İşlənməyən cinayətin cəzası

…bayırda yağış yağır yenə. Əslində yağışı çox sevirəm. Amma payız yağışı nədənsə insanı darıxdırır. Hər yağış yağdığında “yağış yağır…” deməklə elə bil yağışın yağdığını içimdəki “mənə” xatırladıram… Yağ, yağış, Allahın göndərdiyi nemətsən, yağ doyunca…

Sabahınız xeyir, əzizlərim. Gec-gec göründüyüm üçün hər birinizdən üzr istəyirəm. Siz mənə dəyər verirsiniz, mənim də haqqım bu dəyəri qiymətləndirməkdir. Vaxtaşırı gələ bilməsəm də, barı yazılarımı maraqla və həsrətlə gözləyənləri intizarda qoymayım dedim. İndi təqdim edəcəyim yazı üstündə işlədiyim bir povestdəndir. İlk hissə ilə tanışsınız. Unudanlar üçün link qoyacam, istəyən yenidən oxuya bilsin deyə. 

https://sevinclidunya.wordpress.com/2018/01/10/islənməyən-cinayətin-cəzasi/#more-4506

 

… 1959-cu il idi. Ssenari müəllifi Məmmədhüseyn Təhmasib, quruluşçu rejissoru Rza Təhmasib olan “Onu bağışlamaq olarmı?” filminin yaradıcı kollektivi ilə görüş günü idi. Şəfiqə 17 yaşında gənc qız idi. Həm gənc, həm də çox gözəl. Uzun qara hörüklü saçı, badamı qara gözləri, balaca, bir qədər də dik burnu dəyirmi sifətinə bir incəlik qatırdı. Şəfiqə təkcə gözəl deyildi, həm də ağıllı qız idi. Amma elə bir mühitdə yaşayırdı ki, nə ağlından, nə fərasətindən, nə də savadından yerində istifadə edə bilmirdi. O zamanlar hələ də qızların təhsil alması ilə bağlı problemlər qalmaqda idi. Xüsusən də Bakının yerli sakinləri üçün bu, bir qədər qeyri-real sayılırdı. Məhz buna görə idi ki, Şəfiqənin də aktrisa olmaq arzusu, elə ürəyində arzu olaraq qalmışdı. Onların evi şəhərin mərkəzində, “Kubinka” deyilən ərazidə yerləşirdi. Oranın özünəxas adət-ənənələri vardı. Qız uşaqlarına nəzarət xüsusi ciddilik tələb edirdi. Qardaşı olan qızların isə günü daha da betər idi. Bu sarıdan Şəfiqənin bəxti gətirmişdi. Ailənin yeganə övladı idi. Anasını çox erkən yaşlarında itirmişdi. Ata nənəsi nazıyla oyanyaraq böyütmüşdü onu. Elə atasının da ərköyünü idi. Amma bunlara baxmayaraq, zamanın və ətrafın qaydaları bu gənc qızın da həyatından yan keçməmişdi. Bu məhəllədən təkbaşına çıxmaq, məhəlləyə qaranlıq saatlarda qayıtmaq bağışlanılmaz hal sayılırdı. Şəfiqənin hələ kiçik yaşlarından incəsənətə böyük həvəsi vardı. Nənəsi bacardığı qədər onu teatra, kinoya aparardı. Amma zavallı qızcığaz bilirdi ki, iki dünya bir olsa da heç zaman nə onun böyük səhnələrdə çıxışı olacaq, nə də gurultulu alqışa, gül dəstələrinə o da sahib olacaqdı. Nənəsi Şəfiqəni çox gözəl başa düşər, hər dəfə saçlarını mehribanlıqla sığallayıb:
– Zəmanənin tələbinə uymalıyıq, qızım, başqa çarəmiz yoxdu, – deyərdi.
Həmin görüşə getmək üçün nənəsinin əziyyəti çox olmuşdu, bunu danmaq olmazdı. Şəfiqə artıq böyük qız idi, oturuşuna-duruşuna, hara gedib-gəlməsinə, evdən kiminlə çıxmasına, hər addımında diqqətli olmasına ciddi nəzarət var idi. Atası bəlkə hər gün dəfələrlə və dönə-dönə xatırladardı:
– Ay ana, daha sənin qarşında balaca məktəbli qız yoxdur, əlindən tutub istədiyi yerə aparasan. Həddi-büluğa çatmış qızdır. Onun evdə oturub ev işlərini dərindən öyrənmək, biş-düş etmək vaxtıdır. Bəlkə bugün-sabah qapımızı biri döydü. Nə deyəcəyik? Qızımız bir yumurta qırmağı da bacarmır desək kim ona yaxın düşəcək? Sən heç bu haqda fikirləşmisənmi? Yox, çətin fikirləşəsən, sənin gözündə Şəfiqə hələ də uşaqdır. Elə bilirsən fikir vermirəm? Hələ də evdən çıxanda körpə uşaq kimi əlindən tutursan. Elə bil bağçaya aparırsan.
Baxmayaraq ki, müharibədən sonra Bakıda, istərsə də əyalətlərdə həyat öz axarına düşmək üzrə idi. Abadlaşma, yeni fabrik, zavodların istifadəyə verilməsi davamlı olaraq həyata keçirilirdi, amma insanların təfəkküründə hələ də inqilaba ehtiyac vardı. Əksər insanlar ailə həyatının yolunu məhz biş-düşdə, ev işlərinin mükəmməl öyrənilməsində görürdülər. Fikirləşirdilər ki, bir gənc qızın gələcək həyatı onun istəyindən asılı olmayaraq ər evinə köçüb, öz ailəsini qurmaqdan ibarətdir. Və düşdüyü mühitin qanunlarının nədən ibarət olmasından asılı olmayaraq, onlara tərəddütsüz tabe olması bir gənc qızın pozulmaz qanunu olmalı idi.
Təbii ki, Şəfiqə də mühitə və zəmanəyə uyğun olaraq bununla barışmaq və qəbullanmaq məcburiyyətində olan gənclərdən biri idi. Lakin eşq, sevgi deyilən bir duyğu var ki, bəzən xeyirli qismətinə bələdçi olub səni ağuşuna elə alar ki, ruhun da, düşüncən də, hətta cismin də sən istəmədən ona tabe olar…
Nədənsə Şəfiqə baş tutacaq film yaradıcıları ilə görüşə can atırdı. Bəlkə də aylardır evdən bayıra çıxmaması idi, bəlkə də içində incəsənətə olan dərin və sonsuz sevgi idi, bəlkə də dediyim həmin o qismətin gətirdiyi eşq qığılcımı idi ki, özündən xəbərsiz Şəfiqəni o məkana çəkirdi.
Axşam saatları olmasına baxmayaraq Şəfiqə nənəsi ilə birgə evdən çıxa bilmişdi. Onlar “Kubinka” meydanı adlanan ərazidən keçib asta addımlarla irəliləyirdilər. Şəhərin mərkəzi olmasına baxmayaraq, bura o qədər də cəlbedici görünüşdə deyildi. Şəfiqə ətrafı diqqətlə nəzərdən keçirib nənəsindən soruşdu:
– Nənəcan, bura şəhərin qədim, həm də mərkəzi yerlərindən biridir. Amma niyəsə baxımsız bir halı var. Niyə belədir səncə?
– Eh, qızım, sən hələ buranın ən abad halını görürsən. Rəhmətlik babam həmişə danışardı ki, “Kubinka” meydanı Bakının ən kasıb, baxımsız yerlərindən olubdur. Bura lap əvvəllər bazar adıyla tanınıbmış. Həm də buranın sakinləri şəhərin ən kasıb təbəqəsi hesab olunardı. Antisanitariya baş alıb gedərmiş burada. Nə təmizlikdən, nə də cah-cəlallı evlərdən xəbərsiz bir yer imiş. 1903- cü ildə qərar verilib ki, meydan lazımsız tikililərdən, bazar piştaxtalarından təmizlənib abadlaşdırılmağa başlanılsın. Hələ deyilənə görə yaxın illərə buranın görkəmi tamam dəyişəcək. Sağ tərəfdə tikilən o binanı görürsənmi? Bax, eşitmişəm ki, o teatr binası olmalıdır. Hətta meydanın adı da yenilənəcək deyirlər. Bakımız yavaş-yavaş gözəlləşəcək, qızım. Kaş ömür vəfa edəydi mən də o gözəllikləri görə biləydim.
– Ay nənə, sənin hələ gözəl günlərin qarşıdadır, niyə belə deyirsən? – Şəfiqə nənəsinin qoluna girib ona bir az da yaxınlaşdı. Sən o gözəlliyi arzulama, onlar zamanla olacaq. Sən arzula ki, kaş insanların ruhu çirkin niyyətlərdən təmizlənəydi. Necə ki, bir zamanlar bazar zibillikləri ilə dolu olan meydanı abıra sala bilmişiksə, insanların ruhun da bəzi iyrənc fikirlərdən təmizləyə biləydik.
Nənəsi Şəfiqənin nə demək istədiyini gözəl anlayırdı, ona görə də nəvəsinə heç bir söz deməyib, köks ötürdü.
Saat 19:00 göstərəndə kinonun yaradıcı heyəti səhnəyə çıxdı. Şəfiqə nənəsi ilə ilk sırada əyləşmişdi. Yolüstü bir dəstə də çiçək almışdılar. Şəfiqənin əynində üstü mavi güllü sadə don vardı. Əlindəki gül donuna bir başqa yaraşıq verib qızın gözəlliyinə gözəllik qatmışdı. Saçları həmişəki kimi yenə də hörüklü idi. Ənliyin, kirşanın nə olduğunu bilməyən üz dərisində təbiətdən gələn bir parlaqlıq vardı. Toplum içinə düşəndə isə, yanaqları allanardı. Bəlkə də görüşə gələnlərin ən gözəli Şəfiqə idi. O gözlərini səhnədən çəkə bilmirdi. Bütün diqqəti danışanları dinləməkdə idi. Bəlkə də bu gənc qız özünü xəyalən kinonun yaradıcı kollektivində təsəvvür edirdi. Bəlkə də aktrisalardan birinin yerində olmağı düşünürdü. Bəlkə də incəsənətə necə gələ bilər, necə belə bir filmin iştirakçısı olaram deyə yollar düşünürdü. Şəfiqənin nə düşündüyünü özündən başqa bilən yox idi. Amma gənc aktyorun gözünü Şəfiqədən çəkməməsini Şəfiqədən başqa az qala hamı görürdü.
Bu Səkinə nənənin də gözündən yayınmamışdı. Dirsəyi ilə Şəfiqəyə toxunub:
– Nə yaman diqqətlə qulaq asırsan? – deyə gülümsündü. Bir gözünü çevirib yan tərəfə də baxsana.
Baxmayaraq ki, Səkinə arvad qanunları sərt olan bir məhlədə göz açıb böyümüşdü, amma dünyaya baxışı fərqli idi. Elə oğlu da hərdən anasını məzəmmət edirdi ki, Şəfiqə sənə çəkdi, heç cürə barışmaq istəmir bizim qanunlarımızla.
Şəfiqə nənəsinin başı ilə işarə etdiyi səmtə baxdı. Elə ilk baxışla da tilsimlənib gözünü çəkə bilmədi. Yaraşıqlı görünüşü, dolu bədəni olan bu gənc oğlana üzünün sərt ifadəsi bir qədər kobudluq gətirsə də ona çox yaraşırdı. Bir dəqiqədən çox çəkməyən bu qoşalaşmış baxışlar gələcək həyat üçün öz sözünü deyə bildi…
Muxtar kino aləmində təzəcə addımlamağa başlayırdı. Bu, onun çəkildiyi ilk film idi. İstedadı, bacarığı, çalışqanlığı elə ilk filmdən bu gəncin gələcəyinin, kino sahəsində uğurunun olacağından, həm də çox parlaq olacağından xəbər verdi. Səhnəyə yaraşan görkəmi onun şansını bir qədər də artırırdı. Muxtar zəhmətə qatlaşmaqdan qorxan deyildi. Evin ortancıl övladı olmasına baxmayaraq, evin qayğısını çəkmək onun çiyinlərinə düşmüşdü. Gecə-gündüz işləməsinə baxmayaraq sənətinin vurğunu idi. Bu ağır işdən nə yorular, nə də bezərdi. O illər tam fərqli bir dövr idi. İncəsənət təsadüfi adamların düşdüyü məkan ola bilməzdi. Qabiliyyət, səhnə mədəniyyəti, savad, işini ürəkdən sevmək bir aktyordan tələb olunan şərtlər idi. Muxtar da qarşısına məqsəd qoymuşdu ki, kino sənətini ən dərin incəliklərinə qədər öyrənsin. Bir müddət aktyorluq etdikdən sonra film rejissoru olmaq istəyirdi.
İlk çəkildiyi film isə, deyəsən, ona kino sahəsində uğur gətirməklə bərabər, həm də gələcək həyatının təməlini qurmaq üçün dərin sevdaya salmışdı. İncəsənətə bağlı insanların qəlbləri digər insanların qəlbindən bir qədər fərqli olur. Onlar həssas olmaqları ilə yanaşı, ürəklərində sevgiyə daha çox yer ayırırlar. Ya da, sevgi onların ürəklərinin hakimi olur…

02/12/2018 tarixində Yazılarım içində dərc edildi və , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.

  1. Axşamınız xeyir olsun Sevinc xanım…Sizi burda gördüm kövrəldim( deyəsən çox çox darıxmışam…Səbirsizliklə gözlədiyim bir əsərin davamını oxumağ həqiqətən zövq verdi..Bilmirəm bəlkədə mütaliə etməyi sevdiyimçündür…Ama sizin dəsdixəttinizdən olan bir əsəri oxumağ aurıca bir gözəllikdir…… “İşlənməyən cinayətin cəzası” bu adı sadəcə siz seçə bilərdiz..fərqli özəl dedektiv bir o qədərd sevinclidünyanın xətti varsa bu əsərdə?? Söz ola bilməzki…..həzz alarağ oxudum hər sətrini ilmə ilmə qəlbimə toxudumm.Evlilik çağlarında olsamda mütləq ki sizə və dəsdixəttinizə ayıracaq özəl anlarım zamanlarım olacağ inşAllah……Dəyərlisiniz Sevinc xanım…Çox təşəkkür edirəm həsrətlə gözlədiyim bir əsərin davamınl paylaşdığınız üçün minnətdaran…və zamanla ardını oxuyacağımçün də çox şansılıyam❤❤özünüzə yaxşı baxın mənim sizə ehtiyacm var..!

    tərəfindən bəyənildi 1 şəxs

    • Axşamın xeyir olsun, gözəl qızım. Oxuyan gözlərin gözəllik görsün hər zaman. Diqqətin, dəyərin üçün çox-çox minnətdaram. İnşAllah yeni həyatın sənə yaşadığın bütün pislikləri unutduracaq. Çox xoşbəxt olmanı, çox istəyirəm.
      Nə zaman, nəyə ehtiyacın olsa mail adresimə yaz, çəkinmə. Ola bilər gec baxaram, amma baxdımsa, cavab yazacam, arxayın ol. Hətta yazmışam sənə, yəqin baxmamısan.

      Bəyən

  2. Salam əzizim.bilirsən mi bu ad məni çox düşündürdü. “İşlənməyən cinayətin cəzası”😕 bu cəlbedici və düşündürücü adı yalnız sən fikirləşə bilərsən👍👏👏👏👏👏👏əllərin yorulmasın əzizim, sevə sevə oxudum. Sonuncu cümlə isə👏👏👏sevgi onların ürəklərinin hakimi olur.bu cümlə gerçəkdən yerinə düşdü

    tərəfindən bəyənildi 1 şəxs

  3. Çox maraqlı olacaq bu povest inşəAllah. Böyük səbrsizliklə gözləyirəm davamını.
    Bizimlə də paylaşdığınız üçün sizə təşəkkür edirəm, Sevinc.

    tərəfindən bəyənildi 1 şəxs

  4. Gecən xeyir əzizim. Bir bilsəz sizinçün necə darıxmışam… Vaxt baxımından çətinliyimi bilirsiz. Son günlərsə lap sıxışmışam. Neçə vaxtdı məmnuniyyətlə isti ocağının qonağı olmaq istiyirdim amma bilirsiz, hər vaxt hər şey istədiyimiz kimi olmur… Bu gündə bütün günü sizi düşünmüşəm, hər günkü nigaranlıqla…
    Üzərimdə elə bir yorğunluq, sıxıcı gərginlik varki.. bilirəmki tanış hiss olduğuyçün nə dediyimi anlayırsız😕 Amma yenə ruhumda olan aclığı doydurmaq istədim saata, əhvala baxmadan. Bu toxluq üçündə siz tamlığıyla yetirsiz əzizim. Əlinizə, əməynizə, ürəynizə sağlıq. Yorulmayasan, gücdən düşməyəsən əzizim. İnşAllah ürəyincə tam hazır olar tamamını oxumaq da bizlərə nəsib olar🙏 Bu adı da özü kimi cəlbedici əsərin hər sətri Sevinc dəstixəttinin ən gözəl nümunəsidi. Sizinlə qürur duyuram əzizim. Varlığınız gözəldi❤❤❤😚🌷🌹

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: