İşlənməyən cinayətin cəzası

Axşamınız xeyir, əzizlərim. İşimi yarımçıq qoymaq adətim deyil, bilirsiniz bunu. Amma həyat biz istədiyimiz axarda davam etmir, bunu da bilirik. Bu gün aylardır yazmağa başladığım, amma bitirə bilmədiyim povestdən bir hissəni paylaşmaq istəyirəm sizinlə. Povest üçün nöqtəni qoymuşam, hadisələr, süjet xətti, hər şey yığcam formada hazırdır artıq. Qalıb yazıya köçürüb qələmə almaq. Allahın izni ilə bitirmək qismət olar və həmişəki kimi dəyərli dostlarım da dəyərli fikirləri ilə münasibət bildirərlər. Bilirəm ki, yazılarımı maraqla gözləyənlər var, elə isə, buyurun, oxuyun ☺️


Hər tərəf qatı dumana bürünmüşdü. Göz-gözü görmürdü. Hava yavaş-yavaş qaralırdı. Amma duman hələ də çəkilmək bilmirdi, elə bil gecənin zülmətinə qarışıb bir az daha hüzün yaşatmaq istəyirdi Dilarəyə. Ömrünün altıncı payızı idi, artıq adət etmişdi, axşamın qaranlığı pəncərədən otağına düşər-düşməz, pərdəni aralayıb gözünü uzanıb gedən yollara dikərdi. Gəlişinə ümidini itirsə də qadın yol gözləyirdi. Nə vaxt yığılacaqdı gözləri bu yollardan görəsən?!..
…Dilarə məktəbi bitirməyin astanasında idi. Qəbul imtahanları yaxınlaşırdı. Ağlı, fərasəti ilə yaşıdlarından seçilən bu qızda xüsusi bir cazibədarlıq, çəkicilik vardı. Hərdən güzgünün önünə keçib başdan-ayağa özünü süzər, gənc oğlan gözüylə özünə qiymət verməyə çalışardı. Bədən quruluşunda heç bir eyibi yox idi. Sinəsi yaşına uyğun qabarıqlığı ilə diqqət çəkirdi. Boynu bədəninə biçilmiş tərzdə, nə çox uzun, nə də qısa idi. Amma buxağını sinəsiylə birləşdirən nayihədə qara xalın yanaşı düzülüşü ona xüsusi bir yaraşıq verirdi. Ayaqları da bədəninə mütənasib quruluşda idi. Dərisinin rəngi isə bəlkə də bədənində olan əyər-əskiyi tamamlayırdı. Dilarəyə baxan heç deməzdi ki, bu qız kənd yerində, günəş altında böyüyüb. Hətta qonşu qızlar hərdən ona bir az paxıllıq, bir az da qibtə ilə:
– Elə bil zalımın qızının bədəninə fil sümüyündən təbəqə çəkilib. Necə də gözəl dərisi var bəxtəvətin, par-par parıldayır, – deyə söz atardılar.
Amma niyəsə Dilarə heç vaxt özünü bəyənməzdi, hətta hərdən onu sevən oğlanlara gülərdi də:
– Axı mənim nəyimi sevirlər? Bir tək gözlərimdi, başqa nəyim gözəldi ki? Nə iri ətli dodaqlarım, nə ədalı dik burnum, nə də yay kimi çəkilmiş qaşlarım var. Nəyi bəyənirlər məndə heç bilmirəm.
Əslində bu saydıqları Dilarədə həqiqətən də yox idi. Girdə yanaqlarına, geniş alnına, nazik burnuna xüsusi gözəllik qatan açıq qəhvəyi gözləri idi. Baxışı o qədər ürkək, o qədər saf idi ki, baxan özünü ümmanda hiss edərdi. Sevgi dolu idi gözləri. O gözlərə baxan, o gözlərin əsirinə çevrilərdi. Anlayan üçün məhəbbət, qiymət bilən üçün sədaqət, sevə bilən üçün eşqdi o gözlər. Kimi gözəl etməzdi ki, o gözlər? Kim sevməzdi ki o gözləri?!..
Ailənin yeganə övladı idi Dilarə. Evin tək uşağı olduğu üçün valideynləri daima nazını çəkər, əzizləyərdilər. Dilarənin ən böyük arzusu həkim olmaq idi. Ətrafındakı qızlar, rəfiqələri hamısı Bakıda oxumağa can atırdılar, amma oxuyub elə şəhərdə də qalmağı düşünürdülər. Lakin Dilarə fərqli idi onlardan. O, oxuyub rayon mərkəzindəki xəstəxanada işləmək üçün gecəsini gündüzünə qatırdı. Dilarənin yaxın qohmu rayon xəstəxanasında baş həkim vəzifəsində çalışırdı. Dilarəyə söz vermişdi ki, oxuyub qurtaran kimi onu həmin xəstəxanada işlə təmin edəcək.
Yayın son günləri idi. Dilarə artıq Azərbaycan Dövlət Tibb İnistitutunun tələbəsi adını qazanmışdı. Sevincindən yerə-göyə sığmırdı. Atası onunçün şəraiti yaxşı olan bir ev kirayə götürmüşdü. Baxmayaraq ki, Dilarənin ana nənəsi Bakıda yaşayırdı, amma Dilarə atasından xahiş etmişdi ki, onu kiminsə evində qalmağa məcbur etməsin. Atası da qızının sözünü yerə salmamış qonşu rayondan olan Samirə adlı qızla eyni evdə qalmasına razılıq vermişdi. Samirə özü isə Azərbaycan Dövlət Pedaqoji İnistitun Ümumi Texniki Fənlər fakültəsinin tələbəsi idi. Beyləqan rayonun Şahsevən kəndindən idi. Dilarədən iki yaş böyük idi. Ailəsini oxumaq üçün güclə razı saldığına görə sənədlərini ali məktəbə, məktəbi bitirdikdən iki il sonra ancaq verə bilmişdi. İlk baxışdan tərbiyəli, sakit təbiətli qız təəssüratı yaradırdı. Dilarənin atası arif adam idi. Samirənin davranışından, böyük yanında özünü aparmasından hiss etmişdi ki, bu qızdan Dilarəyə zərər gəlməz. Ev üçotaqlı olsa da, Dilarənin atası Hafiz kişi başqa tələbə qızların qalmasına razı olmamışdı:
– Evin ümumi kirayə haqqı nədir özüm ödəyəcəyəm. Əlavə heç kimi gətirməyin, xahiş edirəm, – deyib ev sahibi ilə razılaşmışdı.
Ev Tibb İnistutuna yaxın ərazidə idi. Səməd Vurğun küçəsi ilə Bakıxanovun kəsişməsindəki parkın içində yerləşən doqquzmərtəbəli binada idi. Bura “Artistlər” binası da deyilirdi. Çünki Azərbaycanın ən məşhur artistlərinə dövlət burdan mənzillər ayırmışdı. Elə ona görə də adı belə qalmışdı. Müvəqqəti olaraq öz sənətini xaricdə davam etdirmək üçün Bakıdan ayrılan Azərbaycan Dövlət Dram Teatrının aktyoru isə evini kirayə vermişdi.
Samirə üçün də əlverişli seçim olduğu üçün narazılıq etməmiş, burda qalacağına sevinərək qərar vermişdi. Pedaqoji İnustutun Bakıxanov korpusu da elə eyni adlı küçədə, binanın yan tərəfindəki küçəni keçən kimi yolun kənarında yerləşirdi. Qızların hər ikisi ali məktəbə getmək üçün nəqliyyatdan istifadə etməyəcəkdilər. Bu binada ev tapması Hafiz kişini çox sevindirmişdi. Əslində bu işdə ona şəhərdə yaşayan dostu kömək olmuşdu. O da dostuna dönə-dönə razılığını bildirmişdi.
Sentyabr ayının ilk dərs günü idi. Qızlar həvəslə dərsə hazırlaşırdılar. Səhər yeməyi üçün süfrəyə atasının iki gün əvvəl gətirdiyi nehrə yağını, motal pendirini qoyan Dilarə Samirəni səslədi:
– Ay qız, gəl bir tikə yemək yeyək çıxaq. İlk gündən dərsə gecikməyək. Yoxsa ilk dərs hansı müəllimin dərsi olacaqsa gözündə gecikən tələbə kimi qalacayıq.
Samirə utana-utana masaya yaxınlaşdı. Bu Dilarənin gözündən yayınmadı. Açıq sözlü biri olduğu üçün, sözünü elə birbaşa dedi:
– Samirə, niyə utanırsan? Elə bil bir həftədi bir yerdə deyib-güldüyün mən deyiləm.
– Dilarə, vallah çox xəcalət çəkirəm yanında.
– Niyə, ay qız? Xəcalətli düşmənin olsun.
– Sənin boğazına şərik çıxmışam. Atangil səndən ötrü dünyanı yığıb töküblər evə. Mənimkilərsə bir göy alça da göndərmədilər. Özün şahidsın, hələ bir dəfə də olsun zəng edib əhvalımı da xəbər almırlar. Demirlər ki, bu qız yad şəhərdə görəsən neynədi, necə dolandı? Vallah belə valideynləri görəndə heç ailə qurmağım da gəlmir. Dilarə qaz sobasının üstündə qızdırdığı çörəyin üstünə yağ çəkib üstünə pendir dilimi qoyub yeyə-yeyə Samirəyə qulaq asırdı. Fikri bir anlıq dolanıb kəndə getdi…
…Soyuqlu, şaxtalı qış gecəsi idi. Dilarə bərk xəstələnmişdi. Çöldə qar az qala adam boyu qədər idi. Külək də bir tərəfdən dayanmadan əsir, topa-topa qarı sovurub küncə-bucağa yığırdı. Tərslikdən elektrik də kəsilmişdi. Gülarə neft lampasını yandırıb masanın üstünə qoymuşdu. Özü isə qızının başı üstündə keşik çəkirdi. Atası Hafiz kişini də yuxu tutmurdu. Gah qızı yatan otağa keçib halını xəbər alır, gah da pəncərənin pərdəsini aralayıb bayırda tufan qoparan havanı izləyirdi:
– Elə bil yağmağa vaxt tapdı bu qar da. İki gün əvvəl elə yaxşı mülayim hava vardı ki, – deyə dodaqaltı gileyləndi.
Otağa qayıdanda qızı qızdırmadan sayıqlayırdı. Hafiz kişinin ürəyi dözmədi:
– Ay Gülarə, bəlkə maşını işə salım birtəhər. Gedib həkim gətirim?
– Bu soyuqda kim isti evindən olar? Həm də heç maşın da səni mənzilə çatdlrmaz, yolda qalarsan. Bir işimizi iki etmə görək. Sirkəli su ilə bədənin ovuşdurmuşam. Bir az da gözləyək, bəlkə hava da sakitləşər.
Dilarə yarıyuxulu valideynlərinin nigarançılığını hiss etsə də qızdırma onu əldən salmışdı, dillənməyə taqəti qalmasa da, anasının ilk tədbiri onu sakitləşdirməsə də, özünü gümrah göstərməyə çalışır, arada gülümsünürdü:
– Ölməyəcəm, qorxmayın. Vallah düz sözümdür. Həkimlik arzusunda olan da heç xəstəliyə təslim olarmı? Mən tələbə olacam, oxuyub rayonumuzun ən samballı xəstəxanasında həkim işləyəcəm. Bilmək olmaz, bəlkə İsayev məni özünə müavin də götürdü. Hə, anacan?
İsayev xəstəxanın baş həkimi idi. Respublikada yetərincə ad qazanmışdı. Həm savadı, həm insanpərvərliyi ilə çox seçilirdi. Gülarə ilə də yaxın qohum sayılırdı. Xətrini əziz tutar, həmişə hörmətlə qarşılayardı onu. Bəlkə də baş həkimin bu davranışından idi ki, Gülarə qızını həkim görmək, məhz İsayev kimi hörmətli birinin yanında çalışmasını istəyirdi. Qızının ağlına, savadına, tərbiyəsinə bələd idi. Bilirdi ki, üzünü qara etməyəcək heç vaxt. İndi Dilarənin xəstə halında dediyi bu sözlər onun ana qəlbini bir az da kövrəltdi:
– Niyə də olmasın, mənim gözəl gözlü qızım? Sən mənim arzularımın tək ünvanısan. İnşAllah bu günü görəcəm, – deyə titrək səslə dilləndi.
Səhərin açılmasına az qalmışdı. Göyün üzü açılmış, qarın yağması səngimişdi. Dilarənin qızdırması da düşmüş, dərin yuxuya gedib şirin-şirin yatmışdı. Valideynləri isə hələ də onun başının üstündə keşik çəkirdilər. Dilarə yuxudan xoşbəxt biri kimi oyanacaqdı. Nə yaxşı ki onu sevən bir ailəsi vardı…
– Dilarə, sən məni dinləmirsən? – Samirə çay içdiyi fincanı nəlbəkiyə qoyub otaq yoldaşına baxdı.
– Fikrim səndədi, Samirə, yadıma kəndimiz düşdü. On gün deyil gəldiyimiz yaman qəribsədim deyəsən.
– Öyrəşəcəksən, tələbəlik həyatı başını elə qatacaq ki, heç aylarla yadına da düşməyəcək, baxarsan. Hələ qoy bu can yaxan baxışlarına vurulan biriləri də tapılsın, onda heyhat, kənd yadına düşdü aa.
– Yaxşı görək, sən məni bu qısa müddətdə hardan tanıdın ki, belə əminliklə də danışırsan?
– Qızların hamısı elədir də. Elə ki, eşq başlarına vurdu, nə kənd, nə kəsək, heç ata-anaları da yadlarına düşmür.
– Yox, Samirə, sən məni başqa qızlarla qarışdırma. Eşqə satılan qızlardan deyiləm mən. Sevərəm, amma ağlımı unudacaq qədər aşiq olmaram.
– Yaxşı, gecikirik, gəl çıxaq. Bunu zaman göstərəcək, – deyə Samirə yenə də sözünün üstündə durdu.
Onlar tini burulub sağollaşdılar. Samirə Pedaqoji Universitetin Bakıxanov korpusuna, Dilarə isə Tibb Universitetinə tərəf getdi.

Qonşudan gələn səs dərsdən yorğun gələn Dilarəni yatmağa qoymadı. Samirə qrup yoldaşları ilə dənizkənarı parka getmişdi deyə evdə tək idi. Durub qonşuya keçmək istəyirdi, amma içində bir tərddüd vardı. Tanımadığı birinin qapısını necə döysün. Döyüb nə desin? Axı bilmirdi ki, söhbətin mövzusu nədir. Amma içəridən yaşlı qadın səsi, arabir ucadan danışan yoğun, xırıltılı kişi səsi eşidilir, anidən sükut çökür, yenidən səs-küy, hətta əşyaların dağılma səsi də gəlirdi. Dilarənin gözünə yuxu gedə bilmirdi, nigarançılıq onu ayağının ucunda qapıya yaxınlaşdırdı. Səslər daha aydın eşidilirdi. Bir ana yanıqlı səslə ağlayaraq yalvarırdı:
– Oğlum, belə etmə, mən anayam, dağlama ürəyimi. Min zülümlə böyütdüm səni. Mənim də arzum var, mən də balama ürəyimcə toy edib gəlin gətirməyin həsrətindəyəm illərdi. İndi bütün arzumu gözümdə qoyacaqsanmı?
Bu vaxt mənzilin bloka olan qapısı açıldı, orta boylu, dolu bədənli, 26-28 yaşlarında bir gənc oğlan pilləkənləri düşə-düşə anasına:
– Sən mənim xoşbəxt olmağıma mane ola bilməyəcəksən, – deyib iti addımlarla uzaqlaşdı.
Qapının ağzında çox da yaşlı olmayan bir qadın göründü. Ağlamaqdan gözləri şişmiş, bənizi saralmışdı. Qapının gözlüyündən baxan Dilarənin qadına yazığı gəldi. İstədi açarı açıb bloka çıxsın, fikrindən döndü. Qapıdan bir-iki addım uzaqlaşmışdı ki, tappıltı səsi eşitdi. Yenidən qapıya dönüb gözlükdən baxdı. Qadın qapının ağzında yerdə uzanıb qalmışdı.
Təcili yardım sakitləşdirici iynə vurduqdan sonra özünə gələn qadın gözünü gəzdirib otağa baxdı. Başının üstündə dayanmış cavan qızı görüb güclə eşidiləcək səslə:
– Mənə nə olub, kimsən sən? – deyə soruşdu.
Dilarə əllərini qadının saçına toxundurub astaca tumar çəkdi:
– Üzbəüz qonşuyam, anacan. Özünüzə gəlin yaxından tanış olarıq.
On gün idi ki, Dilarə bu binaya köçmüşdü. Bu müddətdə heç kimlə ünsiyyətdə olmasa da, blokda rastlaşdığı qonşulara ədəblə salam verər, hörmət gözləyərdi. Sveta xala iləsə heç qarşılaşmamışdı.
Təcili yardımdan gələn həkim bir neçə dərman adı yazılmış kağızı Dilarəyə uzadıb:
– Sizdən başqa kimsəsi yoxdur deyəsən. Yaxın qonşu kimi vəzifənizi yerinə yetirin, zəhmət olmasa. Bu dərmanları alın və yazıldığı qaydada içməsinə yardımçı olun. Əsəbdən, fiziki işdən bir müddət uzaq durması məsləhətdir. Qan təzyiqi kəskin artmışdı. Allah istəyib ki, beyin damarları ciddi zədələnməyib. Bir neçə gün dincəldikdən sonra baş-beyin tomaqrafiyası etdirsəniz daha da arxayın olarıq. Əgər təzyiq yüksəlməsi davam etsə, mütləq sahə həkimi ilə əlaqə saxlayın. Siz deyəsən bir saylı poliklinikaya baxırsınız, elədir?
– Mən burda kirayədə qalıram, tələbəyəm. Sözün düzü şəhəri elə də yaxşı tanımıram. Amma yenə də yaxınlarını xəbərdar edərəm. Çox sağ olun bu cür qayğıkeş yanaşmanız üçün. Seçdiyim peşəni sayənizdə bir az daha çox sevdim.
– Hə, demək tibb inistutunda oxuyursunuz?
– Bəli, birinci kursdayam.
– Çox şad oldum, gələcək kolleqa, – deyə həkim ağ, dolu, qısa barmaqları olan əlini Dilarəyə uzatdı.
– Mən də şad oldum, buyurun, sizi keçirim, – Dilarə mənzilin qapısını işarə edərək yol göstərdi.
Qapını həkimlərin arxasınca bağlayan Dilarə otağa qayıtdı. Qadın gözlərini tavana dikib durmuşdu. Dilarənin yaxınlaşdığını görüb başını yana çevirdi:
– Gəl, qızım, gəl yaxında əyləş görüm kimdi mənim xilaskarım olan bu mələk.
– Elə deməyin, xalacan, hər birimizi bəlalardan qoruyan Allahımızdır. Mən sadəcə ilk yardım etdim.
– Bilirəm, Allah yer üzünə sənin kimi mələklərini göndərir ki, biz bəndələrinə bəla üz verəndə başımızın üstünü kəsdirəsiniz.
Dilarənin al yanaqları bir az da qızardı. Utandığından başını aşağı salıb durdu. Bunu görən qadın özü tanışlığa keçdi.
– Gəl, əvvəl mən özümdən danışım sənə, sonra da sən danışarsan. Qızım, bilirsən ki, bu qaldığımız bina artistlər binası sayılır. Yəni burda yaşayanların demək olar çoxu incəsənət işçisidir. Mənim bura düşməyim də təsadüfi deyil. Rəhmətlik həyat yoldaşım aktyor idi. Həm də gözəl insandı. O qədər xoşbəxt idim ki, onunla. Baxan mənə həsəd aparırdı. Bəxtəvərlik verirdilər. Bir gün bu xoşbəxtliyin başı üstün qəfildən qara bulud kəsdi…

Advertisements

10/01/2018 tarixində Yazılarım içində dərc edildi və , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.

  1. Sevinc, teshekkur edirem size mohteshem povest uchun 👍
    Amma bilirsiniz men bele meselelerde bir az sebirsizem 🙈 belke baciya ucundan qulagindan pichildayasiniz. Ya da qalsin, men hesretler gozleyerem 🤓

    tərəfindən bəyənildi 1 şəxs

  2. Axwamin xeyir ureyim😘😘yazib bitirdiyine cox sevindim.sen yazarsin da guzel olmaz mi😍😍dedim vaxt edim oxuyaram ama ilk cumleden sonunu getirmeden dayana bilmedim.hec bir eseri bele hevesle oxumamiwdim😊sen yazmisan axi😊😊👏👏👏👏👏👏👏👏gozlerinin nuruna qurban.cox maraqlidi..davamini sebirsizlikle gozluyurem ezizim😘😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤❤

    tərəfindən bəyənildi 1 şəxs

  3. Gecen xeyir Sevincim, her kesin her vaxtı xeyir olsun. Başlanğıc çox maraqlıdır canım, ellerine üreyine sağlıq. Ardı ne zaman? Sebşesizlikle gözleyirem!😘❤️🙏🏻

    tərəfindən bəyənildi 1 şəxs

  4. Ay Sevinc,necə deyərlər qələmin yorulmasın. Səbirsizin “yekəs”i mənəm. Bir şeyə ki, maraqla oxumağa başladım sonunu tez görmək istəyirəm. Yəqin fikrimi çatdıra bildim. Davamını səbirsizliklə gözləyirəm. Davamı gec gəlsə “zəncir” qırılacaq.

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: