Sarı Çiçək və sərt Qaya (əfsanə)
…İlk dəfə sahildə rastlaşmışdılar. Çiçək pərişan halda sahil boyunca gəzirdi. Yorulmuşdu, təbiətin gözlənilmədən gətirdiyi boran, qasırğa onun səmtini güllü-çiçəkli çəmənlərdən, düzlərdən ayırıb qayalıqlara, qumlu sahilə rast salmışdı… Çiçək gəzirdi, nə axtarırdı heç özü də bilmirdi, amma sığınacağı birinə ehtiyacı vardı…lap uzaqdan diqqətini bir Qaya çəkdi. Çiçək kənardan oğrun-oğrun bir müddət Qayanı izlədi. Qaya sahilə çox yaxın idi, hərdən dəniz qəzəblənib dalğalananda sərt toxunuşlu ləpələr qayanın da üzünə çırpılırdı…Qaya sakit-sakit dənizə baxırdı…onun gözləri yol çəkirdi… yol gözləyirdi…Çiçəyin gəlişindən xəbərsiz idi…Çiçək qoxusu, təravəti ilə sahilə bir yeni nəfəs gətirdi. Sahildə nə vardısa, hamısının diqqəti onun üzərində idi…Çiçəksə gözünü Qayaya dikib durmuşdu. Çiçək elə bilirdi ki, bu sərt daş parçası onun sığına biləcəyi bir qucaq olacaq…Çiçək doğma məkanı olan yaşıl ormanların qoynundan rüzgarın qara mehi tərəfindən qopmuşdu. Hələ tam açılmamış, yad bir əl onu kökündən qoparıb havaya atmışdı. Zərif, incə ləçəkli çiçək qara mehin burulğanına düşmüş, gah yerə çırpılmış, gah ayaqlar altında qalıb tapdanmış, gah da göyün milinə qalxıb sərt küləklə döyüşmüşdü…amma təravətini itirməmişdi, solmamışdı, qurumamışdı…nəhayət, səngiyən küləyin qollarında yellənərək sahildəki bu qayalığa düşmüşdü…Çiçək zərif olduğu qədər də ürkək idi, ürkək olduğu qədər də, sevimli…
…Çiçək asta addımlarla Qayaya yaxınlaşırdı…yaxınlaşdıqca da ürəyi çırpınır, həyəcan onu bir az da üşüdürdü…Çiçək qızınmaq istəyirdi…özündən qat-qat güclü Qayaya söykənib ovunmaq istəyirdi…Çiçək sevgi istəyirdi, Qaya nə qədər sərt görünsə də, Çiçək onun digər qayalardan fərqini hiss edirdi. Qaya onu özündən biixtiyar çəkirdi, Çiçək ətrafında ona dikilən gözlərin heç birinə fikir vermir, öz qayasına doğru addımlayırdı…Qaya məğrur duruşu ilə sahili seyr edirdi, gözləri dənizin masmavi sularına ilişib qalmışdı…Qaya dənizlə dərdləşirdi…Çiçək utancaq baxışlarını ondan gizlətməyə çalışsa da, gözlərini çəkə bilmirdi. Nəhayət, Qaya çevrilib Çiçəyə baxdı…onların gözləri, baxışları rastlaşdı. “Allah, Allah, bu nə gözəllik, bu nə təravət idi, hardan gəldin sən, ay mənim zərifim, gül qoxulum, intizarım, həsrətim”…Qaya öz-özünə danışır, gözünü Çiçəkdən ayıra bilmirdi…indiyə qədər bu daşlı sahildə gördüyü ancaq sərt gövdəli yabanı bitkilər olmuşdu, Qaya bir ömür boyu rastına çıxacaq belə zərif çiçək axtarışında olsa da, qismətinə ancaq qaratikan kolu düşmüşdü…Qaya adı kimi sərt deyildi əslində, o da bir təsadüf nəticəsində sahilə düşmüş, dənizin dəli-dolu dalğalarının gətirdiyi daşlı-çınqıllı dalğalarla sərtəşib bərkimişdi…ürəyi isə çox yuxa idi, üstünü sərt qaya örtsə də, içində heç kimin görə bilmədiyi, sevgi dolu bir ürək gizlətmişdi…Çiçək o ürəyin sevgisinə möhtacdı, Çiçək o ürəyi duyurdu…
…Onlar bir-birlərinə yavaş-yavaş isinişdilər, ilk vaxtlar Çiçək Qayadan xeyli aralı durar, uzaqdan-uzağa dərdləşərdilər…hər ikisi dənizi sevirdi, hər ikisi dalğaların həzin tərpənişindən ilham alıb sevgiylə dolub-daşırdılar, pıçıldaşırdılar…Çiçək Qayanı sevirdi…Qaya da ondan zövq alırdı, artıq dənizin dalğaları üstündən uzaqlara dikilən gözlərini yığıb bütün günü sevimli gülünə baxırdı, baxmaqdan doymurdu…sinəsi üstə bitən bir çiçəyin təravəti ilə qayanın daş vücudu günbəgün “əriyir”, yumşalır, içində çırpınan sevgi dolu bir ürəyi daş məngənədən azad etmək istəyirdi…
Bir gün qəfildən sahildə fırtına qopdu, dəniz dalğalarını kükrədib sahili başdan-başa yudu. Çiçək qorxaraq bir küncdə gizlənmişdi, Qayaya yaxınlaşmağa cürət etmirdi, qorxurdu ki, Qaya ona sarı uzanan əli havada qoyar, çiçəyin bütün ümidləri ölər…iri bir ləpə çiçəyə tərəf gələndə Qaya qollarını açıb: “Gəl mənə, gəəəl, qorxma” -dedi…Çiçək gələn ləpənin onları ayıracağından qorxub özünü Qayanın qollarına atdı…Qaya daş ovcunda zərif bir kəpənək hiss etdi…Çiçək titrəyirdi…bütün bədəni əsirdi…yox, o ləpədən qorxmurdu, o üşümürdü…o Qayanın isti nəfəsini dodaqlarında hiss edirdi…
…Çiçək o gündən Qayanın qoynunda özünə məskən saldı. Qaya Çiçəkdən, Çiçək də Qayadan ilham alıb hər gün sevgi dolu nəğmələriylə dənizi heyran qoyurdular. Dəniz daha coşub-daşmırdı, dəniz daha kükrəmirdi, axı qoynunda iki sevgili bəsləyirdi…Qaya Çiçəyin xoş ətri ilə uyuyar, səhərlər zərif ləçəklərindən süzülən şeh damlası ilə oyanardı…Çiçək xoşbəxt idi, sevilirdi, onu qoruyan güclü bir arxası, dayağı, sevgisi vardı…Qaya daha da məğrurlaşmışdı, sevgisindən qürrələndiyi vəfalı çiçəyi vardı…amma Çiçək çox narahat idi, bir gün bu xoşbəxtliyi itirsə, dərddən solacaqdı…hərdən Qayanın sərtliyi tutub körpə çiçəyini incitsə də, sərtləşsə də, Çiçək ondan üz çevirmir, onu odlu məhəbbəti ilə yenidən yumşaldırdı…
…Qaya günbəgün kobudlaşır, sərtləşir, zərif çiçəyinin xətrinə dəyirdi, onu ağladır, günahsız göz yaşını tökürdü…heç əvvəlki sevgisindən əsər də qalmamışdı, könlünə dəysə də, sərt əlləriylə çiçəyini oxşayıb, könlünü ovutmurdu..Çiçək hər gün gizlin-gizlin ağlayır, onu itirməkdən qorxurdu…Qaya hərdən hisslərini cilovlaya bilmir, Çiçəyə: “Get, daha səni istəmirəm, bizimki bura qədərmiş” – deyə sərt davranırdı…Çiçək dözürdü…Çiçək susurdu…Çiçək ağlayırdı için-için…Çiçək əzab çəkirdi…anlaya bilmirdi ki, Qaya niyə ona bu cür davranır, niyə onun hissləri ilə oynayır, heç anlaya bilmirdi…
…Bir gün çiçək dan yeri söküləndə utana-utana Qayanın qoynuna girdi…Səhərin sərin mehi onu üşütmüşdü, o qızınmaq istəyirdi…darıxmışdı sevgilisindən ötrü, xoş sözünə, nəvazişinə, qayğısına ehtiyacı vardı…Qaya dərin yuxuda idi, yatmışdı…Çiçəyin nəfəsini üzündə hiss edib oyansa da, özünü yuxululuğa vurdu. Çiçək zərif ləçəyi ilə Qayanı oxşadı, şehli yanaqlarını üzünə sürtdü…Qaya gözlərini açıb Çiçəyə baxdı…Çiçək Qayanın bu qədər yaxınında olmamışdı heç vaxt…elə bildi Qaya ilk günkü kimi qollarını açıb: “Bağışla, əzizim, neçə vaxtdır səni haqsız yerə çox incitdim” – deyəcək…Çiçək ümidlə qayadan cavab gözləyirdi…”Biz artıq ayrılmalıyıq, yolumuz ayrı-ayrıdır, biz bir məkanda ola bilmərik, sən zərif bir çiçək, mənsə sərt qaya, axı niyə birgə olmalıyıq, heç qaya da çiçək bitirər?! Sən təbiət qoynunda olmalısan, yamyaşıl otlar arasında, mənsə bu qayalıqlarda daşa dönüb daşlaşmalıyam…bizim yazımız budur…ayrılmalıyıq” – Qaya dilləndi…
Çiçəyin gözləri doldu, bu sevginin belə tez bitməsi onu dəli edirdi…gah ağlayır, gah qəzəblənirdi, Qayanı qınayırdı…”axı məni sonacan qorumayacaqdınsa, niyə qollarını mənə açıb ümid verdin?” -dedi. Çiçək ona çox yalvardı, günlərlə Qaya onun üzünə baxmasa da, o Qayanı tərk etmədi…Qaya sərt daşların içindən ürəyini, Çiçəyin sığındığı o kövrək ürəyi çıxarıb amansızcasına dənzin ortasına atdı…Qaya ürəyini öldürdü…Çiçəyi ürəyindən ayırıb diri-diri dəfn etdi…özü də lal daşa dönüb susdu…Çiçək dənizin ortasında çırpınaraq batan ürəyin, sevgisinin arxasınca göz yaşı tökdü, ayrılığın qoxusu ətrafa yayılmışdı, Çiçək itirirdi, ürəyini itirirdi, ürəyinin pənahını itirirdi, solurdu…o ayaqlarına çınqıl bata-bata dənizə sarı qaçdı…dizləri taqətdən düşənədək yüyürdü…ürəyi ondan çox uzaqlaşmışdı, neyləsə də, onu geri qaytara bilməyəcəkdi…Qaya Çiçəyi də, özünü də amansız hicranla baş-başa buraxmışdı…təzəcə pöhrələnmək istəyən bir sevgi gülünü soldurmuşdu…Çiçək gözlərini mavi dalğaların sonsuzluğuna dikib ah çəkdi:
Getmə, gözüm nuru, getmə, ürəyimin həsrəti
Məni dərdlərimlə tənha buraxma…
Bağrım başı qan olacaq, inləyəcək ruhum da,
Sənsiz yetim ürəyimi ovutmaz min bahar da,
Pərişanam, kimsəsizəm, yalqızam
Məni bu halımla tənha buraxma…
Getmə, gözüm nuru, getmə, dayan, dur…
…ürək daha Çiçəyini eşitməyəcəkdi, Qaya onu öz yarından qoparmışdı…Çiçəyin səsi dalğalara qovuşdu, dəniz bu nalədən yenə coşub kükrədi, daşdı…ləpələrini qayanın üzünə çırpdı…Çiçək dalğanın zərbəsindən qayaya yapışdı, bumbuz Qayaya sarıldı, qollarını açıb yenə bərk-bərk Qayanı qucaqladı…amma daha onu isidəcək bir nəfəs yox idi, Çiçəyin qolları boşalıb yanına düşdü, bağrı qana döndü, gözündən axan leysan Qayanın sinəsində çığır açdı…o gündən Çiçək Qayanın ürəksiz köksündə yurd saldı…pərişan-pərişan dənizə boylandı hər gün…bir gün dalğalar sevgisini ona gətirər deyə ümidlə yollara dikdi gözünü…amma sevgisi dönmədi…
Çiçək əbədi olaraq Qayada yurd saldı…gözlərində nəm, boynubükük, bir nakam sevginin yasına batdı…sevgisinə sadiqliyindən hər yaz sapsarı ləçəyini Qayaya örtük etdi, onu ləçəkləri ilə bəzədi…ürəksiz, qaya kimi sərt Qayanı sevdi…sarı Çiçək və sərt Qayanın sevgi əfsanəsi də beləcə tarixə qovuşdu…Çiçək Qayaya o qədər sadiq qaldı ki, heç bir əl onu Qayadan qopara bilmədi…
03/05/2015 tarixində Yazılarım içində dərc edildi və çiçək və qaya, əfsanə, sevgi olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.
Reblogged this on Sevincli Dünya və şərh edildi:
Sarı çiçək əfsanəsi
BəyənBəyən
👏👏👏👏soz tapmadim😕😕cox gozeldi ezizim. Ama kawki qaya bu qeder sert olmayaydi😕😕
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Eyni həvəslə, eyni təəssüflə oxudum. Aman Sərt Qayalara rast gəlməyək 🙂
Təşəkkür edirəm, Sevinc.
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Bilirsən niyə təkrar paylaşdım bunu, mələyim? Gələn həftə Allahın izni ilə lalə gülü haqqında əfsanəni dərc edəcəm. Yadındadı, söz vermişdim bu gül haqqında yazmağa. 😘❤️💐
BəyənBəyən