Bir qadının taleyindən sətirlər… (Son)

Hicran nə edəcəyini bilmirdi. Azərlə Asəf üçün çox darıxırdı, ürəyi nigaran idi. Balalarının qabağında özünü suçlu sayırdı. Boğazından nə su, nə çörək keçirdi. Çox götür–qoy edir, boşanmaqdan başqa çıxış yolu tapmırdı. Lakin, bu fikrə əvvəllər də qərar versə də, qohum qonşu onu fikrindən daşındırmış, cavan gəlin üçün boşanmanın asan yol olmadığını, bu zəmanədə atasız üç uşaq böyütmənin nə qədər çətin olduğunu anlatmışdılar. Qəlbində olan özünə inam hissini tamamilə öldürmüşdülər. Hicran da buna görə bir qərara gələ bilmir, lakin Farizlə yenidən bir yerdə yaşamağı ağlına gətirəndə ürəyi sıxılır, bunun mümkünsüzlüyünü anlayırdı. Bir yerdə yaşamaq ona zülm kimi görünürdü. Gedib bir işdə işləyib balalarını böyüdəcəyinə əmin idi, lakin hər kəs onun gözünü qorxudur, bir dəstək verib, yol göstərən olmurdu. Bir də Hicranı uşaqlarının gələcəyi qorxudurdu. Fariz kimi atanın yanında necə tərbiyə olunacaqlarından narahat olurdu. 

Əhməd kişi eşitdiklərindən sarsılsa da, bir az özünü toxtatmış, Farizin hərəkətini gəncliyin bir səhvi kimi qiymətləndirib, özünü bir az sakitləşdirmişdi. Çox götür-qoydan sonra ailəni hər şeydən ötrü dağıtmazlar qərarını vermişdi. Lakin qızının atdığı addıma da acığı tutmuşdu. Düşünürdü ki, bunu necə ağlına gətirə bilər, atasına necə qıyar? Məgər atasının qəlbində neçə yaranın olduğunu unutmuşdumu Hicran? Bəs bibisinin intihar etməsinin atasına necə bir çəkilməz dərd olduğunu unutmuşdumu? Hələ üç övladını düşüməmişdimi heç?

Hicranın ortancıl bibisi ailə həyatı qurduqdan sonra həyat yoldaşının ağır xarakterinin özünə nə qədər zidd oldugunu görüb, qardaşına boşanmaq istədiyini bildirmişdi. Əhməd kişi buna razı olmamış, qız ərə getdisə, geri qayıtmamalı, getdiyi yerdən meyidi çıxmalı olduğunu bildirmişdi. Bibisi Sənubər də ikinci yolu seçmiş, özünə qəsd etmişdi. Xəstəxanada yatarkən qardaşına səhv etdiyini etiraf etmiş, peşman olduğunu söyləmişdi. Lakin hər şey gec idi, həkimlər ona heç bir kömək edə bilməmiş, Sənubər iyirmi dörd yaşında ikən, üç aylıq hamilə olaraq bu dünyadan köçmüşdü.

Bu hadisə Əhməd kişini çox sarsıtmışdı, özünü suçlamışdı. Lakin qüruruna bacısının boşanaraq geri dönməsini sığışdırmamışdı.Beləcə də illər boyunca bir suçluluq hissi onu tərk etməmişdi.Ona görə də indi yeni bir səhv addım atacağından qorxur,yüz ölçüb,bir biçirdi.

Hicran atasıgilin evində aynabənddə oturmuşdu.Birdən həyət qapısının səsini eşitdi, pəncərədən gələnin ortancıl oglu Asəf olduğunu görüb,pilləkənlərdən necə endiyini bilmədi.Balasını bagrına basdı öpdü,oxşadı.Min ilin həsrətlisi idi sanki.Oğlu anasına qısılır,sanki onu bir daha buraxmaq istəmirdi.Böyük oğlunu isə gətirməmişdilər,Farizin nə düşündüyünü anlamırdı Hicran.

Hicranın bu dəfə geri dönməyəcəyini düşünən Fariz nə edəcəyini bilmir,ailəsinin dağılmagını istəmirdi.Bu bəlkə də bacısı Rəfiqənin artıq ikinci dəfə ailə qurması ilə baglı idi.O da boşansa rayonda buna necə baxarlar?Onları yaxşı qələmə verməzdilər.Bir tərəfdən də,anasının deyintiləri,uşaqların nadincliyi onu lap çaşdırmışdı.Elə buna görə də ortancıl oğlunu və kiçik oğlu Nahidi gətirmiş,Nahidi küçədəcə qaynı Samirə vermişdi.Küçə qapısının bir daha açıldığını eşidən Hicran qardaşının qucağındakı körpəsini görüb ,lap sevindi.Lakin Azərin gəlməməsi onu çox kədərləndirdi.Onu qəsdən buraxmamışdılar.

qaynatasıgilin evindən çıxıb bir az getmişdi ki,Hicranın dayısı Cəmil kişini gördü.Lap sevindi.Onun xətrini çox istəyirdi.Lakin tutduğu əməl yadına düşəndə bir az duruxdu.Lakin,başqa çarə yox idi.Bu işi yoluna qoysa,bir o qoya bilərdi.Cəmil kişi neçə belə ailəni barışdırmış,çözülməz problemləri yoluna qoymuşdu.Çox uzaqgörən adam idi.Onu sanki Allah yetirmişdi Farizə.Fariz maşından düşüb ona yaxınlaşdı:

– Salam Cəmil dayı,necəsiz?-deib qucaqlaşdılar.

-Salam a bala,sag ol.Nə var ,nə yox?Hicran bala necədir,balacalar?-Cəmil kişi hər şeydən bixəbər idi.Təsadüfən bacısıgilə gəlirdi.O, burda yaşamırdı.Evi Bakıda idi.Lakin son illər tez-tez ata ocağına gələr,bir xeyli şəhərə geri dönməzdi.İndi Farizi görməyinə də xeyli sevindi.Bacısının yadigarından xəbər tutacaqdı.

Fariz üzünə yazıq bir görkəm verib,onu dilə tutaraq evlərinə apardı.Evdə əhvalatı bir az öz xeyrinə danışaraq, peşman olduğunu dedi:

-Cəmil dayı,bilirsən ki,sənin xətrini nə qədər istəyirəm.Həm də bilirsən ki,Hicranı nə qədər sevirəm.Ailəmiz,uşaqlar…Bütün bunları necə bir andaca alt-üst etmək olar?Bir səhvdir etmişəm,bir də olmaz.Cəmil dayı,mən ailəmin dağılmasını istəmirəm.Hicranı başa salın,evimizə gətirin,ümüdüm bir sizədir.

Zərnişan arvad çay tədarükü görüb,gəlib qonağın yanında əyləşdi.Üzünə mülayim bir ifadə verib dedi:

-Cəmil qardaş,sizin xətriniz bizim yanımızda çox əzizdir,sizə böyük hörmətimiz var.Bilirəm ki,siz bizi düz başa düşərsiz.Belə hadisələr hər evdə baş verə bilər.Elə onda hamı ailəsini dağıdırmı?Mənim qudalarım düz eləmir.Bir qızlarından soruşmurlarmı ki,bə bu üç balanı kimə qoyuf gedirsən?Mən öz yetimlərimə həm ata olmuşam,həm ana.Çöllərdə min əziyyət görmüşəm.Onda elə dərmanı boğazıma töküf,özümü öldürəydim?!Adam bir çətinliyə dözər,bir də ki,nə olub,Allaha şükür.Yeməyi,içməyi,geyməyi kimdən əskikdir.

Çəmil kişi bu danlaq və qınaq dolu söhbətdən tutulsa da,bacısının qızının əleyhinə bir söz demədi.Bilirdi ki,Hicran belə düşüncəsiz addımı boş yerə atmaz.Lakin ,əhvalatdan bixəbər oldugu üçün gedib söhbəti orda davam etdirməyi məsləhət bildi.Onlar Farizlə Əhməd kişigilə gəldilər.Azər onların anasının yanına getdiyini bilib onlarla getmək istəsə də,nənəsi onu tovlayaraq buraxmadı.

Cəmil kişini görən Səlimə qardaşının boynuna sarıldı,kövrəldi,üzündən öpdü.Bu kövrəlmənin səbəbini hər ikisi gözəl anlayırdılar.Bu kövrəlmə ilə ikisi də,bacıları Çiçəyi xatırlayırdılar.Axı bura ilk əvvəl onun ocağı idi.Arxadan gələn Farizə ötəri salam verdi,küskünlüyünü,incidiyini bildirdi.Səsə gələn Əhməd kişi də onlarla əl verib,görüşdü,onları içəri dəvət etdi. Keçib əyləşdilər.Farizin sıxıla-sıxıla oturması nəzəri cəlb edirdi.Qızlar onlarla görüşüb arxa otağa keçdilər.Gözlərindəki nifrət və qəzəbi Fariz hiss etdi.Bir az da balacalaşdı sanki.Bütün bunlar Əhməd kişinin nəzərindən yayınmırdı.

Onlar xeyli söhbətləşdilər.Səlimə onlara çay gətirdi.Özü də orada əyləşib onlara,daha doğrusu qardaşı Cəmilə qulaq asmağa başladı.Həmişəki kimi,bir böyük məsləhətinə ehtiyacları vardı.Cəmil kişi bir xeyli misal çəkdi,söhbət edib,yeznəsini yola gətirməyə çalışdı.”Gənclikdə olan işdi”-deyib Hicranı evlərinə aparmaq istədiyini bildirdi.

Bu hadisədən başını itirən Əhməd kişi:

-Hicran necə istəyir,necə düşünür elə də etsin.Mən bir qərar verə bilmirəm.-dedi.

Yeznəsinin başına gələnlərdən xəbərdar olan Cəmil kişi,onun nə demək istədiyini anladı.Hicranın yanına getdi.Balalarını öpdü,bacısının yadigarını bagrına basıb,qəhərləndi.Lakin özünü ələ alıb sözə başladı:

-Canım gözüm,bilirsən ki,dayı səni nə qədər çox istəyir.Sənin dırnağına belə daş dəyməsinə razı qalmaram.Eyni zamanda da balalarının.Bu nə işdi tutubsan?Bəs balalarını düşündünmü?Onları kimə etibar edib gedirdin hə?Mənə cavab ver.Fariz onların atasıdır.Bir səhvdir edib.Qadın ürəyi geniş olar,bağışlamagı bacarar.Qoy onları dünyaya gətirdiyi kimi,əziyyətlərini də çəkb böyütsün.Yedirtsin,içirsin,geydirsin.Sən ətrafındakılardan bu qədər narazısansa,bəs bu günahsızları onlaramı etibar edib gedirsən?Bilirsənmi,canım mənim,ana elə bir məhfumdur ki,balalarının uğrunda hər əzaba dözər,qatlaşar.Ona gün ərzində bir dilim quru çörək,bir stəkan su da versələır razı olar,balarının xətrinə,onları kimsəyə etibar etməz,gələcəyini düşünər.Onların gələcəyi üçün yaşayar.İndi yığış gedək.Balanın birinin orda gözü yolda,ikisi burda qardaşlarına həsrət.Nə qədər oturacaqsan.Yazıq atan-anan da bilmir nə etsin.Get,başını sal aşağı öladlarını böyüt.Beş-on ildən sonra onlar sənin arxan,dayağın olacaq.Kİmsə sənə bir söz deyə bilməyəcək.Boşanmaq da çıxış yolu deyil.Məyər görmürsən,tək qadınlar nə əziyyət çəkir.Elə bilirsən indikindən az əzab- əziyyət çəkəcəksən?

Cəmil kişi,bacısının qızını bir daha bağrına basdı.Ondan Çiçəyin ətrini duydu sanki.O da bacısı kimi kövrək,incə bir çiçəyə bənzəyirdi.Boynu bükük çiçəyə.

Hicran dayısının bu söhbətindən çox utandı,dözümsüzlükdə özünü qınadı.Balarının üzünə baxa bilmədi sanki.Getməkdən,qaldığı yerdən davam etməkdən başqa çıxış yolu görmədi.

Hicran heç vaxt bu evdə daxili rahatlıq duymamışdı.Bu evi doğma ocagı kimi sevə bilmirdi. Bunun üçün həmişə özünü günahlandırırdı. Lakin səbəbini anlamırdı ki,axı heç vaxt bu evdə bir dəfə də olsun özünü sərbəst, rahat,öz evindəki kimi hiss etməyib. Daima kimin isə tapşırıgını yerinə yetirib,kiminsə qulluğunda durub,kiminsə icazəsi olmadan öz atası evinə belə gedə bilməyib. Heç vaxt bu ailə üzvləri ilə könüldən,ürəkdən gələn səmimiliklə söhbət edib,nə sevincini,nə kədərini bölə bilməyib.İndi geri qayıtmışdır.Gərginlik içində,min fikir içində.Özünü alçalmış hesab edirdi.Geri qayıtmaq heç istəmirdi.Lakin dayısının söhbətindən sonra ölümə belə gedərdi.Lakin ölüm də ona həmdəm olmadı.Onu bu zülmdən qurtara bilmədi.

Hicran bu gecəni necə keçirəcəkdi, bilmirdi.Bu gecə onun üçün qəbirə,zindana girməkdən çətin,qorxulu gəlirdi.O, həyat yoldaşına nifrət edirdi.Ürəyində bir damcı məhəbbət,hörmət qalmamışdı.Amma yenə də məcburən onunla bir yataqda yatmalı idi. Sinəsində bərk sıxıntı var idi.Sanki ürəyi dayanacaqdı.Əsəbi gərginlikdən bədənində bir titrəmə vardı.Sanki bütün vücudu əsirdi.Fikirləri qarmaqarışıq ev işlərini görür,axşam yeməyi hazırlayırdı.

Dayısı onunla birlikdə gəlsə də evə keçməmişdi.Qaynanası Zərnişanla bir az söhbətdən sonra hər kəslə vidalaşıb getmişdi.Hicran böyük oglu Azəri bağrına basıb ətrini ciyərlərinə çəkmiş,kövrəlmişdi.Lakin övladından bu istiliyi,bu həsrəti hiss eləməmişdi.Oğlu ona soyuq nəzərlərlə baxaraq uşaqların yanına getmişdi.Bu da Hicrana çox pis təsir etmişdi.Sanki ona baxan heç doğma balası deyildi.Kim bilir, Hicranın yoxluğunda övladına nələr deyib,nələr anlatmışdılar.Beləcə, Hicranın ürəyinə bir sıxıntı da buradan gəlmişdi.

Qaynanası onunla soyuq davranır,ötkəm səslə danışırdı.Bu, onu daha da gərginləşdiridi.Axı bu hadisələr onun gözü qabagında baş vermişdi,nədən Hicranı bu qədər günahkar bilirdi,niyə ona ürəyi yanmırdı,bilmirdi Hicran. Hicran heç kəsə pislik etməmişdi. Söylənib danışanda da yalnız tapdalanan haqlarını tələb etmiş, onlardan alicənablıq,ən azından həssaslıq,səmimilik tələb etmişdi. Başqa bir qəbahəti yox idi.Bəs indi qaynanası niyə belə edirdi, bilmirdi.

Axşam tərəfi Fariz evə gəldi.Həmişəkindən fərqli olaraq mehriban görünməyə çalışır,uşaqlarla zarafat edir,televizorun kanallarını tez-tez dəyişmirdi.Gözü Hicranda idi.Hicran bunu duyur, əsəbləşirdi. “Güya məni birinci dəfə görür, həmin adamam da. Yumruqladığın,təpiklədiyin. İndi istəyirsən ki,mən də sənə baxam,güləm?Ya səni əzizləyəm.Necə edim axı bunu.Mən bəyəm insan deyiləm? Həmişə hər şeyi sənin istəyinlə etməliyəm?Ürək hər şeyi bagışlamır axı. Nə qədər “bagışlayıram” desə də, içəridə bir düyün qalır. O düyün sagalmır,əgər qarşındakı insan heç olmasa səhvinin onda birini anlayırsa, dəyişirsə,onda sagalar bəlkə bu düyün”.

Axşam yeməyi səssizlik içində keçdi.Uşaqlar sanki hər şeyi anlayırmış kimi danışmırdılar.Hicran onların yerini hazırladı,süfrəni yığışdırıb,qabları yudu.Fariz onları öpüb oxşadı,öz yataq otağına getdi.

Uşaqlar yatdıqdan sonra Hicran kiçik oğlunun yanına uzanmaq istədi.Qaynanası ötkəm səslə dedi:

-Niyə gedib öz otağında yatmırsan? Nə qədər uzadacaqsınız bu işi?

Hicran tərs nəzərlərlə qaynanasına baxdı.Qəzəbdən artıq dayana bilmirdi:

– Bunu başqa cür də demək olardı!-deyib otaqdan çıxdı. Üzünə dəyən sərin meh sanki yanan ürəyinə bir su çilədi.Yaxında görünən uca dağlara baxdı.Dağdan enən maşınların işıqları havada bir-birini əvəz edərək,qəribə mənzərə yaradırdı.Sanki göydən ulduzlar düşürdü.Hicran başını qaldırıb göyə baxdı.Göy üzü ulduzlarla dolu idi.Uşaq vaxtı qonşuları Yeganə ilə ulduzlara baxıb danışdıqları söhbətlər yadına düşdü: “Hicran, bax,mənim düz başımın üstündə bir yekə ulduz var.Atam deyir ki,hərənin göydə bir ulduzu olur.Mənim ulduzum bax odur.Düz başımım üstündəki”. Hicran başını qaldırıb nə qədər göyə baxdısa,başının üstündə ulduz görmədi:

“Bəs mənim ulduzum niyə yoxdu? Hanı mənim ulduzum?” Bir xeyli göyə baxandan sonra başının üstündə bir balaca,gözə zorla dəyən bir ulduz tapdı.Amma o da tamamilə başının üstündə deyildi.Hicran nə qədər yerini dəyişsə də, o ulduzun tam altında ola bilmədi. Kədərləndi. Yeganəyə həsədlə baxdı. Onun hər şeyi vardı.Çoxlu gəlincikləri,hələ başının üstündə ulduzu da var.Amma mənim nə o qədər gəlinciyim yoxdu,nə də ulduzum”.

Hicran kədər qarışıq bir təbəssümlə gülümsündü.Yuxarı,yataq otağına sarı baxdı. Fariz yenə də televizora baxır,arabir həyətə boylanaraq Hicranın gəlib-gəlmədiyini bilmək istəyirdi. Hicranı həyətdə görüb aşağı düşdü:

-Gəl yataq,artıq gecdir,səhər tezdən durmaq lazımdır,işə gedəcəyəm.

Hicrana sarı gəldi.Onu qucaqlamaq istədi.Hicran geri çəkildi.Ayaqlarını sürüyə-sürüyə yuxarı,yataq otagına getdi.Fariz də gəldi.Ona yaxınlaşdı:

-Bagışla,bir də belə şeylər olmayacaq.Söz verirəm.- Hicran ağlayırdı.Bunun belə olmasını arzulayırdı.Lakin bilmirdi ki,bundan sonra daha da betər şeylər gələcək başına.Çarəsiz yerinə uzandı.Bu gərginlik,əsəb dolu günün bitməsini istədi.Fariz yerinə uzandı.Ona tərəf yaxınlaşdı.Hicran var səsilə bağırmaq,onu itələyib qaçmaq istəsə də səsini içinə salıb susdu.Ona toxunan əl sanki başqa bir adamın əli idi.Hicran təcavüzə uğramış kimi hönkürüb ağladı.

Günlər ayları, aylar illəri əvəz etsə də bu evdə Hicran öz xoşbəxtliyini tapa bilmədi.İllər ona bir az cəsarət, gələcəyə ümid verdi. O ümidi ki,övladları böyüyəcək,hərəsi bir ev olacaq.Hicran da onlara baxıb sevinəcək.Hicran üçün artıq şəxsi həyat,daxili aləm maraqlı deyildi. Onun üçün yalnız balaları var idi.Həyatının qalan hissəsi isə ozünə aid deyildi.O həyat pis, ya yaxşı da olsa davam etməli idi!

Müəllif: Günel Əsədova

Advertisements

30/12/2017 tarixində Hekayələr, Sizdən gələnlər içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 1 Şərh.

  1. Sona qədər oxudum və Hicranın halına acıdım, bir anlıq özümü onun yerinə qoydum, həqiqətən dəhşətə gəldim.Amma nədənsə əmin oldum ki, Hicranın balaları böyüyüb, o qədər əzab dolu keşməkeşli həyatdan sonra onun üzü nəhayət ki gülüb.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: