Hər kəsin gözündə çox güclü, lakin köksündə çox həssas, kövrək ürək daşıyan biriyəm… (Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 30-cu yazı)

Günaydın, əzizlərim. Cüməniz və Qurban Bayramınız mübarək. Nəhayət, son müsahiblə tanışlıq zamanı çatdı və beləliklə, bu layihədən ikinci hissəni də yekunlaşdırmış oldum. Əslində bu gün çoxunuz üçün yeni tanışlıq günü deyil. Xəyaləni dostlarımdan çoxu yaxşı tanıyır. Amma mənim kimi tanıyan isə deyərdim yoxdur. Çünki, Xəyalə elə mən deməkdir. O qədər oxşar fikirlərimiz var ki, bəzən mesajda zarafatla deyirik k, biz əkizik, baxmayaraq ki, yaş fərqimiz var. Müsahibəyə cavabların oxuyanda, eyni cavabları görüb heç də təəccüblənmədim. Dedim axı, bizim baxışımız 99,99% eynilik təşkil edir. Geniş, mənalı, bəzən kövrək, bəzən duyğusal, bəzən də düşünməyə vadar edən cavablar…buyurun, siz də oxuyun.

1. Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz. Müsahibim kimdir, sizi necə tanıyaq?       

– Allahın salamı və lütf etdiyi gözəllikləri hər kəsin üzərinə olsun. Ümid edirəm söhbətimiz yorucu olmayacaq…Hər kəsin göründüyü qədər də görünməyən yanları var. Və hər kəsin içərisində istəsə belə kimsəyə göstərə bilmədiyi, anlada bilməyəcəyi bir məni var. Özünə belə… Elə mənim də…

Mən kiməm? Adım Xəyalə, 35 yaşım var. Orta təhsilliyəm. Bütün kəndlərimizdə, ölkəmizin bir çox ailələrində olduğu kimi “Qız uşağı oxumaz” düşüncəsinin qurbanlarından biri… Zəiflərimi göstərməyi, yazığı gəlinməyi sevmirəm. Hər zaman, ən ağır vəziyyətlərimdə belə səbir etməyə, güclü olmağa çalışıram. Bəzən də gücüm çatandan daha artıq. Yaşadığım hər nə olur olsun, hər halımla həyatın gözünə dik baxıram. Elə həyata inad. Hərdən səbrimə özüm də heyrətlənəcək qədər səbirliyəm.

İki övladının nəfəsləriylə nəfəs alan, onlar üçün canından keçməyə hazır olan Anayam. Əlhamdulillah. Həyat yoldaşımın ən yaxın dostu, ona arxa-dayaq olmağa sevərək çalışan və bacaran qadınam. Bəzən yıxılsam, bəzən əyilsəm, bəzən də ölümlə üz-üzə qalsam da ailəm üçün davam edən, yenidən onlar üçün həyata tutunan və Allahdan ən böyük diləyi ailəsi olan qadınam. Ailəm həyatdakı tək yaşam gücüm, yaşam səbəbimdir.

Təsadüflərə inanmıram, bəlkələrlə yaşamıram. Səssizliyi, təkliyi çox sevirəm. İnsanların içərisində həm varam, həm yoxam. İnsanları, ünsiyyəti çox sevirəm, amma sevdiyim qədər də, bəlkə də daha çox… uzaq durmağa çalışıram. Çünki insanlığa güvənmirəm. Çox zaman təkliyə çəkilib fikirlərimi cızma-qara etməyi xoşlayıram. Həyat dolu insan olsam da hüzünü çox sevirəm. Hüzündə tamamlanır, özümü tapıram. Mənim üçün hər şeydə mütləq bir xeyir, kiçik də olsa bir gözəllik var.

Yaşadığım hər şeyi asanlıqla qəbul etməyi bacarıram. Niyə oldu, “mən niyə?” deyə bir düşüncəm yoxdur. Mənim üçün olmalı idi, Rəbbim məsləhət bildi oldu var. Öz sınağına layiq bilən Allaha həmd olsun.

2. Aristotel deyir ki, insanlar həqiqətə yox, həqiqət kimi görünən şeylərə inanarlar. Sizcə həqiqətlər tükənib, ya insanlar həqiqəti görmək istəmirlər?

– Hər şey o qədər adiləşib, bəsitləşib ki, hətta insanlıq belə…Gözündə heç bir şeyin bir fərqi, mənası olmayan bir insana, həqiqət və ya həqiqət kimi görünənlərin nə fərqi ola bilər ki?! Yox, həqiqətlər elə olduğu yerdədir. İnsanlar gözü görə-görə, açıq gözlə kora çevrilib… Ən pisi də odur ki, bəzən elə ağıllı, dərin düşüncəli insanlar həqiqətə göz yumur, görmək istəmir ki…Ağlın düyün düşür.

3. Ləpələr sahildə tapar hüzuru, insan ümidlərində. Ümidinizi öz əlinizlə sularda batırsanız, günahı dənizdə görməyin…(S. Dünya) Oldumu belə halınız?

– Ümid elə bir şeydir ki, bitdiyi gün sən çoxdan bitmiş olarsan… Bəzən əyildim, bəzən yoruldum. Amma heç vaxt sınmadım çox şükür. Çünki hər nə olur olsun ümidimi itirmədim. Hər zaman gücümü toplayıb, hər şeyə yenidən, qaldığım yerdən davam etdim, Allahın izniylə. Əlhamdulillah.

4. Eşqə uçarsan qanadların yanar, eşqə uçmazsan qanadların nəyə yarar, eşqi taparsan, qanadlar nəyinə yarar? Sizin dünyanızda eşq nədir?

– Mənim dünyamda eşq… Onun ruhunu ruhunda yaşatmaqdır, yoxluğu qədər də varlığına tutunmaqdır.
Eşq…özündən dönüb, bütövlüklə o olmaqdır, sən olan hər şeyini unutmaqdır.
Eşq…səsiz-səsiz hayqırmaqdır, odsuz-ocaqsız yanmaqdır…yanmadan belə kül olmaqdır. Ona vurulduğun gün dünyaya dəlicəsinə doğulmaqdır eşq.
Eşq…ürəyindəki gizlin nalən, gözəl dünyan, bitməz, əlçatmaz arzularındır.
Onunla ikən, onu bütün qaranlığının ayı, günəşi sanmaqdır, varlığıyla zülmətləri işıqlandırmaqdır eşq.
Eşq…qanadsız uça bilmək, yaşadığını hiss etmək, onsuz olan hər şeydən vaz keçməkdir.
Eşq…bəzən uşaqlaşmaq, bəzən yersiz ağlayıb, yersiz gülməkdir.
Hərdən ona qapılıb ürəyinə, düşüncənə nəzarəti itirməkdir eşq.
Eşq…onun sevdiyini belə onun üçün sevə bilməkdir.
Və mənim üçün eşq…Yanmaq kül olmamaqdır. Çünki, ocaq söndüyündə külə çevrilir…

5. Ey mənim ömrümdən keçən günlərim,
Nələri aparıb, gətirdin nəyi.
Cavanlıq eşqiylə döyünən qəlbin
Bəlkə də bir gizlin xatirəsi var
Dindirsən kim bilir, dastan danışar. (S.Dünya)… Bölmək istədiyiniz ən şirin xatirə istəsəm sizdən, nəyi danışardınız?
– Xatirələr…
Yaşadığımız hər anımız belə bir xatirədir, günlər sonra… Bütün ömrümüz acılı-şirinli xatirələrdən toplanmış anlardır.
Bəziləri acısı elə dərin olar ki, xatırlamağa qorxudar bizi,
Bəzilərini unutmamağa, davamlı xatırlamağa çalışarıq, bəlkə də üzümüzdəki ən gerçək təbəssümümüz olduğundan…
Bəziləri həyata bağlar, yaşam tutunma səbəbimiz olar. Bəziləri də hər xatırladığında, yaşarkən həyatdan alıb götürər bizi…
Elə xatirələr də var ki, içərisi qəribə bir əhvalla, hisslərlə doludur. Xatırladığında eyni anda həm üzündə təbəssüm, sevinc yaranar, həm də yanaqların hüzünlü göz yaşlarıyla islanar. İndi anladacağım xatirəm kimi…
Yaşadığım xəstəlik səbəbindən nitqimi itirmişdim bir müddət. Danışa bilmədiyim üçün hər kəs çox narahat idi. Anam…

Anamınsa… O halını xatırlamaq istəmirəm😔
Həkimdən müalicə götürüb yeni qayıtmışdıq evə. Anam yanımda oturub mənimlə zarafatlaşmağa, könlümü almağa çalışırdı. O halımla belə zarafatlaşıb güldüyümüz anda, birdən dilim açıldı, danışa bildim. Artıq sağlamlığımdan əlini üzmüş Anamın, o andakı yaşadığı sevinci bütün dünyanı bürüyə biləcək qədər çox böyük, çox gözəl idi… Əlhamdulillah.
O sevinc, bütün ömrümə yetəcək qədər ən gözəl xatirəmdir!

6. Biri gələr səni sən edər, biri gələr səni səndən edər (S. Təbrizi). Sizi siz edən kim oldu, sizi sizdən edən kim?

– Hər bir insan özlüyündə canlı bir örnəkdir ətrafına, həyat dərsidir. Heç vaxt qarşıma çıxan insanları tanıdığıma peşman olmadım. Əksinə, hərəsindən bir şey öyrəndim.

Pisliyi ilə gələnlər, insanlıqdan dönüb, acı yaşadanlar…həyatı, ayaqlarımın üstündə möhkəm dayanmağı, hər kəsə güvənib arxa çevirməməyi öyrətdi. İnsanların nələr edə biləcəyini, hər kəsin əslində görünmədiyi kimi olduğunu, pisi görüb yaxşının dəyərini bilməyi öyrətdi.

Yaxşılar, ürəyinin təmizliyindən, gözəlliyindən pay verənlər…Allahın lütfünün genişliyini, həyatın əslində rahatlıqla görünməyən, tapılmayan yanlarını, incə gözəlliklərinin var olduğunu göstərdi. İnsancasına sevməyi sevilməyi, varlıqlarına hər nəfəsdə şükür etməyi öyrətdi. Və mən rastlaşdığım hər kəsə yaxşısıyla, pisiylə birgə minnətdaram. Çünki mənə mən olmağı, məğrur yaşamağı öyrətdi!

7. Dağ da tək olanda qəribsəyir. Ona görə də çox vaxt silsilə şəklində olur. Varmı sizi də dağ kimi möhkəm edən belə dostlarınız?

– Ataların gözəl bir məsəli var, “Dostları biz seçərik, yaxşılarnı zaman saxlayar.”
Özümü çox şanslı insan sayıram. Rəbbim həyatın yaşatdığı hər acının əvəzi olaraq, qarşıma çox gözəl insanlar çıxarıb dost kimi, arxa-dayaq kimi. Əlhamdulillah. Hətta həkimlərim belə çox yaxın dostum olub, acılarmı unutdurub.

Ümumiyyətlə, həyatıma daxil olan çox az insan var ki, zaman gərəksiz olduğu üçün ələyib sıradan çıxarıb.
“Dağ da qəribsəyir tək olanda”…Təkliyi, səssizliyi çox sevirəm, hər zaman çoxluqdan uzaqlaşıb özümə, səssizliyimə çəkilməyə çalışıram. Bəzən də o qədər çox qapanaram ki, özümə, bir də baxaram sanki artıq susqunluğa bürünmüşəm. Və hər zaman o əhvaldan dəyərli olanlarımın, varlıqlarını hiss etdiyim dostlarımın sayəsində ziyan çəkmədən çıxıram.

Ətrafımda, həyatımda o qədər dəyərli insanlar, sözün əsl mənasında dostlarım var ki, istəsəm də məni yalnız, bir başıma qoymazlar. Çox zaman onlar özləri də bilmədən danışan dilimdir. Dostluq iki tərəfdən birinin qazanması deyil. Hər iki tərəfin bərabər addımlamasıdır.

8. Doğru insan, səhv zaman. Doğru zaman, səhv insan.. Həyat belə oyunlar oynayar hər zaman. Oyuna düşmədiniz ki?
– “Doğru insan, səhv zaman. Doğru zaman, səhv insan”, deməzdim. Çünki heç bir şey təsadüfü yaşanmır. İnsan yaşa dolduqca olğunlaşır. Düşüncələri, hadisələrə baxışı dəyişir. Bilmirəm, bəlkə də çox illər əvvəl bu suala fərqli cavab verərdim. Ancaq indi tək cavabım var. O da: heç bir şey təsadüfü yaşanmır.

Ümumiyyətlə, xaraktercə çox realistəm. Bəzən acı olsa da gerçəklərimlə, hər nə olur olsun mənim olanlarla yaşayan, həqiqətləri tamlığıyla qəbul edən biriyəm. Heç vaxt olmayanlarımın və olmayacaqlarımın arxasınca baxmadım.

9. Heç səhv etməyən insan, heç bir şey etməyən insandır. Və həyatda ən böyük səhv, özünü səhvsiz sanmaqdı. Özünüzə bağışlamayacağınız səhviniz oldumu?

– Qüsursuzluq bir tək Allaha məxsusdur. Hər bir insan səhv edir və səhv etdikcə düzləri öyrənir. Etdiyimiz yanlışlar bizi böyüdür, olğunlaşdırır. Həm də necə bir insan olacağımız yöndə formalaşdırır. Hər bir insanın zamanla səhvləri yanlışları olur. Mən də səhvlər edərək böyüdüm doğruları öyrəndim və zamanla da edəcəm. Çünki mən də bir insanam. Amma gələcəyimə daşıyacağım, bu günümdə başımı əyəcəyim səhvim, yanlışım olmadı çox şükür. Heç vaxt tələsik qərar vermirəm, gözüyumulu addım atmıram. Hisslərlə deyil ağılla, düşünülərək hərəkət etməyi çox sevirəm. Edəcəyim hər hərəkətdə davranışlarına cavabdehlik daşıyan bir insan kimi özümə verdiyim suallarım var: – Mən kiməm, bunu etsəm nə olar və etməsəm nə olar?…Hər zaman, hər addımda özümlə hesablaşıram. Çox şükür, heç vaxt vicdanımı susdurmağa məcbur qalacağım addım atmadım, yanlış etmədim.

10. Susqun olduğumuz zamanlar, ən çox danışmaq istədiyimiz zamanlardır əslində. “Haradan başlasam?, Necə başlasam?” deyə düşünərkən, uzun bir susqunluq buraxmış olarıq geridə. (Sərvət Saygınoğlu). Nələr sizin susqun olmanıza səbəb ola bilər?

– Sualınız susmaqla bağlı cızma-qara etdiyim fikirlərimi xatırlatdı…
…Susmaq?!
Bəzən deməyə çox sözümüz olduğu halda susarıq…sözü bitmiş kimi.
Ürəyimizdə yığım-yığım cümlələr var ikən, dilimizdə quracağımız cümlələrin əvvəlini, sonunu axtarıb durarıq. Boğazımızda düyün düşər anlada bilmədiklərimiz, boğar bizi…

Bəzən elə anlar olar ki, çox hay-küy salarıq özlüyümüzdə… Elə hay-küy ki, öz səsimizə, öz qulağımız batacaq qədər…
Əslindəsə səssiz qalmış, donmuş kimi gözləri dikili, hissiz olarıq.
Sən demə qulaqlarımızı batıran içimizdə qopan fırtınaymış, qəlbimizin yetər deyib üsyan edən, lal hayqırışıymış. Sən demə səsə saldığımız halda bilmədən, yenə səssiz keçmişikmiş…
Bəzən yorularıq daşımağa məhkum olduqlarımızın yükündən, ömrümüzə əbədi qatmaq istədiklərimizin əlçatmazlığından.
Ən böyük xəyanəti, ən bağışlanmaz pisliyi özümüz-özümüzə, qəlbimizə edərik. İstəklərimizi içimizə gömməklə. Ağrılarımıza səssiz boyun əyməklə. Ağlımızı hisslərimizə qatil etməklə. Biçarə ürəyi “Onu”, sənin qədər istədiyi üçün, təkrar-təkrar boğmaqla, əzib keçməklə.
Bəzən yorularıq saxta təbəssümümüzdən, güclüymüş kimi görünüşümüzdən, içində qanı axan yara var ikən yaxşıyam deməyimizdən. Gözümüzü dikib gözlərik bizi anlayan, duyan birinin olacağını.
Ağır zamanlarımızda çətin də olsa yaxşıyam deyərik dişimizi, dişimizə sıxıb… Əslindəsə bizi göründüyümüz deyil, olduğumuz kimi görə bilən birinin “Yaxşı deyilsən bilirəm”, deyəcək kəlməsini eşitmək istərik ümidlə…
Bəzənlər…yorar, yorduqca hər gün bir az daha susdurar, səssizliyə məhkum buraxar. Elə bir susdurar ki, səssizliyin dibinə çəkər hiss erdirmədən. Elə bir çəkər ki, “Bu həmən mənəmmi?!” deyə çaşdırar səni.
Susmaq…soyuqdan donan birinin yuxuya getmək istəyi kimidir. Ağrıları hiss etməsin deyə yatmaq istər, amma o yuxudan bir də ayılmayacağını bilməz…
“Haradan başlasam?, Necə başlasam?” deyə bir çətinliyim olmadı. Lazım gəldiyində qarşımdakı kim olur olsun, heç çəkinmədən sözümü deyirəm. Əgər susaramsa da bu mənim öz seçimimdir. Qarşımdakının qarşısında böyüklüyümdür.
Olar da bəzən yorğunluğun verdiyi gücsüzlük səbəbindən, susqunluğa düşərəm. Onda öz-özümə deyərəm; “Xəyalə, sən ən ağır zamanında, gülüşüylə həkimi heyrətləndirən həmən adamsan. Özündən utan!”

Və sanki ayılmaq üçün ağır bir sillə yemiş kimi əvvəlki mənə dönərəm, Allahın izniylə. Əlhamdulillah.

11. İnsan ürəyi bir sandıqdır. Dodaqlar onun kilidi, dil isə açarıdır.. İnsana o açarı yaxşı mühafizə etmək düşər… Çoxmu güclü mühafizə edirsiniz öz sandığınızı?

– Adına ürək deyilən o sandığı elə mühafizə edirəm ki, içərsində nələr baş verib, nələr toplandığını bir tək sahibi bilir. Daxilim sirr dolu, çox böyük qala kimidir. Və o qalanın qapısından heç vaxt heç kim içəri girməyib. Heç vaxt da girməyəcək. Sirrimi böldüyüm bir tək Anamdır, o da bəzilərini. Onu üzməyəcək olanlarını. Kənardan çox nadir hallarda olar ki, lazım gəldiyində ürəyimdə olanlardan çox kiçik bir şey deyəm. Onu da “Qaval daşı” nın sirri kimi, əsasını özümdə saxlayıram.

12. Sevdiyini bir başqasına yola salmaqdırmı çətin, yoxsa özgəsindən gəldiyini bilə-bilə qarşılamaqmı?

– Bu halların heç birini yaşamamışam, çox şükür. Ona görə də hansının daha çətin olduğunu deyə bilmərəm. Amma hər iki halda ortada ikinci şəxs var.

13. Baxdın həyatın dadını çıxara bilmirsən; dadını qaçıranı, həyatından çıxar… Oldumu belə biri? Çıxara bildinizmi?

– Yaxşı xarakterli insanla yola getmək çox asandır, hər kəs bacarar. Pis düşüncəli, çətin, dözülməz xasiyyətli olanla dil tapmaqsa hünər istər.

Tamlıqla yaxşı və ya pis insan yoxdur həyatda. Müsbətləri mənfilərini örtənlər var. Bir də mənfiləri müsbətlərini itirənlər.

İnsanları hər halları, bütün qüsurlarıyla birgə qəbul edirəm. Hər şeyi gördüyüm, bildiyim halda görməzlikdən gəlməyi çox sevirəm. Küsmək, hər kiçik şeydən incimək kimi bir cəhətim yoxdur. Amma həm də xoş xasiyyətimin tam əksi olaraq çox sərtəm. Əgər çox ciddi bir səbəbdən birinə qırılaramsa, o insana qarşı bütün düşüncəmi, hisslərimi tamam donduraram bir yolluq. Həyatımda heç olmamış kimi…

14. Qoşa yazılıbsa alın yazımız,
Qıyma ki, ömürlük mən qalım yalqız.
Gəlmişəm qapına, insaf et, ay qız,
Sən mənə sevməyi öyrət, öyrənim…- sevgini, sevməyi fənnə bənzədək bir anlıq. Tədris edilir və öyrənmək istəyən də öyrənir. Sizə görə sevgi hansı fənn olardı?

– Sevgi elə bir duyğu ki, bütün təsvirlər yanında heç qalır. Nə qədər çalışsaq da heç bir bənzətmə tamalaya bilməz, bütünlüklə anlada bilməz sevgini. Hər bir fənnin öz yeri, öz dərinliyi var. Amma sevginin fəlsəfəsi elə dərin ki, nə öyrədilməz, nə tədris edilməz. Sevgi çox dərin, tər-təmiz ürək istər. Bir də möhkəm iradə, güclü hünər istər.

15. Bir insan Allahdan başqa heç kimə ehtiyacı olmadığına inansa, Allah da onu başqasına möhtac etməz … – möhtac olduğunuz biri varmı?
– Möhtaclığım yalnız Allahadır, həmd olsun. Və hər zaman Allahdan yanımda var olmasını dilədiklərim ailəm, Anamdır. Bir də Atamın yanımda olduğunu duymaq istədiyim ruhu…

16. Birinə güvənmək lazımdır bu həyatda. Səni heç vaxt tərk etməyəcək birinə. Kimdir o? Həyatınızda belə bir insan varmı?

– Həyatda iki güvəndiyim, inandığım var. Biri başımı qaldırdığımda Gözəgörünməz olanım. Biri aynaya baxdığımda gördüyüm.

17. Ağac meyvəsi, insan əməlləri ilə tanınar deyirlər. Özünüzdən sonra hansı əməllərinizlə xatırlanmaq istərdiniz və bunun üçün nələrsə etdinizmi?

– Hər insan istənilən peşənin, istənilən sənətin sahibi ola bilər. Həm də çox mükəmməl şəkildə. Amma hər kəs insan kimi insan ola bilməz. Necəki məsəl var ” Alim olmaq asandır, insan olmaq çətin.”

İllər əvvəl vəziyyətimin ciddiliyi səbəbindən, yaxınlarımın xüsusilə soraqlayıb tapdığı, tanınmış, biliyi ilə seçilən, dövlət xəstəxanalarından birində çalışan bir həkimin qəbulunda oldum. Bizimlə eyni vaxtda həkim otağında yaşlı bir kişi də vardı. Ucqar rayonların birindən 5-6 yaşlarında anadangəlmə nitq qüsurlu nəvəsiylə gəlmişdi. Uşaq müayinədən keçdikdən sonra kişi, utana-utana üstündə pul az olduğundan üzürhaqlıq edib, cibində olan pulu həkim stolunun üstünə qoydu. Həkim pula baxıb, təhqircəsinə pulu kişinin üstünə atıb: Bu nədir, ağsaqqal? Mən 20 manatdan aşağı resept yazmıram, dedi. Yaşlı adam xəcalət içində başını aşağı dikib, uzaq yol gəldiyini, uşağın körpəlikdən müalicələrdə olub, olanını onun uçun danışa bilməsinə xərclədiyini dedi. Və həkim heç utanmadan, yaxşı ver deyib yenidən pulu geri istədi.
Gördüyüm mənzərə o qədər ağır, elə dözülməz idi ki…
Evə gələndə yaxınlarım mualicəni qəbul etməmi israr etsələr də, həmən həkimin mənim üçün yazdığı resepti cırıb atdım.
Özünə hörmət etməyən, insanlığı olmayan bir həkimin, təyin etdiyi mualicəni qəbul edə bilməzdim. Baxmayaraq ki, həmən zaman bəlkə də yeganə köməyim idi o resept…
Ən çox insan olmağa çalışıram…

18. Biz, adətən, özümüzü yox, başqalarını görürük. Özünü görməyin yolu isə özünə başqalarınln gözü ilə baxmaqdır. Başqasının gözüylə özünüzə baxdığınızı fərz edin. Gözünüzə görünən kimdir?

– Yaxın günlərin birində gəlnimizlə bir mahnıya qulaq asırdıq. Mahnını bir az dinləmişdik, ilk eşitdiyimdə məni ağlatdığını dedim. Gəlnimiz dayanıb çox qəribə bir baxışla mənə baxıb: Xəyalə, doğurdan sən bu mahnıya qulaq asıb ağlamısan? – soruşdu. Mən hə, çox ağlatmışdı məni dedim. Mövzunun bağlandığını düşünüb başqa bir şeydən söhbətə başladım. Baxdım ki, gəlnimiz məni eşitmirmiş kimi, sanki bir hadisə baş vermiş kimi heyrətlə üzümə baxır hələ də. Və yenə: Xəyalə, bu mahnı səni doğurdan ağladıb? – deyə soruşdu. Mən çaşqın halda hə, niyə elə soruşdun ki? – dedim. Gəlnimiz, sən yaşadığın hər şeyə rəğmən o qədər güclü, həyata qarşı o qədər soyuqqanlısan ki, inana bilmərəm ki, bir mahnıya ağlayasan, dedi…

Hansı ki, gəlnimiz artıq 13 – ildir Atam evi qədər bizim evin də ən əziz doğmasıdır.

Hər kəsin gözündə çox güclü, köksündə çox həssas, kövrək ürək daşıyan biriyəm…

19. Şekspir deyir: ” Cavabın o qədər gec oldu ki, soruşduğumu unutdum”…cavabsız qalan sualınız oldumu?

– Sual verməyi xoşlamıram. Daha çox kənarda durub hiss etməyə, anlamağa çalışıram. Ona görə də cavabsız qalan sualım olmadı.

20. Nəhəng dilli alovların ortasında belə qızıl nilüfər yetişdirmək olar… Olarmı sizcə?

– İnsan nələrə qadir deyil ki?!

Necə ki, yaşanmışlar bizi bərkidər, həyata qarşı dirənişli edib bizi biz edər. Nəhəng dilli alovların ortasında da qızıl dilli nilufər yetişdirmək olar. Yetər ki, istə, cəhd et və çalış.

21. Bəzən ürəyimizdə elə hisslər olur ki, ağlımız onunla əsla bacara bilmir. Ürəyinizdə elə bir hiss varmı ağlınız qarşısında acizdir?

– Ürəkdəki hisslərlə ağlın bacarıb bacarmamağı baxır bir insanın hansına daha çox üstünlük verməsinə.

Ürəyim hər dərdimi, sirrimi bilən yeganə sirdaşımdır. Bəzən yorulsa da bütün ağrılarımı, hər yükümü səssiz çəkənim, dərd ortağımdır. Məni hər halımla anlayanımdır.
Ağlım hər işdə, hər addımda sözünü dinlədiyim, dediyindən heç dönmədiyim yol yoldaşımdır. Hər səhvimi düzümü, kimsəyə bildirmədən özümə deyən, yeri gələndə töhmətləyən, yeri gələndə haqq verənim ən yaxın dostumdur, güvəndiyimdir.
Hər ikisi məni mən edən varlıqlarımdır.
Ürəyimə qarşı çox qəddaram, hər istəyini susdururam…

22. Çayımda şəkər ol demirəm sənə, çayın içində şəkərin əskikliyini hiss etdirməyəcək qədər yanımda ol, bəsimdir…kimdir sizin çayınızda şəkəri əvəz edən?

– Çayımda şəkərim də, dadım-duzum da övladlarımdır. Əlhamdulillah.

23. Hikmət sahibləri deyir ki, insanlar körpü salmaq əvəzinə, hasar çəkdikləri üçün tənha qalırlar. Tənha qalmaq sizi qorxurtmur ki?

– “İnsanlar körpü salmaq əvəzinə, hasar çəkirlər”… Bu halı son zamanlar özümdə daha çox hiss edirəm. Bütün gücümlə insanlardan uzaq durmağa çalışıram. Həm də tam sürətlə… Bir zaman efirlərdə davamlı yayımlanan xarici seriallar, internetin sürətli inkişafla yayılması və sosial şəbəkələr. Bütün bunlar “Biz” olan hər şeyimizi öldürüb heçə endirib. Nə düzgün qaydada mentalitetimiz qalıb, nə müsəlmanlığımız, nə də hər şeydən doğma olan Ana Dilimizə hörmətimiz. İnsanlığımız, mənəviyyatımız da heç olub gedib…Artıq dostluq da, sevgi də məqsədləşib, çox ucuzdur, saxtadır. Hər kəsin dilində, qəlbində yalan məskən salıb, adi bir şey kimi çox asanlaşıb.

Özüm bu dövrün insanı olsam da, bəzən ətrafda gördüklərimi həzm etmək ağır gəlir, mümkünsüz olur. Bu dünyaya səhvən gəldiyimi düşünürəm və kaş ki, tənha ola bilsəm deyirəm çox zaman…

24. İnsan; düşünmək , sevmək, inanmaq üçün dünyaya gəlmişdir. Bunların hansı birindən kəsiriniz var?

– Nəinki kəsirim var, inam deyilən hissim yox dərəcədədir, tamam itib. İnanmamağı insanlar öyrətdi mənə və hər dəfəsində haqlı çıxardılar…

25. Dünya çox acı çəkir. Amma pis insanların şiddətindən deyil, yaxşı insanların səssizliyindən…yaxşıları susmağa məcbur edən nədir sizcə?

– Bəlkə də yaxşılar susmaqlarının səbəbini pislərin gücünün üstünlüyü ilə bağlayır. Amma həyatda hər şey qurban tələb edir. İradə, dözüm tələb edir. Nəyisə qazanmaq üçün nələrindənsə keçmək lazımdır mütləq. Nə qədər ki, ictimai olan bir şey fərd olaraq götrülür, o işdə dönüş yaratmaq mümkün deyil. Necə ki, azadlıq yerində saymaqla, bir-iki nəfərin istəyi ilə qazanılmır.

26. Dedilər gözündə qəm adlı dağ var, Dedim gözlərimdə iz qoyub gedib… Gözünüzdə əksini qoyub gedəniniz necə, oldumu?

– Gözümdə əksini qoyub gedənim olmayıb, çox şükür. Amma istəmədən də olsa, qəm adlı iz qoyduğum gözlərin ahından çıxa biləcəmmi?…onu bilmirəm…

27. Zaman ayrılığı belə insana unutdurur. Onsuz yaşaya bilmərəm dediyimiz insanların simasını, qoxusunu, adını belə unutdurur zaman bizə…Və geriyə sadəcə xatirələr qalır… Niyə belədir sizcə? Günahkar həqiqətənmi zamandır, yoxsa insan unutmaq istəyir, amma günahı zamanda görür?

– “Geriyə sadəcə xatirələr qalır”…

Yox, zaman heçnəyi unutdurmur. Nə onun adını, nə qoxusunu, nə simasını. Zaman sadəcə yaşananlara alışdırır. Bir yolluq nə ağrıları xəfiflədir, nə yaraları sağaldır. Hər şey olduğu yerdə, ilk günki kimi qalır.

İnsan çalışır zamanla, unutmağa. Amma hər unutmağa çalışdıqca özü də bilmədən təkrar-təkrar yenidən xatırlayır. Və zamanla alışdıqca, çarəsiz qaldıqca, unutdum deyib ovunur. Geriyə qalan xatirələrsə, unutmamağın ən acı sübutudur…

28. Alın yazısı bir dəfə yazılır, amma insana onun üzərində hər dəfə yenidən yazmaq şansı verilir. Sizcə təkrar yazılan yazılar alt yazının izlərini tamam bağlaylb görünməz edə bilərmi?

– Alın yazısında elə şeylər var ki, bir kərə yazılar və bir daha dəyişməz. Biz istəsək də dəyişməz…Elə şeylər də var ki, dəyişilər. Hər dəfə yenidən üzərindən yazma şansı verib Rəbbimiz. Amma necə dəyişməsi, yenidən yazacağımız yazının bizi nələrə aparması, əməllərimizə bağlıdır. İnsan öz əməlləriylə hətta ömrünün uzanması və qısalmasına səbəbdir. Təkrar yazdığı yazının, alt yazının izini itirib itirməməsi də, əməlləriylə necə yazmasına bağlıdır.

29. Başqalarının izindən gedən, öz izini buraxa bilməz… İziylə getmək istədiyiniz biri, belə deyim, ideal bildiyiniz biri oldumu bu həyatda?

– Müşahidəni çox sevirəm. Hər kəsə dərindən ən kiçik incəliyinə, hər şeyin xırdalığına qədər fikir verirəm. Hər hansı xasiyyətdə, düşüncədə olur olsun hər kəsdən bir şeyi örnək alaram. İstər pisdən, istər yaxşıdan. Amma heç kimi təkrarlamağı xoşlamıram. Var mənim üçün ideal olan insan. Bilirsiz ki, siz mənim həyat idealımsız. Yerində davranışınızla, özünə insan kimi hörmətinizlə, dərin düşüncəniz, gözəl zəkanız, zəngin ürəyinizlə. Amma bütün bunları özümə yalnız nümunə kimi götürüb heç kimi təkrarlamağa çalışmadan, öz izimlə gedirəm hər zaman. Hər kəsi dinləyib, izləyib özüm kimi qalan biriyəm.

30. Deyilənə görə həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda? Həyat hansı biridir sizin üçün?Ümumiyyətlə, nədir həyat?

– “Həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır.”… Bu fikir o zaman təsdiqini tapır ki, hisslərlə yaşayanlar yaşadıqlarına faciə kimi baxır, qəbul edə bilmir. Həyatdan umduqlarını ala bilmədiyi üçün zaman baxımından nə qədər uzun sürsə də, bizim üçün həyat adlı yaşadığımız qısa zaman kəsiyini özləri üçün faciəyə çevirir.

Ağıllı adamlarsa bu həyatın keçici bir zaman olduğunu qəbul edir. Həyatın verdiyindən artığını ummur və yaşanan hər şey müvəqqəti olduğu üçün həyata gülür, komediya kimi baxır. Məncə əslində həm də əksinədir. Həyat ağılla yaşayanlar üçün faciədir, hisslərlə yaşayanlar üçün komediya. Çünki həyatı dərk edib, anlamaq üçün dərin düşüncə, güclü ağıl lazımdır. Ağıllı adamsa bu həyatı dərinliyinə vardığı halda, komediya kimi yaşaya bilməz. Hər zaman yaşadıqları deyil, ətrafda baş verənlərlə bağlı mənəvi, insani acı çəkir.

HƏYAT”, həm ən güclü “MÜƏLLİM”, həm ən yaxşı “TƏRBİYƏÇİ”, həm ən qəddar “TƏLİMÇİ”, həm ən qatı “DÜŞMƏN”, həm də ən yaxın “DOST”dur. Baxır kimin həyatı necə qəbul edib, hansı gözlə baxmasına. Və ona qarşılıq olaraq, həyatın eyni gözlə ona baxmasına…

Mənim üçün həyat, Allahını tanıya bilib sevməkdədir, hər halınla şükürdədir, qədərə səssiz boyun əyməkdədir.

Əzizim, sizə çox təşəkkür edirəm. Dəyərli, çox gözəl lahiyənizdə müsahibləriniz arasına məni yenidən qatdığınız üçün. Allah razı olsun.

Müsahibə üçün sizə təşəkkür edirəm 💐

Advertisements

01/09/2017 tarixində Yazılarım içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 5 Şərh.

  1. Sadece mohtewem bir heyat hekayesi oxudum.. cavablar bir birinin ardi ile ele duzulub ki…bir birini tamamlayir, agla taxilan bir wey yox..suallarsa hemiweki kimi cox maraqli idi👏👏👏👏

    Bəyən

  2. Salam, hər vaxtınız xeyir olsun, əzizim Sevincimiz. Sizə çox təşəkkür edirəm, bu gözəl lahiyənizdə yenidən müsahibiniz olduğum üçün. Sıradan olmayan, vərdiş alınmamış çox dərin, düşündürücü suallarınızla məni yenidən baş-başa qoyub, düşüncələrimi bölüşməyə imkan yaratdığınız üçün. Ötən dəfə olduğu kimi, bu dəfə də daxilimi özümçün kəşf etmiş, öz daxili aləmimə səyahət etmiş oldum sayənizdə. İnsan özünü nə qədər yaxşı bilsə, daxilinə nə qədər hər kəsdən daha çox bələd olsa da, yenə öz-özünü bir kitab kimi oxumasına ehtiyac var. Necə ki, mən də özümü yenidən oxudum, bir kitab kimi… Xüsusi dəqiqliklə seçdiyiniz suallarınız o qədər çox dərin, o qədər düşündürücüdür ki, həm cavablandıra bilməkçün hünər istər, həm də cavablandırmaq böyük məsuliyyətdir. Özümü imtahan verən tələbə kimi hiss etdim möhtəşəm suallarnızın qarşısında. Ümid edirəm hər şey yaxşı olmuş olar. Hər şey üçün sizə çox təşəkkür edirəm əzizim, var olun. Allah sizi qorusun, varlıqdan və məndən əskik etməsin. İlahi Amin. Yeni-yeni uğurlarınızı, sayılıb seçilən layihələrinizi görmək ümidilə İnşAllah. Sizə yaradıcılıq uğurları, güc-qüvvət, səbr diləyirəm bütün işlərnizdə, həyatın hər bir sahəsində İnşAllah .Amin. Yaxşı ki, varsız və varımsız, könlümün sultanı😍😍😍❤❤❤🌸🌹🌸🌹🌸🌹🌸

    Bəyən

  3. Salam xoş gözəl gün diləyiylə inşAllah yaxşısınızdır Sevinc xanımm. Müsahibəylə bağlı o qədər dərin duyğuluyam ki ,anladıqlarım və ya anlamaöa çalışdıqlarım o qədər dərin ki, özümün belə qəbul edə bilməyəcəyim çətinliklərlə üz üzə qalıb nə edəcəyimi çox düşünürəm(bəlkə də demişdim müsahibə haqda şərh bildirməyəcəm..bac bu şərhi yazmaq həqiqətən mənimçün çox ağır bir o qədər də çox qəlizdi. Sözlərimə necə harda nə vax başlayacağımı heç bilmədən yazmaq isdəyirəm Sadəcə.
    Anam. Mənimçün həqiqətən əvəzi olmayan bir varlığdı. Hər onu kəşf edib dünyasına səyahət edərkən həm kövrəlirəm həmdə xoşbəxt oluram. Müsahibədə oxuduğum məqamlar gah həyata bağladı məni gahda ((((bilmrəm heç bu qədər çıxılmaz vəziyyətdə qalmamışdımm…müsahibə paylaşımından 4 gün keçməsinə rəğmən sanki indi oxuyurammış kimi çökürdür məni…
    Anladığıarım qarşısında aciz qalmaq bu bəlkədə.. Anam bilr səsim necə titrəyib necə göz yaşı axıtdığımı. Həyatım boyu unuda bilməyəcəyim gerçəklər ifadə olunub bu müsahibədə.. bəlkə kimisə üçün adi gələn bu etiraflar mənimçün çox qəliz çox dərin bir ümman kimidi. Hansı ki, boğulmaq üzrə oldum…..Və əmin ola bilərsiz ki 3 hissəyə ayırıb oxudum ,çıxış edə edə, cəsarət toplaya-toplaya😔yarıya gəldikdə söylədim anama qorxuram nə davam edə bilmirəm nədə ürəyim dözmür. Ama söylədi ki bilirəm nə qədər acı çəksən də axıra qədər oxuyacaqsan.. Axırki oxuyub çətinliklədə olsa qəbul edə bildimmm .
    Anamın yaşadıqları göylərsən yerə elə çırpdı ki məni. Heç özü də anlam verə bilməyəcək qədər məhv oldum. Kənar anlamaya bilər məni ama hal hazırdada göyüm göyüm göynəyir.. Anamın əziyyət çəkməsinə heç dözə bilmrəm, nədə yaşaya nəfəs ala.. Ama şükr etmişəm həm həm dilimdə həm də dualarımda olduğuçün,, öz nəfəsilə mənifə yaşatdığı üçün.
    Allah anama o qədər güc qevvət vermişki, keçilməz sədləri belə keçmiş. Bəlkə acımış canı, bəlkə taqətdən düşmüş, bəlkə bitmiş ama heç bir zaman ümidini itirməmiş. Canım anam hər kəs insan hər kəs xanım ola bilər ama hər kəs qadın ola bilməz. Hələki əsl qadın heç ola bilməz. Sən əsl qadınsan.. Qadın adınə uca tutursan və tutulursan.. Canım Anam sənin Anan qarşısında sonsuzadək baş əyirəm. Hər ikiniz də böyüyümsüz hər ikinizdə mükəmməlsiz. Sən onunla nəfəs alrsan məndə sənlə… Hələ səndən həyat ömür barəsində o qədər çox şeyi öyrənməliyəm ki,, qarşıda o qədər yol var ki,, ,Yolumuz var ki…Göz yaşı axıdaraq yazıram bəlkədə ama inan ki yenidən bəzi cavabları oxuyub məhv oldum.. İnsan bu qədərmi güclü ola bilər axı.. Canım Anam səni təxmin edə bilirəm sadəcə.. Ama bu təxminlər hər bu yazınları oxuduqca dahada dahada mürəkkəbləşir və məm çıxılmaz vəziyətdə qalıram… Allahım səni mənə çox görməsin.. Hər zaman hər kəsi qəbul etdin olduğu kimi sevdin dəyərləndirdin. Heç bezmədin daim keçərli səbəb aradın… .canım Anam qurban sənə boynum qıldan incə yanındaaa. Ümid edrəm həyat və səninlə yaşadığm ömür dahada gözəl olacaq… rəngli olacaq mükəmməl olacaq.. Çünki sən mənimçün elə həyatın özü, sözüsən. Sənsiz bir gün nə ki, bir anımda olmasın. Mən sadəcə sənə bağlıyam, çünki sadəcə səndə tamamlanıram “bütünlüyümlə”
    Sevinc xanım bəlkə son müsahibiniz idi Anam ama, elə bağlanış oldu ki məncə nə olsada daha yerini doldurmaz)) ))yep yeni lahiyələrlə inşAllah yenidən bir araya gələrik. Çünki biz ayrılmaz bir ailə olmuşuq. Bizi heçimsə ayıra bilməz. Ayıra bilməzdə sözmü cürət edə bilməz.))) ..İkiniz bir vəhtədsiniz “Sevincli_fikirler”bir bütünsünüz mənən ruhən hər zaman sevib sevilirsiniz. Mən sizi ruh əkizi kimidə iki canda bir ürək yaşayır kimidə qəbul edirəm. Hər Anamıda sizidə çoxxxxxxxxxxxxx çoxxxxxxxxz çoxx sevirəm.. Həmd olsun ən gözəl günlərimizə

    Bəyən

  4. Müsahibəni elə dərc olunduğu vaxt oxumuşdum, sadəcə şərh yazmağa vaxtım olmamışdı. Müsahibəni çox bəyənmişdim. Xəyalə xanımın bloqda bir müəllif yazısını oxumuşdum və çox da bəyənmişdim.
    Dolğun müsahibə üçün Xəyalə xanıma təşəkkür edirəm və tanışlığımıza şadam 🙂
    Sevinc, müxtəlif dünyalarla tanışlıq sizin vasitənizlə olub, əziyyət çəkmisiniz, vaxt sərf etmisiniz, sizə çox təşəkkür edirəm 😍😍😍 Allah asanlaşdırsın.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: