Mən bu ömrü elə belə yaşadım… (Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 29-cu yazı)

Günaydın, əzizlərim! Cüməniz mübarək. “Mən bu ömrü elə belə yaşadım”… Bu mahnının varlığından xəbərim yox idi. Doğma bildiyim birinin məsləhəti ilə dinlədim və çox sevdim. O gündən bu yana bir neçə dəfə bu mahnıyla bir neçə münasib yazı paylaşmaq istəsəm də, əl saxlamışdım. Ta bugünki müsahibimin cavablarını oxuyana qədər. Bilirsiniz ki, mən cavablar içərisindən ürəyimə ən yatımlı olanını başlıq seçirəm. İlk dəfə idi ki, çox sayda seçim qarşısında qaldım. Mələk xanımın əksər cavabları başlıq üçün ideal idi. Amma mən niyəsə bunu seçdim…

Mələk xanımı dostlarım və diqqətli izləyicilərim rəylərdən qismən tanıyırlar. Çox az-az fikir bildirər, amma bildirdiyi hər rəydə bir hikmət yatar. Düşüncəsi, dünyaya baxışı, xanımlığı ilə diqqətimdə olan və çox dəyər verdiyim bir xanımla tanış olacaqsınız. Qeyd edim ki, bu gün Mələk xanımın doğum günüdür həm də. Mələk xanım, mələk qəlbli xanım! Siz Allahın çox sevimli və dürüst bəndəsisiniz. Bu tarix sizin üçün məxsusi seçilmədi, təsadüfi sıralama buna səbəb oldu. Sizi bilmirəm, mənə çox xoş oldu bu tarixlərin üst-üstə düşməsi. Sizi ürəkdən təbrik edirəm. Gözlədiyiniz, arzuladığınız, xəyalını qurduğunuz bütün arzularınız çin olsun inşAllah! Xoşbəxtliyin zamanı olmaz, hansı yaşda gəlsə qəlb rahatlığı yaşadar. Qəlbinizin rahatlığa qovşduğu ilə, yaşa qədəm qoyasınız. Ömrünüzə yazılacaq illər sizə “Mən bu ömrü elə belə yaşadım” deyimini unutdursun…

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Salam. Sadə bir təqdimat edəcəm . Həyatda yetərincə keşməkeşli yolu olan cəfakeş , səbri , təmkini ile fərqlənən bir qadin. Qayğıkeş ana, doğmaları üçün mehriban, diqqətli bir bacı və c. və ilaxır …
Qızımın BIRICIK MƏLƏYI.
2. Aristotel deyir ki, insanlar həqiqətə yox, həqiqət kimi görünən şeylərə inanarlar. Sizcə həqiqətlər tükənib, ya insanlar həqiqəti görmək istəmirlər?
– Səhvi tapmaq həqiqəti tapmaqdan daha asandır. Çünki səhv lap üzdə olur və onu dərhal sezə bilirsən, həqiqət isə həmişə dərindədir və tapmaq hər adamın hünəri deyil. (İ.Höte ) Həqiqəti həmişə bilmək və hərdən söyləmək lazımdır. Həqiqətin anlamları müxtəlifdir. Var reallıq, gerçəklik, var həqiqət. Bəzi anlamlarda həqiqətə qədər xəyallar var, arzular var, olarlar var, olmazlar var. Hər kəsin öz iç dünyası, öz həqiqətləri var. Bəzən o həqiqətləri bildiyimiz halda özümüzə belə etiraf etmək istəmirik.
Həqiqət elə bir anlamdır ki, onu öz həyatında dərk etməlisən və bir az da həqiqət bu üzdən vicdan hesabatına söykənir. Ona görə də hər kəs öz vicdanına uyğun olaraq həqiqətləri görür. Əslindı həyatın özü elə həqiqətdir. O üzdən nə həyatı, nə həqiqətləri görməmək mümkün deyil.
3. Ömür kitabı – yaza biləcəyin ən gözəl sözləri, çəkə biləcəyin ən mənalı rəsmi görmək istərsən… lakin vərəqlədikcə saçında dənə, alnında qırışa səbəb olan səhifələri görməzdən gələ bilmirsən… Dəyərdimi buna sizcə?
– Ömür kitabımı qarşıma qoyub,
Bütün səhifələri vərəqləyirəm.
Baxdıqca kitabdan son səhifələrə…
Gözlərdən yaş axır, çox kövrəlirəm…
Həyata göz açıb baxdığım o gün,
Onuncu səhifədə kitab da durub.
Əllərim titrəyir hər vərəq üstə.
Gah bağlayıram mən, gah da açıram…
Bilmirəm bu mənim həyatım deyil?
Niyə öz həyatımdan mən çox qaçıram?
Nədənsə kitabın yarı hissəsi,
Mənim həyatımın kədər illəri…
Elə günlərim də var bu kitabda,
İnan unutdurar qəmli illəri.
Artıq həyatımda yeni biri var.
100-cü səhifədə durur bu cümlə.
Mən səni sevirəm, sənlə həyat var,
Yazılıb səhifədə, cümləbəcümlə…
Artıq səhifələrə baxa bilmirəm,
Kitabın sonları kədərlə dolub.
Bunların kədərlə dolma səbəbi
Mənim həyatımda sənsizlik olub.
Axırdan onuncu səhifədə durur..
Həyatın özləmlik, sənsizlik çağı
İstədim mən cırım bu səhifələri,
Əvvəldən onuncu səhifə var axı…
Ömür kitabi- bu iki kəlmə insanı doğrudan çox-çox uzaqlara aparır. Bu kitabın girişində heç fikirləşə bilməyəcəyin həyat həqiqətləri yaşanır, ağrılı, acılı, şirinli həyat gerçəklikləri. O həyat gerçəklikləri ki, bəlkə də başlanğıcda bunu xəyal belə etmir insan. Doğrudan da həyatımız kitab kimidir. Bəzən içindən vərəqləri qoparmaq istəsək belə alınmır… Ona görə də ömür kitabının son səhifəsinə çatdıqda əvvəlki səhifələri vərəqləyib yada salanda xəcalət, qorxu, utancaqlıq keçirməmək üçün nəfsimizə aldanmayaq, edilən səhvlərimizdən nəticə çıxarmağı bacaraq gərək.
Hər bir insan saçlarına dən düşən illərində də öz gözəlliklərin yaşasın. Bunun özü bir xoşbəxtlikdir. Amma heç kəs ömür kitabının rəsmini heç vaxt özü çəkmir, istəsə belə çəkə bilmir. Çünki hər kəs özü çəkə bilərsə, orda heç vaxt acılı xatirələrin izini çəkməyəcək.
Rəssama demişlər: xoşbəxtliyin rəsmini çəkə bilərsinizmi? Rəssam demiş ki, mən çəkə bilərəm, siz görə bilərsinizmi?
Bu ömür kitabi bizimdirsə, onun acısını da, şirininidə qəbul etməliyik. Bu kitabın sonuna gəlib geriyə boylananda ordan övlad sevinclərini, nə qədər gözəl, yııila-dura gəlib catdığın arzuların, nəvə payının sənə boylandıgi illər görünürsə, “DƏYƏR” deməyə borcludur insan….
4. İnsanlar çox tez-tez həyatı filmə, özlərini – ətrafdakı insanları isə aktyorlara bənzədirlər. Bəs sizin həyatınızdakı ən böyük premyera və ən yadda qalan obraz hansıdır?
– Baxın “Ömür kitabı”nın sonunda “dəyər” deyən bir insan bu suala başqa cür cavab verir. Həyatın gerçəklikəri, reallıqları var. Mən Ana olaraq “dəyər” deməliyəm, Ana olaraq ən böyük və bəlkə də bir neçə böyük, yadda qalan premyeralarım var. Ən yaxşı yadda qalan da elə, hər qadının həyatında baş rol olan Ana obrazımdır deyirəm.
Amma…qadın kimi nə o böyük premyera, nə də yadda qalan bir qadın obrazı yarada bilmədim yaşadığım bu illərdə. Mən bu ömrü elə belə yaşadım…
5. Şekspirin kəlama çevrilən bir fikri var: Ölçülə bilən sevgi yazıq bir sevgidir. Sevgi sizin üçün nədir?
– Çox qarışıq bir hissdir sevgi. Çox vaxt insan sevməsə də elə bilir sevir. Hər kəs dərk edə bilməz sevgini… Ən acısı sevib qovuşmamaqdır, hec vaxt qovuşa bilməyəcəyini bilərək sevməkdir. Sevginin hec bir zaman sonu olmaz, bitən sevgilər yoxdur, bitmiş kimi görünən sevgilər vardır.
SEVGI- Yaşamanın gücüdür. Sevgi insana nə yuxarıdan gələn yüksək bir güc, nə də insanlara zorla qəbul etdirilən bir duyğudur… Sevgi bir zülümdür… İnsan isə zülmə tabedir…
6. Həyat nə qədər gözəl olardı… Bir insan həm aşiq, həm də sadiq olmağı bacara bilsəydi…! Necə düşünürsüz, həm aşiq, həm də sadiq olmaq çətindirmi?
– Həyat doğrudan da çox gözəl olardı bu iki hiss bir arada olardısa. Çox az təsadüf olunan bir hal olmuş olsa da belə, mümkünsüz olan bir hal da deyil.
7. Gəlməyəcək bir gedəni, olmayacaq bir səbəbi gözlədinizmi heç?
– …Hələ də gözləyirəm… Bunun özü belə gözəldir…. Həyata tutqudur…
8. İnsan yan almaq üçün hansı limana getdiyini bilməyəndə heç bir külək onun üçün sərfəli olmayacaqdır. Gedəcəyiniz yolu seçmək öz ixtiyarınıza bağlıdırmı? Yanlış yola necə, girdinizmi?
– Bəzən elə hesab edirik ki, gedəcəyimiz yolu seçmək öz ixtiyarımıza buraxılsa daha doğru yol seçərdik. Amma bunu əvvəldə hec vaxt müəyyən etmək mümkün deyil. Yanıla da bilir insan, dogru da ola bilir.
Hər bir insanın ömür yolunda yanlışları olur, mümkünsüzdür kimsə yanlış etmədən yaşasın, amma bunun etiraf edilə bilən tərəfi də var, etiraf edlməyəcək tərəfi də.
9. Qızılgül kol-kosun, bənövşə də qaratikanın altında bitər həmişə. Niyə belədir, sizcə?
– Məncə güllərin içində ən gözəl ətri, rayihəsi olan gül qızılgül, çiçəklər icində isə bənövşədir. Dəyərli olan heç nə asanlıqla əldə oluna bilməz. Bəlkə bu üzdəndir onlar asanlıqla əldə olunmaması üçün əlçatmazlıqları özlərinə məskən seçiblər.
10. “Bilmədiklərimi onsuz da bilmirəm, bildiklərimə də şübhə ilə yanaşıram” – belə bir deyim var. Sizcə necədir, bildiyiniz hər şeydə şübhələriniz olurmu?
– Nə qədər mükəmməl bir insan olursan ol, yenə də həmişə bildiklərinə tam əmin olmadığın vaxtlar da olur.
11. Televiziya elə adamlardan həzz almağa imkan verir ki, biz o adamları evimizin kandarına da buraxmarıq. Ümumiyyətlə, Azərbaycan efiri sizi qane edirmi? Öyrəndiyiniz bir şeylər olurmu?
– Doğrudur, həzz alırıq, amma evimizdə görmək istəmərik. Azərbaycan efiri məni o qədər də qane etmir, yox. Amma az da olsa öyrəndiklərimiz olur. Daha gözəl efir baximlılığı sərgiləyə biləcək potensial tapmaq olar.
12. Sən kimin üçün ağladığını de, mən sənin kim olduğunu deyim. – İnsan kimin üçün ağlayar? Göz yaşınız hədər oldumu?
– Allahım heç bir kimsəni gecələr göz yaşlarını gecəköynəyinin qolları ilə silib gizlin-gizlin, içi yana-yana aglatmasın…
Əgər həqiqi, saf sevgi varsa, ağlamağa dəyər. Çünki bəşəriyyətin yaranışı sevgi üzərində tənəzzül tapıb. Yox, əgər ortada xəyanət varsa, orda sevgi də, hörmət də, hətta var idisə belə bitib. Belə olan halda ağlamağa dəyməz, ya qədərinlə barışmalı, ya da ayrılmalısan.
Həyatda belələri üçün ağlamağa dəyməz, ağlamağa dəyən insan ağlatmaz və yaxud heç olmasa ağlatdığının göz yaşlarını silməyə çalışar.
Əgər bir gün ağlasanız, dəyməyən biri üçün ağlayacaq olsanız, başınızı dik tutun ki, göz yaşlarınız ağladığınız insan qədər alçalmasın.
13. …Bəzən eləsinə dəyişmişəm ki,
Bəlkə dırnağına dəyməzdi sənin… Qadınlar əksər vaxt kişi xəyanətinə göz yummalı olurlar. Buna qadınları məcbur edən nədir? Sevginin gücü, məcburiyyət, yoxsa sevginin yoxluğu?
– İdeal insan əlbəttə ki, yoxdur, amma ideal olan münasibətlər var. Və belə münasibətlər – təkcə Afrika ehtirası yox, ilk növbədə hörmət və etibardir. Özünüzə hörməti itirməmək üçün kişiləri o qədər də məngənədə saxlamayın, özünüzü onların diqqət və qayğısı olmasa yaşaya bilməzsiniz kimi göstərməyin.
Bəlkə qadınlar mənimlə razılaşmayacaqlar, amma məncə hətta ötəri bir münasibətə görə də mənə xəyanət etdin deyib, hər şeyi bitirmək lazım deyil. Bunun adına xəyanət də demək olmaz. Mənim fikrimcə, əsas xəyanət ruhun xəyanətidir, bədən təmasına xəyanət adın demək olmaz. Demirəm ki, belə təmaslar mütəmadi olur və bunu xəyanətə bağlamayaq. Söhbət təsadüfən yolun azmaqlardan gedir.
Əgər xəyanət varsa, qadın bunu bilir və ailə həyatını davam etdirirsə, bu o demək deyil ki, qadın xəyanəti bağışladı. Yox, qadınlar heç vaxt BAGISLAMIRLAR… Sadəcə qədərləri ilə barışırlar.
14. Əslində insanlar sənin xəyallarını puç eləmir, sadəcə, sən yalnış insanlar üzərində xəyal qurursan! …Oldumu belə halınız?

– Əlbəttə olub, bu hər kəsin həyatında mütləq olub.
15. Bildiyim qədəriylə bu yaxınlarda nənə olmusunuz. İlk öncə sizi təbrik edirəm. Belə bir deyimə sizin də münasibətinizi öyrənmək istərdim: “Dövlətdə dəvə, övladda nəvə”. Nəvə övlad şirinliyin kölgədə qoya bilirmi, necə olur bu?
– Təbrik üçün təşəkkür edirəm, Tanrım hər evə qismət etsin. Arzusunda olan hər kəs bu arzusuna çatsın. Nəvə doğrudan çox şirin bir paydır Allahdan bizlərə. Bu şirinliyi nə anlatmaqla bitməz, nə də doğrudan da doyulmaz bu şirinliyə.
Nəvə şirindir, doğrudur. Amma o demək deyil ki, övlad şirinliyini kölgədə qoyur. Sadəcə mənim düşüncəmə görə bunun anlamı ondadır ki, bizim övladımız olan yaşımız bəlkə də bu şirinliyi anlaya biləcək yaşımızın yetərincə olmamasından irəli gəlir. Nəvə sahibi o vaxt oluruq ki, artıq dünya görüşümüzün yetərincə formalaşdığı bir zamandır. Ona görə də bu yaşda hər dəyəri layiqincə dəyərləndirməyi bilir insan. Məncə bu belə anlamda daha şirin görünür.
16. Əbu Turxan deyir: “Pisi söyləməkdənsə, yaxşını öymək lazımdır” Ətrafınızda olan yaxşıların və pislərin qiymətini verməkdə xəsislik etmirsiniz ki?
– Bu sualın cavabı deyərdim ki, bizim haqqımızda bizdə ola bilməz. Daha çox başqası bunu doğru deyə bilər. Amma hər kəsin bir vicdan hesabatı olduğunu unutmuruqsa, mən də bu hesabata uyğun biri olduğumu zənn edirəm.
17. Xoşbəxtlik ən azı bir dəfə qapını döyür. Qapınız döyüldümü, yoxsa hələ də qulağınız səsdədir?
– Nədir xoşbəxtlik deyə başlamıram. Xoşbəxtlik və onun altında gizlənən sirlər o qədərdir ki… Xoşbəxtlik insanın içindən doğur, nə bunu almaq, nə də satmaq mümkün deyil. Xoşbəxtlik gözlə görünməyən, ölçülməsi mümkün olmayan mənəvi bir hissdir… Xoşbəxt olmaq… Bu anlayışın hər kəsdə bir rəngi, bir ətri, bir unudulmayan anları var. Hər kəs xoşbəxtliyi eyni görə bilməz. Bu heç mümkün də deyil.
Xoşbəxtliyi bir an yaşayarsan bir ömür boyu unuda bilməzsən və bütün ömrünə də yetər. Mənim fikrimcə daimi xoşbəxtlik yoxdur. Daimi olsa məncə həyat o qədər də maraqlı olmaz.
Xoşbəxtlik vicdanın və mənəviyyatın rahatlığıdır, eyni zamanda başqalarının ürəyini rahat etməkdir, onlara yardım edib onları sevindirmək və üzlərində təbəssüm rəsmini çəkməkdir.
İstədiyiniz kimi XOŞBƏXT olun… Sizi xoşbəxt edənləri, sizi xoşbəxt edəcək şəraiti, hətta sizi xoşbəxt edəcək anları belə qaçırmayın… Geri Alınmır Bəzi Şeylər… İtirdiyin Zaman, Verdiyin Dəyər, Tökdüyün Göz Yaşları… Yaşadığım xoşbəxtliklər olub. Amma bir xoşbəxtlik var ki, onu hər bir qadın istəyir, gözləyir… Mən onu hələ də gözləyirəm. Amma…
18. Hər kəs öz taleyini yaşayır deyirlər. Amma siz də mənimlə razılaşarsınız ki, bəzən çox yaxşıların taleyi uğursuz gətirir. Niyə belədir sizcə?
– Bir gün Hz. Məhəmməd Peyğəmbər (s.e.s) camaat arasına, onların necə yaşadıqları , dolanışıqlarının necə olmasın bilmək üçün at belində obaları gəzməyə çıxır. Bir bulaq yanından keçərkən su içmək məqsədi ilə bulaga enir. Bulaqdan su götürən iki qız olur. Hz.Məhəmməd (s.e.s) bulaqdan su götürən qıza: ölənlərinin ehsanı bir cam su ver içim, deyir. Qız Hz.Məhəmmed Peyğəmbəri tərs baxışlarla süzərək, mən niyə verirəm, düş zəhmət çək özün götür iç deyir. O biri qız sakitcə camı götürüb bulaqdan suyla doldurub Hz.Məhəmmədə verir. Peyğəmbər suyu içdiyi andaca Allah Taladan ona bir səda gəlir; O sənə su verməyən qızın bəxtinə bir gözəl ailə, var- dövlət, gözəl gün-güzəran, xoşbəxt olmaq üçün nə lazımsa hamısını yazdım.
O su verən qiza isə bir əzazil, fərsiz ər, çox deyingən qaynana, qaynata, çox zülümlü bir həyat yazdım. Hz. Məhəmməd deyir: Allahım, axı bu sizin ədalətinizə uyğun olmaz, niyə belə edirsiniz? Axı o gözəl bəxt yazdığınız mənə bir cam suyu belə verməkdən imtina etdi, bəs nədən belə bəxt yazırsınız? Allahdan səda gəlir ki, o gözəl bəxt yazdığım qıza o biri qıza yazdığım bəxti yazmış olsam təsəvvür edin nələr baş verər. Ona görə də onun başını bu xoş günlərlə qatıram ki, pis xasiyyəti ilə dünyanın altın üstünə çevirməsin.
Amma bu pis gün-güzəran yazdığım qız hər bir çətinliyə dözüb ailəni bir araya gətirə biləcək.
Bax belədir həyatın qanunları, Sevinc xanım. Bizim razılaşıb razılaşmağımıza artıq ehtiyac qalmır .
19. Həyatın bütün sirlərini dərk etdikdən sonra ölməyə can atacaqsan, belə ki, ölümün özü də həyatın bir sirridir. Amma bəşər övladından kimi dindirsın heç kim özünə ölüm arzulamır. Belə çıxır ki, insanlar dünyanın sirrini tam anlayacaq düşüncədə deyillərmi, ya başqa səbəb var?
– Bilirsiniz mən buna belə yanaşardım. Reallıq var yaşamın içində. Gördüklərimiz bəzən bizi ağlın gördüklərindən uzaqlaşdırır. Amma insanın o dünyası da, bu dünyası da elə yaşadıqlarının özüdür. Burda necə yaşayırsansa o dünyanda elə qurulacaq. Elə cənnətin də, cəhənnəmin də özün bu dünyada yaşayır, qazanır insan. Bir deyim var: sözlə cənnət olsaydı cəhənnəmin özü heç yaranmazdı. Və hər bir yaşadıqlarını, istər o dünyada, istərsədə bu dünyada bəşər övladı özü qazanır.
20. Hamı üçün açıq olan qəlbdə darısqallıq olar deyirlər. Qəlbin qapısını kimlər üçün açıq qoymaq lazımdır?
– Qəlbin evi elədir ki, ora girişin sorğu-sualı olmur. Nə də zamanın kimsə təyin edə bilməz. Oranın sahibi gəldisə özü yol tapır və arxasınca o qapını bərk-bərk bağlayır. Orda heç vaxt qarışıqlıq olmaz. Bəzən o evə girən heç o qəlb evinin yetərincə deyərin verən biri olmur da. Amma hər şeyə rəğmən qəlbin sahibi o qapını o qədirbilməzdən basqa kimsəyə aça bilmir. Budur həyatın qəribəlikləri.
21. Başqalarına çox şeyi bağışla, özünə isə heç nəyi bağışlama… Özünüzə bağışlamadığınız bir şeylər yaşadınızmı?

– Bu gün mənim əlçatmaz arzularıma çevrilən bir həyatı qüruruma qurban verdiyim üçün özümü bağışlaya bimirəm.
22. Freydin çox maraqlı, bir qədər də ironiya çalarlı fikri var:
“Hələ cavabı tapılmayan və qadın ruhuyla əlaqədar otuz il davam edən araşdırmalarıma qarşı mənim də cavablamağı bacara bilmədiyim çox əhəmiyyətli bir sual var: Qadın nə istəyir?”. Öz dünyanızla əlaqələndirib deyin, istədiyiniz varmı, nədir bu istədiyiniz?
– Qadın kimi dəyər görüb,
Arzuların qadını tək,
Arzulara könül verib,
Xəyallarda düşünülmək,
Hər qadının arzusudur.
Hər qadın bunu istəyir
Ağlayanda biri gəlib,
Onu bərk-bərk qucaglasın
Onun dərdin onla bölüb,
Onunla birgə ağlasın.
Silib gözlərinin yaşın
Sinəsinə qoyub başın,
Onu öpüb əzizləsin
“Həyatımın qadını” desin
Qadın kimi verib dəyər
Sevsin onu ölənə qədər.
Təmiz sevgi, Təmiz duyğu
Nə cür qadın olsa da, bu,
Hər qadının arzusudur.
Hər qadın bunu istəyir
Soyuq qış gecələrində
Bir nəfəslə işinsin o
Onu sevənin nəzərində,
Xəyal kimi görünsün o
İsti qucaq, isti nəfəs
Gecələrin paylaşan kəs ,
Onu öpüb əzizləsin.
Nə cür qadın olsa da, bu,
Hər qadının arzusudur.
Hər qadın bunu istəyir
Sonu gəlməz sevda kimi
Xəyallara qatılmasın
Bir gərəksiz əşya kimi
Bir kənara atılmasın
Duyğusun aldadanların
Hisslərində əzilməsin
Mənliyin alçaldanların
Qarşısında əyilməsin
Qadın qəlbi nə istəyər?!
Təmiz sevgi, Təmiz duyğu
Nə cür qadın olsa da, bu,
Hər qadının arzusudur
Arzuların qadını tək
Xəyallarda düşünülmək
Hər qadının arzusudur
Hər qadın bunu istəyir…
23. Düşünmək asandır, həyata keçirmək çətindir. Dünyada ən çətin şey isə düşünüləni həyata keçirməkdir. Düşündüyünüzü həyata­ keçirmək sizinçün də çətindirmi?
– Çətindir, özü də çox çətin. Hələ də ki, bu zamanda. Elə istəklər var ki, onun həyata keçməyi bir başa sənin öz əlində ola bilər. Amma istəklər var ki, elə istək olaraq da insanın ürəyində yatıb qalır.
24. Bekarçılıq – uşaqların xoşbəxtliyi və­ qocaların bədbəxtliyidir. Amma niyəsə indiki zamanda bekar gənclərin sayı daha ­çox üstünlük təşkil edir. Nədir bunun səbəbi?
– Səbəbləri çoxdur. Ən əsas səbəb bu zəmanənin insanları yoxluqlar icində çabalamasına səbəb olmasıdır. Və təhsildə olan boşluqlar, gənclərin yönləndirilməsində düzgün olmayan istiqamətlər. İşsizlik, gənclərin ali təhsilli və yetərincə savadlı olmalarına rəğmən özlərinə iş qura bilməmələri. Gəncliyə laqeydlik . Səbəblər o qədər demək olar ki…
25. Hikmət sahiblərinin fikrincə, bu dünya, bəlkə də bir başqa planetin cəhənnəmidir. “Cəhənnəmi” cəhənnəmə çevirənlər var, bəs onları hansı cəhənnəm qəbul edəcək?
– Mənim fikrimcə Allahın işinə qarışmamaq gərək. Hər kəsin öz sorğusu, sualı, öz əməl kitabı var.
26. Xatirələr həyatı gözəlləşdirə bilərlər, amma həyatda ayaq üstə dura bilməyimizin səbəbi unutqanlığımızdır…Bəs onda unuda bilmədiyimiz xatirələr nəyimizdir?
– Amma deməzdim ayaq üstə durma səbəbimizin hamısı unutqanlığımıza görədir. Deyərdim ki, ümumiyyətlə unutmaq lazım deyil, nə yaxşıları, nə də pisləri. Unutmayıb nəticə çıxarmağı bacarmaq lazımdır. Unutmaq yox, bəzi zamanlarda unutdum kimi görünə bilmək lazımdır. Unuda bilmədiyim xatirələrim mənim ömür kitabıma qızıl qələm və qızıl hərflərlə yazılanlardır.
27. Səndə olmayanlar səndə olandan qat-qat çoxdur. Amma səndə olanın qədrini bilsən, o, səndə olmayanların hamısını əvəz edəcək qədərdir. Sahib olduqlaınıza verdiyiniz dəyər sizi qane edirmi? Bəs dəyər verdikləriniz necə, sizi dəyərinz qədər dəyərləndirə bilirlərmi?
– Bizdə olanların dəyərin vermək və dəyərlərdən yararlanmaq tək bizim öz əlimizdə olmur bəzən. Ola bilsəydi nə xoş bizlərə. Yəqin ki, sahib olduğumuza verdiyimiz deyərlər bizim düşünə biləcəklərimiz, dərk edə biləcəklərimiz qədərindədir, təbii ki , bəzən heç də belə olmur. Və belə olanda Allah verdiyin də, verilən şansı da almasını bilir. Bu fikrim sahib olduğuz vara, pula olan fikrimdir. Bütün hər şeydən qiymətli olan əzizlərimiz, doğmalarımız var bizim. Bu varımızı gərək layiqincə dəyərləndirməsini doğru düzgün bilək ki, sonra peşman olmayaq .
Mən dəyər verdiklərimi qarşılıqsız sevdim, heç nə gözləmədən…
28. Çayımda şəkər ol demirəm sənə, çayın içində şəkərin əskikliyini hiss etdirməyəcək qədər yanımda ol, bəsimdir…kimdir sizin çayınızda şəkəri əvəz edən?
– Əlbəttə, çayımda şəkərim olacaq övladlarım, nəvəm var . Bunlardan başqa insanın canından da ötə olan valideynləri, qardaşları, bacıları və doğmaları var. Amma əgər söhbət insanın özəlindən gedirsə, var belə özəlim, çatmadığım arzularımın tək sahibi , bitməyən xəyallarımın özü…
29. Biri sənə arxasını çevirərsə, üzülmə, beləcə, dostunla düşmənini ayırd etmiş olarsan… Siz necə, dostunuzla düşməninizi ayırd etmisinizmi?
– Yox, edə bilmədim demek olar ki. Dost bildiklərimdən həmişə sərt “dayaq” yedim …
30. Deyilənə görə həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda? Həyat hansı biridir sizin üçün?Ümumiyyətlə, nədir həyat?
– Həyat yerlə göy arasında sıxışıb qalmaqdır. Keçmişdən dərs alıb, gələcəyə addımlamaqdır. Həyat hər gün nərdivanı çıxmaqdır…Hər gün doğan yeni günə ümidlə baxmaqdır. Həyat bizə verilən məhdud bir zamandır.
…Əslində bizim üçün ÇƏTİN bir imtahandır…

Müsahibə üçün sizə təşəkkür edirəm 💐

25/08/2017 tarixində Yazılarım içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.

  1. Allah Mələk xanıma xeyirli ömür nəsib etsin.
    18-ci sualın cavabındakı hekayət tamamilə əfsanədir məncə.
    11-ci suala gəldikdə mən televiziyadan, demək olar ki, tamamilə imtina etmişəm.
    Ümumilikdə müsahibə xoşuma gəldi. Təşəkkür edirəm, Sevinc 💐💐💐💐💐.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Müsahibəni maraqla oxuum və xoşuma gəldi. Mələk xanımla tanışlıq xoş oldu. Sənə də təşəkkürlər, Sevinc. Adamın ” içini açıb tökən” sualların da ki tükənmir də sənin.Yorulmayasan bacı, Allah sənə elə bir qəlb, elə bir bacarıq verib ki…

    tərəfindən bəyənildi 1 şəxs

  3. Axşamnız xeyir əzizim. Müsahibiniz kənardan diqqətlə izlədiyim bir xanımdı. Cavablarnı oxuduğumda haqqında yanılmadığma sevindim. Allah köməyi, yardımçısı olsun. Siz də var olun əzizim, bu qədər gözəl işinizçün təşəkkür edirəm. Yeni-yeni axtarışlarnız, uğurlarnız davamlı olsun😙❤🌸🌹🌸😍

    Bəyən

  4. Sevinc xanim, geceniz xeyir.

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: