Həqiqətlər həmişə bizə xoşbəxtlik gətirmir, bəzən gözləmək daha faydalıdır… (Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 26-cı yazı)

Cüməniz mübarək, əzizlərim. Xoş gördük hamınızı. 26-cı müsahibə…deməli, sona yaxınlaşırıq. Allahın izni ilə bitirməmə yol verəcək Yaradanım. Bu gün gənc bir qızla tanış olacaqsınız. Gələcəyin jurnalistidir bu gözəl qızımız. İlk müsahibədə Aysel adlı bir jurnalistlə tanış etmişdim dostlarımı. Onda Hicranə xanım kimi Aysel də 4-cü kursdaydı. Bu gün şükürlər olsun ki, özünə yer tuta bilib. İnşAllah Hicranə qızımız da gələcəyin gözəl jurnalistlərindən olmağı bacaracaq.

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Salam. Mən, İsmayılova Hicranə. 27 mart 1996-cı ildə Sumqayıtda anadan olmuşam. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıram. Bakalavr təhsilimi tamamlamaq üçün 1-cə ilim qalıb.
Əslində öz xarakterim haqqında çox danışmağı sevmirəm, çünki bu cür olmağım məni qane etmir. Sulugöz, həssas, qısqanc, diqqətcil biriyəm, ətrafımda olan insanların yaxşılığı üçün əlimdən gələni etməyə çalışıram, bəzən doğru olduğumu bilə-bilə özümdə günahlar axtarmağa çalışıram.  Özümlə daima sual-cavab halındayam. Acıdil, tez əsəbləşən, ancaq tez də əsəbi soyuyan xarakterə malikəm. Dediyim ifadələrin səhv olduğunu bilib, peşman olsam belə bunu heç vaxt ətrafıma yansıtmıram, öz dediyimin üzərində dirəşirəm (məncə bu qoç bürcü olmağımın təsirindəndir). Bir sözlə, inadcıl, şıltaq, emosional, biraz pessimist, depresiyyaya tez düşən, bir an içində hər şeydən bezərək, kənara çəkilib ağlayan balaca qızam 🙂
2. “Mənim həyatım mənə aiddir, bunu mən yaşayıram və kimsəyə hesabat vermək məcburiyyətində deyiləm” – razısınızmı bu fikirlə? Yoxsa ictimai qınağı qəbul edənlərdənsinizmi?
– Razı deyiləm. Çünki ailəmlə qalıram, hər addımımda anamı, atamı, yaxınlarımı düşünməliyəm. Mənə görə onların narahat qalmalarını, üzülmələrini, pis olmalarını heç vaxt istəmərəm. Ona görə də istəklərimi ailəmə uyğunlaşdırıram, ailəmin qəbul eləməyəcəyi istəklərimin üzərindən rahatca, peşman olmadan xətt çəkməyi bacarıram. Çünki məni mən edən onlardır, onlara daima hesabat vermək borcumdur. Ən əsası bunları etdiyim zaman özümü zəncirlənmiş hiss etmirəm. Mənim onlara hörmət etdiyim kimi, onlarda mənim düşüncələrimə hörmət edirlər, buna görə də problem yaşanmır. İctimai qınağın olmasının bəzən çox faydaları olur, bəzən isə əksinə. Düzgün şəkildə ictimai qınağın edilməsini müsbət hal kimi qarşılayıram. Düzdür, insanların mənim haqqında düşüncələri məni maraqlandırır, ancaq ailəmdən kənar insanların dediklərinə görə həyatımı qurmuram.
3. Bir xanım üçün təhsil, sənət-peşə sahibi olmaq nə dərəcədə əhmiyyətlidir?
– Ümumiyyətlə, tək xanım üçün yox, hamı üçün təhsil, sənət-peşə sahibi olmaq önəmlidir. İnsanın özünü dərk etməsi, tək ayaqları üstündə durması üçün bu çox vacibdir. Bir qadının savadlı olması, onun haqqlarını bilməsidir, aciz olmamasıdır, ən çətin hallarda belə özünə yeni bir yol aça bilməsidir. Savadlı ana, savadlı ailə deməkdir.
4. Angelina Jolie deyir: “Qadına nə versən artıqlamasıyla sənə qaytaracaq. Sən ona ailə verərsən, o sənə övlad bəxş edər. Sən ona ev verərsən, o sənə evdəki rahatlığı. Ona gülüşünü bəxş edərsən, o öz ürəyini verər. Qadın hər şeyi artırar və çoxaldar.. Odur ki, ona pislik edərkən daha böyüyünə hazır ol!” Siz də belə düşünürsünüzmü?
– Bütün fikirləri ilə razıyam, ancaq son cümləsi ilə bir o qədər də yox, pisliyin, xəyanətin, yalanın qarşılığı eynisi olmalı deyil mənə görə. Bir yerdə yalan, pislik, xəyanət olarsa onun acığını çıxmaq əvəzinə öz həyatına yenidən davam etmək, birdə o səhvləri etməmək, həyatından elə insanları birdəfəlik silmək məncə ən yaxşı intiqamdır.
5. Edə biləcəyimiz hər şeyi etsəydik, buna özümüz də təəccüblənərdik. – Sizi edə bildikləriniz, yoxsa edə bilmədikləriniz üzür?
– Məncə, insan elə bir xarakterə malikdir ki, bir şeyi istəsə nə olur olsun, onu edir. Əgər istədiyi şeyin qarşısını qorxu və ya başqa səbəblər kəsirsə və o aciz qalırsa, onda etmək istədiyi şeylərdən əmin deyil.
6. Pis müəllim şagirdinə həqiqəti çatdırır, yaxşı müəllim isə onu tapmağı öyrədir. (Adolf Disterveq). Siz necə düşünürsünüz, pis müəllim necədi, yaxşı necə?
– Müəllimlik həqiqətən çox möhtəşəm peşələrdən biridir, elə bil ki, önündə çoxlu ağ vərəq var, yaxşı müəllim odur ki, o vərəqlərlə ehtiyatla davranıb, səliqəli şəkildə yeni, faydalı, maraqlı məlumatları yazır, pis müəllim isə o vərəqlərlə kobud rəftar edərək, vərəqi ancaq qaralaya bilər. Biz çox zaman nəsə olanda, uşaqdı deyib keçirik, ancaq başa düşmürük ki, hər şey balacalıqdan başlayır, insanın tərbiyəsi, savadı, mühitdə davranışı belə uşaqlıqdan gələn bir şeydir. Çox az adam sonradan dəyişməyi bacarır. Ən əsası isə mənə görə, valideynlər uşaqlarını tərbiyələndirmək, savadlandırmaq işini tam olaraq müəllimlərin üzərinədə yıxmamalıdırlar. Yeri gəldiyində valideyn olmaqla yanaşı dost, müəllim, həkim ola bilirsənsə, uşağının sağlıqlı və normal böyüməsinə şərait yaradırsan deməkdir.
7. Sevmək hər gün görüşmək, hər gün danışmaq, hər gün dərdləşmək, hər gün xoş söz eşitmək deyil. Sevmək sən yoxkən belə, səni ürəyində yaşatmaqdır… Mən belə düşünürəm. Sevmək sizinçün nədir bəs?
– İnsanın həyatında hər şey qaydasında olsa belə həmişə sevgiyə ehtiyac duyur, sevgisiz xoşbəxt olan adam inanmıram ki, mövcud olsun. Balaca yaşlarında sevmək biraz şıltaqlıq etməkdir. Dəlisov, düşünmədən davranmaqdır və sonunu düşünməməkdir. Düzdür, 21 yaşım var, ancaq 1, 2 il əvvəlki düşüncələrimlə, indiki düşüncələrim tam fərqlidir. Mənə görə sevginin olması üçün ən əsas şərt qarşındakı insanı bəyənməyindir, bəzi insanlar daxili gözəlliyi xarici gözəlikdən üstün tutsalar belə mən bununla tam razılaşmıram. Bir insanı xasiyyətinə görə sevmiş ola bilərsən, ancaq bunun sona qədər davam edəcəyini düşünmürəm. Sevgi hörmətdir, inamdır. Sevgi bəli hər gün danışmaqdır, onu görməkdən bezməməkdir, hər zaman birini yanında istəməkdir. Düzdür, əsl sevgilərə məsafələr əngəl ola bilməz, ancaq unutmayaq ki, əsl sevgilərin arasında da məsafələrin illərlə olması gülünc haldır. Mənə görə necə ki, ailəni bir arada tutan qadındır, eləcə də sevginidə hər zaman qoruyub saxlamaq daha çox qadının üzərinə düşür.
8. Kişi özgəsinin sirrini öz sirrindən yaxşı saxlayır, qadın isə yalnız öz sirrini saxlayır. Razısınızmı bu fikirlə?
– Bəli, tam razıyam. Qadınların əksəriyyəti sirr saxlamağı yaxşı bacarmırlar.
9. “Tarixə düşmək” özü də uğur hesab edilir, amma ən böyük uğur tarixin qatarında bu günə gəlib çatmaq və gələcəyə getməkdir. Gələcək haqqında çoxmu düşünürsünüz?
– Gələcəyim haqqında hər an düşünürəm. Xəyal qurmağı, arzularla yaşamağı çox sevirəm. Gələcəyimin əksəriyyətinin beynimdə skeletini qurmuşam, qalır yaşamaq və onları gerçəkləşdirmək.
10. Biri sənə arxasını çevirərsə, üzülmə, beləcə, dostunla düşmənini ayırd etmiş olarsan… Siz necə, dostunuzla düşməninizi ayırd etmisinizmi?
– Sizə gülməli gələ bilər, ancaq dostumla düşmənimi ayırmağı bacarsam belə, düşmənimə layiq olduğu kimi davrana bilmirəm. Düzdür, bilirəm ki, qarşımdakı insan mənim paxıllığımı çəkir, pisliyimi istəyir, ancaq uzaqlaşa bilmirəm. Bütün olanların qarşılığında uzaqlaşmaqdansa, kömək istəyəndə qaça-qaça gedirəm, nəsə olsa əlimdən gələni etməyə çalışıram, ancaq bilirəm ki, dəyməz.
11. “Ağac bar verəndə başını aşağı əyər”. Amma hələ bar verənə qədər boy atmasına imkan vermək lazımdır. Hicranə xanım, gələcəyin jurnalisti kimi nə deyə bilərsiniz, peşənizdə ucalmağınız üçün çoxmu maneələr dəf etməniz lazım olacaq?
– Peşəm sahəsində mənim çox çətinliklərimin olacağını bilirəm, çünki indiki dövrdə, söz azadlığı, ümumiyyətlə azadlıq yox dərəcəsindədir. Əsl jurnalist olmaq üçün isə mən ancaq həqiqətləri insanlara göstərməliyəm, onları qorumalıyam. Bacardığım qədər hər şeyi edəcəyimə özümə söz vermişəm, ən azından bunu peşəmə olan borcum bilirəm.
12. Belə bir deyim var: Üzünü gəncliyə tut, səsin gələcəyə yetsin. Bəs sizcə səsimizi gələcəyə yetirən gənclərimiz yetərincədirmi?
– Təəssüf edərək deyirəm ki, gəncliyimiz gündən günə məhv olur, oğlanlar, qızlar düzgün tərbiyə olunmur. Azadlığın adı altında səhv addımlarla irəliyə doğru gedirlər. Yaxşılar var, ancaq çox azdır.
13. İnsanların səni tanımadıqlarından narahat olma, sən insanları tanımadığına görə narahat ol. (Konfutsi) İnsanları tanımaqda çətinlik çəkmirsiniz ki?
– İnsanları tanımaqda heç vaxt yanılmamışam, insanlarla biraz ünsiyyətdə olduğum zaman, onun necə biri olmasını təxmin edirəm. Elə bil ki, onları gözlərindən oxuyuram.
14. İntiqam hissi ilə yaşayanların yarası həmişə təzədir. Yoxdur ki, belə bir hissiniz?
– Yaşımdan göründüyü kimi, hələ görəcəklərim qabaqdadır, ona görə indidən bir şey təxmin edə bilmirəm. Çünki, baş verənlərə görə dəyişir hər şey.
15. Əgər bir insanı həqiqətən unutmaq istəyirsənsə onunla yaşadıqlarını deyil, onun sənə yaşatdıqlarını xatırla… Sizcə unutmaq asanmı?
– Unutmaq üçün zaman lazımdır, çünki dəyərsiz olmanı, həqiqətləri görməyin zaman tələb edir. Unutmaq mümkündür, ancaq həmişə insanda izlər qalır, çünki tamamlanmamış hisslər ilə birini unutmağa məcbur olursan, bu boşluğun unudulması isə mümkün deyil, sadəcə az xatırlamağın mümkündür.
16. Servantesin belə bir fikri var: Nəzakətlilik qədər ucuz başa gəlib, yüksək dəyərləndirilən heç bir şey yoxdur. Bəs o zaman niyə son vaxtlar nəzakətli davranış qeybə çəkilib?
– Bayaq da qeyd etdiyim ki, gəncliyimiz uçuruma doğru gedir, insanlar dəyişir, vecsiz olur və aqresivləşir. Əlbəttə ki, pislərin olduğu qədər olmasa belə, yaxşılar hələ ki, var. Nəzakət isə qarşılıqlı münasibətdən, insanın tərbiyəsindən aslıdır.
17. Düşünə-düşünə hərəkət et, hərəkət edə-edə düşün! Bunu alimlər deyib. Siz necə, düşünüb hərəkət edirsiniz, yoxsa hətəkətiniz sizi düşünməyə məcbur edir?
– Bir şeyi etmək istədiyində, onu gec tez edirsən. Mən bir şeyi edib, nəticəsini insanın özünün başa düşməsinin lehinəyəm, çünki biz nə qədər doğrunu göstərsək belə, hərənin öz seçimləri, öz doğruları olur. Bir sözlə, sadəcə məsləhət verməklə kifayətlənməliyik, insanın öz yolunu özünün açması vacibdir.
18. Dürüst insan hər zaman həqiqəti söyləyər, ağıllı insan isə yalnız zamanında… Hansı yaxşıdır sizcə, hər zaman həqiqətimi demək, yoxsa həqiqəti zamanında söyləmək?
– Həqiqəti zamanında söyləmək, çünki həmişə həqiqətlər bizə xoşbəxtlik gətirmir, bəzən gözləmək daha faydalıdır.
19. Təsəvvür edin ki, əlinizdə belə bir ixtiyar var: keçmiş adət-ənənələrlə indiki müasir cəmiyyəti sintez etməlisiniz. Keçmişdən gətirdiyiniz, indidən sildiyiniz nələr olardı?
– Əslində keçmişin də, indinin də özünə məxsus qüsurları var, eləcə də faydaları. Ona görə də bu ixtiyarımdan istifadə etməzdim. Çünki, dünyada hər şey mükəmməl ola bilməz.
20. Mövlana deyir: “Ən böyük fəziləti ağıl olan adamın dünyası ağılla dərk edilə bilən şeylərlə məhdudlaşır”. Kimdir sizin üçün ağıllı insan?
– Mənə görə bütün sahələrdə bir insanın ağıllı olmasına inanmaq çətindir. Hər insanın öz qüsurları var, ancaq insanın özünü dəyərli bilməsi, öz şəxsiyyətinə hörmət etməsi mütləqdir.
21. Böyük şəxsiyyətlər tarixin sütunlarıdır. Onlar nə qədər möhkəm olsa, cəmiyyətin inkişafı da bir o qədər dayanıqlı olar. Kimdir sizin üçün böyük şəxsiyyət?
– Düzünü desəm, birini böyük şəxsiyyət hesab etmirəm. Böyük şəxsiyyət olmaq üçün, insan özündən çox digərlərini düşünməlidir və onların uğrunda addımlar atmalıdır.
22. Laroş Fuko adlı bir fransız yazıçısı deyib ki, adamları oxumaq kitabları oxumaqdan daha faydalıdır. Bəs sizcə, adamları oxumaq asandır, yoxsa kitabları?
– Əlbəttə ki, kitabları oxumaq daha asandır, ancaq bunu da deyim ki, kitabı çox oxuyan insanlar, həm də insanları rahatca oxuya bilirlər.
23. Qəlb də ayna kimidir, sındısa – yapışdırmaqla düzəlməz. Qəlbinizi sındıran oldumu?
– Qəlbimi sındıran çox olub, ancaq zamanla keçir, çox lap az izlər qalır.
24. Xəyallarımın suya düşəcəyini bilsəydim, onlara üzməyi öyrədərdim. Sularda batan xəyalınız oldumu?
– Var gücümlə xəyallarımın ardınca gedirəm, onları gerçəkləşdirməyə çalışıram, ancaq xəyallarım suya düşsə belə buna üzülmərəm, çünki gələcəkdən xəbərsizəm, bəlkə məni o xəyalımdan da daha artıq şeylər gözləyir.
25. Sahib olmadığın şeylər üçün üzülmə deyirlər. Qismətindirsə, gəlib səni tapacaq. Doğrudanmı belədir? İnsan hər şeyi qismətə bağlamalıdırmı?
– Hər şeyi qismətə bağlamaq aciz və tənbəl insanların işidir. Qismətə müəyyən qədər inanıram, ancaq həyatını bunun üzərində qurmaq dəlilikdir.
26. Məzluma səxavət göstərmək bəxtiyarlıq sayılır. Sizcə yardım etməyi bacarmaq üçün insanlıq vacibdir, yoxsa maddiyat?
– Əlbəttə ki, insanlıq.
27. Amerika yazıçısı Jozef Fletçer deyir: “Vətənə borcunu ödəmədən ölən insan bədbəxtdir”. Vətən sizin üçün nəyi ifadə edir? Vətən üçün borcunuzu nədə görürsünüz?
– Vətən mənim ailəmdir.
28. Ən çətini özünü dərk etmək, ən asanı isə başqalarına məsləhət verməkmiş. Sizin üçün bu mövzuda asan və çətin olan nədir?
– Mən başqalarına gələndə elə qəşəng psixoloq oluram ki, özümə növbə çatanda isə həqiqətlərdən xəbərdar olsam belə bəzən səhvlər edirəm, çünki qəlbim bunu tələb edir və ona məğlub oluram.
29. Sızlar yada düşəndə ürəyimin telləri,
O mehriban, o əziz tələbəlik illəri… Artıq universiteti bitirməyin bir addımlığındasınız. İllər sonra tələbəlik illəri yadınıza düşdüyündə ürəyiniz ən çox nəyə göynəyəcək?
– Sinif yoldaşlarımla yetəri qədər vaxt keçirməməyim hələ də məni məyus edir, onlarla istədiyim kimi yaxın ola bilməmişəm və tam olaraq sevgimi heç vaxt bilməyiblər.
30. Deyilənə görə həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda? Həyat hansı biridir sizin üçün?Ümumiyyətlə, nədir həyat?
– Həyat sonunda ölüm olduğunu bilə-bilə yaşamaqdır, yaşatmaqdır. Həyat sürprizlərlə doludur, ancaq maraqlıdır. Nə olacağını bilmədən yaşayırıq, olan hadisələr bir anda hər şeyimizi dəyişə bilir.

Müsahibə üçün sizə təşəkkür edirəm 💐

04/08/2017 tarixində Yazılarım içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. Müsahibə çox xoşuma gəldi. Hər iki xanıma təşəkkürümü bildirirəm.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: