Mən Şuşadan gəlirəm…
25 il az bir müddət deyil. El arasında – “bir igidin ömrü” də deyilir. Bu yazını iki il bundan əvvəl yazmışdım, içimdə qəribə bir inam hissi ilə…inanırdım ki, növbəti yaz o qırmızı lalələr düşmən ayağının tapdağından, düşmən nəfəsindən xilas olacaq. Amma…dəyişən heç nə yoxdur… Yenə də şəhid, yenə də anaların fəryadı, yenə də ürəklərdə Qarabağ həsrəti yaşayırıq…yurd həsrəti ilə yaşamağa yaşamaq deyilirsə…
Bu arada, hamınızı salamlayıram, mənm sadiq və vəfalı dostlarım…
…qıpqırmızı lalələr çəmən çiçəkləri ilə baş-başa verib şirin-şirin pıçıldaşırdılar. Elə bil neçə illərin həsrətli sevgililəri idilər. Quşların cəh-cəhlə oxuması, bülbülün Xarı bülbülə, öz sadiq sevgilisinə vəfası, buludların səmada düzülüşü belə, bir xoşbəxtlik tablosu idi.
Cıdır düzündə igid-igid oğlanlar əllərində Azərbaycanın üçrəngli bayrağı at çapırdılar. İsa bulağının buz bulağından su içmək üçün qızlar boy-boya vermişdilər. Ağacların yenicə tumurcuqlamış budaqlarında min rəng vardı. Başı dumanlı dağların ən uca zirvəsi belə açıq-aydın görünürdü…
25 il əvvəl bu dağları bir həsrət bürümüşdü. Nankor ermənilər, çörəyimizi yeyib, suyumuzu içən, evimizin ən əziz qonağı bildiyimiz mənfurlar işğal edib viran qoymuşdu Şuşanı. Şuşanın sinəsinə çalın-çarpaz dağ çəkmişdilər. O dəhşətli gün topun, güllənin səsindən quşlar perik düşmüşdü, çiçəklər tapdaq altda qalıb əzilib torpağa qarışmışdı, torpağın sinəsi cadar-cadar olmuşdu, günahsız qan içməkdən gözü qan ağlamışdı Şuşanın…
…o gündən bu yana, düz 25 il idi ki, Şuşa, bax beləcə qan ağlayırdı, hər gecə, hər səhər…torpağına sədaqətli Xarı bülbül çiçək açmırdı, quşlar şən nəğmə yerinə ağı deyirdi, dağlar bomboz həsrət dumanına bürünmüşdü, göy üzündə qəhərdən, acıdan dolmuş qara buludlar məskən salmışdı…
…sevin daha Vətənim, sevin, Qarabağın cənnət məkanı olan Şuşam! Bu ilin uğurlu gəldi, bu il bəxtinə doğacaq günəşinin al şəfəqləri səni bir daha xoşbəx illərinə qaytaracaq, əridəcək ürəyində buz bağlamış həsrəti, kədəri, qəmi-qüssəni, sevin, Şuşam!
Bax, bu gerçəkdir, bax sənin cənnət qoynunda yenə güllər açıbdır, yenə qız-gəlinlərin gülüşü quşların nəğməsinə qarışıbdır. Daha göydən yerə qara buluddan qanlı göz yaşları axmır, bu torpaq uğrunda qan tökmüş igid oğlanların ruhu azad bir quş kimi səmadan sənə baxıb gülümsəyir…onlar da arzusuna qovuşdular artıq, azad görmək istədikləri Vətən torpağında daha düşmən nəfəsi duyulmayacaqdı…
…çəmən-çəmən topladığım bir dəstə çiçəyi bağrıma basıb qoxusunu ciyərlərimə çəkdim. İlahi, necə də ətirlidir, necə də kövrəkdir mənim çiçəklərim…elə bu zaman “Gövhər ağa” məscidindən azan səsi eşidildi. Tez-tələsik çəmənlikdən, bu rayihədən aralanıb bulaq başına endim. Dəstəmaz alıb Allahın evində namaz qılmaq, dizlərimi yerə atıb Uca Yaradana şükürlər etmək üçün tələsdim. Şükürlər olsun ki, Qarabağımızı bizə yenidən qaytardı…
…qapının ağzında qoyduğum çiçək çələngini əllərimə alıb, qoxusunu yenidən ciyərimə çəkdim. Bu sevincimi Bakıdakı dostlarımla bölmək üçün şəhərə tələsirdim. Əlimdəki çiçəklərlə mən onlara sübut edəcəkdim ki, MƏN ŞUŞADAN GƏLİRƏM…
…elə bu vaxt TV kanalında “Xəbərlər” verilişinin aparıcısının kədərli səsi məni xəyalımdan ayırdı: “Bu gün Şuşanın işğaından 25 il keçir”…
08/05/2017 tarixində Tariximiz, Yazılarım içində dərc edildi və erməni vəhşilikləri, Qarabağ, Şuşa, Şuşanın işğalı olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 3 Şərh.
Allah xəyallarımızı gerçəkləşdirsin.
Bəyəntərəfindən bəyənildi 1 şəxs
İnşAllah, mələyim…Amin!
BəyənBəyən
Reblogged this on Sevincli Dünya və şərh edildi:
25 ilin üstünə 2 il də əlavə olundu. Amma həsrət bitmədi ki, bitmədi…
BəyənBəyən