Sevgi həsrətimdə, yamaq tutmayan qəlbimdədir mənim…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 20-ci yazı)


Cüməniz mübarək, əzizlərim! Müsahibə üçün darıxanları gözəl bir xanımla söhbət gözləyir. Tanışlıq demədim, bəli, çünki Pərvanə xanımın xüsusi təqdimata ehtiyacı yoxdur. Onu sevənlər də, tanıyanlar da çoxdan çoxdur. Çox səmimi, gülərüz, qəlbinin gözəlliyi kimi gözəl də qələmə sahibdir Pərvanə xanım. İnsan var şöhrət qazandıqca ətrafındakı insanlara Allahın salamın belə verməyi özünə sığışdırmır. Amma Pərvanə xanımın camalı kimi qəlbi də, xasiyyəti də gözəldir. O qədər zövq alıram ki, bu xanımla söhbətdən. Allah sizi qorusun, gözəl xanım. Səsiniz həmişə ən ucalardan gəlsin. Buyurun, əzizlərim, bir şairə xanımın, bir gözəl ananın, bir nisgilli qəlbin pıçıltılarını siz də dinləyin…
Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq? 
– Salam, əzizim. Verdiyiniz suallar o qədər həyati bir suallardı ki, onları cavablandırmamaq özü bir günahdır deyərdim. İlk öncə kimliyim barəsində məlumat verim. Mən Pərvanə Məmmədli Qərbi Azərbaycanda dünyaya gəlmişəm, orda böyümüşəm. 16 yaşından yaradıcılığa başlamışam. 15 il N.Nərimanov rayonunda 180 saylı körpələr evi uşaq bağçasında tərbiyəçi müəlimə olaraq çalışmışam. Hal-hazırda isə “Aşıq-Pəri İnciləri” məclisində sairə xanım olaraq fəaliyyət göstərirəm. Ailəliyəm, bir qız övladım var.
2. Biz, adətən, özümüzü yox, başqalarını görürük. Özünü görməyin yolu isə özünə başqalarınln gözü ilə baxmaqdır. Başqasının gözüylə özünüzə baxdığınızı fərz edin. Gözünüzə görünən kimdir?
– Adətən, insan özünə kənardan başqasının gözüylə baxarsa atdığı hər bir addımında öz etdiyi səhvlərini daha yaxşı görə biləcəkdir. Bu çox çətindir əslində. Ancaq mənim hər addımımda gözümə görünən ilk öncə Uca Allahımdır. Sonra qızım…
3. “Saxladığın bir sirr sənin əsirindir. Aşkar etsən sən onun əsiri olarsan.” Tanış hiss deyil ki sizə?
– Əslində hər bir insanin iç dünyasının açılmaz sirləri var. Bu sirrin şahidi Rəbbimdi yalnız. Açılması gərək olmayan çox sirlər insanla qəbir evinə gedir. Mən də çox sirli bir insanam…bəli, içimdə daşımağı bacarıram.
4. İnsana danışmağı öyrənməsi üçün iki il, susmağı öyrənməsi üçünsə 60 il lazımdır. Susmağı, yoxsa danışmağı daha çox sevirsiniz?
– Bilmirəm, yəqin ki..efirdə məni izləməmisiniz. Çox danışmağı qətiyyən sevmirəm. Az və mənalı söz sevirəm. Elə bir söz ki, məni öz ağuşuna ala bilsin. Düşündürsün saatlarca.
5. Nə zaman peşman olur insan? Peşman olduğunuz çoxmu hallar oldu?
– Bir şey ki, sənə ziyan, ləkə gətirəcək tərəfini düşünmədən addım atan hər kəs məncə peşman olmalıdır etdiyinə görə. Peşman olduğum hallar olub mənim də. Kiməsə yaxşılıq etmişəm, əvəzində pislik görmüşəm. Belə anlarımda Allahıma həvalə etmişəm o insanı.
6. Hikmət sahibi deyir ki, gəlməyəcəyini bilə-bilə gözləmək axmaqlıq deyil, eşqdir… Oldumu belə gözlədiyiniz?
– Bir qəlbdə qarşılıqlı eşqi duymadan necə yol gözləmək olar axı? Ancaq biri oldu yalnız mənim üçün gözümü yollarda qoyan, gedib, ancaq geri dönmür…mən gedib görüşəcəm onunla əbədiyyatda…Bu məndən vaxtsız ayrılan bacım oldu, gözümü yollarda qoyan. Qınamayın məni bu cavabıma görə, əslində mənim üçün gözləri yollarda qalanım çoxdur…
7. Məzluma səxavət göstərmək bəxtiyarlıq sayılır. Sizcə yardım etməyi bacarmaq üçün insanlıq vacibdir, yoxsa maddiyat?
– Bəli, öncə insanlıq, sonra maddiyyat. Bir qəlbdə mərhəmət yoxsa, istər milyonçu olsun belə, o insan anlamaz məzluma səxavət göstərmək necə olur.
8. İnsanlarla üz-üzə danışaraq hər problemi həll edə bilərsən, amma bəzi insanlar gəlir önünə, hansı üzünə danışacağını bilə bilməzsən. (Pablo Neruda) Anlaya bilmədiyiniz biriləri çoxmu oldu?
– Çox maraqlı sualdır. İnsanlarla yəni, daha doğrusu etibar etdiyin insanla hansısa bir problemini çözürsən, dərdləşirsən, məsləhət də alırsan hətta, səni qane etməsə də belə səbrlə dinləməyə çalışırsan. Ailə içindən basqa kənarda problemini kiminləsə çözməyi mən sevmirəm əslində. Hər problemimi tək başına çözməyi sevmişəm. Bu yükü kiminləsə bölüşməyə çalışmaq istəsəm də qıymamışam əslində. Bu mənim hər şeyimdə ortağım olan övladım olub. Anlaya bilmədiyim biri oldu, bu dərs oldu həyatımda mənə.
9. Dilimin ən şirin duası anam,
Ömrümün günümün laylası anam… Sizə aiddi bu, Pərvanə xanım.
– Bəli, mənim sözlərimdi, daha doğrusu dilimin ən şirin laylasıdı.
Həm atamdı, həm anamdı,
Canımdakı can Anamdı.
Qıyma Anama amandı
Yalvarıram sənə, fələk,
Gəl Anama dəymə, fələk,
Şux qəddimi əymə fələk…
Son günlər fələyə yalvarıram, tək qalmaqdan qorxuram. Anasız qalmaq, mənimçün həyat sönmüşdür deməkdir. Ata çörəyi yemədim, ata məhəbbəti görmədim. Bunları anamda axtardım, ancaq tapa bilməyəndə gizlin-gizlin çox ağladım. Hərdən təklənirəm hamıdan küsüb kimi. Atalı günlərim yadıma düşür…Atasızlıq sən demə yetimlik imiş…ucuq bir kahaymış…
10. Bu ölümlü dünyada mütləq bir xoşbəxtlik yoxdur. Hər xoşbəxtlik öz içində bir zəhər daşıyar, yaxud, çöldən gələn bir zəhərlə zəhərlənər…xoşbəxtlik nədir sizinçün?
– Xoşbəxtlik anlamını hər kəs bir cür düşünər, istədiyi kimi yasamaq istər. Bəlkə illər öncə mən də elə düşünürdüm. Ancaq indi mənim üçün xoşbəxtlik əsas can sağlığıdır. Hansı ki hər əməliyyat stolunda olarkən: “görəsən balam mənsiz qalsa necə olacaq?” – fikirləri içimi hər zaman yeyib. Şükürlər olsun Rəbbimə duaçıyam. Çox xoşbəxtəm balamı böyütdüm, balalarını gördüm və sonda ətrafımda özümə, sözümə dəyər minlərlə sevgi gördüm.
11. Mədəniyyəti xalqın ruhunun xarici təzahürü adlandırırlar. Belədirsə, o zaman sizcə ruhumuz mədəniyyətimizlə düz mütənasibdirmi?
– Hər kəsdə biz eyni mədəniyyəti, etikani görə bilmərik. O üzdən də ruhuyla mədəniyyəti düz mütənasib olmayan çox insanlarımız var. Özünü elə göstərməyə çalışanlarımız çoxdur sadəcə…
12. Bir adam sənin ona ehtiyacın olduğunu söyləmədən hiss edirsə, o adam doğru adamdır. Həyatınızda doğru insanlar, çoxdur, yoxsa yanlışlar?
– 50-50 -dir deyərdim. Demək olar ki, həyatın hər üzünü gördüm. Dostun yaxşısını pisini gördüm. Yaxşı, etibarlı dostlarim var. Ancaq nadir tapıntı kimidirlər.
13. Həyatı rənglərlə görsək, seçdiyiniz hansı rəng olardı, ağ, yoxsa qara, yoxsa öz rənginiz?
– Həyatı mən həmişə iki rəngdə görmüşəm. Həm ağ, həm qara. Bunlari bir-birindən ayırmaq qəti mümkün deyil. Çünki hər qaranlıq gecəmizin bir işıqlı səhəri olubdu. Mənim qara günümün ağ günü də olub, əzizim. Ağlayanda gülmüşəm də…
14. Nə haraydı, ay ürəyim?
Çağla içində-içində.
Gizlincə çək əzabını,
Ağla içində-içində… Hər insan ağlaya bilər, amma için-için ağlamağın səbəbləri tamam başqadır. İçin-için ağladığınız oldumu heç?
– Hərdən sənin səbrin elə daralıb,
Boynunu bükürsən dərdə sarılıb.
Elə parçalanıb, elə qırılıb,
Tutmursan heç nədən yamaq, ürəyim…

Bəli, olubdur. Yaxşı ki, bu göz yaşlarımız var imiş…
15. Bəzi adamlar söylədiyi sözlərlə böyüyür, bəzi sözlər söyləyən adama görə böyük görünür. Sizi böyüdən, ucaldan sözünüz oldumu?
– Əslində məni ucaldan sözlərim və saf əməllərim oldu. Çalışmışam ki, o sözlər mənim qəlbimdən axıb gəlsə də ancaq yanan ürəklərə sərinlik gətirsin. Hiss edirəm, insan çox güclüdür, zamanla hər şeyi əldə edə bilir.
16. Ürəyinizin səsiylə hərəkət edən birisinizmi? Heçmi yanıltmayıb bu səs sizi?
– Ürəyimin səsini dinləyirəm, ancaq ağlımı qurban vermirəm heç zaman. Mən əslində insanlara qarşı çox inamsızam. Bu da yəqin ki, səbəbsiz deyil.
17. İnsanların məqsədlərinə çatması üçün bəzən qurban verməsi gərəkdir, məqsədiniz üçün qurban verəcəyiniz ən son nə olardı?
– İnsan onsuz da bu fani dünyada ömründən hər gün qurban verir məqsədinə çatması üçün. Bəyəm bu yetərli deyilmi ki? Mənim üçün saglam həyat hər şeydir.
18. Kiminlə güldüyünü unuda bilərsən, kiminlə ağladığını isə, əsla…kimdir ağlayanda sizinlə birgə ağlayan?
– Bir gün köçsəm yana-yana,
Demə vəfasızsan, Ana.
Borcum vardı Yaradana,
Aglama, qızım, aglama…Bütövlukdə tam həyatımı tamamlayan qızım Jaləmdi. Hər dərdimin dərmanı balam olub mənim üçün. Onun mənimlə bərabər axıtdığı göz yaşlarının cavabını kim və necə verəcək bilmirəm…
19. Həqiqi mənada sevən, həqiqi sevgiyə layiq olanlara sevgi göstərən və sevməyi maddiyatdan uzaq tutub, bu işi Allah üçün edən insan, hayatda sevgi dolu insan olaraq tanınacaqdır. Məncə indiki zamanda bunu çoxları dərk etməkdə çətinlik çəkirlər. Niyə belədir sizcə?
– Həqiqi sevgini indiki yaşadığımız bir dövrdə nadir insanlarda görə bilərik. Bu bir reallıqdır. Ailə var, övlad var, pul var, hər şey – yəni bir insanı yaşadacaq hər şey, yalnız sevgidən başqa. Bu həyat tərzini yaşayan insan məcburiyyətdən sevgini kənarda axtarır. Ancaq sonu görünməyən bir həyatı yaşamağa çalışır, özünü aldadaraq. Niyə aldadaraq? Çünki bu həyatda daima xoşbəxt olub yaşamaq yoxdur, əzizim. Xoşbəxt anlar var ancaq. Sevgini pul üzərində, maddi durumda axtaranlar da az deyil. Bu əyyas bir həyat tərzidi. Pul hər şey olmasa da, insan olaraq sevgisini ona satanlarımız da az deyil bu həyatda. Bu saf sevgi kişilərimizdə daha üstünlük təşkil edir. Qadın olsaq da niyə reallığı gizlədək axı? Hansı xanım imkanlı bir kişinin xanımı, həyat yoldaşı olmaq istəməz? Rebbim bu insanları yaradanda fərqli yaratdı. Çünki insanlar eyni əqidə sahibi olsaydılar, bu həyat o qədər də maraqlı olmazdı. Mənim sevgim də özüm kimi tamam fərqlidir…
20. Bəzi fürsətlər qapını yüngül döyər…qaçırdığınız fürsət oldumu?
– Çox olubdu qaçırdığım fürsətlər. Ancaq bilərəkdən. Qürurum buna yol verməyib. Mənliyimi hər şeydən üstün bilmişəm.
21. Bu gün sevən sabah nifrət də edə bilər, belə deyirlər. Sizcə sevgidən nifrətə olan bu yol niyə belə qısadır?
– Sevgidən nifrətə bir addım yol var. Üz-üzə dayanıb: ürəksizdən ürək ummaq əbəsmiş deməlisən. Namərd bilməz ki, mərdlik nədir? Hər insan qəlbi sevgini anlamaz. Anlayanlar isə həmişə bu həyatda bədbəxt olanlardı.
22. Sizə dünyada səadət bəxş edə bilən nemətlər hansılardır və bunlardan ancaq birini götürməyi təklif etsəydilər, nəyi götürərdiniz?
– Dünyada ən şirin nemət insan üçün onun can sağlığııir. Onu əvəz edəcək nəsə görmürəm bu həyatda. Varlıq desəydiniz əgər, bu mütləq qızım olacaqdı.
23. “El-aləm nə deyər?” – yəqin ki, tanış ifadədir. Necədir bu fikrə münasibətiniz, ictimai qınaq lazımdırmı?
– Duysa qohum, qardaş qınayar məni…bu şeirimdən bir sətirdi. Çox çəkinmişəm qinaqlardan, artıq söz-söhbətlərdən. Təmiz əxlaq, təmiz ad mənim üçün həyatımın şüarı olub həmişə.
24. Heç bir iş görmədən də yorula bilirmiş insan. Düşündükləri ağır gəlirmiş…oldumu belə halınız?
– Fiziki is insanın cövhəridi, əzizim. İnsanı yoran çözülməz fikirləri olar həmişə. Elə fikirlər var ki, ömür boyu düşünürsən: kaş ki bunu belə edəydim, ancaq etmədiyin üçün, çox gec olduğu üçün artıq geriyə yol olmur. O zaman çox yoruluram, çox. Çünki fikirlərimə əlac tapammıram heç cürə…
25. …Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlıb görüşürəmmi?
Yadına düşürəmmi?… Yadınıza tez-tez düşən, lakin əlinizin çatmadığı biri varmı?
– Fələyin yazısı boran, qar oldu,
Çoxuna dünya gen, mənə dar oldu.
Yox olan həsrətim indi var oldu,
Nə yaman yad olduq bir-birimizə?
Sevgi həsrətimdi mənim…əl çatmaz xəyallarımdı mənim. Allahdan sonrakı varlığımdı mənim. Hər gün mənimlədir xəyallarımda, ən kövrək anlarımda, hər mənalı sətirlərimdə, yamag tutmayan qəlbimdədir. Mən öz mənimlə yaşayıram.
26. Texnikanın inkişafı xəyanətin “yollarını” daha da asanlaşdırıb desək, yanılmarıq. Sizcə kimdir müqəssir?
– Xəyanət bu həyatda cılız insanlara məxsusdur. Hansı ki, sevməyi bacarmayanlar üçündür. Sevgini pulda, var-dövlətdə axtaranlar xəyanətin qurbanı olurlar. Reallığı texnikanın inkisafı bu olayları daha asanlaşdırdı. Ancaq müqəssir texnika deyil, düşünülməmiş yanlış addım atan insanlardı. Həyatı kefdə-damaqda görən insanlardadı, əzizim.
27. Kaş sevdiyi qədər sevilsin insan,
Bu dünya cənnətə dönər, əzizim…sizə aiddi bu musralar da, Pərvanə xanım. İnsan bəzən sevdiyi qədər sevilməsə də dünya cənnətə dönür gözündə. Bu sevgi fədakarlığıdırmı?
– Əslində mən sevgisiz bu həyatı cənnət olaraq görə bilmərəm. Sevgidən, istəkdən dünyaya gələn insan hər zaman sevgi, diqqət istəyir özünə qarşı. Bu qarşılığı görəndə isə həyat ona cənnət kimi olur.
Qizilgül üstündə xarı görürəm,
Bülbülün etdiyi zarı görürəm.
Ömrümü ömrünə yarı görürəm,
Səni görməyəndə, ay ömrüm-günüm…
Mənim üçün cənnət onunla birlikdə olmaqdır yalnız…
28. Əbu Turxan deyir: “Pisi söyləməkdənsə, yaxşını öymək lazımdır” Ətrafınızda olan yaxşıların və pislərin qiymətini verməkdə xəsislik etmirsiniz ki?
– Mənim saflığımı, səmimiyyətimi ətrafımda olan insanlar bilirlər. Xəsislik deməzdim mən. O, insanın cürətli olmasıdır, kimdənsə çəkinmədən sözü düz üzünə söyləsin. Bu mənim xarakterimdə var, ancaq heç sevmirəm də bu xarakterimi. Deyərli hər şeyə dəyər verməyi bacarıram. İç dünyası təmiz olmayan insanlar yaxşılara xəsislik edər dəyər verməkdə. Bunu mən özümə qarşı çox görürəm sırf xanımlarımızdan və bundan da əsla incimirəm. Çünki özləri mənə kömək edirlər onları tanımağıma.
29. Arxamdan danışmağa davam et. “Çünki qarşıma çıxacaq qədər böyük deyilsən”. (Ernesto Che Guevara) Arxanızca danışanlar çoxdurmu?
– Məni sevənlərim çox, lap çoxdur desəm bəlkə də yanılmaram. Arxamca hətta danışanlarım da, elə zənn edirəm ki, mənə olan məhəbbətlərindən danışa bilərlər ancaq. Bu həyatda kiminsə qəlbinə dəyəcək, kimisə üzə biləcək nəsə etməmişəm mən. Hər kəsi iç dünyam kimi saf bilmişəm. Çalışmışam ki, Pərvanə olaraq ürəklərdə yaşayım mənalı söz kimi mahnılarda oxunum.
30. Deyilənə görə həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda? Həyat hansı biridir sizin üçün?Ümumiyyətlə, nədir həyat?
– Həyat nədir-yaşıl yarpaq,
Sonu nədir-qara torpaq…
Bu deyilmi həyat, əzizim? Bu həyat məni nadir hallarda güldürdü, ancaq göz yaşları içində oldum. Allahımdan ümidimi üzmədim. Çünki ümidlərin qırılması həyatın sonu deməkdir, canım Sevincim. Həyatda heç zaman umidiniz qırılmasın, əzizim. Sizi çox sevən, suallarınıza səmimiyətlə cavab verən Pərvanəniz. Bursadan sizə qucaq dolusu salamlarımı, sevgilərimi, sayğılarımı yetirirəm, canım mənim. Allaha əmanət edirəm sizi…

Müsahibə üçün sizə dərin təşəkkürümü bildirirəm, Pərvanə xanım. 

23/06/2017 tarixində Yazılarım içində dərc edildi və , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 7 Şərh.

  1. Gönlü, yüreği temiz aziz dostları tanımağ hepimiz için önemlidir. Kimi insanlar vardır ki varlığı rahatsızlık verir kimi şahsiyetler de vardır ki olmadığında özlem, hasretlik olur. Pərvanə Hanımı ve nice güzel insanı sizlerin gayretiyle tanımağ ne güzel!. Teşekkürler çabanız için.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Oxuduqca hiss elədim ki, müsahibə silsiləsi üçün darıxmışammış 🙂 Suallar da, cavablar da xoşuma gəldi. Sevinc, sizi zatən yaxşı tanıyıram inşəAllah, Pərvanə xanımla da tanışlığıma şad oldum 🙂

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: