…insanlıq geri qayıdan zaman dünya xilas olacaq… (Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 16-cı yazı)

Salam, dəyərli dostlar! Müqəddəs cümə günündə xoş gördük hamınızı. Bu gün xatirinə Yaradan hər birimizin duasına qəbula yazsın inşAllah, dualarımızda olan kəsləri qorusun…

Bu gün sizi yenə də çox sevəcəyiniz bir xanımla tanış edəcəm. Pərvanə xanımı mən özüm də tanımışam və tanıdığıma şadam deyərdim. İnşAllah sizin də sevəcəyiniz bir müsahib və müsahibə olar. Tanışlıq sizi qane etdisə, suallarınız və iradlarınız varsa, şərh bölümündə bildirə bilərsiniz.

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Mən Pərvanə Nəzərova. 31 yaşım var, subayam. Xaraktercə kövrək, mülayim, gülərüz, yeri gələndə səbrli, yeri gələndə səbrsiz, yeri gələndə ciddi, yeri gələndə şıltaq, yeri gələndə ünsiyyətcil, yeri gələndə susqun biriyəm. Ən əsası isə gözəl qəlbli, vicdanlı, mərhəmətli, xeyirxah insanlara qarşı sevgi dolu bir insanam. Ancaq insanlara qarşı rəftarım və davranışım onların özündən asılıdır. 
2. Ətrafımızda müxtəlif əqidəli insanlar var: dərdimizə məlhəm olanlar, yaramıza duz səpənlər. Vaxtında ayıra bildinizmi hər iki tipi? Yoxsa yanlışlarınız oldu?
– Çox şükür ki, ətrafımda çox zaman dərdimə məlhəm olan insanlar oldu. Düzdür, bəzi insanları tanımaq baxımından yanlışlarım da oldu. Yaxınıma “yarama duz səpən” deyil də, bundan da betər insanlar buraxdım. Həmin insanların sayı barmaqla sayılacaq qədər olsa da, onlar mənə doğma olan insanlar idi. Və mən gec olsa da onları həyatımdan çıxardım.
3. Freydin çox maraqlı, bir qədər də ironiya çalarlı fikri var:
“Hələ cavabı tapılmayan və qadın ruhuyla əlaqədar otuz il davam edən araşdırmalarıma qarşı mənim də cavablamağı bacara bilmədiyim çox əhəmiyyətli bir sual var: Qadın nə istəyir”. Öz dünyanızda deyin, istədiyiniz varmı, nədir bu istədiyiniz?
– Kişilərin çoxusu “qadın nə istəyir?” sualına hələ də cavab tapa bilməyib-deyə, ironiyalı bir fikir səslənir bir çox kişilərin dilindən… Əslində qadın çox şey istəmir. Qadın sevgi, nəvaziş, qayğı, sevdiyi insan tərəfindən sahiblənmək, hüzur, səadət, hörmət və sevgi dolu bir ailəyə sahib olmaq istəyir. Əgər bir kişi bu sadaladığım şeyləri bir qadına verə bilirsə, o zaman o qadın, o kişini başının tacı edər və bütün ömrünü o kişiyə həsr edər.
4. Biri sənə arxasını çevirərsə, üzülmə, beləcə, dostunla düşmənini ayırd etmiş olarsan… Siz necə, dostunuzla düşməninizi ayırd etmisinizmi?
– Ümumiyyətlə, dost çox ola bilməz. Bir insanın barmaqla sayılacaq qədər dostu ola bilər. Qalanları isə hörmət etdiyin, dəyərli bildiyin tanışların, yaxınların ola bilər. Mənim də iki əlin barmaq sayını keçməyəcək qədər dostlarım var. ALLAHIMA sonsuz şükürlər olsun ki, həmin dostlarımdan indiyə qədər nə xəyanət, nə də məni sarsıdacaq, insanlara qarşı güvənimi itirəcək heç bir hərəkət görməmişəm. Əksinə, yaxşı ki, mənim belə dostlarım var, yaxşı ki, onlar mənim həyatımdadır demişəm…
5. Hikmət sahibi deyir ki, gəlməyəcəyini bilə-bilə gözləmək axmaqlıq deyil, eşqdir… Oldumu belə gözlədiyiniz?
– Əslində, “gəlməyəcəyini bilə-bilə gözləmək axmaqlıq deyil, eşqdir…” fikri ilə mən tamamilə razıyam. Çünki seveə insan hər zaman ” bəlkə bir gün gələr” deyə ümid edər və gözləyər…Ancaq tam səmimiyyətimlə deyirəm ki, mənim belə gözlədiyim heç vaxt olmadı.
6. Məşhur bir deyimdə deyilir ki, dünyanı gözəllik xilas edəcək, mən isə deyirəm ki, dünyanı sevgi xilas edəcək. Sizcə gözəllik, ya sevgi, yoxsa heç biri?
– Ümumiyyətlə, mən heç zaman “dünyanı gözəllik xilas edəcək” fikri ilə razılaşmamışam. Mənə görə dünyanı insanlıq xilas edə bilər. Dünyada olan insanların 70-80%-i itirdiyi insanlıqlarını geri qaytarıb, insan olduqları zaman dünya xilas olacaq.
7. Sıfıra bənzər insanlar vardır. Onlar hər zaman qarşılarında bir rəqəmə ehtiyac duyurlar. Qarşısında durduğunuz biri oldumu?
– Əslində, bir yox, bir neçə insanın qarşısında deyil də, yanında olmağa çalışdım və oldum da. Çünki məni özlərindən öndə deyil də, məhz yanlarında olduğumu hiss etmələrini istədim. Bu kəslər də mənə doğma olan bəzi insanlar idi. Ancaq çox təəssüf ki, həmin kəslər öz sözləri və əməlləri ilə özlərinin sıfıra bənzər insanlar olduqlarını sübut etdilər.
8. Ölümdən qorxan insan heç nəyə nail ola bilməz. Yalnız qorxmayana hər şey mənsubdur. ( L. Tolstoy ) Bəs sizin üçün ölüm nə deməkdir? Ölmək qorxusu ilə yaşayırsınızmı?
– Ölüm məfhumu mənim üçün yaşadığımız bu fani dünyanın sonu, əbədi dünyanın isə başlanğıcıdır. Hər bir canlı ölümü bir gün dadacaqdır. Mən ölümdən bu dünyaya olan sevgimdən və bağlılığımdan dolayı qorxmuram. Mən ölümdən etdiyim yanlışlardan, günahlardan dolayı qorxuram. Haqq-hesab günündən qorxuram. Rəbbimin məndən razı qalmadığı bir bəndə olaraq ölməkdən qorxuram. Rəbbimin rəhmətini qazanmamaqdan qorxuram. Eyni qorxularım sevdiklərim, doğmalarım üçün də keçərlidir.
9. “İnsanlara ən ədalətli şəkildə paylanan nemət ağıldır. Çünki heç kim ağılından şikayətçi deyil” Siz necə, ağlınıza güvənib addım atırsınız, yoxsa hissləriniz sizi idarə edir?
– Səni kim oyadıb, ey mənim hissim?
Bəxtim yatıb qalıb, hara gedirsən?
Səni cilovlaya bilməyir heç kim
Elə bil şeytana qulluq edirsən.
Əqlim əzab çəkir, sən isə ancaq
Əyləncə gəzirsən bu saatlarda.
Sən mənim könlümü etmisən dustaq
Azadlıq qışqırır qazamatlarda.
Mən sənə etibar etmərəm daha
Sanki ehtirasdan doğulmusan sən.
Mən sənin ardınca getmərəm daha
Çünki dəfələrlə yanılmısan sən.
İçimi tənhalıq, boşluq yeyərkən
Ya ölürsən, ya da uzaq gəzirsən.
Düşüncəm, əqidəm ALLAH deyərkən
Sən mənim dilimə şərab süzürsən.
Məni güldürməkçün, sevindirməkçün
Əqlimlə dostluq et, onunla danış.
Məni bədbəxt deyil, xoşbəxt görməkçün
Bir az o çalışsın, bir az sən çalış…

Bu şeir çox sevdiyim Namiq Qaraçuxurlunun bir insanın hissi ilə olan söhbətindən bəhs edir. Bu şeir də bir insanın xoşbəxt olması üçün yeri geləndə hisslərlə, yeri gələndə ağılla hərəkət etməsinin lazım gəldiyi vurğulanır…Gerçəkdən də insanın xoşbəxt olması üçün o həm hissləri ilə, həm də ağlı ilə hərəkət etməlidir. Çünki RƏBBİM insana həm ağıl, həm də hiss deyilən məfhumu bəxş edib. İnsan lazım geləndə ağlıyla, lazım gələndə isə hissləriylə qərar qəbul etməlidir. Eks təqdirdə insan istədiyi xoşbəxtliyə, istədiyi amala çata bilməz…Mənim də bəzən hisslərimlə, bəzən də ağlımla hərəkət etdiyim zamanlar oldu. Lakin üstünlüyü çox zaman hisslərimə verdim mən. Yanıldığım məqamlar da oldu, düzgün qərar verdiyim məqamlar da. Ancaq yanlışlarım daha çox oldu. Buna görə də düşünürəm ki, insan öncəliyi hisslərindən çox ağlına verməlidir.
10. Hər kəsi qınamaq və hər kəsi tərifləmək, ağılsızların edəcəyi şeylərdir. Sizin qınadığınız və təriflədiyiniz hansı xüsusiyyətli insanlardır, maraqlı olardı bu haqda fikirlərinizi öyrənmək.
– Hz.Məhəmmədin “Qınamayın. Qınadığınız şey başınıza gelməyincə, bu həyatdan köçməzsiniz” deyə bir kəlamı var. Mən düşünürəm ki, burda söhbət nəyi və nə üçün qınadığımızdan gedir. Həyatda elə şeylər, elə kəslər var ki, onlar mütləq şəkildə qınanılmalıdır. İkiüzlü, vicdansız, təkəbbürlü, haqsız, mərhəmətsiz, səbəbsiz yerə insanları öz sözləri, hərəkətləri ilə incidən insanları her zaman qınadım mən. Vicdanlı, mərhəmətli, içi insanlara qarşı sevgi dolu, gözəlliklərlə dolu, semimi, dürüst insanları isə təriflədim, sevdim. İçimdən “yaxşı ki sizler varsız, RƏBBİM sizin kimi insanları qorusun” deyə, hər zaman dua etdim.
11. Sizcə, yaşamaq qadınlar üçün asandır, yoxsa kişilər?
– Məncə yaşamaq kişilər üçün qadınlara nisbətən daha asandır. Bəlkə də yanılıram. Ancaq bu mənim şəxsi fikrimdir.
12. Alın yazısı bir dəfə yazılır, amma insana onun üzərində hər dəfə yenidən yazmaq şansı verilir. Sizcə təkrar yazılan yazılar alt yazının izlərini tamam bağlaylb görünməz edə bilərmi?
– Bəzi insanlar özlərinin və başqalarının başlarına gələn pis və ya yaxşı hadisələri alın yazısı ilə əlaqələndirirlər. Demək ki, “alın yazım belədir” deyirlər. Ancaq ALLAH insana ağıl deyilən neməti verib, haqqı, nahaqqı, doğrunu, yanlışı öz peyğəmbərləri vasitəsilə bəndələrinə çatdırıb. RƏBBİM insana verdiyi ağıl neməti sayəsində ona seçim haqqı tanıyıb. İnsan nəfsinə uyub, ALLAHIN haram buyurduğu yollarla gedirsə, haqqı nahaqqın ayağına verirsə və bütün bunların müqabilində başına gələn pis hadisələrə görə “alın yazım belədir” deməsi əsl axmaqlıqdır. Alın yazısı insanın yaradılışı və ölüm vaxtının yetişdiyi andır. Özünü, həyatı derk etdiyi andan ölüm anına qedər olan yolu isə insan özü cızır. Bu yolda yanlışları da, doğruları da olur. Bütün bunlara o özü qərar verir…Yəni dediyim odur ki, əslində alın yazısını öz əməlləri ilə alnına insan özü yazır. Təkrar yazılan yazılar isə alt yazıların izlərini bəzən tamamən bağlayıb görünməz etsə də, bəzən edə bilmir.
13. Zaman ayrılığı belə insana unutdurur. Onsuz yaşaya bilmərəm dediyimiz insanların simasını, qoxusunu, adını belə unutdurur zaman bizə…Və geriyə sadəcə xatirələr qalır… Niyə belədir sizcə? Günahkar həqiqətənmi zamandır, yoxsa insan unutmaq istəyir, amma günahı zamanda görür?
– Əslində zaman heç nəyi unutdurmur. Sadəcə olaraq zamanla insan bununla yaşamağa öyrəşir. Xatirələr isə yuxuya gedir və zamanla da o xatirələr yenidən oyanır. Doğmalarını, sevdiklərini itirən insan son nəfəsinə qədər onların nə simasını, nə qoxusunu, nə də adını unutmur. Sadəcə həmin insanların yoxluğu ilə barışır.
14. Bəzən görürsən ki: “Səni dünyalara dəyişmərəm” deyən biri, səni sıradan insanlara dəyişir. Sizcə nədən? Biz doğruyamı güvənmədik, yoxsa bizi doğrularmı tapmadı?
-Bu sual məni her zaman düşündürüb. Cavabım isə hər zaman eyni olub. Demək ki, bunu deyən insanlar bu kəlimələri ürəkdən hiss edərək söyləməyiblər. Belə bir deyim var. “Boğazdan yuxarı deyilən sözlər”. Demək ki, bu sözlər də boğazdan yuxarı deyilən sözlər olub. Bəlkə də bunu deyən insan həmin vaxt ya anın sehrinə, ya da dünyalara dəyişməyəcəyini dediyi insanın sehrinə qapılıb və bu kəlimələri söyləyib.
15. Öz dişlərimin arasında olmasına baxmayaraq öz dilimə hakim ola bilmirəmsə, başqalarının dilinə necə hakim ola bilərəm…nədir insanı dilinə hakim olmamağa qoyan?
– Bu suala birmənalı şəkildə cavab vermək olmaz. Çünki müxtəlif əqidəli insanlar olduğu kimi, səbəblər də müxtəlifdir. Elə insanlar var ki, əsəbi, hirsli olduğu zamanlarda dilinə hakim ola bilmir və deyilməməsi gərəkən sözləri deyir. Hirsi keçdikdən sonra buna peşman olsa da, artıq sözləri ilə qarşısındakını yaralamış, hətta mənən öldürmüş belə olur. Hz. Əli bir kəlamında deyir ki “dilin sümüyü yoxdur, ancaq bir zərbə ilə öldürdüyü insanlar çoxdur”. Gerçəkdən də bəzən dilimizə hakim ola bilmədiyimiz üçün yaraladığımız, öldürdüyümüz insanlar olur. Etdiyimizdən dolayı bir ömür peşman olsaq da, nə özümüz, nə də yaraladığımız insan bunu unutmur, aldığı yara sağalmır. “Qılınc yarası sağalar, söz yarası sağalmaz” deyimində deyildiyi kimi…Bəzi insanların dilinə hakim ola bilməməsinin səbəbi isə dedi-qoducu olmasıdır. Dedi-qodu etmək bu insanların vaz keçilməz məşğuliyyətidir. Onları dilinə hakim olmağa qoymayan səbəb məhz onların xarakteridir, xasiyyətidir.
16. Bütün dünya qadına qarşı şiddəti qəbul etmir. Lakin ən çox şiddətə məruz qalanlar da qadınlardır. Sizcə bu şiddət qadınların günahıdır, yoxsa zəifliyindən istifadə?
– Bu məsələ cəmiyyətimizin əsrlərlə davam edən ümumi bəlasıdır. Qadınlar tarix boyu şiddətə məruz qalıb və qalmaqda da davam edir. Bu istər fiziki şiddət olsun, istər mənəvi şiddət…Sevinc xanım, siz qadınlar haqqında bir yazı paylaşmışdız və o yazıda belə bir fikir səsləndirmişdiz. Demişdiniz ki, elə qadınlar var ki, onlara bircə sillə lazımdır, bəlkə silkələnib özlərinə gələlər. Bir sillə onları öldürməyəcək, amma belə getsə, onlar qadınlığı öldürəcəklər. Gerçəkdən əe təəssüf ki, belə qadınlar var və onlara gerçəkden bir sillə lazımdır. Ancaq, əgər həmin qadın bir sillə ilə yenə də özünə gəlmirsə, bu səbəb olaraq hər dəfəsində ona fiziki şiddət göstərdiyinə görə bir kişiyə haqq qazandıra bilməz. Qadının zəifliyindən istifadə etmək bir kişiyə yaraşmaz. Bəli, fiziki şiddət məhz qadının zəifliyindən istifadədir. Qadına fiziki şiddət göstərən kişilərin “yaxşı at özünə qamçı yedirməz” deyimi ilə etdikləri zorakılığa haqq qazandırmaları necə də ucuz səslənir.
17. Yoxsulların əkini bol bəhrə versə də
Bada gedər ədalət olmayan yerdə…razısınızmı bu deyimlə? İndiki zəmanə ilə nə qədər uzlaşır?
– Bu deyimlə 100% olmasa da, 80-90% razıyam. Çox təəssüf ki, bu fikir yoxsulların verdiyi salam belə zorla alınan və ya alınmayan indiki zaman ilə çox uzlaşır. Əslində, burda günah zamanədə deyil də, ixtiyar sahibi olan insanlardadır. Həmin insanların az bir qismi üçün ədalət, vicdan, insaf kimi məfhumlar mövcuddur. Bir gül ilə bahar olmadığı kimi, bu insanların da ədaləti heç nəyə yaramır.
18. Bu ölümlü dünyada mütləq bir xoşbəxtlik yoxdur. Hər xoşbəxtlik öz içində bir zəhər daşıyar, yaxud, çöldən gələn bir zəhərlə zəhərlənər…xoşbəxtlik nədir sizinçün?
– Bossnet deyir ki, “xoşbəxtlik o qədər çox hissələrdən ibarətdir ki, içində bir neçəsi daim əskik olur”…Gerçəkdən də bu belədir. Həyatda heç kim tam şəkildə xoşbəxt ola bilməz. Hərə xoşbəxtliyi bir şeydə-kimi zənginlikdə, kimi cansağlığında, kimi yeyib-içib, günlərini əyləncələrdə keçirməkdə, kimi sevib-sevilməkdə, kimi sevdiklərinin, doğmalarının əhatəsində olmasında, kimi etdiyi xeyirxah, xoş, gözəl əməllərlə başqalarına sevinc, xoşbəxtlik bəxş etməkdə görür. Hər kəs kimi mən də heç bir zaman tam şəkildə xoşbəxt olmadım. Hər zaman nələrsə əskik oldu. Bununla belə xoşbəxt olduğum anlar da az olmadı həyatımda. Lakin dediyim kimi “anlar”…Mənə görə bir insan canı sağlamdırsa, sevdiyi, dəyər verdiyi insanlar yanındadırsa, sevib-sevilirsə, sevgi, huzur və səadet dolu bir ailəyə sahibdirsə, varlığı, sözləri, hərəkətləri ilə ətrafına sevinc, huzur bəxş edirse, RƏBBİM halal yolla ruzisini yetirirsə, xeyirxah işlər görürsə, həmin insan demək ki, xoşbəxtdir.
19. İnsan var etdiklərinə peşman olur, insan da var yaşaya bilmədiklərinə əsəbi. Siz hansı birisiniz, peşman, ya əsəbi?
– Etdiyim bir çox yanlışlardan dolayı peşman, yaşaya bilmədiklərimə görə isə əsəbi deyil də, heyfslənən insanam. Zamanı geri qaytarmaq mümkün olsaydı,etdiyim yanlışları əsla etməzdim. Buna görə iliklərimə qədər peşmanam. Ancaq nə qədər peşman olsaq da, sonrakı peşmanlıq fayda vermir. Yaşaya bilmədiklərimə isə qətiyyən əsəbləşmirəm, sadəcə olaraq təəssüf hissi keçirirəm.Düşünürəm ki, yaşaya bilmədiklərimi yaşasaydım, həyatım və ətrafımdakı insanların həyatı tamam fərqli olardı. Ancaq bir tərəfdən də yaşaya bilmədiklərimə görə “demək ki,Rəbbim belə məsləhət bilib və mənimçün xeyirlisi budur” deyə düşünürəm.
20. Xəyallarımın suya düşəcəyini bilsəydim, onlara üzməyi öyrədərdim. Sularda batan xəyalınız oldumu?
– Oldu. Zatən o xəyalımın gerçəkləşəcəyinə də inanmırdım. Gerçəkləşməyəcəyini bilə-bilə xəyal qururdum. Bu səbəbdən də həmin xəyalımın suya düşdüyünü də deyə bilmərəm. Çünki biz bu ifadəni, adətən, gerçəkləşəcəyinə inanacağımız və ya gerçəkləşməsinə az bir zaman qalmış, lakin gerçəkləşməyən xəyallarımız üçün işlədirik. Bu səbəbdən də mənimkisi xəyaldan da çox bir möcüzə idi. Hansı ki, o möcüzə baş vermədi.
21. Şekspir deyir: ” Cavabın o qədər gec oldu ki, soruşduğumu unutdum”…cavabsız qalan sualınız necə, oldumu?
– İnsanlar var ki, onların həyatı cavabsız suallarla doludur və bir ömür “niyə?, niyə?” deyə öz-özünə sual verir. Bəzən illər sonra cavabını tapsa da, bəzən ömrü cavabını bilmədən sona yetir. Əksər insanların həyatında olduğu kimi mənim də həyatımda cavabsız qalan suallarım oldu.
22. Necib Fazil Kısakürek – bu ad yəqin ki, sizə tanışdır. Onun gözəl bir deyimi var: “Həyatımı hasara aldım. Bəziləri içəridə, bəziləri çöldə qaldı. İçəridən çölə çıxmağın açarı xəyanət, çöldən içəri girmənin açarı səmimiyyətdir”. Bəs sizin həyatınıza giriş-çıxışın açarı nədir, bilmək olar?
– Nəcib Fazilin söylədiyi xəyanət və səmimiyyət adlı amillər mənə görə kifayət deyil. Mənimçün başqa amillər də rol oynayır. Həyatıma girmənin açarı qəlbi və ruhu gözəl, amalı, əqidəsi düz insanlara xas olan səmimiyyət, dürüstlük, sadəlik və vicdandır. Səmimi, dürüst, sadə, vicdanlı, mərhəmətli, qəlbində gerçək anlamda ALLAH sevgisi olan, qəlbi və ruhu mənəvi zənginliklərlə, gözəlliklərlə dolu olan insanların həyatımdakı yeri çox özəldir. Onlara hər zaman “nə yaxşı ki, varsız, nə yaxşı ki, mənim həyatımdasız. Rəbbim sizi qorusun” deyirəm və onları qarşıma çıxardığına görə Rəbbimə şükür edirəm…Həyatıma heç zaman daxil etmədiyim insanlar isə nadürüst, təkəbbürlü, xüdbin, vicdansız, qeyri-səmimi insanlardır. Həyatımda olub, sonradan həyatımdan çıxardığım insanların çıxış səbəbi isə gec də olsa, əsl simalarını göstərmələri olub.
23. Arxalıya arxa olma ki, sənə yamaq desinlər, arxasıza arxa ol ki, sənə dayaq desinlər… Bilsəniz ki, sizə möhtac olan biri var və ona sahib çıxmanız lazımdır, yolunuzu kəsən maneələr bəhanəniz olmaz ki?
– O baxır manelərə. Çünki insan həyatda bəhanə sayılacaq manelərlə yanaşı, gerçək maneələrlə də qarşılaşır. Nə qədər istəsən də, çalışsan da bu maneələri dəf edə bilmirsən. Ancaq mənə möhtac olan, məndən başqa ümid yeri olmayan bir insanı da taleyin hökmünə buraxacaq qədər mərhəmətsiz biri deyiləm. Bacardığım qədər o insana yardım göstərərəm. Hətta elə bir vəziyyət ola bilər ki, ona sahib belə çıxaram…Rəbbim kimsəni özündən başqa kimsəyə möhtac etməsin.
24. Napoleonun belə bir fikri var: Məğlubiyyətin üzünə gülə bilsən, demək ki, cəsursan. – Məğlub olduğunuzu qəbul edə bilənlərdənsinizmi?
– İnsan qalibiyyəti qəbul etdiyi kimi, məğlubiyyəti də qəbul etməlidir. Bəzi insanlar məğlubiyyəti sevməməklə məğlubiyyəti qəbul etməməyi səhv salırlar. Aydın məsələdir ki, məğlub olmağı heç kəs sevmir. Ancaq, əgər insan məğlub oldusa, o məğlub olduğunu qəbul etməlidir. Çünki vaxtında məğlub olduğunu qəbul etmədiyində, insan get-gedə öz hirsinin, öz eqosunun qurbanına çevrilir və sonda peşman olacağı addımlar atır…Bəli, mən məğlub olduğumu qəbul edənlərdənəm.
25. Burax bütün insanlar səni tanısın, amma heç kim səni tam olaraq tanımasın. İnsanlar, dayaz yerini gördükləri dərəni asan keçərlər…kimlərə özünüzü tam anlatmaqdan çəkinməzsiniz? Və səbəbi.
– Ínsanlığına güvendiyim,xarakterce,ruhen ve menen özüme yaxın bildiyim keslere özümü anlatmaqdan çekinmerem.Çünki eminem ki,hemin kesler heç vaxt meni çox yaxşı tanıdıqlarından dolayı bundan mene qarşı pis niyyetle istifade etmezler.Çünki men özüm kimi,hetta özümden de mükemmel,gözel insanlara özümü anlatmışam.
26. Arxamdan danışmağa davam et. “Çünki qarşıma çıxacaq qədər böyük deyilsən”. (Ernesto Che Guevara) Arxanızca danışanlar çoxdurmu?
– Bu təbii haldı. Arxasınca danışılmayan insanların olduğuna inanmıram. Elə insan yoxdur ki, onun arxasınca danışmasınlar. Bir insan istər yaxşı mənada, istər pis mənada başqa bir insanın arxasınca danışır. Eləcə də mənim. Ancaq əminəm ki, arxamca yaxşı mənada danışanlar daha çoxdur:))
27. İnsanlar göründükləri kimi olmalıdır. Əgər deyillərsə, heç görünməsələr, daha yaxşıdır. Göründüyünüz kimi birisinizmi?
– Mövlananın gözəl bir kəlamı var. “Ya göründüyün kimi ol, ya da olduğun kimi görün”…Həyatda göründüyü kimi olmayan insanlar çoxdur. Belə insanlar iki cürdür: Acılarını, xəyal qırıqlıqlarını, üzüntülərini gizləyib, sevdiklərini incitməmək üçün üzdə özünü xoşbəxt göstərənlər və daxilən şeytan olub, üzdə özünü mələk göstərənlər. ALLAHA şükürlər olsun ki, heç vaxt ikinci tip insanlardan olmadım. Ancaq bəzən içimdə fırtınalardan təlatümə gəlmiş bir dəniz dalğalanarkən, üzdə sakit bir gölü xatırladıram. Lakin əsasən həyatda göründüyü kimi olan insanlardanam.
28. Sahib olmadığın şeylər üçün üzülmə deyirlər. Qismətindirsə, gəlib səni tapacaq. Doğrudanmı belədir? İnsan hər şeyi qismətə bağlamalıdırmı?
– Hər şeyi yox, ancaq elə şeyler var ki, onları qismətə bağlayıram. Çünki her şeyi qismətə bağlamaq məncə axmaqlıqdır.
29. Nazim Hikmətin belə bir məşhur deyimi var: “Deyirlər e, mən sənsiz yaşaya bilmərəm. Bax, mən onlardan deyiləm. Mən sənsiz də yaşayaram, amma səninlə bir başqa yaşayaram”. Bu həqiqətənmi belədir, yoxsa insanların qurduğu xəyaldır? Qovuşandan sonra hər şey adiləşir…
– Nazim Hikmətin bu deyimini elə çox sevirəm ki…Çünki bu kəlimələr eynilə mənim düşüncələrimdir. Bu həqiqətən də belədir. Mən qətiyyən qovuşandan sonra hər şey adiləşir düşüncəsiylə yaşayan insanlardan deyiləm. Mənə görə əgər iliklərinə qədər bir-birinə aşiq olan iki insan qovuşarsa, onlar həyatı gerçəkdən də bir başqa yaşayarlar. Hər kəsin yaşamadığı kimi, yaşaya bilmədiyi kimi…
30. Deyilənə görə həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda? Həyat hansı biridir sizin üçün?Ümumiyyətlə, nədir həyat?
– Hisslərlə və ağılla yaşayanlar haqqında fikirlərimi demək olar ki, 9-cu sualı cavablamaqla izah etmişəm. Bu səbəbdən həyat haqqında olan düşüncələrimi sizlərlə bölüşmək istəyirəm…Hakan Urgancının gözəl və düşündürücü bir deyimi var. “Həyat ancaq ölümün eynəyi ilə düzgün oxuna bilən bir yazıdır”…Həyatın nə olduğunu tam anlamında ölüm ayağında olan biri gözəl bir şəkildə izah edə bilər… İnsanların həyat haqqında düşüncələri də özləri kimi fərqlidir. Mənim üçün həyat təkcə nəfəs almaq deyil, gerçək anlamda yaşamaqdır. Çünki nəfəs almaq yaşamaq deyil. Bəzən insan ömür kitabına nəzər salanda, görür ki, o ötən bu illər ərzində yaşamayıb, sadəcə nəfəs alıb, başqalarının yaşantısını və yaşadıqlarını uzaqdan və ya yaxından seyr edib. Deyəsən, mən özüm də həyatı yaşayanlardan deyil də, məhz seyr edənlərdənəm. Xoşbəxtliklərlə dolu həyatları seyr edərkən iliklərinə qədər sevinc hissini yaşayan, gülən,həmin an özü də xoşbəxt olan və ya əksinə, bədbəxtliklərlə dolu həyatları seyr edərkən də yaşanan o ağrı-acını bütün hüceyrələrinə qədər hiss edən, kədərlənən, üzülən və hönkürtü ilə ağlayan bir izləyici…

Müsahibə üçün təşəkkür edirəm. 

05/05/2017 tarixində Yazılarım içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 6 Şərh.

  1. Tanıdığıma şad oldum. Təşəkkür edirəm, Sevinc.
    Bir sualım yarandı: Pərvanə xanım Allahın rəhmətini qazanmaq istəyi ilə Namiq Qaraçuxurlunu sevməyi necə uyuşdurur 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  2. Melek simalim, yenede gözelliklerle dolu yazilarla sevindirdin bizi.Tanimiram bu xanimi, umumiyyetle heç kimi tanimiram.sizin sayenizde butun gözel insanlari tanidim.Tesekkurler Sevincim musahibin de cox gözel cavablar verib.Ugurlar her birinize.😍😘😍😘😍

    Bəyən

  3. Salam ezuzim.mqeaqli idi.suallar da cox gozel idi.sadece 8ci sualla eazi deyilem.yorulmayasan ezizim.cox sagolun her ikiniz de😚💖

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: