Ünsiyyət qurmağın yolları

communicationsBir gün tanıdığım biriylə bir masada üz-üzə oturub nahar edirdik. Yemək ərəfəsində elmdən, təhsildən, dünyada baş verən hadisələrdən danışırdıq. Hiss etdim ki, nədənsə aramıızda bir ikiləşmə, fikir ayrılığı var. Mən danışan kimi sözümü kəsir, yersiz və lazımsız məsləhətlər verir, özünü daha ağıllı və elmli göstərməyə çalışırdı. Danışığımız çox çəkmədi, hətta çox əsəbi bir vəziyyət yarandı, mən hədsiz gərginləşdim. Hövsələli biri olduğum üçün özümü toplaya bildim və söylədiyi hər şeyə başımı tərpətməklə reaksiya verməyə başladım.

Ayrıldıqdan sonra öz-özlüyümdə vəziyyəti qiymətləndirməyə çalışdım. Problem yaradan bəzi səhnələri gözümün önündə canlandırdım. Səhv deyilən hər şey açıq-aşkar ortada idi.

Bunlardan ən başlıcası qarşımdakının dinləmə bacarığı olmaması idi. Mən onun fikirlərini öyrənmək istəmədiyim mövzulara qarışırdı, mənim fikrimi öyrınmədən danışmağa davam edirdi. Əslində pis niyyətli biri deyildi, sadəcə olaraq ünsiyyət qurmağı bacarmayan, sözünün yerini bilməyən biri olduğu üçün aramızdakı münasibəti səhv bir yola yönəltmişdi. Mənim niyyətimsə onun tövsiyyələrini dinləmək, mövzuya doğru tərəfdən yanaşıb gözlədiyim məsləhəti almaq idi. Bunun olmadığını gördüyümdə mən də məcburən mövzudan uzaqlaşmağa başladım…
Əslində doğru münasibət qura bilmədikləri, qarşısındakını doğru anlamadıqları üçün insanları qınamaq asandır. Amma unutmamalıyıq ki, ünsiyyət fərdlər arasındadır, təkbaşına mümkün deyil. Əgər özünüz münasibət, ünsiyyət qurmaqda bacarıqlı deyilsinizsə, başqalarını bu yönümdən günahlandıra bilməzsiniz. 
Ünsiyyət qurmaq üçün insanda hansı keyfiyyətlərin olması şərtdir? 

Nə istədiyinizi aydın bir məqsədlə, söhbətə giriş etməklə başlamaq yaxşı olsa da, sizinlə ünsiyyət qurmağa çalışan adamın vermək istədiyi əhəmiyyətli mesajları qaçıra biləcəyinizi unutmayın. Cavabların müəyyən bir davranışla, müəyyən bir şəkildə verilməsini gözləməyin. Diqqət yetirin və eyni zamanda gözüaçıq olun. Qarşınızdakı adam sizi tənqid etsə, tənqid etməyi sevən insanlarla davranmağı öyrənin və tənqidə açıq olun. Bir çox insan tənqidə etmək məsələsində diribaşdır, amma nəticədə bir çox dəyərli tövsiyə və reaksiyadan məhrum qalırlar. Tənqidi şəxsi kimi qəbul etməyin. Tənqidinin özünə deyil, daşıdığı mesaja diqqət yetirin. Özünüzə bunları problem etməyin: “Bunu niyə soruşdu? Bundan nə kimi dərs çıxara bilərəm? Bunun mənim vəziyyətimlə əlaqəsi nədir?” Açıq bir zehin ilə axtarış etsəniz, daha çox cavab tapa bilərsiniz.
Çox eşitmişik bu ifadəni “sətiraltı məna”, danışıq zamanı bu məqama diqqət yetirmək lazımdır. Söhbət edən tərəflər arasında yanlış anlaşmalar (xüsusən əks cinsdən olanlar arasında) sətiraltı deyilənləri diqqətdən kənarda saxladıqda və bir-birlərini diqqətli dinləmədikdə baş verir. 

Bu nüansı doğru şəkildə dəyərləndirmək üçün danışıqları diqqətlə dinləməli, fikrin yayınmasına yol verilməməlidir. Əl hərəkətlərinə, üzün mimikasına, danışıq tərzinə və sürətinə, səs tonuna diqqət vermək çox əhəmiyyətlidir. Danışan kəs ola bilsin ki, fikrini təkcə sözlə yox, emosiyalarla, hərəkətlə də bildirsin. Göstərilən bu mövzuda diqqətli olmaq sizi ünsiyyət yaratmaq üçün doğru yola yönəltmiş olacaqdır.
Söhbət zamanı ancaq müsbət enerjiyə köklənməniz lazımdır, səxavətli, şəfqətli, mehriban, mərd davranmaq işin xeyrinə olacaqdır. Heç romantik cəhətdən xəsis olan biri ilə ünsiyyət qurdunuzmu? Qurmamısınızsa, məndən demək, bu insanlar ancaq tənqid etməyi sevərlər, qarşısındakında qüsur axtararlar. Kiçik bir səhv tapıb bütün problemləri bu səhvin üstündə dolu kimi başınıza yağdırarlar. Belə bir insanla bir mühitdə olmaq sizə xoş gələ bilərmi? Cavabınız təbii ki, “Yox!” olacaq. O zaman siz bu xasiyyətdə olmağa çalışmayın, qarşınızdakına diqqətli olun, qayğı göstərin, xoşbəxtliyinə, sevincinə şərik olmağı bacarın. Lazım gəldiyində təsəlli olun, sözlərinizlə onu ovutmağa çalışın. Hətta yeri olmasa belə onu tərifləyin, ilham verin. Belə olanda insanlar sizinlə görüşmək üçün can atacaqlar, bilirsiniz niyə? Çünki sizinlə olmaq onları xoşbəxt edəcək deyə.
Uğurlu bir ünsiyyətə gedən yol, həm də qarşılıqlı hörmətdən keçir. Ünsiyyətdə olduğunuz şəxsin keçmişinə də, indisinə də hörmətlə yanaşmanız şərtdir. Lap bu adam sevmədiyiniz biri olsa belə, ünsiyyət yaradacaqsınızsa hörmət etməyiniz labüddür. Belə izah edək: bir insanın sizinlə danışarkən sizə hörmət etməməsi sizə necə təsir edər? Başqaları da belədir. Ən əsası isə hörmət etmədiyiniz birindən hörmət gözləmək də doğru deyildir axı.
Ünsiyyət zamanı qarşınızda dayanmış şəxsin gözlərinə baxaraq danışın ki, sizin onu duyduğunuzu hiss edə bilsin. Lazım deyil ki, gözlərinizi heç çəkmədən qalasınız, o sizə baxdıqca baxışlarınızın toqquşması kifayət edər. Hətta arada gözünüz gözündə ikən başınızı tərpətməklə də doğru olanı ifadə etməyə çalışın. Qoy sizi dinləyən hiss etsin ki, bu söhbətə ürəklə şərik olmusunuz, məcburən yox.

Vacib bir məqam olmayınca qarşınızdakının sözünü kəsməyə can atmayın. Hətta uzun danışmağı sevən biriylə həmsöhbətsinizsə belə, səbirlə söhbəti dinləməlisiniz. Bəzən sizə elə gələ bilər ki, həmin insanın nə deyəcəyini artıq təxmin etmisiniz, amma yanıla bilərsiniz deyə gözləməyiniz lazımdır. Belə bir müşahidə aparın, əgər ünsiyyət yaratdığınız şəxs hər dəfə sizin verdiyiniz suallara uzun-uzadı söhbətlə cavab verməyə çalışırsa, deməli, bu şəxsin fikirlərində bir qarışıqlıq var. Belə olduqda çalışmalısınız ki, daha dəqiq cavab alacağınız suallar verəsiniz.
Hər hansı bir hadisəyə fərz etmək yoluyla yanaşmaq çox asandır. Amma fərziyyələr çox zaman doğru çıxmaya da bilər. Çünki təbiətinə görə insanlar bir-birinə yaxın, vərdişlərinə görə isə bir-burindən uzaqdırlar. Demək ki, bir şəxsə yanaşmamız, digər şəxs üçün keçərli olmaya bilər. Yeni bir adamla ünsiyyət qurduğunuzda çalışın qarşınızdakını heç kimlə müqayisə etməyin. Şübhə etdiyiniz bir məqam olarsa, suallar verin və nəticəyə tələsib qərar çıxarmadan olub keçənləri öyrənməyə çalışın.

Ünsiyyətdə vacib şərtlərdən biri də qarşındakının əksini yaratmağı bacarmaqdır. Bura əl hərəkətləri, üz mimikaları, göz hərəkətləri, əzələ gərginliyi, nəfəs alma tərzi kimi hallar daxildir. Əks etmə bir ünsiyyətin açarı olmaqla yanaşı, həm də ünsiyyəti asanlaşdıran bir strateji mövqedir. Lakin bunu edərkən həddi aşmamaq, hər şeyi bir çərçivədə saxlamaq lazım olduğunu da gərək unutmayasınız. Əgər qarşınızdakı şəxs qamətli bir şəkildə oturmayıbsa, siz də belinizi bir qədər əyərək oturun. Və yaxud həmsöhbətiniz sizə baxaraq mehribancasına gülümsəyirsə, qarşılıq olaraq siz də ona gülümsəyin. Bu onu sizinlə danışmağa bir qədər də cəsarətləndirmiş olacaq. Necə deyərlər: İnsan var dərya kimidir, baş vurdunsa, çıxmaq çətindir; insan var ki, divar kimidir, qarşında durur və heç nəyi görə bilmirsən; insan var ki, şüşə kimidir – dünyanı sənə göstərməyə çalışır; insan var ki, ayna kimidir, səni özünə göstərməyə çalışır.

Nəhayət, bir ünsiyyət qurmaq istəyirsinizsə, ilk əvvəl səmimi olun. Xoş niyyətlə ünsiyyət yaratdığınızda və qarşınızdakı insana daha səmimi davrandığınızda heç bir işinizin tərs getməyəcəyinin şahidi olacaqsınız. Şəxsən mən biriylə danışdığım zaman qəlbimi fərah tutduğumda, hər zaman doğruya doğru gedərəm və bütün neqativ fikirləri özümdən uzaqlaşdıraram. Bunu qarşımdakı şəxslə daha asan dil tapmağın yolu kimi görürəm. Son olaraq, qoyun ürəyiniz sizə doğru yolu göstərsin, onun səsini dinləyin, səsini dinləyin, həm də səmimiyyətinizlə addımlayın, davamı siz gözləmədən özü gələcəkdir…

07/05/2015 tarixində Yazılarım içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 1 Şərh.

  1. Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Şərh yazın ki, Sizi tanıya bilim...