Xoşbəxtlik – xəyanət və yalan olmadan sevdiyinin gözlərinə qürurla baxa bilməkdir…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 19-cu yazı)

Günaydın, əziz dostlar. Müqəddəs cümə gününüz mübarək. Bu gün tanışlıq günüdür, bəli. Mənimçün o qədər xoş bir tanışlıq oldu ki. Mən deyərdim tanış olmadım, kəşf etdim. Mən bir sadiqlik nümunəsi qadın kəşf etdim bu gün. Bir aya yaxın olar sadiqlik haqqında bir yazı yazmışam, vaxt edə bilmirdim redaktə edib dərc etməyə. Amma bu günkü müsahibə mənə bir stimul verdi ki, inşAllah yaxın günlərə bu yazını dərcə verim. Pərvanə xanım gənc yaşında yoldaşını itirib, Allah rəhmət eləsin. Amma yazısını oxuyan hər kəs bir qadında olan sədaqətin dəyərin görəcək. Dünyada olmayan birinə, sevgisinə, övladlarına olan sədaqətdir bu. Həyat yoldaşı ona iki gözəl gül bala əmanət qoyub gedib. Pərvanə xanım sevgisinə sadiqliklə qanadı altına alıb bu körpələri. Nə qədər ucalardasınız siz, Pərvanə xanım. Sizin kimi qadınlarımız çox azdır, əfsuslar olsun. Hətta yanlarında olub, sahib olduqlarına belə sədaqətli olmağı unudanlar var. Amma siz yoxluğuna belə sadiq olmağı bacarırsınız…

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Yazan qələmimdi, düşünən beynim,
Yurdum Azərbaycan, Şəmkirdi elim.
Pərvanə Həsənəm, “Qəm yazarıyam”,
Şeir aləminin söz bazarıyam. 
2. Bəzən hardansa bir yerlərdən ən sevdiyin bir musiqinin səsi gələr…dəvətsiz qonaqlar gətirər özüylə…xatirələrin gələr…xəyalların gələr…bir tək o gəlməz…kimdir o?
– Dinlədiyim musiqilər yalnız lirika və əhli-beyt qrupunun ifa etdiyi dini mahnılardır. Ruhumuzun qidasıdır musiqi, dinlərkən xəyallar aləminə uçuş biletidir həzin bir melodiya. Hamı üçün gətirən, amma məni ona götürən ecazkar bir səsdir musiqi. Düz söylədiz “o gəlməz” , çünki istəsə də gələ bilməz. Nə xəyalda, nə realda, nə musiqidə, nə də fəryadlı çağırışıma səs verməyəcək məzarda vaxtsız yatanım. Ömür-gün yoldaşım demək istərdim, çox təəssüf ki, sadəcə “O” deyib, susuram.😔
3. Yenə qəm dolu gecə,
Yenə sənli xəyallar.
Ağlayıram gizlicə
Üzülməsin uşaqlar… Sizin qələminizin məhsuludur, Pərvanə xanım. Daha doğrusu ürəyinuzin yanğısı deyərdim. Həyat yoldaşınızın yoxluğunu unutdura bilirsinizmi övladınıza?
– Onsuz nə gecəm var, nə də gündüzüm,
Onun yoxluğuna mən necə dözüm?
Daha ağlamaqdan kor olub gözüm,
Mən bir can itirdim çoxdur dəyəri,
Fəryadım yandırır uca göyləri.

Hər gün boylanıram ayaq izinə,
Canım qurban onun ala gözünə.
Övladlarım həsrət ata sözünə,
Onun ölümündən yox xəbərləri,
Fəryadım yandırır uca göyləri.

Dua edirəm ki, şükür Rəbbimə,
Övlad sevincini bəxş edib mənə.
Onlarla təsəlli tapsam da yenə,
Qulağımdan getmir şirin sözləri,
Fəryadım yandırır uca göyləri.

Mahirin 10 yaşı var ölümündən xəbərsiz olsa da dərk edir ki, ata daha gəlməyəcək…amma Tahirin məna dolu üzgün baxışı, dönüşü olmayan yollarda ata axtaran gözləri hər gün məni məhv edir…
4. İnsanların etdikləri pisliklər onlardan sonra yaşayır, yaxşılıqlar çox vaxt sümükləriylə birlikdə basdırılır. Yaxşılıq niyə tez unudulur sizcə?
– İnsanıq ən azından, yaşayırıq və bəzən də nələrisə yaşadırıq. Yaxşılıq haqqında çox söz yazmaq istərdim. İnsan etdiyi yaxşılığı dedikdən sonra, o yaxşılığı sayılmır onun. Yaşadığımız bu dünyada nə yaxşılıq unudulmur, nə də pislik. Yaxşılığı unudan nankor və düşüncəsi kasad olan insanlardır. O da kainatın müəyyən bir hissəsini əhatə edir. Yaxşılığı basdırsaq belə əsrlər boyu xatırlanır. Çünki yaxşılıq Həzrəti Əlidən(ə.s) bizə qalan bir ibrət, bir örnəkdir.
5. Şekspir deyir: ” Cavabın o qədər gec oldu ki, soruşduğumu unutdum”…cavabsız qalan sualınız necə, oldumu?
– Unutdum, Unutmaq, Unuduldu – bu deyə bir fikir yox həyatda. Heç nə unudulmur. Sadəcə xatırlamaq istəmədiyimiz və üzdə özümüzü unutmuş kimi göstərdiyimiz anlar ola bilər. Çünki insan beyni ən güclü yaddaşa malikdir. Bütün hadisələr bir-bir qeydə alınır orda. Yalnız xəstə və əqli zəif insanlar unuda dilər. Əgər bir insan unutdum deyirsə bil ki, o həmin ana qayıtmaq istəmir.
Bu sualı fikirləşmək belə lazım gəlmir mənə. Çünki nə yatdım ki, nə də yuxu görəm?.. Çox suallarım oldu cavabsız qalan. Üsyan və şikayət kimi qəbul olunmasın Rəbbimə ünvanladığım sualım cavabsız qaldı: “Görəsən hansı günahımın cəzası idi, həyatımın geri qalan hissəsinə onsuz davam etmək? ” Bu sualın cavabını əsla öyrənə bilməyəcəyəm. İndi tək istəyim qalan suallarımın cavablarını oğlanlarımdan almaqdır.
6. Sevdiklərimizə verəcəyimiz ən qiymətli hədiyyə, nə qızıl nə də ləl-cəvahirat. Tək özümüzdən bir kiçik parça. (R. W. Emerson) Siz çəkinmədən nəyinizi verərdiniz sevdiklərinizə? Və kimdir o?
– Sonsuz sevgim Allaha və övladlarımadır. Bu həyatda tək canım qalıb, canım ona görə deyirəm ki, ruhumu, ürəyimi onunla yola salmışam. İndi mənim üçün iki dəyərli hədiyyəm var. Can hər şeydən şirindir deyirlər, amma mən çəkinmədən hər şeyimi hətta canımı da onlara verərdim.
7. Yaxşılıq, insanları bir-birinə bağlayan qızıl zəncirdir. Yaxşılıq edib pislik gördüyünüz oldumu?
– İndi artıq “yaxşılıq zənciri” deyə bir anlam yox. Birinə yüzlərlə yaxşılıq edib bir dəfə pislik etsən , etdiyin bütün yaxşılıqları heçə sayacaq. Çünki bəzi insanlar üçün əlinin içi də, çölü də eynidir.
Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir. Əlimdən gəldiyi qədər hamıya yaxşılıq etməyə çalışıram, amma qarşılığında heç nə görməmişəm, heç yaxşılıq üçün qarşılıq da gözləməmişəm. Hamı kimi mənim də yaxşılığımın qarşılığı pislik olub. Kimə dəyər verdimsə, dəyərim itdi, kimə yaxşılıq etdimsə pislik aldım. Bəzən deyirlər ki, niyə hər kəsə öz etdiyi əmələ uyğun dəyər vermirsən? Cavabım:
Yaxşılığa yaxşılıq “hər” kişinin işidir,
Yamanlığa yaxşılıq “ər” kişinin işidir.
Çalışaq “ər kişi” sırasında çəkilsin adımız. Əgər pis pisliyindən qalmırsa, mən niyə yaxşılığımdan əl çəkim?!
8. Qadınlar özlərinə edilən bir çox şeyi bağışlaya bilərlər; amma bağışladıqları şeyləri heç bir zaman unutmazlar. Belə çıxır ki, qadınlar kinlidirlər? Bəs siz necə, bağışlamağı bacarırsınızmı?
– Bağışlamaq bizə Allahın hökmüdür. Əgər O, bağışlayan və rəhimlidirsə, biz niyə bunu inkar edək?
Belə bir deyim var kişilər bağışlayır və unudur. Amma qadınlar kinli ola bilər, qadınlar paxıl (sevgi sarıdan), qısqanc ola bilər amma onlar da Allahın yaratdığı bəndələrdir. Ona görə də qadın və ya kişi fərqi yoxdur bağışlamağı bacarmalıdır. Biz qadınlar kişilərdən fərqli olaraq çox sevdiyimizdən bağışlayırıq, amma unutmuruq. Sevən qadın məncə bağışlayar. Amma bir sitat da gətirim, deyirlər:
“Birinci dəfə bağışlamaq insanlıqdır, ikinci dəfə bağışlamaq müdriklikdir, üçüncü dəfə bağışlamaq axmaqlıqdır”. Məncə bəzi insanlara deyərdim ki, bəzən səbr daşı da çatlayır. Çalışıb o həddə çatdırmasınlar bəlkə də özümə gələndə bağışlayaram, amma unudarammı bax onu deyə bilmərəm…
9. Dərdimizi öz dərdi kimi yaşayan dostumuzun varlığı, dünyanın ən dəyərli sərvətindən dəyərlidir. Varmı belə dostunuz?
– Dost sözü hecaya bölünmədiyi kimi, dost anlamı da bölünməz və ayrılmaz deməkdir. İnsanın bəzəyi nə zinətdir, nə də var-dövlət. Bir tək candan yanan dostun olmağı dünyalara dəyər. Qadının tək dostu həyat yoldaşı olmalıdır. Onu zamansız itirdikdən sonra həyatımda təsadüfən tanısam da canım qədər çox sevdiyim bir dostum, İncim var. Ona mən sərvət deməzdim.
O, mənim xəzinəm,
Onsuz heçəm mən.
O, mənim ruhum,
Ən şirin duyğum.
O, mənim canım,
Nəfəsim, qanım.
O, mənim İncim,
Şadlıq, sevincim.
10. Bəzən ürəyimizdə elə hisslər olur ki, ağlımız onunla əsla bacara bilmir. Ürəyinizdə elə bir hiss varmı ağlınız qarşısında acizdir?
– Həmişə ağlımla yaşadım, ağlımla addımladım həyat yollarında, büdrəsəm də hisslərimi içimdə boğdum. O nə dəyər, bu nə deyər deyə-deyə hər şeydən məhrum etdim varlığımı. Ağlım qarşısında aciz qalan yeganə bir hiss var o da “Könlümün səsidir ” ki, kimsə duymasın deyə susdururam hər zaman içimdə tüğyan edən yalnızlıq fırtınasını. Bəzən də ağlımda dəyərləndirdiyim müsbət fikirlər çarəsiz edir məni analıq hisslərimin önündə. Beləliklə, həm hisslərim, həm də ağlım aciz qalır Taleyimin qarşısında.
11. Sabahlar həmişə gözəl olacaq deyilir. Amma bu günlər, dünənin sabahları deyilmidir? Bəs onda bəşər övladı niyə sabahlara ümidini itirmir?
– Dünənin sabah olan, bu gündən görmədiyimiz uğuru növbəti açılan sabahdan umuruq. Çünki bəşər övladı olan hər bir insan nə qədər nəfəs alırsa, sabahlara olan inamı itməyəcəkdir. Ümid ən sonda ölər deyib, həyata davam edirik. Çünki “gün doğmadan nələr doğar” deyib atalarımız. Hər şey yeri, göyü xəlq eyləyən Allahın əlindədir. Əgər bir dilək tutub, onun gerçəkləşməsi üçün Allaha əl açıb sidq ürəklə dua və ümid ediriksə, Allah da ona açılan əli heç vaxt boş qaytarmaz.
12. Bir saatlıq bir zaman belə itirməyə cəsarət edə bilən bir kimsə həyatın mənasını­ qavraya bilməmiş deməkdir. Zamanı boşa ­verdiyiniz oldumu?
– Günlər, aylar, hətta illər belə su kimi axıb gedir ovuclarımızdan. Ömür yolumuzda dönüb arxaya baxanda edə bilmədiklərimiz üçün boşuna sərf etdiyimizi görsək də o anlar yaşanıb və bitib. Bu həyatda iki şeyə: biri 2il ibadətimdən uzaq olduğum vaxta , biri də qələmimdən ayrı qalan 11 ilimə çoxxx təəssüf edirəm.
13. Susmağı bilmək söyləməyi bilməkdən daha nadir bir üstünlükdür. Susmağı bacardığınız üçün susdunuzmu, yoxsa söyləyəcəklərinizin susmağınıza səbəb olacağından qorxduğunuz üçünmü?
– Danışmaq gümüşdürsə, susmaq qızıldır. Adi bilib də söylədiyimiz bir kəlmə həyatımızın ən böyük səhvinə gətirib çıxarar. Ona görə də çox vaxt susuram. Amma susaraq içimə atdığım kəlmələr şüşə qırıntıları kimi qəlbimi param-parça edir. Susmaq və məqamı gələndə danışmaq özü bir siyasətdir. Boşuna məsələ çevrilməyib:
Bacarırsan danış ilham alsınlar,
Bacarmırsan sus insan sansınlar.
14. V. Hüqo deyir: “Yaxşı olmaq asandır, çətin olan ədalətli olmaqdır”. İnsanlar ədalətli olmaqdan niyə qaçırlar sizcə? Bu qədərmi ağırdır ədalətin yükü?
– Ədalət hakimi bizi xəlq edən Rəbbimizdir. Bəşər övladına ədalətli davranmaq Rəbbimin bizə tövsiyəsidir. Zəmanəmizdə ədalətdən söz gedə bilməz, hamı öz çıxarını güdür. Amma haqqın ədalətindən qaçılmaz.

Bəzən üzümə gülüb, mələktək göründülər,
Başlarından ayağa yalana büründülər.
Ədalət meydanında torpaqda süründülər,
Haqqa tərəf gedilməz xəyanətlə, yalanla,
Mübarizə edirəm məni yıxan zamanla.
15. Qısqanc daha çox sevər, lakin qısqanc olmayan daha yaxşı sevər deyirlər. Sizcə hansı daha yaxşıdır?
– Mənim fikrimcə qısqanclıq deyilən kəlmə nə yaş həddinə, nə də cins fərqinə baxmır. Bu hiss içimizdə sevdiyimiz insanı itirmək qorxusuyla yaranır. Qısqanclıq əsl məhəbbətin göstəricisidir. Amma aşırı qısqanclıq aşiq usandırar. Sevgidə sədaqət, diqqət və hörmət olarsa iki aşiqin qisməti daim xoşbəxtlik olar.
16. “Vərdişlərin zənciri eşidilməyəcək qədər yüngül, sonra qırılmayacaq qədər də güclü olarlar”. Ən pis vərdişiniz nədir?
– Düz vurğuladız vərdişlərin zəncirinin səsi eşidilməyəcək qədər yüngül və qırılmayacaq qədər güclüdür. Bir insana 3 gün bəs edir hansısa bir vərdişə yiyələnsin. İnsan bacarmalıdır ki, yaxşı şeylərin vərdişinə öyrənsin. Saymaqla bitməyən pis vərdişlər var. Özümü bu sarıdan bəxtəvər hesab edirəm ki, bu günə qədər heç bir pis vərdişim olmayıb. Çünki səhv bildiyim hər şeydən qaçmışam. Onu özümə vərdiş etmək yerinə tam əksi uzaq durmuşam. İki gözəl vərdişimi sevirəm. Birincisi və ən gözəli hər sabah eyni saatda Sübh Azanına oyanmaq, ikincisi isə oxuduğunuz şeirlərimi Sübh Namazından sonra yazıram və paylaşıram oxucularımla.
17. Heç bir şey, ələ keçincə xəyalda olduğu qədər gözəl qalmaz. Niyə belədir sizcə?
– Nail olana qədər hər uğurum bir xəyaldır. Bilirsinizmi niyə xəyal etdiyimiz kimi gözəl qalmır? Çünki çox dəyər veririk, əldə edənə qədər o xəyalın arxasınca qaçırıq. Fərqi yoxdur real və ya xəyalda əlçatmayan nə varsa hamısı dəyərlidir. Elə ki, əldə etdik nankor oluruq, ya da həvəsdən düşürük. Bu sanki dəyişilməsi mümkün olmayan bir qanundur.
18. Yaşadığınız ömürdə elə bir səhnə var ki, bunu əminliklə “mən yazdım” deyərdiniz?
– Ömür kitabımın vərəqlərində,
Bir tənha qadının göz yaşları var.
O məni tərk edib getdiyi gündən,
Həyatım ölümdür, yatağım məzar.

Həyat müəllifim Rəbbimə məxsus,
Əvvəl yaratmışdı körpə bir mələk.
Xoşbəxt bir gələcək olsa da əfsus'(s)…
Ön sözümü yazdı amansız fələk.

Həyat başdan-başa bir səhnə və biz də bu səhnənin çarəsiz oyunçuları. Ssenarisi Rəbbimə məxsus olan əsərləri oynamağa məhkum olunmuş aktyorlarıq hamımız.
19. İnsan; düşünmək , sevmək, inanmaq üçün dünyaya gəlmişdir. Bunların hansı birindən kəsiriniz var?
– Həyata düşünmək, sevmək və inanmaq üçün gəldim. Həyat yollarında həmişə düşünərək addımladım. Sevgilərin ən gözəlini, ən özəlini xəyanətsiz, yalansız, xoşbəxt bir sevgi yaşadım. İnanmaq -hamıya inanmaq, hamını öz qəlbim kimi görmək həyatda ən böyük səhvim oldu. Düzdü uzun zamanımı aldı, həyatda kimsəyə hətta kölgəmə belə inanmamağın gərəkdiyini öyrəndim, gec olsa da. Çünki yalnızkən, qaranlıqda kölgəm belə məni tərk etdi. İnandığım tək insan ayna qarşısına keçərkən gördüyüm əksimdir. Son zamanlar özümdən başqa bir də “İnci Bacıma ” güvənib onunla bölüşürəm fikirlərimi.
20. Filosoflar deyir ki, xoşbəxtlik doğru və gözəl düşüncələrlə düşünə bilməyi bilməkdir. Bəs sizcə xoşbəxtlik nədir?
– Mən xoşbəxtliyi filosofların və alimlərin nə dediyi ilə deyil sadə dildə öz qəlbimdən keçənlərlə anlatmağa çalışacam. Xoşbəxtlik mənə görə sevdiyin insanın gözündə dəyərli ola bilməkdir.
Xoşbəxtlik – xəyanət və yalan olmadan sevdiyinin gözlərinə qürurla baxa bilməkdir.
Xoşbəxtlik – hər cür əzaba dözüb sevdiyinin yanında ona dayaq ola bilməkdir.
Hətta ölümə gedərkən belə ona bərk-bərk sarılıb gəl yerimizi dəyişək sənin yerinə mən gedim deyə bilməkdir. Xoşbəxtlikdən çox danışmaq olar sonda bir tək onu deyə bilərəm ki, ölümündən öncə bərabər olduğumuz 8 ildə 80 ilin xoşbəxtliyini yaşatdı mənə.😢
21. Nə qədər insan gördüm ki, əynində libası yox,
Nə qədər libas gördüm ki, içində insan yox… İnsanları geyiminə görə tanımağa çalışırsınız, yoxsa geyiminə aldandığınız insanlar da oldu?
– Əynində libası olmayanların canında, qanında, ruhunda gördüm insanlığı mən. Hər zaman qəlbinə və rəftarına görə dəyərləndirdim insanları.
Əsla yanılmadım, aldanmadım göz qamaşdıran dəbdəbəli geyimlərə. Bu cür geyimlərin içərisində hər zaman insanlıq aradım və çox təəssüf ki, axtardığımı tapa bilmədim. Çoxları da bu libasa sonradan sahib olanlardı hansı ki, bahalı paltarların içərisində itirdilər insanlıqlarını.
Nə mal, nə mülk, nə də ən gözəl geyim heç nə önəmli ola bilməz insanlığımızın, mənəviyyatımızın və sadələyimizin yanında. Sadəlik özü tam anlamı ilə bir zənginlikdir.
22. Yalnızlıq insana çox şey öyrədirmiş. Niyə?
– Əslində yalnızlıq Allaha məxsusdur. Allah da heç bir bəndəsini yalnız buraxmaz. Mütləq tutunacaq bir qol, yaşayacaq bir səbəb verir. Yalnızlıq insanın içindən qopan bir fəryaddır. O tərk edilmiş sevgidən, bir boşluqdan başlayır. Ətrafımızda çox insan olduqda yadımıza yalnızlıq düşmür. Çünki başımızı hər hansı bir məşğuliyyətlə qatırıq. Ən azından axşama kimi bu hissdən uzaq oluruq. Gecələri heç sevməm, çünki iki ildən çoxdur ki, hər gecə mənə yalnızlığımı xatırladır. Amma onu da deyim ki, yalnız qalanda çox şeyi öyrənib, daha iti nəzərlərlə baxıram həyata. Yalnızlığım sadəcə həyat dərsim oldu mənə.
23. Mövlanə deyir ki, cahil insan baraban kimidir. Səsi çoxdur, lakin içi boşdur. Bəs sizin fikrinizcə cahil insan kimdir?
– Mövlanənin bir sözü də var:” Ağıllı adamın axmaq qarşısında susması təəccüblü deyil.” Çünki nağara səsi tar səsinə, Sarımsaq iyi, Ənbər qoxusuna həmişə üstün gəlir.
Cahil insan…
Qurana əsasən cahil insan kimdir? Quranda işlədilən “cahil” sözü, xalq arasında işlənən “cahil” sözündən fərqli məna daşıyır. Quranda ifadə edilən cahillik insanın yaradılış məqsədindən Yaradanımız olan Allahın üstün xüsusiyyətlərindən, Allahın nazil etdiyi kitabdakı məlumat və hikmətdən, sonsuz həyatı ilə əlaqədar mövzulardan xəbərsiz olması və bütün cahillikdən doğan həyat tərzini mənimsəməsidir.
Allahı bir İlahi kimi tanımayan, Onun elçiləri vasitəsilə göstərdiyi doğru yola getməyən insanların cahillik etdiyinə Quranda belə diqqət çəkilmişdir: Cahillər doğru yolu verib, azğınlığı satın almış kimsələrdir. Ancaq onların ticarəti əsla qazanc gətirməyəcək.
Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər. Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini də heç bir şey görə bilməyəcəkləri zülmətlər içərisində buraxar. Onlar kar, lal və kor olduqlarına görə doğru yola çıxa bilməzlər.
Cahil insan xarakteri əxlaq xüsusiyyətləri, şəxsiyyət quruluşları, həyata olan dünyagörüşləri və vərdişləriylə seçilirlər. Sadə dillə desək cahillik səhv yolda olmasına baxmayaraq özünə haqq qazandıran insan tipinə aiddir.
24. Səhifələr, əslində, özündən əvvəlkinin izini daşıyır. Silib başdan yazacağınız səhifə varmı?
– Yaşamın hər anlamına aid bir səhifə var həyatımda. Uşaqlıq, gənclik, evlilik və son 2il 7ay 9 gün 4saat…
Bu səhifələr hərəsi öz dövrünü yaşadır sətirlərində.
Bildiyimiz kimi təfəkkürümüz inkişaf etdikcə daha da şüurlu addım atmağa məcbur edir insanı. Və ……..keçmişə nəzər saldıqda indiki ağlımla müqayisədə silib yenidən yazmaq istədiyim bir neçə səhifə var. Amma neyləmək olar nə dəyişmək olmur, nə də cırıb atmaq.
Əgər doğurdan da belə bir şansım olsaydı silib başdan yazacağım tək səhifə 18 oktyabr 2014-cü il, “Alnımın qara yazısı.”
25. Ömür kitabımın vərəqlərində
Bir tənha qadının göz yaşları var.
O məni tərk edib getdiyi gündən
Yaşamaq ölümdür, yatağım məzar… Bir sədaqətli qadının gizli hıçqırığın duydum bu misralardan. Niyə qadınlar bir ömür bir sevgiylə kifayətlənib, yoxluğunu, dönməyəcəyini bilə-bilə sevgisinə sadiq qalmaqda kişilərdən öndədir? Niyə belədir sizcə?
– Qadın ilk dəfə sevəndə ancaq sevgilisini, daha sonra isə sevgisini sevir. Gülməyi bacaran zaman gülür və istədiyi zaman ağlayır. Elə bir mələkdir ki, uşaq ikən qoruyur, gənc ikən xoşbəxtlik üçün çalışır, qocalanda isə təsəlli verir. Ağıllı bir qadın xəzinədir. Yetərincə hirsli, qərarlı və bacarıqlıdırsa, edəməyəcəyi heç bir şey yoxdur. Onlar bütün dünyada ikinci sinif yaradılmışdır, amma dünyanı bir arada tutanlar da olardır. Qadınlar müvəffəqiyyətlərini əldə etdikləri zənginliklərlə deyil, ətrafda topladıqları sevgiylə ölçərlər. Hər şey insanın əlindədir, insan isə qadının. Qadın intuisiyası daha dəqiqdir, nəinki kişi əminliyi. Qadınlar hər sahədə kişilərdən öndə olduqları üçün sədaqətdə də öndə gedirlər.

Fikir xəyalımda canlanır nələr,
Gözümün önündən filimtək keçir.
Cavabsız suallar, xoş xatirələr,
Hər gecə əynimə ağ kəfən biçir.
26. Qürurunuzu əzib keçdiyiniz hallar olubmu heç?
– Qürur hissi insanın həyat enerjisini və gücünü zəiflədir. Qürurun ölümə səbəb olan günahlardan biri olduğu da söylənilir. Qürur hissi emosiyaların, hisslərin, neqativ fikirlərin və insana əzab verən düşüncələrin müccəssəməsidir. Həyatda yaşamaq üçün özündə güc tapmaq istəyən, həyat enerjisi ilə yaşamaq istəyən hər bir şəxs öz fəaliyyətinin həyata keçirmək üçün qürurundan əl çəkməlidir.
Qürurdan əl çəkmək üçün isə əvvəlcə onun varlığını qəbul etmək lazımdır.
27. Bütün dünya qadına qarşı şiddəti qəbul etmir. Lakin ən çox şiddətə məruz qalanlar da qadınlardır. Sizcə bu şiddət qadınların günahıdır, yoxsa zəifliyindən istifadə?
– Ancaq Allah sevgisi qadınlara qarşı şiddətin həll yoludu. Qadına qarşı şiddət 21-ci əsrin ən böyük sosial problemlərindən biridir. Beynəlxalq təşkilatlar hər il bu problemin psixoloji və mədəni səbəblərini, cəmiyyətə təsirini və qadında meydana gətirdiyi travmaları araşdırır. Beynəlxalq təşkilatlar qadına şiddətə qarşı hüquqi sanksiyaları yenidən tənzimləyərək bu problemin qarşısını almağa çalışır. Qadına şiddətin əsas amilləri iqtisadi böhran, həyat keyfiyyəti və təhsil səviyyəsi deyil. Son rəsmi anket sorğuları Avropada qadına böyük şiddət tətbiq olunduğunu göstərir.
Son əsrdə olduğu kimi dövrümüzdə də qadına şiddətin əsas səbəblərini sosioloqlar və psixoloqlar elmi cəhətdən araşdırır. Bu araşdırmalarda kişilərin təbiəti, spirtli içki və narkotik maddədən istifadə kimi bioloji səbəblərlə uşaqlıqda şiddətə məruz qalma və bundan törəyən psixoloji pozuntular qadına qarşı şiddətin elmi faktları kimi irəli sürülür. Şiddətin kişinin təbiətində olduğu, kişi üçün güc, cəsarət, enerji mənasını verdiyi kimi çox səthi nəzəriyyələr irəli sürülür. Ancaq şiddətin qarşısı alına bilmir…
Həll yolu üçün problemin əsas mənbəyini tapmaq lazımdır. İllərlə insanlara təlqin edilən materializm və nəticədə də ortaya çıxan inancsızlıq cəmiyyətdəki şiddətin kökündəki əsas səbəbdir. Çünki insanlar kainatın, təbiətin, canlıların yaradanı olduğunu, hər kəsin yaşamaq hüququ olduğunu düşünmür. Eqoist, təkəbbürlü, öz mənfəətini düşünən insanlar kifayətlənməmə hissinə qapılmağa başlayırlar. Bu da cəmiyyətdə vəhşicəsinə sahiblənmə, qısqanclıq, sevgisizlik və nifrət duyğusunu artırır. Şəfqət, mərhəmət və anlayışın yerini münaqişə tutur. Haqlının deyil, güclünün həyatda qalacağı inancı dünyanı sevgisizlik cəhənnəminə çevirir. Öz-mərkəzli, partlamağa hazır bomba kimi yaşayan insan modeli, zəngin də olsa, bir neçə universitet bitirmiş də olsa, pozulmuş təbiətindəki şiddət mədəniyyətini heç cür tərk edə bilmir. Eqoistlik və sevgisizlik fərdləri özündən başqasına dəyər verməməyə sövq edir. Sadəcə şəxsi mənfəət üçün birləşən qadınla kişi zaman ərzində bir-birinə nifrət edir və nəticədə, kişiyə nisbətən daha zərif olan qadınlar ciddi şəkildə şiddətə məruz qalır. Ən gözəl evlər bir anda qadın üçün həbsxanaya çevrilir. Qadın Allahın dünyadakı ən gözəl təcəllisidir və çox xüsusi varlıqdır. Allah qorxusu və Allah sevgisi olan bir insan qarşısındakı qadını Allahın yaratdığını bildiyinə görə ona böyük sevgi və hörmət bəsləyər. Allah qorxusu olan kişi qadına ən kiçik incidici söz deməz və onu bütün imkanları ilə qoruyar.
Qadını incitməyin kainatı yaradan Allahın rizasına uyğun olmadığı və nəticədə də Allahın rizasını itirmək qorxusu insanlarda formalaşdırılmalıdır. Bu mövzuda məktəblərdə, universitetlərdə seminarlar və konfranslar təşkil oluna bilər. Gənclərə Allahın varlığı izah edilməli, Allahın şiddəti və eqoizmi haram etdiyi vurğulanmalıdır. Sevginin, şəfqətin və mərhəmətin bütün dünyaya hakim olması ilə qadına şiddət tamamilə aradan qalxar və qadın sevgisi bütün dünyaya yayılar. Bu suala cavab olaraq qadının zərifliyi və zəyifliyi deyərdim mən.
28. “Kaş ki”………necə tamamlayardınız?
– “Kaş ki”lərsiz bu həyatı təsəvvür etmək mümkün deyil. Kaş ki, olmasaydı dediyimiz günlərin sayı daha çox olur . Amma onu da deyim ki, kaşkilər zamanında görə bilmədiyimiz səhv hesab etdiklərimizdirsə, elə onların sayəsində bir də o səhvləri təkrar etmirik.
Elə kaşkilər də vardırdır ki, o Rəbbimin məsləhəti ilə olanlardı hansı ki, istəməsək də yaşamalı oluruq.
Kaş ki, heç gəlməzdim mən bu həyata,
Hər gün yaşadıqca çoxalır xəta.
Kaş ki, böyüməzdim, qalardım uşaq,
O yaşda yaranır hər şeyə maraq.
Kaş ki, yazılmazdı bəxtimə qara,
Sevdiyim dönübdü cansız məzara.
Kaş dəli olardım, olmazdı dərdim,
Nə də bu dünyanın dərdin çəkərdim.
Kaş ki, başdan silib yaza biləydim,
Dünyadan ölümü poza biləydim.
Kaş ki………….😢
29. Başqalarının izindən gedən, öz izini buraxa bilməz… İziylə getmək istədiyiniz biri oldumu bu həyatda?
– Həyatda və ya sənətdə mütləq özümüzə bir kumir seçməliyik ki, uğurlara doğru daha da iri addımlarla irəliləyək. Oxuduğunuz və dinlədiyiniz şeirlərimi yazmaq və səsləndirmək mənə genetik ötürülmədir. Bu istedad mənə atamdan keçib. İdealım olub hər zaman, hər sahədə ona bənzəmək istəmişəm. Amma öz sözümü də deməyi bacarmışam.
Pərvanə Həsən kimi tanıdığınız Bədəlova Pərvanə Həsən qızı “QƏM YAZARI” təxəllüsü ilə tanınır və öz yolu ilə addımlayır.
Şükürlər olsun, Ya Rəbbim, hər günümə və hər halıma. Şükürlər olsun ki, kiminsə kölgəsində deyil, məni mən kimi yaratdığına görə.
30. Deyilənə görə həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda? Həyat hansı biridir sizin üçün?Ümumiyyətlə, nədir həyat?
– Həyat xoşbəxt yaşamaqdır. Ölümə hazır olmaqdır.
Həyat dəyər verməkdir. Dost qiymətin bilməkdir.
Həyat su kimi axmaqdır. Və dənizə qovuşmaqdır.
Həyat bir limandır…Qısa bir zamandır.
Həyat yaşamağı bilməkdir.Həyat aşiq olmaqdır.
Həyat həmişə maraqlanmaqdır.
Marağını aradan qaldırmaqdır.
Həyat hazırlanmaqdır.
Həyat nəfəs alıb verməkdir.
Həyat bilmədiyini bilməkdir. Və öyrənməyə davam etməkdir.
Həyat əlinlə qələm tutmaqdır. Haqqıyla tələbə oxutmaqdır. Səbirsizliklə gözlənilməkdir.
Həyat ölümü bilməkdir. Ölümə gülümsəməkdir.Haqqdan yana olmaqdır
Həyat bir müddət piyada getməkdir. Yaşlanıb ayağını sürüməkdir.
Həyat hər kəsə salam verməkdir. Bütün insanlara gülümsəməkdir.
Həyat günahlara dalmaqdır. Sonra dönüb peşman olmaqdır.
Həyat yaşayarkən yatmaqdır. Ancaq ölümlə oyanmaqdır.
Həyat candır, canandır. Allaha qul olmağındır.
Həyat yaşamaqdır. Həmişə canlı olmaqdır
Həyat qısa bir xəttdir. Ya da yanğılı bir melodiyadır
Həyat insanları sevməkdir. Gözəl yaşamaq və ölməkdir.
Həyat bəlkə hər şeydir. Bəlkə də heç nədir.
Həyat çətin bir imtahandır. Həyat məsuliyyətdir.
Həyat yaşamaqdır. Yaşamaq sənətdir.
Həyat məncə puldur. Pulsuz həyat çox çətindir.
Həyat sağlamlıqdır, sevgi, hörmətdir .
Həyat xoşgörüşdür və azadlıqdır.
Həyatdan dərs almamaq bir korluqdur.
Narkomandan soruşsan dərin bir nəfəs almaqdır.
Həyat yerlə göy arasında sıxışıb qalmaqdır.
Keçmişdən dərs alıb, gələcəyə addımlamaqdır.
Həyat hər gün nərdivanı çıxmaqdır. Hər gün doğan yeni günə ümidlə baxmaqdır
Həyat bizə verilən məhdud bir zamandır. Əslində bizim üçün ən ÇƏTİN bir imtahandır.

Müsahibə üçün təşəkkür edirəm. 

26/05/2017 tarixində Yazılarım içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 1 Şərh.

  1. Allah Pərvanə xanıma kömək olsun. Tanışlığıma çox şad oldum.
    Sizə də çox təşəkkür edirəm, Sevinc.

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: