Bir qadının taleyindən sətirlər… (4-cü hissə)

Uşaqlar heç nə başa düşməsələr də təlaş içində idilər. Analarına nə olmuşdu? Niyə oyanmır, niyə qalxıb onlara yemək vermirdi? Hicranın gözlərinə bənzəyən, tünd qəhvəyi gözlərində kədər qarışıq bir təşviş vardı uşaqların.  Onlar nənəsinə, gah da anasına baxırdılar. Zərnişan arvad çox narahat, həm də əsəbi idi. Gəlininə bərk acıgı tutmuşdu. Gözü pəncərədə, qapıda qalmışdı.

Fariz təcili yardım məntəqəsinə çatıb hövlnak içəri girdi. Dili söz tutar-tutmaz, vəziyyəti izah etdi. Həkimlər tələsik təcili yardım maşınına əyləşib onlara getdilər. Fariz isə çox təlaşla onların arxasınca maşını sürüb getdi. 

Hicran gözünü açanda başının üstündə ag xalatlı, nur sifətli qadını, bir də baldızı Rəfiqəni gördü. Heç nə anlamadı bir an. Ona nə olmuşdu, niyə bu qədər çox yatmışdı? Bunlar niyə gəlmişdi? Mədəsindəki agrıdan, üst-başının su içində oldugundan sanki indi xəbər tutdu. Bir an hər şeyi xatırladı. Başı bərk agrayırdı, yaddaşı sanki yüz illik yuxudan ayılmış kimi pozuq idi. Ətrafa göz gəzdirdi, uşaqları axtarırdı. Amma gözünə dəymədi balaları. Onları Heyran xalagilə aparmışdılar. Rəfiqəyə isə Fariz yolda zəng etmiş, vəziyyəti ona xəbər vermişdi.

Rəfiqə eşitdiyi xəbərdən qorxsa da, gəlinlərinə bərk əsəbləşmişdi. Onun bu hərəkətini yersiz və yüngüllük kimi qiymətləndirdi. Onun fikrincə, qadın dözümlü, götürümlü olmalı, kişinin qabağında haqlı-haqsız dillənməməli idi. Çünki özü də çox əziyyət çəkmişdi. Yoldaşı əzazil adam idi. Acı dilli idi. Lakin həssaslığı da var idi. Qarşısındakı insanı tez anlayar, hər kəsə əlindən gələn köməyi edərdi. Lakin bircə xoşuna gəlməyən sözə güllə kimi açılar, qarşısındakı insanı sözlə öldürərdi. Buna görə də Rəfiqə dünyanı belə görür, hamını da özü kimi, ərin qarşısında lal-dinməz olmalı oldugunu düşünərdi. Lakin onu unudardı ki, hər kişi də belə həssas və anlayışlı olmur. Bəzən kişinin bircə sözdən qadını anlaması, onun yüz acı sözünü yuyub aparır. Farizdə isə bunlar yox idi. Öz istədiyi kimi düşünər, öz istədiyi kimi qiymət verərdi. Hicranın bu qədər qohum-əqrəbasına hörmətlə yanaşmasına nənəsinə, bacılarına yetirdiyi qayğıya bir dəfə də olsun qiymət verməmiş, Allahın bir “sağ ol”unu belə deməmişdi.

Həkim Hicranın mədəsini yumuş,bir neçə iynə vurmuşdu.Hicranı sanki yenidən yuxu aparmaq istəyir,gözləri yumulurdu.Rəfiqə ilə həkimin söhbətini ala-çula eşidirdi.Həkim onun təzyiqini bir də ölçdü.Hələ də normallaşmamışdı.Hicran etdiyi işdən və nəticədə ölmədiyindən çox utanırdı.Çox peşman olmuşdu.Ağlamaq istəyirdi.Bu dünya başına dar idi sanki. Bu dünyada yaşamağı bacarmırdı sanki.Bu dünya onun düşündüyü kimi sakit və mülayim deyildi.Onun gücü çatmırdı artıq ətrafında yaşananlara.

Hicran yenidən yuxuya getdi.Qaynanası soyuq baxışlarıyla ona baxırdı.Sanki üzündəki ifadə ilə gələnlərə “Görün,necə bir çətin adama rast gəlmişəm” demək istəyirdi.Həkimlər qorxulu bir şey olmayacagını deyib,yatıb bir az istirahət etməsini tövsiyə edib getdilər.Rəfiqə də yoldaşı Sadiq ilə birlikdə evlərinə getdi.Getməzdən əvvəl anası ilə bir az söhbət etdi:

– Sən heç bir şeyə qarışma,nəvələrinə bax,bir də gözün üstündə olsun,birdən sabah qalxar,yenə bir dəlilik edər.

Anası qəzəb dolu bir səslə dedi:

-Nəyə qarışıram ki,görmürsən qardaşının hoqqalarını.Bunun da tutduğu işə bax,gəlib bir mənə məsləhət eləməmiş,gürpədən gəlinin ovcuna qoymağına bax.Çox günüm ag idi,indi də belə.

-Denən, az, başın xarabdı,qardaşından söz eşitmisən,gəl bir bizə de ,bir gənəş,gör bu sözü demək olar,ya yox.

Onlar Şəlalənin bu hərəkətini qınayır,onu düşüncəsizlikdə günahlandırırdılar.Lakin onun içərisindəki kin-küdurətdən xəbərləri yox idi.Xəbərləri yox idi ki,Hicran ona nə qədər hörmət etsə də,bir o qədər Hicrana nifrəti böyüyürdü.Bəlkə də bunun səbəbini özü də bilmirdi.Çünki o,ətrafındakı yaxşı insanlara həmişə paxıllıq hissi ilə baxardı.

Hicran gözünü açdı.Bir an hər şey yadına düşdü.Ürəyində elə bir sıxıntı var idi ki,sanki havası çatmırdı.Yerindən qalxıb,yatağında oturdu.Başı gicəllənirdi.Halsız idi.Uşaqlar yatağında yatırdılar.Gecə Fariz uşaqları nənəsigildən gətirmiş, yatırtmışdı. Özündən, balalarından utandı.Etdiyi hərəkətə çox peşman oldu.”Bu balalarımı kimə qoyub gedirdim, ilahi?Sənə çox şükür,Ya Rəbbim, mənə qıymadın.Yoxsa bunlaramı qıymadın?Bu məsum körpələrimi anasız buraxmadın.İlahi,keç günahımdan!Bir də bu səhvi təkrar etmərəm.Nə yaman agılsızlıq etdim.Ay Allah,özümü necə biabır etdim.Balalarımı qorxutdum.Mən nə yaman pis adamam.Məyər mən balalarım üçün yaşamıram?Məyər mən onlara qurban olmaga hazır deyiləm?Bəs onda niyə hər əzaba dözüb,onları düşünmədim mən?”

Bu fikirlərlə gözündən sel kimi yaşlar tökürdü.Yerindən qalxdı.Yıxılacaqdı sanki.Zorla özünü ələ alıb,bir-bir övladlarına yaxınlaşdı.Onları qucaqladı,qoxladı,öpdü.Bu zaman qaynanası otağa daxil oldu. Soyuq ifadə hələ də üzündə idi:

-Necəsən indi?-deyə soruşdu.

-Yaxşıyam,sag ol.Bir az halsızam.

-Farizə demişəm,get bir-iki gün anangildə qal.İstirahət elə,gələrsən. – Ötkəm səslə dedi.

Hicran bu səsin soyuqlugundan üşüdü sanki.Qaynanasına baxdı.Onun gözünqə rəhm axtardı,sevgi axtardı.Yox idi,yalnız qəzəb var idi.Üzüldü. “Demək, yenə də məni günahkar bilir” deyə düşündü.Hicran gözləyirdi ki,qaynanası oğlunun qarasınca deyinəcək,onu günahkar biləcək,gəlininə verdiyi əziyyətə görə onu qınayacaq.Yox,əsla, bir kəlmə belə bir söz eşitmədi.

Fariz həyətdə gözləyirdi.Hicran birtəhər hazırlaşıb,kiçik oğlu Nahidlə atasıgilə getdi.O biriləri oyadıb geyindirməyə halı yox idi.Zərnişan “Qoy onlar qalsın,sonra göndərərəm” demişdi.Hicran ürəyində razı olmasa da,halsızlıqdan,ürəkbulanmasından onları geyindirib hazırlamağa gücü çatmadı.Uşaqlar da gec yatmışdılar.Ataları gələnə qədər Heyran nənəgildə oynamışdılar.Heyran arvad onları yedirtmiş,yanlarında oturub,nigarançılıqla xəbər gözləmişdi.Farizin gəlişindən sonra sakitləşsə də,getməmişdən nəvəsini xeyli danlamışdı. O,Hicranı çox istəyir,nəcib bir insan oldugunu başa düşürdü.

Bəzən Hicrangilə gedər,Hicran onu çimizdirər,saçlarına xına qoyar,sonra yuyub darayar,onu səliqəyə salardı.Paltarlarını yuyub ütüləməmiş verməzdi.Buna görə də onu sevər,əzizləyərdi.İndi baş verənlərə çox pis olmuş,nəvəsindən incimişdi.

Hicran maşında bir kəlmə də olsa Farizlə danışmadı,ona baxmadı.Fariz isə siqareti-siqaretə calayır,həyəcanlı görünrdü.Onu düşündürən,həyəcanlandıran Hicranın atasıgildə deyəcəkləri idi.Dogrularımı söyləyəcəkdi,yoxsa bir yalan danışıb Farizin canını qurtaracaqdımı?Bilmirdi.Amma bu axrıncı fikrinin gerçəkləşməsini istəyirdi.Hicran həm əsəbdən,həm ürəkbulanmasından,həm də siqaretin qoxusundan tamam halsızlamışdı.Onlar Əhməd kişinin evinə çatdılar.Hicran maşından düşdü.Fariz kiçik oglunu və çantanı əlinə alıb,ölümə gedən insan kimi əlacsız addımlayırdı.Həyətdə Əhməd kişini gördülər.O,həyətdə agacın altında oturmuşdu.Fikirli idi.Səsə qapıya tərəf döndü.Qızı ilə yeznəsini görüb ayağa durdu.Onlara sarı gəldi.Qızını bu halda görüb,təşvişə düşdü:

-Nə olub ,ay qızım,bu nə haldı?

Hicran atasını görəndə və bu sözünü eşidəndə,özünü ağlamaqdan zorla saxladı:

-Heç,ay ata,bir az soyuqlamışam deyəsən,gəldim ki,mamam bir az məni müalicə etsin.

Atası onu qucaqlayıb öpdü,qızdırmasını yoxlamaq üçün əlini qızını alnına qoydu.

-Buz kimisən ki?!- deyib balaca Nahidə tərəf getdi,yeznəsinə əl verib görüşdü.Nahidi ondan alıb öpdü,oxşadı.Yeznəsi ilə hal-əhval tutdu.Fariz özünü zorla ələ alıb danışır,bir gözü Hicrana baxırdı.

Onlar pilləkənləri qalxdılar.Səlimə işdə idi.Doğum evində işləyirdi.Xəstələrə yemək paylayırdı.Bacısı Aidə ilə Vəsilə evdə, qardaşı Siyavuş məktəbdə idi.Hicran birtəhər evə keçib uzandı.Bacıları onu öpüb oxşadılar.Hicran ağlayır,heç nə demirdi.Qızlar dəqiq nə oldugunu anlamasalar da, onun niyə bu vəziyyətdə olduğunu anladılar.Ailədə pis bir şeyin baş verdiyini sezdilər.Vəsilə balaca Nahidi öpüb qucağına aldı.Aidə isə anasına zəng eləməyə getdi.Fariz yuxarı çıxmayıb,işə tələsdiyini deyib getdi.Əhməd kişi yuxarı çıxıb qızının yanına gəldi:

-Niyə xəstələnibsən,a qızım,deməmişəm həyətdə iş görəndə qalın geyin,başını ört.

Qızın ağladıgını hiss edib,duruxdu.Daha heç nə demədi.O biri otaga keçdi.Ürəyinə nəsə damdı elə bil.Qızını heç vaxt belə görməmişdi.Siqaret çıxarıb eyvana çıxdı,yandırıb fikrə getdi.Səbirsizliklə Səlimənin gəlişini gözlədi.Bilirdi ki,qızı ona heç nə deməyəcək.Körpəlikdən uşaqlar nə sözləri olsa ilk əvvəl analarına deyər,Səlimə də Əhməd kişiyə deyərdi.Bu qayda hələ də belə idi.

Səlimə Hicranı dinləyib ağlayır, nə edəcəyini bilmirdi.Lakin bu dəfə Əhməd kişidən gizlədə bilməyəcəyini düşünürdü.Onun ciyərparası, bacısının yadigarı ölümdən dönmüşdü.Ya başqa cür olsa idi?Səlimə Hicranı qucaqladı,bagrına basıb ağladı:

-Ay qızım,bəs sən məni heç düşünmədin,bəs demədinmi,mən neyləyərəm sənə bir şey olsa.

Qızlar da onlara baxırdı,kövrəlirdilər.Bilirdilər ki,anaları Hicranı daha çox sevir. Səlimə bir az toxdayıb,Əhmədin yanına gəldi.Hadisəni ona danışdı.Əhməd kişini elə bil ilan vurdu.Ürəyi sinəsindən çıxacaqmış kimi döyünməyə başladı.Bir an iki gün öncə qızıgilə getdiyini və qızının bir az qəribə davranışını xatırladı.Bir də Farizin niyə belə tez getməsinin səbəbini indi başa düşdü.

Fariz qaynatasının həyətindən çıxıb maşına əyləşdi.Maşını işə salıb yola düşdü.İki ev aşağıda yaşayan Aynur müəlliməgilin həyətinin önündən keçəndə həyətə boylandı.Qapı örtülü olsa da Aynurun küçəyə çıxacağına ümid etdi.Lakin o görsənmədi,küçəyə çıxmadı.Fariz düşdüyü vəziyyətə çox əsəbləşirdi.Düşünürdü ki,”Bunun nəyi çatmır axı,nə istəyir məndən,geyimi-kecimi,yeməyi-içməyi,isti evi.Kişinin işinə niyə qarışmalıdı bu? Bircə bunu ona kimin dediyini bilsəydim,boğazını üzərdim”. Siqaret yandırdı.Siqaretin dumanında Aynuru gördü sanki.Ürəyi gənc bir oğlan kimi döyünməyə başladı.Aynuru yola gətirmək üçün nə qədər bahalı hədiyyələr almışdı ona,nə qədər şirin sözlər demişdi.Bu görüşün çoxları həsrətində idi əslində.Aynur müəllimə bahalı hədiyyə almağa öyrəşmişdi.Onu bəyənən,həsrətindən alışıb-yanan çox idi.Onunla münasibət yaratmaq üçün ona çoxlu bahalı hədiyyələr alıb göndərərdilər.O,bu hədiyyələrdən imtina etməzdi.Lakin görüş hər kəsə nəsib olmazdı.Aynur hədiyyə yağışını uzadar,görüşə ümidlər verər,lakin hər kəslə görüşməz,uzun-uzadı telefonla danışardı.Bütün bunlardan Hicranın xəbəri olmamış və o,sevimli balasını bu qadının yanına rus dili fənnini öyrənməyə yollamışdı.Onu əvvəlki kimi saf bir qadın bilmişdi.Bu da Fariz üçün əla fürsət yaratmış,onunla tanış olmuş və bu görüş nəsib olmuşdu.Onun ilanı yuvasından çıxaran şirin dili Aynuru yola gətirmişdi.İndi evdə nə qədər qalmaqal olsa da,bu görüşün təəssüratı onu xoşbəxt edirdi.Yeni bir görüş arzulayırdı.Və bunun üçün yeni bir hədiyyə almağı düşünürdü.Bu fikirlə də telefonu götürüb nömrəni yığdı.

Hicran nə edəcəyini bilmirdi.Azərlə Asəf üçün çox darıxırdı,ürəyi nigaran idi.Balalarının qabağında özünü suçlu sayırdı.Boğazından nə su,nə çörək keçirdi.Çox götür–qoy edir,boşanmaqdan başqa çıxış yolu tapmırdı.Lakin, bu fikrə əvvəllər də qərar versə də,qohum qonşu onu fikrindən daşındırmış,cavan gəlin üçün boşanmanın asan yol olmadığını,bu zəmanədə atasız üç uşaq böyütmənin nə qədər çətin olduğunu anlatmışdılar.Qəlbində olan özünə inam hissini tamamilə öldürmüşdülər.Hicran da buna görə bir qərara gələ bilmir,lakin,Farizlə yenidən bir yerdə yaşamağı ağlına gətirəndə ürəyi sıxılır,bunun mümkünsüzlüyünü anlayırdı.Bir yerdə yaşamaq ona zülm kimi görünürdü.Gedib bir işdə işləyib balalarını böyüdəcəyinə əmin idi,lakin,hər kəs onun gözünü qorxudur,bir dəstək verib,yol göstərən olmurdu.Bir də Hicranı uşaqlarının gələcəyi qorxudurdu.Fariz kimi atanın yanında necə tərbiyə olunacaqlarından narahat olurdu.

Əhməd kişi eşitdiklərindən sarsılsa da,bir az özünü toxtatmış,Farizin hərəkətini gəncliyin bir səhvi kimi qiymətləndirib,özünü bir az sakitləşdirmişdi.Çox götür-qoydan sonra ailəni hər şeydən ötrü dağıtmazlar qərarını vermişdi.Lakin qızının atdığı addıma da acığı tutmuşdu.Düşünürdü ki,bunu necə ağlına gətirə bilər,atasına necə qıyar,Məyər atasının qəlbində neçə yaranın olduğunu unutmuşdumu,Hicran?Bəs bibisinin intihar etməsinin atasına necə bir çəkilməz dərd olduğunu unutmuşdumu?Hələ üç övladını düşüməmişdimi heç?

Hicranın ortancıl bibisi ailə həyatı qurduqdan sonra,həyat yoldaşının ağır xarakterinin özünə nə qədər zidd oldugunu görüb,qardaşına boşanmaq istədiyini bildirmişdi.Əhməd kişi buna razı olmamış,qız ərə getdisə,geri qayıtmamalı,getdiyi yerdən meyidi çıxmalı olduğunu bildirmişdi.Bibisi Sənubər də ikinci yolu seçmiş,özünə qəsd etmişdi.Xəstəxanada yatarkən qardaşına səhv etdiyini etiraf etmiş,peşman olduğunu söyləmişdi.Lakin hər şey gec idi,həkimlər ona heç bir kömək edə bilməmiş,Sənubər iyirmi dörd yaşında ikən,üç aylıq hamilə olaraq bu dünyadan köçmüşdü.

Bu hadisə Əhməd kişini çox sarsıtmışdı,özünü suçlamışdı.Lakin qüruruna bacısının boşanaraq geri dönməsini sığışdırmamışdı.Beləcə də illər boyunca bir suçluluq hissi onu tərk etməmişdi.Ona görə də indi yeni bir səhv addım atacağından qorxur,yüz ölçüb,bir biçirdi.

Hicran atasıgilin evində aynabənddə oturmuşdu.Birdən həyət qapısının səsini eşitdi, pəncərədən gələnin ortancıl oglu Asəf olduğunu görüb,pilləkənlərdən necə endiyini bilmədi.Balasını bagrına basdı öpdü,oxşadı.Min ilin həsrətlisi idi sanki.Oğlu anasına qısılır,sanki onu bir daha buraxmaq istəmirdi.Böyük oğlunu isə gətirməmişdilər,Farizin nə düşündüyünü anlamırdı Hicran.

Hicranın bu dəfə geri dönməyəcəyini düşünən Fariz nə edəcəyini bilmir,ailəsinin dağılmagını istəmirdi.Bu bəlkə də bacısı Rəfiqənin artıq ikinci dəfə ailə qurması ilə baglı idi.O da boşansa rayonda buna necə baxarlar?Onları yaxşı qələmə verməzdilər.Bir tərəfdən də,anasının deyintiləri,uşaqların nadincliyi onu lap çaşdırmışdı.Elə buna görə də ortancıl oğlunu və kiçik oğlu Nahidi gətirmiş,Nahidi küçədəcə qaynı Samirə vermişdi.Küçə qapısının bir daha açıldığını eşidən Hicran qardaşının qucağındakı körpəsini görüb ,lap sevindi.Lakin Azərin gəlməməsi onu çox kədərləndirdi.Onu qəsdən buraxmamışdılar.

qaynatasıgilin evindən çıxıb bir az getmişdi ki,Hicranın dayısı Cəmil kişini gördü.Lap sevindi.Onun xətrini çox istəyirdi.Lakin tutduğu əməl yadına düşəndə bir az duruxdu.Lakin,başqa çarə yox idi.Bu işi yoluna qoysa,bir o qoya bilərdi.Cəmil kişi neçə belə ailəni barışdırmış,çözülməz problemləri yoluna qoymuşdu.Çox uzaqgörən adam idi.Onu sanki Allah yetirmişdi Farizə.Fariz maşından düşüb ona yaxınlaşdı:

– Salam Cəmil dayı,necəsiz?-deib qucaqlaşdılar.

-Salam a bala,sag ol.Nə var ,nə yox?Hicran bala necədir,balacalar?-Cəmil kişi hər şeydən bixəbər idi.Təsadüfən bacısıgilə gəlirdi.O, burda yaşamırdı.Evi Bakıda idi.Lakin son illər tez-tez ata ocağına gələr,bir xeyli şəhərə geri dönməzdi.İndi Farizi görməyinə də xeyli sevindi.Bacısının yadigarından xəbər tutacaqdı.

Fariz üzünə yazıq bir görkəm verib,onu dilə tutaraq evlərinə apardı.Evdə əhvalatı bir az öz xeyrinə danışaraq, peşman olduğunu dedi:

-Cəmil dayı,bilirsən ki,sənin xətrini nə qədər istəyirəm.Həm də bilirsən ki,Hicranı nə qədər sevirəm.Ailəmiz,uşaqlar…Bütün bunları necə bir andaca alt-üst etmək olar?Bir səhvdir etmişəm,bir də olmaz.Cəmil dayı,mən ailəmin dağılmasını istəmirəm.Hicranı başa salın,evimizə gətirin,ümüdüm bir sizədir.

Zərnişan arvad çay tədarükü görüb,gəlib qonağın yanında əyləşdi.Üzünə mülayim bir ifadə verib dedi:

-Cəmil qardaş,sizin xətriniz bizim yanımızda çox əzizdir,sizə böyük hörmətimiz var.Bilirəm ki,siz bizi düz başa düşərsiz.Belə hadisələr hər evdə baş verə bilər.Elə onda hamı ailəsini dağıdırmı?Mənim qudalarım düz eləmir.Bir qızlarından soruşmurlarmı ki,bə bu üç balanı kimə qoyuf gedirsən?Mən öz yetimlərimə həm ata olmuşam,həm ana.Çöllərdə min əziyyət görmüşəm.Onda elə dərmanı boğazıma töküf,özümü öldürəydim?!Adam bir çətinliyə dözər,bir də ki,nə olub,Allaha şükür.Yeməyi,içməyi,geyməyi kimdən əskikdir.

Çəmil kişi bu danlaq və qınaq dolu söhbətdən tutulsa da,bacısının qızının əleyhinə bir söz demədi.Bilirdi ki,Hicran belə düşüncəsiz addımı boş yerə atmaz.Lakin ,əhvalatdan bixəbər oldugu üçün gedib söhbəti orda davam etdirməyi məsləhət bildi.Onlar Farizlə Əhməd kişigilə gəldilər.Azər onların anasının yanına getdiyini bilib onlarla getmək istəsə də,nənəsi onu tovlayaraq buraxmadı.

Cəmil kişini görən Səlimə qardaşının boynuna sarıldı,kövrəldi,üzündən öpdü.Bu kövrəlmənin səbəbini hər ikisi gözəl anlayırdılar.Bu kövrəlmə ilə ikisi də,bacıları Çiçəyi xatırlayırdılar.Axı bura ilk əvvəl onun ocağı idi.Arxadan gələn Farizə ötəri salam verdi,küskünlüyünü,incidiyini bildirdi.Səsə gələn Əhməd kişi də onlarla əl verib,görüşdü,onları içəri dəvət etdi. Keçib əyləşdilər.Farizin sıxıla-sıxıla oturması nəzəri cəlb edirdi.Qızlar onlarla görüşüb arxa otağa keçdilər.Gözlərindəki nifrət və qəzəbi Fariz hiss etdi.Bir az da balacalaşdı sanki.Bütün bunlar Əhməd kişinin nəzərindən yayınmırdı.

Onlar xeyli söhbətləşdilər.Səlimə onlara çay gətirdi.Özü də orada əyləşib onlara,daha doğrusu qardaşı Cəmilə qulaq asmağa başladı.Həmişəki kimi,bir böyük məsləhətinə ehtiyacları vardı.Cəmil kişi bir xeyli misal çəkdi,söhbət edib,yeznəsini yola gətirməyə çalışdı.”Gənclikdə olan işdi”-deyib Hicranı evlərinə aparmaq istədiyini bildirdi.

Bu hadisədən başını itirən Əhməd kişi:

-Hicran necə istəyir,necə düşünür elə də etsin.Mən bir qərar verə bilmirəm.-dedi.

Yeznəsinin başına gələnlərdən xəbərdar olan Cəmil kişi,onun nə demək istədiyini anladı.Hicranın yanına getdi.Balalarını öpdü,bacısının yadigarını bagrına basıb,qəhərləndi.Lakin özünü ələ alıb sözə başladı:

-Canım gözüm,bilirsən ki,dayı səni nə qədər çox istəyir.Sənin dırnağına belə daş dəyməsinə razı qalmaram.Eyni zamanda da balalarının.Bu nə işdi tutubsan?Bəs balalarını düşündünmü?Onları kimə etibar edib gedirdin hə?Mənə cavab ver.Fariz onların atasıdır.Bir səhvdir edib.Qadın ürəyi geniş olar,bağışlamagı bacarar.Qoy onları dünyaya gətirdiyi kimi,əziyyətlərini də çəkb böyütsün.Yedirtsin,içirsin,geydirsin.Sən ətrafındakılardan bu qədər narazısansa,bəs bu günahsızları onlaramı etibar edib gedirsən?Bilirsənmi,canım mənim,ana elə bir məhfumdur ki,balalarının uğrunda hər əzaba dözər,qatlaşar.Ona gün ərzində bir dilim quru çörək,bir stəkan su da versələır razı olar,balarının xətrinə,onları kimsəyə etibar etməz,gələcəyini düşünər.Onların gələcəyi üçün yaşayar.İndi yığış gedək.Balanın birinin orda gözü yolda,ikisi burda qardaşlarına həsrət.Nə qədər oturacaqsan.Yazıq atan-anan da bilmir nə etsin.Get,başını sal aşağı öladlarını böyüt.Beş-on ildən sonra onlar sənin arxan,dayağın olacaq.Kİmsə sənə bir söz deyə bilməyəcək.Boşanmaq da çıxış yolu deyil.Məyər görmürsən,tək qadınlar nə əziyyət çəkir.Elə bilirsən indikindən az əzab- əziyyət çəkəcəksən?

Cəmil kişi,bacısının qızını bir daha bağrına basdı.Ondan Çiçəyin ətrini duydu sanki.O da bacısı kimi kövrək,incə bir çiçəyə bənzəyirdi.Boynu bükük çiçəyə.

Hicran dayısının bu söhbətindən çox utandı,dözümsüzlükdə özünü qınadı.Balarının üzünə baxa bilmədi sanki.Getməkdən,qaldığı yerdən davam etməkdən başqa çıxış yolu görmədi.

Müəllif: Günel Əsədova

Advertisements

29/12/2017 tarixində Hekayələr, Sizdən gələnlər içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 1 Şərh.

  1. Mən “Ana hər şeyə dözməlidir” tip məsələlərdə bir az üsyankaram 😦 Hayıf Hicranını ömründən, günündən.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: