Ayrılıq vüsaldan əvvələ düşdü

Əhvalımı bilə-bilə,
Çalma, aşıq, sazı belə.
Tale yazan yazı belə,
Göz yaşımı qurutmadı…

Günay orta məktəbin onbirinci sinifində oxuyurdu. Gözəlliyi ilə bütün cavanların diqqətini cəlb edən bu qız heç kimə könül verməmişdi. Kimsə də cürət edib yaxınlaşa bilməzdi ona. Günayda belə xasiyyət var idi ki, kiminsə ondan xoşu gəldiyini bilsəydi, acığı tuturdu, əsəbləşirdi. Adicə baxışlarından hamı çəkinərdi. Elə bir baxmağı kifayət edərdi ki, dillənmək istəyənin sözü ağzında qalsın.  
Təkcə Arifdən başqa…Heç özü də anlaya bilmirdi ki, Arifə bəslədiyi bu rəğbət hardandır. Əslində açıq-aşkar hiss etdirməsələr də, hər bir qızın xəyalında gözlərində mehribanlıq çağlayan Arif kimi, yaraşıqlı, ucaboylu bir nişanlı arzulaması təbii idi. Amma Günay bir dəfə də olsun başını qaldırıb bu niyyətlə o gözləri seyr etməmişdi. Hətta qızlar hər dəfə sinfə daxil olub: “yenə məktəbin həyətindədir” deyəndə Günay təmkinini pozmaz, pəncərədən boylanıb heç həyət də baxmazdı. Bu, acıq deyildi, əda da deyildi, sadəcə, hislərinə yox. ağlına tabe olurdu. Çox sevdiyi bir kəlamı özünə ölçü seçmişdi: “Qanqal olub gözə girmə, bənovşə ol, qoy səni axtarsınlar”. Nə olsun ki, bənövşə tənha olur? Nə olsun ki, bənövşələr kol dibində bitir? Amma bənovşə istəyən onu dərib qoxulamaq üçün dizi üstə əyilməyə də hazır olur…
Sonuncu dərs idi. Dərslər qurtarandan sonra kəndin ilk şəhidi Namiqin anım günü keçiriləcəkdi. Məktəb onun adını daşıdığından tez-tez burada Namiqə, eləcə də torpağımız uğrunda şəhid olmuş digər qəhrəmanlara ehtiram olaraq tədbirlər keçirilirdi. Bugünkü xatirə günü də həmin ehtiramın bir nümunəsi idi. Hamı səbrsizliklə tədbirin açılışını gözləyirdi. Rəsmi hissədən sonra şəhidlərə həsr olunmuş şeirlər, musiqilər səsləndiriləcəkdi. Belə tədbirlərdə Günayın xüsusi yeri vardı. Çünki bütün tədbirlər məhz onun təşkilatçılığı ilə keçirilərdi. Aparıcı kimi bugünkü tədbiri də idarə etmək Günaya həvalə edilmişdi.
Dərsin bitməsinə 15 dəqiqə qalmışdı. Günay çox narahat görünürdü. Rəfiqəsi Leyla bunu hiss edib soruşdu:
– Niyə bu qədər həyacanlısan? Doğrudur, vaxt vardı şəstlə bu torpaq üzərində addımlayan Namiq haqqında indi xatirə kimi danışmaq çətindir. Təsəlli tap ki, biz onu bu cür ehtiramımızla yaşatmalıyıq.
– Bir tərəfdən bu cür məsuliyyətli tədbirin aparıcılığı, digər tərəfdən də Arifin gəlmə ehtimalı mənim fikirlərimi tamam qarışdırıb. Bilirsən, Leyla, Arifə nədənsə yazığım gəlir. Bu, sevgi deyil. Mənim hissetməm çox güclüdür, sanki ona nəsə olacağını görürəm.
-Nə..əə? Yazığın gəlir? Niyə? O ki, hamının ehtiyatlandığı oğlandır. Eşitmədin, keçən dəfə qonşuları Sevdaya söz atanları necə əzişdirmişdi? Hamı Arifdən çəkinir, səninsə ona yazığın gəlir? Qəribə qızsan, vallah. Günay. Bəs yazığın gəlirsə, niyə onu bu qədər süründürürsən? Niyə “hə” demirsən oğlana, heç üzünə də baxmırsan?!
– Leyla, bir dinləməyi də bacar. İmkan ver, içimdəkini heç olmasa ən yaxın rəfiqəmə danışa bilim.
– Yaxşı danış, – Leyla sakit səslə dilləndi.
Bilirsən ki, erməni qaniçənləri hər gün bir kəndi yandırır, hər gün quduzlaşırlar. Kimin ağlına gələrdi ki, Namiq kimi bir igid erməni gülləsinə qurban gedəcək. Çox az müddət keçib ölümündən, hələ də barışa bilmirəm bu ölümlə. Onun xatirəsinə həsr edilmiş bu tədbirin aparıcısı olmaq bilirsən mənə necə ağırdı? Bir tərəfdən də ürəyim səksəkədədir ki, Arif də gələr bu tədbirə.
Leyla yenə dözmədi:
– Gəlsin də, Arif sənə neyləyəcək ki, sən tədbirini aparmağında ol – dedi.
– Leyla, başa düşmürsən mən ona sarı baxa bilmirəm, o dəqiqə ayrılıq üstə köklənirəm. Müharibə neçə cavan oğlanları aramızdan vaxtsız-vədəsiz apardı. Tədbir zamanı bircə anlıq da olsa baxışlarımız rastlaşsa, donub qalacağam.
– Deməli, sevirsən, can bacım, amma gizlədirsən. Hətta məndən belə gizlətmisən, heç səndən gözləməzdim.
– Yox, Leyla, bu sevgi deyil. Özün yaxşı bilirsən ki, hələ ki, qəlbimdə sevgiyə yer ayırmamışam.
– Hə, yaxşı bilirəm, sən hələ həkimlik arzusuyla qanadlanırsan. İndi bu yaraşığınla kəndin cavanlarını yandırıb yaxırsansa, hələ bir ağ xalatla qayıdandan sonra gör kimlər öləcək dərdindən.
– Bəsdir, Leyla, zarafat vaxtı deyil. Ciddi sözümdür, mən onun gözlərinə baxa bilmirəm. Sanki göz-gözə gəlsək bu, ancaq ayrılıq baxışları olacaq. Elə bilirəm ki, o baxışdan sonra onu birdəfəlik itirəcəm, bir də görməyəcəyəm. Neçə illərdir torpaqlarımızda müharibə gedir. Görmürsənmi kəndimizdən, eləcə də digər yerlərdən hər gün nə qədər igid oğullarımız düşmən gülləsinə tuş gəlir, indi birini itirmək qorxusudur bu, anla məni.
Onlar danışa-danışa məktəb zalının qapısı ağzına çatmışdılar. Tədbirə lap az qalmışdı. Tədbirə rayon təhsil şöbəsindən, icra nümayəndəliyindən, Namiqin vaxtiylə işlədiyi polis bölməsindən və kənd ağsaqqallarından da dəvət olunmuşdular. Günay tədbiri açaraq sözü məktəbin direktoruna verdi. Direktor çıxışını bitirdikdən sonra Günay proqram üzrə bir-bir çıxışları təqdim etdi. Növbə məktəblilərin ifasında şeir və musiqiyə verildi. Günay başını qaldırıb zala baxmağa cürət etmirdi. Elə bilirdi gözü Arifə sataşsa, hər şeyi unudacaq. Arif isə zalın elə yerində dayanmışdı ki, Günay onu görməsə də o Günayı çox gözəl görürdü.

İlahi, bu qız üçün Arif ürəyində necə xəyallar qurmuşdu. Ağ göyərçinə bənzədirdi Günayı. Bəlkə də onu çox sevdiyindən idi ki, indiyə qədər, Günayı görməzdən əvvəl qızlara yaxınlaşıb çəkinmədən sözünü deyən Arif üçün bu sözü Günaya demək çox çətindi.
Arif kasıb bir ailədən idi, amma mərd idi. Əsgəri xidmətdən 6 ay idi ki, gəlmişdi. Gələn kimi də oxuduğu məktəbə baş çəkmiş, məktəbi, sevimli müəllimlərini yad etmişdi, Günayı da orada görmüşdü. O görüşdən də Günaya içində sevgi hissi baş qaldırmışdı. Onunçün Günay artıq indiyə qədər gördüyü qızlardan ən gözəli idi. Bilirdi ki, Günayın “hə”sini almaq Arif üçün heç də asan olmayacaq. Bəlkə də ona görə Günaya cürət edib yaxınlaşmırdı da. Yaxın dostundan Günayın rəfiqəsinə məktub göndərmişdi. Rəfiqəsi Leyla məktubu Günaya uzatsa da, əli havada qalmışdı. Günay bunun üstündə rəfiqəsi ilə bir neçə gün küsülü də qalmışdı.
– Axı, sən bilirsən ki, mənim xoşum gəlməyən işdir bu. Bilirsən ki, götürməyəcəm, niyə almısan bu məktubu? Sən mənim ən yaxın rəfiqəmsən, kimisə sevsəm, ilk olaraq sən biləcəksən, bunu yadında saxla və bir də belə etmə,- demişdi.
Tədbir sona yetdi, hamı zalı tərk etdikdən sonra Günay dərindən nəfəs alıb çantasını da götürüb zaldan çıxdı. Zalın qapısından aralanıb həyətə çıxmaq istəyirdi ki, dəhlizin o biri tinində qarşısına çıxan Arifi gördü. Ürəyi şiddətlə döyündü. İlk dəfə idi ki, onunla belə yaxın məsafədə üz-üzə gəlirdi.
– Məni bir dəqiqə eşidə bilərsən? Sənə sözüm var – Arif asta, təmkinli səslə dedi.
İlahi, səsində necə qürur, necə səmimilik vardı. Günayın rəngi ağappaq olmuşdu. Həmişə lalə kimi alqırmızı olan yanağından, dodağından əsər-əlamət qalmamışdı. Dili qurumuşdu elə bil, nə qədər istəsə də “yox, olmaz” sözünü deyə bilmədi. Arifin yanından sürətlə keçib özünü həyətə atdı.

Arif həmin gecəni yata bilmədi. Gözünü tavana dikib elə hey Günayı fikirləşdi. Danışmasa da onunla bir neçə saniyəlik yanaşı durmanın xoşbəxtliyini yaşayırdı düşüncələrində. Narahat idi sözünü deyə bilməmişdi. Vaxta isə az qalırdı…
Orta məktəbdə dərslər bitmiş, imtahanlar başlamışdı deyə Günay məktəbə az-az gəlirdi. Ariflə bir daha qarşılaşmayacaq deyə çox rahat idi. İmtahanlardan sonra da Bakıya gedəcəkdi. Daha Arifi görə bilməyəcəkdi.
…Sakit bir səhər açılmışdı. Günay yuxudan oyansa da nədənsə narahat idi. Elə gözü qapıda qalmışdı, elə bil kimisə gözləyirdi. Gecə səhərəcən ermənilərin atdığı güllələrin səsindən onsuz da narahat olan Günayın ürəyi səksəkədə idi. Həyətə çıxdı, bağa keçib bir qədər gəzişdi. Son imtahana iki gün qalmışdı. İmtahandan sonra kənddən ayrılacaqdı. Elə Arifdən də canı qurtaracaqdı. Nədənsə yenə Arifi xatırladı, heç bilmədi niyə…
Bir qədər də bağda gəzdikdən sonra evə qayıtdı. Həyətdə əsgər geyimində birini gördü. Atası ilə söhbət edən bu əsgərin gözü Günayda idi. Günay bunu hiss etdi, ayağını ləngitdi ki, görsün atası kimlə danışır. Günayın atası kəndin sayılıb seçilən ağsaqqallarından idi. Hamı məsləhət, xeyir-dua üçün bu qapıya gələrdi.
Günayın bir gözü əsgərdə qalsa da əvvəlcə tanıya bilmədi kimdi. Çünki bu yerlərdə adət deyildi qızların başını qaldırıb həyətə gələn, lap elə yoldan keçən kişi və ya oğlanın üzünə baxmaq. Atası evə keçdi, ədəb-ərkan xatirinə Günay da atasının ardınca evə keçdi. Atası əlində sənəd həyətə çıxmaq istəyirdi ki, telefon zəng çaldı. Günay dəstəyi qaldırdı. Atasını soruşurdular.
– Ata, səni istəyirlər.
– Qızım, sən al bu sənədləri Arifə ver onları “sovet sədri”nə çatdırmalıdır, mən görüm kimdi məni soruşan…
Arif adını eşidən Günayın ürəyi əsdi. Yəni bu o Arif ola bilərdi? Yox, Arif olmasın, ay Allah, yalvarıram. Əlində sənəd əsgərə tərəf gedən Günayın ürəyi sanki yerindən çıxacaqdı. Bəli, bu o idi, Arif idi. Aman Allahım, əsgər geyimi necə də yaraşırdı Arifə. Elə bil ki, onun boyuna biçilmişdi. Günay ilk dəfə idi ki, onu belə yaxından görür, gözünün içinə baxırdı. Nəhayət Arif dilləndi:
– Günay, mən gedirəm.
– ……………
– Vətən çətində olanda mən bu torpaqda rahat gəzə bilmərəm. Bir bəhanə ilə səni görməyə gəldim. Gəldim səninlə xudafizləşim.
– …………….
Günay elə bil yuxuda idi. Nə deyəcəyini, nə edəcəyini özü də bilmirdi.
Atan gələcək indi, Günay. Bir söz də deyim, müharibəyə gedirəm, qayıtmaya da bilərəm. Nə oldu?…din, danış bir az…səsini də, sözlərini də yaddaşımda özümlə gəzdirəcəyəm. Düşmənlə ölüm-dirim sərhəddində dayananda sənin səsin mənə ruh verəcək…
– ………………
– Səni çox sevirəm, Günay. Ölsəm bil ki, qəlbimdə sənin sevginlə köçdüm bu dünyadan – deyib, sağollaşmaq üçün əlini Günaya uzatdı.
Günay dillənə bilmirdi, elə bil ki, dili qurumuşdu. Arifin ona uzalı qalan əlini görüb qeyri-ixtiyar əlini ona uzatdı.
Arif iri, sərt ovcunun içində elə bil zərif bir kəpənək hiss edirdi. Çox sixsa incidər, buraxsa uçub gedərdi. Amma məcburən buraxmalı oldu.
– Salamat qal – dedi.
– Özündən muğayət ol… Ancaq bu sözləri deyə bildi Günay. Özündən ixtiyarsız gözləri yaşardı. Arif gözdən itənəcən arxasınca baxdı. Elə bildi ki, bu baxışla da Arifi itirdi, birdəfəlik itirdi…
Ayrılıq vüsaldan əvvələ düşdü…
Arif könüllü olaraq Füzulidəki batalyonlardan birinə yazıldı. O, əsgər dostları ilə birlikdə kəndlərimizin müdafiəsində mətanətlə döyüşdü, əks-həmlələrdə mərdlik nümunəsi göstərdi. Füzulini, onun ətraf kəndlərini atəş altında saxlayan və ciddi təhlükə törədən mövqelərdən biri də Məlikcan yüksəkliyi idi. Bu qan ocağını, bayquş yuvasını darmadağın etmək üçün keçirilən əməliyyat zamanı Arif xüsusiylə seçildi. Ancaq namərd düşmənin gülləsi bu cavan oğlanın ala gözlərində işiqlı həyatı birdəfəlik söndürdü…Ayrılıq vüsaldan əvvələ düşdü…

Nə biləydik bu sevginin sonu yox,
Nə biləydik dünya belə dönəcək.
Nə biləydik sevgi adlı bu qonaq
Üzümüzə baxa-baxa öləcək…

Advertisements

23/08/2017 tarixində Hekayələr, Yazılarım içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 6 Şərh.

  1. Bu bahar oxuma,bulbul sen Allah
    Acma xaribulbul acma sen bu il
    Gorursen bahar bizim ucun deyil
    Axi Ehmedlerin Mehemmedlerin
    Qaniyla sulanmis cicekler bu il.
    Collerin gedesi anlaya bilmez
    O yerler bizimcun darixmirmi bes?
    Sevinc,hekayeni oxuyanda icimde firtinlar qopdu.Hisslerim ele cosduki sesimi icimde gucle bogdum.Amma goz yaslarima hakim ola bilmedim.Goz yasimda insanlara kin saxlamayan qelbim kini hiss etdim.Kinim insansizligadir.Kinim vusaldan evvel ayriliqlaradir.Buna gore deyirem Heyat ber kese layiq oldugu qeder deyil.Cox acimasizliqlar oldu.Duzdu Sehidler ucaldi.Amma hani edalet ,hani Susa, hani Qarabag!((( Bacisi olmayan igid qardasim sen nece vidalasdin sevdiyinle… Ne adini bildin ne de ki yerini.Veten mehebbeti qelbinde iken onunda mehebbeti sirinlik qatdi Vetenin daha da gozellesdi nezerinde…Qardasim deyirdin bacim yox gor indi senin ne qeder bacin var.Allah size rehmet elesin.Sehidlik adi azan kimi dinmez bayraq kimi enmez.Sevinc ureyim ele doludur.Yazmaq istediklerim cox iken yaza bilmedim.Bir bir yadima dusdu arzulari kam ,qanladi yerde qalmis sehidlerimiz.Veten sagolsun Sehid analari Sehid bacilari Sehid yoldaslari Sehid balalari ((( InsAllah bir gun!

    tərəfindən bəyənildi 1 şəxs

    • O qədər yara vurdu ki, bizə…dərdimizin ən ağırıdı vətəndə vətənsizlik((((
      Təşəkkür ediəm, Şölə. Allah içimizdəki bu həsrətə son qoysun, şəhidlərimizin ruhu şad olsun, bir gün torpaqlarımız geri alınsın… İnşAllah!

      Bəyən

  2. Haydı vətən oğlu, ayağa qalxın ..,
    Biz əsl oğluyuq bu doğma xalqın,
    Əməllər əyilır , Fikirlər dalğın
    Biz güc almalıyıq, Muğandan, Mildən
    Heç vaxt gedə bilməz Qarabağ əldən!

    Gələcək nəsil üçün özün becər, ək,
    Düşmənin üstünə şığı qartal tək .,
    Dərisini soyub boğazından çək
    Qorxma qara sudan , sən qara seldən,
    Heç vaxt gedə bilməz Qarabağ əldən!

    Külək ol, sən tez yay dumanı, çəni
    Qoru doğma eli, doğma vətəni.
    Bir həmlədə məhv et bütün düşməni,
    Bitir vətənində çiçəkdən güldən
    Heç vaxt gedə bilməz Qarabağ əldən!

    Vətən həsrətinə dözməyir bir an,
    Bu gün Qarabağda axır nahaq qan.
    Keçirir millətim, xalqım həyacan
    Düşmən də əl çəkmir bəd əməlindən
    Heç vaxt gedə bilməz Qarabağ əldən!
    Bu weirin muellifini bilmirem ama yazdiginiz taleh ureyimi sizlatdi. Her setr aci verdi her setr sanki qayaya cirpar kimi vuruldu uzume. En piside odur ki biz bu gerceklerle razilawiriq😔😔😔Allah qeleminize guc versin Sevinc xanim..

    tərəfindən bəyənildi 1 şəxs

  3. Çox sağ ol, qızım. Allah səndən razı olsun, diqqətin, rəyin üçün. Qarabağ əldən gedib, geri gətirməyi Allah nəsib etsin bizə…

    Bəyən

  4. Allah bütün şəhidlərə rəhmət eləsin.İnşaAllah bir gün qələbə xəbərini eşidib “Şükür şəhidlərimizin qanı yerdə qalmadı!”söyləmək xaiqımıza qismət olsun.
    Sevinc, səhv etmirəmsə Günelin qardaşı da şəhid olub, deyilmi?

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: