Həyatın zövqü insanların qəlbində əbədi həyat qazanmaqdır…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 17-ci yazı)

Salam. Xoş gördük, əzizlərim. Bu müqəddəs gündə hamınıza könül xoşluğu diləyirəm. Və inanıram ki, bu günkü müsahibimlə tanışlıq çoxunuzun könlünə elə xoş gələcək. Şölə xanım özünü anladıb, mən də suallarımla çalışmışam ki, iç dünyasını qismən də olsa tanıda bilim. Sizin ürəyinizcə, könlünüzcə olan bir tanışlıq olacaqmı, bunu artıq siz özünüz deyəcəksiniz. Mən isə bu tanışlıqdan məmnunluq duydum…

1. Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Salam. Adım Nağıyeva Şölə. Deyilənə görə adımın özəlliklərini daşıyıram. Ailəliyəm.
Mən hər şeydən təsirlənən, həssas, ətrafımda olan haqsızlığa biganə qalmayan, gözəlliyə məhəbbət, qəddarlığa nifrət, təbiəti, canlıları sevən, insan xoşbəxtliyinə pərəstiş edən, duymağı, sevməyi bacaran, biraz şıltaq, bəzən hissləri uğursuzluğa düçar olan, daha çox ağlayan, amma gülməyi də bacaran, kədərlənən amma sevinməyi də bilən, arzularla yasayan, ümid bəsləyən, düşünən, qüsurlarını görən özü ilə haqq-hesab edən, dostlarına, vətəninə, xalqına, tarixinə dəyər verən, ata-anasını uca tutan, ailəsini çox sevən, Allahın adını zikr edən günahlarımla mərhəmətinə sığınan bəndəyəm.
Özümü tanıtmağa çalışdım. Amma bilirəm ki, heç kim tanıtdığı qədər deyil, tanıldığı qədərdir… 
2. Tanıdığımıza peşman olduğumuz biriləri olduqca, yeni tanışlıqlardan qorxur kimi uzaq durmağa başladıq. Sizi yeni tanışlıqlar qorxurtmur ki?
– Sonrakı peşmançılıq fayda verməz deyiblər. Bu peşmançılığı yada salıb yeni tanışlar tanımağa addım atmaq üçün ehtiyyatdır. Səhvsiz insan yoxdur. Heç kim ideal deyil. Yaşadığımız müddətdə də həyatımıza mütləq insanlar girəcək. Qorxaraq insanlardan uzaq durmaq yerinə, inanaraq yaxın olmağa üstünlük vermişəm.
3. Hikmət sahibləri deyir ki, baxdın həyatın dadını çıxara bilmirsən; dadını qaçıranı, həyatından çıxar. Həyatınızda belə biri varmı?
– Deyir pis övlad altıncı barmaq kimidir. Kəsib atmaq istərsən incidər, saxlayarsan pis görsənər. Həyatımda belə birisi olmasa da düşünürəm bu heç bir halda mümkün deyil. Ya öz-özlüyünden çıxmalıdır həyatından, ya da varlığıni qəbul etməlisən.
4. Bəzi insanlar səni çox yaxşı başa düşürlər.. Həm də çox yaxşı.. Amma daim uzaqdadırlar…sizdə də belədirmi?
– İnsanı ən yaxşı başa düşən də, düşməyən də elə insanın özüdür. Bəzən özümüzdən sürətlə qaçaraq uzaqlaşarıq. Bəzən də yalnız özümüzə sarılarıq.
5. İnsanlarla üz-üzə danışaraq hər problemi həll edə bilərsən, amma bəzi insanlar gəlir önünə, hansı üzünə danışacağını bilə bilməzsən. (Pablo Neruda) Anlaya bilmədiyiniz biriləri çoxmu oldu?
– İnsan təkbaşına planlar qurur, lakin onu təkbaşına həyata kecirə bilməz. Bunun üçün hər zaman insana gərək duyulur. Buna görə də insan insanlığının öhdəsinə düşəni etməlidir. Kim olur olsun. Riyakar olsa belə. Həyatımızda belələri olur. Çalışdığım qədər anlamağa çalışıram. Dinləyirəm də əlimdən gələ biləcək köməyi də əsirgəmirəm. Sadəcə özümü ona etibar etmirəm. Bəzən mənə deyirlər ki, inanma səni aldadır. Gülümsəyərək: “o mənə deyil, özünə yalan satır. Çünki məndən qabaq özü bilir ki, danışdığı söz və ya əməl yalandır. Bu da özünü aldatmaqdır, məni deyil.
6. Bəzən öz duyğularına tərcüməçi olmaq dünyanın ən çətin peşəsidir…… Bu çətin peşənin öhdəsindən gələ bilirsinizmi?
– Cismin dili nitqdirsə, nəfsin dili duyğudur. Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı olduğu üçün biri hərəkətə gətirir biri istiqamətləndirir. Bəzən bizə kömək edəcək gücə sahib olur. Bəzən də bizi elə sıxar ki, bir boşluğa buraxar zərrə qədər işıq düşməyən qaranlıq dibsiz bucaqsız boşluğa. Nə səsini duyan olar, nə də göz yaşlarını görən. Çarəsizcə o dibsiz bucaqsız boşluğa təslim olursan. Oradan yalnız yuxu ilə xilas olursan. Səhər açılar heç nə olmamış kimi həyata davam edərsən. Və bu hadisə yaşadıglarımızla zaman-zaman dövr edər.
7. Bəzən yaxşı biri olmaq üçün bütün pisləri tanımaq məcburiyyətibdə qalırsan. Buna ehtiyac duydunuzmu?
– Qəlb və ürəyin dəyəri onun getdiyi yolla dəyərləndirilir. Yaxşı yaxşılığını edir, pis pisliyini edir. Ya süqut edir, ya ərşə ucalır. Bu da insanın öz ixtiyarındadır. Hər kəs öz davranışına görə mənəvi məsuliyyət daşıyır. Vicdan da insanın davranışının daxili tənzimləyicisidir. Pisi tanımaqla vicdanı əsasında borcunu dərindən dərk edir. İnsanın vicdanlı olması da onun daxili əxlaqıdır. Özünüqiymətləndirir, özünəhörmət edir və özünüdərk edir. Bu xarakterli insanda nəyin pis, nəyin yaxşı olduğunu ölçüb-biçə bilir. Çünki vicdanının səsinə qulaq asır. Vicdan da insanı pislik toxumu səpməkdən uzaq tutur.
8. Edə biləcəyimiz hər şeyi etsəydik, buna özümüz də təəccüblənərdik. – Sizi edə bildikləriniz, yoxsa edə bilmədikləriniz üzür?
– Rəssamlığa qədəm qoyan tələbə gözəl bir rəsm əsərini yaradır. Sonra onu öz nəzərindən keçirir. Daha yaxşı çəkə bilərdim deyir. Bir müəllim hər hansı mərasim üçün məruzə hazırlayır. Çıxış edir və dəqiqələrlə alqışlanır. Daha sonra məruzəni hazırlayan müəllim öz çıxışına qulaq asır. Daha gözəl məruzə hazırlaya bilərdim deyir. Hər bir kollektiv üzvi müəllim, həkim, memar, mühəndis, evdar qadın və s. Nə qədər öyrəniriksə öyrənək hələ öyrənməyə çox şey qalır. Çünki beynimiz öyrəndikcə bilmədiklərimiz artır. Bu qayə və təşəbbüs məqsədlərimizi gücləndirir. Təxəyyülümüzü işlətmək daha yaxşı edərdim deyib dörd əllə işimizə sarılarmaq bu isə hər tərəfli inkişafa kömək edər. Fikrimi bu yerə gətirərək demək istəyirəm ki, etdiklərimizi müşahidə etdikdən sonra daha yaxşı edə bilərəm düşüncəsi ilə bizi qane etmir. Necə deyərlər fikirdən fikir doğur. Nə qədər yüz ölçüb bir biçsək də əminəm ki, mən də öz cavablarımı oxuyanda cümlələrdə əskiklik, artıqlıq və qüsur görəcəm.
9. Ən vəfalı dostumuz kölgəmizdir, amma unutma ki, o da yoldaşlıq etmək üçün günəşli havanı gözləyir. Həqiqətənmi belədir, təmənnasız münasibət yoxdurmu sizcə?
– “Bir insana təmənnasız sevgi, hörmət ona olan sevgimdən deyil, onun mənə verdiyi qarşılıqsız səmimiyyətdəndir.” Bu sözlərdə həqiqət var. Münasibətlər öz-özlüyündən yaranmır. Hörmət hörmətə bağlıdır. Bir insanda güvən yarada bilməsək münasibət yalnızca “salam” və “sağ ol”la bitər. Bu güvəni qazandıqdan sonra dost, gündüzlər kölgəniz də olar, gecələr günəşiniz də…
Təmənna gözləmədən bizi hər halımızla qəbul edən isə yalnız Anamızdır.

Ana olmaz bizə, hər bir yaxşı deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.
10. Bu gün sevən sabah nifrət də edə bilər, belə deyirlər. Sizcə sevgidən nifrətə olan bu yol niyə belə qısadır?
– Sevgi incə pərdədir. Sevdiyimiz ürəyimizə yaxın olduğu üçün vergüllü yalanları o pərdəni yırtar. Bu nifrətə yol açarmı? Məncə bu insandan insana dəyişər. Nifrət sevginin olmadığı yerdə yaranar. Bu sevgi sənin qəlbində doğulmuşsa, sənin ürəyindən su içir.

Bəzən xəyalını qurursan məhəbbətinin
Gözlərin yumulur, yanır ürəyin məşəl kimi.
Bəzən söndürmək istəyirsən ürəyində yanan məşəlini,
Əllərin gəlsə də ürəyin gəlmir külləndirməyə.
Daha doğrusu küllənmir.
O var gücü yoxdur heç bir sevən insanda.
“Məhəbbət gözəl şeydir deyiblər,
Yalnız əzab olduğunu gizlədiblər.”
11. Kin saxlamaq yanan bir kömür parçasını başqasına atmaq üçün əlinə almaq kimidir. Yalnız özünü yandırarsan. Kinli birisinizmi?
– Bəzən zənn edirəm. Lakin mənim kinim ilğım kimidir yaxınlaşanda gözdən itir. İmkan vermərəm ki, ruhu qaraldıb cismi çökdürən kin, insanlığa xas olan ən ali duyğu “mərhəmət” hissini qəlbimdən alaraq sevdiklərimi mənden uzaqlasdırsın. Sevdiklərimi itirəcək qədər zəngin deyiləm.
Kinli insan isə yalniz “niyə mən” deyilən anlayışını tərk etsə vucudunu sarıb ruhunu, beynini qaraldan Allahın razı olmadığı bu duyğunu əhv edərək dəf edə bilər. Əgər bir insan günahına görə məzəmmət olsaydı Allah onu dərhal cəzalandırardı. Allah kin tutumuş qəlbləri kindən xilas edərək hidayət etsin. Ey Kərəm Rəbbimiz! Bizi və bizdən əvvəlki bacı-qardaşımızı bağışla! Bizim qəlbimizdə iman gətirənlərə qarşı kinə yer vermə! Duamı qəbul et, ya Rəbb! Sən Raufsan, Rahimsən! Amin Ya Rəbbil Aləmin.
12. Bir insanı niyə sevdiyiniz sualına cavab tapa bilmirsinizsə, onu həqiqətən sevirsiniz deməkdir. Niyə sevdiyinizi bilmədiyiniz biri varmı?
– Niyə deməyə ehtiyac duymadan, duydurulmadan yalnızca sevdim Sevdiyimi. Lakin nə qədər sevirsən sualı verilsə, bu suala heç cavab verə bilmərəm. Çünki Sevdiyinə olan İlahi eşqini cümlələrə sığdıra bilməzsən. Nə yazsan da yetərsiz qalacaq. Səni Səndən çox sevənlə və səni heç yalnız buraxmayan, sənə özgüvən verənlə çox xoşbəxt duyğularla yalnızca sevərsən.
İllahki niyə sevdin sualı verilərsə söylərəm: Məni heç görməmis günəşin yansıtdığı kölgəmlə sevdiyi üçün, mənə heç toxunmadan hiss etdiyi üçün, məni sabah açılınca yasamağı deyil “Özünü” xatırlatdığı üçün, hara baxdımsa yalnız “Onu” gördüyüm üçün, dinlədiyim hər musiqidə “O” olduğu üçün, heç kim “Onun” kimi deyil düşündürə bildiyi üçün, məni heç sevgisindən şübhə etdirmədiyi üçün, “Nəfəsim” ola bildiyi üçün, gözümdən axan göz yaşım olduğu üçün, sevincim olduğu üçün sevdim. Səsindəki məlahəti sevdim, söhbətindəki mehri sevdim, gülüsündəki uşaqlığı, şıltaqlığı sevdim, mənə Səni sevirəm sözünü dedizdirə bildiyi üçün sevdim. Gözəl sevməsini sevdim… Çox bəxtiyaram ki, ürəyimin ilk səsi “Səni Sevirəm” sözü mərd, nəcib, o sözə layiq ürəkdə əks-səda verir. Hər an qəlbimdə yanımda olduğun üçün çox təşəkkür edirəm, İncə Ruhum.
13. Sən kimin üçün ağladığını de, mən sənin kim olduğunu deyim. – İnsan kimin üçün ağlayar? Göz yaşınız hədər oldumu?
– İnsan kimin ucun aglayar?!
İnsa, yerdə qanadı qırılmış bir quş gördümü ağlayar.
İnsan yolda, parkda, zibil qutularının yanında bir ayağını çəkən sısqa bir it gördümü ağlayar.
İnsan bahalı kürk geyinmə həvəsində olanlar üçün dərisi diri-diri çıxarılan heyvanlar üçün ağlayar.
İnsan soyuq qış gecələrində skamyalarda, daldalanlarda, körpü altlarında əllərində bayat, kiflənmiş cörək ilə özünə sığınan küçə uşaqlarına ağlayar.
İnsan gücündən artıq yükü 20 qəpik üçün metrələrlə uzaqda duran maşına daşıyan uşaq üçün ağlayar.
İnsan gözü dünya malından doymayan nəfslərin ucbatından müharibədə həyatları məhv olan qurbanlar üçün ağlayar.
İnsan arzuları ürəyində qalan ovladının baş daşına sarılan ana üçün ağlayar.
İnsan harınlamış “papanın gül balasının” əyləncə üçün artırdığı sürətlə bir evin şamını söndürüb, bir oğlu ata dayağından məhrum edərsə ağlayar.
İnsan bir ananın əlil balasına baxaraq gözlərində gördüyü iztiraba ağlayar.
İnsan qəlbində ülviləşib səltənət quran sevgilərin qovuşmadığını görüncə ağlayar.
İnsan ata-anasının üzündə qırışların, saçında dənin artdığını görüncə ağlayar.
İnsan uşaq evində pəncərədən gözləri yol çəkən məzlum üçün ağlayar.
İnsan sevdiklərinin xoşbəxtliyini görüncə sevincdən ağlayar.
İnsan Ya Hüseyn deyib ağlayar.
İnsan Azan səsini duyunca qəlbi nurlanıb ağlayar.
Göz yaşlarımızın bağı ürəyimizə bağlıdır. Ürək sevindikdə də, kədərləndikdə də gözdən yaş axar.
14. Bir xanım üçün təhsil, sənət-peşə sahibi olmaq nə dərəcədə əhmiyyətlidir?
– Qadınlar həm də anadır. Onlar öz uşaqların düzgün tərbiyələnməsi, fəal, vətənə layiqli şəxsiyyət kimi yetişdirmək üçün təhsil almaları çox vacibdir. Bunun sənədlə olması da şərt deyil. N.Nərimanov demişdir: “Tərbiyə də dəxi elmin gücündə olar”. Əxlaqın güclənməsində elmin gücü çoxdur. Belə olmasaydı hədisi şəriflərdə elmin vacibliyi haqqında o qədər nəsihətlər verilməzdi. Bir müəllim kimi iclaslar keçirəndə valideynlərə uşaqlarının təlim-tərbiyəsinə ciddi yanaşmalarını, adi məsələ həllində aciz qaldıqlarını nümunə gətirərək təkidlə tələb edirəm. Bir ata və ananın övladına bəxş edəcəyi ən qiymətli hədiyyəsi təlim-tərbiyədir.
Cəfər Cabbarlının “Sevil” əsərində Sevil savadsız olduğu üçün əri tərəfindən təhqirlərə məruz qalır. Məşuqəsi ilə bir olub onu küçəyə atırlar. Lakin Sevildə üsyankarlıq yaranır oxuyur. Əri ona yalvarsa da onu bağışlamır.
Bu əsərdə C.Cabbarlının idealogiyası qadının əzilməməsi üçün təhsil almasının vacibliyini irəli sürməsidir. Bu da peşə və sənətin qadına nə qədər önəmli olmasına bariz nümunədir.
15. Həmsöhbət seçərkən ən çox nələrə diqqət edirsiniz?
– Səmimiyyətə, etibarlığa və bir də baxışa. Sözlər və gözlər ikisi də bir şeylər gizlər. Sözlər nə qədər inkar etsə də, gözlər hər şeyi bir-bir söylər…Can Yücel.
16. Sədi Şiraziyə görə sirri dosta da vermək olmaz, çünki o sirr bir gün dostunuzu sizə düşmən edə bilər. Dostunuzu düşmən edən sirriniz oldumu?
– Sirr…Qəlbimi vərəqləmək mümkün olsaydı orada sayını bilmədiyim sirləri oxumaq olardı. Çoxunu unutmusam. Yalnız sirr sahiblərini görüncə xatırlayaram. İnsanın qəlbində saxladığı sirr, onun nöqsanı, şübhəsi, sevgisi, günahı ola bilır. Əgər bir insan dözə bilməyib sirrini birinə açırasa, bunu sirr kimi saxlamaq bəndə haqqıdır. Allah Təala buyurub: Əgər kimsə bir kimsənin eybini ort-basdır etməyib açıb yayarsa, Mən o insanı həmin eyiblə rüsvay etməmiş canııi almayacam”.
Qaldı ki dostluq haqqında ümman sözlər yazmaq olar. Allahıma şükür edirəm əqidəsi olan dostlarım var. Dostu qazanmaq da öz-özünə baş vermir. Bunun üçün insan birinci özünü tanımalı və tamamlamalıdır. Çünki dünyada insana insan qədər heç bir şey gərək ola bilməz.
Dostumu düşmən edən sirrim oldumu?
Bir sirrim oldu. Lakin düşmən deyil, peşman oldum. Bu da mənə yerdə qalan nə qədər ömrüm varsa yetərincə təcrübə qazandırdı. Hər işdə bir hikmət var.
17. Gözləyə bilənə hər şey öz vaxtında gəlir. Gecikən bir şeylər oldumu həyatınızda?
– Əlinə keçən ağ parçanı kül mismarlarla taxtaya bərkidib, sulu boya ilə üzərində təbiəti təsvir edərdim. Mütləq günəş olardı. O mənəm deyərdim. Baxın, günəş şölə saçır. Təbiəti canlandırır.
Kicik hekayələr, müşahidə etdiklərimə, eşitdiklərimə görə lətifələr, insanların xarakterinə uyğun məzəli şeirlər yazardım. Bəzilərini səhnələşdirərdim. İzləyənlərin hələ də xatirindədir. Bəzən də anda yaranan hislərimlə səhnəyə tamaşa qoyardım. Lakin izlədən də mən olardım, izləyən də. Bu mənə xüsusi ləzzət verərdi.
Musiqisi xalqdan sözləri Şölədən mahnılar oxuyardım. Həm də ucadan.
Anamın atlas donunu geyinib, uzun hörüklərim olmadığı üçün qara kalkotkanı başıma keçirib həvəslə milli rəqslər edərdim. Məhəllə qızlarını yığıb həyətimizdə əyləncəli, musiqili, intellektual verliş hazırlardıq. Tərtibatçısı mən olardım.
Gözlədiyim arzular, xəyallar, bacara bildiklərim həzin bir axara düşərək, coşqun bir təranəyə çevrildi. On beş yaşımda anamın qolu sındi. Əlil bacıma, anama, yükü ağır olan evə baxmaq üçün təhsilimdən yayınmaq məcburiyyətində qaldım. On yeddi yaşımda ailə qurdum. Qızım oldu. İyirmi beş yaşımda öz səyim nəticəsində Pedaqojiyə qəbul oldum. Lakin bu yolda ömür gün yoldaşımın dəstəyi oldu. İcazə verməsəydi bu gün müəllim adını qazana bilməzdim.
Bacardıqlarımı indi işimdə tətbiq edirəm.
Gecikən arzularımın mənə qazandırdığı isə bu gün mənə həm sadiq dost, həm bacı, həm də həyata möhkəm sarılamağa qol-qanad, yeni arzular qurmağa sevinc qızımı qazandırdı.
Gecikən arzularımla və vaxtında qazandıqlarımla çox xoşbəxtəm. Biz bizim üçün yazılanları yaşayırıq. Necə ki, təbiətdə hər şey vaxtında baş verincə daha faydalı olur. Vaxtından tez çiçək açan ağaclar vaxtı gəlincə barsız qalar. Sübhəsiz ki, hər şeyin ən yaxşısını bilən Allahdir. Həmd olsun sonsuz fəzl, hikmət və kərəm sahibi Rəbbimə.
18. “Vərdişlərin zənciri eşidilməyəcək qədər yüngül, sonra qırılmayacaq qədər də güclü olar”. Ən pis vərdişiniz nədir?
– Çox düşündüm pis verdişim nədir deyə. Yoxdur yazmaq istəyərkən əlimdəki telefonu gördüm. Bu vərdiş ən çox gənclərdə mövcuddur. İndiki gənclər qarşılıqlı ünsiyyətə çox az vaxt ayırırlar. Təbii ki, bunu hər kəsə şamil etmirəm. Kitab oxuyaraq mütaliə edən gənclər də çoxalıb.
19. Bir saatlıq bir zaman belə itirməyə cəsarət edə bilən bir kimsə həyatın mənasını­ qavraya bilməmiş deməkdir. Zamanı boşa ­verdiyiniz oldumu?
– Zamanın hər bir halda boşa getdiyini düşünmürəm. Bir saat “boşu-boşuna” uzanıb düşünən insan da həmin boşuna deyildiyi zaman ərzində öz düşüncəsi ilə baş başadır. Özlü ilə müzakirələr aparır, yaşadıqlarını yaşaya biləcəklərini, bilməyəcəklərini düşünür, planlar qurur və s. İnsan zamanla düşüncəsi arasında sıx əlaqədədir. Nə qədər “boş” vaxt keçirsə də nəyin nə zaman edəcəyini bilir. Vaxtında isə gedir, vaxtında işini tətbiq edir, vaxtında yeməyini bişirib televizora da baxır. Yaşanan heç bir iş boşuna deyildir. Lakin nəyi planlaşdırsaq da taleni planlaşdıra bilmirik. Ömrün qısa və uzun olacağını da bilmirik. Sual yaranır məgər məsələ ölümdə, ömürdə və ya az yaşamaqdadır? Qara qarğa 100 ildən çox yaşayır. Bülbül isə bundan dəfələrlə az. Ancaq bülbül dillərdən-dillərə düşür, ürəkləri yerindən oynadır, damarlarda qanı coşdurur.
Ömrün bütövlüyü yaşla ölçülmür. Bu əməllə, işimizlə, əqidəmizlə, məsləyimizlə ölçülür. Bir müəllimin apardığı bir 45 dəqiqə necə şagirdin, tələbənin uğurlu gələcəyinə imza atıb bir ömür boyu bütün nailiyyətlərinə səbəb ola bilir. Önəmli olan zaman deyil. Biz qısa zaman ərzində nə etdikdir.
Yadımdadı, əmimlə Bakıya gedirdim. Arxada oturmuşdum. Əmim yanında biri ilə söhbət edirdi. Mövzu mal-dövlətin heç kimə qalmamasından idi. Söhbəti gətirib Şah İsmayıl Xətaiyə çıxartdılar. “O boyda sərvəti vardı özü ilə apara bildimi?!” Çox istədim deyəm ki 36 illik ömrünə nələr sığdırmadı. Elə yaşadı ki, özünə tarix yazdırdı. Bir-bir istedadlarını sadalamaq istədim. Lakin susmağı məsləhət bildim.
Hərəkətin 3 zamanın olsa da ən önəmlisi indiki zamandır. Yəni bu gün. Bu günü elə yaşamaq lazımdır ki, səni gələcəyə sağlam aparıb keçmişinə yazdırsın!
20. Bədii əsərin gücü nə vaxtsa bir nəfər tərəfindən yaşanmış duyğunun minlərlə adam tərəfindən dönə-dönə yenidən yaşanmasındadır. Bədii ədəbiyyatla aranız necədir? Olubmu oxuduğunuz hansısa əsərdəki obrazda özünüzü görəsiniz?
– Oxumağı öyrənəndən bəri kitablara marağım əe həvəsim çox böyük olub. Atamın kitaba olan marağı məni kitabsız qoymurdu. Körpəlik çağımızın himni ana-laylası olan kimi, nağıllar uşaqlıq illərimin ilk həyat kitabıdır. Hər kəs bu kitabla böyüyüb başa çatıb. Körpə kövrək dünyamıza divli-əjdahalı, cadulu-tilsimli, qorxunc lakin müdrik sonluqlu möcüzələr bəxş edib. Böyüdükcə nağıllar kitabını hekayələr, romanlar rəvayətlər əvəz etməyə başladı. Hərçənd nağıl oxumağı hələ də sevirəm.
Gecə gəlincə mən Dünyazad olurdum kitab Sehrəzad. …Cahandar aga fitvaya gedərək bacısını öldürəndə qəzəb keçirmişəm. Atının quyruğunun kəsildiyinə görə öldürdüyündə aglamışam. “Dəli Kür”.
Bəhramın pula şirnikib Saranı atıb bacısını alaraq sevdiyi qızın qəlbinə xəyanət odu salıb ölməsinə səbəb olduğu üçün bir qədər kitab oxuya bilmədim. Hər gecə Saranı düşünürdüm. Siması gözümün önündən getmirdi. Çünki oxuduğum hər əsərdəki obrazın simasını fikrimdə canlandırırdım. “Solğun çiçəklər”.
Bir sözlə, oxuduğum əsərləri hiss və həyəcan yaşayaraq oxumuşam.
İndi isə sizi özümü həmin obrazda gördüyüm əsərlə tanış edim. “Elat qızı”. Kür qırağında yaşayan incəbelli, piyalə baxışlı, coşqun bir gənclik duyğusunda olan bir qız yuxusunda gördüyü oğlanı sevir və çox keçmədən o oğlan qarşısına çıxır. Oğlan da bu qıza vurulur. Bir-birilərini təmiz, ülvi məhəbbətlə sevirlər.
21. Mahnılar danışır əslində, məni sənə, səni mənə… O hansı mahnıdır?
– Əziz dostum məndən küsüb, incidi,
Ayrılıb yad kimi çıxdı evimdən.
Gəldiyi yolları ot basıb indi
O gedib qalmışam həsrətində mən.

Necə nəğmə qoşum, necə dillənim
Dost gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm.

Çaldığım o sazı gətirin mənə,
Görün ki, çalmaqda necə mahirəm.
Əlim dəyən kimi bircə telinə
Simlər haray çəkib qırılır o dəm.

Necə nəğmə qoşum necə dillənim,
Dost gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm…

Bu mahnı məni sənə, səni mənə anladır…Bu mahnının istər musiqisi, istər sözləri hər dinləyəndə ürəyimi riqqətə gətirir. Bəzən gözlərim dolur, bəzən də gözlərim işıldağ böcəyi kimi işıldayır. Bəzən çiçək zərifliyitək qəlbimə dolub, fikrimi də, zehnimi də bu musiqi götürüb aparıb məni…
Bəzən də nicat tapıram sözlərində. Bəzən ürəyim susub uçur ruhum sənin yanına, əziz dostum. Bu mahni illərdir məni sənə, səni mənə anladan hər duyğunu yaşadır.
22. Sevinclə iztirab aydınlıqla qaranlıq kimi bir-birlərini təqib edir. Sizin dünyanızda irəlidə olan hansıdır, sevinc, yoxsa iztirab?
– Yolun kənarındakı ağacın altında bir kişi ağzıaçıq şəkildə yatmışdı. Yoldan keçən bir atlı görür ki, bir ilan balası yatan kişinin ağzından içəri düşür. Dərhal gedib kişiyə əlindəki qamçı ilə vuraraq ayıldır. Kişi hövlənk yerindən atılıb, niyə məni vurdun ağa deyə qışqırır. Atlı heç nə deməyib tez, düş önümə deyib kişini qaçırtmağa başlayır. Kişi deyinə-deyinə qaçmağa başlayır. Bir alma ağacına yaxınlaşanda ağacın altına tökülmüş çürük meyvələri yeməsini əmr edir. Kişi nə qədər dil töksə də, atlı məhəl qoymur. Naəlac qalan kəndli çürük almaları yeyir. Yeyib bitirdikdən sonra atlı yenə qaçmasını əmr edir. Kişi qarğış edə-edə yenə qaçmağa başlayır. Sonunda taqətdən düşən kişi yediyi çürük almarın da təsirindən qusur. Kişi yerdə ilan balasını görüb işin nə yerdə olduğunu anlayır. Atlıya deyir:
– Niyə mənə əvvəldən demədin? Mən də bayaqdan sənə qarğış edirəm. Atlı deyir:
– Əgər mən sənə desəydim ölüm qorxusundan nə qaça bilərdin, nə də çürük almaları yeyə bilərdin.
İnsan ümidsizliyə qapılıb, sevinc yerinə iztirabı düşünsə nə yaşama həvəsi, nə də amala çatmaq üçün hədəfləri ola bilər. Bu fikri təqib edərək özümüzü məhv edərik. Hər gecənin aydınlı sabahı olduğu kimi, hər ala buludlu, saxta kəsən qışı günəşin təbiətə hərarət verən yazı əvəz etdiyi kimi hər iztirabı da mütləq bir sevinc əvəz edəcək. Gecəni səhər ilə, qışı yaz ilə əvəz edən Allah həyatda mütləq baş verən iztirabı da sevinclə müjdələyəcək. Allah hər kəsə yaşadığı müddətdə yalnız şükür etməyi müvəffəq etsin.
23. Hüqo deyir: “Gücün kimin tərəfində olmasının mənim üçün əhəmiyyəti yoxdur, əhəmiyyətli olan odur ki, haqq kimin tərəfindədir”. Bəzən görürsən ki, haqlı olan biri güclü olanın əsarətində əzilir, haqqı tapdanır. Siz bu səhnədə güclünün yanında olub gücünüzü artırmağı seçərdiniz, yoxsa haqqı tapdanının müdafiəsinə qalxardınız? Onu da deyim ki, haqqlı tərəfdə olduğunuz halda itirəcəkləriniz olacağı bəllidir.
– Aristotel söyləmişdir: “Pluton mənim dostumdur, fəqət həqiqət daha qiymətlidir. “Bəzən bir şəxs kiminsə xətrinə dəyməmək üçün ədalətsizliyə, haqsızlığa göz yumarkən və bu nöqsana yol verdiyi üçün əzab çəkir. Ya da əksinə həzz alır. Lakin ağıllı insan cəmiyyətin razılığı, xoşluğu xatirinə haqqı nahaqqa satmaz. Cəmiyyətin məhkəməsindən yox “Əsl Hakimi olan məhkəmədən qorxar. Əvvəl Haqqı tanı, sonra bax gör haqq kimdir.
Mən də hər zaman öz vicdanımın hökmü ilə hərəkət etmişəm, edirəm, edəcəm də. Düşünürəm ki, itirdiklərim itirə biləcəyim “vicdan”dan daha qiymətli ola bilməz.
B.Vahabzadənin misralari fikrimi tamamlamağa yetərli olar məncə.

Dünyada vicdanın təmizliyindən,
Yumşaq bir döşəkcə tanımıram mən…
…Özgənin danlağı xoşdur min kərə
Vicdan danlağından, söz danlağından.
Xoşbəxtdir uymayıb özgə səslərə
Vicdanın səsini dinləyən insan!

Vicdan insanın əqidəsində, əməlində yaşayan, heç zaman ölməyən həqiqətdən, Haqdan ibarətdir.
24. Susmaq… bu cavabı bilməməkdir, yoxsa, sadəcə, qarşındakına ən güclü cavab?
– Bu sual şaxəli sualdır. Lazım gələndə haqqını tələb etmək, mübarizə aparmaq, etirazını bildirmək gərəklidir. Hər hansı bir xeyirxah işi yerinə yetirməklə susmaq bir araya sığmaz. Yəni, bəzən susmaq özü qüsur olar. Vaxtında sözünü deməmək bu dəmiri soyuq döyməyə bənzər.
Bəzən də nə qədər danışırsan danış, danışdıqların qarşındakının özünün haqsız olsada anlayacağı qədər olduğu üçün susmaq daha məsləhətdir.
Bəzən isə “Ərzə hacət yox halım sənə əyandır. Dilə ehtiyac yoxdur səssizliyim sənə bəyandır. Sözə lüzum yoxdur susmağım sənə kəlamdır.” – deyib gözləmək lazımdır.
25. Məhəbbət çox vaxt ağlı olanların ağlını alır, ağlı olmayanlara ağıl verir. Razısınız bu fikirlə?
– Məhəbbət elə bir hisdir ki, yaşından mövqeyindən asılı olmadan hər kəsin qapısını açır. İnsan duyğusunun ən zərif, ən kövrək, ən gözəl ifadəsi olan məhəbbət qəlbə qədəm basır.. Dili olmayan bu duyğunu isə yalnız incəsənət sevən qəlbin təlatümləri öz sənəti ilə sevginin dilini acmağa qadirdir. Bu duyğunu ən tez dilə gətirən və ən təsirlisi şerilərdir. Elə bir sair də yoxdur ki, sevgidən söhbət açmasın, qələmi sevgidən yazmasın.

Ən ülvi, təmiz duyğudur insanda məhəbbət,
Ömrün yoluna nur səpir hər anda məhəbbət.
Dünya da məhəbbətlə dönür, fırlanır ancaq,
Məhvər də məhəbbətdi, bu dövran da məhəbbət.
Ad-san da, şərəf-şan da bir övladıdır eşqin,
Sövkət də məhəbbətdir, gülüm, şan da məhəbbət.
Min yol de ki, sevgidir insanı ucaldan,
Yox faidəsi, yoxsa əgər canda məhəbbət.
Həm zövqüdür, həm cövrudür, ömrün, o həyatın,
İnsanı ucaldan da, qocaldan da məhəbbət.

Ağıllı insanlar ağıllı sevər. Məhəbbət qabiliyyəti anadangəlmə deyil. O tərbiyənin məhsuludur. Ağıllı insan məhəbbət qabiliyyətini inkişaf etdirir yaşadır.
Məhəbbət insanı mənəvi və fiziki cəhətdən də gözəlləşdirir, nəcibləşdirir. Kobudu daha zərif, qaraqabağı gülərüz, dərdlini sevincli edir, xəsisi əliacıq, bədbini nikbin edir.
Ağılsız insan isə əksinə məhv edir…

Lakin iki aşiqin arasına şəbi-hicran girərsə eşqinin aləmində ağlı ürəyinin kölgəsinə dönər. Sevgisini acıya döndərər ki, bir an belə olsa sevdiyini unutmasın. Özünü sevgisinə düçar edər.
Necə ki Məcnun eşqinin artması üçün Kəbədə Allaha belə dua etdi:

Ya Rəbb, bəla-yi eşq ilə qıl aşina məni,
Bir dəm bela-yi eşqdən etmə cuda məni.

Duası qəbul olar eşqi daha da artar. Agıl da ruh məqamındadır amma ruhun ağıla sığmayan tərəfləri var ki, buna ya divanəlik, ya eşq deyirlər. (Əbu Turxan).
26. Səndə olmayanlar səndə olandan qat-qat çoxdur. Amma səndə olanın qədrini bilsən, o, səndə olmayanların hamısını əvəz edəcək qədərdir. Sahib olduqlaınıza verdiyiniz dəyər sizi qane edirmi?
– İlahi, nemətlərin o qədər çoxdur ki, dilim onları saymağa aciz, düşüncəm onları dərk etməyə naqisdir. Çətin ki, onları hamısını saya gətirsin. Beləcə, mən bunların fikrini necə edə bilərəm? Sənə şükür demək ayrıca bir şükür istəyər. Demək, hər zaman Sənə həmd və şükür etsəm, bunun üçün ayrıca bir həmd və “şükür etməliyəm!”
Əlindən dilindən gələrsə əgər,
Öhdəsindən gəlib əlbət şükür edər.
27. İnsanın özünə qarşı edə biləcəyi ən böyük pislik, özünə olan etibarını itirməsidir… Bu pisliyi etmədiniz ki, özünüzə?
– Etdim. Bir neçə il öncə. Və bunu bərpa etmək, özümə olan etimadı qazanmaq üçün Allaha sığınaraq namaz qılmağa başladım. Səcdə məni ikiəlli ayağa qaldırdı. İtirdiyimizi qazanmaq əldə edəcəyimiz ən dəyərli fəaldır. Bunun da məsuliyyətini dərk etmək özümüzə aiddir.
28. Bəzən görürsən ki: “Səni dünyalara dəyişmərəm” deyən biri, səni sıradan insanlara dəyişir. Sizcə nədən? Biz doğruyamı güvənmədik, yoxsa bizi doğrularmı tapmadı?
– Sual ümumi olduğuna görə cavabım da ümumi olacaq. Azərbaycan nağıllarında deyilir ki, yolda kim ki sənlə yoldaşlıq etmək istəsə, ortaya bir çörək qoy. Əgər yoldaşın onun çox hissəsini sənə versə, demək hiyləgər adamdır, səndən nəsə işi keçir. Yaltaqlıq edib, quyruq bulayır. Ona inanma. Çox hissəsini özünə götürsə, yenə də inanma, acgöz və qarınqulu adamdır. Yox əgər çörəyi tən yarı bölsə, bil ki, əsl dostdur. Sizinki tutar, dar ayaqda sənə həyan durar. “Dostunu mənə göstər sənin kim olduğunu deyim”.
İki insan arasında başlanan sevgi dostluqla başlar. İki insan arasında başlanan yoldaşlıq dostluq yarada bilər. Cürbəcür məqsədlər daşıyan dostluq var. Kimi vəziyyətinin tələbinə görə (mənfəət), kimi qayda-qanuni (rəsmi), kimi zahirinə görə (ehtiras) seçər. Bir də yalnızca elmi, ağlı, düşüncəsi olduğuna görə (əqidə) seçər. Belə bir dostu tapmısansa nəinki səni başqasına satar, bəlkə də dostu yolunda hər fədakarlıq edər.
Bu doğrunu görmək də bizim öz ixtiyarımızdadır. Ağı qaradan seçmə qabiliyyətimiz varsa yalnışı görərkən doğruyu da seçməliyik. Bu mənə də aiddir.
29. Doğru insan, səhv zaman. Doğru zaman, səhv insan.. Həyat belə oyunlar oynayar hər zaman. Başınıza gəlmədi ki?
– Bu yaxınlarda Mirzə Cəlilin həyat və yaradıcılıgını oxuyarkən “Vətən yaraları” adlı əsərdində yaralı bir əsgərin qəribə arzusuna rast gəldim. “İki ömür istəyirəm. İstəyirəm ki, ilk ömür təcrübə dərsi olsun. Bu mürəkkəb dünyanı, qapali adamları öyrənməyə sərf olunsun. İmtahandan çıxa bilsəm, mənə ikinci həqiqi ömür verilsin. Belə ömrun qədrini bilərəm.
Səhvlər təcrubədir. Səhv etməyən insan doğruya çata bilməz. Heç bir məsələ vurub bölməmiş, çıxıb üstə gəlməmiş həll olunmur.
Səhv zaman yoxdur. Zaman öz axarı ilə gedir. Səhvləri görmək üçün bizə şanslar verilir. Bu da səhv insanlardır.
30. Deyilənə görə həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda? Həyat hansı biridir sizin üçün?Ümumiyyətlə, nədir həyat?
– “Həyat məsafəsini bilmədiyimiz bir yoldur. Qarşına hər şey çıxa bilər.”
Həyatın mənası “İnsanlardir”. Həyatın zövqü isə insanların qəlbində əbədi həyat qazanmaqdır.(N.Şölə)

Müsahibə üçün sizə təşəkkür edirəm.

12/05/2017 tarixində Yazılarım içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Axšamin xeyir olsun melek simalim.Her defe bu yazilari oxudugca ne yaxsi ki tanidim Sevincimi deyirem.Yenede gözel bir musahibe alinib.Xanimin cox heyat tecurbesi olduğun gördum.Her kelmesi ölçülüb bicilib.Uğurlar sene ureyim, evezolunmaz Sevincim.😍😘😍😘😍😘🙋🙋🙋🙋

    tərəfindən bəyənildi 1 şəxs

  2. Salam ezizim.ayy ne gozel sual cavablar idi👍👍👏👏👏👏👏😍😍😍sadece zovq duydum ve wad oldum.ureyinize sagliq varolun😘😘😘

    tərəfindən bəyənildi 1 şəxs

  3. Ümumilikdə müsahibə xoşuma gəldi, bəzi razılaşmadığım anlar oldu, bu da təbiidir, hər kəs eyni düşünmək məcburiyyətində deyil.
    Sizə çox təşəkkür edirəm, Sevinc.

    tərəfindən bəyənildi 1 şəxs

  4. Mələklərim və bitanəm, mən də sizə təşəkkür edirəm. 😘😘😘💐💐💐❤️❤️❤️

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: