşbəxtliyi kimdənsə gözləməmişəm, öz xoşbəxtliyimi özüm qurmuşam və ona görədə bu gün mən xoşbəxtəm deyə bilirəm.
19. Qızıl olsam, dəyərimi hər kəs bilər.
Mən sadə bir dəmir olum …
Dəyərimi yalnız anlayan bilsin! Qızıl, yoxsa dəmir olmağı seçərdiniz?
– Qızıl dəyərində bir dəmir olmağı secərdim.Allaha sozsuz şükürlər olsun ki,ətrafım hər zaman dəyərimi bilib və məni yüksək qiymətləndirib.
20. Bir iş haqqında qərar verməzdən öncə başqalarının da öyüd-nəsihətlərinə qulaq asmaq lazımdır. Kimin nəsihətinə tərəddüd etmədən “hə” deyirsiniz?
– Ağıllı insanların öyüd-nəsihətlərini hər zaman dinləmişəm.Ata-anam sağlığında onların nəsihətlərinə tərəddüdsüz “hə”deyərdim,indi isə elə yaş dövründəyəm ki,məndən öyüd alırlar.
21. Günəşsiz dünya zülmət olduğu kimi, uşaqsız ev də qaranlıq dünyaya bənzəyər. Lakin bəzi “valideynlər” dünyanı zülmətə çevirəcək qədər cəllad olub uşaqlarına sahib çıxmırlar. Belə valideynləri bağışlamayan uşaqlara haqq qazandırırsınızmı?
– Ümumiyyətlə, uşaq- valideyn mövzusu mənim ən yaralı yerimdir. Övladını atıb-gedən hec bir ata-anaya bəraət qazandırmıram, nə də ata-anasını atan övlada. Bir körpənin dünyaya gəlməsinə valideyn qərar verir. Övladlar bundan xəbərsiz olurlar və ona görə də ata-ananın borcu və vəzifəsi o övladı böyüdüb boya-başa catdırmaqdır. Ata-ananın borcu uşağa qol-qanad və kök verməkdir. Qol-qanad pərvazlanıb, yüksək zirvələrə ucmaq ücündür, kök isə nəslə-ailəyə möhkəm bağlanmaq ücündür. Unutmayaq ki, sonunda əkdiyimizi bicirik. Sevgi və məhəbbətlə böyüyən, əmək və zəhmət görən toxum gözəl bar verir.
22. “Haradan başlasam? Necə başlasam?” deyə düşünərkən, uzun bir susqunluq buraxmış olarıq geridə. (Sərvət Saygınoğlu) Oldumu belə susqunluğunuz?
– Olub. Həyat bu. Hər şey insanlar ücündür.
23. Dədə Qorqud hikmətində deyilir ki, torpağı qorumasan əkib-becərməyə dəyməz, əkib- becərməsən, qorumağa dəyməz. Torpaqlarımızı yetərincə qoruya bilmədik. İndi də niyəsə əkib-becərməyə tənbəllik edirik. Hamı şəhərə üz tutur, hamı asan olana qaçır. Niyə insanlarda torpağa belə soyuqluq yarandı sizcə?
– Deməzdim. Torpağa bağlı, əməyi və zəhməti ilə gecəsini gündüzünə qatan, yoruldum demədən calışan əsil torpaq insanlarını tanıyıram. Torpaqla ucalan zəhmətkeş insanlar çoxdur Azərbaycanda. Mən, ümumiyyətlə neqativ hallarda da pozitiv, müsbət axtarıb tapan insanlardanam. Kənddən qacıb şəhərə gələnləri də qınamıram.
24. Gülər üzlə deyilən bir yalanı bir anda udduğumuz halda, ağrılı gerçəyi ancaq damla-damla uduruq. Üzünüzə gülüb sizə yalan danışanları dost, acı gerçəyi deyəni düşmən bilmədiniz ki?
– Bu sualın cavabını yazmaq üçün uzun-uzadı düşündüm: həyatımda belələrinə rast gəlmədim. Şanslı insanam, Allah məni belələri ilə qarşılaşdırmayıb.
25. İnsan dünyanın hakimi olsa da, ürəyinin əsiri olur həmişə. Ürəyinizin əsiri oldunuzmu?
– Oldum, bəli.
26. Qərarsızlıq ən böyük xəstəlikdir deyirlər. Varmı belə “xəstəliyiniz”?
– Var, daha doğrusu bir qərar qəbul etmək ücün uzun-uzadı saatlarca, hətta günlərcə düşündüyüm vaxtlar olub. Yanlış addım atmaqdan hər zaman qorxmuşam.
27. Başqalarının qayğısını çəkə-çəkə ömür sürənlər əslində ən gözəl və ən xoşbəxt insanlardır…Daha çox qayğı çəkirsiniz, yoxsa qayğınızı çəkirlər?
– Nə gözəl qeyd etdiniz, əlbəttə xoşbəxt insanlardı. Mən qayğı çəkənlərdənəm. Ailəmin, övladlarımın, sevdiklərimin, şagirdlərimin, mənə əziz olan hər kəsin qayğısını usanmadan çəkərəm. Mənim ruhum o zaman dincəlir və özümü çox xoşbəxt hiss edirəm.
28. Digərinin sevmədiyimiz xüsusiyyətləri, özümüzü tapmağa kömək edə bilər. Sevmədiyinız hansı xüsusiyyətlərdir sizi insanlardan uzaqlaşdıran?
– İnsanlarda sevmədiyim xüsusiyyətlər kibir və riyakarlıqdır. Belə insanlardan uzaq dururam və həyatıma buraxmıram.
29. Gülmək həmişə xoşbəxt olmaq demək deyil. Bəzən elə gülüşlər olur ki, ən böyük ağrıları gizlətmək üçündür…oldumu belə gülüşünüz?
– Əlbəttə oldu, ağrımı, acımı, göz yaşlarımı ürəyimə həbs edib gülməyə məcbur olduğum zamanlar da oldu.
30. Deyilənə görə həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda? Həyat hansı biridir sizin üçün?Ümumiyyətlə, nədir həyat?
– Hər bir şeyin başlanğıcı olduğu kimi sonu da olur. Bu da son sual, məni ən çox düşündürən və ən çətin gələn sual. Həyat nədir mənimçün?…Həyat-başlanğıcı və sonu bəlli olmayan, lakin Yaradan tərəfdən hər bir saniyəsinə kimi ölcülüb, bicilən, kodlaşdırılan zaman kəsiyidir. Doğuluşdan ölümə gedən bir yoldur həyat. Bu dünyaya gəlişimiz həyatın başlanğıcıdır. Həyat-fədakarlıqdır. Sevdiklərin ücün etdiyin fədakarlıklardır. Həyat-ağrı və acıdır, şirin və gözəldir, göz yaşları və sevincdir. Həyat-paylaşmaqdır.

Müsahibə üçün sizə təşəkkür edirəm 💐

11/08/2017 tarixində Yazılarım içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Salam dəyərli Sevincim. Hicran xanımdan aldığın müsahibə çox maraqlı,düşündürücü suallar (hər zaman kimi)və cavablar da özünə məxsus idi. Hicran xanımı səhifəsindən qiyabi də olsa tanıyırdım uzaqdan uzaqa. Etiraf edim ki,hərdən gözəllik dolu səhifəsindən şəkillərə də sahib çıxırdım.. Halal edər yəqin bu günahımı🙈 Gözəlliy aşiqi xanım olduğun hiss edirdim. Sayəndə iç dünyasina da baş vurdum. Allah razı olsun Sevincim. 🌹🌹🌹 Hicran xanıma həyatda da istədiyi gözəllikləri nəsib etsin Rəbbim. Hər iki dərərli xanıma təşəkkür edirəm🌹🌹❤❤ Uğurlar əzizim Sevinc xanım💋💋💋

    tərəfindən bəyənildi 1 şəxs

  2. Nə vaxtdır niyyətlənirdim ki, oxuyum bitirim, qismət bu günə imiş 🙂
    Xoşuma gəldi müsahibə, cavablar da ürəyimcə oldu.
    Təşəkkür edirəm, Hicran xanıma.
    Sizə də maraqlı layihə üçün çox təşəkkür edirəm.

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...