Bir qadının taleyindən sətirlər… (2-ci hissə)

Hicran ağlayırdı. Səssiz-səmirsiz. Fariz yatmışdı. Onun ağladığından da xəbəri yox idi, yatmamasından da. Hicranı ağladan bu axşamkı narazılıq deyildi. O, bu evə gələndən nə qədər haqsızlıq görmüşdü. Elə ilk gəldiyi aylardan nə qədər böyük səhv addım atdığını başa düşmüşdü. Lakin geriyə yol yox idi. Dözməliydi. Öz seçdiyi yol idi, getməli idi. Atasını eşitmədiyinə çox peşiman olmuşdu.
Əslində onların arasında elə uzun uzadı bir sevgi də olmamışdı. Fariz Hicranı görsə də, bu yolu ona anası ilə bacısı göstərmişdi. Hicran da onsuz da kiməsə gedəcəyini düşünüb Farizə razılığını vermişdi. Çünki, ilk gənclik illərində yaşadığı sevgisi daşa dəydikdən sonra o, heç kəsi sevə bilməyəcəyini bilirdi. Beləcə də onlar evlənmişdi. Hicranın atası əvvəl razılıq verməsə də sonra yumşalmışdı. 
Hicran orta məktəbin doqquzuncu sinfində oxuyanda onu paralel sinifdən bir oglan sevmişdi. İlk vaxtlar nə qədər o oğlandan uzaq qaçsa da, oğlanın daima onu izləməsi, məktəbdən çıxandan sonra hər gün evə qədər onun arxasınca getməsi, telefon zəngləri, oturduqları sinfin ya qapısının, ya pəncərəsinin önündə saatlarla dayanması artıq qızın ürəyini yumşaltmağa başlamışdı. Hicran hara getsə bu gözlərlə qarşılaşırdı. Bu gözlər daima onu təqib edirdi. Artıq məktəbdə bu sevgidən hamının xəbəri var idi. Hətta müəllimlər də bu oğlanın sevgisinə mat qalmışdılar. Vüqar həm də məktəbdə sayılıb seçilən şagirdlərindən idi. O, həm yaxşı oxuyur, həm də çox mərd idi. Hər kəsə hörmət etməyi bacarır, verilən bütün tapşırıqların öhdəsindən bacarıqla gəlirdi. Onu bütün müəllimlər sevirdi. Belə ki, bəzən hər hansısa bir dərsdə Hicrangilin sinfinin qapısını döyər, müəllimədən dərsdə oturması üçün icazə istəyərdi. Müəllimə gülər:

-Bala sənin öz dərsin yoxdu? Niyə öz sinfində gedib oturmursan?-deyə soruşar, gülümsəməsini gizlətməyə çalışardı. Vüqar yüz səbəb göstərər, axırda istəyinə nail olub, keçib arxada sakit oturar, özünü dərsə qulaq asar kimi göstərərdi. Hicran özünü itirər, utandığından qıpqırmızı olardı. Ürəyində müəlliməyə acığı tutar, sinif yoldaşlarının yanında çox pərt olardı.

Beləliklə, artıq evdə də oglanın iri qonur gözləri onun gözünün qabagından getmir, ürəyində anlaşılmaz hisslər baş qaldırardı. Bax beləcə başlamışdı onun ilk sevgisi. Vüqar onu hər kəsə qısqanardı. Hər kəs bu sevginin möhkəmliyinə, saflığına heyrət edirdi.

Hicran tibb institutuna hazırlaşır, məşgələlərə gedirdi. Vüqar gəlib qapının agzında durar, Hicranın məşğələ yoldaşlarına nə isə deyər, yazıq oğlanlar bir dəfə də olsun Hicran onlardan nə isə soruşmasa qızı dindirib danışdırmaz, o oturan tərəfdə oturmazdılar.

Məktəbdə də, bir adam Hicrana yaxınlaşıb nə isə deyə bilməzdi. Belə bir hal baş verərdisə Vüqar həmin oğlanın gününü qara edərdi. Bu güclü sevgi, bu qısqanclıq Vüqarı dəli edirdi. Hicran bir gün dərsə gəlməsə gah evə gedər zəng vurar, gah gəlib küçələrində dayanardı.

Artıq son zəng yaxınlaşırdı. Hicran dərslərinə ciddi hazırlaşır, həkim olmaq həvəsi və Vüqarın sevgisi ona güc verirdi. Lakin günlərin bir günü Vüqar ona zəng edəndə onun çox qəmgin oldugunu hiss etdi. Nə olduğunu soruşdu. Vüqar xeyli sualdan qaçsa da birdən heç gözlənilmədən dedi:

-Bilirsən, sənə bir söz demək istəyirəm.-Xeyli susdu. Hicranın ürəyinin guppultusu qulaqlarında eşidilirdi. Onun nə deyəcəyini səbirsizliklə gözləsə də, bunun nə isə yaxşı bir xəbər olmayacağını başa düşür, ürəyi daha da bərk döyünürdü.

– Mən evdən qaçmışam, dostumgildəyəm,-dedi Vüqar. Hicran eşitdiyi sözə mat qaldı:

-Niyə?-dedi, səsi titrəyirdi. Axı o valideynlərinin də sevimlisi idi.

-Axşam atam mənimlə söhbət etdi. Mənim sənə olan sevgimi bildiyini dedi və səndən əl çəkməyimi tələb etdi. Dedi ki, onlar bizim təbəqəyə aid deyillər və mənim səninlə evlənməyimə qətiyyən icazə verməyəcək..-Vüqar susdu. Dəstəyin o tayından xısın-xısın ağlamaq səsi gəlirdi. Vüqar ağlayırdı. Hicran sanki qurumuşdu. Dili söz tutmurdu. Zorla udqundu. Dünya başına uçmuşdu. Vüqargil imkanlı ailə idi. Hicrangil isə kasıb. Demək Hicranın atasının kasıblığını qəbul etmirdi Vüqarın atası. Bu sevgi Hicranın gözündə bir heçə döndü bir an. Səsi qırıla-qırıla dedi:

-O zaman artıq mənə zəng eləmə dedi.- Dəstəyi yerinə qoydu. Hönkürüb ağladı. Acı göz yaşları gözündən leysan kimi töküldü. Telefon yenə zəng çaldı. Hicran dəstəyi götürmədi. Telefon aramsız səslənirdi. Nəhayət ürəyi dözmədi, dəstəyi götürdü:

– Niyə belə eliyirsən axı, niyə mənim sözümə qulaq asmırsan. Bəs mənə heç yazığın gəlmir. Atam elə zülm eləsin ,sən də belə. Mənə axıra kimi qulaq as, xahiş edirəm.-Hicran ağlayır, sakitcə qulaq asırdı.-Mən bir qərara gəlmişəm. Gəl atestatımızı alan kimi qaçaq Rusiyaya. Birdəfəlik. Gedək orda evlənək. Mən işləyəcəyəm, ailəmizi saxlamaq üçün var gücümlə çalışacağam. Səni xanım kimi saxlayacağam. Nə olar, qurban olum, gəl razı ol. Fikirləş, üç gündən sonra sənə zəng çalacam.-Hicran bu sözlərdən lap dəhşətə gəldi. Atası, Səlimə-ona həyatını, sevgisini qurban verən Səlimə, bacıları, qardaşı gözünün qabağına gəldi. Yox, Hicran onları atıb gedə bilməzdi. Belə xoşbəxtlik ona gərək deyildi:

-Yox, mən indi deyirəm cavabımı. Sən atandan incimisən getmək istəyirsən. Bəs mənim valideynlərimin günahı nədi ki, onları atıb gedəm? Mənə üç gün lazım deyil Vüqar. Mən səni nə qədər sevsəm də, onları atıb gedə bilmərəm. Onlar buna layiq deyillər.-Dəstəkdən ağır-ağır nəfəs eşidilirdi. Vüqar belə cavab gözləmirdi. Çarəsizlikdən nə deyəcəyini bilmirdi:

-Sən yenə bir az fikirləş. Mən üç gündən sonra yenə zəng vuracam. Mənim sevgim belə bitə bilməz Hicran. Mən sənsiz həyatımı təsəvvür edə bilmirəm.

Hicran ağlayırdı. Çarəsizdi. Nəhayət telefonun dəstəyini yerə qoydu. Telefon daha zəng çalmadı.

Fariz Hicrana tərəf döndü. Kürəyi açıq idi. Hicran qayğıkeşliklə onun üstünü örtdü. Köksünü ötürdü. Yatmaq istəyirdi, gözünə yuxu getmirdi.

Son zəngdən sonra Hicran Bakıya getdi. İmtahanlara hazırlaşırdı. İçərisində bir qorxu, həyəcan var idi ki, nə oxudugunu özü də başa düşmürdü. Hicran sənədlərini tibb institutuna vermişdi. Vüqar isə Rusiyaya hərbi məktəbə yollanmışdı. Onun getdiyi gün Hicran küçəyə çıxanda həyət qapısının agzında yerdə böyük bir təyyarə şəkli çəkilmişdi. Şəklin altında isə gecə saat üç sözləri yazılmışdı. Bunu Vüqar yazmışdı. Getməzdən əvvəl gəlib bu şəkli çəkmişdi. Hicran ağlamış, evə qaçmışdı. Onun belə hərəkətləri Hicranı çox üzürdü. Hicran nə edə bilərdi. Atasının qürurunu heç nəyə dəyişməzdi. Onun atasını bəyənmiyən bir kişinin gəlini ola bilməzdi. Beləcə də onlar heç bir razılığa gələ bilməyərək ayrılmışdılar.

Hicran birinci ədəbiyyat imtahanını vermişdi. Dörd almışdı sevincindən uçmağa qanadı yox idi. Növbəti imtahan kimya olacaqdı.

İnstitutun dəhlizində abiturientlərin bir-biri ilə necə sual cavab etdiklərini görəndə özünü çox itirmişdi.Uşaqlar o qədər cəld və sərt bir formada danışırdılar ki, ilk növbədə onu çaşdıran elə onların bu sərbəstliyi və tez-tez danışmaqları oldu. Hicran çox utancaq idi. Heç kimə yaxınlaşa bilmirdi. Və heç nəyi də təkrarlaya bilməzdi. Çünki başının içində elə bir ugultu yaranmışdı ki, bu ugultudan və ürəyinin döyüntüsündən başqa heç nə eşitmirdi.

İmtahandan çıxan uşaqların çoxusu aglaya-aglaya çıxırdı. Bu da onu daha da qorxudurdu. Ürəyi elə sıxılırdı ki, ayaq üstə durmağa belə taqəti qalmamışdı. Hicran bayaqdan bəri hamının sualına cavab verən, dilinin üstə dil bitmiş kimi dil-dil ötən bir qızla girəsi oldu imtahan otağına. Bileti çəkib yerlərləinə keçdilər. Hicran sualları oxuyub, cavabları yazmağa başladı. Həyəcan onu öldürür bildiyinin də düz olub olmadığına inana bilmirdi. Bayaqkı qız çox güclü idi. Cavablarını yazıb müəllimin qabağına keçdi və danışmağa başladı. Müəllimlər sualı sual dalınca yağdırır, qız cavablandırırdı. Amma, ona qiymət yazmaq fikrində deyildilər. Axır ki ,bir sualda ilişdirdilər və ikisini yazdılar. Qız nə qədər yalvardısa, yeni suallar verilməsini istədisə mümkün olmadı. Qız səkkiz il idi ki, bura sənəd verirmiş. Ağlayaraq komissiya tələb etdi, lakin heç bir nəticə olmadı. Bu zaman qız elə bir nalə çəkib özünü yerə çırpdı ki, görənlərin ürəyi parça-parça oldu. Lakin ,müəllimlər soyuqqanlıqla ondan auditoriyanı tərk etməsini tələb etdilər. Qız ağlaya-ağlaya,qarğışlar yağdıra- yağdıra getdi. Artıq Hicranın ümidi qalmamışdı. Belə bir bilikli, cəsur qızın imtahandan kəsilməsi ona aqibətinin necə olacağını göstərdi. Və Hicran qorxudan əsə-əsə müəllimin qabağına keçdi. Müəllimlər o qədər əsəbləşmişdilər ki, hələ də qızdan danışırdılar. Hicranın qabağında oturan müəllim yazıya bir nəzər salıb iki yazmaq istəyəndə Hicran zorla eşidiləcək bir səslə, yalvarırcasına dedi:

-Nə olar yazmayın, mənə suallar verin. Müəllim ona elə baxdı ki, Hicranın ürəyi qopdu. Müəllim ona bir-iki sual verdi. Hicranın səsi elə yavaş, inamsız idi ki, bayaqdan əsəbləşib özündən çıxan müəllimin ona qulaq asmağa belə hövsələsi çatmadı. İki yazdı imtahan vərəqinə. Hicranın gözündən iki damcı yaş diyirlənib vərəqin üstünə düşdü. Müəllim bir an sanki tutuldu və tez də həminki ötkəmliyi ilə dedi:

-Get qızım ,gələn il yaxşı öyrənib gələrsən. Hicran suyu süzülə-süzülə bayıra çıxdı. Atası ilə əmisi onu gözləyirdi. Yer yarılsaydı Hicran yerə girərdi. Ayaqları dolaşa-dolaşa gəlib onlara çatdı. Heç nə soruşmadılar. Onun görkəmindən hər şey bəlli idi. Ata kövrələrək qızını bağrına basdı. Onlar maşına tərəf getdilər. Əslində Hicranın atası ona bura gəlməyi məsləhət bilməzdi. Çünki, buranın şərtlərini yaxşı bilirdi. Amma onun buna imkanı çatmırdı. Adi sürücü idi. Burada kimlərin balalarının oxuduğunu ona demişdilər. Amma qızının ümidlərini sındırmamışdı. Əhməd kişi sanki kasıblığını özünə günah bildi. Balasını götürüb rayona yollandı.

Səhər Hicranın hələ də oyanmadığını görən Farizin axşamkı hadisə yadına düşdü. Ona elə gəldi ki, Hicran əsəbindən, qəsdən oyanmayıb. Amma xəbəri yox idi ki,o geceni xeyli yata bilməmişdi:

– Ay qız, niyə durmursan? Hicran gözlərini açdı. Tez saata baxdı. Səkkizin yarısı idi.

-Aa yatıb qalmışam ki, dedi. Tələsik geyinib, vanna otağına qaçdı. Yuyunub həmişəki kimi səhər yeməyi hazırlamağa getdi. Fariz yuyunub gəldi. Uşaqlar hələ yatırdılar. Anası Zərnişan yerində yox idi. Tezdən durub harasa getmişdi.

Fariz tələsik yeməyini yedi. Qapıya tərəf gedəndə dedi:

-Bu gün söhbətə təzədən başlamayın ha. Oldu qurtardı. –Hicran dinmədi. Sakitcə gedib darvazanı açdı. Fariz benzin maşını sürürdü. Maşını həyətdən çıxarıb getdi. Qaynanası evdə olanda darvazanı həmişə özü açar, mənim ayağım yüngüldü, oğluma düşərli olsun deyərdi. Amma bunlara Hicran baş qoşmazdı. O, evə qayıtdı. Üşümüşdü. Balaca oğlunun yanına uzandı. Bir az yuxulamışdı ki, həyətdən səs gəldi. Gələn Heyran arvad idi. Hicran cəld qapıya qaçdı. Arvada tərəf getdi, gülümsəyirdi. Üzündə heç bir kədər izi görünmürdü:

-Ay Heyran xala, xoş gəlmisən.Yeni ilin də mübarək, neçə-neçə illərə çıxasan! Bəs axşam niyə gəlmədin səni gözlədik nə qədər.-deyib arvadı qucaqlayıb öpdü.

– Nazimgilə getmişdim, a bala -deyib nəfəsini dərdi. Gülümsədi.-Sizin də bayramınız müvərək olsun. Hanı Zərnişan?-dedi.

-Mən yuxudan durandan görməmişəm. Bilmirəm heç səhər-səhər hara gedib.

Heyran arvadın adəti idi, həmişə tezdən gələrdi.

Onlar içəri keçdilər. Otağın istisi Heyran arvada xoş gəldi:

-Öynüz yaxşıca istidi, a Hicran -dedi-mən ölürəm az, souxdan. Elə o işıq yananda eletrik isidicisi nə qızdırır o olur. Sonra yenə buza dönür. Bax elə bu odun sobası hamısindan yaxşıdı -deyərək sobanın yanına gəlib əllərini qızdırmağa başladı.

Heyran arvad danışdığı zaman, Hicran artıq süfrəni hazırlamışdı. Bişirdiyi şirniyyatlardan süfrəyə qoymuş, dolmadan, plovdan isidib gətirmişdi. Hicran bilirdi ki, Heyran xala səhər erkən olsa da xörək yeməyi daha çox xoşlayır. Şirniyyatı yeməkdən sonra çaynan içir. Bu zaman Zərnişan da gəldi. Anasını görcək:

-Ana, gəlifsən? Xoş gəlifsən- dedi.-Bə axşam hara getmişdin? Niyə gəlmədin?

-Nazimgilə getmişdim, elə onlarda qaldım-deyə cavab verdi.

Zərnişan süfrəyə baxıb, gəlinin heç nə biruzə verməməsinə razı qaldı. Ana-bala oturub yemək yeyirdilər. Hicran mətbəxdə Heyran xala üçün pay hazırlayırdı. Qaynanası da, Heyran xala da onu çağırdılar:

-A Hicran, nağayrırsan orda gəl sən də yeməkdən, zaddan ye.

-Gəlirəm- dedi Hicran. Onlar yedilər, içdilər. Xeyli oturub söhbətləşdilər. Sonra Heyran arvad getmək istəyəndə Hicran gətirib hazırladığı bağlamanı ona verdi. Dedi:

– Niyə gedirsən, evin də soyuqdur, niyə burda qalmırsan dedi.-Heyran arvad bağlamanı alıb dedi:

-Nə əziyyət çəkirsən, a bala. Allah qardaşını saxlasın, payın çox olsun. Gedim mən. Nərminəgilə də gedəcəm. Bəlkə axşam qayıtdım gəldim. Hicran çox sevindi:

-Hə gəl sən Allah. Yadından çıxmasın. Hicran bilirdi ki, Heyran arvad onu çox itəyir. Hər dəfə ona bir balaca yaxşılıq edən kimi, yüz dəfə alqış edər, Allah qardaşını saxlasın, atanı, ərini, balalarını saxlasın deyərdi. Ümumuiyyətlə, onun söz-söhbətindən də xoşu gələrdi. Saatlarla oturub gəncliyindən danışar, Hicran qulaq asardı. Ona elə bağlanmışdı ki, sanki o da bir nənəsi idi.

Onlar ana-bala getdilər. Hicran evə qayıdıb işləri ilə məşğul olmağa başladı. Bişirdiyi şirniyyatdan kiçik baldızına və yoldaşının dayısı evlərinə də pay hazırladı. Ürəyi sıxılırdı. Atasıgilə getmək istəyirdi. İşlərini görüb axşamı gözləyəcək, Fariz işdən gələndə ondan atasıgilə aparmağı xahiş edəcəkdi.

Əslində Fariz də o qədər mehriban deyildi. Evləndiklərindən bəri xeyli dəyişmişdi.

Hər dəfə atamgilə gedirəm deyəndə ya ana, ya da oğlu bir söz tapar, onu ta hövsələdən çıxandan sonra aparardı. Bir gün Hicran atasıgilə hazırlaşmışdı. Yoldaşını gözləyirdi. Balaca oğlu üçün bir-iki paltar götürmüşdü. Təsadüfən artırmaya çıxanda qaynanasının onun paltap qoyduğu çantaya baxdıgını gördü. Arvad çantanı elə yoxlayırdı ki, elə bil Hicran bu balaca çantaya nə qoyub aparası idi. Dillənmədi, özünü görməməzliyə vurdu. Qaynanasının bu qədər dar qəlbli olduğuna təssüf etdi. Ürəyindən acı bir sızıltı keçdi. Axı onlar bir ailə idilər. Bu qədər qıymamazlıq, gəlinə qarşı inamsızlıq nədən yaranmışdı bu arvadda bilə bilmirdi. Hicran onun qızlarına beləmi yanaşırdı. Hər dəfə Rusiyaya gedən olanda, orada yaşayan baldızına bişirdiyi mürəbbələrdən pay tutar, sovqat hazırlayar,qaynanası gedən adama verib yola salardı.

Fariz gəldi. Hicran onun yeməyini verib, süfrəni yığışdırandan sonra fikrini ona dedi. Fariz həyətə çıxıb anasına nə isə dedi. Sonra gəlib hazırlaş dedi. Hicran uşaqları geyindirib çıxanda qaynanası dedi:

-Ordan bir az bir şey götür. Hicran pərt oldu. Əgər bunu aparmaq lazım idisə, bəs axşamkı qanqaralığı salmaq nəyə gərəkdi. Hicran gəlib bir az sirniyyat götürüb getdi.

Atasıgilin həyəti sakitlik idi. Evdən də səs səmir gəlmirdi. Uşaqlar qabaqda qaçaraq pilləkənləri çıxdılar. Qapını səs-küylə açıb içəri girdilər. Əhməd kişi gülərək ,sevinə-sevinə uşaqların qabağına qaçdı. Qollarını geniş açıb nəvələrini bağrına basdı. Səlimə də gülümsəyərək Hicrana sarı getdi. Onlar qucaqlqşıb görüşdülər. Sonra Səlimə uşaqları, Əhməd kişi isə qızını bağrına basdı…

Müəllif: Günel Əsədova

Advertisements

27/12/2017 tarixində Hekayələr, Sizdən gələnlər içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: