Məncə həyat Allaha qul olmaqdır…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 24-cü yazı)

Günaydın, əzizlərim. Cüməniz mübarək! Müsahibə gözləyənlər üçün çox gözəl bir xanımla gəlmişəm hüzurunuza. Hüsniyyə xanım mən instagrama gəldiyim gündən izləyicim olub. Hər mövzuya fikir bildirməsə də, bu xanımdakı səmimiyyəti hiss etmişdim. Müşahidəm “onu da müsahib et” dedi mənə. Bu gün əziyyətimin boşa getmədiyini görüb sevindim, yaxından tanıdığıma şad olum. Növbə sizindi, buyurun, tanış olun, fikirlərinizi bölüşün.

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Mən Alışova Hüsniyyə, 15.05.1987 ci ildə Şirvan şəhərində doğulmuşam. 2 oğul anasıyam. İşləyirəm. Kiminə görə fədakar ana, kiminə görə səbirli bir xanım, kiminə görə gözəl dost, əslində içində fırtınalar qopan Hüsniyyə…
2. Birinə güvənmək lazımdır bu həyatda. Səni heç vaxt tərk etməyəcək birinə. Kimdir o? Həyatınızda belə bir insan varmı?    
– “Güvən” sözünü ümumilikdə götürsək insana ailəsindən savayı güvənəcəyi kimsə yoxdur əslində. Amma “güvən” sözünü fərdiləşdirsək özümü dərk etdiyim vaxtdan əslində axtardığım “O”-dur. Qarşıma çıxsa biləcəm kimdir, amma….təəssüf 
3. Mövlanə deyir: “Unutma! Qazanmaq uzun bir ömür istəyir! İtirməyə isə anlıq qəflət kifayətdir”. Çətin qazanıb asan itirdikləriniz oldumu?
– Kaş ki bəzi insanların gerçək üzünü onlara əmək vermədən, hisslərimizi sərf etmədən öncə görə bilsəydim. O zaman bəlkə itirdiklərimizə görə canımız yanmazdı. Bir anlıq düşündüm də asan qazandığım heç bir şeyin olmadığını gördüm. İtirdiklərim isə öz istəyimlə olanlardı. Belə bir deyim var ki, həyatda elə seçimlər et ki, qazandıqların itirdiklərinə dəysin. Bəli, itkisiz qazanmaq olmur, əsas odurk i gərək biləsən ki, kimə görə, nəyə görə, kimi və nəyi itirirsən…
4. Kiminlə güldüyünü unuda bilərsən, kiminlə ağladığını isə, əsla…kimdir ağlayanda sizinlə birgə ağlayan?
– Aynadakı əksim….😔
5. Başqalarının qayğısını çəkə-çəkə ömür sürənlər əslində ən gözəl və ən xoşbəxt insanlardır…Daha çox qayğı çəkirsiniz, yoxsa qayğınızı çəkirlər?
– Əslində qayğı çəkən insanların ən çox qayğıya ehtiyacı var. Qayğıya ehtiyacım olduğu an o qayğını hiss edə bilmirəm. Belə deyim, qayğı qıtlığı çəkirəm deyə bacardığım qədər qayğı çəkməyi özümə borc bilirəm…
6. İnsanları yaxşı tanıyın, hər bir insanı pis bilib pisləməyin, hər bir insanı da yaxşı bilib tərifləməyin -hikmət sahibi belə deyir. Sizin yanıldığınız hal oldumu?
– 50/50-yə deyim. Çünki həyatım boyu yanıldığım insanlar yoxdur. Bəlkə də həyatımın bəzi məqamlarında məntiqimə güvənib öz fikrimlə baş-başa buraxsaydılar bütünlükdə yanıldığım isanlar olmazdı. Çünki hisslərim məni heç vaxt yanıltmayıb.
7. İlk üzr istəyən ən cəsur, ilk bağışlayan ən güclü, ilk unudan xoşbəxtdir. Hansı biri oldunuz?
– İlk bağışlayan!!! Hardasa üzr istəməyi də bacarıram,amma unutmaq mənə görə deyil… (((
8. Eynşteynin fikrincə – İnancı inkar edən elm topal, elmi inkar edən din kordur. Siz necə, inanclara inanan birisinizmi? Və sizin üçün din, yoxsa elm öndədir?
– Az-çox mənim haqqımda məlumatlı olduğunuzu düşünürəm, din yolunu tutanlardanıq Şükür. Amma deyim ki, 1400 il bundan öncə göndərilənləri bugün elm təsdiq edirsə məncə din birincidir. Təbii ki, elmli olmaq da şərtdir. İmam Əli (ə) buyurub ki :dini olub, elmi olmayan cahildir…Qaldı ki, inanclara, əslində inanclara inanmayan biriyəm, yəni çox fikir verməməyə çalışıram amma nədəndirsə bilmirəm “tək Səbr” inancı bugunə qədər də mənimlə gedir. Kimsə tək səbr vursa, bir görsəz necə o insana baxıram ki, nə olar ikincini də vur)))
9. Qoşa yazılıbsa alın yazımız,
Qıyma ki, ömürlük mən qalım yalqız.
Gəlmişəm qapına, insaf et, ay qız,
Sən mənə sevməyi öyrət, öyrənim…- sevgini, sevməyi fənnə bənzədək bir anlıq. Tədris edilir və öyrənmək istəyən də öyrənir. Sizə görə sevgi hansı fənn olardı?
– Mənimçün sevgi biologiya elminə bənzəyir. Belə deyim bio aləmdə çox gözəl güllər, çox bitkilər, çox canlı faunamız var, ümümilikdə bütün bio aləmə vurğun olsaq da kimdənsə soruşsaq ki, hansı gülü, hansı bitkini sevirsən dəqiq cavab verəcək. Zövqünə, qəlbinə yaxın olanını deyəcək. Eynən Sevgi də belədir. Ətrafda çox inasan var və hər insana görə də fərqli sevgilərimiz var. Amma bir Sevgi var ki, fərqləndirir insan hisslərini. Bütün sevgilərin də qayğıya, nəvazişə, diqqətə, qulluğa ehtiyacı var. Sevgini qorumaq da əziyyət tələb edir, eynilə güllər, bitkilər kimi..
10. Bəzən sözlər, şüşə qırıqları kimidir, Ağzına dolar insanın…Sussan, ağrıdar…Danışsan, qanadar… Oldumu sizdə belə bir hal?
– İmam Əli (ə) belə bir kəlamı var: Çox sözlər vardır ki onun cavabı sükütdur. Susarsan bəzən…çünki sussan canın yandığını düşünərsən, amma susduqda daha çox yandırarsan! Susarsan bəzən…sən sadəcə bir boşluğu və bu boşluğun içindəki özünü axtararsan! Susarsan bəzən….çünki min cümlə düşər içunə, min dərd düzülər ürəyinə, min dərd bir səs etməz! Susarsan bəzən…son gediş kimi, heç gəlməmiş kimi, heç olmamış kimi! Susarsan bəzən…izah edə bilməzsən, qaçarsan insanlardan amma yenə də özündən qaça bilməzsən! Susarsan bəzən…incitməkdən qorxarsan, istəməzsən canı yansın, hər kəs bunları sevdikləri üçün yaşayar. Kimi sevdiyi yarı üçün, kimi övladı üçün…Bəzən elələri olur ki, hər ikisi üçün yanar-yanar heç anlayanı olmaz..çunki danışıb qanatmaqdansa ,susub ağrınmağı seçər…bəli, susduqlarım çox oldu.
11. Dinləmənin qarşıdakı şəxsə olan hörmətdən irəli gəlməsindən başqa, həm də bir psixoloji tərəfi də var. Əgər dinləyicisinizsə, deməli, həm də bir psixoloq olmalısınız. Dinləyici olmaq çətin deyil ki, sizin üçün?
– Əslində səbrli biriyəm, dinləməyi də sevirəm. Etiraf edim ki, dinləyici olmaq çox əhəmiyyətlidir. Hər insana anladığı dildə nəyisə başa salmaq, nəyisə çatdırmaq və doğru yolu göstərmək və doğru olanı məsləhət görmək çətindir.
12. Şanssızlığa dözə bilərik, çünki çöldən gəlir və tamamilə təsadüfidir. Halbuki həyatda bizi əsl yaralayan etdiyimiz səhvlərə heyfslənməkdir. Oldumu belə səhvləriniz?
– Səhvsiz insan yoxdur bunu hamımız bilirik. Həyatda heç sevmədiyim bir söz var “kaş ki”.. bugünə qədər də geriyə dönüb baxdıqda, gələcəyə doğru atdığım addımlarda qarşımı kəsən maneələri gördükdə bəli, heyfsləndiyim, “kaş ki etməsəydim bu səhvləri” dedyim anlar olub.
13. İnsanın dözümü onun köməkçisidir… “köməkçiniz ” varmı?
– Bəli övladlarım..və nə yaxşıkı da var.!
14. Səhifələr, əslində, özündən əvvəlkinin izini daşıyır. Silib başdan yazacağınız səhifə varmı?
– Əslində istərdim silib yeni səhifə açmaq amma düşündüyümdə ağlıma bugün sahib olduqlarımı yeni səhifəmdə görməyəcəyimi düşünəndə bu istəyimdən vaz keçirəm. Çünki bu gün sahib olduqlarıma görə çox şanslı hiss edirəm özümü.
15. İnsanların etdikləri pisliklər onlardan sonra yaşayır, yaxşılıqlar çox vaxt sümükləriylə birlikdə basdırılır. – Yaxşılıq niyə tez unudulur sizcə?
– Məncə yaxşılıq etdiklərimiz mənfəətçil insanlar olduğu üçün, insana özü olduğu üçün yox, sahib olduqlarına dəyər verdiklərinə görə yaxşılıqlar tez unudulur. Bu gün etdiyimiz yaxşılıqları sabah etmək iqtidarında, gücündə olmaya da bilərik, amma həmin insanlarıq axı…Mən artıq buna alışmışam qarşımdakı insanlar bilsin deyə etmirəm. Bilsə bu onun ucalığıdır, bilməsə də itirən mən deyiləm ən azından.
16. Atalar sözünə görə: “Könül sevən gözəl olar”. Əbu Turxan isə deyir: “Sevən könül gözəl olar”. Bu fikrin hansına üstünlük verərdiniz?
– Belə bir deyim var: “Gözəl olan mənimdir demə yorularsan. Mənim olan gözəldir də xoşbəxt olarsan”. Məncə könul sevən gözəl olur.
17. Mən müasirliyin tərəfdarıyam, amma keçmişimi unutmadan. Bəs sizin fikrinizcə necə, müasirlik, bu qədər inkişaf, texnika yaxşıdır, yoxsa hər gün keçmişi xatırlayıb köks ötürdüyünüz anlar olur?
– Əslində mən də müasirliyin tərəfdarıyam, gözəl qarsılayıram və uyğunlaşmağa çalışıram. Amma təəsüf etdiyim bir məqam var, müasirlik anlayışının təbliğatı, insanlara çatdırılması düzgün getmir. İnsan keçmişini unudaraq gələcəyə sağlam addımlaya irəliləyə bilməz. Bəzən keçmişdən bizə lazım olanları unutmayaraq bu gün də yaşatmaq lazımdır.
18. Yaxşı ki həsrətin tüstüsü yoxdur, göz-gözü görməzdi yer kürəsində…çoxmu göynədir o həsrət sizi?
– Çoxmu göynədir o həsrət sizi… bir daha heç vaxt görməyəcəyimi düşündükcə göynətmək azdır bəlkə, elə bir ağrı hiss edirəm ki, heç bir sözlə ifadə olunmaz…
19. Gözümüzü açandan eşitdik ki, pul əl çirkidir. Əl çirki dediyimiz puldan ötrü də insanlar bütün çirkinliklərə bulaşmaqdan çəkinmədilər. Deyilən fikir, əməllə tərs mütənasib gəldi. Sizcə atalar sözü düz deyilməyib, yoxsa əlimizin “çirki” pula bulaşdı?
– Bu indi yaranan problem deyil, illərdir pul, var-dövlət üstündə bütün maksimum çirkinliklərə əl atıb insanlar. Pul sadəcə kağız parçasıdır, fitrətində çirkinlik olanların əllərinin çirki pula bulaşdı!
20. Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır. Onunla tez – tez məsləhətləşmək lazımdır. ( Paskal ) Əməlinizə görə vicdanınızın sizdən hesab sorduğu hal oldumu?
– Bəlkə də “Xoşbəxtəm” deməyimə səbəb olacaq bir şey var o da ki, vicdanımı narahat edəcək pis bir əməlimin olmamasıdır, amma yenə də tez-tez özlüyümdə vicdanımla hesablasıram.
21. Ətrafımızda müxtəlif əqidəli insanlar var: dərdimizə məlhəm olanlar, yaramıza duz səpənlər. Vaxtında ayıra bildinizmi hər iki tipi? Yoxsa yanlışlarınız oldu?
– Əslində buna yanılmaq deməzdim, sadəcə olaraq yaraya duz səpənləri görməzdən gəlməyə çalışdım, halbu ki o insanların içindəkini bilə-bilə, amma ehtiyatımı da əldən vermədim. Çox şükür ki, yaraya məlhəm olanlarımız var, azdı əsas odur lazım olan anda məlhəm ola bilirlər.
22. Deyirlər ki, bağışlamaq intiqam almaqdan daha yaxşıdır. Bəs sizin dünyanızda hansı hökmranlıq edir intiqam, yoxsa bağışlamaq?
– Bağışlamaq intiqam almaqdan yaxşıdır?)) Bu hiss bağışlayanı öldürmədikcə, bəli yaxşıdır. Səhvi bağışlamaq böyük ürək istər. Amma deyim ki, bu günə qədər intiqam almaq istəyi ilə yaşasam da, yenə də bağışlamağı seçmişəm. Əslində bəzən düşünürəm ki, hər insanla başa düşdüyü dildən danışmaq lazımdır, çünki bağışladıqca insanı aciz bilirlər. İnsan bağışladıqca haqlıykən haqsız duruma düşür. Bir gün 1 ata övladına qəlb qirmağın necə pis bir şey olduğunu izah etməyə çalışır və iri bir lövhəni oğlunun qarşısına gətirir və deyir: oğlum, hər gün qəlbinə dəydiyin hər insan üçün bir mismar vur bu lövhəyə və həftə sonu nəticəyə baxaq. Bir həftədən sonra ata oğlu ilə birlikdə lövhəyə baxdıqda ata görürkil vöhədə boş yer yoxdur. Və deyir: indi oğul o mismarları lövhədən çıxar. Oğlan bütün mismarları lövhədən çıxarır və çıxartdıqca həmin mismarların yerinin boş qaldığını görür. Atası deyir: Oğul sən qəlbini qırdığın hər insandan üzr istədikcə bağışlanırsan amma o qırdığın qəlbin izi qalır. Və məndə bağışladım dedim çünki birgün Haqqın öz yerini tutacağına inanıram.
23. Dünyanı savaş meydanı hesab etsəydiniz, nə uğuruna savaşardınız?
– Qədir-qiymətin bilinməsi uğruna savaşardım, çünki həqiqətən insanı məhv edir etdiklərinin göz ardı edilməsi…
24. İstedadlıya kömək edin, istedadsız onsuz da özünə yer tapacaq. Eşitmisiniz bu ifadəni yəqin ki. Deyəsən zəmanəmizə tam uyğun deyilib. Necə olur ki, İstedadsız biri xalq artisti, əməkdar artist, yazıçı, şair, incəsənət ulduzu səviyyəsinə qədər asanlıqla yüksələ bilir?
– Maraqlı sualdı)))…O tip insanları o “hörmətli səviyyəyə” çatdıran adamlar nə vaxta qədər ki vicdanlarını qatlayıb bir qutuda saxlayacaqlar, elə bu belə də gedəcək. ..Rəhmətlik şairimiz Qabilin dediyi kimi “səhv düşəndə yerimiz”…həqiqətən zaman keçdikcə insanların yeri səhv düşür.
25. Heç bir iş görmədən də yorula bilirmiş insan. Düşündükləri ağır gəlirmiş…oldumu belə halınız?
– Bir vaxtlar bir yazıyla rastlaşmışdım: Könlü yorğun olanın, dini acı olurmuş. Ya qəlbi yorğun olanın yanında olmayacaqsan, ya da yanında olduğunun qəlbini yormayacaqsın. Düzdür insanın ruh halının yorğunluğu fiziki yorğunluqdan ağırdır. Fiziki yorğunluğu bir yolla rahatlatmaq olur amma ruhun yotğunluğunu rahatlatmaq, düşündüklərinin ağırlığını azaltmaq olduqca çətindir. Bəli, çox oldu düşündüklərimin məni yorduğu…
26. Sofokl deyib ki, xoşbəxtliyin birinci şərti ağıllı olmaqdır. Belə çıxır ki, xoşbəxt olmayanların ağıl sarıdan kəsiri var?
– Çox sağ olsun Sofokl. Ağıl sarıdan əziyyət çəkdiyimi düşünmürdüm))). Mən isə demək istərdim ki, məncə ağıldan kəsiri olduğuna görə qarşındakına layiq olduğundan artıq dəyər verən insanlar xoşbəxt olmur.
27. Daş dövrü daşlar tükəndiyi üçün deyil, başlar dəyişdiyi üçün sona çatmışdır. İndiki gənclərin düşüncəsi ilə biz də nələrinsə dəyişəcəyinə ümid edə bilərikmi? Gənclik sizi qane edirmi?
– Əslində texnalogiyadan xəbərdar, yeniliklərdən maksimum dərəcədə və doğru şəkildə yararlanmaq lazımdır amma təəssüflə bildirirəm ki, gələcəkdə gənclərdən yararlana biləcəyim nəsə gözləmirəm. Hətta bu qorxu var içimdə. Həqiqətən mövcud olanı doğru istifadə edə bilməyən, doğru dəyərləndirməyən gənclər yetişir.
28. Sevdiyini bir başqasına yola salmaqdırmı çətin, yoxsa özgəsindən gəldiyini bilə-bilə qarşılamaqmı?
– Əgər “özgəsi” gələnin həyatındadırsa hələ də onu bilə-bilə qarşılamaq çətin deməzdim qəbul olunmazdır. Sevdiyini başqasına yola salmaq ən çətin o…
29. İllər keçsə də biz yenə də xatirələrə sığınırıq. Bəs siz unuda bilmədiyiniz hansı xatirəni bölüşmək istərdiniz?
– Düzünü desəm xatirələrə çox bağlı qapanıb yaşamağı sevmirəm, məni acıtan anılarım daha çoxdur. Amma az da olsa hamı kimi məndə də xatirələr var, hansı ki yadıma düşəndə üzümə gülüş gətirən…təəssüf ki, xatirələrimin çoxu bu gün mənimlə ola bilməyən insanlarla bağlıdır… bir xatirəni Sizə deyim nənəmlə bağlıdır nə dərəcədə Sizə maraq yaradacaq bilmirəm, amma hər dəfə bu hadisəni xatırladıqca çox gülürəm. Bir gün xəstə idim yəni yataq vəziyətində nənəm də bu vəziyyətə çox pis olurdu. Hər gün oturub dua edirdi tez sağalım deyə. Bir gün qapımıza bir seyid gəldi. Nənəm açdı qapını, dedi ki, seyidəm başladı dua etməyə. Elə bu vaxt nənəm seyidə dedi ki, seyid qardaş mənim bu nəvəm xəstədi sən özün buna dua elə, cəddin peyğəmbər özü bu qıza qənim olsun😂😂😂. İnanın ki, seyid elə donub qaldı😄😄😄düzdü bildiki nənəm çaşdı elə dedi, amma yenə də nə bilim, bu gün də onu yad edirəm gülürəm. ALLAH bütün nənələrə rəhmət etsin mənim də nənəm daxil.
30. Deyilənə görə həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda? Həyat hansı biridir sizin üçün?Ümumiyyətlə, nədir həyat?
– Mənə görə isə tam əksinə Həyat ağılla yaşayanlar üçün faciədir. Hisslərlə yaşayanlar həyat mənimdir “ürəyim necə istəyir yaşayıram “statusunu qoyub bildiklərini edirlər.Amma ağıllı olanlar üçün çox çətindir gerçəkləri görməzdən gəlmək. Həyat nədir?..Həyat geniş anlayışdır insanına görə dəyişir.Həyat hər insana görə fərqli baxış acçısıdır.Məsələn, Həyat nədir deyə sual etsək :- Əsgərdən soruşsaq -yaşarkən yaşatmaqdır! Həkimdən soruşsaq-sağlamlıqla ölüm arasında olmaqdır,yaşama dəyər verməkdir! Məhbusdan soruşsaq- azadlıqdır,həyata xoşgörüdür,günahlara batıb sonra dönüb peşman olmaqdır! Sərxoşdan,narkamandan soruşsaq-keçmişdən dərs alıb,gələcəyə ümüdlə addımlamaqdır! Müəllimdən soruşsaq-bilmədiklərini öyrənməkdir və yenilik axtarışında olmaqdır.! Ailədən soruşsaq-ataya görə çiyinlərində daşıdığın xoş bir ağırlıqdır, əziyyətdir, zəhmətdir! Anaya görə-övladlarını xoşbəxt gələcəyə aparan mübarizə yoludur! Qadına sorsan- Həyat xoşbəxt yaşamaqdır, aşiq olmaqdır, yanğılı bir melodiyadır, məsuliyyətli yaşamaqdır. Həyat yerlə göy arasında sıxışıb qalmaqdır, enişli- yoxuşlu yoldur, hər yeni sabaha ümüdlə baxmaqdır. Həyat bəlkə hər şeydir, bəlkə də heç bir şeydir! Məncə həyat ən əsası ALLAHA qul olmaqdır!!!

Müsahibə üçün sizə təşəkkür edirəm.

21/07/2017 tarixində Yazılarım içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: