Özləm dolu sahillərdə gözləyəcəm onu…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 22-ci yazı)

Cüməniz mübarək, əzizlərim! Ənənəmə sadiq qalıb yenə də bir maraqlı xanımla tanışlığı təqdim etmək istəyirəm. Lamiyə xanımı instagram dostlarımızdan əksəriyyəti məlahətli səsiylə artıq tanıyır. Mən özüm də poeziya vurğunu olduğum üçün, bu xanımın səsinin sehrinə düşməyə bilmədim. Həm də sözün açığı, məni tələbəlik illərimə qaytardı. Tələbəlik illəri, gəncliyin ən gözəl zamanı ola, sevgi, şeir olmaya?!.. Qızlar var idi hər gün bir bənd də olsa şeir payların məndən almasalar sakit buraxmazdılar məni. Eh, gənclik…gənclik… Buyurun, tanış olun. Bəlkə sizin də yaddaşınızı ötən xatirələr təzələyə…

1. Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Mən Lamiyə, ingilis dili müəlliməsi. İki oğlum var. Bir az duygusal, bir az susqun, bir az dəli-dolu biriyəm. 
2. Yalnız kişi və qadın arasında əsil dostluq ola bilər, çünki bu yeganə bağlılıqdır ki, hansında paxıllıq və rəqabət yoxdur… (O.Kant) Sizcə necə, qadınla kişi dost ola bilərmi?   
– Əlbəttə ki, qadınla kişi dost ola bilər. Bəzən əksi də olur bunun. Sonra dostluq sevgiyə də çevrilə bilər. Bir tərəf dost görsə də o biri tərəf gizli-gizli sevər. Əgər hər iki tərəfin ürəyinin sahibi varsa, başqa birinə necə sevgi bəsləyə bilər ki? Burda niyyət böyük rol oynayır. Dostun qadını kişisi olmur. Dostun mərdi, bir də namərdi ola bilir. Ona görə də həyatda dost deyə biləcəyimiz insanlar barmaq sayı qədərdi. Allah hər kəsi niyyəti gözəl insanlarla qarşılaşdırsın.
3. Baba Pünhan deyir: “Haqqı çox gəzdim bu dünyada. Axırda haqqın özünü yox, məzarını tapdım!” Siz necə, haqqa çox rast oldunuz, yoxsa nahaqqa?
– Mən bu həyatda haqsızlıqla rastlaşdım. Amma susdum. Sadəcə haqqın yerini tapacağı günü gözlədim. Və o günləri gördüm də. Əsalətimdən heç vaxt ödünc vermədim.
4. Dağ da tək olanda qəribsəyir. Ona görə də çox vaxt silsilə şəklində olur. Varmı sizi də dağ kimi möhkəm edən belə dostlarınız?
– Mən dərdini içində çəkən biriyəm. Dostlarım da çoxdu, sevənlərim də. Mənimlə ünsüyyətdə olan hər bir insan sonra mənsiz qalmaq istəmir. Çünki pozitiv biriyəm. Həyat doluyam, insanları sevirəm və sevilirəm. Amma sağ olsunlar xəyanət yediyim dostlarım da oldu. Canları sağ olsun. Dost kəlməsi çox böyük missiya daşıyır. Hər kəs sənin dostun ola bilməz. Dost olmaq üçün böyük ürəyin olmalıdır. Çox dostlar gördüm dirnaqarası.
5. Doğru yerdə yanlış biri olmadım, amma yenə də sevilmədim. Anladım ki, yanlış yerdə, doğru biri olduğumçün tərk edildim… Yaşamadınız ki bu halı?
– Mən yalnış yerdə doğru biri, doğru yerdə yalnış biri də oldum. Amma məni kimsə tərk etmədi, edə bilmədi. Xəyalların qadını oldum mən. Tərk edərsəm də mən etdim.
6. Qürurunuzu əzib keçdiyiniz hallar olubmu heç?
– Qürurlu biriyəm. Həm də çox. Bəzən daş qəlbli qaldı adım bu üzdən. Amma qürurumu əzib keçərəm təbii ki, dəyərli biri üçün.
7. Toyuqlara insan kimi yaşa demirəm,
İnsanlar toyuq kimi yaşayacaqsa, yaşamaq istəmirəm… bəzən çoxumuz gileyliyik həm zəmanədən, həm insanlıqdan, həm də yaşayışdan. Sizcə, nədir insanları incik salan, unuduruqmu insan kimi yaşamağı?
– Əslində çoxunun həyat tərzi toyuğun həyatından fərqlənmir. Monoton həyat tərzi sürür çoxu. Amma bu həyat tərzini dəyişmək insanın öz əlindədir. Ya cəsarət edib həyatını, özünü dəyişəcəksən, ya da ki toyuq kimi bir gün də hinində köc edəcəksən mənasızca.
8. Kin saxlamaq yanan bir kömür parçasını başqasına atmaq üçün əlinə almaq kimidir. Yalnız özünü yandırarsan… Kinli birisinizmi?
– Kinli biri olmadım heç. Mənə yanlış edən çoxunu bağışladım. Amma qəlbim qırıldısa birindən heç əvvəlki kimi ola bilmədim. Sadəcə gözlərim doldu, kaş ki etməsəydi dedim içimdən.
9. Əgər kimin dostun olub olmadığını bilmək istəyirsənsə, susmalı sakit bir küncdə dayanmalısan, yoxluğunu hiss edənlər və səni axtaranlar əsl dostlarındır.
– Tamamilə razıyam. Məhz bu cür də etdim hər zaman. Ələkdən ələndi hər kəs. Əsl dostu da gördüm, “Dostcığazları da✌”
10. Əslində insanlar sənin xəyallarını puç eləmir, sadəcə, sən yalnış insanlar üzərində xəyal qurursan! …Oldumu belə hal?
– İnsan xəyal quracağı birini özü seçmir. “O” anidən gəlir və sənin xəyal evinin qapısını döyür, açırsan o qapını və “Xəyallarının sahibi” çağrılmamış qonaq kimi qəlbinin yuxarı başında oturur.
11. Sıfıra bənzər insanlar vardır. Onlar hər zaman qarşılarında bir rəqəmə ehtiyac duyurlar. Qarşısında durduğunuz biri oldumu?
– Oldu təəssüf ki! Və o sıfrı rəqəmə çevirdiyim üçün çox peşmanam. İllərimi boşa verdim.
12. Bəlkə ümidim qalmadı gələcəyimdən; Amma əsla peşman deyiləm keçmişimdən…Peşman olduğunuz bir şeylər qaldımı keçmişinizdə?
– Keçmişimə boylandım heç bir şey görə bilmədim. Hər anı peşmanlıqlarla dolu bir həyat boylandı üzümə. Tək qazancım iki övladım, qolum -qanadım. Gələcəyə ümidim var, çünki ümid son ölən duyğudur. Ümidimizi Allah əlimizdən almasın. Amin…
13. Gəlməyəcək bir gedəni, olmayacaq bir səbəbi gözlədinizmi heç?
– Hər zaman dürüst oldum mən. Bununçün bəlkə qınadılar məni. Amma mən buyam – Lamiyəyəm. Gəlmiyəcək bir gedəni, olmayacaq bir səbəbi gözlədim mən!!!
14. Allaha şübhə etmək əslində ona inanmaq deməkdir. (Balzak) Razısınızmı bu deyimlə?
– Heç vaxt Allahın varlığına şübhə etmədim. Mənim çox sirrimi Ondan başqa kimsə bilmədi. O məni dinlədi hər zaman və yanımda oldu. Bunu bütün varlığımla hiss etdim. Hər zaman şükr etdim. Allahın nəzərində olan bəndələrdənəm. Belə düşünürəm.
15. Bəzən yaxşı biri olmaq üçün bütün pisləri tanımaq məcburiyyətində qalırsan. Buna ehtiyac duydunuzmu?
– Həyat boyu “n” qədər insan tanıdım. Yaxşısı və pisiylə. Amma pislik edənə pislik etmədim əsla. Onu vicdanıyla baş-başa buraxdım. Əslində pisin vicdanı da olmur. Həyatımda pislərə yer yoxdu. Altıncı hissin verdiyi güclə pisləri çıxarıram həyatımdan.
16. Deyirlər insanın ruhu yaş tanımır, bəzən cavan birinin o qədər yaşlı ruhu olur ki, elə bil əsrlər yaşayıb…bəzən də tam əksi…Bəs sizin ruhunuz hansı qrupa aiddir?
– Əslində Tanrı yaratdığı bəndəsinə yaş qoymur. Bu insanların uydurmasıdır. Ruhun necə hiss edirsə özünü sən o yaşdasan. Ruhu yaşlıya da, cavana da çevirən yaşadıqlarıdır. Mən ruhunu itirmiş biriyəm…
17. Şekspirin kəlama çevrilən bir fikri var: Ölçülə bilən sevgi yazıq bir sevgidir. Sizinçün sevgi nədir?
– Sevginin yaşı, zamanı və ölçüsü yoxdur. Sevgi ürəyə dolan bir qasırğadır ki, səni alıb götürür. Sevgi korun gözündəki işıq, karın qulağındakı həzin səs, lalın dilinin duasıdır. Sevgi ruhun qanadlarıdır. Sevgi yasam səbəbidir. Sevgisizsənsə diri ölüsən deməkdir. Allah rəhmət etsin “Sevgisindən vaz keçənlərə”.
18. Özünüzdə olan hansı xasiyyəti dəyişmək istərdiniz?
– Mən Tanrıya məni bu cür yaratdığı üçün hər zaman şükr etdim. Mərd, sadiq, ürəyitəmiz, əliaçıq, cəsarətli olduğumçün özümlə qürur duydum hər zaman. Dəyişib vicdanımı itirəcəyimə, bu cür qalıb çox şey itirdim bu üzdən. Amma əsla peşman deyiləm. Yaxşı ki, elə mən belə yaranmışam.
19. Qadın kölgə kimidir: onu izləyəndən qaçar, özü önündəkinin arxasınca düşər…Razısınız bu fikirlə?
– Mən bu həyatda heç kimin arxasınca getmədim. Çünki qadın əsalətli olmalıdır hər bir hərəkətiylə. Mən məni sevənin arxasınca gedərəm yalnız. Mənim olmayan bir şeyin arxasınca düşmək qurursuzluq olur məncə…
20. Ulduzlara toxuna bilməzsiniz, amma qaranlıq gecələrdə onlar sizə yol göstərər. Varmı elə biri ki, sizdən çox uzaqdadı, amma doğru yolu görməyinizə bələdçidir.
– Bu həyatda hər kəsin bir “Zöhrə” ulduzu var ömrünü aydınlatan. Mənim ulduzum da var. O mənim yolumu işıqlandıran mayakımdır.
21. Doğru insan, səhv zaman. Doğru zaman, səhv insan.. Həyat belə oyunlar oynayar hər zaman… Niyə hər kəs yerində olmağı bacara bilmir?
– Doğru və ya yanlış zaman da, insan da bəhanədi. Hər kəs yerində bilirsizmi niyə ola bilmir? Çünki cəsarət yoxdu insanlarda. Çünki o nə deyər, bu nə deyər yıxdı bütün gözəl duyğuları. Məcnunlar, leylilər, fərhadlar, şirinlər qədər cəsarət olmadı bizlərdə. Boş ver zamanı…
22. Elə xatirələr var ki, danışarkən gözəlliyi gedər… Heç vaxt danışmayacağınız xatirələriniz var?
– Xatirələr bahar yeli kimidir. İnsan xatırladıqca sanki qanı isinir, gözləri dolur uzaqlara baxarkən. Nələr gəlir xatirələrlə birgə: özləm, həsrət, ürək sızıltısı. Xatirələr insanı yaşadan məlhəmdir.
23. Sən gərək özünü tanıtmayaydın,
Mənə bu üzünü tanıtmayaydın… – Tanıdığınıza peşman olduğunuz biri varmı?
– Həmişə dua edərkən “Allahım məni yanlış insanlarla qarşılaşdırma” demişəm. Bəlkə bu üzdən o cür insana rast gəlməmişəm heç. Bundan sonra da olmasını istəmərəm. Allah hər kəsi qəlbi gözəlliklərlə dolu biriylə qarşılaşdırsın.
24. İnsan yan almaq üçün hansı limana getdiyini bilməyəndə heç bir külək onun üçün sərfəli olmayacaqdır. Gedəcəyiniz yolu seçmək öz ixtiyarınıza bağlıdırmı? Yanlış yola necə, girdinizmi?
– Tərəzi bürcünün verdiyi özəllik olaraq həyatda düşünülməmis addım atmadım mən. Amma bəzi duyğular var ki, səni sürükləyir izindən. Yanlış yola girmədim. Özümcə doğru bildiyim yolda getdim. Tərk edilsəm də heç vaz keçmədim doğrumdan. Nə də ki, quruya çıxmaq üçün sahil dəyişdirmədim. Dənizin ortasında qalmağı seçdim. Sonu nə olursa, olsun…
25. Bəzən öz duyğularına tərcüməçi olmaq dünyanın ən çətin peşəsidir…… Bu çətin peşənin öhdəsindən gələ bilirsinizmi?
– Mən duyğularımı hiss edən, yaşayan və bunu dilə gətirməkdən çəkinməyən biriyəm. Dedim axı, cəsarətliyəm. Məncə duyğular dilə gəlməlidir. Yatağında boğulmamalıdır qəddarcasına.
26. Çox böyük həvəs və zövqlə şeir paylaşımları edirsiniz. Nədir içinizdəki bu sevgiyə səbəb?
– Şeir mənim ruhumun özüdür. Şeir kimi qadınam mən. Tanrının verdiyi səslə şeir birləşincə ortaya gözəl bir vəhdət çıxır. İçimdəki sevgi özləmidir şeir söyləməmə səbəb. İnsanların yarım qalan arzularıdır, dağılan xəyallarıdır məni dilə gətirən.
27. Bəzən hardansa bir yerlərdən ən sevdiyin bir musiqinin səsi gələr…dəvətsiz qonaqlar gətirər özüylə…xatirələrin gələr…xəyalların gələr…bir tək o gəlməz…kimdir o?
– Sevdiyim musiqi xatirələrimi, xəyallarımı gətirər, bahar buluduna döndərər məni….Dalğalara dönərəm sahilinə həsrət…Amma “O” gələcək bilirəm…çünki sevən sevdiyindən vaz keçməz…Gəlməsə də ürəyimdə bir ümid “Özləm dolu sahillərdə” gözləyəcəm onu…
28. Hər şeyə sahib olaraq xoşbəxt ola biləcəyini düşünənlər özləri üçün xoşbəxtliyi ta əvvəldən məhv edir deyirlər. Xoşbəxt olasınız deyə sahib olduğunuz nələrisə qurban verməyə hazırsınızmı? Nədir qurban verəcəyiniz?
– Xoşbəxt olmaq üçün çox şeyə sahib olmaq gərəkmir. Xoşbəxtlik nə varda, nə dövlətdədir. Xoşbəxtlik özünü bilənə hüzurdur. Sevdiyinin qəlbində olmaqdır. Sevildiyini bilməkdir. Zorla gözəllik deyənlər xoşbəxt ola bilməz. Xoşbəxtlik nəsibimdirsə olacaq.
29. Heç səhv etməyən insan, heç bir şey etməyən insandır. Və həyatda ən böyük səhv, özünü səhvsiz sanmaqdı. Etdiyiniz səhvləri görən birisinizmi?
– Səhvsiz insan ola bilməz. Səhvlər bizi doğruya götürən açardır. Səhvimi görən biriyəm. Gərəkdiyi yerdə səhvimə görə üzr istəməyi də bacarıram. Allah dönüşü olmayan səhvlər yaşatmasın yetər ki…Amin.
30. Deyilənə görə həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda? Həyat hansı biridir sizin üçün? Ümumiyyətlə, nədir həyat?
– Həyat bir səhnədir. Bizsə rollarını oynayan aktyorlarıq. Ağlımla oynayıb komik olacağıma, hisslərimlə oynayıb gözləri yaşardaram. Həyat mənimçün yemək, içmək, gəzməkdən ibarət deyil. Həyat mənimçün ruhumun rahatlıq tapa biləcəyi yerdə var olmasıdır. Həyat bir gülün ətri, bir quşun cəh-cəh vurması, bir bulağın həzin şırıltısıdır. Həyat gözlerimdəki işıq, dodağımdakı gülüş deməkdir mənimçün. Allah bizi bu gözəlliklərdən məhrum etməsin. Amin!
Və ən sonda sizə məni müsahibiniz etdiyiniz üçün dərin minnətdarlığımı bildirirəm. Bəlkə cavablarım çox qısa oldu. Yenə də ürəyimin səsini dinlədiyiniz üçün sizə sonsuz təşəkkür edirəm, Sevinc xanım.

Müsahibə üçün mən də sizə təşəkkür edirəm.

07/07/2017 tarixində Yazılarım içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Şeir sevgisi, poeziya vurğunu bu kimi şeylər çatmır da mənə 🙂 Çox az şeir olar ki, mən onu sevim.
    Lamiyə xanımla fərqli dünyaların adamları olsaq da, müsahibəni axıra kimi oxudum.
    Təşəkkür edirəm, Sevinc.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Sən ancaq mənim şeirlərimi oxu, mələyim 😘😘❤️❤️

    Bəyən

  3. Men sizin oxucunuzam, Sevinc 😍 Bu qederi mene yetir 😘

    tərəfindən bəyənildi 1 şəxs

  4. Yaxşı ki, varımsan, mələyim 😘❤️💐🌹🌷

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: