Lalə gülünün əfsanəsi (1-cı hissə)
– Başımı dizinə qoyummu?
– Könlünə nağıl düşübmü yenə?
– Yox, dizlərini özləmişəm…saçımda gəzən əlini, mənə baxan baxışını, hüzurunu özləmişəm…
– Hüzurun dizlərim olacaqsa, qoy başını…mən də sənə bir çiçəyin taleyindən danışacam.
– Sənə deyiləcək sözüm var.
– Əfsanəni danışım sonda söyləyərsən, tələsmə…
…Keçmiş zamanlarda bir oğlan varmış. Bu oğlan yaraşığı, ağlı, fərasəti ilə ad çıxarıbmış. İgidliyi bir yana, o qədər mərhəmətli imiş ki, adını eşidənin üzündə təbəssüm yaranarmış. Elə ki, bu igidin atının ayaq səsləri eşidilərdi, qızlar hamısı örpəyini başına salıb qıyğacı baxışlarla yaraşıqlı oğlanı görmək üçün tələsərdilər. Kaş bircə dəfə gözü gözümüzə baxsın deyə Allaha yalvarardılar. Hətta qızlar öz aralarında bəhsə də girərdilər ki, görək kim bu oğlanı yoldan çıxarıb, könlünü ala biləcək.
Belə günlərin birində igidlər igidi yenə də atını minib qızlar yığışan bulağın yanından keçirdi. At igidə, igid də ata elə yaraşırdı ki, elə bil İlahi öz qələmiylə yaratmışdı bu gözəlliyi. Bu qızların içində Sevgi adlı bir gözəl də var idi. Aya deyərdi sən çıxma mən çıxım, günə deyərdi sən çıxma mən çıxım. Amma o qədər utancaq, həyalı idi ki, heç vaxt başını qaldırıb kimsəyə baxmazdı. Qızlar hər dəfə bu yaraşıqlı igidi görən kimi yola qaçar. İgidin könlünə girmək üçün dil-dil ötərdilər. Amma Sevgi dinməz, heç gözə də görünməzdi. Əksinə örpəyini üzünə salıb özünü gizlədərdi. Günlərin bir günü qızlar yenə oğlana xoş görünsünlər deyə əldən ayaqdan gedən vaxt xəfif əsən meh Sevginin örpəyini başından atır. Atlı igidin elə bil üzünə gün doğan kimi gözü qamaşar bu gözəllikdən. Əlindəki su dolu qabı başına elə çəkir ki, susuzluqdan ciyəri yanar kimi. Amma gözünü də qızdan çəkmir.
Külək Sevginin örpəyini başından atmaqda olsun, igidin gözü də Sevgidə qalmaqda, sənə kimdən deyim, kimdən xəbər verim, bu yurdun zalım padşahından. Bu padşah o qədər qəddar idi ki, heç kimin gözünün yaşına baxmaz, hər kəsə bir cür divan tutarmış. Hətta padşah o qədər zalım imiş ki, öz halalı olan xanımına belə əzab verməkdən çəkinməzmiş. Cəzaların ən böyüyün elə ona yaşadarmış…padşahın zülmündən qurtuluşu olmadığını görən qadın özünə bir neçə dəfə qəsd edərək ölmək istəsə də padşah xəbər tutub və hər dəfəsində də qadını möhkəm cəzalandırmışdı. Sonuncu dəfə isə qəzəbindən qadını günlərlə qamçı ilə döydürmüş, sonra da qaranlıq zindana salıb işgəncəsini birə min artırmışdı…
Zindanda günlərlə ac-susuz qalmasına baxmayaraq qadın yaşamaq gücünü itirmirdi. Sanki İlahidən ona “bunun bir çıxış yolu olacaq” deyə bir nida gəlirdi. Və qadın səbirlə gözləyirdi. Beləcə günlər ayları, aylar illəri ötdü. Düz beş il idi ki, qaranlıq zidanın divarlarına baxmaqdan qadının bənizi solmuş, gözlərinin işığı qalmamışdı. Başını nimdaş yastığa qoyub ömürlük yatmaq istəyirdi. Gözlərini yumdu, yuman kimi elə bil qeyri-adi aləmə düşdü…
Hə, qadın qalsın bu aləmdə, görək Sevgi və Mərhəmətli igidin əhvalatı nə yerdə qaldı. Gözəlin əlindən su içmək igid oğlanın qollarının qüvvətini birə beş artırmışdı sanki. Üzəngidən yapışıb atı şahə qaldırdı. Nərə çəkən at sanki yerə göyə bildirmək istəyirdi ki, mənim igidimdən yoxdu, Allahın yer üzünə göndərdiyi mərhəmət elçisidir.
Bax beləcə, günlər bir-birini əvəz etdikcə, bu iki gəncin də sevgisi hər gün bir az daha artırdı. Onlar əl-ələ verib sevgilərini hər çəmənə, çiçəyə, hər bağa, hər bülbülə, bütün aləmə car etdilər. Hər kəs bu sevgiyə həsədlə baxır, hamı onların xoşbəxt olacağı günü gözləyirdi. Bir gün bu iki sevgili yenə baş-başa verib salxım söyüdün altında bir-birlərinə eşq nəğməsi oxuyurdular. Cəh-cəh vuran bülbül də nəğməsini kəsib onların sevgisinə şahidlik edirdi. Birdən uzaqdan çaparaq gələn atlı Mərhəmətli igidin gözündən yayınmadı. Qolunu sevgilisinin boynundan götürüb ayağa qalxdı. Çapar igidə yaxınlaşıb:
– İgidim, düşmən ordusu ölkəmizi talan etmək üçün hiylə qurub. Onların planın alt-üst etmək üçün əks-kəşfiyyata keçmək lazımdır, tədbir almalıyıq. Vaxt itirmək olmaz, – deyib gözdən itdi. Mərhəmətli igid sevgilisinin gözlərinə baxıb:
– Gözlə məni, qayıdacam, sevdyim, – deyib onun alnından öpdü. Atını minib çaparın ardınca sürdü…
Sevgi öz yarını yola saldığı gündən idi ki, hər gün salxım söyüdün altına gələr, gözlərini uzanıb gedən yollara dikib həsrətlə yol gözləyərdi. Bir gün bir ilə dönmüşdü gözündə. Həyatda qalması üçün gün ərzində bir tikə yemək, bir qurtum su içərdi.
Sevgini burda qoyum, sənə Mərhəmətli igidin şücaətindən danışım. Elə ki, igid atını çəkib düşmənin üstünə ley kimi hücuma keçdi, döyüşçülərin hərəsi bir tərəfə sərilib qaldı. İgidin qılıncının qabağına çıxan tapılmadı. Düşmənin qoşunu sayca iki qat artıq olsa da, Mərhəmətli igidin qolunun gücünə yerdə qalan ancaq leşləri olurdu. Beləcə üç gün, üç gecə döyüş getdi. Yenildiyini görən düşmən qaçmaqdan başqa çıxış yolu tapmadı. Asta qaçan namərddir deyib, üz tutdular öz vətənlərinə. Mərhəmətli igid və başının dəstəsi isə ölkənin şahından ənam alıb öz evlərinə yollanmaq üçün səhərə yaxın yola düzəldi…
Sevgi salxım söyüdün dibində gözləməkdə olsun, görək kənd öz igidini necə qarşılayır. Mərhəmətli igidin qələbə xəbəri bütün obaya yayılar-yayılmaz hamı bayram tədbiri görüb igidin yoluna çıxdı. Elin ən sayılıb seçilən aşıqları sazı sinəsinə basıb igidi vəsfə qalxdılar:
Namərdlərin gözün oyan,
Arzu-kamın gözdə qoyan,
Şir biləkli, mərd ürəkli
Gəlir igid oğlun, ellər.
Hə, igidin şərəfinə qoçlar kəsildi, süfrə açıldı. Nə qədər yoxsul, fəqir-füqara var hamısı bu məclisə dəvət olundu. Hamı yedi, içdi, şənləndi.
Mərhəmətli igid ha göz gəzdirdi, sevgilisini məclisdə görə bilmədi. Camaatın başı yeməyə, əylənməyə qarışanda xəlvətcə aradan çıxıb salxım söyüdün altına getdi. Gördü Sevgi ağacın altında dizlərini qucaqlayıb oturub. Gözləri elə dolub, elə dolub ki, elə bil indi leysan tökəcək. Əllərini ehtiyatla sevgilisinin üzünə toxundurub ovucları içinə aldı. Məhəbbət dolu gözlərinə baxıb alnından öpdü:
– İgidin gəlib, üzün gülsün daha, – deyib yarını bağrına sıxdı…
Sevgililəri qoyaq burda, onlar sevgi bulağı kimi qaynayıb daşsınlar, gedək görək zülmkar padşah nələr edir. Bu padşah o qədər qəddar, o qədər gözüac idi ki, qana susamağı bir yana, ölkənin harda gözəl qızı var hərəmxanasına gətirər, gününü eyş-işrətdə keçirərmiş. Gözəlin camalı ürəyindən su içdiyi kimi, zalımın zülmü də xislətindən doğar deyiblər. Əqidəsi pak olmayanın davranışından yaxşı nə gözləyəsən ki?! Bir zamanlar gözəllər gözəli Mələyi özünə yar edəndə də gözü indiki kimi ac idi. Mələyin günün göy əskiyə düyərdi. O qədər əzab verərdi ki, Mələkdə gözəllikdən əsər qalmazdı. Hələ təzə ailə qurduqları vaxtların birində padşah səyahətdən yanında gənc bir qızla döndü. Mələk cürət edib soruşmamış:
– Bu gündən gördüyün bu cavan qız mənim baş hərəmim olacaq. Ona qulluq borcundur , – deyib Mələyə tapşırığını verdi. Hətta azğınlaşmış padşah Mələyin gözü qarşısında gənc qızla sevişər, Mələyə isə onlara şərab süzməyi əmr edərdi. Səsini çıxarsa isə döyər, söyər, zindana salmaqla hədələyərdi…və gün gəlir bu çirkin əməlini də yerinə yetirir.
…Mələyin iki gözəl övladı vardı. Biri qız, biri oğlan. Övladlarını o qədər çox istəyərdi ki, onlardan ayrılsa öləcəyini sanırdı. Amma zalım padşah Mələyə bu acını da yaşatmışdı. Öz doğma övladlarını ucqar əyalətlərin birinə göndərmişdi. Qızını çoban nəslindən olan oğlanla zorla evləndirmiş, oğluna da ele o elden bir qız alıb çobanlara göz-qulaq olsun deyə balaca bir daxma verib orda qalmasını tələb etmişdi. Amma bacısı oğlunu sarayın baş məsləhətçisi qoymuş, bacısı qızını isə saraya gətirib şah qızı kimi yaşadardı.
Mələk ildə bir dəfə, oba yaylağa köçəndə övladlarını görə bilərdi. O da ancaq bir neçə saatlıq. Yenə də saraya dönər övladlarının qoxusuna həsrət qalardı. Zindana düşdüyündən isə sən demə heç övladlarının xəbəri belə yoxmuş. Padşah, ananız bərk xəstələnib, onu başqa ölkəyə müalicəyə göndərmişəm deyib uşaqları aldadıbmış.
Mələk bilirdi ki, zindandan övladlarının yanına qurtuluş yoxdur. Ömrünün sonuna kimi burda onlara həsrət qalmalı idi. Hər gecə Allaha dua edərdi ki, məni övladlarıma aparan yolu özün aç. Mələklə bərabər dövrünün ən məşhur loğmanı, həm də sehrbazı olan müdrik bir ağsaqqal da padşah tərəfindən cəzalandırılıb zindana atılmışdı. Bir dəfə gecə yarısı müdrik qoca inildəyən qadın səsinə yuxudan oyandı. Divara yaxınlaşdı ki, görsün bu səs hardan gəlir. Qulaq verib dinlədikdə eşitdi ki, səs ona çox yaxın, divarın o tayındadır. Qadın ağlayaraq Allaha dua edirdi: Ya Rəbbim, ey Rəsulum, qurtar məni bu əzabdan, ya canımı al, ya məni balalarıma qovuşdur. Quş elə məni, onlar olan yerdə uca bir ağaca qonum, seyr edim onları. Çiçək elə gəzdikləri çəmənlərdə bitim. Bəlkə gözlərinə xoş gələrəm, dərib qoxlayarlar balalarımın iyin alaram mən də. Yalvarıram, Uca Yaradanım, ömrümü zillətdə keçirdim, qıyma bu zalımın əlində ölüm. Qıyma gözlərmdə həsrət köçüm bu dünyadan. Zalımın zülmü varsa, sənin də rəhmin var, Rəhman olan Allah, qurtar məni bu zindandan…
Dünya görmüş qoca hələ indiyədək belə ağı, belə yanğılı yalvarış eşitməmişdi. Zindana düşəndə özü ilə bərabər dərman bitkilərindən hazırlanmış sehirli su gətirmişdi. Bilirdi ki, padşah ona ölüm cəzası kəsdiyi gün sadə ölümlə kifayətlənməyəcək. İşgəncə ilə öldürəcək. Həmin gün meydana toplaşanların gözü önündə bu dərmanı içib ölməzliyə qovuşacaqdı. Amma bunu hər kəsin gözü önündə edəcəkdi ki, yaddaşlarda qala bilsin, tarixə dövrünün ən müdrik sehirbazı kimi düşsün. Lakin divarın arxasından eşitdiyi bu yanğılı ana fəryadı onu fikrindən daşındırdı…
Müdrik qoca qollarının və ağlının gücünə söykənib hər gün divarda bir az dərin dəlik açmaqda olsun, biz yenə gedək Sevgi ilə Mərhəmətli igidin yurduna, görək onlar sevgilərini necə yaşadırlar. Döyüşdən qayıdan igid sevgilisini də götürüb dağlara, bağlara gəzməyə çıxmışdı. Yazın gözəl çağıydı, hər tərəf o qədər gözəllik dolu idi ki, onlar gəzməklə doymaq bilmirdilər. Dağın ətəyində uzanıb gedən bir çəmənlik vardı. O çəmənlikdə, deyilənə görə, min bir sehirli çiçəklər açarmış. Al-əlvan kəpənəklər elə bil çiçəklərlə sevgili idilər, bir-birlərinə elə mehr salmışdılar ki, onları qoparmaq mümkünsüz idi. Sevgi bu gözəlliyi görüb sevgilisinin əlindən bərk-bərk tutdu:
– Sən də məni belə sevərsənmi? Heç ayrılma məndən, – dedi.
Mərhəmətli igid yarının eşq dolu gözlərinə baxıb:
– Mən səni xallı kəpənək sarı gülü sevdiyindən də çox sevirəm. Sən mənim hələ kəşf olunmayan ən zərif gülümsən. Yanağında o gülün yanağındakı kimi xalın var, saçların o gülün ləçəyindəki qaralıqdan su içib, dodaqların mənim xəyalımdakı həmin gülün ləçəyindən alıb rəngini. Bilirsənmi, sevgilim, o gülün iki üzü var. Biri qaradan qara, digəri al qırmızı. Yanağında da, bax bu xalın kimi xal, – deyib igid əlini astaca Sevginin yanağındakı xala toxundurdu. Barmaqları ilə yarının üzünə sığal çəkdi. Sevgi bu nəvazişdən xoşlanıb gözlərini yumdu. İgid yarının üzünü əlləri arasına alıb nəfəsini hiss etsin deyə özünə bir az daha yaxın çəkdi. Sevginin ürəyi quş ürəyi kimi çırpınırdı. Elə bil bu saat yerindən çıxacaqdı. Gözlərini açmağa cürəti qalmamışdı, hiss edirdi ki, indicə dodaqlarına isti bir nəfəs toxunacaq…
28/06/2017 tarixində Hekayələr, Yazılarım içində dərc edildi və əfsanələr, güllər haqqında, Lalə gülü, lalə gülü haqqında əfsanə olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.
Ne qeder fikirleshsem de, nikbin ehval-ruhiyyelu bir efsane xatirlaya bilmedim. Acaba niye?
Efsane maraqli ve hetta indiden kederlidir. Teshekkur edirem, Sevinc. Novbeti hisseleri gozleyek, belke men yaniliram, Lale gulu haqqinda efsane xosh sonluqla bitecek.
BəyənBəyən
Cannn, mələyim, heç nə deməyim də, marağı itər yoxsa 😘🌷💐🌹
BəyənBəyən