Xəyanət yoldaşlıq zəncirini qaraldar, lakin vəfa onu hər zamankindən parlaq edər
Bu gün iki mövzu ətrafında fikirlərimi bölüşmək istəyirəm. Xəyanət və qısqanclıq. Kişilərin xəyanətindən başlayıb, qadın qısqanclığı ilə mövzunu yekunlaşdıracam.
Xəyanətin müxtəlif növləri olsa da adını eşidəndə hər kəsin üzündə eyni – narazılıq və qəbul etməmək ifadəsi yaranır. Nədir xəyanət? Niyə insanlar xəyanət edirlər?
Xəyanətin növləri oldğu kimi haqq edilən və haqq edilməyən xəyanətlər də var. Haqq edilməyən xəyanəti yox, haqq ediləni müzakirə etmək istəyirəm. Bəlkə mənlə razılaşmayan xanımlarımız olacaq, məni qınaya da bilərsiniz ki, adı xəyanət olan bir hissə necə haqq qazandıra bilərsiniz ki? İndi mən sizə həyati bir misal çəkim, siz qərarı o zaman verin.
Ailə elə bir müqəddəs ocaqdır ki, hər iki tərəf bu müqəddəsliyi qorumaq üçün əlindən gələni əsirgəməməlidir. Ailənin ailə kimi formalaşması üçün lazım olan şərtlər çoxdur. O şərtlərdən biri və mən deyərdim ki, ən başlıcası anlaşmadır. Əgər qadın və kişi arasında anlaşma, bir-birlərini, o bir söz ki var – baxışdan anlamaq misalı, yoxdursa, yolu birgə addımlamaq çətin olacaq. Bir qadın hədsiz gözəl ola bilər. Bir qadın yaxşı evdar ola bilər. Bir qadın gözəl ana ola bilər. Bir qadın həm evinin xanımı, həm də yaxşı iş qadını da ola bilər. Bir qadın həm də kişini evdən didərgin salan biri də ola bilər. İşdən yorğun gələn kişiyə nə lazımdı? Təbii ki, qayğı, diqqət və qulluq. Bunu görməyən kişilər var, yəqin ki, razısınız. Və bilirəm ki, bu saat “bunu görməyən qadınlar da var, nə olsun, xəyanətmi etsinlər?” deməyəcəksiniz. Çünki bu bizim milliliyimizə, əxlaqımıza yad element sayılır.
Ümumiyyətlə, kişi təbiətində bir qadınla kifayətlənməmək var, bunu elm də, tibb də təsdiq edir. Amma bunun qarşısını almaq üçün də gərək qadın mükəmməllik nümayiş etdirə. (Mən təbii ki, əsl kişilərdın danışıram, o qədər nankorları var ki, bal yedizdirsən də zəhər biləcək…) Qadın kişini evə bağlayan ən gözəl bağdı. Buna görə gərək ailə quranda ilk əvvəl baxışların üst-üstə düşməsinə önəm verilə. Qadınlar kişilər anlayışsız olduqda yola verməyi bacarırlar. Ya susurlar, ya da anlatmağa çalışırlar. Amma kişilər buna ya cəhd etmirlər, ya da etsələr də bu işdə səbir göstərə bilmirlər. Əgər bir kişi öz qadınına “bu gün futbol oyunu olacaq, mənimlə izləyərsənmi?” sualına – “yox, nə futbol, mənim serialım var, ona baxacam” cavabı alırsa, o kişinin ürəyindəki sevgidən bir parça düşüb itdi deməkdi. Əgər bir kişi böyük bir zövqlə hansısa bir muğamı dinləyirsə, qadın ona – “sən də yorulmadın da müğamat dinləməkdən və yaxud hansısa klassik bir musiqini israrla “Kəsəcəm damarları” adlı bayağı musiqiyə dəyiş” deyəcəksə, kişinin sevgisi bir az da azalacaq. Əgər bir kişi öz qadınına “uşaqları yatızdırıb özün yatma, bir az söhbət edək baş-başa” – deyə təklif edib cavabında: – “eh, sən Allah nə söhbət, yorğunluqdan ölürəm yatacam” eşidəcəksə o kişi xəyal qırıqlığına necə düşməsin?!..
Bu ifadəmə görə özümdən böyüklərdən, kiçiklərdən, əks cinsin nümayəlndələrindən dönə-dönə üzr istəyirəm, gecə qadınla kişi üçün təkcə dünyaya uşaq gətirmək üçün hesablanmayıb. Bəlkə həyat yoldaşın olan kişinin səninlə dərdləşməyə, hansısa sıxıntısını bölüşməyə, istər məişət mövzusu olsun, istər dünyada baş verənlər, istərsə də siyasət olsun, fərq etməz, onun öz qadını ilə uzun-uzun söhbət etməyə ehtiyacı var, bəlkə hardansa oxuduğu şeiri demək keçir ürəyindən, bəlkə başını dizinə qoyub gəncliyindən, uşaqlıq illərindən yadına düşən bir xatirəni bölüşmək istəyəcək? Yatmaq zamanıdırmı?!..
Bax hər dəfə belə hallar olduqca kişi ovunmaq üçün bir başqa ünvan axtaracaq. Baxmayacaq ki, qadını onunçün günorta çox ləzzətli küftə-bozbaş bişirib, geyimindən, evindən-eşiyindən gül ətri gəlir, yox, bunlar yerində olmaya bilər, kişi bunu qəbul edər, amma qadının anlayışı olmayacaqsa, kişi elə öz qadının əliylə xəyanətə sürüklənəcək. Qadın deyilən kəs məlahətdir, qadın deyilən kəs ən incə duyğudur, qadın hüzurdur, qadın şeirdi, qadın ən gözəl nəğmədir, qadın qayğıdır, nəvazişdir, qadın sevginin özüdür…bunu həyat yoldaşından əsirgəyən qadınlar unutmaslnlar ki, həyat yoldaşları üçün xəyanətə gedən yolda yaşıl işıq yandırıblar. Biz kişiləri həmişə qınamışıq, ən ağır ittihamlarla həm də, bəs niyə bu yola aparan səbəbin bəzən də elə biz özümüz olduğunu düşünməmişik? Gəlin bir az ədalətli olaq, biri var xəyanətkar kişi, biri var xəyanətə sürüklənən kişi… Sürüklənən kişilərin xanımı xəyanəti haqq edənlərdir, bu mənim subyektiv fikrimdir, təbii ki, razılaşmaya bilərsiniz.
İndi isə qısqanclıqdan danışaq. Bilirik ki, qısqanclıq bioloji instinktdir. Əgər biri qısqanclıq halı yaşayırsa, bu zaman ətrafda baş verən hadisələrə münasibət ağlın, məntiqin idarəsindən çıxıb, emosiyaların idarəsinə keçəcək. Belə deyirlər ki, qısqanclıq qeyri-şüuri hissdir. Ona görə də bunun qarşısının alınması yalnız təfəkkürün yüksək inkişafının nəticəsində mümkün ola bilər. Bilirsinizmi, hətta alimlər qısqanclıq hissini ən ağır xəstəlik olan xərçəngdən belə təhlükəli sayırlar. Amma, ifrat qısqanclığı.
Qısqanclıq inamsızlıqdan, nə də çox sevməkdən yaranır mövzusu ilə mən razı deyiləm. Bəzən olur k, sevdiyinə güvənə bildiyin halda, cəmiyyətdəki xoş olmayan hallar qısqanc davranmağa şərait yaradır. Əgər bir kişi öz həyat yoldaşına etibar edib cəmiyyət içinə çıxmağa icazə verirsə, ətrafdakı əqidəsi normal olmayan biri həmin qadına kəm gözlə baxırsa, bu qadının günahı deyil. Lakin elə kişilər vardır ki, bu halı qəbul etmədiyindən (baxmayaraq qadın çox tərbiyəli və ətrafındakı bu cür davranan tiplərə qarşı da aqressivdir) razı olmur ki, sevdiyi qadın kənar şəxslər tərəfindən narahat edilsin və ona görə də cəmiyyətə çıxış üçün qadağalar qoyur. Bu artıq fərdin xarakteri ilə bağlıdır və ailədaxili münasibətdir. Hətta deyərdim ki, qəbulediləndir də. Hər kəsin baxışı fərqlidir. Yəni, ümumilikdə kişilərin qısqanclıq münasibətinə ümumiləşdirilmiş bir baxış etsək, normal hal kimi qəbul edə bilərik. Mən, ümumiyyətlə, qısqanclığın tərəfdarıyam, amma bir şərtlə: həddini aşmayan qısqanclıq olsun. Bu haqda yazım da olub “Sənə kim baxdı, yarım?” adıyla.
Gələk qadınların qısqanclığına. Qadın da qısqana bilər, qısqanmalıdır o vaxt ki, həqiqətən sevir. 90% qadınlar həyat yoldaşlarını sevdikləri üçün qısqanırlar. 10% isə paylaşa bilmir, itirməkdən qorxur…mən sizi əmin edirəm, əgər bir qadın qısqanmırsa, demək, o daha sevmir. Amma yenə də deyirəm qadınlar da həddi aşmamalıdır bu mövzuda. Kişinin qısqanclıq mövzusunda xırdalığa getməsi, həqiqi sevən qadın üçün xoş bir təəssürat yarada bildiyi halda, əksinə, qadının xırdalığa getməsi kişini evdən və sevdiyindən soyuda bilər. Yuxarıda dediyim kimi, hətta xəyanətə də aparıb çıxara bilər. Çünki burada xarakter fərqliliyi var. Kişilər dır-dırı, lazımsız yoxlanışları, yersiz təhdidləri ilk günlər sakit qarşılasalar da, sonradan çox acı nəticələr ortaya çıxa bilər. Kişilər inamı, etibarı hədsiz çox sevirlər. Bəlkə də onlar üçün ən böyük sevgi, elə sevdiyi qadının ona olan etibarıdır. Təbii ki, söhbət yenə də əsl kişidən gedir. Ona görə də, baxmayaraq mən də qadınam həmişə həmcinslərimə bir məsləhət vermişəm: yersiz hərəkətləriniz, qısqanclıq səhnələrinizlə kişinin canını boğazına yığmayın. Olmayan şeyi etməyə məcbur etməyin, mərdi qova-qova namərd etmək olmaz. Sevin, qısqanın, amma həddində olsun… bu haqda bir lətifə danışacam sizə, həm bu ağır mövzunu üzünüzdə gülüşlə bitirin deyə, həm də bəlkə nəticə çıxaran olar deyə.
Çox da gənc olmayan bir ailədə kişi səlahiyyətli bir işin icraçısıdır. İşləri ilə bağlı hər gün də olmasa həftədə 3-4 dəfə evə gecə yarısı gəlməli olur. Hər dəfə də eyni mənzərə ilə qarşılaşır. Qapı açılar-açılmaz salamsız-kəlamsız:
– Niyə gec gəldin? Harda idin? Kiminlə idin? Üstündən qadın ətrinin qoxusu gəlir? və s.
Kişi nə qədər and-aman etsə də ki, iş görüşməsində idim, qadın inanmır. Beləcə, gecəsi bərbad olur. Və bir müddət də belə davam edir. Bir gün isə hər şey çox fərqli surətdə dəyişir. İşdən çıxıb evə gəlmək istəyən kişinin yadına arvadının deyingənliyi düşür. Elə bu zaman katibəsi sağollaşıb otaqdan çıxmaq istəyəndə kişi ona şam yeməyi təklif edir. Katibə də razılaşır və bunlar birlikdə yeməyə çıxırlar. Gecə yarısı evə dönən kişiyə qapını açan xanımı yenə eyni sualla müraciət edir:
– Hardaydın, niyə gec gəldin?
– Katibəmlə şam yeməyinə getmişdim, – kişi soyuqqanlı halda dillənir.
Bunu eşidən qadın kişini qucaqlayıb:
– Sən bunu mənə heç vaxt etməzsən bilirəm, – deyir və yoldaşının üzündən öpür…
Bax belə, əzizlərim, çalışın sahib olduqlarınıza vaxtında yiyə durun, kimsə sizə aid olana sahib durmağı qarşısına məqsəd qoyduqdan sonra sizin üçün çox gec olacaq və əlləriniz boşluqda qalacaq… Sevgiylə qalın hər zaman…☺️
09/05/2017 tarixində Yazılarım içində dərc edildi və qısqanclıq, qısqanclığı yaradan səbəblər, xəyanət nədən yaranır, xəyanətin səbəbləri olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 5 Şərh.
Salam ureyim 😚😚en gozel movzuya toxunmusan😊😊😊yazan ellerin yorulmasin ezizim. Qisqancliq xestelik olsaydi men coxdannn olmuwdum.
BəyənBəyən
Salam, bitanəm. Gözəl günün olsun. Ölməzsən inşAllah ☺️😘
BəyənBəyən
Sevinc, icazə verin sizinlə razılaşmayım 🙂 Xəyanətin adı xəyanətdir, milyon dənə bəhanə də (səbəb yox ha) gətirilsə, zinadır. Hansı sonu məlumdur. Xəyanətkarı qoyuram qırağa. Sürüklənməyə gəlirəm: qadının pisdir, anlaşmırsan eləmi, ya səbir edəcəksən (ola bilər ki, bu səbir sənin xeyrinədir), ya da gözəl şəkildə boşanacaqsan (buna qədər də atılacaq bir çox addımlar var: nəsihət, danışdırmamaq, yataqları ayırmaq və s. və i.). Yoxsa ki, iş bilmişəm arvadım deyingəndir, qaçım başqa yerdə köç salım 🙂
Əvvəla qeyd edim ki, bir qadın olaraq həyat yoldaşım məni normasında qısqanmasaydı və “hara gedirsən, get, sənə güvənirəm, nə edirsən, et” desəydi, xətrimə dəyərdi. Nə qədər güclü qadın olursan, ol, yenə də qoruma altında olmaq xoşuna gəlir.
Qadının qısqanclığına gələk. Mənim fikrimcə qadın yoldaşına qısqanclığını hökmən hiss elətdirməlidir, çünki o da ətdən-qandan bir canlıdır, sevildiyini, kiminsə onun fərqində olduğunu duymaqdan məmnundur. Yoxsa ki, vecimə də deyilsən, “hara istəyirsən, get, kiminlə istəyirsən şam et” tipli münasibət kişidə haqlı olaraq, “bunun həyatında kimsə var” və ya ən yaxşı halda “bunun üçün bu qədərmi dəyərsizəm, əhəmiyyətsizəm, heçmi sevmir” düşüncəsi yaradar. Bu mənim düşüncəmin məhsuludur.
Uzun sözün qısası, xəyanətə heç bir halda bəraət qazandırmıram və böyük günahlardandır. Qısqanclığı isə normasında olduqda doğru hesab edirəm və həmişə də etiraf edirəm, mən qısqancam, amma “gözünü ovcuna tökəcək” qədər yox 🙂
Təşəkkür edirəm, Sevinc, nə vaxtdandır, bu böyüklükdə şərh yazmırdım 🙂
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Mələyim, sən bilirsən ki, mən bu cür müzakirəyə həmişə açıq olmuşam. Bilmirəm fikrim son zamanlar bir az qarışıqdır deyə deyəsən nə demək istədiyimi tam mənada çatdıra bilməmişəm. Tək sən deyilsən, razılaşmayanlar var mənimlə. Mən də bütün xanımlar kimi xəyanətə düşmənəm. Demirəm ki, ay kişilər bir az boz üz görən kimi gedin xəyanət edin, yox, əsla! Amma bu faktdır ki, zamanla kişilər bu yolu seçirlər. Bəziləri səbirli olur, zaman verirlər xanımlarına, bəziləri isə yox. Ona görə də demək istəyirəm ki, xanımlar gərək diqqətli olsunlar. İcazə verməsinlər ki, yaxşılar pisə çevrilsin. Onsuz da yenə fikrim dağınıqdı, olar ki, yenə də nəyisə doğru çatdıra bilməyim. 😔
Qısqanclıqda anlaşmışıq, sənin bu haqda fikirlərini bilirəm artıq 😘😘😘
Mən sənə təşəkkür edirəm, mələyim, yaxşı ki varsan. Sən nə qədər uzun da yazsan, sənin söhbətindın doymayan biriyəm mən ❤️
BəyənBəyən
Sevinc, siz fikrinizi mənə aydın olacaq şəkildə çatdırmısınız və qadın tərəfdən baxanda sizinlə razıyam, yəni qadın yoldaşını yanında saxlamağa çalışmalıdır. Amma əks tərəfin qadının əxlaqındakı naqisliyi bəhanə edib də, xəyanət etməsi ilə razı deyiləm.
İnşəAllah tezliklə bu fikir dağınıqlığından azad olasınız, Sevinc. Sizin nigarançılığınızı tam da olmasa, müəyyən qədər təxmin edirəm. Allah köməyiniz olsun.
Oy utandım lap 🙂 Allah razı olsun sizdən.
Bəyəntərəfindən bəyənildi 1 şəxs