Sevgimin rəngsiz adı… (I hissə)

image

Hörmətli oxucular, sizdən bir xahişim və tələbim olacaq. Müəllif hüquqlarına hörmət edərək hekayəni icazəsiz olaraq öz adınıza çıxmaqla dərc etməyi düşünməyin. Əgər həqiqətən sizin də saytınızda bu hekayə dərc olunsun istəyirsinizsə, o zaman müəllifi və götürdüyünüz mənbəni qeyd etməyi unutmayın. Əks halda müəllif kimi şikayətçi olacağam!

Çiskinli payız səhəri idi. Yeni iş həftəsinin ilk günündə havalar birdən-birə soyumuş, günəş özünü buludların arxasında gizlətmişdi. Küçələr nə qədər təmiz görünsə də ağacların saralmış yarpaqları budağından ayrılıb həzin bir rəqsin melodiyalarında süzən rəqqas kimi asfalt döşəməyə enirdi. Uzağı bir neçə aydan sonra donunu soyunmuş ağacların budaqlarında yenidən tumurcuqlar, yarpaqlar görünəcəkdi. Belecə illər keçəcək, ağac qocalacaq, yarpaqlar yenilənəcək, insanlar yazın gəlişinə sevinəcəkdilər. Amma qocalmış ağacın dərdi öz içindəcə qalacaqdı. Heç kim ağacın yaşını hesablamayacaq, amma yaşıl libasını həsrətlə gözləyəcəkdi, nə qəribədir…
Səmra asta addımlarla səkidə irəliləyir, cümə günü işdə baş verənləri yenidən götür-qoy edirdi. Görəsən Nazlını ailəsinə dönməyə razı sala biləcəkdimi?!..
İş yeri evlərindən çox da uzaq deyildi. Üçüncü dayanacaqdan sonra sağa dönüb tini burulacaq və həyət darvazası kiçik bağçaya açılan binaya daxil olacaqdı. Səmra klinikaların birində psixoloq kimi çalışırdı. Sənətinin vurğunu idi. Bəlkə də yaşadığı çətinliklərdən irəli gəlirdi, bəlkə də peşəsi ilə bağlıydı, insanlarla ünsiyyət yaratmaqdan, onları səbirlə dinləməkdən heç vaxt yorulmazdı, hər kəsin dərdinə öz dərdi kimi yanaşardı.
Payızı, xüsusən də çiskini sevməsə də bu gün işə piyada getməyi düşünmüşdü. Şəxsi sürücüsünə iş saatının qurtaracağı vaxt gəlməyi tapşırmışdı. Küçə boyu doğru qərar verdiyinə bir daha əmin oldu. Bakının küçələri bu gün hər gündəkindən daha çox tıxac idi. Hər il bu problemi aradan qaldırmaq üçün müəyyən işlər görülsə də yenə də küçələrin tıxacsız günü olmurdu. Amma bunun da müvəqqəti olacağını bilən sakinlər birtəhər dözürdülər. Səmra tələsmirdi, havadakı sərin meh onu üşütsə də, nədənsə bu ona xoş gəlirdi. Boynuna bağladığı yaylığının ucunu bir az bərkitdi, əli ilə gödəkcəsinin yaxalığını qaldırıb üzünə sıxdı. İşıqforun qırmızı işığında dayanmış avtomobillərin siqnal səsi bir-birinə calanmışdı. Səmra ürəyində bu mənzərəyə güldü. Onları məzəmmət də etdi: elə bil siqnal nə qədər çox verilsə, tıxac bir o qədər tez açılacaqdı. Niyə insanlar bunu anlamaq istəmirlər görəsən?…
Yolu keçmək istəyən Səmranı iki addımlıqda dayanan qara rəngli maşının siqnalı diksindirdi. Sürücü an içindəcə qapını açıb maşından endi:
– Çox-çox üzr istəyirəm, xanım, bilməyərəkdən əlim toxundu, bağışlayın, – deyə 35-40 yaşlarında sürücü üzrxahlıq etdi.
– Allah bağışlasın, diqqətli olun, – deyib Səmra yoluna davam etdi.
İş yerinə çatıb növbətçi tibb bacısına salam verib soruşdu:
– Dünən növbəyə yazılanlardan gələn varmı?
– Salam. Bəli, Səmra xanım. İki nəfər bir az olar gəlib, digərləri də qəbul saatında burda olacaqlar.
– Lap yaxşı, kimin növbəsidirsə, beş dəqiqədən sonra otağa keçsin.
– Səmra xanım, – tibb bacısı bir qədər tərəddüdlə həkimin üzünə baxdı.
– Eşidirəm, Lamiyə, sözün var?
– Bilirsiniz, bir nəfər dünən işin sonuna yaxın klinikaya zəng etdi, sizin qəbulunuza yazılmaq istəyirdi. Mən qəbul saatlarının boş olmadığını söyləsəm də çox israr etdi, uzaq yol gələcəyəm dedi. Sözün düzü mən səhv etdim, gərək yazmazdım, ya da sizə elə dünən xəbər edərdim. Amma bizim balaca bir qədər naxoş idi deyə unutdum, Səmra xanım üzr istəyirəm, istəyirsiniz…
– Lamiyə, problem yoxdur, səhv də etməmisən, unutmusan, normal haldır. Əgər israr edibsə, deməli, çətin vəziyyətdədir, köməyə ehtiyacı var. Bizim borcumuz, vəzifəmiz insanlara yardım etmək deyilmi? Narahat olma, iş saatı bitsə də qəbul edəcəyəm. – Səmra gülümsəyib otağına keçdi.
– Vallah qızıla bərabər insandır, amma bu ürəyin sahibinin gözlərindəki kədər nədir, heç baş aça bilmirəm, – Lamiyə dodaqaltı pıçıldayıb dəhlizdə gözləyən xanıma yaxınlaşdı:
– Buyurun, həkim sizi gözləyir.
Vasif dayanacaqda etdiyi səhvi özünə bağışlaya bilmirdi. Xanımın necə qorxduğunu yadına saldıqca, vicdan əzabı çəkirdi. Əsəbindən yüz metrlik məsafədə üçüncü siqaret idi ki söndürürdü. Kaş o xanımla yenidən qarşılaşa biləydim, heç olmasa məni həqiqətən bağışladığını bilib rahat olardım, deyə öz-özünə deyinirdi.
Klinikanın qarşısında maşın saxlamaq olmazdı, avtodayanacaq isə, ancaq işçilər üçün olduğundan, Vasif avtomobilini binanın arxasındakı küçəyə sürdü, pullu dayanacağın haqqını ödəyib maşından endi. Yağış bir qədər də güclənmişdi, Vasif yağışda islanmağı sevməsə də, maşının arxa oturacağından çətiri götürmək üçün geri qayıtmağa tənbəllik etdi. Yağış damlaları üzünə dəydikcə içi də qan ağlayırdı elə bil. Addımlarını sürətləndirib klinikanın qapısından içəri daxil oldu. Qəbul və qeydiyyat yazılan tablonun arxasında əyləşən qızlara yaxınlaşıb salam verdi:
– Mən Səmra Məmmədzadənin qəbuluna yazılmışam, onu hansı otaqda görə bilərəm?
– Dəhlizin sonundan sağa dönün, Səmra xanım 415-ci otaqda oturur, – gənc qız mehribancasına dilləndi. Vasif təşəkkür edib otağa sarı getdi. Otağın qarşısında bir qadın və cavan bir oğlan əyləşmişdi. Vasif münasib yerlərdən birində əyləşib, onların da Səmra xanımı gözlədiyini soruşmaq istəyirdi ki, otağın qapısı açıldı, tibb bacısı otaqdan çıxdı. Yeni gələn birini görüb düşündü ki, bu, dünən telefonda danışdığı şəxs olacaq. Elə ona görə də birbaşa soruşdu:
– Salam. Siz Vasif bəy olacaqsınız, doğrudurmu?
– Salam, xanım, bəli, necə bildiniz? – Vasif fikirli və əsəbi olsa da təbəssüm ifadəsi ilə soruşdu.
– Növbəyə yazılan iki nəfər buradadır, bir nəfər içəridə, digərlərinin də gəlişi təkrar gəlişdir deyə tanış simalardır, bir tək siz qalırsınız. Üzrlü sayın gec yazıldığınız üçün Səmra xanım sizi iş saatı bitdikdən sonra qəbul edəcək, gözləyin, zəhmət olmasa.
Vasif otağın qapısına asılmış yazıya baxdı: İş saatı 10:00-dan 17:00-a kimi. Saatına baxdı, hələ on birə iyirmi beş dəqiqə işləmişdi, gör neçə saat gözləməli idi. Ayağa durub küçəyə baxan pəncərəyə yaxınlaşdı. Yağış dayanmadan yağırdı…
İş saatının bitməsinə yarım saat qalmışdı. Səmra telefonu açıb sürücüyə zəng etdi:
– Bu gün işim bir qədər uzanacaq, mən zəng etməmiş gəlməyin, – dedi.
Otağa daxil olan qadın güclə eşidiləcək bir səslə salam verdi. Qapının ağzında qoyulmuş stulda əyləşdi. Səmra baxışları ilə qadını izləyir, onun davranışlarına göz qoyurdu. İlk andan hiss etdi ki, bu qadının psixoloji vəziyyəti yerində deyil və daha doğrusu, çox gərgindir. Hətta növbəsi üçüncü olsa da, növbəsini dəyişmiş, özünü axıra saldırmışdı. Səmra qadını sakitləşdirmək üçün yerindən qalxıb ona yaxınlaşdı, yanında oturdu. Qadının əlləri titrəyirdi. Tez-tez gözlərini qırpır, gah həkimə baxır, gah da əllərini gizlətməyə çalışırdı. Səmra susurdu, qadının özündə güc tapıb danışmasını gözləyirdi. Birdən qadın hönkürtü ilə ağlamağa başladı. Səmra stəkana su süzüb ona uzatdı. Qadın suyu birnəfəsə başına çəkib gözlənilmədən stəkanı döşəməyə çırpdı. Stəkan çiliklənib yerlə bir oldu. Qadın bunu gözləyirmiş kimi sakitləşdi. Çantasından dəsmal çıxarıb gözlərini sildi. Bu vaxt Lamiyə həyəcanla qapını açıb Səmranın üzünə baxdı. Səmra başı ilə heç nə olmayıb işarəsini verib “get” dedi.
Qırx dəqiqə idi ki, qadın danışırdı, gah əsəbi, gah çılğın, gah da göz yaşı ilə. Elə buna görə də onun özünün belə nə istədiyi bilinməyən bir problemi olduğu anlaşılırdı. Səmra qadını səbirlə dinlədikdən sonra gərgin olduğunu büruzə verməmək üçün gülümsədi:
– Siz neçə ildir ailə qurmusunuz?
– Beşinci ilə keçib. Vallah, Səmra xanım, bu beş ildə nə əynim beş dəst paltar görüb, nə də beş dəfə bahalı restoranlarda şam yeməyinə getmişəm. Axı nə qədər evdə bozbaş bişirib yemək olar. Nə qədər bir məclisə gedəndə onun-bunun zinyət əşyalarında gözüm qalacaq? Mən də istəyirəm bir məclisə daxil olanda üstümdə par-par yanan brilyantlar olsun, bahalı marka geyimim, ayaqqabım, çantam olsun. Kənardan mənə baxan xanımlar çiynimdən bahalı xəzi kübarcasına götürən yoldaşıma baxıb paxıllıq çəksinlər. Məgər bunlar mənim haqqım deyilmi? Deyin də, Səmra xanım, mən bunlara layiq biri deyilmiyəm?
– Bilirsiniz, siz mənə Matildanı xatırlatdınız, – Səmra asta, lakin bir qədər əsəbi tərzdə dilləndi.
– Matilda? Bizim şou-biznesdəndir, yeni müğənnidir? Bəlkə ləqəbidir bu? Mən demək olar köhnə, təzə hər birinin həyatını izləyirəm, amma belə adla rastlaşmamışam. Bəlkə xarici müğənnidir?
– Matilda müğənni deyil, məşhur yazarın yaratdığı obrazdır. Səmra üzünü pəncərəyə çevirib dodaqaltı deyindi: – Sənin kimi çox qadınların dərdi-səri müğənnilərin həyatını izləməkdir. Elə ona görə də öz həyatları bax beləcə tarimar olub gedir…Yaxşı, siz mənə deyin görüm sevib ailə qurmuşdunuzmu? Yəni belə bir həyatınız olacağından xəbərdar idinizmi?
– Səmra xanım, biz, əslində çox varlı biriləri idik. Həm yoldaşımın, həm də mənim imkanları geniş olan bir ailəmiz vardı. Qaynatamla atamın şərikli biznesi vardı, toyumuza iki ay qalmış qəfil iflasa uğradıq. Nəyimiz vardı hamısını əlimizdən aldılar. Yoldaşımgilə qalan üçotaqlı mənzil oldu. Onu da qohumlardan birinin adına almışdılar deyə, dəyən olmadı. Biz də onu satıb ikiotaqlı və bir otaqlı mənzil aldıq. Birotaqlıda qaynatamgil qalır, ikiotaqlını da bizə veriblər. Hər kəs ümid edirdi ki, çox çəkməz bu maddi sıxıntıdan çıxarıq, amma getdikcə vəziyyət daha da ağırlaşdı. Başa düşün məni, mən yağ-bal içində böyümüş biriyəm, xəyalımda imarətdə yaşamaq, evimdə xidmətçilər çalışacağı bir həyatı qurduğum halda, bu cür sıxıntı ilə yaşaya bilmirəm. Baxın, hələ bir qollarıma baxın, – qadın köynəyinin düyməsini açıb qollarını göstərdi. Hər iki qolunda kəsik izləri vardı – intihar belə etməkdən çəkinməmişəm, dözə bilmirəm artıq, yalvarıram, məni başa düşün, kömək edin mənə.
Səmra qadınla uzun-uzadı söhbət etdikdən sonra saatına baxdı, altıya on dəqiqə işləmişdi. Birdən yadına düşdü ki, qapıda onu gözləyən biri daha var. Kağıza bir neçə dərman adı yazdı, dolabı açıb nazik üzlü bir kitab çıxardı. Qadına uzadıb dedi:
– Burada yazılan təyinata görə bu dərmanları qəbul edin və həftənin dördüncü günü yenidən yanıma gəlin, amma xahiş edirəm gələnə qədər imkan edib bu hekayəni oxuyun. Qadın kitabı alıb üz qabığına baxdı, “Boyunbağı” yazılmışdı. Etiraz etmədən kitabı çantasına qoydu, sağollaşıb otaqdan çıxdı.
Səmra fincana çay süzüb pəncərəyə yaxınlaşdı. Bayır çox soyuq idi, yağış kəssə də axşama doğru hava sərtləşmişdi, göy üzündə hələ də qara buludlar var idi. Səmranın uşaq vaxtı belə havalarda göydəki buludlara baxıb söylədiyi misralar yadlna düşdü: “Dolan bulud boşalacaq, bu hökmüdür təbiətin”…
– Salam. Girə bilərəm? Səmra üzünü döndərmədən -buyurun – dedi. Qapıya çevrilib hündürboylu, dolu bədənli birnin otağa keçdiyini görəndə gözlərinə inanmadı. Bu ki işıqforda ondan üzr istəyən adam idi.
– Yenidən üzr istəməyəmi gəldiniz? Mən sizi bağışladım axı. İş yerimi hardan öyrəndiniz?
Vasifin elə bil dili tutulmuşdu, iri qara gözləri bir az da böyümüşdü. Səmra xanımın yağdırdığı sualları sanki eşitmirdi. Handan-hana udqunub güclə eşidiləcək bir səslə:
– Bu bir təsadüfdürmü? – deyə bildi.
– Təsadüf heç nə yoxdur bu həyatda, buyurun, eşidirəm sizi, növbədə gözləyən var, onu qəbul etməliyəm. Səmra elə bildi ki, gələn şəxs onu izləyərək iş yerini öyrənib və üzrxahlıq üçün gəlib. Çünki görünüşündən çox alicənab, mədəni birinə oxşayırdı. Elə küçədəki davranışı da bunu sübut etmişdi. Başqası olsa bəlkə də Səmranın o cür qorxub diksinməsinə gülərdi də. Amma bu şəxs tamam fərqli davranmışdı.
– Səmra xanım, üzr istəyirəm, mən elə həmin gözləyən adamam. İnanın mənə sizi yenidən görmək üçün sabah həmin saatda, həmin yerdən bir də keçəcəkdim. Bəlkə qarşılaşarıq deyə. Sizi qarşımda görəndə bu bir möcüzədir sandım.
– Demək ki, niyyəti saf birisiniz, heç bir çətinlik çəkmədən mənimlə yenidən rastlaşdınız. Həm ürəyinizcə üzr istəməyə imkanınız olacaq, həm də həkim kimi dərdinizi bölüşəcəksiniz – Səmra əlinin işarəsi ilə Vasifə əyləşmək üçün yer göstərdi. Özü isə qapıya yaxınlaşıb Lamiyəni çağırdı. Ortalıqda olan şüşə qırıntılarını toplamağı tapşırıb masanın arxasına keçdi.
– Belə çıxır ki, siz səhər saatlarından buradasınız?
– Bəli, Səmra xanım. Gəncədən birbaşa bura gəlmişəm. Mən yola çıxanda hava xoş idi, həm də avtomobillə gəlməyin bir başqa zövqü var. Uzun yol adama dərdlərini unutdurur sanki.
– Unutdurmur, sadəcə uzaqlaşdırır, elə bilirsən qaçırsan, hər şey səndən uzaqda qalır, maşın dayanan kimi yenidən yapışırlar yaxandan… – Səmra masaya dikilmiş gözlərini qaldlrıb pəncərəyə tərəf baxdı, gözlərini gizlətməyə çalıçsa da Vasif onların dolduğunu hiss etdi. Köks ötürüb təsdiq mənası ilə başını tərpətdi. Qaldığı yerdən sözünə davam etdi. – Bilsəm hava belə soyuyacaq təyyarəyə bilet alardım. Yəqin bu havada, həm də üzü gecəyə doğru yola çıxmaram. Qohumların birinin evində gecələyib sabah gedərəm.
Səmra dolaba yaxınlaşıb boş fincanlardan birini götürdü, masaya qoyub elektrik çaydanından qaynar su süzdü. Birdəfəlik çay paketlərindən birini suya salıb Vasifə uzatdı:
– Belə bilsəm ilk sizi qəbul edərdim, amma iş prinspim başqadır, məni üzrlü sayın. Hər kəsi öz növbəsində qəbul etməliyəm. Buyurun, isti çay için, bəlkə yorğunluğunuzu götürər, – dedi.
– Təşəkkür edirəm, nə zəhmət çəkirsiniz?
– Qeydə qalmaq bizim vəzifə borcumuzdur, buyurun danışın, sizi dinləyirəm, – amma söhbətə başlamazdan əvvəl adınızı söyləməyi unutmayın – Səmra qarşısında əyləşmiş ciddi görkəmli şəxsə mehribanlıqla gülümsədi.
– O qədər həyəcanlıyam ki, özümü təqdim etməyi də unutmuşam, adım Vasifdir.
– Buyurun, Vasif bəy, sizi dinləyirəm.
– Heç bilmirəm haradan başlayım.
– Sizə haradan başlamaq daha rahatdır, oradan anladın.
– Yaxşısı budur mən başdan başlayım… Düz dörd il əvvəl dəlilər kimi bir qadına vuruldum. Həyatıma necə gəldi, mənim eşq dünyama necə sahib çıxdı heç özüm də bilmədim. Bir də gördüm külli-ixtiyar əldən gedib, könlüm də, ağlım da, varlığım da bağlanıb ona. İlk baxışdan aşiq olduğum bu qadın üçün dünyanı məhvərindın belə döndərməyə qadir bir gücdə hiss edirdim özümü…
Vasif susub gözlərini yerə dikdi. Səmra onun rənginin dəyişdiyini hiss edib söhbətə mülayimlik qatmaq üçün dilləndi:
– Bu halınızın nəyindən şikayətçisiniz ki? Sevgi gözəl hissdir. Hər insana sevə bilən ürək qismət olmur, nə də hər insan layiqincə sevilmir.
– Sözün düzü sevgili olmağımız üçün əngəllər çox idi. Amma ürək söz eşitmir ki, illah da dəli bir sevdaya tuş gəldisə, ixtiyar əldən gedir. Sevdiyim qadın da məni çox gözlətmədən mənə olan eşqini elan etdi. Əslində ilk başda dost idik. Dərdləşib bir-birimizə təsəlli olurduq. Amma bir gün ayıldıq ki, artıq sevgiliyik. Bəlkə də qarşımda hər hansı maneə hiss etmiş olsaydım belə çətin bir duruma da düşməzdim. Etiraf edim ki, o çox gözəl idi. Gözəl olmaqla yanaşı məni özünə bağlayan sehirli bir cazibəsi vardı. Həm də hiss edirdim ki, mənə ehtiyacı var. Çox güclü qadın idi, dərdini daşıya biləcək biri idi. Amma yenə də qadın kimi özündən güclüyə möhtaclığı hiss olunurdu. Biz bir-birimizi o qədər sevdik ki, bir gün ayrılarıqsa, ölərik sandıq. Ya da mənim sandığım bu oldu, mən aldandım, çox sevdiyim birini gözümdə ən uca zirvəyə qaldırdım. Hətta elə bir zirvəyə qoydum ki, sonradan öz əlim belə ona çatmadı…

…Hər şey öz qaydasında getdiyi bir zamanda bir gün gecə yarısı telefonuma gələn mesaj səsi məni yuxudan oyatdı. Yuxulu-yuxulu gözlərimi ovub mesajı oxudum. Sevdiyim qadından idi. Səhər saat səkkizdə görüşməmizi istəyirdi, vacib sözü varmış. İçimə dolan şübhə və nigarançılıq məni yatmağa qoymadı. Əlimi dolabın siyirməsinə aparıb dörd il bundan əvvəl çəkməyəcəyimə söz verdiyim siqaret qutusuna uzatdım. Yandırmaq istədim, amma qıymadım. Ciyərlərim tüstüdən zəhərlənər deyə yox, sevdiyimə xəyanət edərəm deyə…axı ona söz vermişdim, nə qədər yanımda olacaq, nə qədər hər gün məni yaşamağa səsləyən o gözəl gözlərinin sevgi dolu baxışları gözlərimə axacaq, nə qədər ki, səsi qulağıma xoş avaz kimi axacaq, nə qədər o zərif əlləri ovcumun içində isinəcək, nə qədər saçının hər telinin qoxusunu dünyanın ən bahalı ətrinə belə dəyişməyəcəyəm nə içki, nə də siqaret mənim dünyama yad olacaq. Dünyamın sən adlı sevgi evində onlara yer olmayac, sevdiyim, sənə söz verirəm… – demişdim. Yatağımdan qalxıb eyvana keçdim. Qaranlıqda gözümü uzaqlara dikib bir xeyli düşündüm. Eyvanda da qərar tuta bilmədim, uşaqların otağına keçdim. Dünyadan xəbərsiz, xoşbəxtcəsinə yatırdılar. Oyansınlar istəmədim, otaqdan çıxdım. Yataq otağına qayıtdım, yerimə uzansam da səhəri dirigözlü açdım…
Saat 07:50-ni göstərirdi. Mən vədələşdiyimiz yerdə gözləyirdim. Saat səkkizi on beş dəqiqə keçmiş küçənin qarşı tərəfində bir avtomobil saxladı. O maşından düşüb mənə tərəf gəlirdi. Mən hələ də çaşqın vəziyyətdə qalmışdım. Nə baş verdiyini anlaya bilmirdim. Bu avtomobil kimindir, sevdiyim qadın nədən qabaq oturacaqda əyləşmişdi. Ağlımdakı suallar bitməmişdi ki, o qarşımda dayandı.
-Daha məni gözləmə, mən buralardan gedəsi oldum, əlvida, – deyib cavab gözləmədən geri döndü. Təsəvvür edirsiniz, məni gördüyü anda əllərimi tutan, gözlərimə sevgi dolu baxışlarla baxan birindən əsər-əlamət qalmamışdı. Ya rola girmişdi, ya da indiyədək rol oynayırmış…
– Sizcə hansı idi?
– İnanın, Səmra xanım, indiyədək mən özüm də bunu tam anlaya bilməmişəm. Bircə bildiyim odur ki, özümdən, varlığımdan çox sevdiyim bir qadını səbəbin bilmədən itirmişəm…
– İndi daha çox nəyin acısını yaşayırsınız? Məqsədiniz sizi dağa- daşa salan səbəbsiz ayrılığın nədən baş verdiyini öyrənməkdir, yoxsa, unuda bilmirsiniz?
Vasif gözlərini qaldırmadan asta səslə pıçıldadı:
– Səbəbi nə olmağından asılı olmayaraq mən unuda bilmirəm. Canıma, iliyimə işləyən bir sevgim var içimdə. Xilas olmaq üçün çırpınıram, qayıtmayacağını bilirəm, unutmağa çalışıram, amma alınmır…əslində tamam unutmaq da istəmirəm, sadəcə bir qədər yüngülləşmək, günümün bütün zamanını işğal etmiş birindən qismən aralanmaq istəyirəm. Onsuz da ondan məndə qalacaq çox şey var, unudulması mümkün olmayan şeylər həm də…
…Bir xeyli sükutdan sonra Səmra əlindəki qələmini masaya qoydu. Ümid dolu baxışlarını ona dikmiş Vasifə baxıb qeyri-ixtiyar köks ötürdü:
-İçinizdə alov dilimləri yeri-göyü əridəcək bir ocaq qalanıb. O ocağın atəşi düşdüyü yeri elə bir odla yandırır ki, bu od nə qədər aramla yanır, yanğısı səni odlamır, əksinə, insanda xoş bir hisslər yaradır. Sakit yandığı müddətcə özündən kənardakılara zərəri dəymir. Zamanla yanıb-yanıb bir gün sönür və yerində külündən savayı heç nə qalmır. Yox, əgər o sakit yanan ocağın üstünə əlində kürəklə gedib yanmasına daha da şərait yaratsan, ətrafında nə var yaxıb yandıracaqsan. Qoru göyün milinəcən uçub qonacaq. Üstünə dənizin sularını töksən, söndürmək istəsən belə bacarmayacaqsan. Məhv edəcək səni. Bu dəfə yerdə qalan qaladığın ocağın külü yox, sənin öz külün olacaq…
– Vasif bəy, bu gün siz danışdınız, anlatmaq istədiklərinizi qismən də olsa çatdırdınız. Bu gün ilk söhbətimiz olduğu üçün sizə deyəcəklərim ancaq bu olacaq. Və həftənin cümə günü sizi yenidən burada gözləyəcəyəm. Ümid edirəm bura gəlmək üçün yolunuzu dəyişdirməyəcəksiniz…

… Vasif klinikadan ayrıldıqdan sonra avtomobilinə əyləşib birbaşa dəniz kənarına sürdü. Payızın soyuqluğu elə bil dənizin də üzünü insanlardan döndərmişdi. Ya da dəniz Vasifə yad görünürdü. Yadlaşmışdı, çünki nə əlindən tutub dənizə qonaq gətirəcəyi sevdiyi vardı, nə də baş-başa verib dənizin dalğalarına pıçıldayacaqları sevgi şeirləri…hamısı bir gündəcə məhv olmuşdu, qeybə çəkilmişdi, heç yoxmuş kimi ilim-ilim itmişdi. Artıq bir ildən çox idi ki, Vasif bu odun atəşi ilə oynayırdı. Bacara bilmirdi özüynən. İçindən çıxarıb ata bilmirdi, nə bağışlaya bilirdi, nə də unuda. Özünə əzab verdiyinin fərqində olduğu gün tanışlardan eşidib-bildiyi psixoloq Səmra xanımın yanına gəlməyi qərar vermişdi. Dənizin kənarında bir xeyli gəzişdikdən sonra iti addımlarla avtomobilinə yaxınlaşıb qapını açdı. Sükan arxasına keçib avtomobili sürətlə sahildən uzaqlaşdırdı və klinikaya bir daha gəlməyəcəyinə qərar verdi…

07/11/2015 tarixində Yazılarım içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 24 Şərh.

  1. Maraqla oxudum. burda fikir nədirsə hələ bir yana payızın təsviri yaxşı verilib.adam elə bilir parkda oturub bu payızı izdəyir. Səmra işə gedir yolda tıxac görür ona münasibəti, pr0bkada qapı açılanda toxunması kimi çox adi məsələləri belə gözdən qaçırmayıb. Bunları hekayəsinə elə calayıb ki, yamaq kimi görünmür. Axıra kimi də belədir. Ayrı-ayrı adamların söhbet bağı da həyatdakı kimidir. Hər şey yaxşıdır. Həmişə oxuyacam.

    Bəyən

  2. Sevinc, onsuz da üşüyürdüm, bilmirəm payız gününün təsvirimi, yoxsa Vasifə duyduğum yazıqlıq hissimi məni yaman üşütdü.
    Davamını maraqla gözləyirəm, tez verin də nolar ki.

    Bəyən

  3. İnşəAllah, Sevinc 🙂

    Bəyən

  4. Dünən bu yazını oxumaq istədim amma qonaq gəldi deyənə yarımcıq saxlamalı oldum həm də maraqlı bir yerində saxladım)) özüm qonaqların yanında olsam da fikrim psixoloqun yanında idi hərdən fikrimi qonaqlara cəmləmək istəsəmdə bütün günü yağan yağış buna imkan vermirdi Ona görə də bu gün kompüteri acanda ilk işim bu yazını oxumaq oldu Sevinc cox bəyəndim Hekayəni oxucularına olduqca sadə bir dildə catdırmısan İllər öncə mən də psixoloq xanıma müraciət etmişdim sanki ovatki günlərim hamısı gözümün önündən kecdi Adətən o günlərimi xatırlayanda həmişə cəkdiyim əziyyətlər kecirdiyim həyəcanları xatırlayırdım Amma nədənsə bu hekayə mənə bu əziyyətləri necə dəf rtməyimi necə bacarıqlı olmağımı özümün özümə olan inamımı dəstəyimi xatırlatdı Səmra xanımı isə elə eynən öz həkimimə bənzətdim Deyəsən cox yazdım)) Seva davamını gözləyəcəyəm

    Bəyən

  5. Çox maraqlı idi.Növbəti hissələri gözləyəcəyəm.Çoxdandi darixmışdım,belə yazılar üçün.Senin yazı üslubun bir başqadır,əsil mən istədiyim kimi.

    Bəyən

  6. Cooox beyendim niye beyendiyimide siz bilirsiz..Ardini sebirsizlikle gozleyrem qeleminize quvvet.

    Bəyən

  7. Sevincim, sabahlarınız xeyirli olsun, hekayəni dünən gecə oxudum, saat iki ya neçə olardi … maraqlıdır, həm də günümüzün reallığına daha yaxındır, Vasifin uşaqları var , bəs yoldaşı ? deyəsən həyat yoldaşı yoxdur, bəlkə də var, hekayədən bir epizod: “Eyvanda da qərar tuta bilmədim, uşaqların otağına keçdim. Dünyadan xəbərsiz, xoşbəxtcəsinə yatırdılar.” Uşaqları var, maraqlıdır, Vasif kimi sevib, qadın evlidirmi, subaydırmı? Vasif özü axı evli kişidir … Məncə Vasif çox sadəlövhcəsinə həmin qadına vurulub, onu sevib, amma bu sevginin onu haralara biləciyi, arxasında nələrin duracağ onu düşündürməyib, sadəcə sevib… sevmək asandır, onu idarə etmək çox çətindir… sən sevə bilərsən, amma gerisini düşünmədən sevərsən, ona görə də müasir dövrdə sevməzdən əvvəl bir gün atılacağını düşünüb sevməlisən, necə deyərlər, bir növ özün özünü sığortalamış olarsan … onda bu da heç sevgi olmaz … olar- olmazını davamında görərik inşAllah…

    Bəyən

  8. Çox maraqlı idi. Bu günki yağışlı havada məni çox sakitləşdirdi .Davamını səbirsizliklə gözləyirəm.Təşəkkürlər canım😚

    Bəyən

  9. Bilmirem her yerde özümü mü axtarıram,yoxsa heqiqeten mi varam??

    Bəyən

  10. Ay qızlar, açın qırmızı xalını, Best of all gəldi😇😇😇😇 Xoş gəldin, Lalə.😍😍😍

    Bəyən

  11. Reblogged this on Sevincli Dünya və şərh edildi:

    Dəyərli oxucuların istəyi ilə…

    Bəyən

  12. Əzizim yazan əllərinizə, duyan qəlbinizə, ruhunuza sağlıq. O qədər xırdalıqlara, dərinliyə getmisiz ki, bitirəndə necə dərindən nəfəs alırammış bildim. Sanki qaçıb-qaçıb dayanmış kimi gəlir nəfəsim. Həm də çox üşüdüyümü hiss etdim hekayənin təsirindən…sanki donmuş kimiyəm..Ardını gözləyəcəm. Ən gözəl həyat idealım Allah sizi qorusun qəlbinizə qüvvət versin Amin

    tərəfindən bəyənildi 1 şəxs

  13. Axwamin xeyir gozelim🌹Aglatdin meni deyim bilesen😔cox cox lap cox beydndim,ne vaxtdir bele gozel hekaye oxumuram.Ureyine qurban baci davamini sebirsizlie gozleyirem🙏🙏🙏

    tərəfindən bəyənildi 1 şəxs

  14. Minnətdar olma əzizim. Siz sağolunki bu qədər gözəl ürəyə, dərin düşüncəyə sahibsiz, ürəkləri oxumağı, qəlbə toxunmağı bacarırsız. Bloqun sizin üçün necə dəyərli olduğunu bilirəm, sizdə mənimçün çox dəyərli olduğunuzu bilirsiz😍❤🌹

    Bəyən

  15. Супер, çox beyendim, üreyine ellerine sağlık canım,davamını gözleyirem

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...