Mən yazmağa susmağı bacarmadığım üçün başladım…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 23-cü yazı)

Cüməniz mübarək, dostlar. Bu gün bir çox valideynlər üçün həyəcan dolu gündür. İnşAllah heç kimin əziyyəti yerdə qalmaz və bir neçə saatdan sonra övladlarımızın sevincini birgə yaşayarıq. Keçək müsahibəyə. Yusif bəyi bloqum fəaliyyətə başladığı vaxtdan tanımışam. Maraqlı hekayələri, xarici ədəbiyyatdan tərcümələri ilə marağıma səbəb oldu. Mən qismən tanışam, yazıları ətrafında da müzakirələrimiz olub. Müəyyən mövzularda baxışlarımız eyni olsa da, fərqli düşüncələrimiz var. Deist kimi tanıyırdım Yusif bəyi, amma ateist imiş. Mən müsahiblərimi öz baxışıma görə sizə sevdirməyə çalışmadım heç vaxt. Mən tanıdıram, münasibətiniz isə sizin şəxsi fikrinizə bağlıdır.
1. Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Salam. Ad məsələsi uzun müddət mənim üçün problemli məsələlərdən biri olub. Valideynlərim mənə dinə bağlı Yusif adı qoyub, mənim isə İslam dininə ilə bağlı fikrlərim fərqli olduğundan adımdan utanmışam. İllər sonra barışdım adımla. Öz adıma ideologiyamın qərbə məxsusluslu göstərmək üçün Hansen təxəllüsü əlavə etdim. Mən, Yusif Hansen. 
2. Mədəniyyəti xalqın ruhunun xarici təzahürü adlandırlrlar. Belədirsə, o zaman sizcə ruhumuz mədəniyyətimizlə düz mütənasibdirmi?
– Bəli, razıyam ki, mədəniyyət xalqın ruhunun xarici təzahürüdür. Lakin bizə gəlincə bu məsələ çox qarışıqdır. Dəqiq nəsə deməkdə çətinlik çəkirəm. Yaxın onilliklərdə bunu aydın görmək olacaq.
3. Bir ata qüdrətindən aşağı dərəcədə, uşaqları qüdrəti nisbətində, qadını da qüdrətinin fövqündə geyinməlidir. – Bu fikrə münasibətinizi bilmək maraqlı olardı.
– Geyimə görə qəbul edib, ağla görə yola salınmaq fikri artıq geridə qalıb. İnsan istədiyi kimi geyinməlidir. Məhz geyiminə görə insanın düşüncə tərzini müəyyən etmək olar. Nə deyim, mən geyimə görə insanın necə tip olduğunu az-çox müəyyən edə bilirəm.
4. Dahi mütəfəkkirin fikrincə: Dünya vahid bir ideyanın təcəssümü olmasaydı, bu qədər bütöv və ahəngdar olmazdı. Dünyanı vahid edın nədir sizcə?
– Dünya xırda dövlətlərə bölündüyü vaxt vahidliyini itirib. İnsanlar, millətlər, dövlətlər yalnız öz mənafeyi üçün çalışdığından vahid ideya deyə bir şey qalmayıb.
5. Doğru yerdə yanlış biri olmadıq, amma yenə də sevilmədik. Anladım ki, yanlış yerdə,
doğru biri olduğumuz üçün tərk edildik… Bəzən insan doğru birinolduğu halda da tərk edilə bilir.
– İnsanın doğru saydığı digərləri üçün də eynilə doğru olmaya bilər. Doğru biri olduğumuza baxmayaraq tərk ediliriksə, bu qarşıdakı insanın qədirbilməzliyindən irəli gəlir.
6. İnsan yan almaq üçün hansı limana getdiyini bilməyəndə, heç bir külək onun üçün sərfəli olmayacaqdır. Gedəcəyiniz yolu seçmək öz ixtiyarınıza bağlıdırmı? Yanlış yola necə, girdinizmi?
– Gedəcəyimiz yolu seçmək öz ixtiyarımıza bağlıdır. Məhz doğru yolla getməyə çalışmışam. İstəmədən yalnış yola keçə bilərdim, bu hiss etmədən də ola bilər. Düşünürəm ki, insan yalnış və ya doğru yol deyə bir şeyə fikr verməməli, xoşbəxt və rahat həyata aparan hər yoldan keçməlidir. Özü də bizim millət kimi insan qədrini bilməyən yerdə.
7. Bəzi insanlar səni çox yaxşı başa düşürlər.. Həm də çox yaxşı.. Amma daim uzaqdadırlar.
– Səni yaxşı başa düşən insan varsa, uzaqda olsa belə, fərq etməz. Əsas yaxşı başa düşməkdir. Yaxşı başa düşülən insanlar digərlərinə nisbətdə çox xoşbəxtdir.
8. Sizcə niyə aforizmlər əvvəlki dövrlərdə yaşamış filisoflar tərəfindən yaranıb? İndi buna ehtiyac yoxdur, yoxsa bunu deyə bilən biriləri?
– Əvvəlki dövrlərdə insanın boş vaxtı çox olurdu, o da düşünməklə məşğul idi. Müasir dövrdə əyləncələr həyatımızda böyük rol oynayır, müasir insan dar düşüncəlidir, o özü üçün yaşayır. O, gələcəyi düşünmür. Əgər yer kürəsi, insanlar min il sonra mövcud olsa, onlar üçün qoyub getdiyimiz ciddi bir fikr olmayacaq.
9. Kol kola söykənibdir
Gülsə tikan üstədir.
Yaxşılar ayrı düşüb
Yamanlarsa dəstədir…
Gözünüzə görsənən yaxşılar, qarşınıza çıxan pislərdən daha çoxdurmu, yoxsa əksinə?
– Pislər yaxşılardan dəfələrlə çoxdur məncə. Ya mən də o pislərdənəm yaxşıları görmürəm, ya da pessimist yaxşılardan biri.
10. “İnsandan dəfələrlə böyük olan fil də insanın xasiyyəti ilə uyğunlaşırsa, onun göstərişlərinə tabe olursa, insanların bir-birilə anlaşa bilməməsi qəribə görünür”. Sizin fikrinizdir bu, yazılarınızın birində qeyd etmisiniz. Əvvəllər belə deyildi axı, nədir insanlar arasında anlaşılmazlığa səbəb olan şey, nədir bölə bilmədikləri?
– Anlayış göstərməyi, güzəşt etməyi unudub insanlar. Hər kəs ağa olmaq istəyir. Belə olan halda nökər kim olacaq?
11. Həqiqətənmi aşiq olmaq bütün istəklərindən, xəyallarından, uğurlarından, hətta bəzən özündən belə keçmək deməkdir? Eşq nədir sizinçün?
– Bizim cəmiyyət üçün deyil eşq, aşiq olmaq. Burda hər kəs mənafeyini düşünür. Ona görə eşq mənim üçün mənasız bir şeydir. İnsan öz daxilindəki boşluğu doldurmaq üçün aşiq olmaq istəyə bilər. Və o hər zaman insanı geridə, inkişafdan uzaq tutar. Əsas olan məqsədlər, məqsədə çatmaq üçün mübarizədə yanında duran şəxslərdir.
12. Cingiz Abdullayevin bir deyimi var: “Azərbaycanlılar dünyada yeganə millətdir ki, müəllimə pul verirlər ki, uşaqları oxumasınlar”. Sizcə niyə belədir?
– Əgər bir cəmiyyətdə hər şey satılırsa, kim nə istəsə onu da ala bilər. Pul verməyə gəlincə, verilən təhsilin səviyyəsi çox aşağıdır, beyni lazımsız informasiya ilə yükləməkdən başqa bir şey deyil. Kimin pulu var, özünə rahat həyat qurduğu kimi, pulunu verir, qiymətini də alır. Əgər millətin təhsil səviyyəsi yüksək olsaydı, cəmiyyətdə Çingiz kimi adamlar da hörmət qazana bilməzdi.
13. Susqun olduğumuz zamanlar, ən çox danışmaq istədiyimiz zamanlardır əslində. “Haradan başlasam?, Necə başlasam?” deyə düşünərkən, uzun bir susqunluq buraxmış olarıq geridə. (Sərvət Saygınoğlu). Nələr sizin susqun olmanıza səbəb ola bilər?
– Əgər məni anlamırlarsa, susmağa çalışırm. Mən yazmağa da məhz susmağı bacarmadığım üçün başlamışdım.
14. Ən çətini özünü dərk etmək, ən asanı isə başqalarına məsləhət verməkmiş. Sizin üçün bu mövzuda asan və çətin olan nədir?
– Özümü dərk etmək illərimi aparıb. Bu çətin mərhələ idi. Məsləhət vermək isə asan. Əgər sən özün üçün məsləhət gördüyünü qarşındakına tövsiyyə edirsənsə, bu əladır. İnsanlar məsləhətlərimi qulaq ardına vurduqca, məsləhət verməyi buraxdım. Həm insan özü yıxıldıqca, daha möhkəm olur. Qoy yıxılsınlar, öz təcrübələrində öyrənsinlər. Mənim isə hər zaman təcrübədən keçmiş məsləhətlərə ehtiyacım olub.
15. Sevdiyini bir başqasına yola salmaqdırmı çətin, yoxsa özgəsindən gəldiyini bilə-bilə qarşılamaqdırmı?
– Kimsə getmək istəyirsə, buraxmaq lazımdır. Geri qayıdanı isə qəbul etməmək.
16. Gəlməyəcək bir gedəni, olmayacaq bir səbəbi necə, gözlədinizmi heç?
– Vaxtımın qədrini bilməyəndə çox səhvlər etmişəm. İndi isə anlayıram ki, vaxtı gedənə, qaçana, nə bilim qədirbilməzə görə itirmək olmaz.
17. Allaha şübhə etmək əslində ona inanmaq deməkdir. (Balzak) Razısınızmı bu deyimlə?
– Xeyr. Razı olsam, qəbul etməliyəm ki, Allah mövcuddir. Amma onun mövcudluğunu heç cür qəbul edə bilmirəm, bilmərəm.
18. Buraxın, gənclər dünyanı arzuladıqları kimi görsünlər; necə olsa böyüdükcə olduğu kimi görəcəklər… Gənclərin dünyaya baxışı sizi qane edirmi?
– Bir neçə il öncə özüm də gənc olmuşam. Nə gənc ikən, nə də indi gənclərin baxışları məni qane etmir.
19. Hüqo deyir: “Gücün kimin tərəfində olmasının mənim üçün əhəmiyyəti yoxdur, əhəmiyyətli olan odur ki, haqq kimin tərəfindədir”. Bəzən görürsən ki, haqlı olan biri güclü olanın əsarətində əzilir, haqqı tapdanır. Siz bu səhnədə güclünün yanında olub gücünüzü artırmağı seçərdiniz, yoxsa haqqı tapdanının müdafiəsinə qalxardınız? Onu da deyim ki, haqqlı tərəfdə olduğunuz halda itirəcəkləriniz olacağı bəllidir.
– Mən həyatım boyu haqqın tərəfində olmuşam. İtirəcəklərimdən daha qorxmuram, çünki mən bir qarın çörək üçün işləyərək ömrümün ən gözəl illəri olan gəncliyimi itirmişəm. Mən özüm də güclü olanın əsarətində əzilmişəm.
20. Abdul niyə prezidentliyi qoruyub saxlaya bilmədi, Yusif bəy?
– Mənim qəhrəmanım da mənim kimi haqqın-ədalətin tərəfində olub həmişə.
21. İnsanların etdikləri pisliklər onlardan sonra yaşayır, yaxşılıqlar çox vaxt sümükləriylə birlikdə basdırılır. Yaxşılıq niyə tez unudulur sizcə?
– İnsanlar qədirbilməzdir və unutqan yaddaşa malikdir.
22. Hər kəsin bir dərdi var; Hər dərdin bir ağrısı. Ağrılarım dözülməz deyil amma, bir də duz basanı var. ( Mövlanə Cəlaləddin-i Rumi ). Yaranıza duz basanlar çoxdur, yoxsa məlhəm olanlar?
– Əlbəttə ki duz basanlar…
23. “Bitsin artıq yer kürəsində bu müharibələr. Sevdiklərimizi itirmək qorxusu olmadan yaşayaq. Onsuz bu günə qədər bir gün görə bilmədik. Heç olmasa bundan sonra rahat olaq”.(Bizə müharibə lazımdır?) Qeyd etdiyim başlıqda olan yazınızdandır bu sitat. Əslində bəzi fikirlərinizdə çox haqlısınız. İnsanlarda torpağa yiyələnmək hərisliyi həmişə müharibə ilə nəticələnib. Sonunda da qanlar tökülüb. Bu gün də tökülməkdə davam edir. Sanki insanlar yaşamaq üçün yox, vuruşmaq üçün doğulublar. Amma bizim itirdiklərimiz var. Bizim Vətənimiz bu gün yağı əlindədir. Kimsənin torpağına sahib durmaq istəmirik ki…özümüzün olanı geri almalıyıq. Yaxşı bəs necə, Yusif bəy?
– Hər kəs öz işinə görə maaş alır. Bu məsələni də siyasətçilər, rəsmilər həll etməlidir. Necə həll edilsin, bunu onlar düşünməlidir. Yalnız kasıbın qanı tökülmədən.
24. Qadınlar bir ömür boyu bir kişiylə yaşamağı düşünüb, onu bacardıqları halda, niyə kişilər bunu etməkdə çətinlik çəkirlər?
– Bunu bacaran kişilər də var. Eynilə dəfələrlə nikaha girən qadınlar olduğu kimi.
25. N.Q.Çernışevski deyib: “O yerdəki qadına bir insan kimi hörmət yoxdur,orada mən yoxam”. Bəs qadına münasibətiniz necədir? Sizin üçün kimdir qadın?
– Qadın da kişi kimi cəmiyyətin bir parçasıdır. Kişi ilə eyni hüquqlara malikdir. Lakin ailədə son sözü kişi deməlidir. Ümumiyyətlə, bizim qadınlara azadlıq və demokratiya verəndə nədənsə ondan düzgün yararlanmırlar.
26. Elə xatirələr var ki, danışarkən gözəlliyi gedər… Heç vaxt danışmayacağınız xatirələriniz var?
– Sözlə ifadə etdiklərimi, adətən, deyirəm, yazıram. Bəzi xatirələri isə sözlə ifadə etmək olmur. Danışmayacağımız xatirələrim isə yəqin ki yaddaşıma həkk olmuş ən pisləridir.
27. Geridə buraxdıqlarımız üçün darıxır, əlimizin altındakından sıxılır, çata bilmədiklərimizə tutuluruq!.. Niyə beləyik?
– İnsanı əgər robot kimi təsəvvür etsək, bu sadaladıqlarınız da insanın xüsusuyyətləri sırasına yazılıb, proqramlaşdırılıb.
28. Bir iş haqqında qərar verməzdən öncə başqalarının da öyüd-nəsihətlərinə qulaq asmaq lazımdır. Kimin nəsihətinə tərəddüd etmədən “hə” deyirsiniz, varmı elə biri?
– İndi həyatımda elə biri yoxdur. Amma əvvəl doğru nəsihət verən olub, onu da ölüm aparıb.
29. İsrarla deyirsiniz ki, insan xoşbəxt olmağa borcludur. Elə isə, bu borcunuzu ödəyə bildinizmi? Ödəmək üçün nələr etdiniz?
– Hələ ödəyə bilmirəm. Ödəmək üçün hər şey qaydasında olmalıdır. Normal cəmiyyət, yaxşı iş, anlayış göstərən ailə və 1 milyon dollar. Xoşbəxt olmaq üçün çalışırıq hələ ki. Cəmiyyəti dəyişmək istəyirik, yaxşı iş üçün vuruşuruq və belə şeylər.
30. Deyilənə görə həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda? Həyat hansı biridir sizin üçün?Ümumiyyətlə, nədir həyat?
– Həyat nədir adlı bir yazı da yazmışam. Biz onu hələ anlaya bilmirik. Yəqin ki insan yalnz ölüm anında anlaya bilər. Bir şey bitmədən, nə olduğu anlamaq olmur deyə düşünürəm. Həyatı yalnız ağılla yaşamağa çalışıram, çox vaxt da alınmır, gedib hisslərə çıxır…

Müsahibə üçün sizə təşəkkür edirəm.

14/07/2017 tarixində Yazılarım içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 1 Şərh.

  1. Teşekkürler)

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: