Hər kəs sevə bilər, amma sadiq olmağı bacarmaz…

imageDəyərli dostlarım, əzizlərim! Günaydın hər birinizə. Bilirsiniz ki, başladığım işi yarımçıq qoymaq mənim xasiyyətim deyil. Amma təəssüflə bildirmək istəyirəm ki, bəzi özəl və daha dəqiq desəm səhhətimdə yaranan problemlərə görə müvəqqəti olaraq burdan ayrılmalı olacam. Nə qədər çəkəcək bilmirəm, hər halda 1 aydan tez gələ biləcəyimə söz vermirəm. Bu müvəqqəti gedişimdən pərişan olanlara demək istəyirəm ki, Allahın izni ilə qayıdacam, mütləq qayıdacam. Gedişimdən sevinənlərə isə daha diqqətli olsunlar deyirəm, çünki qayıtmağım möhtəşəm olacaq…Ən qüdrətli ordu sərkərdələrinin də bəzən zamana ehtiyacları olur. Səhifəmi bağlamıram, çünki mən varam, həmişə də var olacam. ☺️
Bir mövzu ilə ayrılıram sizdən. Güman edirəm mən qayıdanacan yoxluğumu hiss etdirməz sizə… Allaha əmanət olun. Hər birinizin qəlbimdə öz yeri var… Mövzunu oxumağı unutmayın. Hələlik 🙋 
…Hisslərin ən gözəlindən danışacam bu gün. Hər kəsdə ola bilməyəcək bir hissdir bu. Hər kəs bacarmaz bu hissi qəlbinə yerləşdirməyi. Hər qəlbə də girməz heç… Füzuli diliynən deyim o zaman:

Aşiqi-sadiq mənəm,
Məcnunun ancaq adı var…

Dahi Füzuli belə özünü Məcnundan sadiq saydığı halda, o zaman nədir görəsən sadiq olmaq? Necə bir hissdir? Kimlərdir bunun daşıyıcıları? Mən təkcə eşqdə sadiqlikdən danışmaq istəmirəm. Onsuz da eşqi, sevdanı, sevgini o qədər dəyərsiz etdilər ki…Ümumilikdə sadiqlik hissin incələmək istərdim.
Bəlkə də eşqdən qaynaqlanıb sədaqət də, sadiqlik də. Amma eşqin özündən belə qüdrətli bir hissdir sadiqlik. Eşq bəzən keçici də ola bilir. Amma bir qəlbə sadiqlik toxumu əkildisə, o qəlb döyündüyü müddət ərzində bu hissi özündə daşıyacaq. Məhz ona görədir ki, hər qəlbə bu toxum düşməz dedim. Düşər bəlkə də, amma cücərməsi üçün münbit “torpaq” tapmaz, məhv olub gedər. Onsuz da kimi dindirsən, deyəcək mən sadiqəm. Amma dildə deməklə olmaz ki, bunu, dil pəhləvanları… sadiqliyi gərək göstərməyi bacarasan. Sadiq olduğuna üz çevirmək, sadiq olduğunu incitmək, sadiq olduğuna hər addımbaşı “gedə bilərəm” demək, sadiq olduğunun sənə olan münasibətinə haram qatmaq, etmə dediyini bilərəkdən, qəsdən etmək, olmaz dediyini “qoy görsün ki, bunu da edərəm” deyib etmək sadiqlikdən çox-çox uzaqdır. Bunlardan hansı birinisə sevdiyinizə etmisinizsə, demək artıq sadiqlik sizin lüğətdə özünə heç vaxt yer tapa bilməyəcək. Sadiq olmaq möhtac belə olduğun nələrəsə göz yummaqdır…əslində iki növ sadiqlik var. Birinci növ sadiqliyin sonunda mütləq vüsal var və bu vüsalın baş tutacağına qarşı tərəfin şübhəsi yoxdur. Mümkünlüyünə tam əmin olduğu vüsaldır. Bunu yaşamaq asan olduğu qədər, həm də burda gizli bir xoşbəxtlik duyğusu var. Vüsalı kim arzulamaz ki?… Biri də var sənə nəyi vəd edəcəyini bilmədiyin sadiqlik. Səni gözləyən vüsalmı, yoxsa ayrılığın acısımı?!..Bu cür sadiqliyi yaşamağı hər kəs bacara bilmir. Bu insandan fədakarlıq istəyir. Sadiq olmaq çox şeyi bildiyin halda danışmamaq deməkdir. Ona görə də birincidən daha dəyərli sayılır və sadiqlik məhz ikincilərin adıyla yaşayır.
Bir ailə düşünək…bir ömür sadiq həyat yolu keçən bir cütlük (nə qədər çətin də olsa düşünün ☺️). Sadiqlik hissini duyan bilən biri qarşı tərəf üçün canından keçməzmi? Allahın birgə yazdığı ömrü bəxtəvərlik içində başa vurmazmı? Vurar əlbət ki, çünki sadiq olmaqdan gedir söhbət… Mənim bu yönümdə yazılarım var, zamanla onları paylaşacam sizinlə, dəyərli dostlarım. Çünki mən o yazıları yazanda, nə mən sizi tanıyırdım, nə də siz məni. Tanıdığım bir neçə əziz insan var, onlar da təkrar oxumaqdan zövq alacaqlar ancaq, bilirəm. Ailədə sadiqliyin köklü olması üçün qadının üzərinə düşən yük böyükdür. Çünki qadın ərini zəlil də edər, vəzir də edər. Mən bəzən bir qədər ağır danışıram bu mövzuda, bilirəm ki, çoxu mənlə razılaşmır, üzümə vurmasalar da. Amma həqiqət budur, qadınlarda əvvəlki sədaqət, əvvəlki vəfa, əvvəlki etibar qalmayıb artıq. Bəlkə buna səbəb elə kişilərin özüdür. Amma qadın hər ötəri baxışdan, hər şirin kəlmədən dolayı ailəsinə soyuq davranmamalıdır. Lap həyat yoldaşı onu bir neçə dəfə acılamış olsa belə, bu sədaqət hissinə xələl gətirməməlidir. Sevgini dəyərsiz etdikləri kimi, sadiqliyi də unutmaq üzrədir insanlar…
Ailədə cütlər arasında olan sadiqlikdən başqa övlada olan sadiqlik də mühüm və əhəmiyyətli sayılan xüsusiyyətlərdəndir. Ailə bir bağdır, müxtəlif gücləri bir mərkəzə cəmləşdirən bağ. O bağın hansı birindən zəif yapışsan çevrə mərkəzindən çıxacaq. Nədir övlada olan sədaqət? Təbii ki, əsl Azərbaycan xanımı, bəyi çox az hallarda övladdan imtina edir (doğrudur, indi seriallar və sosial şəbəkələr gənclərin fikrini çox dolaşdırıb), deməli ona sadiqdir. Amma bəzən görürük ki, öz hisslərinə hakim dura bilməyən ata, gül kimi körpələrini qoyub bir başqa sevdaya düşür. Evdə narazılıq, qadının xəyanəti bağışlamaması, get-gedə yaranan soyuqluq gətirib boşanmaya çıxarır. Zərər görən kim olur? Yenə də uşaqlar. Əlbət ki, kişi nəfsinə hakim olmuş olsaydı, uşaq da mənəvi zədə almaz, onsuz da qarma-qarışıq olan həyatın çətinliyi içində bir az da müşkülə düşməzdi. Sözüm xanımlara da aiddir. Bir az kasıbçılıq, bir az qayğının azlığı, bir az da digər istəklərin kasadlığı ucbatından heç vaxt övladı sınıq böyüməyə məcbur qoymayın. Əgər öz istəklərinizə YOX! deyib, övladınızın üzü gülsün deyə nələrdənsə keçməyi bacaracaqsınızsa, siz sadiq valideyn olacaqsınız. Bir qadın ana oldusa, ona möhtac övladları varsa, o kəs qadınlıq hissini ikinci plana atmağı bacarmalıdır. Çünki birinci yerdə Ana adı dayanmasa övlad mənəvi şikəst olacaq. Əgər qarşı tərəf övladına yaxşı anadırsa, həmçinin atadırsa, axı niyə bu körpələrin həyatını ikiyə bölməlisiniz? Unutmaq lazım deyil ki, bu gün sahib olduğuna xəyanət edib, daha yaxşısını arzulayırsansa, sabah o yaxşı bidiyini də kiməsə və nəyəsə, daha yaxşıya dəyişəcəksən. Çünki sən sədaqətdən uzaqsan…
Dostluqda da onun kimi. İçində sadiqlik, sədaqət duyğusu olmayan biri sona qədər dost olmağı bacarmayacaq. İndi zəmanə o qədər dəyişib ki, insanlar dost seçərkən qəlbə yox, cibə baxırlar. İstifadəçilik baş alıb gedir insanlarda. Dost deyir, əzizim deyir, canım deyir, amma qarşılığın umur. Hərə bir şeylə umur: biri tərif gözləyir, biri qarşılıqlı xoş söz, biri madiyyat, biri də bəlkə lap hamısını… Niyəsə Elxan Elatlının “Xəyanət” əsərindəki Qaplan yadıma düşdü…

Sədaqət sənə yad, mənimsə özüm
Sədaqət vəfadır, sədaqət almaz.
Yorma sən özünü, axtarma çözüm
O çox bahalıdır, səndə tapılmaz…

Advertisements

31/05/2017 tarixində Ailə dünyası, Yazılarım içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. Allah sizə şəfa, könül rahatlığı versin, Sevinc.
    Eh insanlarda sadiqliq nə gəzir. Mən hələ ərə, arvada, övlada, dosta-tanışa sadiqliyi bir qırağa qoyuram (əslində insan hər şeydə sadiq olmalıdır, hətta dediyi sözdə də, itə-pişiyə də). İnsan övladı “Allaha qurban olum” deyib də, sevdiyini hesab etsə də, heç də sadiqlik göstərmir. Yəni səni heç nədən var edən, bu qədər nemət verən Allaha sadiq olmayan insanın digərlərinə də qarşı sadiq olmaması təbii və gözləniləndir.
    Yolunuzu gözləyəcəyik inşəAllah. Yüksək əhval ruhiyədə görüşənədək 🙂

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: