Tənha qalmış pişik balası

Soyuq da həsrət kimidir, xəbər etmədən gələr, insanın iliyinədək işləyər həm də… Yox, bu günkü qəhrəmanım insan deyil. Bu gün pişik balasından danışacam. Xoşbəxtliyin sevincini doyunca dadmadan tənha buraxılan pişik balasından…
…ayağını zorla sürüyərək gəzirdi, o tindən bu tinə, bu tindən o tinə. Gücü, taqəti bitmişdi, içindəki qorxu onu acizləşdirib ürkək etmişdi. Qarşısına çıxan hər şeydən qorxur, bir qaraltı görən kimi sığınmağa yer axtarırdı.
Gecə yarısı, yenə ac, yenə tək, yenə aciz…başqa yolu yoxdu, ölmək və hər şeydən birdəfəlik qurtulmaq. Başını aşağı salıb mərkəzi küçəylə hara gedəcəyini özü də bilmədən yola çıxdı. Ürəyi qorxudan az qala yerindən çıxacaqdı. Yaxınlıqdan gah özündən razı pişiklərin qorxunc səsi, gah tək-tək də olsa hərəkət edən maşınların əyləc səsi eşidilir, göydən isə sulu qar qarışıq tökülən yağışın küləyə qarışmış soyuqluğu yağırdı… Amma pişik balası bu dəfə inadlı idi, qorxmadan ölümə doğru gedirdi. Yolun tən ortası ilə, nə səkiyə çıxır, nə də əvvəllər olduğu kimi üzünə düşən gur avtomobil işığından ürküb kənara qaçırdı. 
Yorulmuşdu, ayaqlarında güc qalmamışdı. Yolun ortasındaca oturub qaldı, daha gedə bilmirdi. Elə bu vaxt isti bir əl pişik balasının ortasından tutub yaş asfaltın üstündən qaldırdı. Pişiyin gözləri halsızlıqdan yumulurdu, nələr baş verdiyindən xəbərsiz idi. Bu qayğıkeş insan kim idisə, deyəsən tanrı onu bir xilaskar kimi göndərmişdi zavallı pişiyə. Deyəsən…
Avtomiblin qapısını bağlayıb pişik balasını qabaq oturacağa qoyan adamın ilk sözü bu oldu:
– Sənin sahibin yoxmu? Bu qədər balacaykən niyə təkbaşınasan?
-Sahib? O kimdir? Necə olur?
-Sahibin varsa, demək, sənin qeydinə qalanın, səni bəlalardan, pisliklərdən qoruyanın var deməkdir. Ac olanda yeməyini vermək, xəstə olanda qulluğunda durmaq, arada başına mehriban sığal çəkməkdir sahibin olmaq, – deyə gənc adam sağ əli ilə balaca pişiyin başını sığalladı.
Pişik bu qayğıdan, bu sözlərdən çox xoşlandı. Kədərdən dolmuş gözlərinə işıq gəldi. Başını qaldırıb gənc adama baxdı.
– Sən kimsən? Necə də yaraşıqlısan. Kimsən sən?
– Mən…kiməm mən? İnsanam, sadə bir insan.
– İnsan? Eh!..o qədər insanlar çıxdı ki, qarşıma. Biri ayağını yerə vurub qovdu, biri arxamca düşüb qovaladı, biri də acımasızca təpiklədi. Mən insanlardan qorxuram. Pişik balası bunu deyib, atılıb oturacağın altına girdi. Bir küncə sığınıb gözlərini bərəltdi.
– Hmmm…anladım, sən bərk qorxmusan, insanlar səni qorxuzublar. Gəl yanıma, qorxma. İstəsən sənin sahibin olaram. Səni çox sevdim, balacasan, amma çox üzgünsən. Səni qayğılardan qurtara bilərəm. Gələrsənmi mənimlə? Qorxmazsan ki mənlə yaşamaqdan?
– Sən də insansan, bir gün sən də onlar kimi olacaqsan. Ya heç nədən acılayacaqsan, üstümə qışqıracaqsan, ya da bir bəhanə tapıb qapı arxasına qoyacaqsan məni. Yox, gəlmirəm səninlə.
– Ay, ay, ay! Səni gör necə incidiblər, nankor insanlara bax sən hələ. Heç səni üzmək olarmı?
Pişik balası dolmuş gözlərini gənc adamdan gizlədə bilmədi. Əslində bu təklif çox ürəyincə idi. İlk andan bir doğmalıq duymuşdu bu adamda. Özünə söz vermişdi, insanlardan min ağac uzaq duracaqdı. Amma niyəsə bu mehriban münasibət, həm də tənha qalması onu sözündən dönməyə məcbur etdi.
Gənc adam pişik balasını evinə gətirdi. Soyuqdan donmuş, qayğıya möhtac balaca pişiyin ömrünə təzə gün doğmuşdu. Bir neçə saat bundan əvvəl ölməyi düşünürdüsə, indi ancaq yaşamaq, bu isti evdə bir rahat gün keçirmək haqqında xəyallar qururdu.
Gənc adam həqiqətən də bir müddət pişik balası ilə çox mehriban davrandı. Hər gün evə gələr-gəlməz ilk onunla maraqlanar, yeməyinə fikir verer, gecə yarısına kimi onunla dərdləşərdi.
Pişik balası çox xoşbəxt idi. Amma yenə də içində bir qorxu vardı. Elə bilirdi ki, bu xoşbəxtliyi uzun çəkməyəcək. Bir gün hansısa səbəbdən, ya səbəbsiz gənc adam onu yenə də qaranlıq küçələrin ağuşuna atacaqdı.
Hər gün bu haqda gənc adama danışmaq, içindəki şübhəyə son qoymaq istəyirdi. Amma cürət etmirdi. Ona görə yox ki, şübhəsində haqlı çıxa bilərdi. Ona görə ki, sözləri ilə gənc adamın könlünə dəyər, incidər onu deyə qorxurdu. Baxmayaraq ki, sevgi kimi gözəl hissi yaradan insanlara daha ali formada verib, amma pişik balasının içində olan bu hiss heç bir bəni-insanda tapıla bilməzdi. Pişik balasında nə hiylə, nə xəyanət, nə də vəfasızlıq vardı. Sabah biri çıxıb desə ki, gəl mən sənə daha isti ev, daha çox süd verəcəm içməyə, o əsla getməyəcək, sahibinə xəyanət etməyəcəkdi. İnsanlar isə belə deyillər. Onlar daima daha üstün olana meyilli olurlar. Məhz ona görədir ki, pişik balası nəinki heyvanlardan, hətta özünü insan sananlardan da sədaqətli, vəfalı və sadiq idi…

Nəhayət, bir gün pişik balası özündə cəsarət tapdı. Son günlər gənc adamda bir az soyuqluq hiss etdiyi üçün içinə dolan qorxu hissinə son qoymaq istədi, gənc adama dedi:
– Sahibim, bilirəm inciyə bilərsən bu sözümdən, amma yenə də deməliyəm. İçim rahat olsun istəyirəm.
– Hmmm…nədi səni narahat edən, balaca pişiyim? İncidiyin bir şeymi var?
– Yox, sən məni heç incitmədin ki. Sən mənim qayğıma qalmaqdan savayı heç nə etmədin ki. Amma niyəsə yaman qorxuram.
– Axı nədən qorxursan?
– Bir gün məni tərk etməyindən, – pişik balası güclə eşidiləcək səslə dilləndi.
– Hmmm…niyə tərk edim ki, səni?
– Nə bilim, yorularsan, bezərsən, daha istəməzsən məni.
Gənc adam bir qədər fikrə getdi, alnını ovuşdurub, sözlərindən çox da əmin olmayacaq bir tərzdə:
– Yox, bunu ağlına belə gətirmə. Mən sənin sahibinəm. Sənə yiyə durmuşam. Qorxunun, qaranlığın, soyuğun, ümidsizliyin, çarəsizliyin əlindən alıb səni yaşadacağıma söz vermişəm. Biz insanlarda yaxşını pisdən ayıran, onu el arasında hörmətli edən cəhətlər var. Bir insanı sadiq edən tutduğu əli buraxmamasıdır. Mən də səni buraxmaram, unutma! Sözün düzü sən mənə o qədər doğmalaşmısan ki, heç özüm də sənsiz qala bilmərəm. Pişik olanda nə olar ki, sən çox insandan sadiq olacaqsan mənə bilirəm bunu,  – deyə gənc adam gülümsədi.
Pişik balası dolmuş gözlərini otağın pəncərəsindən qaranlıqda sel kimi yağan yağışa dikdi. Bir qədər susub qəhərli səslə dilləndi:
– Bax, gör necə yağış yağır. Həyatdır, olar ki, bir gün eyni otaqdan izləyə bilmərik bu yağışı, amma nə zaman yağış yağsa bu günləri və məni xatırla. Sən axı məni belə bir soyuq havada, göydən yağış, gözümdən qan-yaş töküləndə tapdın.
– Bir də bu haqda kəlmə belə istəmirəm. Nə qədər mən yaşayıram sən mənim yanımda olacaqsan. Anladınmı? Mən səni heç zaman tərk etmərəm, mən tutduğum əli buraxmaram, arxayın ol.
– Anladım. Səni üzdümsə, bağışla.
Beləcə günlər ötüşməkdə davam edirdi. Balaca pişik balasının içinə dolan şübhələr hər gün bir az daha çox özünü göstərirdi. Gənc adam getdikcə dəyişirdi. Daha əvvəlki kimi pişik balasının qeydinə qalmır, nə yeyib, nə içdiyi ilə günlərlə maraqlanmırdı.
Pişik balası səbirlə gözləyirdi. Özü çıxıb getmək, sahibinə yük olmaq istəməsə də gedə bilmirdi. Sahibi üzülər deyə qorxurdu. İstəyirdi gənc adam özü desin ki, daha səni istəmirəm, get…
Artıq üç gün idi ki, sahibi evdə gecələmirdi. Pişik balası nigaran idi. Başına bir iş gələr deyə qorxurdu. Kaş ki gəlsin, məni qovsun evindən. Amma başından bir tük də əskilməsin. Mən razıyam onsuz yaşamağa, əgər o mənsiz rahat olacaqsa…
Pişik balası qapının ağzındaca oturub gecə yarısınadək gözlədi. Nəhayət, gənc adam qapını açıb içəri girdi. Pişik balasının ürəyi az qalırdı yerindən çıxsın. Sahibinin ayaqları üşüyər deyə başmaqları ona tərəf itələdi. Gənc adam niyəsə əsəbi görünürdü. Başmağı görmədiyindən ayağına ilişdi. Büdrəyib az qala yıxılmışdı. Elə bildi ayağının altında qalan pişik balasıdır:
– Sənə deməmişəm ortalıqda az gəz, yıxılmışdım sənin ucbatından.
– Ayaqların üşüyər deyə başmaq verdim sənə.
– Vermə, istəmirəm. Qeydimə qalmaq sənəmi qalıb? Heç səni də istəmirəm. Qapının yerini tanıyırsan. Çıx və get. Bir daha da dönmə…
Pişik balası geriyə də baxmadan, səbəbini soruşmadan gecənin qaranlığında küçəyə çıxdı…
… Əslində pişik balası bu günün olacağını gözləyirdi. Bilirdi ki, onun xoşbəxtliyi uzun çəkə bilməz. O rahat həyat üçün gəlməmişdi bu dünyaya…
Bəlkə də inad edib geri qayıda bilərdi, bəlkə dolmuş gözləri ilə gənc adama bircə kəs baxsaydı adam onu geri qaytarar, səhvini anlayardı. Bəlkə həmin gecə evdən çıxıb, səhəri bir bəhanə ilə geri qayıtsaydı gənc adam yenə də ona qollarını açacaqdı…
Bəlkə bir gün, hər gün erkən saatlarda, işə getmək üçün oyandığında pişiyi görməyə adət etmiş adam onu yanında görməyəndə kövrələcək, bəlkə gözləri dolacaq… “Kaş ki geri dönəydi”, “kaş ki yenə rastlaşaydım küçədə onunla”, “kaş ki heç nədən qırmayaydım qəlbini” deyə təssüflənəcəkdi… Bəlkə, bəlkə, bəlkələr…
…yenə qaranlıq, yenə soyuq küçə, yenə tənha, yenə aciz, yenə ürkək, içində yaşamaq qorxusu olan pişik balası, yenə çarəsizlik…əslində pişik balasını daha nə soyuq, nə aclıq, nə də qaranlıq küçələrin vahiməsi qorxudurdu. Pişik balasını qorxudan tək bircə şeydi. İnsanlara ümidinin itdiyi anda qarşısına çıxan gənc onu inandırmışdı ki, insanlar o fikirləşdiyi kimi də mərhəmətsiz və laqeyd deyillər. Hələ də təmənnasız sevgi, qayğı göstərən, hələ də qarşılıq gözləmədən qeydə qalan, xeyirxah, comərd, güvəniləcək biri ola biləcək insan var yer üzündə. Pişik balası bu inamının alt-üst olacağından qorxurdu…
Yox, sən yenə də mənim fikirləşdiyim kimisən, gənc adam, sahibim, xilaskarım, mən səninlə insanlığı sevdim, mən səninlə həyatı sevdim. Məni evindən qovmağa hər nə səbəb olmuş olsa da, sən mənim qəhrəmanım olaraq qalacaqsan. “İnsanlar pisdir, qaçın onlardan” deyən olduğunda mən səni hər kəsə misal çəkəcəm. Bəlkə də qəddarsan, bəlkə də mehribanlığının altında bir zalımlıq, bir kin gizlətmişsənmiş, amma yox, sən elə mənimçün sənsən… Sən İNSANSAN…həm də ən yaxşı insan…
…düşünmə məni, darıxma məndən ötrü, heç yadına da düşməyim, aclığım, tənhalığım səni üzməsin, amma bircə İNSAN ol. İnsan ol ki, insanlığı öldürməsin insanlar…axı sən mənim insanlıq mücəssiməmsən…mən onsuz da qəm üçün doğulmuş balaca bir pişik balasıyam. Demişdim sənə, əlimi buraxdığın gün varlığım yoxluğumdan fərqlənməyəcək…görüşmək, səni bir daha görmək ümidim ölüb…

… Hər gün yenə qaranlıq olacaq, arada yağış da yağacaq, yenə üşüyəcəyəm, bu dəfə təkcə soyuqdan yox, həm də sənsizlikdən… sənə möhtac olduğumu bilə-bilə məni tənhalığımla, dərdlərimlə tək buraxdın, insan övladı… Sənə nə deyim ki?! Sağlıqla qal deyirəm, mənə sahib çıxa bilməyən sahibim…

12/10/2018 tarixində Hekayələr, Yazılarım içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 6 Şərh.

  1. Yazını çox bəyəndim. İnsan olmaq o qədər də çətin deyil əslində, sadəcə cəhd etmək lazımdır.
    Təşəkkür edirəm, Sevinc, maraqlı yazılarınızı gözləyirəm inşəAllah.

    tərəfindən bəyənildi 1 şəxs

  2. “Soyuq da həsrət kimidir”… Yenə gözəl bir yazı, ürəyiniz var olsun əzizim Sevinc xanım

    tərəfindən bəyənildi 1 şəxs

  3. Her vaxtınız xeyirli olsun Sevinc xanım. Nehayetki size qonaq gele bildim. Xoş gördüm sizi.Sevincimin heddi- hüdudu yoxdu, mene eziz olan bir insana yeniden qovuşdum. Şükür qovuşdurana. Yazılarınız üçün bilseniz nece darıxmışdım. Bilirsiniz tezelikce bir pişik balası götürüb saxlayırıq. 2 ay olar. Sizin yazdıqlarınızı oxuduqca gözümün qabagında Loki canlandı (pişiyimizin adıdı) Bir anlıq tesevvür etdimki, bu pişik balası bizim Lokidi. Pişiyin sahibi haqqında düşünceleri, ona mehr salması,mehebbeti, inanması, qorxusu meni çox kövreltdi.Heqiqetende cemiyyetimiz menevi baxımdan tam inkişaf etmeyib. Her kese aid olmasa da, bezi insanların heyvanlara olan münasibeti onların düşüncelerinin, dünyagörüşlerinin ne qeder dar, kasad oldugunu gösterir. “ Yemeyini ye, yatmasan it seni gelib aparacaq” kimi ifadelerle hele kiçik yaşlardan uşaqlara heyvanlara qarşı nifret hissi aşılanır.Bunun neticesidirki, dilsiz-agılsız varlıqlara bezi insanlar terefinden işkence verilir.Pişik balasının diliyle çox ince meqamlara toxunmusunuz Sevinc xanım. Bu günki günde cemiyyetde tek heyvanlara deyil, insanların biri- birlerine qarşı aqresiyası da artıb. Adam olmagına her kes adamdır. İnsanlıga gelende her kes insan deyil. Bu sebebden insan olmagı bacarmaq lazımdır.Ve nedense adamlar üçün çetin olan da budur. Eminlikle onu deye bileremki, heyvanlar bir çox insanlardan daha vefalı,etibarlıdırlar. Ezizim Sevinc xanım, qeleminize saglıq. Çox beyendim. Zaten qeleminizden çıxan yazıları beyenmemek qeyri- mümkündür. Allah sizi her zaman özünüz kimi gözel qelbli insanlarla qarşılaşdırsın. Sizi çox isteyirem, vaxtaşırı size qonaq gelecem. Öpdüm😘❤️🌷

    tərəfindən bəyənildi 1 şəxs

    • Axşamınız xeyir, dəyərli Mətanət xanım. Çox xoş gəldiniz, çox şad oldum sizi burda yenidən görməyə. Görürsünüzmü, bu yazdığım mövzunun da reallıqla bir əlaqəsi varmış. Mənim çox sevdiyim ev heyvanlarından biridir pişik. Mənim də bir zamanlar bir pişiyim vardı, həyətdə saxlayırdım onu. Məcburən onu tərk etməli oldum. Günlərlə yemək yeməyib qapımı cırmaqlayıb mən gələndən sonea. Təəssüf ki, özümlə götürə bilməzdim onu. Sonra o həyətdən də çıxıb getmişdi 😥😥😥
      İnsanlar indi insanları sevə bilmirlər, heyvanları nece sevsinlər?.. Zaman gələcək bütün canlılar sevgi mövzusunda insanları geridə qoyacaqlar. Təsəvvür edirsinizmi nələr baş verəcək?
      Doğru deyirsiniz, uşaqlara körpə yaşlarından canlı, ya cansız hər şeyi sevməyi öyrətmək lazımdır.
      Nə qədər ki insanlar sevgini təmənna ilə edəcəklər, nə qədər ki analar övladı doğru sevməyi bacarmayacaqlar, nə qədər ki ata övladını minnətlə böyüdəcək, o zaman dünyadan heç nə ummayaq gərək..
      Bir daha təşəkkür edirəm, gəlişiniz və mövzuya münasibətiniz üçün 🙏😘❤️

      Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: