Lalə gülünün əfsanəsi (2-ci hissə)

…Düz üç gün, üç gecə idi ki, müdrik qoca divarı oymaqla məşğul idi. Nəhayət, üçüncü günün tamamında istədiyi oyuğu açıb divarın o tayına keçə bildi. Gördü ki, yerdə huşsuz halda bir qadın uzanıb qalıb. Tez barmaqlarını su ilə isladıb qadının dodağına toxundurdu. Alnına, sinəsinə suda islanmış əski parçası qoydu. Qadın handan-hana özünə gəlib gözünü açdı. Başının üstündə ağsaqqal, nurani qocanı görüb gözlərini bir az da iri açıb:
– Yoxsa Allah səsimi eşidib canımı aldı? Yoxsa daha əbədi olan dünyaya qovuşmuşam?- deyə, təlaşla soruşdu.
– Yox, qızım, sakitləş, özünü ələ al. Ölməmisən, bura da cənnət deyil, elə əvvəlki cəhənnəm bildiyimiz zindandır.
– Bəs siz kimsiniz? Bura necə gələ bildiniz?
– Sən sakitləş, özünə gəl, hamısını danışacam sənə. Hətta səni arzularına da qovuşduracam. 
Qadın nurani bu qocanın səsindəki təmkindən bir sakitlik tapdı. Tez ayağa qalxıb üst-başına nəzər saldı. Əynindəki paltarı o qədər köhnəlmişdi ki, diqqətlə baxanda bədəninin əzaları açıq-aydın görünürdü. Qadın utandığından başını aşağı saldı, əlini paltarının yaxasına aparıb açıq sinəsini bağlamağa çalışdı. Qoca qadının bu narahatlığını anlayıb:
– Qızım, sən heç nəyə görə sıxıntı çəkmə, nə mən sənə yan gözlə baxacaq biriyəm, nə də sən o gözlə baxılacaq biri. Bilirsən, qızım, mən dünyagörmüş ixtiyaram. Qarşımdakına bir baxışım bəsdir ki, qiymətini verim. De görüm sənin kimi abırlı-həyalı, həm də gözəl birinin günahı nəydi ki, bu zindana düşmüsən, kimsən sən?
Qadın gördü ki, qoca ağsaqqal həqiqətən də güvəniləcək biridi, açıb ürəyini başına gələnləri müdrik qocaya nəql etmək qərarına gəldi:
– Qoy onda mən başıma gələnləri danışım, siz də bir müdrik kimi həm qiymət verin, həm də mənə çıxış yolu göstərin…
… Bir zamanlar uzaq ellərin birində gözəlliyi dillər əzbəri olan bir gənc qız yaşayırdı. Baxışı bir özgə gözəl, yerişi bir özgə, sözündən söhbətindən də doyulmazdı. Elin igid oğlanalrı yollarda peyman olmuşdular, hansı biri ürək açıb qıza eşq elan edirdisə, qız razılıq vermir, ədası ilə yaxıb yandırırdı hər kəsi. Bir gün zalım padşah dərvişi-libas olub həmin bu eldən keçirmiş, qızlar da bulaqdan qayıdırmışlar. Padşah ola, Mələk kimi gözəli bu qızların içindən görməyə, baxmaya. Elə həmin an qərar verir ki, ölkəsinə bu canlar yaxan gözəllə dönəcək. Qərar padşahın olandan sonra kim nə deyə bilərdi ki?!
Atasından, anasından xəbərsiz padşah qızı bulaq başından götürüb ölkəsinə dönür. Dünyanın gözəlliyini Mələyin gözündə elə ilk gündən qara geydirir bu zalım padşah. Mələk nə qədər səbir etsə də, dözsə də hər gün bir bəhanə ilə onu incidər, olmazın əzab yaşadarmış. Bilməyərəkdən etdiyi hər xırda səhv üçünsə, cəzası daha ağır olardı. Padşah qəddar olduğu qədər də çox qəlbiqara biriydi. İcazə verməzdi ki, Mələk kimsəylə söhbət etsin, kimsəylə görüşsün, qohumlarına bele salam versin. Hətta bir dəfə yazıq qadın yuxudan oyanıb:
– Bu gecə qonşuluqda yaşatan iki qardaşı yuxuda görmüşəm. Bir yerdə böyümüşük, o qədər mehriban idik ki, yadlar bizi bacı-qardaş bilərdi. Görəsən başlarına bir iş gəlməyib, yaman nigaran qaldım, – deməsiylə padşahın qəzəbinə səbəb olması bir oldu. İki gün iki gecə qadına əzab yaşatdı, yatmayacaqsan deyə gecələr Mələyin barmağını kəsər, yarasına da duz tökərdi. Ağrıdan göz yaşı tökən qadına yazığı gəlməz, üstəlik bir-iki yumruq da özü vurardı ki, yatanda bir də elə yat ki, yuxuna yad kişilər girməsin deyerdi. Beləcə olmazın əzablarla, yersiz qısqanclıqlarla Mələyə gün verməzdi. Günlərin bir günü padşah səyahətə çıxmışdı Mələk bərk xəstələnir. Sarayın həkimi qadını müayinə edib dava-dərman yazsa da xeyri olmur. Xəbər gedib Mələyin valideynlərinə çatır. Sən demə Mələyin atasının tanıdığı yaxşı bir loğman varmış. Qızı sağalsın deyə loğmanı yanına salıb saraya gətirir. Loğman Mələyi 7 günə sağaltmağa söz verir. Lakin atası sarayda qala bilməyəcəyini, geri dönməli olduğunu deyir. Və qərara gəlirlər ki, loğman sarayda qalıb Mələyin müalicəsi ilə məşğul olsun. Loğman həmin müddət ərzində Mələyin qulluğunda durur, həm həkim olur, həm də ata kimi qeydinə qalır. Lakin bir addım belə yanına yaxınlaşmır, işini ehtiyatlı tuturdu. Amma sən saydığını say gör fələk nə sayırmış…

Hə, sən demə sarayda Mələyi istəməyən bir kəniz varmış. Hər an fürsət axtarırmış ki, Mələyi padşahın gözündən salıb bihörmət etsin. Padşah səfərdə olan zaman da bu kənizə tapşırarmış ki, gözün Mələyin üzərində olsun. Kəniz elə ki görür atası Mələyə öz elindən həkim gətirib, deyir hə, bundan yaxşı fürsət yoxdur. Mələyi padşahın gözündən salmağın məqamıdır. Saraydakı özü xislətdə bir neçəsi ilə əlbir olub Mələyi güdməyə başlayır. Bir gün, iki gün, beş gün görür yox, nə loğman, nə də Mələk heç biri artıq hərəkətə yol vermirlər. Bəs necə etsin, necə bir hiylə qursun ki, bunları biabır edib saraydan qovdursun deyə fikirləşmişkən ağlına gəlir ki, padşaha çaparla namə yazsın ki, bəs özünü yetir Mələk sənin evində sənə tələ qurub. Öz elindən olan biri ilə plan qurub, varını yoxunu, hətta taxtını əlindən alıb səni el içində rüsvay edəcək. Amma məktubda onu da yazır ki, bəs elə gəl ki, heç kim bilməsin ki, sən saraydasan. Padşah məktubu alar-almaz, gecəynən yola çıxır. Quş qanadlnda özünü yetirir saraya, gizli yolla gəlib otağına keçir. Kəniz də onu burda gözləyirmiş. Padşah soruşur hal-qaziyə nədir. Kəniz birinin üstünə onun qoyub yalanla padşahın beynini doldurur. Deyir ki, bəs sən gedəli hər gecə Mələklə loğman burda eyş-işrətlə məşğul olurlar. Və deyir ki, bu gecə özün hər şeyin şahidi olacaqsan. Sən demə kəniz də az aşın duzu deyilmiş. Elə bir plan qurub hazırlayıbmış ki, heç ən ağıllı adam da bunun qurma olmasına inanmazdı. Padşah gəlməmiş loğmanı qonşu otağa çağırıb deyir ki, bəs bu gecə hökmdarımız saraya dönəcək. Səni burda görməsin, görsə Mələyin gününü qara edəcək. Sən getsən yaxşıdı. Loğman da azdan çoxdan padşahın xasiyyətindən xəbardar biri idi deyə, kənizin sözü ağlına batır. Yol hazırlığın görüb Mələklə sağollaşır. Gedərkən kənizə bir məlhəm verib:
– Onsuz da mənim işim bitmiş sayılırdı. Bircə bu məlhəmi Mələyin bədəninə çəkmək qalmışdı, onu da siz kənizlərə həvalə edəcəkdim. Bu axşam yatmazdan qabaq bunu mütləq edərsiniz.
– Baş üstə, siz heç narahat olmayın, – deyib kəniz loğmanı qapıya qədər ötürür. Elə ki gecə düşür, dərmanın vaxtı çatır. Kəniz saray qulluqçularından əlbir olduğu birini otağa çağırıb ona loğmanlara xas geyim verir. Tapşırır ki, işinin öhdəsindən yaxşı gəlsə, daha böyük ənam onu gözləyəcək.

Əvvəlcədən də padşah üçün otağın bir küncündə xüsusi yer hazırlayır ki, gizlənə bilsin, heç kim padşahı görə bilməsin.
Kəniz əlindəki dəsmalı iyləməsi üçün Mələyə verir. Mələk bunun nə olduğunu soruşanda kəniz bildirir ki, bəs bu loğmanın tapşırığıdır, iyləməlisən, yoxsa dərmanın köməyi olmaz. Mələk dəsmalı iyləyən kimi gözlərini yumur. Bunu görən kəniz Mələyin üst geyimini çıxarır, üstünü də nazik bir örtüklə örtür. Otaqdan çıxmamış əvvəlcə lampanın işığını azaldır ki, padşah qulluqçunun üzünü görə bilməsin. Sonra padşahı otağa salıb küncdə qoyulan dolaba salır, qapısını da arxadan bərk-bərk bağlayır. Loğman geyimində olan qulluqçunu içəri çağırır və dönə-dönə tapşırır ki, nəbadə otağın sağ küncünə üzünü çevirə.
Qulluqçu əlindəki məlhəmin ağzın açıb əlinə tökür Mələyin bədənini başdan-ayağa masaj edirdi. Padşah da bu mənzərəni dolabdan açılmış deşikdən yana-yana izləyirdi. Amma ha çalışırdı loğman geyimində olan bu adamın üzün görsün, alınmırdı. Tərslikdən heç səsini də çıxarmırdı. Az qalırdı çıxıb hər ikisinin başın bədənindın ayırsın. Lakin adına, şahlığına xələl gələr deyə susmağa məcbur idi. Kənizin hiyləsi bununla da bitmir. Sən demə otağın çırağının neftini tamam azaldıbmış ki, iş başa çatmamış daha iyrənc planını həyata keçirə bilsin. Çıraq sönər sönməz otağa keçən kəniz elə səhnə yaradır ki, padşah güman etsin ki, loğman Mələklə keyf çekir. Padşah buna dözməyib dolabdan çıxmaq istəyəndə kəniz qulluqçuya:
– Qaç canını qurtar, – deyib qapını onun arxasınca bağlayır. Dolabın qapısını açıb padşahı çıxardır. Qəzəblənmiş padşah qaranlıqda Mələyin açıq bədənini qara kömür kimi qapqara edir…
Sən demə Mələyin xəstə halının səbəbi iki aylıq hamilə olması imiş. O, ikinci övladına, qızına hamilə idi. Mələyin dünyaya gətirdiyi bu övladı illər sonra onun həyatının qara ləkəsi kimi üzünə çox vurulacaqdı. Padşah qızın atası mən yox, atanın səninçün gətirdiyi o loğmandır deyib Mələyə illər uzunu işgəncə verəcəkdi…

…Beləcə, Mələyə verilən zülm nə yerə sığdı, nə göyə. Hətta padşah qadağa qoydu ki, yaxın qohumlarından birinin də ayağı bu saraya dəyməyəcək. Özü isə hər gecəni bir zülmət edib Mələyə olmazın əzab yaşatdı. Gecənin qaranlığı zalımın zülmündən də qorxunc olmuşdu qadına. Gecələri övladlarının qoynuna sığınıb qalardı ki, bəlkə zülmkar padşahın ona olmasa da övladlarına yazığı gələ qadına toxunmaya. Amma kimdən mürvət umacaqsan ki, buna zülmkar padşah deyərlər. Mələyi zorla dartıb uşaqların yatağından çıxarar, olmazın işgəncələrə məruz qoyardı. Hər səhər açılanda şükr edərdi yaşadığına. Övladları üçün ayaq üstə durmalıydı, yoxsa yaşamaq nəyinə lazımdı ki…Padşah o qədər zalım və qəddar idi ki, Mələyin göz yaşlarına da baxmırdı. Kiçik bir bəhanə lazım idi ki, onu döysün, əzab versin. Bir dəfə anasına edilən təhqirlərə dözməyən qızı sarayın pəncərəsindən özünü atmaq istərkən Mələk qızını güclə saxladı. Qızını itirəcəyindən necə qorxmuşdusa onu bağrına basıb hönkür-hönkür ağladı qadın. Dönüb başının üstündə dayanan padşaha baxıb:
– Bəs deyilmi, nə qədər davam edəcək bu zülmün? Dözə bilmirəm artıq, qoy balalarımı da götürüm çıxım gedim, – demişdi. Elə buna bənd olan padşah Mələyi yumruqla necə vurmuşdusa, yazıq qadın qan içində huşsuz yerdə uzanıqlı qalmışdı. Ölkənin adla deyilən təbibləri yığılmış, qadının burnunun qanını güclə kəsmişdilər. Günlərlə ağrıdan yata bilməyən Mələyin yaxınına heç kimi buraxmırmış padşah. Mənim qanunlarıma tabe olacaqsınız deyibmiş. Qızı gizli-gizli gələr anasının susuzluqdan quruyan dodaqlarını islanmış dəsmalla yaş edib, yenə də gizlincə otaqdan çıxardı.
Padşahın iyrənc əməllərinin sayı hesabı bitməz, hər gün yeni bir səbəb tapıb Mələyi incidərdi. Səbəb tapmayanda isə gözünə görünən nə varsa qırar tökər, sonra da yerdə qalmış şüşə qırlqları Mələyin əlini qolunu qan edincəyə qədər təmizlədərdi. Bu azmış kimi saraya gətirdiyi əxlaqsız qadınlara qulluq etdirmək üçün Mələyi çağırardı. Belə günlərin birində Mələk dözməyib padşaha dedi ki, bəs sənə yalvarıram nə istəyirsən elə, kimi istəyirsən gətir baş tacın elə, amma bircə mənim gözüm qarşısında etmə bunu. Səni övladlarının canına and verirəm, alçatma məni bu qədər. Buna bənd olan padşahın əlinə yeni bəhanə düşər. Tövbə etməkdənsə, daha da azğınlaşar. Mələyi onların gözü qarşısında diz çökdürüb padşaha təzim etməsini tələb edərdi. Etməsə ən ağır cəza alardı…beləcə ömrü zillət içində keçən Mələk bir gün dözməyib:
– Daha bəsdir, səndən də yoruldum, sənin zülmündən də. Övladlarım gələndə onlarla gedəcəm, bir daha da qayıtmayacam bu saraya, -dedi. Elə o gündən də qadının yeni məskəni bu qaranlıq zindan oldu…ömrü onsuz da qaradan qara gündə olan Mələyin yaşamaq yadından çıxmışdı. Ölmək, canını qutarmaq istəyirdi. Niyə yaşayırdı ki? Övladları yuvasını qurmuşdu, üzlərini aylarla görə bilmirdi. Yaşadığı da cəhənnəm əzabı bir həyat. Ölüm ən gözəl qurtuluş olacaqdı Mələk üçün… Söhbətin bu yerində müdrik qoca gördü ki, Mələyin üzü bəmbəyaz olub. Əlini gizlində saxladığı məlhəmə uzatmaq istəyirdi ki, baxdı qadının huşu gedib yerə yıxıldı. Müdrik qoca onu danışdırmağına peşman olub:
– Deyəsən bu dəfə doğru qərar verə bilmədim. Bircə dəfə də olsa gözlərini aça biləydi kaş, -dedi.

…Mələklə müdrik qocanı burda qoyaq görək Mərhəmətli igidlə sevgilisi harda qaldılar. Hə, bunlar sevgilərini o qədər o gözəl yaşayırdılar ki, təbiət belə bu sevgiyə heyran olmuşdu. Ağaclar yarpaqlarını, çəmənlər çiçəyini, bağlar güllərini min rəngə boyamışdı. Elə ki bu iki gənc seyrangaha çıxdılar ətrafda canlı cansız nə var bu sevgiyə qibtə edərdi. Sevgi bunu görüb Mərhəmətli igidin gözündə sevgisi bir az daha ucalsın deyə, həm də igidi özünə daha çox bağlasın deyə ondan bir şeylər istəməyi düşünürdü. Sevgi igidi çox qısqanırdı, bir gün kimsə sevdiyini onun əlindən alacaq deyə çox qorxurdu. Gecə-gündüz fikirləşir, nə etsin, necə etsin ki, bəs igidin gözü ondan başqa kimsəni görməsin. Və bir gün özünü toplayıb sevgilisinə deyir:
– Sevdiyim, deyirlər insan həqiqi sevəndə eşqi saf olanda sevgilisi üçün yoxdan var da yaratmaqda aciz qalmaz. Deyirlər ki, sevdiyinin sadiq olduğuna əmin olmaq istəyirsənsə, onu sənə bağlayan özəl bir şeyə sahib olmalısan. Ona baxanda, bu mənim sevgimin rəmzidir deyə qürur duyasan. Deyirlər ki, sevgili həqiqi sevgilidirsə, sənin istədiyini dünyanın o biri ucundan belə gətirər. Deyirlər ki, həqiqi sevən göydəki ulduzu belə yerə endirməyi biləndir. Sən bilirsənmi, mən səni hər kəsdən çox sevirəm, amma bir gün başqasına baxdığını görsəm bir də üzünə baxmaram. Sevgi nəfəs dərmədın danışır, igidin könlünü oxşamaq üçün hətta ona mahnı da ifa etməkdən qalmırdı:
Ay baxtımın sultanı,
Könlümün eşqi, yarı.
Mən səni çox sevmişəm,
Gəzmə məndən aralı.

İgid mən sənsiz ölərəm
Çiçəkləri tər dərərəm.
Başımı qoyum sinənə
Sirrini yada demərəm
İgid sənsiz mən ölərəm.

Sevginin bu məhəbbəti Mərhəmətli igidin ürəyinə yağ kimi yayılsa da onun yerli yersiz qısqanclığı igidi hərdən özündən çıxarırdı. Bir də bu igidi digərlərindən fərqləndirən bir üstün cəhəti var idi. Həddən artıq səxavətli idi. Elə adını da el ağsaqqalları burdan götürüb Mərhəmətli igid qoymuşdular. Yoxsa bu igidə ata-anası doğulanda başqa ad vermişdilər əslində. Hə, bax bu xasiyyəti, hamıya qayğı ilə yanaşıb dərdlərinə şərik olması Sevgini özündən çıxarar, hətta aralarında incikliyə də səbəb olardı. Bir gün yenə onlar nərgiz güllərini dərə-dərə çəmənlikdə seyrə çıxmışdılar. Bunlardan bir qədər aralı da iki cavan qol-boyun gəzirdilər. İgid birdən gördü ki, oğlan dayanmadan qıza qışqırır, əlini-qolunu oynadaraq nəyi isə başa salmaq istəyir. Bir az səbir edib bu səhnəni izləyən igid görür ki, oğlan qıza necə sillə vurdusa, qız yerində tərs fırlanıb üzüstə çəmənliyə düşdü. Bunu görən Mərhəmətli igid ley kimi şığıyıb qıza əl qaldıran oğlanı yaxasından tutub bir eliylə başının üstünə qaldırdı:
– Bir də haqlı, ya haqsız hansı qıza, qadına əl qaldırsan özünü ölmüş bil, – deyib əlini çəkdi…

… Mərhəmətli igidin bu xasiyyəti hər gün bir az Sevgini özündən çıxarır, aralarında inciklik yaranırdı. Bir gün qızlar bulaqdan evə dönürdülər. Sevgi də bunların arasında idi, amma su doldurarkən ləngimişdi deyə bir xeyli geri qalmışdı qızlardan. Kənd yoluna çıxan qızlar gördülər ki, budur igid atın üstündə onlara tərəf gəlir. Bilirdilər ki, Sevgi çox qısqancdı, öz aralarında sözü bir yerə qoydular ki, Sevgini cin atına mindirsinlər. Qızlardan biri, guya ayağı burxuldu oyunu oynayıb səhəngi çiynindən yerə atdı. Qızlar igidə tərəf boylandılar ki, görək bunu gördümü? Baxdılar igid atın üstündə sakit-sakit gedir. Tez qızlardan biri özünü qaçaraq igidə yetirib:
– Kömək edin, igid oğlan. Nazlı qız yıxılıb ayağa qalxa bilmir. Allah rızası üçün kömək edin, – dedi.
İgid qızın göstərdiyi tərəfə boylandı ki, bəs qızlardan biri yerdə uzanıqlı qalıb, tez atını çapıb hadisə yerinə gəldi. Qızın ağrıdan ağladığını zənn edib:
– Qorxma, bacım, indi səni evinə çatdıraram, – deyib qızı qucağına aldı. Qaldırıb atın belinə qoydu. Özü də ata minib kəndə tərəf çapdı. Sevgi qızlara çatanda gördü ki, sevgilisi atın tərkində bir qızla çapıb getdi. Al yanağı bir az daha qızardı. Qızların üzündə qalmış baxışlarına bilmədi nə cavab versin. Əsəbi halda səhəngi çiyninə götürüb iri addlmlarla evə tərəf yönəldi. Qızlar Sevginin bu halını görüb ürəkdən qəh-qəh çəkib güldülər. Sevgi qızların bu gülüşündən bərk qəzəblınib dodağının altında igidinə:
– Yaxşı, indi sənə göstərərəm məni qızların içində pərt etməyi, – deyib addımlarını yeyinlətdi.
Evə çatmağa az qalmış gördü ki, igidin atı Nazlıgilin çəpərinə bağlanıb. Səhəngi çiynindən yerə qoyub qonşuya keçdi. Həyətə girəndə gördüyü mənzərə Sevgini lap özündən çıxartdı. Mərhəmətli igid Nazlının ayağını dizinin üstünə qoyub dəsmalla bağlayırdı. İgid başını qaldırıb Sevgini görəndə baxışları toqquşdu. Sevgi yaşla dolmuş gözlərini igiddən çəkib sürətlə həyətdən çıxdı. Mərhəmətli igid Sevgini səsləsə də o geri çevrilib sevgilisinə hay vermədi. İgid başını bulayıb:
– Yenə yanlış anlaşıldım, – deyib köks ötürdü. İndi qalırdı bu iki gənci barışdırmağın yolu, görək igid bunu etməyin yolu tapacaq, ya yox…

… Mərhəmətli igidin Sevginin könlün alması uzun çəkmədi. Axı kim özünü bu igidin sevgisindən, nəvazişindən, o gözəl baxan gözündən məhrum edər ki?! Sevgi də igiddən uzun müddət küsülü qala bilmədi. Barışıb yenə də əvvəlki xoş günlərinə döndülər. Salxım söyüdün altında baş-başa verib sevgi dolu günlərinə gözəllik qatdılar. Sevgi gördü ki, ürəyindəki sözü deməyin lap məqamıdır. Başını min ədayla igidin sinəsinə qoyub hərdən də nazlı gözlərini süzdürüb baxışları toqquşsun deyə igidə baxardı. Sevgilisi onun saçlarına sığal çəkir, arada da ipək kimi yumşaq tellərini qoxlayıb öpürdü. Sevgi bu tumardan bir az da nazlanıb igidə dedı:
– Sevgilim, sən məni çoxmu sevirsən?
– Əlbəttə, sevirəm.
– Elə isə mənə özəl nə hədiyyə edərsən? Elə bir şey olsun heç kimdə olmasın, heç kim görməsin, bilməsin onu. Ancaq ikimizə aid olub, bizim olsun.
İgid bir qədər dərin düşündükdən sonra, yadına illər öncə, hələ igidin 5 yaşı olanda atasının birindən danışdığı düşdü…
… Bir gün zalım padşah dərvişi-libas olub yenə kəndbəkənd gəzdiyi bir zamanda gəlib Mərhəmətli igidin yaşadığı obaya çıxır. İstəyir bəzi sualları ilə burda yaşayanların ağlın, dərrakəsin sınağa çəksin. Bu eldə də bacarığı, yaşının az olmasına baxmayaraq çox doğru qərar çıxartmağı bacaran bir cavan yaşayırdı. Bütün suallara da elə bu igid cavab verərdi. Bunu görən dərviş cavana deyir ki, bəs Allah qonağı istəyirsənsə, bu axşam sizə qonaq olmaq istəyirəm. Bu elin də qonaqpərvərliyi el-aləmə bəlli olduğu üçün təbii ki, cavan da buna etiraz etmir. Axşam düşür padşah dərviş libasında gəncin qapısından girir. Ürəyincə hörmət görən padşahın naxələf damarı yenə tutur, gözü igidin arvadına düşür. Elə hər şey də burdan başlayır…

… Padşahın gözü hansı qadına düşdüsə, mütləq özününkü edər, etməsə də min bir işgəncəylə dərs verərdi həmin kəsə. Bu igidin də arvadının gözəlliyi bütün el-obaya bəlli idi. Hamı bilirdi ki, onu görən bir könüldən min könülə aşiq olur. Dərviş libası geyinmiş padşahın da ağlı bu qadında qalır. Saraya qayıtdıqdan sonra vəziri çağırtdırıb bir tədbir tökməyi əmr edir. Bilirdi ki, evində qonaq olan cavan oğlanla ehtiyatla davranmalı, igidi öz əliylə tora salmalıdır. Vəzir ağıllı və uzaqgörən biri idi. O da bilirdi ki, padşahın istəyin yerinə yetirməsə, padşah zor gücünə edəcək və bu da yaxşı sonluqla nəticələnməyəcəkdi. Çünki Elat igidləri kasıb yaşasalar da həmişə mərdlik göstəriblər, namuslarına sahib çıxmağı bacarıblar. Elə ona görə də padşaha onları saraya gətirib işlə təmin etməyini məsləhət bildi. Padşah vəzirlə razılaşlb evində qonaq olduğu igidə çaparla namə göndərdi. Namədə yazılırdı ki, bəs mən səni saraya dəvət edirəm, sənin ağlın, kamalın məni valeh edib. Sarayda sənə yaxşı vəzifə verəcəm, ömrün cəh-cəlal içində keçəcək. Gənc ailə padşahın məktubunu oxuyub çox sevinirlər. Və qarara gəlirlər ki, qarşılarına çıxan bu fürsəti qaçırmaq olmaz. Nələri var, nələri yox, yığışdırıb saraya yollanırlar. Sən demə bu saray onların xoş günlərinin ünvanı yox, cəhənnəmə gedən yol olacaqmış…

Hə, bunlar sarayda xoş gün arzusunda olsunlar görək zalım padşah nə hiylələrə əl atacaq. Padşah sarayın yaxınlığında bu gənc ailəyə ev verir. Evin kişisini sarayın baş məsləhətçisi təyin edir. Özünü mərhəmətli göstərsin deyə xanıma da saray əhli üçün nəzərdə tutulan mətbəxdə baş aşpazlıq tapşırır. Beləcə qısa bir zamanda hər kəs öz işinin mahir bilicisi kimi ad qazanır. Gənc olmasına baxmayaraq bu xanımın əlindən çox dadlı yeməklər çıxardı. Bir tərəfdən gözəlliyi, bir tərəfdən də yeməklərində olan ləzzət padşahın tamahkar gözünü gündən-günə daha da qızışdırırdı. Bir gün sarayın baş məsləhətçisini yanına çağırıb tapşırıq verdi ki, bəs qonşu ölkənin padşahının işi çətinə düşüb bizdən kömək istəyir. Sən ora gedib məsələni həll etməlisən. Baş məsləhətçi etiraz etmədən:
– Baş üstə, – deyib səfər tədarükü gördü.
Padşah sevindi ki, elə bu gecə iyrənc niyyətini yerinə yetirəcək, bu ağıllı cavanın gözəl xanımına sahiblənəcək. Gənc qadını yanına çağırıb axşam üçün özəl yeməklər sifariş etdi:
– Bu saydıqlarımın hamısı axşam süfrədə olsun, bir də qulluqçulardan soruş ən çoxillik şərabı harda saxlayıblarsa onu da gətir. Bu axşam mənə qulluğu özün edəcəksən. Şərab mütləq olsun aa, – padşah əyyaşlıq yağan gözlərini qıyıb qadını başdan ayağa süzdü.
Gənc xanım padşaha təzim edib otaqdan çıxdı, axşam yeməyi üçün mətbəxə keçdi. Padşahın baxışından xoşlanmasa da ağlına pis şeylər gətirmək istəmədi.
Süfrədə min naz-nemət, şərabdan gözləri süzülən padşah, bir də sevimli hökmdara sevə-sevə qulluq edən gözəl xanım. Padşah qadının hər davranışına göz qoyur, paltarın üstündən gözü ilə qadının sanki bütün əzalarını şəkil kimi çəkirdi. Gözü ehtirasdan qızmış padşah əyilib süfrəyə meyvə qoyan qadının qolundan yapışdı və cəld hərəkətlə özünə çəkdi. Qadın bir anlıq nə baş verdiyini anlamadı, nə də səsini çıxara bildi. Padşah qadının dinmədiyini görüb elə bildi ki, elə qadın da bunu gözləyirmiş. Qadını sinəsinə bir az da yaxın çəkib:
– Sən daha mənim hərəmlərimdən biri olacaqsan. Nəyinə lazımdır o soysuz ərin. Gətirib burda adam elədim, özünü kişi sayır o da. Sən əsl padşaha layiq xanımsan, padşah xanımı olmağa layiqsən.
Padşah şərabın təsirindən sözləri qırıq-qırıq deyir, qadını özünə daha yaxın çəkib nəfəsini boynuna, boğazına toxundururdu. Gənc qadın padşahın bu iyrənc niyyətinin altında nələr yatdığını anlayıb qolunun birin onun caynağından çıxartdı, müqavimət göstərib özünü gözləri qızmış bu iyrənc məxluqdan qurtarmaq istədi. Amma kəpənək kimi zərif bir məxluq, donuz iyi verən bu murdardan necə qurtula bilərdi ki? Padşah dirsəyinin altına qoyduğu döşəkçəni götürüb qüvvətli hərəkətlə otağın küncündə yanan çırağa tərəf atdı. Otaq bir anda qaranlığa qərq oldu. Padşah iri kobud əlləri ilə qışqırmaq istəyən qadının ağzını qapadı. Qadının köməyinə daha heç kim gələ bilməzdi…

03/07/2017 tarixində Hekayələr, Yazılarım içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Həyəcanla, təəssüf hissi oxudum. Davamını gözləyirəm inşəAllah.
    Təşəkkür edirəm, Sevinc.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Oxuyan gözlərin var olsun 😘😘❤️❤️💐🌷

    Bəyən

  3. Yaxşı mətndi amma çox uzundu

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: