Ayrılıq var sonu şirin vüsaldır…
Axşamınız xeyir, dəyərli dostlarım, əziz bloq izləyicilərim!
Çox uzun zaman oldu sizdən ayrılmağım. Amma necə deyərlər: “Ayrılıq var sonu şirin vüsaldır, ayrılıq var sonu yoxmuş, ay aman…”
Sonu olmayan ayrılıqlardan uzaq olaq hamımız, gözləmək həsrət də olsa, sonunda qovuşmaq olsun…
Deyəsən qarışıq danışdım axı. Neynim, əslində danışmağa sözüm çoxdur, amma zamanı yetməyib hələ…
Bilirəm ki, dostların gözü yoldadır neçə müddətdir. Bəlkə də məndən əlini üzüb “bu qız öldü yəqin” deyənlər də var. İnsanlar haqlıdır, xəbəri çıxmayan ölmüş biridir sonda. Yox, ölməmişəm hələ. Ölüm bizdən asılı deyil, zamanı yetəndə hamımız gedəcəyik. Kim bu dünyada əbədidir ki?!
Bu gün gözü yolda, intizarla bloq yazımı gözləyənlərin həsrətinə son qoymaq keçdi içimdən. İnşAllah davamlı olar yazılarım…
Şeir dili mənimçün qalaq-qalaq yığılmış söz xəzinəsidir. Ona görə də ilk yazımı şeirlə təqdim edəcəm. İlk şeirin müəllifi Aydan Abdullayevadır. İkinci şerin müəllifi Mirəli Məmmədov. Üçüncü şeir isə mənim şairə cavabımdır.
Qadın
Sən ey mavi göyləri bulud-bulud qoxlayan…
Sən ey gözləri günəş, taleyi qürub qadın!
Sən ey göz yaşlarında bir ömrü girov qoyan…
Öz ömründən didərgin, bir dibsiz quyu qadın!
Sən gəzdiyin küçədə bir xatirə soyuğu…
Sən baxan pəncərədə xəyallar ayla doğur…
Qaranlığa aşiq gül sübh çağında tez solur…
Sən o güldən əyninə kəfən biç, uyu qadın…
Bax, o yaşıl yarpaq da xəzan olar, quruyar…
Sükutsan… Pıçıltını yalnızca Tanrı duyar…
Ruhun xəzan qoxulu, çölündə daim bahar…
Sən ey nakam yaşanan ən gözəl duyğu qadın!
Öncə atan tərk etdi, sonra sevdiyin adam…
Uşaqlığın, eviniz, ocağı sönən o dam…
İndi hey geri istə, geri verməz Tanrı da…
Nakam ömrün bəstəsi… Dön, bir də oxun, Qadın!
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Görüşümə bəyaz geyib gələrsən
Bəyaz geyim gözəl yaraşır sənə,
Görüşümə bəyaz geyib gələrsən.
Bilirəm çıxmaram sənsiz ağ günə,
Görüşümə bəyaz geyib gələrsən.
Bəxtim qaralarla doludu, neynim?
Yolum haqq-ədalət yoludu, neynim?
Canım bəyazların quludu, neynim?
Görüşümə bəyaz geyib gələrsən.
Mirəli Məmmədəm, anladım daha,
Mənimçün əzizsən, bahasan, baha,
Yadınnan çıxarma, unutma sən haaa,
Görüşümə bəyaz geyib gələrsən.
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Bəyaz gəlinliyim
Nə deyib görüşə bəyaz geyinim
Səndən umacağım nəyim var mənim?
Bəyaz gəlinliyim, bəyaz geyimim
Ömrümə qaradan naxışdır mənim…
Yolun haqq-ədalət yoludur dedin,
Bilmədim hayandan salım səmtimi.
Hey gəzdim, aradım, bir də tapmaram
Çoxdan itirmişəm sənli bəxtimi.
Görüşə gələndə bəyaz geyərəm,
Bəyazlıq bəxtimə nur yağdırarmı?
İstəsən dönərəm ağ göyərçinə,
Dönüb keçmişini unudarsanmı?
17/09/2019 tarixində Sevdiyim şeirlər, Yazılarım içində dərc edildi və Ayan Abdullayeva, ayrılıq var sonu şirin vüsaldır, Mireli Memmedov, qadina aid şeir olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 1 Şərh.
Salam Sevincim gözel ureklim necesen waire bacim?
Bəyəntərəfindən bəyənildi 1 şəxs