Lalə gülünün əfsanəsi…(son)

…Padşah şikarını ovlayan dəli şir kimi nərildəyir, elə bil bu etdiyi iyrənc hərəkətdən qürur duyurdu. Qadın nə qədər çırpınsa da padşahın caynağından qutara bilməmiş, sonda məcburən özünü təslim etmişdi. İndi də otağın küncünə sıxılıb için-için ağlayır, əli ilə cırılmış paltarının yaxasını, ətəyini bir yerə yığmaq istəyirdi. Tez bir zamanda bu otaqdan çıxıb yuyunmaq, bədəninə çökən üfunət qoxusundan qurtulmaq istəyirdi. Qalxıb otaqdan çıxdı, qaçaraq evinə tərəf yüyürürdü ki, birdən zərblə çiyninə kimsə toxundu. Ayın göy üzündən süzülüb gələn işığında bu qaraltını tanıya bildi. Bu orta yaşlarında padşahın çox zülmünü, haqsızlığını görmüş keşikçilərdən biri idi. Həm də bunlar eyni eldən idilər deyə, bir-birlərinə arxa olardılar həmişə. Həmin kişi gördü qadın təlaş içindədir: 
– Nə olub, qızım, bu həyəcanın nədir? – deyə soruşdu. Qadın kişinin bu mehriban dindirməsindən bir az da kövrəldi, özünü hönkürməkdən güclə saxladı. Asta səslə:
– İçəri gəlin, sizə ehtiyacım var, deyəcək sözüm var, – deyə bildi.
Kişi o yan bu yana baxıb qadının arxasınca içəri keçdi. Qadın kişiyə oturmaq üçün yer göstərib özü otağa keçdi, cırılmış paltarını çıxarıb yenisini geyindi, gəlib həmyerlisi ilə üzbəüz oturub başına gələnləri bir-bir nəql etdi. Kişinin qəzəbdən üzü kömür kimi qaralmışdı. Qadın sözünü belə bitirdi:
– Mən özümü ləkələnmiş biri kimi hiss edirəm artıq, üzərimdə heç nə ilə təmizlənə bilməyən bir çirk var sanki. Mən yoldaşımın üzünə baxa bilmərəm. Onun təmiz mənəviyyatını da çirkləndirmək istəmirəm. Yaşaya bilmərəm bu əzabla. Səfərdən sabah dönməlidir. Gələndə məni burda görməyəcək, mən bu həyatla vidalaşmaq üçün elə indicə çıxıb gedəcəm. Kişi nə qədər dil töksə də qadın yolundan dönmədi. Ayağa qalxıb evinə bir də baxdı, sanki sağollaşır kimi gözünü dörd dolandırdı. Qapıdan çıxanda kişiyə bunu dedi:
– Bu sirri təkcə sən bilmiş olacaqsan. Çalış kimsə bilməsin. Mən onsuz da həyatda olmayacam, amma bir namuslu kişinin başı önünə əyilməsin deyə sus, xahiş ediəm sus…
Qadın evdən çıxıb sıldırım qayalıq deyilən yerə yollandı. Dan yeri yavaş-yavaş ağarmağa başlayırdı. Günəş üfüqdə görünmədən bir qadının ömrünün günəşi sönəcəkdi. Dünyadakı əzazil kişilərin qurbanı olan daha bir qadın bu dünyadan nakam gedəcəkdi. Neçənci qurbandı, hələ neçəsi qurban gedəcəkdi demək çətindi…Qayalıqlar arasından ətürpədən bir səs ətrafa yayıldı. Bir neçə dəqiqə sonra bir sürü leşyeyən quş göydə dövrə vurmağa başladı…
…Bu sirrin üstü açılanadək sarayda baş məsləhətçi işləyən gənc illər uzunu gözünü yollara dikib o naməlum gecədə yoxa çıxan qadınını gözlədi. Amma qadın gəlmədi ki, gəlmədi. Və bir gün eyni eldən olan keşikçi xəstələnib yatağa düşdü. Ölüm ayağında olan bu ahıl sarayın məsləhətçisini yanına çağırıb ona baş verən bütün hadisəni, o səfərdə olanda padşahın onun arvadının başına açdığı müsibəti olduğu kimi danışdı. Dedi ki:
– Ölsəm özümlə qəbrə aparacağım sirr idi bu, amma vicdanım yol vermir ki, sən bu şərəfsiz hökmdara sədaqətlə qulluq edəsən. Sənin dünyanı yıxan bu alçaq padşah oldu, – bunu deyib gözlərini əbədi bağladı.
Onsuz da dərddən və fikirdən erkən yaşında saçaları ağarıb, beli bükülmüş bu gəncin elə bil dünya başına fırlandı. Ürəyində padşaha sonsuz intiqam hissi baş qaldırdı…
Günlərlə məqam axtardı ki, bir yolla padşahı zəhərləyib öldürsün. Amma buna da zülmkar padşah deyərlər, işini etibarlı tutmazmı? Bir gün məsləhətçinin ona min bir təriflə gətirdiyi şərabı görüb içinə şübhə düşdü. Bildi ki, burda nəsə başqa bir iş var. Özünü şərabı içən kimi göstərib badəni kənara qoydu. Məsləhətçi çıxan kimi saray bilicisini çağırıb şərabı yoxlatdırdı. Şəraba ən ölümcül zəhər qatılmışdı. Bunu bilən padşah illərdir onun sağ əli olmuş, onu bütün təhlükələrdən qorumuş, həm ağlı, həm də təbibliyi ilə ölkədə şöhrət qazanmış bu insanı qalın meşəlikdəki insan ayağı dəyməyən bir mağaraya göndərdi. İnsan olduğunu unutsun deyə boynuna iri bir zəncir bağladı. Zəncir çox uzun olduğu qədər də ağır idi. Hər gün bu müdrik insanın boğazında bir az daha dərin yara açırdı…
Sən demə saraya gələn gündən kənizlərdən biri bu gəncin heyranı imiş. Qadınını itirəndən sonra özünü sarayın məsləhətçisinə nə qədər xoş göstərsə də, məsləhətçi heç bir qadına gözünün ucu ilə də baxmazdı. Beləcə kəniz də uzaqdan uzağa bu igid oğlanın həsrətin çəkərdi. Bir gün eşidəndə ki, padşah məsləhətçini ucqar bir mağaraya bağlayıb, gecəsin gündüzünə qatıb mağaranın yolun tapır. Gəlib görür ki, yaraşığı hər kəsi heyran qoyan bu oğlan yerdə huşsuz halda yatır. Nə qədər edir zənciri boynundan aça bilmir. Baxır ki, dodaqları susuzluqdan quruyub. Tez igidin başını dizlərinə qoyub, yanında götürdüyü su qabının ağzını açıb onun dodaqlarını isladır. Damcı-damcı ağzına su tökür. Handan-hana gözünü açan məsləhətçi başının üstündə saraydakı kənizi görür. Bilmir ki, sevinsin, yoxsa ağlasın…
…Onlar burda baş-başa verib yaşamağa başlayırlar. Bu ağıllı məsləhətçi biliyi sayəsəndə otlardan hazırladıqları məlhəmlə boynundakı zənciri də qırmağa nail olmuşdu. Hər gün dağlara çıxır şəfalı bitkiləri toplayıb müxtəlif məlhəmlər düzəldirdi. Kənizin əliylə ölkə əhalisinin sağalmaz dərdinə əlac olurdu. Beləcə neçə illər kənizlə bu mağarada şad-xürrəm gün keçirdi. Lakin onların bu xoşbəxtliyi uzun sürmədi. Padşah hardansa xəbər tutdu ki, bəs qalın meşəlikdə bir loğman yaşayır, ölkə əhalisinin nə çarəsiz dərdi var hamısına əlac tapır. Son günlər saraya gətirdiyi hərəmlərlə yaxşı gün keçirə bilməməsi padşahı təbdən çıxarmışdı. Fikirləşir ki, bu loğman kimdirsə onu tapıb özümə yaxşı bir dərman hazırladacam. Yenə olacam gənc bir oğlan, həyatın zövqün yaşayacam ölənədək. Amma İlahi ədalət deyilən bir şey də var, zülümkar padşah, sənin də cəzan bu cür veriləcəkmiş sən demə…

… Səhər açılar açılmaz mağaranın qarşısını bir neçə atlı kəsdi. Əmr etdilər ki, bu təbib padşahın hüzuruna getməlidir. Məsləhətçi bildi ki, saraya getsə padşah onu tanıyacaq. Ona görə də hiyləyə əl atmağın zamanıdı deyib:
– Mən nə padşahın, nə də ondan qüdrətli olacaq heç bir kəsin ayağına getmərəm. Sözü varsa özü gəlsin, – deyib üzünü çevirib mağaraya girdi.
Atlılar gəldikləri kimi də çapıb padşaha xəbər apardılar. Cavabı eşidən padşah qəzəbindən dəli oldu, atlnı minib mağara deyib çapdı. Padşah bura gəlməyində olsun, görək kənizlə məsləhətçi neynədilər. Gənc qadınının ölümünə səbəb olan padşah üçün bu müdrik insan çox gözəl sürpriz hazırlamışdı. Bilirdi ki, padşah ondan nə istəyə bilər. Ona görə də hazırlayıb saxladığı məlhəmi bir qaba boşaldıb üzərinə də gənclik bitkisi adlanan otun yarpağını bağladı. Kənizə tapşırdı ki, bəs padşah gəlib məni ya öldürəcək, ya da əsir götürəcək. Səni də cəzasız buraxan deyil. Məndən ona lazım olan dərmanı istəyəcək, mən verməyəcəm. Onda başlayacaq hər tərəfi dağıtmağa. Sən elə ki, gördün səni ölümlə hədələyir tez həmin dərmanı çıxar ver, de ki, səni öldürməsin azad buraxsın. Kənizlə söhbəti təzəcə bitmişdi ki, gördü mağaranın ağzında toz duman göyə qalxdı. Padşahın atının nəriltisi meşədə əks-səda verib daha da qorxunc mənzərə yaratdı. Məsləhətçi mağaranın ağzına çıxıb padşahın qarşısında dayandı. Padşah zəncirlədiyi məsləhətçini sağ görüb gözlərinə inanmadı. Əmr etdi ki, məsləhətçinin qollarını bağlayıb saraya aparsınlar:
– Tutun bu əclafı, bunun ölümü də zülüm olacaq. Amma əvvəlcə mağaranı darmadağın edib mənə lazım məlhəmi tapın, – dedi.
Padşahın əmrini yerinə yetirən əmr qulları mağaranı ələk-vələk etdilər. Bir şey tapmayanda küncə sıxılıb qalmış kənizi gördülər. Qolundan tutub padşahın önünə atdılar. Padşah kənizi görəndə bir az daha qeyzə gəldi:
– Səni də zülmlə öldürəcəm, satqın qancıq, – dedi.
Kəniz gördü padşah dəliyə dönüb, qorxusundan bilmədi nə etsin. Əli-qolu bağlı atın tərkinə uzadılmış məsləhətçiyə baxdı. Məsləhətçi gözünü astaca qırpmaqla dediyimi et demək istədi. Elə bu vaxt atlı çapıb məsləhətçini saraya apardı. Kəniz qaldı padşahla tək. Padşah əlini qılıncına atıb kənizin boynun vurmaq istəyirdi ki, kəniz qışqırdı:
– Əl saxla, hökmdarım. Sənə lazım olan məlhəmin yerin bilirəm. Məni öldürməyəcəyinə söz ver məlhəmi sənə verim. Padşahın qəzəblənmiş gözünə işıq gəldi sanki, ayağının ucu ilə kənizi itələyib:
– Tez məlhəmi gətir, ifritənin qızı ifritə, – dedi. Kəniz içəri keçib əlində məlhəmlə qayıtdı. Məlhəmi alan padşah göz qırpımında kənizin başını bədənindən ayırıb atına mindi. Saraya çatıb məsləhətçini zindana atdırdı. Kənizin verdiyi dərmandan hər axşam bir qaşıq içməyə başladı. Bir həftə sona yetəndə dərman da bitdi. Padşah gördü ki, dərman onun gözlədiyi kimi yox, tam əksi çıxdı. O bir daha qadınların duyğularıyla oynaya bilməyəcək, heç kimi nəfsinin və ehtirasının qurbanına çevirə bilməyəcəkdi…
Qeyzə gəlmiş padşah başa düşdü ki, məsləhətçi ilə kəniz ona oyun oynayıblar. Zindana enib məsləhətçini o ki var döydürdü. Hər gün sənə belə əzab verəcəm, ömrünün sonuna qədər bu qaranlıq zindanda çürüyəcəksən dedi…
Xəbər ildırım sürəti ilə ölkəyə yayıldı. Hamı müdrik qocanın xeyirxahlığından danışlb padşaha lənət oxudu. Müdrik qocanın isə günləri beləcə zindanda keçdi…İndi huşunu itirmiş Mələk qadının başını dizlərinə alan bu müdrikin bircə arzusu vardı. Padşahın zülmünü yerdə qoymayıb bu qadına ilahi güc verib yaşatmaq…

…Mələk qadınla müdrik qoca burda qalsın görək Mərhəmətli igidlə Sevginin aqibəti necə oldu. Bu iki gənc bir müddət gah küsdülər, gah barışdılar, amma sevgiləri nə azaldı, nə də bir-birlərindən ayrı qala bildilər. Qışın oğlan çağı idi, hazırlaşırdılar ki, bu yaz, bahar yurda qədəm qoyanda el adəti ilə məclis qurub toy-büsat qalasınlar, bir ocaqda, bir damın altında birgə yaşamaq üçün, nəhayət ki, qovuşsunlar. Hət tərəfi soyuq, şaxta ağuşuna alsa da bu gənclərin sevgisi bir dünya istilik yaratmışdı, qarlar vaxtından tez əriyir, havadan ayaz əvəzinə ilıq bahar qoxusu gəlirdi. Bu yaz niyəsə tələsirdi…
Bu yaz gəlməməliydi, bu yaz gərək silinəydi fəsillərin cərgəsindən, bu yaz bənövşə qoxmadı, bu yaz nərgiz qan ağladı, bu yaz hər yan gül çiçəyə yox, ağıya büründü…zalım padşahın ölkəsində elə özü kimi zülmkarlar yurd salıbmış demə. Bir gün Sevgini bulaq başından alıb apardılar. Nə gördüm deyən oldu, nə bir xəbər gətirən. O gündən Mərhəmətli igidin dünyası başına yıxıldı. Sevgilərinə şahid salxım söyüdün altına gəlib dizlərini yerə qoydu. Hönkür-hönkür ağlayıb sevgilisinə kişi andı içdi. Səni ömrümün sonuna qədər olsa da axtaracam, tapacam və qisasını alacam…səndən başqa kimsəyə sevgili deməyəcəm, kimsə sənin yerini ala bilməyəcək qəlbimdə…
…əsl sevgi nə sərhəd bilərmiş, nə yaş, nə də amansız qanunlara tabe olmağı sevərmiş demə. Bir ürəyə ki, eşq toxumu düşdü, onu ancaq ya Allah, ta da qəlb sahibi özü məhv etməsə kimsənin gücü yetməzmiş bu eşqi yox etməyə. Mərhəmətli igid də belə sevənlərdən idi. Sevdiyinin yoxluğu onu hər gün bir qədər qocaltsa da, nə sevgisindən döndü, nə də Sevgini axtarmaqdan yoruldu. Düz beş ilin tamamında Sevginin xəbərini aldı. Sən demə Sevgi çox da uzaqda yox, elə onun öz ölkəsində bir imarətdə gizlində saxlanılırmış. İgid qoçaq olduğu qədər də ağıllı idi. Bilirdi ki, qol gücünə sevdiyinə sahib çıxmaq həm ağılsızlıq olar, həm də kişilikdən olmaz. Buna görə də tədbirli davranıb bir yolla imarətə girmək üçün planlar qurdu. Elə oldu ki, günlərlə imarətın yaxınlığındakı qoca çinarın budaqları arasında özünə gizli yer edib ordaca qaldı. Bu minvalla Sevgi barəsində bir qədər məlumat toplaya bildi. Bu illər ərzində Sevginin iki gül balası olmuşdu. Sevgi övladlarını o qədər sevirdi ki, sevmədiyi birinə qatlaşmağı da gözə ala bilmişdi. Uşaqlarının saçını nəvazişlə oxşayanda Mərhəmətli igid yadına düşər, gözünün yaşı yüz yerdən axardı… beləcə Mərhəmətli igid bir müddət çinar axacından müşahidəsinə davam etdi. Bu ağacın bir qolu uzanıb Sevgi yaşayan həyətin hasarına qədər çatırdı. İgud gördü ki, Sevgi hər axşamüstü övladları ilə birgə bağçanı gəzməyə çıxır. Fikirləşdi ki, bir yolla Sevgiyə bildirməlidir ki, bəs onu tapıbdır. Bu niyyətlə ehtiyatla addımlayıb hündür hasarın üstündə, ağacın budaqlarının arasında özünə yer elədi. Sevgi uşaqlarla gəzməyə çıxmışdı, gəlib xəbərsiz igid dayandığı hasarın yanındakı oturacaqda oturdu. İgid budağı aralayıb sevgilisinin solmuş çöhrəsini görəndə gözündən biixtiyar yaş süzülüb yarpağın üstünə, oradan da Sevginin yanağına düşdü. Bundan diksinən Sevgi başını qaldırıb ağaca baxanda bir quşun uçub getdiyini gördü. Elə bildi yanağına düşən nə idisə buna quş səbəb oldu. Əlini uzadıb yanağını siləndə hiss etdi ki, yanağı od tutub yanır. Evə getmək istəyirdi ki, ayağının altına düşən kiçik bükülü ona ayaq saxla dedi. Sevgi əyilib bükülünü qaldırdı. Açıb içindəkini görəndə gözlərinə inanmadı…

… Yadındadır əfsanənin əvvəlində demişdim ki, Sevgi inadla Mərhəmətli igiddən onların sevgisini yaşadacaq özəl bir şeylər istəyirdi. Həmin vaxt igid onunçün kağızda bir cızmaqara etmişdi. Yaşıl çəmənlikdə, min rəngə çalan çiçəklərin arasında qıpqırmızı bir çiçək baş qaldırmışdı. Çiçəyin ləçəyinin altı gecənin siyahı kimi qara, ləçəyinin özü isə qanın duruluğu qədər qırmızı olan bir çiçəkdi. Bu çiçəyin özəlliyi isə qırmızı yanağında qara xalın olması idi. Xallı çiçək qoymuşdu igid adını. Sevgiyə vəd verdiyi sevgi nişanəsi idi. Belə bir çiçək tapacaqdı onunçün, heç kimin qoxlamadığı, heç kimin xəbəri olmayacaqdı bu çiçəkdən. İlk Mərhəmətli igid dərib Sevgi üçün gətirəcəkdi onu. Sevgi çiçəyin rəsmini görər-görməz vurulmuşdu, aşiq olmuşdu bu çiçəyin gözəlliyinə. Həsrətlə gözləyirdi ki, sevgilisi o gülün varlığını göstərsin, birgə seyrinə çıxsınlar çiçəyi…
Mərhəmətli igid atasından müdrik qoca haqqında çox eşitmişdi. Bilirdi ki, onun bacarmadığı heç bir iş yoxdu. Amma müdrik qocanı necə görə bilərdi ki, padşah onu zindanda saxlayırdı. Amma Mərhəmətli igid buna da yol düşünüb tapdı. Bilirdi ki, padşahın son döyüşdən sonra igidə böyük rəğbəti yaranıb. Sözümü yerə salmaz deyə ümid edib padşahın hüzuruna yollandı. Bir xeyli ordan-burdan söhbət etdilər, gördü ki, padşahın əhvalı yerindədi, ürəklənib istəyini dilə gətirdi:
– Padşah sağ olsun, bizim hamımızın valideynlərimiz qarşısında son borc deyilən bir sözümüz olar. Onu yerinə yetirməsək vicdanımız rahat köçmərik bu dünyadan. Mənim atam sizin sarayın məsləhətçisi ilə çox yaxın idi. Baxmayaraq atam ondan yaşda xeyli böyük idi, amma sözləri tutardı. Atam dünyasını dəyişəndə müdrik qocadan nigaran köçdü. Mənə vəsiyyət etdi ki, bəs əgər qocadan bir xəbər çıxsa, yaşadığını bilsən mütləq ona baş çək. İndi öyrənmişəm ki, onu zindanda saxlayırsınız. Əgər izn versəydiniz o qocaya baş çəkib atamın vəsiyyətin yerinə yetirmiş olardım.
Padşah bir xeyli fikrə getdi, ölkəsinin şir biləkli bu igidini qırmaq istəmirdi. Çünki bilirdi ki, gələn yaz onu qonşu dövlətin padşahı ilə böyük müharibə gözləyir. Bu müharibədən bu cür igidlərin sayəsində qalib çıxa bilərdi ancaq. Bütün bunları yaxşı-yaxşı fikirləşdiyi üçün əlini saqqalına sürtüb igidə dedi:
– İgid oğlan, bilirsən ki, sənin xətrin mənə çox əzizdir. Ona görə də müdrik qocanı öldürməkdən əl çəkirəm. Sənə deyim ki, bircə gün də gec gəlmiş olsaydın qoca artıq bu dünyada olmayacaqdı. Sabah onu dar ağacından asdırmaq haqqında əmr verəcəkdim. Tale qocanın üzünə güldü deyəsən. İstədiyin qədər gəlib qocanı görə bilərsən. Bunu eşidən igid qulaqlarına inanmadı:
– Yəni, hər gün gəlsəm görməyə izn verəcəksinizmi? – deyə təəccüblə soruşdu.
– Bəli, hər gün, hətta gündə neçə dəfə istəsən görə bilərsən. Onsuz da onun ömrünə çox qalmayıb, yaşlı adamdı.
İgid bu eşitdiklərindən çox sevindi və elə ordan birbaşa zindana müdrik qocanın yanına düşdü. Qoca başını əllərinin arasına alıb dərin fikrə getmişdi. Kimin gəldiyindən xəbərsiz idi. İgid zindanın dəmir arakəsməsindən içəri xeyli baxdı. Qocanın düşdüyü hal ürəyini ağrıtdı. Salam verib özünü qocaya tanıtdı. Qoca əlləri əsə-əsə dəmir arakəsmənin arasından igidin əllərindən tutdu. Gözlərinə həyat işığı gəldi. Elə bil ki, bu igid qocanın son arzusunun pənahı idi, göydən yerə Mələk qadın üçün göndərilmişdi…

… Vaxt daralırdı, müdrik qoca Mələk qadını bu zindandan qutarmağın yolunu çözməliydi. Bunun üçün də igidin yardımına çox ehtiyacı vardı. Neçə günlərdi Mələk huşsuz vəziyyətdə qalmışdı. Arada iniltili səslə zarıyır, hiss etdirirdi ki, ağrılardan çox əziyyət çəkirdi. Qoca neçə dəfə istəmişdi ki, özüylə götürdüyü məlhəmi qadına verib birdəfəlik canını qurtarsın bu zülümdən, amma hansısa İlahi bir qüvvə buna mane olurdu. İndi daha ölümü yox, Mələk qadını özünə gətirməyin yolunu düşünməliydi. Ona görə də Mərhəmətli igidə tapşırığını verir, hər gün zindana gələndə ona lazım olacaq vəsaitləri gətirməsini istəyirdi. Beləcə düz bir ay keçdi…
Artıq Mələk qadın özünə gəlmiş, hətta əvvəlkindən daha da qüvvətlənmiş, gözlərinə işıq gəlmişdi. Padşah elə bilirdi ki, Mələk qadın can verir deyə kimsəni zindana, qadının olduğu yerə yaxın buraxmırdı. Əzabla ölsün, ölüsü belə çürüyüb cücülərə yem olsun deyə göstəriş vermişdi. Ona görə də müdrik qoca işini arxayınlıqla görür, bilirdi ki, padşah zindana gəlib arvadına baş çəkən deyil. Bu minvalla müdrik qoca Mərhəmətli igidin əliylə Mələk qadına yenidən can verdi, bir tərəfdən isə igidin sevgilisi üçün ondan istədiyi çiçəyin var olması üçün toxum hazırladı. Əslində bu toxumu çoxdan fikirləşmişdi, bir gün Mələk qadını bu zindandan xilas edəcəyi gün həmin toxumu torpağa atıb cücərdəcəkdi. Amma bunun yolunu tapa bilmirdi ki, buna da Yaradan özü Mərhəmətli igidin əliylə yol açdı.
Müdik qoca üçün bu dünyayla vidalaşmağın zamanı gəlmişdi artıq. O Mələk qadına və Mərhəmətli igidə vəsiyyətini etdi, tapşırığını verdi. Mələk qadının zindandan çıxması üçün plan isə artıq düşünülmüşdü…
Müdrik qoca igidin dizlərinin üstə gözünü bu dünyaya əbədi yumdu. Zalım padşah igidin qoca haqqında son arzusuna da yox demədi. İgid müdrik qocanı özü hazırladıb gətirdiyi taxta qutuya qoydu. Qutu isə başdan başa sehir idi…

Bu dünyada özünə etibarlı dost qazanmasan, düşmən səni göz qırpımındaca məhv edər. Gərək hər zaman kürəyini dayaya biləcəyin biriləri ola. Mərhəmətli igidin də dostu düşmənindən qat-qat çox idi. Elində, obasında hər kəs xətrini istəyər, bir sözünü iki etməzdilər. İgidin Mələk qadını zindandan qaçırtması haqqında planını eşidən usta ona elə bir qutu hazırladı ki, nəinki padşah, padşahın sülaləsi belə bu sirli qutudan baş aça bilməzdi. Qutunun iki gözü vardı, gizli tutulan bu göz kənarlardan qara örtüklə bağlanmışdı. Mələk qadını bu qutunun köməyi ilə çıxaracaqdılar. Amma saray əhli üçün bu qutu müdrik qocanı son mənzilə yola salan bir tabut idi. Beləcə, dostlar birləşib hiylə ilə Mələk qadını zindandan qurtardılar. Müdrik qocanı isə vəsiyyət etdiyi təpədə, iydə ağacının altında dəfn etdilər.
Dəfndən sonra igid Mələk qadını evinə gətirdi, onun tam sağalıb həyata dönməsi üçün hələ xüsusi qulluğa ehtiyacı vardı. İgid hər gün müdrik qocanın məsləhət bildiyi məlhəmdən qadına içizdirir, yeməyinə içməyinə korluq vermirdi. Aylar beləcə keçdi. Mələk qadın müdrik qocanın məlhəmləri sayəsində və Mərhəmətli igidin qayğısı hesabına yenidən sağlamlığına qovuşdu. Hətta bir zaman ölüb canını qurtarmaq istəyən həyata daha çox bağlandı. Yaşamaq istəyirdi, itirdiyi illərin acısını bu xoşbəxtliyi ilə unutmaq istəyirdi…
Mələk qadın həm də igid üçün qəlb sirdaşına çevrilmişdi. İgid heç kimlə bölmədiyi sirrini, sözünü ona danışırdı. Mələk ona təsəlli verir, bir gün sevdiyinə qovuşacaqsan deyə ümidini itirmə deyirdi. Bir-birlərinə o qədər isinişib doğmalaşmışdılar ki, ayrı qala biləcəklərini təsəvvür belə etmirdilər. Mələk qadın hər axşam igidin başını dizinə qoyar, saçlarına sığal çəkərək bildiyi dastanları, nağılları igidə də danışardı. Onlar müdrik qoca verən toxumu da dağın ətəyindəki talada torpağa basdırmışdılar. Mələk qadın igidi inandırmışdı ki, o toxum çiçək açanda sən də Sevgiyə qovuşacaqsan. Amma Mələk qadının ürəyində bir nisgili qalmışdı. Övladlarını bağrına basıb qoxularını duymaq ona qismət olmamışdı. Deyir mərdimazar olmasa, bağ çəpəri neynirdi. Saray gözətçilərindən biri padşahın gözündə qalxsın deyə onu xəbərdar etmişdi ki, bəs Mələk qadın zindanda ölməyib, onu kimsə gizlincə qaçırdıb. İndi o övladlarının yanındadır. Padşah da Mələk qadının ya ölüsün, ya da dirisin gətirənə ənam verəcəyini vəd etmişdi. Hər kəs bilirdi ki, Mələk qadın övladlarını hədsiz çox istəyir. Əgər sağdırsa mütləq onlarla bir yol tapıb görüşəcək. Ona görə də padşahı Mələk qadının öldüyünə inandıranacan çox tədbirli olmaq lazım idi.
Yazın gəlişi duyulurdu hər yerdən. Mələk qadınla Mərhəmətli igid yenə təbiəti seyrə çıxmışdılar. Əl-ələ tutub toxum əkdikləri sahəyə doğru gedirdilər. Birdən Mələk qadın kol dibindən bənövşənin ona boylandığını gördü. Övladları yadına düşdü. Gözündən yanağı aşağı yaş axdı. Mərhəmətli igid qadının qolundan tutub qaldırdı. Mələk kimi məsum üzünü ovucları arasına alıb baş barmağı ilə yanağından axan yaşı sildi. Gözlərinin içinə baxdı. İlahi nə qədər təmiz, nə qədər saf idi bu gözlər. Və ilk dəfə idi ki, Mərhəmətli igid Mələk qadının gözlərinə baxanda kövrəldi. Bu kövrəklik qadına olan istəyin, qadına olan sonsuz bağlılığın, qadına olan hörmətin əlamətiydi. Bəlkə də Mələk qadını itirmək qorxusu idi igidi belə kövrəkləşdirən. Qeyri-ixtiyar qadını sinəsinə sıxdı. Qollarının arasında elə bil bir zərif çiçək var idi. Mələk qadın igidin bu hərəkətindən əvvəl tutulsa, utansa da, az sonra anladı ki, bu qollar onun üçün en güvəniləcək ünvandır daha. Yanında sakit saxladığı əllərini asta hərəkətlə qaldırıb o da igidə bərk-bərk sarıldı. İgid qadının bu hərəkətinrən bir az da ürəklənib:
– Bizi kimsə ayıra bilməyəcək, kimsənin gücü çatmayacaq buna,- dedi. Mələk qadının ömrünə bir parlaq Günəş doğmuşdu. Bu Günəşin istisi onu qızıdacaq, yoxsa yandırıacaqdımı görəsən?!…
Onlar bir qədər də talada əl-ələ gəzdilər. Birdən Mələk qadının gözü toxum əkilən yerdə çıxmış bitkiyə sataşdı:
– Alındı, toxum cücərib, – deyə sevincindən qışqırdı.
İgid bitkini görüb təəccüblə: – Biz ki dünən burda olmuşduq, heç bir sutka da tam keçməyib bu bitki nə vaxt böyüdü belə? – dedi. Mələk qadın gözlərində bir məmnunluqla:
– O çiçəyin mayəsi bir təmiz eşqdən yoğrulub, sənlə Sevginin eşqindən. Bu çiçəyə can verənsə bir başqa gizli sevgidir. O sevgi sizi xoşbəxt edəcək qədər güclüdür. Bu çiçəyi əllərimlə dərib Sevgiyə göndərəcəm. Sən aparacaqsan bu çiçəyi. Və geri qayıdanda Sevgi ilə dönəcəksən. Səbirli ol o günə çox az qalıb…- dedi.

…Beləcə günlər bir-birini qovdu. Mələk qadınla Mərhəmətli igid o qədər doğmalaşdılar ki, bir gün ayrılacaqlarını ağıllarına belə gətirmədilər. Bu bitkinin çiçək açması üçünsə düz bir il lazım oldu. Əvvəldə dediyim kimi artıq Mərhəmətli igid Sevginin yerini tapmışdı, indi onu xilas etmək üçün plan hazırlayırdı. Sevgi ayağının altına düşən bükülünü açanda sevgilisinin ona hədiyyə edəcəyi çiçəyin rəsmini və çiçəyin özünü görəndə sevincindən az qaldı quş olub uçsun. Başını qaldırıb ağaca baxanda Mərhəmətli igid barmağını dodağına yaxınlaşdırıb “sus!” işarəsi verdi. Sevginin artıq bir hərəkəti bütün planı alt-üst edərdi. Sevgi asta səslə pıçıldadı:
– Kimsə yoxdur, aşağı enə bilərsən. İgid ağacdan enib sevgilisini qolları arasına aldı.
– Neçə illərin həsrətini soyutmaq üçün səni bir ömür qollarım arasında saxlayım gərək, – dedi.
– Bu axşam tək olacam rahat danışa bilərik, – deyə Sevgi igidlə birlikdə içəri keçdi. Uşaqlar öz otaqlarında şirin-şirin yatırdılar. İki sevgili baş-başa verib doyunca söhbət etdilər. Mərhəmətli igid Sevgini aparmaq üçün gəldiyini bildirdi. Sevgi qorxurdu, igidə qoşulub getsə yoldaşı onu tapıb öldürə bilərdi deyə çox həyəcanlı idi. Amma sevgilisinə qovuşmuşkən bir daha ondan ayrılmaq istəmirdi. Nələr olacağını gözünə almadan əşyalarını topladı. Uşaqlara, özünə lazım olan bəzi vacib şeyləri yığıb bir boğça hazırladı. Səhər hava işıqlanmamış uşaqları oyatdı. Hara getdiyini bilmədən yola çıxdı. Yol boyu Sevginin bir gözü arxada qalsa da Mərhəmətli igid kimsənin gəlməyəcəyindən arxayın halda atın üstündə oturmuşdu. Bilirdi ki, nə indi, nə də bir başqa zaman kimsə Sevginin arxasınca gəlib onu aparmayacaq…Nəhayət, onlar igidin evinə çatdılar. Onları Mələk qadın qarşıladı. Sevgi qadını görəndə üzünə narazı bir ifadə çöksə də özünü təmkinlə aparmağa çalışdı. Mələk qadın gözəl bir süfrə açmışdı. Quş südü desən süfrədə tapardın. Bir yerdə yedilər içdilər bu xoş günü qeyd etdilər. Amma Sevginin baxışları hələ də Mələk qadının üzərində idi. Onun hər hərəkətinə diqqət edir, xüsusən də Mərhəmətli igidlə necə mehriban olması diqqətindən qaçmırdı. İçini qısqanclıq dolu hiss bürümüşdü. Mələk də bunu hiss etmişdi. Və ayrılıq qorxusu onu hər gün bir az daha çox duyulurdu…
Bir gün axşam isə hər şey tamam dəyişdi. Mərhəmətli igid axşam yeməyindən sonra, adəti üzrə yenə başını Mələyin dizi üstünə qoyub uzanmışdı. Mələk nağıl danışır, igidin saçlarına sığal çəkirdi. Bunu görən Sevgi bir andaca:
– Bu qadını sabahdan evimdə görmək istəmirəm, – dedi.
Mələk tutulsa da Sevgiyə heç bir cavab vermədi. Bilirdi ki, Mərhəmətli igid özü bu hərəkətinə görə Sevgiyə iradını bildirəcək. Amma bu evdə qalmayacağına da elə o andaca qərar verdi.
Səhəri gün axşam yeməyi vaxtı igid Mələyi süfrə başında görməyəndə çaşqınlıqla soruşdu:
– Mələk hanı? Yoxsa xəstələnib? Niyə yeməyə gəlməyib?
– Mələk üçün qərarımı dünən verdim. Görünür çox ağıllı qadınmış, nə etmək lazım olduğuna tez qərar verib.
– Başa düşmədim, Sevgi. Nə edib ki, Mələk?
– Bizi rahat buraxıb. Yəqin ki, bir daha bu evə qayıtmayacaq.
– Sən nə danışdığını bilirsənmi? Sən o qadının mənimçün nə qədər dəyərli olduğundan xəbərsizsən görünür. O mənim sirdaşım olub, o mənim ən pis günlərimdə qayğımı çəkib. O bizim sevgimizin rəmzi olan çiçəyi bitirən qadındır, sevgilim, onu incitmək olmaz. Və bunu da bil ki, Mələk ömrünü bir zalımın əlində qurban vermiş bir qadındır. Onun çəkdiyi zülümləri, onun yaşadığı həyatı kimsə götürməz, kimsə yaşaya bilməzdi. Sən onu başa düşməlisən. Mən ona sahib çıxmışamsa, ömrümün sonuna qədər də sahib duracam. Axı o bizim xoşbəxtliyimizə mane olacaq biri deyil. Əksinə, sənə qovuşmağımçün bilirsən nə qədər əziyyət şəkdi?
– Dedim yox! O qadını bu evdə görsəm özüm çıxıb gedəcəm. Seçim sənindir! – Sevginin son sözü bu oldu.
Amma Mərhəmətli igid də kişi sözü vermişdi, Mələyi tək buraxa bilməzdi. Həm də Mələk kimin qapısına gedəcəkdi ki… Yeməyini yarımçıq qoyub evdən çıxan igid birbaşa çiçək bitən talaya getdi. Mələk dizlərini qucaqlayıb nəm torpağın üstündəcə oturmuşdu. Heç nə demədən igid gəlib Mələklə yanaşı oturdu. Mələyin ürəyindən keçdi ki, başını yenə igidin sinəsinə qoysun. Mehriban bir toxunşla igid saçlarına sığal çəksin. Amma fikrindən daşındı. Bilirdi ki, igid onu hədsiz çox istəyir, amma yenə də öz istəklərinə “yox” deməyə özündə güc tapdı. Təki Mərhəmətli igidinin düzəni pozulmasın, təki o xoşbəxt olsun deyə susdu…

…Mələk o evə bir də qayıtmadı, dağın ətəyində kiçik oyuğu olan bir daldanacaq tapdı. Gününü orda keçirməyə başladı. Gecə düşəndə ətrafa çökmüş qaranlıqdan, canavarların ulaşmasından vahiməyə düşsə də gedəcək yeri olmadığı üçün buradaca qaldı. Qaranlıqdan çox qorxan Mələyin yenə hər gecəsi bir zülmətə döndü…
Mələk hər gün gizlincə igidin evinin kənarınacan gələr, birgə xoşbəxt olduqlarına gözüylə şahid olar, rahat nəfəs alıb yenə də öz “evinə” çəkilərdi. İgid də artıq bu gedişi qəbul edib barışmışdı. Daha əvvəlki kimi hər gün Mələyə baş çəkmir, qeydinə qalmır, ona qayğı göstərmirdi…
Yenə bahar gəlmişdi, hər tərəf çiçəklərin qoxusuna bürünmüşdü. Günlərdi igiddən xəbər yox idi. Mələk çox nigaran qalmışdı. Gizli yollarla keçib igidin evinin kənarından həyətə boylandı. Uşaqlar həyətdəki tut ağacının altına salınmış kətilin üzərində uzanıb öz aləmlərində idilər. Bir az kənarda Sevgi çiyninə dəsmal atıb igidin əl-üzünü yuması üçün səhəngdən su tökürdü. Nahar yeməyinə hazırlaşırdılar. Mələk Mərhəmətli igidi görüb dərindən köks ötürdü. Sağ-salamat olduğuna bir daha əmin olub rahatlaşdı, gəldiyi kimi də sakitcə uzaqlaşdı. İndi qalırdı övladlarını da son dəfə görüb sonra bu dünyayla əbədi vidalaşmaq…
Əvvəlcə talaya gəldi. Çiçəyə ad qoyub sonra burdan uzaqlaşmalı idi. Müdrik qoca, Mələk qadın və Mərhəmətli igidin birgə ərsəyə gətirdikləri çiçəkdi bu. İgidin öz yarına özəl hədiyyəsi həm də. Bu çiçəyi yaradan vaxt onun qırmızı ləçəyində çox da gözə çarpmayan xırdaca qara xalı vardı. Amma Mərhəmətli igidin evindən çıxandan sonra hər gün Mələk bu çiçəyin əkildiyi yerdə oturub gününü ağlamaqla keçirmişdi. O igidi hədsiz çox istəyirdi. İgid də ona söz vermişdi ki, onu heç vaxt tək buraxmayacaq. Lakin bu gün Mələk yenə tək-tənha idi. İgidlə rastlaşdığı gün elə bilirdi ki, dünyaya yenidən gəlib. Ömrü boyu duymadığı, yaşamadığı xoşbəxtliyi tapmışdı igiddə. Amma tale bunu da çox gördü biçarə qadına…Bitki bu yaz öz suyunu Mələyin göz yaşından aldı. Ona görə də bu yaz fərqli açdı bu çiçək. Daha yanağında xalı yox idi. Göz yaşı o xalı yuyub qırmızı ləçəyin üstündə qara zolaq kimi iz salmışdı…
Mələk bilirdi ki, Mərhəmətli igid bir gün onun ardınca gələcək. Ona görə də balaca bir kağıza bu sözləri yazıb gecələdiyi yerin girəcəyində daşın altına qoydu. “Bu dünyada Allahımdan sonra güvəndiyim tək insan idin sən. Elə bilirdim ki, bir gün sənə desəm ki, qarşında duran bu dağı uçurub yerlə bir elə, çəkinmədən əlinə külüng alıb dağı dələrsən. Amma həyat bəzən bizim istəklərimizin xaricində addım atmağa məcbur edir bizi. Mən səni çox istədiyim qədər xoşbəxt olduğunu daha çox istəyirəm. Qısa müddətdə mənə yaşatdığın xoşbəxtlik üçün sənə çox minnətdaram. Mən heç zaman xoşbəxt olmağın dadın yaşamamışdım, bunu sən yaşatdın mənə. Sən mənimçün əvəzsiz biri idin, sən mənim içimdəki gəncliyimin gecikmiş gizli sevgisi idin. Sənin isti baxışlarından, sənin əlinin tumarından başqa heç nə ummadım səndən…sən xoşbəxt olmağa layiqsən, mənim sənə mane olmağa haqqım yoxdur. Özündən muğayat ol, məni unutma…və o birgə əkdiyimiz çiçəyi artıq Lalə adıyla çağır. Bağrı qan olan lalə…çiçəyə baş çəkməyi unutma”.
Mələk kağızı daşın altına qoyub övladları yaşayan obaya üz tutdu. Yasəmən ağacının altında oturub havanın qaralmağını gözlədi. Sonra asta addımlarla evə yaxınlaşdı. Xoşbəxtlikdən oğlu bu axşam bacısıgilə gəlmişdi. Onlar səhərə qədər söhbət etdilər. Mələk balalarını doyunca bağrına basıb öpdü. Elə bil Mələyin qızı hardansa əsib gələn ayrılıq havasını duymuşdu. Anasına heç nə demir, ağarmış saçlarını oxşayıb elə hey ağlayırdı. Hava işıqlanmağa az qalmışdı. Mələk bilirdi ki, zalım padşah buranı nəzarətdə saxlayır. Bilsə ki, Mələk burdadı bu, uşaqlara da qanları bahasına başa gələcəkdi. Müdrik qocadan götürüb saxladığı məlhəmi qoynunda gizlətmişdi. Elə ki gördü uşaqları yuxuya getdi məlhəmi başına çəkdi. Övladlarını son dəfə öpüb həyətə çıxdı. Gəldiyi yolla yenə də talaya qayıtdı. Zəhər öz işini görmüşdü artıq. Mələk başını lalənin dibindəcə yerə qoyub gözlərini əbədi yumdu…
…Mərhəmətli igid bu gecə səhəri dirigözlü açdı. Nə Sevginin nəvazişi, nə bir neçə ay sonra doğulacaq körpəsinin sevinc xəbəri onu ovuda bilmirdi. Qəribə bir sızıltı keçirdi ürəyindən. Darıxırdı…niyə darıxdığını da bilirdi. Həyatında hər şey öz axarında idi. Xoşbəxt idi, həm də çox xoşbəxt. Amma başını qoyub nağıl dinlədiyi bir diz üçün, saçına çəkilən mehriban bir tumar üçün, hərdən utancaq hisslərlə sinəsinə baş qoyub ona sıxılan bir qadın üçün darıxırdı…Mərhəmətli igid Mələk üçün darıxırdı, həm də çox…Nədənsə darıxmaqla bərabər içində bir vicdan əzabı da çəkirdi. Söz verdiyi kimi sahib dura bilməmşdi Mələk qadına. Günü sabah gedib onu sığındığı dağdan qurtaracaqdı. Öz evinə gətirməsə də, Mələk qadına layiq bir ev tutacaqdı. Onu bir daha tək buraxmayacaqdı. Bu igidin son qərarı idi, onu bu qərarından kimsə döndərə bilməzdi artıq…
Vaxtında atılmayan ox hədəfindən yan keçər deyiblər. İgid doğru qərarı verməkdə gecikmişdi. Mələk artıq göy üzündən ona baxan bir mələyə çevrilmişdi. Nə bir daha ona toxuna biləcəkdi, nə də səsini duya biləcəkdi…igid əlindəki kağıza, bir də lalə çiçəyinin dibindəcə məsum yatan qadına baxdı. Çarəsiz və aciz halda dizini yerə qoyub hönkür-hönkür ağladı…
…hər il dağın ətəyindəki talanı qıpqırmızı lalələr bəzədi. Sevgi çiçəyi kimi tanınsa da, adına bağrı qan olan lalə deyildi. Mələk qadının ürəyinin yanğısı çökmüşdü bu çiçəyə…

– Hə, bax belə, bu da lalə gülünün əfsanəsi.
– Bu tale mənə çox tanış gəldi. Amma mən sənə söz verirəm, Mərhəmətl igid kimi səhvə yol verməyəcəm. “Sənə heç nə olmayacaq” demiyəcəm sənə. Söz verdiyim kimi sənə sahib duracam. Mən kişi sözü vermişəm. Aldatmaq mənə yaraşmaz.
– Bilirəm, inanıram sənə.
– Başdan da bunu demək istəyirdim, gəlmişəm səni aparmağa. Gedərsənmi mənimlə?..

P.S: Çox dəyərli oxucularım, xahiş edirəm hər bir obraz haqqında mənfi və müsbət rəylərinizi bildirin.

10/07/2017 tarixində Hekayələr, Yazılarım içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 3 Şərh.

  1. Sevinc, emelli kovreltdiniz meni 😢
    Her obraza munasibeti InsheAllah kompyuter arxasina kechende bildirecem.
    Lale gulunu daha sevmirem, Meleyin goz yashlarinin izi var onda.
    Maraqli bir efsane yazmisiniz, Sevinc. Men beyendim.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Salam, maraqlidir… Efsanelerden,illuziyalardan olan filmlere cox baxdigimdan hec de qeyri adi gelmedi… cox isterdim ve kinorejjisorlardan gelen ederdim ki, Azerbaycanin tarixinden, padisahlardan kinolar ceksinler.. Animation lat da olar. Lalenin, benövsenin heyatindan yaranmasindan… balaca Usaqlar Rapunciyala yanasi… tarixi dastan hekayeden ibaret Kino ve Animation larai da tanisinlar…!!

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: