Nə qədər arzulasam belə, bir tək o gəlmir…(Tanımadığımız tanışlar silsiləsindən XI yazı)

image

“Bir qadının taleyindən sətirlər”…bu həyat hekayəsini oxuyub tanış olanlar artıq bildilər ki, söhbət kimdən gedir. Daha doğrusu, bu günkü həmsöhbətim kimdir. Günel Əsədova…bəli, biz hamımız onu bax, bu adla tanıdıq. Təkcə tanımadıq,  həm də sevdik. Özünü sevdirə bildi hamıya, səmimiyyəti, gülər üzü, mehribanlığı ilə.

Mən də sevdim onu, həm də virtualdan onu tanıyanların hamısından çox. Xasiyyətimizdə, dünyaya baxışımızda olan oxşarlıqdanmı bu, yoxsa hər ikimizin içində olan nisgilin qoşa ünvanındanmı, bunu deyə bilməyəcəm.

Tanıyanlar üçün xoş bir müsahibə, tanımayanlar üçün də məmnun qalacaqları bir tanışlıq olacağına əminliklə, sizi müsahibimlə, onun dünyası ilə baş-başa buraxıram… 

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdım etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq? 
– Əvvəla hər kəsi salamlayıram və sənə də, əziz Sevincimiz, bu müsahibəyə məni də dəvət etdiyin üçün təşəkkür edirəm.
Mən – Günel Əsədova, üç övlad anası və bir də balaca İslamın nənəsiyəm.
2. Gəzməyə qərib ölkə,
Ölməyə Vətən yaxşı…

Çoxlarının həsədlə kənardan baxdığı Moskva kimi şəhərdə yaşayırsınız. Unutdura bilirmi qəribçiliyi?
– Rusiya… qərib ölkə, yad və soyuqbaxışlı insanlar arasında mən qəribliyimi necə unuda bilərəm, canım?!
Əzizim buz dağları,
Tutubdu buz dağları.
Hər kəsə şirin olar
Öz yeri, öz dağları.
3. Çətin qazanıb, asan itirdiyiniz bir şeylər oldumu?
– Həyatda nail olduğum şeyləri çətinliklə qazanmışam, itirdiyim isə çox şey var. Şükür yaradana ki, İslam balamızı bizə verib, Allah hər kəsə qismət eləsin. O mənə çox şeyi unutdurur. Sanki, Yaradanın təsəllisidir İslam balam!
4. Mənim həmsöhbət seçmək üçün xüsusi qanunlarım var. Bəs siz nece, həmsöhbət seçərkən nəyi əsas tutursunuz?
– Həmsöhbət hər kəsi seçmək olmur əlbəttə, mən gərək o insanı kənardan hiss edəm, əgər müsbət təsir bağışlayırsa, mən o insanla həmsöhbət ola bilərəm. Zənnim çox vaxt məni aldatmır.
5. Qadın kölgə kimidir: onu izləyəndən qaçar, özü isə önündəkinin arxasınca düşər…Razısınız bu fikirlə?
– Qadın dünyası mürəkkəbdir, hər kəs öz dünyasının qanunları ilə yaşayır. Amma məncə sevən qadın sevildiyini bilirsə və bu sevən onun halalıdırsa, ondan qaçmaz.
6. Yalnızlıq iki cürdür. Biri var cismani yalnız olmaq, biri var qalabalıq içindəykən ruhən yalnız olmaq. Sizdə bunlardan hansıdır?
– Mən çox vaxt özümü yalnız hiss edirəm, ətrafımda minlərcə insan olsa belə, bilmirəm niyə???
7. İnsanların məqsədlərinə çatmağı üçün bəzən qurban vermələri lazım olur, məqsədiniz üçün qurban verəcəyiniz, ən son nə olardı?
– Şəxsi məqsədimə çatmaq üçün heç nəyi qurban verə bilmərəm. Amma bu məqsəd övladlarım üçündürsə, özümü qurban verməyə hazıram. Yəni mən özüm üçün elə də çaba göstərməmişəm həyatımda, mən həmişə ətrafımdakılardan sonra görmüşəm özümü. Əvvəlcə balalarımın həyatı və xoşbəxtliyi üçün nə lazımdırsa qurban verərdim .
8. Bir adam sənin ona ehtiyacın olduğunu söyləmədən hiss edirsə, o adam doğru adamdır. Həyatınızda doğru insanlar, çoxdur, yoxsa yanlışlar?
– Demək olar ki, bərabərdi belə insanlar həyatımda, amma nədənsə məni yaxından hiss edənlər doğmalarım, bir də ən yaxın rəfiqələrim olub, yaxşı ki, var onlar həyatımda!
9. Minarədən düşən insanın parçası tapılsa da, könüldən düşən insanın zərrəsi belə tapılmaz. Gözünüzdən düşən biri oldumu?
– Olub, həm də birdəfəlik! İnsana insan kimi münasibət bəsləmək həmişə içimdən gəlib, məni buna kimsə məcbur etməyib və edə də bilməz. Lakin göstərdiyin münasibətin əvəzində xəyanətl, pisliklə qarşılaşanda, əlbəttə, o insan gözümdən də, könlümdən də düşüb .
10. İnsanın özünə qarşı edə biləcəyi ən böyük pislik, özünə olan etibarını itirməsidir… Bu pisliyi etmədiniz ki, özünüzə?
– Yox, Allaha şükür ki, özümə inamı itirməmişəm, əlbəttə, arada belə bir şeylər olsa da Allahıma sığınaraq güvənimi geri qaytara bilmişəm.
11. Yəqin ki, bu fraza sizə tanışdır: “Abasqulu ağanın nazıyla çox oynayırıq, Kərbəlayi”. İndi nəvənizin nazıyla oynayırsınız, məlumdur. Bəs bir zamanlar nazıyla oynadıqlarınız necə, indi nazınızı çəkirmi?
– İslamı Rəbbim bizə bəxş etdiyi gündən, evdə elə hamımız onun nazını çəkirik. Qaldı ki, nazını çəkdiklərim, onların bəziləri buna heç qiymət qoymayıb. Amma sağ olsunlar, övladlarımın vaxtında nazını çəkmişəm, bu gün də onlar mənim hörmətimi saxlayır.
12. Mərhəmət o qədər məsumdur ki, həris gözlərdə, xəbis ürəklərdə var ola bilməz. Amma deyəsən zaman irəlilədikcə insanlar bu hissdən məhrum olurlar. Sizcə bu nəylə bağlıdır?
– Bu, məncə insanların son zamanlar üzləşdiyi maddi çətinliklərdən, ictimayyətdə və ümumiyyətlə, dünyada baş verən xaotik hadisələrdən də əmələ gələ bilər, xəbisliyə qalanda isə, onlar əbədi olaraq var, olublar, olacaqlar da.
Bir vaxt televizyada belə bir fikir eşitmişdim” Yaxşı pisi öz səviyyəsinə qaldıra bilmir, əksinə, pislər yaxşıları öz səviyyələrinə endirə bilirlər”. Bəlkə də bundan irəli gəlir.
13. Səhifələr, əslində, özündən əvvəlkinin izini daşıyır. Silib başdan yazacağınız səhifə varmı?
– Bunu sən hamıdan yaxşı bilirsən, Sevincim, var! Bəzən həyatda etdiyimiz səhvləri, qismeə deyib keçmək istəyirik. Lakin düşünəndə ki , bu səhvin səbəbi elə özümüzük, bax o zaman düşünürük ki, kaş bu sehvimi silib, həyatımdan çıxara biləydim və yenidən yaza biləydim. Təəssüf ki, bu mümkün deyil. Deyirlər insanlar səhv edə bilər, amma bəzi səhvlər var ki, insanı bütün ömür boyu incidir, korun-korun yandırır.
14. “Quşlar kimi uçmağı, balıqlar kimi üzməyi öyrəndik, lakin bu vaxt çox sadə bir sənəti unutduq. İnsan kimi yaşamağı.” Sizcə, insan kimi yaşamaq unudulub?
– Məncə hələ yox, lakin o yaxın ətrafımızda deyil, ucqar kəndlərdə, modadan , bəhsə -bəhsdən, əsrarəngiz binaların, villaların, son model avtomobillərin olmadığı yerlərdədir.
15. Bəzən sözlər, şüşə qırıqları kimidir, Ağzına dolar insanın…Sussan, ağrıdar…Danışsan, qanadar… Oldumu sizdə belə bir hal?
– Mən bu suala Mövlananın dili ilə cavab vermək istərdim:
Gönlüm dilime darqın, dilim gönlüme,
Gönlüm duyğularını anlatmadığı için kızarken dilime ,
Dilim anlatmayacağı şeyleri,
düşündüyü için , kızıyor gönlüme…
16. Yaşadığınız ömürdə elə bir səhnə varmı ki, bunu əminliklə “mən yazdım” deyərdiniz?
– Çox zaman uca Allahdan sonra bəzi hallar haqqında belə düşünürəm. Bəzən yaxşı, bəzən pis olsa da yazdığım səhifələr oldu. Bircə o işimdən razıyam ki, heç vaxt haqsızlığa yol verməmişəm.
17. Bəxtiyar Vahabzadə deyir:
Qorxuram dünyada bir zaman gələ
İnsa nlar yaşaya, insanlıq ölə… – sizcə o zaman yaxınlaşıbmı?
– Oxşayır! Bəxtiyar Vahabzadəyə böyük hörmətim var Allah rəhmət eləsin. Şerlərini çətin anlarımda oxuyub təskinlik tapıram.
Dünyanı ki, belə görürəm, vallah qorxuram doğrusu. Sanki, həqiqet və ədalət bu dünyanı terk edir, belə olarsa, insanlığın məhv olmayacağını hardan bilə bilərik?!
18. Bəzən hardansa bir yerlərdən ən sevdiyin bir musiqinin səsi gələr…dəvətsiz qonaqlar gətirər özüylə…xatirələrin gələr…xəyalların gələr…bir tək o gəlməz…kimdir o?
– O anamdır, xatirələrimdə hər kəslə görüşüb, danışa bilirəm, bir tək ondan savayı… Çünki onu çox erkən itirmişəm, nə səsini eşitmişəm, nə üzünü görmüşəm. Ona görə də tək o gelmir. Nə qədər arzulasam belə…
19. Görünüşcə hər kəs insana bənzəyə bilər. Sizin görünüşünə aldanıb insan bildikləriniz oldumu?
– Əlbəttə, görnüşü insana bənzəyib, daxilində şeytana papış tikən o qədər insan (insan demək olarsa) gördüm ki…
20. Həyat nə qədər gözəl olardı… Bir insan həm aşiq, həm də sadiq olmağı bacara bilsəydi…! Necə düşünürsüz, həm aşiq, həm də sadiq olmaq çətindirmi?
– Çətindir, əlbəttə, bunu hər kəs bacarmaz, özü də indiki zəmanəmizdə.
Dəli könül nə divanə gəzirsən ,
Bivəfa dilbərden sənə yar olmaz!
Düz çıxmaz ilqarı, əhdi, peymanı,
Hərcayıda namus, qeyrət, ar olmaz!
21. Sevgi və mərhəməti çox olan insanlar acı çəkərmiş. Acı çəkməmək üçün bu hisslərin sizdə olmamasını istərdinizmi?
– Sevgi, mərhəmət hər insana verilməz ki, hər insanın qəlbində o saf sevgi tapılmaz, mərhəmət yer ala bilməz. Əgər bir insanın qəlbində saf sevgi varsa, bu yalnız sevgiliyə olan sevgi deyil, bütün yaradılışa olan sevgidir, insana və insanlığa olan sevgidir. Elə ona görə də bu saf sevgidən kimin qəlbində varsa, demək mərhəmət də var və xoş o insanın halına ki, uca yardan onu bu müqəddəs hisslərdən məhrum etməyib !
Demək, əgər mənim də qəlbimdə o saf sevgi və mərhəmət hissi varsa, mən o acını çəkməkdən imtina etməzdim.
22. Qaranlıqdan qorxmamağı, yalnız qaranlıqda öyrənə bilərsən. Yaxud pisi görmədən yaxşının qədri bilinməzsən. – İnsanlar niyə belədir?
– Qaranlıqdan qorxmamaq üçün doğrudan da, gərək ta lap qaranlığın, qorxunun düz gözünün içinə baxmağı bacarasan, o qorxuya üstün gəlməyə ürəyində gücün, təpərin ola, məncə.
Qaldı ki, yaxşının qədrini bilməyə, bu həmişə belədir, pis gəlib özünü göstərməsə, yaxşıya qiymət vermirlər.
23. Kişinin qadına nəzakətlə davranması, ona olan sevgidirmi?
– Əgər nəzakət ilk gündən, ilk tanışlıqdan olubsa olsun, daha yaxşı. Necə deyərlər “din ayrı, məzhəb ayrı”. Vay o gündən ki, sonradan peyda ola, bax bu bir az şübhə doğura bilər. Təbiəti, daxili gözelliyi olan insanda nəzaket olmaya bilməz. Əgər bu nəzakət də sevgi ilə birləşərsə, bu ideal bir həyat olar.
24. Bir xanım üçün təhsil, sənət-peşə sahibi olmaq nə dərəcədə əhmiyyətlidir?
– Bu mütləqdir, gözəl gələcək qurmaq üçün övladları, savadlı və dünyagörüşlü analar böyütməlidir. Bunun üçün də qızlarımız oxumalı, öyrənməli, savadlı olmalıdılar. Bir tərəfdən də elm, sənət sahibi olmaq qadının özgüvən hissinə sahib olmasına kömək edir.
25. Neynədim yönnəşib yönə gəlmədi
Mənnən bir məzhəbə, dinə gəlmədi
Ha səslədim qibləsinə gəlmədi… Yolunuz bir olmalıykən, yollarınızın ayrıldığı biri oldumu?
– Bu sual mənim üçün çox çətin sual oldu, əzizim. Gedəni necə saxlamaq olar, getdisə, qoy getsin…
Vəfa hər kimsədən kim istədim, ondan cəfa gördüm,

Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm.

Kimə kim, dərdimi izhar qıldım, istəyib dərman,

Özümdən həm bətər bir dərdə onu mübtəla gördüm.

26. Pul olan yerdə xoşbəxtlik olmaz deyirlər, digər tərəfdən də pul özü xoşbəxtlik gətirir deyirlər…Siz hansı ilə razısınız?
– Pul yaşamaq və ehtiyaclarımızı ödəmək üçün əlbəttə, vacibdir, amma su kimi o da çox olanda xoşbəxtlikdən çox bədbəxtlik getirir. O qədər əsrarəngiz evlərdə yaşayıb, ahu-zar edən varlı insanlar var ki, pul onların dərdinə əlac edə bilmir. Nece deyərlər “Varlılar da ağlayır ”
27. Sizin bizə çox sevdirdiyiniz Aliyə obrazı vardı. Bəlkə onun haqqında deyəcəkləriniz var?
– Aliyə…yazıq Aliyə başına gəlməyən qalmadı, Allah heç kəsə göstərməsin, bir günüdən sonra həyat yoldaşı üstünə üçüncü bir rus qadını aldı , 27 yaşında. Yəni, Aliyənin həyat yoldaşının üç həyat yoldaşı var.
Bu azmış kimi, yazıq bu yaxınlarda bacısını xərçəng xəstəliyindən itirdi . Özü baxdı bacısına, hər əziyyətini özü çəkdi. Heyhat…getdi bacısı. Evlərdən, eşiklərdən uzaq, Allah heç kəsə göstərməsin.
28. “Dünya düzəlmir ki, düzəlmir, baba!” – nə oldu dünyaya belə ?
– Oxundanmı çıxdı bu dünya, yoxsa bu dünyaya qarğışmı etdilər. Onsuz da mizanı pozulmuş dünyamızı indi də terrorlar, müharibələr məhv edir. Qadınlar, uşaqlar, qocalar günahsız yerə ölür, qanlarına qəltan olurlar. Kasıblar daha da kasıblaşır, cılızlar daha da cılızlaşırlar. Sanki güclülərin, vicdansızların dünyasıdı bu dünya . Bu dünya düzəlməz ki, düzlməz, baba!!!
29. Kaş zamanım çarxı geri dönəydi, qayıdaydıq bir də o günlərə: ata-analarımızın, nənə-babalarımızın var olduğu günlərə…qayıtmısınız sanın, valideynlərinizə verəcəyiniz ilk sual nə olardı?
– Ötür durna qatarı, o baharda dönəcək.
Ötən günlər dönəydi, durna qatarları tək…
Mən onlardan nə soruşa bilərdim… Məni bu dünyada niyə belə tək qoydunuz? Və ya , məni heç yada salırsınızmı?- deyə soruşardım .
30. Freydin çox maraqlı, bir qədər də ironiya çalarlı fikri var:“Hələ cavabı tapılmayan və qadın ruhuyla əlaqədar otuz il davam edən araşdırmalarıma qarşı mənim də cavablamağı bacara bilmədiyim çox əhəmiyyətli bir sual var: Qadın nə istəyir”. Öz dünyanızla əlaqələndirib deyin, istədiyiniz varmı, nədir bu istədiyiniz?
– Qadınlar ən əvvəl evində, ocağında düzlük, səmimiyyət, həyat yoldaşından şəfqət və sevgi istəyir. Bununla belə övladlarının sağlam , xoşbəxt olmalarını, onların dürüst və öz ailələrinə qarşı mehriban olmalarını arzulayar .
Arzu edərdim ki, bütün qadınlarımız ailələri, övladları və valideynləri ilə birgə xoşbəxt olsunlar.
Sənə də xoşbəxtlik, səadət arzulayıram, canım. Allah övladlarını daima xoşbəxt eləsin, anaların xoşbəxtliyi övladların xoşbəxtliyindən asılı olur çox zaman. Axı analarımız bütün həyatını övladlarına həsr edirlər, onlar üçün yaşayırlar!
Sond, əziz bacım, bütün qadınlarımızı qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə, ( hələ bir az vaxt olsa da) eləcə də doğma Novruz bayramı münasibəti ilə təbrik edirəm, onlara can sağlığı, əsl xoşbəxtlik arzulayıram, həmçinin sənə də, canım, sirdaşım Sevincim mənim.

Əzizim Günel, səni tanıdığıma şad oldum deməyəcəm, çünki səni məndən yaxşı tanıyan yoxdur və bu tanışlıqdan da illərdir çox məmnunam. Maraqlı müsahibə üçünsə, təşəkkür edirəm💐

23/02/2016 tarixində Yazılarım içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 19 Şərh.

  1. Çox duyğulu bir müsahibə alınıb. Günel xanımın o həsrətini, qərib ölkənin spyuqluğunu elə hiss etdim ki. Hətta içimdən bir üşütmə də keçdi. İslam balanın isti nəfəsinə isinəsiniz, ay Günel xanım. Övladlarınızın xoş günlərini görmək qismətiniz olsun inşəAllah. Çoxlu nəvələrin sevimli, əziz nənəsi olasınız. Mənim sizə xüsusi hörmətim vardı, indi lap artdı 🙂 18-ci və 29-cu sual lap kövrəltdi. Allah köməyiniz olsun.
    Sevincim mənim, nə gözəl müsahib seçmisiniz bizim üçün.
    Sevinc, 30 çoxdur axı:( Mən sizin şəxsən müsahibənizi səbirsizliklə gözləyirəm.

    Bəyən

  2. Əzizim Günel. Mən sənə olan hisslərimi açıqlamasam da özün gözəl bilirsın ki, səni nə qədər çox istəyirəm. Həmyaşıdıq, həmsöhbətik, sirdaşıq. Bir tək onu deyəcəm: Yaxşı ki, varsan!!!
    Allah sənə tezliklə İslamın əmisi uşağı kimi yeni bir nəvə də qismət eləsin. İnşAllah o gün olsun kiçik oğluna da qız alasan, ev-eşik sahibi olsun. Və bir də ürəyində qalan Vətən nisgilinə son qoyulsun, xeyirlisi ilə Azərbaycanda yaşamaq qismətin olsun.

    Bəyən

  3. Seva müsahibələri oxuyanda birinci elə sənə həsəd aparıram ki nə xoş ki belə yaxından tanıdıqların həmsöhbətlərin var
    Günel xanımı digər saytdan tanıyırdım və həmişə şərhlərin izləyirdim Qərib olduğunu da bilirdim Yazıdan başa düşdüm ki günel xanımın həyatı sınaqlarla, imtahanlarla zəngin olub amma nə xoş ki o bunları uğurla dəf edə bilib Elə İslamın varlığı ona bu sınaqlarçun Allahın hədiyyəsidi Çox məmmun oldum tanışlığa

    Bəyən

  4. Salamlar olsun her kese. Gunel xanim, sizi yaxindan tanidigima shad oldum. Allah ovladlarinizi xoshbext elesin. Nevelerinizin sayi choxalsin. Amin. Ana hesretiniz chox kovreltdi meni. Allah ananiza rehmet etsin. Hikmeti sorgulanmaz Allahim hech bir korpeni anasiz qoymasin. Amin. Amin. Amin…
    Ezizim, size de choxlu teshekkur edirem. Allah komeyiniz olsun. 😙

    Bəyən

    • SU çerşenbeniz mübarək əzizlərim! Üzünüzə həmişə xoşbəxt bayramlar gəlsin.
      Əzizlərim,mən də sizin şərhlərinizi oxuyub kövrəldim.Demək hələ məni unutmamisiz.Arzulariniza,oxuyub qiymət verdiyinizə görə hamınıza təşəkkür edirəm.Allah hamınızı,övladlarınızdan,nəvə nəticələrinizdən sevindirsin!
      Sevincim,sənə də təşəkkür edirəm ki ,məni dost tanışla yenidən görüşdürdün.
      İstəyimiz isə qarşılıqlıdır,mən də səni dünyalar qədər sevirəm!!!

      Bəyən

  5. Salam, Nübarım, xoş gəldin😘🌹💐🌷 Mən dostlara təşəkkür edirəm ki, məni tək qoymurlar🙏☺️

    Bəyən

  6. Salam.coox xowum geldi seve seve oxudum Gunel xanim.sizi tanimagima wad oldum.bu suallarin coxu mene verilmemiwdi.ama mene verilseydi wubhesiz bele cavablandirardim.sanki oz fikirlerimi oxudum.hele en mene yaxin cavabiniz “men hemiwe ozumu en axirda duwunmuwem.hecvaxt men men deye bir hissim olmayib.Allah herkesin ureyine gore versin.inwallah butun arzulariniza catarsiniz.sizin de qarwidan gelen bayramlarinizi urekden tebrim edirem.

    Bəyən

  7. Canim Sevincimm bi bi bitanemm.ureyi merhemet dolu sevgi dolu cennet meleyim.coxsagol xowum geldi maraqli idi.herkes senin musahibeni gozluyurmu??😊canimmmmmm

    Bəyən

  8. Salam gozel xanimlar 🌹su cersenbeniz mubarek💐Gunel xanim musahibeniz cox maraqlidir ,Allah ananiza rehmet etsin ruhu sad olsun.Gozel musahibeye gore her ikinize tesekkur edirem.

    Bəyən

  9. Sevinc xanim menim gozel qelbli bacim🌹🌹🌹size ne qeder tesekkur etsem azdir😘😘😘Men daha size adinizla muraciet etmiyecem ,siz Meleksiniz💐Gozel ureyiniz hemise sevgi ile doyunsun Meleyim 😘Musahibeniz cox gozel alinib,size ugurlar.Sebirsizlikle sizin musahibeni gozleyirik😘🌹

    Bəyən

  10. Ay ay kimi gorurem Gunel xala(xala deyirem ozu bilir)))))
    Memnuniyyetle oxudum oxudum zovq aldim .ALLAH saxlasin balaca balanizi bilmirdim sevindim.ALLAH OVLADLARINIZI qorusun sizi cox sevirik.

    Bəyən

  11. Salam Günel xanım. Oxudum çox xoş gəldi mənə. Maraqlı müsahibə alinib. Sizə və Sevincimə təşəkkür edirəm. Şad oldum tanışlığa. Allah övladlarinizi gözü dolusu versin sizə. Xoşbəxt olun.

    Bəyən

  12. Əziz bacım, səni yenidən aramızda görməyimə şad oldum. İslam bala səni bizdən yaman alıb haaa deyəsən. Qız, heç olmasa hərdən gəl bir görün də. Müsahibən üçün də sağ ol, tanımadığım tərəflərini də Sevincin sayəsində tanıdım. Sən də sağ ol, Seva, dostları bir-bir tap gətir.

    Bəyən

  13. Səni də xoş gördük, İrinka, canım. İnan bu dəqiqə səni düşünürdüm. Allah sənə də oğul nəvəsi qismət eləsin inşAllah.💐🌹😘 Allahın izni ilə gələcək hamısı. Hələ sürpriz qonaqlarım olmalıdır.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...