Uşaq ensiklopediyası (VII)

chto-pridumali-deti

 

Akvarium

Balıq saxlamaq istəyən hər kəs bəzi şeyləri bilməlidir. Əlbəttə, hər şeydən əvvəl akvarium tapmaq lazımdır. Üç litrlik kiçik şüşə balon da okean suyu doldurulmuş nəhəng okeanarilər də akvarium ola bilər.
Adətən uşaqlar adi şüşə bankanın dibinə qum, müxtəlif dəniz bitkiləri tökür, bəzən suya ilbiz də salırlar. Budur, artıq akvarium hazırdır. Ancaq bir də görürsən ki, akvariumu günün qabağına qoyurlar, su qızır, balıqlar da ölür. Yaxud balıqlar üçün o qədər çörək qırıntısı tökürlər ki, su bulanıb xarab olur. Ona görə də balıq saxlamaq fikrinə düşənlər gərək bir şeyi yadda saxlasınlar: akvarium balıqların “evidir”. Balıqlar burada özlərini çayda, göldə olduğu kimi hiss etməlidirlər. Bunun üçün də balıqlar və akvariumlar haqqında oxuyub öyrənmək, böyüklərlə məsləhətləşmək lazımdır. Dəqiq bilmək lazımdır ki, hansı balıqlara nə yedirtmək, hansı ilbizləri akvariuma salmaq olar.


Əvvəlcə adi dabanbalığı və ya qızılbalıq və onun növ müxtəlifliklərindən başlayın. Bu balıqlar istiliyi 20 dərəcədən çox olmayan suda özlərini yaxşı hiss edirlər. Onların yerləşdiyi akvariumları sobaların yanına qoymaq olmaz. İlin soyuq aylarında isə akvariumu pəncərədən bir qədər aralı qoymaq lazımdır. Çünki 14 dərəcədən aşağı temperaturda balıqlar xəstələnib ölə bilərlər. 
Ekzotik – yəni qəribə, qeyri – adi balıqları da akvariumda saxlamaq mümkündür. Bu balıqlar yaşayan akvariumu elektrik lampası ilə qızdırmaq lazımdır. Lampanı bayır tərəfdən akvariuma söykəmək lazımdır.
Dabanbalığı və qızılbalıqları gündə bir dəfə yedirtmək lazımdır. Ən yaxşı canlı yem ağcaqanad sürfəsi və ya boruçu kəpənəyidir. Xırda doğranmış ət, qaraciyər, çörək qırıntısı da vermək olar. Ekzotik balıqlara günaşırı quru su birəsi, siklop (taygöz) və canlı sürfə yedirdirlər.
Balıqları həddən artıq yedirtmək olmaz. Su bulanarkən nə etmək lazımdır? Böyük bir banka götürüb akvariumdan ona su tökün və balıqları ora köçürün. Sonra akvariumda qalan köhnə suyun çoxunu boşaldın, bütün çokmüş çirki təmizləyin və ona təmiz su tökün. Bu suyun temperaturu akvariumdakı əvvəlki suyun temperaturu kimi olmalıdır. İndi balıqları akvariuma sala bilərsiniz. Unutmayın ki, balıqlar özlərini yaxşı hiss etməlidirlər. Yalnız belə olduqda akvarium sizə sevinc gətirə bilər.

Akkumulyator

Latın dilində “akkumulyator” “toplayan” deməkdir. Akkumulyator daxıl kimidir. Lakin o pul yox, elektrik enerjisi toplayır. İçərisində kükürd turşusu olan bankaya iki qurğuşun təbəqəsi salın – ən sadə quruluşlu akkumulyator hazırdır.
Akkumulyatorlardan elektrik xətləri vasitəsilə elektrik cərəyanı verilə bilməyən yerlərdə istifadə edilir. Sualtı qayıqlar (atom sualtı qayıqlardan başqa) ona görə suyun altı ilə üzə bilirlər ki, onların avar vintləri çox böyük akkumulyatorlardan enerji alan elektrik mühərrikləri ilə hərəkətə gətirilir.
Kosmik gəmilərdə də akkumulyatorsuz iş keçmir. Axı orada elektrik enerjisinə ehtiyacı olan cihazlar çoxdur. Akkumulyatorlar vasitəsilə alınan enerji çox baha başa gəlir. Əgər belə olmasaydı, onlardan daha çox istifadə edilərdi. Akkumulyatorların çox böyük və ağır olması da onların çatışmayan cəhətidir.

Akrobat

Sirk sənəti məktəblərində uşaqlar hər bir məktəbli üçün vacib olan fənləri – riyaziyyat, coğrafiya, tarix, fizika, ana dili, biologiyanı və s. öyrənirlər. Lakin xüsusi bir fənn də bu məktəblərdə lap birinci sinifdən keçilir: bu akrobatikadır.
Akrobatika dərsində uşaqlara yumaq kimi bükülüb mayallaq aşmağı, əlləri üzərində dayanıb müvazinəti saxlamağı, çox hündürə tullanaraq havada dovrə vurmağı (buna saltomortale — italyancadan tərcümədə “ölüm sıçrayışı” deyirlər) öyrədirlər.
“Akrobat” yunan sözüdür, “barmaqlar üstə gəzirəm”, “yuxarı dırmaşıram” deməkdir.  

Akropol


Qədim Yunanıstanın şəhərlərində yüksək təpə üstündə divarlarla əhatə olunmuş qala tikilirdi. Buna akropol deyirdilər. Afina şəhərindəki Akropol belə qalaların ən məşhuru hesab edilir. Yunanlar onu e.ə. 5-ci əsrdə tikmişdilər.

Akula

Çox vaxt balıqçılar və dənizçilər akulanın adını nifrətlə çəkirlər. Akulaların çoxu acgöz və yırtıcıdır; əbəs yerə bəzi akulalara köpək balığı demirlər ki! Akulalar balıqları hürküdür, onları məhv edir, dənizçilərə də hücum edir. Akulanın ağzı başının alt tərəfində olur. İti dişləri bir neçə cərgədə yerləşir. Akulaların çoxunun dərisi ititikanlı pulcuqlarla örtülü olur. Saatda 40 kilometr sürətlə üzən akulaya yüngülcə toxunmaq belə təhlükəlidir.
Akulalar hamısı yırtıcı deyil. Akulalar böyüklüyü və xarici görünüşləri ilə bir-birindən fərqlənirlər. Məsələn, çəkic – balıq adlanan akula xüsusilə qəribədir. Onun başının forması çəkicə oxşayır. Başqa qeyri-adi akula – mişarburundur. Uzunluğu 1-2 metr olur, xarici görünüşü isə çox qorxuncdur.
Akulaların skeleti sümükdən deyil, qığırdaqdandır. Milyon illər bundan qabaq nəsli kəsilmiş balıqların skeleti də belə idi.

13/05/2015 tarixində Birlikdə öyrənək içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: