Sevgimin rəngsiz adı – (Son)
Leyla Səmranın otağından çıxanda üzündəki ifadə onun psixoloq yanından çıxmasını əks etdirmirdi. Gözlərindəki ümid tamam ölmüşdü. Özünü günahkar, həm də çarəsiz hiss edirdi. Klinikadan çıxıb yolunu müəyyənləşdirdi. Çünki Səmranın son sözü hələ də qulaqlarında cingildəyirdi: – Leyla, sən mənim düşündüyüm qadınsansa, bu gücü özündə tapmalısan. Sən özünlə bərabər Muradı da məhv edirsən. Budurmu ona olan sevgin? Sən sevgini beləmi dərk edirsən? Sevgi sevmədiyin yolu belə sevdiyin üçün getmək deyilmi? Hər dəfəsində sən onunla dost olaraq ayrılmaq istədiyini vurğulayırsan, buna nail olmağa can atırsan. Axı sevgini dostluğa çevirsən sənin əzabın yerə-göyə sığmayacaq, bunu daşıyan ürəyin, buna dözəcək gücün olacaqmı? Sevgini sevgi edən qovuşmaq deyil ki, Leyla, fədakarlıqdır. Muradı həqiqi sevirsənsə, ona bu fədakarlığı etməlisən sən…”
Əslində Səmra Muraddan çox Leylanı və Leylanın övladlarını düşünürdü. Səmra bilirdi ki, bu münasibətin xoşbəxt sonluğu yoxdur. Ya Leyla sıxıntılardan ağır xəstəliyə düçar olacaqdı. Ya da onlar qovuşmaq üçün münasib zamanı gözləyəcəkdilər. Bunların heç biri isə uşaqların xeyrinə olan hal olmayacaqdı…
Səmra Leyla otaqdan çıxdıqdan sonra artıq ikinci həb idi qəbul edirdi. O Leyla üçün çox əziyyət çəkmişdi, iki il keçməsinə baxmayaraq onu fikrindən daşındıra bilmirdi. O Leylanın daxilən necə əzab çəkdiyini bildiyi üçün onu Muraddan ayırmağın yollarını çözələyir və buna nail olmaq üçün də əlindən gələni edirdi. Leylanı qınamadığı nüanslarda belə onu müdafiə edə bilmirdi, etməməliydi də. Leyla Muradı sevirdi, həm də hisslərə bağlı sevgi ilə yox. Sevgi qəlbin gözəlliyi, paklığıdır deyən Səmra bu gün bu sevgini qamçılayırdı. Axı Leyla doğru insanı doğru zamanda seçməmişdi, Səmra Leylanın bu sevgisinə haqq qazandıra bilməzdi. Leylanı aşikarcasına müdafiə etməyə haqqı yox idi. Lakin Leylanın qapıdan çıxarkən ona dikilən yalvarış dolu gözlərini yadına saldıqca Səmra vicdan əzabı çəkirdi. Leyla Səmradan imdad diləyir kimi baxışlarla ayrılmışdı. Səmra özünü elə bil hansısa böyük bir günahın cəzasını çiyinlərinə yükləmiş kimi hiss edirdi.
Səmra peşmanlıq hissi ilə başını əlləri arasına alıb fikrə getdi. Xəyalən bir neçə il geriyə qayıtdı. Öz taleyi gözünün önündın keçdi…
…Yazın ilk günləri idi. Havada elə bir ətir, elə bir nəfəs vardı ki, insanın damarında buz tutmuş qanı belə olsa, bu nəfəslə əriyəcəkdi sanki. Səmra yaşının ən gözəl çağında idi. Bu illəri psixoloqlar qadın ömrünə qızıl hərflərlə yazılan səhifə adlandırırlar. Bu yaşda qadının nə zahirində, nə də daxilində əskiklik tapa bilməzsən. Gözəlsə, özündən gözəllərə meydan oxuyacaq, sevirsə, sevgisi şahanə olacaqdı. Ən maraqlısı isə sevirlərsə, daha çox ağılla, sevginin dəyərini anlaylb sevəcəklərdi.
Baharda qan qaynadığı kimi, qadının da otuzla qırx yaş arasında hisslərinin ən coşğulu zamanıdır deyərlər. Səmra da 31 yaşına yeni qədəm qoymuşdu. İçində özündən asılı olmayan hisslər baş qaldırmışdı. Hər addımda, hər kəlmədə sevgi axtarırdı. Nəhayətsiz sevilmək, əzizlənmək keçirdi içindən.
Səhər yuxudan oyanıb aynanın qarşısına keçdi. Gözlərini bir neçə dəfə yumub-açdı, yenidən diqqətlə baxdı. Özündən şübhələnir kimi dönüb geriyə baxdı. Aynaya ondan başqa baxan heç kim yox idi, təbii ki. Səmranın gözəlliyi öz gözünü belə qamaşdırmışdı. “Gözələ səhər oyananda bax” ifadəsini yerində deyiblərmiş, – deyib gözlərini süzdürdü.
Uşaqları dərsə yola salıb yataq otağına qayıtdı. Həyat yoldaşı hələ yatağından qalxmamışdı. On illik ailə həyatında bir dəfə də olsun yoldaşından nəzakət, sevgi dolu münasibət görməyən Səmra sakit-sakit yoldaşını süzdü. Yoldaşı yaraşıqlı idi, hər qadının sevmək istədiyi bir sevgili obrazı vardı onda. Amma Səmra üçün heç vaxt sevgili olmağı bacarmamışdı. Səmra içindən keçən hisslərini bu dəfə boğmaq istəmədi. Hətta özünü günahkar da saydı ki, indiyə qədər bu addımı atmaq üçün niyə tərəddüd edib. Axı yataqdakı onun halalı olan həyat yoldaşı, övladlarının atası idi. Bir qadın hisslərini ancaq ona halal olana təslim etməyib də kimə edəcək ki? Bəlkə elə həyat yoldaşı da bu addımı gözləyir. Gözləyir ki, Səmra ona hisslərini daha açıq göstərsin, o da Səmranı daha çox sevsin. Bəlkə Səmra sevgisini təkcə onun gündəlik qeydinə qalmaqla yox, yataqda daha çox göstərməlidir? Doğrusu buna bir neçə dəfə səy göstərmək istəyən Səmra uğursuzluqla qarşılaşmışdı. Lakin buna baxmayaraq, yəqin nəyisə səhv etmişəm deyib, saçına keçirdiyi sancağı açdı. Kürəyi ona tərəf uzanmış yoldaşını qucaqladı. Bədəninin istisini hiss etdikcə içinə dolan sevgidən gözləri xumarlandı. Onu qucaqlayıb bağrına basan, od kimi bədəninə toxunub soyudan dodaqlara, bir kişi əlinə necə də ehtiyacı vardı Səmranın. Səmra sevgi yaşayacağını gözləyərək, bu etdiyinin doğru olduğunu zənn edib əlini yoldaşının saçlarında gəzdirdi. Açıq sinəsindən, boynundan öpdü. Elə bu vaxt yuxudan oyanan yoldaşı:
– Neynirsın sən? Bu nə özbaşınalıqdır? Hardan öyrənmisən bu tərbiyəsiz hərəkətləri? Sənin gözün yaman açılıb axır vaxtlar, sən heç özündə deyilsən, demə ki, bunun fərqində deyiləm, cəhənnəm ol gözümün qabağından.
Səmra qulağının dibinəcən qızarmışdı. Elə bil dünyanın ən əxlaqsız hərəkətini etmiş biri kimi söz deməyə cəsarəti qalmamışdı. Getdikcə səsinin tonunu qaldıran həyat yoldaşına:
-Asta ol, ayıbdır, qonşular eşidər, – deyə güclə eşidiləcək səslə dilləndi.
– Eşitsinlər, qoy hamı eşitsin sənin nə yuvanın quşu olduğunu, utanmaz, abırsız, həyasız.
– Bəsdir, ayıbdır, Sərxan.
– Sən hələ mənə ayıbın nə olduğunu öyrədəcəksən, sən əxlaqsızdan öyrənəcəm bunu? – deyib, Sərxan gözlənilmədən Səmraya sillə vurdu.
Səmranın üzündə vurulan sillənin yox, əxlaqsız sözünün iyrəncliyi ömürlük silinməz iz qoydu. Elə həmin yaz səhərindən içində qaynayıb coşan hisslərini əbədi olaraq dəfn etdi. O gündən xoşbəxtliyə, gözəlliyə meydan oxuyan bir qadın gözündə həyatın qadına bəxş etdiyi bütün gözəllikləri öldü. O gündən Səmra qadınlığını unutdu…
… İndi Leylanın danışdığı bəzi epizodları xatırladıqca az qalırdı Zauru tapıb vaxtı ilə Sərxana deyə bilmədiklərini onun üzünə hayqırsın. Bir qadını özünüzə yar etdiyinizdə onu yarıyolda qoymaq kişilik deyil desin. Bir qadının arzuları, hissləri ilə oynamaq kişilik deyil. Bir qadının çiçəkdən fərqi yoxdur, anlayın bunu desin. Çiçəyi susuz, qadını sevgisiz buraxsanız hər ikisi öləcək. Biri cismən, biri mənən. Qadının gözündə əsl kişi olmaq üçün xarici görünüşcə kişi olmaq əsas deyil, kişi olmaq daxili keyfiyyətlərinlə bunu isbat etməkdir, zahirində bunu göstərmək deməkdir. Kişi olun, sahib olduqlarınıza dəyər verin, onları məcburiyyətə sürükləməyin…
Leyla əslində xaraktersiz biri deyildi, Leylanın niyyəti Muradla əl-ələ verib yeni ailə qurmaq, övladlarını seçim qarşısında qoymaq deyildi. Leyla Muradı Zaurun yerinə qoyub sevmirdi, ona bu gözlə də baxmırdı. Leylanın içindəki boşluqdu Murad. O boşluğu yaradan Zaurdu, bunun qurbanına çevrilən isə Leyla.
Muradla Leylanın münasibətində təkcə sevgi, eşq ağalıq etmirdi. Təkcə sevginin üzərində qurulsaydı, bir gün hansısa biri eşqin elementi olan şəhvəti yaşamaq üçün addım atmağı düşünərdi. Amma nə Murad Leyladan bunu istəyə bilərdi, nə də Leyla Muradı buna görə sevmişdi. Onların arasında sevgi də vardı, bağlanmaq da, hörmət də, dostluq da, bir-birlərinə sonsuz qayğı da. Hisslərdən hansı birini bir bəhanə ilə qırsalar, ya da bu hisslərdən biri qırılmağa məcbur qalsa, digər biri onların ayrılmaması üçün səbəb olurdu. Bax, buna görə idi ki, onlar ayrılığa düşmən kəsilmişdilər.
…Murad bərk soyuqlamışdı. Boğaz ağrısı, soyuqdəymə onu yatağa salmışdı. Anası çayını, şorbasını əskik etmir, dərmanını vaxtlı-vaxtında içsin deyə başı üstündən çəkilmirdi. Anasının saçlarına sığal çəkən əllərinin təmasında Murad Leylanı xatırladı. Ana qədər doğma olan ikinci əl, ancaq Leylanın əli ola bilərdi onun üçün. Heç kim anasından sonra ona bu nəvazişi, bu istiliyi, bu doğmalığı verə bilməzdi. Buna qadir ancaq Leyla ola bilərdi. Murad anasının mətbəxə keçdiyini görüb üşüyən əllərini yorğanın altından çıxartdı. Jurnal masasından telefonunu götürüb mesaj bölümünə girdi. Arxivi axtarıb Leylanın mesajlarını bir də dönə-dönə oxudu. Fikri ilişib mesajlardan birində qaldı: “Bax, yenə deyirəm, sözümə qulaq as, Murad, hava soyuqdur, sən üşüyənsən özü də. Ayaqların soyuqda bumbuz olur. İsti geyin, özünü küçələrdəklərə göstərmək üçün cəhd eləmə, onsuz da səni heç kim bəyənən deyil. Qrip şəhəri alıb başına, Allah eləməmiş sən də tutarsan. Siqareti atmısan yəqin, bunu xatırlatmağa ehtiyac yoxdu, atmasan barmaqlarını qıracam. Doğru sözümdü, biləm siqaret çəkirsən yenə, incimə məndən. Özün də anamı incitmə, nə deyir onu elə, nə bişirir onu ye, hərəsinə bir mız qoyma. Ya da az ye, az gəz bir qız tap evlən. Ömrünün sonunadək subay qalan deyilsən ki…” Muradın özündən xəbərsiz gözlərindən yaş süzüldü…
Lakin Murad qərarını vermişdi. Nə axıtdığı göz yaşı, nə çəkdiyi acı onu yolundan saxlaya bilməyəcəkdi. Bunların heç biri Leyladan əziz ola bilməzdi ki ona. O bu addımı Leyla üçün atmalıydı və atdı da.
Elə Leylanı klinikanın yollarında əsir qoyan da Muradın son mesajı idi əslində. Hər nə olursa-olsun Muraddan ayrılmaq istəmirdi. Ayda bircə dəfə olsa da iki cümləlik bir mesajla hal-əhval tutmağını, bəlkə də bir neçə saniyəlik səsini eşitmək istədiyini dəfələrlə yalvarıb Muraddan istəmişdi. Amma Murad özündə güc tapıb Leylaya belə bir mesaj yollamışdı: “Leyla, mən gözləyirdim sən özün məndən ayrılasan. Sənə bu qədər əziyyət verdim. Yersiz yerə, səbəbsiz olaraq, onu eləmə, bunu demə, bunu yazma, niyə belə etdin, deyib sənə irad tutdum. Amma sən səbirlə dözdün, dinlədin, sözümdən çıxmadın. Artıq qərara gəldim ki, sənə deyim. Deyim ki, Leyla, mən günahın içində batıram. Bilə-bilə uçuruma gedirəm. Amma bunlara baxmayaraq Allah evinin qapılarını mənim üzümə açıb. Allahın izni ilə Həcc ziyarətinə hazırlaşıram. Leylam, mən bilmirəm özümə necə haqq qazandıracam. Əməlimə necə bəraət qazandırıb Allahdan əhv diləyəcəm. Utanıram, çox utanıram həm də. Sənə bunları yaşatdığım üçün Allah qarşısında da, sənin yanında da utanclıyam. Əgər bacarsan məni bağışla…”
…Günorta saatları idi, Leyla necə gəlib məscidin qapısına çatdığını özü də bilmirdi. Bircə onu bilirdi ki, Murad namaz qılmaq üçün burada olmalıdır. Qarşılaşmaq istəmirdi. Üz-üzə gəlsə qərarından dönə bilərdi. O məscidin qapısında ayaqqabılarını çıxarlb otaqların birinə keçdi. Allah evinnə, Onun dərgahına içini fərahlıq tapacaq deyə bir ümidlə gəlmişdi. Həm də dilində duayla. Murad üçün dua edəcəkdi əslində. Allaha əmanət edəcəkdi onu. Leyla fikirləşirdi ki, Allah yaratdığı quluna heç vaxt dönük çıxmaz, dönüklük insana xas xüsusiyyətdir. Muradı əmanət edə biləcəyi tək varlıq isə onu yaradan olmalıydı…
Məsciddən çıxıb özünü yaxınlıqdakı parka güclə çatdırdı. Ayaqları əsirdi, ayaq üstə dayanmağa gücü qalmamışdı. Oturacaqlardan boş olanını seçib əyləşdi. Gözlərini bir xeyli ağacların arasından uzaqlara dikib durdu. Köks ötürüb çantasından telefonunu çıxartdı. Ayrılığına dözə biləcəkdisə, bu, Leylanın Murada olan son mesajı olacaqdı: “Mən sənin əllərinə toxunmamışam, onların isti, ya soyuq olduğundan xəbərim yoxdur. Biri ilə görüşəndə astadanmı, ya bərkdənmi sıxırsan onu da bilmirəm. Amma mən toxunmadığım əllərinin istisini hiss etmişəm. Sığal çəkmədin saçlarıma heç vaxt. Amma adımı dilinə nə vaxt aldınsa, səsin adıma sığal çəkdi hiss etdim. Məndən son olaraq nə istəyirsən deyə soruşsaydın, səsin və əllərin qoy məndə qalsın deyərdim. Səndən xatirə kimi…Allah səni qorusun, Murad, səni Ona əmanət etdim. Sağlıqla qal…”
… Şəhərin küçələrində bir seyrəklik vardı. İş saatının bitməsinə hələ yarım saat qalmışdı. Vasif Çiçəyin işdən çıxacağı zamanı həsrətlə gözləyirdi. İçində bir ümidlə gəlmişdi. Elə bilirdi sonuncu dəfə telefon danışığında səsini eşitdiyi qadın onun canım, sevdiyim dediyi qadın yox, bir özgəsi idi. Dodaqlarında bir özgə nəfəs, ruhunda yad bir hisslə danışırdı qadın onunla. O gecə Vasif sevdiyi qadını birdəfəlik itirdiyini zənn etmişdi. Elə bil kürəyinə xəncər sancılmış kimi idi. Nəfəs aldıqca incidirdi, yarası qan verirdi. Onu bu hala salan, canını belə incidənsə, öz canını ona verməyə hazır olduğu, sevdiyi qadın idi. Bütün bunlara baxmayaraq Vasif son ümid deyib yenidən Çiçəyi görmək üçün uzun yolu qət etmişdi. Həyəcanlı idi. Əlindəki gülü Çiçəyin avtomobilinin qabaq şüşəsinə qoyub, kənardan izləməyə başladı. Bu gül onu sevdiyi qadına yenidən qaytara bilərdi. Vasif belə düşünürdü. Çiçək ofisdən çıxıb asta addımlarla avtomobilinə tərəf gəldi. Vasifdən xəbərsiz idi. Kiminləsə çox mehriban və şirin-şirin danışırdı. Bu onun üz ifadəsindən aydın görünürdü. Bir xeyli danışdıqdan sonra maşına əyləşdi. Telefon hələ də qulağında idi. Vasifi qəhər boğdu. Bir zamanlar telefonun o başında yuxuya birgə getdiyi qadın, indi bir başqası ilə eyni səhnəni yaşayırdı. Uzun-uzadı danışırdı… Maşını işə salmaq istəyən Çiçəyin gözü birdən şüşədəki gülə sataşdı. Sevinmiş halda avtomobildən enib gülü götürdü. Elə bil birinin qoxusunu alırmış kimi qoxlayıb sinəsinə sıxdı. Vasifin bayaqdan bəri rəngi qaralmış üzünə bir sevinc qondu. Ürəyində ölən ümidi yenidən dirildi. Sevdiyi qadını sevindirə bilmşdi. Bu sevinci onunla birgə yaşaya bilmədiyinə üzülsə də, üzünü güldürdüyü qadının xoşbəxtliyi ona bəs edirdi. Çiçək gülün ondan olduğunu anlasın deyə Vasif gülün üstündə bir işarə buraxmışdı.
Lakin səhər açılanda aldığı mesaj onun bütün ümidlərini yenidən alt-üst etdi. Qadın mesajda yazırdı: “Gülü tulladım”…
O gündən Vasif bir daha Çiçəyin adını dilinə gətirməyəcəyinə söz verdi. Acılı-şirinli xatirələri onu yandırıb yaxanda, gecələr həsrətin güc gəldiyi anlarda başını əlləri arasına alıb acı göz yaşını içinə axıdanda, yağışlı havalarda küçədə qoşa addımlayan sevgili gördüyündə, həzin bir musiqi dinləyəndə, səsinə oxşar səs eşidib, onu xatırladan üz gördüyündə, daha nələr, nələrdə deyəcəyi bu oldu ancaq: “Nə gözəl öldürdün səninçün yaşayan adamı, qadın…” Və hər bunu söyləyəndə də Səmranın son görüşdə dediyi sözü xatırladı: “Hətta onu sevdiyim üçün özümə nifrət edirəm deyəcəksiniz…”. Bəli, Vasif içindəki sevgiyə nifrət etməyə başlamışdı.
… Səmra telefonu əlinə alıb gecədən səhərəcən doğru qərar verməkdə tərəddüddə qaldığı mövzunu birdəfəlik həll etmək üçün Lamiyəni yığdı.
– Salam, Lamiyə. Gələn həftə üçün qeydiyyata düşənlərin günlüyü tam hazırdırmı?
– Salam, Səmra xanım. Xeyr, həftənin iki günü üçün, yəni cümə axşamı və cümə günlərinə hələ ki heç kimi təyin etməmişəm.
– Yeni yazılanlar necə, varmı?
– Yoxdur, Səmra xanım. Yazılanlar hamısı təkrar gələnlərdir.
– Vasif necə, ondan bir xəbər yoxdur?
– Xeyr, Vasif bəy bu günlər üçün qəbula yazılmayıb.
– Oldu, Lamiyə. Deməli, belə edirsən, hansı günlərə yazılanlar varsa qalsın, heç birininin vaxtını dəyişmə. Amma yeni yazılanlar olsa qəbul etmə.
– Niyə, Səmra xanım, məzuniyyət götürürsünüz? Axı məzuniyyətdən yeni qayıtmısınız.
– Yox, Lamiyə, işdən ayrılıram. Bəsdir daha, qoy yerimdə daha gənc kadrlar çalışsınlar.
– Nə danışırsınız, Səmra xanım, siz özünüzü niyə yaşlı sanırsınız ki? Sizi kim əvəz edəcək, kim sizin yerinizi doldura bilər?
– Əvəz olunmayan heç nə yoxdur bu həyatda, Lamiyə. İstər canlı, istər cansız. Biri gedərsə, zaman keçdikdən sonra onun yerini tutacaq digəri mütləq olacaq. Sən narahat olma, məndən də nigaran qalma. Sabah gələrəm ətraflı danışarıq, Lamiyə, – Səmra Lamiyəylə sağollaşıb dəstəyi asdı.
Həftənin çərşənbə günü Səmranın son iş günü oldu. Klinikadan həmkarları ilə sağollaşıb qapıdan çıxırdı ki, qarşısında dayanmış hündürboylu, səliqəli geyinmiş, elə özü yaşında olan biri onu salamlayıb:
– Salam, Səmra. Necəsən?
Səmra eynəyini taxmamışdı deyə qarşısındakının kim olduğunu tanımaqda çətinlik çəkdi.
– Tanımadın deyəsən?
– Salam. Tanımağa çalışıram, çünki çox tanış gəlirsiniz, – deyə Səmra söhbəti uzadıb vəziyyətdən çıxmağa çalışdı. Fikrinə gələn qrup yoldaşı Kamil oldu. Zənnində yanılmırdı, amma pərt olmağını da istəmirdi.
– Universitet illərini xatırlasanız yetər məncə.
Səmra bu sözdən sonra cəsarətləndi:
– Hə, Kamil. Yadıma düşdü, xoş gördük – Səmra keçmiş qrup yoldaşına səmimiyyətlə əl uzadıb salamlaşdı.
– Xoş gördük, Səmra. Sözün düzü elə bilirdim unutmusan artıq, – Kamil gözlərini Səmradan çəkmədən onun əlini sıxdı.
– Düzdür, bir az yaddaşımı təzələməli oldum, amma bu unutmuşam mənasını verməməlidir məncə.
– Bəlkə də günah mənimdir, o məlum gündən sonra səninlə bir daha görüşmədim. 20 ildən çox Türkiyədə yaşadım. Bakıya qayıtmaq üçün münasib zamanı gözlədim.
– Olmaya birbaşa bizim klinikaya gəlmisən, – Səmra gülümsünüb Kamilə baxdı.
Kamil Səmranın gözlərindəki gülüşün ürəkdən olmadığını əslində çox yaxşı bilirdi. Səmranı orta məktəbdən sevən Kamil universitet illərində də ona ürəyini tam açmaq üçün cürət etməmişdi. Amma çox yaxın dost olduqlarından bilirdi ki, Səmra qəlbində heç kimə məhəbbət bəsləmir. Və bu da Kamili hardasa arxayınlaşdırırdı. Lakin qəfildən eşitdiyi xəbər onun dünyasını dağıtmışdı. Səmra nişanlanmışdı və bir aydan sonra toyu olacaqdı. Kamil günlərlə buna inanmasa da bir gün Səmranı bir başqasının qoluna girmiş gördüyündə qərarını həmən vermişdi. Elə o gündən də təhsilini davam etdirmək üçün Təhsil Nazirliyinə müraciət etmiş və Türkiyə universitetlərinin birinə qəbul olunmuşdu.
– Hə, birbaşa sizin klinikaya, həm də baş həkimin müavini vəzifəsinə. Əmrim elə bu gün verildi və mən də gecikmədən gəldim ki, həmkarlarımla tanış olum. Həm də bu tanışlığa da keçmiş qrup yoldaşım Səmra yardımçı olsun. Nə qədər olmaya bu klinikada ikimizdən yaxını olmayacaq məncə, – Kamil Səmraya elə ümid dolu baxışlarla baxırdı ki, sanki gözlərindən oxunacaqdı ki, o müavinlikdən çox Səmra ilə bir klinikada çalışması üçün məhz aylardır yol axtarırmış.
Səmra bunu hiss etmişdi. Gecə səhərəcən, hətta ərizəsinə baş həkim qol çəkənəcən bəlkə neçə kəs qərarını dəyişmək, işinə davam etmək istəmişdi. Lakin hansısa qüvvə onu yolundan saxlayırdı. Bunu eşitdikdən sonra isə Səmra qərarının doğru olduğuna tam əmin oldu. O Kamillə bir klinikada çalışa bilməzdi. Şübhələri onu yanıltmırdı, Kamil məhz onunçün bu klinikanı seçmişdi. Bilirdi ki, Səmranın həyat yoldaşı dünyasını dəyişib. Elə Kamilin də ailə həyatı uğursuz alınmışdı, həyat yoldaşından ayrılmışdı. İndi bir klinikada hər gün qarşılaşmaq onların arasındakı dostluğu daha da gücləndirəcəkdi. Hətta Kamil Səmraya vaxtında edə bilmədiyi sevgi etirafını belə edə bilərdi. Çünki Səmra çox sonralar eşidib bilmişdi ki, sən demə Kamil ona dost yox, sevgili olmaq, oxuyub qurtardıqdan sonra isə ailə qurmaları üçün yaxınlıq edirmiş. Əslində Kamil çox mədəni, tərbiyəli və ağıllı biri idi. Amma sevgi elə bir ocaqdır ki, üstündən illər də ötsə yenidən alışması üçün azacıq işartının olması kifayətdir. Kamilin ona olan sevgisinin ölmədiyi də elə əlini sıxanda gözlərindəki təbəssümdən bəlli olmuşdu Səmraya.
– Sənin bu klinikaya müavin gəlmənə çox sevindim, Kamil. Sən buna layiq birisən. Tələbələrin içində savadlı olanlardan biri də sən idin. Yəni, deməyim odur ki, buna zəhmətin hesabına nail olmusan. Səni təbrik edirəm, uğurlar diləyirəm. Amma bilmirəm təəssüfmü deyim, ya təsadüfmü, mənimlə bir yerdə çalışa bilməyəcəksən.
– Yoxsa sən burda çalışmırsan? Axı mənə burda çalışdığını dedilər, – Kamil son cümləsinin yersiz olduğunu anlayıb tutuldu.
– Sənə doğru deyiblər, mən burda işləyirdim. Amma bu gün və bu saatadək.
– Başa düşmədim, necə yəni bu gün bu saatadək? Yoxsa işdən ayrılmısan?
– Hə, elə indicə baş həkimin otağndan çıxdım, Kamil. Daha yorulmuşam, hətta yaşlanmışam deyərdim.
– Sənin yaşındakılar Türkiyədə yeni müdafiə etmiş sayılırlar, sən niyə bu yaşda yaşlısan deyə düşünürsən? – Kamil nə qədər təmkinlə danışsa da səsində bir titrəyiş hiss olunurdu.
– Sözün düzü, Kamil, bir ayağım getsə də, o biri burda qalmaq üçün məni geri çəkirdi. Yarımçıq qoyduğum bir neçə müalicələr var idi. Doğrudur, onlar özləri gəlməməyi seçim ediblər, neçə vaxtdır xəbər yoxdur. Amma gələsi olsalar mütləq sənə yönəldəcəm onları. Əminəm ki, sən onlara məndən də yaxşı yol göstərəcəksən.
Səmra danışırdı, Kamil ona qulaq assa da fikri tamam qarışmışdı. Bütün planı alt-üst olmuşdu. Lakin yenə də içində bir ümidlə:
– Yəqin həmkarlarını birdəfəlik tərk etməzsən. Arada baş çəkərsən, onların hesabına mənə də sənin üzünü görmək qismət olar.
– Bilmirəm, Kamil, ola bilsin getdim buralardan.
– Buralardan deyəndə, yəni Bakıdan?
– Tək Bakıdan yox, ümumiyyətlə, Azərbaycandan.
Kamil söhbətin bu yerində dözməyib:
– Elə bizim qismətimizə yazılıb ki, heç vaxt bir şəhərdə yaşamayaq?
– Bir şəhərdə yaşamağımız bizə nə verə bilər ki? – Səmra Kamilin açıq danışığının qarşısına, elə açıq cavabla da çıxmağın doğru olduğunu düşündü.
– Səmra, məni doğru anla, xahiş edirəm. Bilirsən ki, səni incitmək mənim heç vaxt ağlımdan belə keçməyib. Sən mənim gözümdə gənclik illərindəki kimi kövrək, zərif, əllərinə toxunmağa qıymadığım, toxunaramsa səni incidə bilərəm deyə düşündüyüm Səmrasan. Mən sənin xoşun gəlməyən, səni narahat edən heç bir addım atmaram. Sadəcə bir-birimizə bəlkə ehtiyacımız olar deyə sənin yaxınında olmağı seçdim. Gəncliyimizdə doğrultmadığımız sevgili cütlüyünü bir dost olaraq davam etdirərik.
Söhbət Səmranın ürəyincə olmasa da xasiyyətindən irəli gələn mülayimliklə:
– Bilirəm, Kamil, bilirəm ki, sən heç vaxt mənə qarşı yanlış addım atmazsan. Amma bilirsən ki, övladlarım xaricdə yaşayırlar. Artıq illərdir ki, onlardan ayrı, tək yaşayıram. Ona görə getməyi düşünürəm, qərarım qəti olmasa da getmək fikrim var. Hələ bir həftə bəzi işlərimi yoluna qoymaq üçün buradayam. Söz verirəm ki, gedənəcən hər gün klinikaya baş çəkəcəm. Mənimçün də asan deyil illərdir bir yerdə çalışdığım insanlardan ayrılmaq.
– Qismət başqa şeymiş, Səmra. Həyatda şan-şöhrətdən çox həmişə sevgiyə ehtiyacım olub, sevgiyə önəm vermişəm. Hətta bəzi anlar olub ki, Allaha yalvarmışam ki, əlimdə olan bütün uğurlarımı məndən alsın, amma bir tək sevdiyimə qovuşdursun məni. Sevdiyim başqa yolu seçmiş olsa belə uzun illər bunu arzulamışam. Amma görünür onun nəfəs aldığı havanı udmaq belə mənə haram buyrulubmuş.
Səmra Kamilin danışdıqlarını dinlədikcə, gəncliyində etdiyi səhvin ağrısı ürəyini sızladırdı. Kamildən ayrılmaq, bu iztirabdan qurtarmaq istəyirdi. Kamilin nə deyəcəyini gözləmədən əlini ona uzatdı:
– Kamil, söz verirəm Bakıda olduğum müddətcə hər gün klinikaya baş çəkəcəm. İndi isə icazənlə mən gedim, görüləsi işlərim çoxdur.
– İnanıram ki, sözünün üstündə duracaqsan, – Kamil çətin də olsa gülümsədi, – amma bir xahişim olacaq səndən.
– Buyur, Kamil, eşidirəm.
– Mobil nömrəni, ya da ev telefonunu mənə ver, mümkünsə.
Səmra çantasından telefon nömrəsi və iş yeri yazılmış kartı çıxarıb Kamilə uzatdı:
– Buyur, nə vaxt istəsən zəng edə bilərsən.
Kamil təşəkkür edib kartı aldı, onlar sağollaşlb ayrıldılar. Səmra küçəyə çıxıb dərindən nəfəs aldı.
Havada bir mülayimlik vardı. Deyəsən yazın nəfəsi yavaş-yavaş duyulurdu. Səmra asta addımlarla səkidə addımlayır, fikrində gedib-getməyəcəyi haqqında qərarı dəqiqləşdirmək istəyirdi. Həftə ərzində ona müraciət edənlərlə hərtərəfli maraqlanmış, bəzi tövsiyyələr vermiş, yarımçıq qalan müalicə və məsləhətlərə ehtiyacı olanları isə uyğun birilərinə yönləndirmişdi. Bircə Vasifdən nigaran idi. Artıq aylar idi ki, Vasif nə gəlirdi, nə də zəng edirdi. Vasifin qeydiyyat şöbəsinə qeyd etdirdiyi nömrəyə isə zəng çatmırdı. Səmra klinikadan çıxanda Lamiyəyə dönə-dönə tapşırmışdı ki, Vasif gəlsə ona mütləq xəbər eləsin. Amma Səmra gedənəcən bu baş tutacaqdımı, ona ümidi yox idi.
İkinci dayanacağı arxada qoymuşdu, evə çatmağa lap az qalmışdı. Yolu keçib sağa burulsa binanın həyətinə girəcəkdi. Bu vaxt telefonuna zəng gəldi. Səmra addımlarını yavaşıdıb çantasından telefonu çıxartdı. Gizli nömrədən idi. Səmranın fikri zəngin yanında qaldığından qarşısındakı çuxuru görə bilmədi. Ayaqqabısının dabanı çuxura düşməsiylə qadının yıxılması an çəkdi. Telefon əlindən çıxıb səkinin üstüylə sürüşüb yola düşdü. Tərslikdən işıqforun maşınlar üçün yaşıl işığı yanırdı. Səmra gözünü telefondan çəkmirdi. Səmra qolundan tutub ona yardım edən gəncə minnətdarlıq edib telefona tərəf çevriləndə, yerdə ancaq telefondan qalan qırıqları gördü. O gələn zəngin kimliyindən nigaran qalaraq paçalanmış telefonunun arxasınca köks ötürdü…
Telefonun açılmadan qəfil sönməsi isə Vasifi şübhələndirdi. O Səmranın nömrəsini yenidən yığsa da, bu dəfə nömrəyə zəng çatmadığı bildirildi. Vasifin Bakıya çatmasına iki saat qalmışdı. Bu vaxta qədər klinikada heç kim olmayacaqdı. Əlacı sabahı gözləmək olacaqdı.
Səhər Səmranı bir neçə dəfə yenidən yığsa da, cavab almayan Vasif birbaşa klinikaya getdi. Səmranın otağının bağlı olduğunu görüb geri qayıdırdı ki, dəhlizdə Lamiyə ilə qarşılaşdı.
– Salam, Lamiyə xanım. Səmra xanım hələ gəlməyib?
– Salam, Vasif bəy. Səmra xanım daha gəlməyəcək. Dünən ərizə yazıb işdən çıxdı. Hətta, deyəsən xaricə getməyi planlaşdırırdı. Amma məndən xahiş etdi ki, siz gəlsəniz ona xəbər edim. Beş dəqiqə gözləyin xəbər verim, o sizi görmək istəyirdi.
Lamiyə bir neçə dəfə Səmranın telefonun yığsa da əlaqə yarada bilmədi.
– Bəlkə yatıb deyə telefonunu söndürüb, əlaqə yaratmaq olmur.
– Səmra xanımı dünəndən yığıram zəng çatmır ona. Bəlkə artıq gedib, ola bilər?
– Yox, belə tez gedə bilməz, işdən dünən ayrıldı, bildiyim qədəri ilə hələ bilet almamışdı.
– Səmra xanım həmişəki ünvanda yaşayır?
– Bəli, elə köhnə ünvandadır.
Vasif təşəkkür edib klinikadan çıxdı. Avtomobilinə əyləşib Səmragilə sürdü.
Səmra səhər durmağa adət etdiyi üçün çox yata bilmədi. Yerindən qalxıb eyvana çıxdı. Bir xeyli şəhərin küçələrinə baxıb mətbəxə keçdi. Çay hazırladı, masaya səhər yeməyi qoydu. Çay süzüb televizoru açdı. İzləmədiyi bir serial gedirdi. Diqqətini çəkən bir səhnə oldu. Oğlan sevgilisi ilə görüşə gəlmişdi, lakin bir qədər gecikmişdi. Qız incikliyini bildirəndə oğlan:
– Sevgilim, mənim gecikməyimə səbəb əslində sənsən.
– Mən? Mən niyə?
– Çünki sən bu qədər gözəl olmasaydın, mən də görüşə vaxtında gələcəkdim.
– Mənim gözəlliyimin sənin gecikməyinə nə dəxli, gözəlliyimə qiymət verən qıymazdı mən üzülüm.
Oğlan əlindəki gül çələngini sevdiyi qıza uzadıb:
– Bax, bunları axtarıb tapanacan vaxt keçdi. Neçə dəstə bağlatdım heç birini bəyənmədim. Axırda qərar verdim ki, qızıl güllə bənövşədən bir çələng bağlatdırım sənə. Çünki mənim sevgilim güllərin şahı olan qızılgül qədər gözəl, çiçəklərin baş tacı olan bənövşə kimi ətirlidir. Onu heç kim əvəz edə bilməz.
Oğlanın əlində çox zövqlə bağlanmış gül buketini görən qızın gözlərindən dünya boyda məhəbbət boylanırdı.
Səmranın bu səhnəyə kilidlənib qalmasının səbəbləri vardı. Gül buketi ən çox sevdiyi və heç vaxt doğru ünvandan ala bilmədiyi hədiyyə idi. Səmra gəncliyində sevdiyi, ailə qurmağa razılıq verdiyi insandan gözləmişdi bunu. Lakin iyirmi beş illik birgə həyatlarında bir dəfə də olsun ondan nəinki gül, kiçik bir hədiyyə də almamışdı. Hər əlamətdar gün gələndə buna ümid etsə də, yanılmışdı. Bir dəstə gül də, həyata keçməyən digər arzuları kimi ömrünün yazılmalı olub, yazılmayan qara gündəliyində sıralanmışdı…
Qapının zəngi onu xəyalından ayırdı. Manitorda Vasifi gördüyündə isə gözlərinə inanmadı, qapının qıfılını açıb:
– Xoş gördük, Vasif bəy, bu nə sürpriz, – dedi.
– Xoş gördük sizi də, Səmra xanım. Dünəndən sizə zəng vururam telefonunuz cavab vermir. Əvvəlcə zəng çatdı, amma qəfildən ara kəsildi, o vaxtdan indiyə kimi də əlaqə yarada bilməmişəm. Klinikaya getdim, işdən ayrılmısınız dedilər. Məcbur qalıb buracan gəlməli oldum, narahat etdimsə üzr istəyirəm, gedə bilərəm.
– Gəl, Vasif, keç içəri, nə narahatlıq. Səni göydə axtarırdım, yerdə əlimə düşmüsən. Keç içəri, rahat danışaq.
Vasif ayaqqabılarını soyunub üst geyimini çıxartdı, dəhlizdəki dolaba asıb sol tərəfdəki geniş zala daxil oldu.
– Çay, yoxsa qəhvə? – Səmra otağın qapısından soruşdu.
– Zəhmət deyilsə əgər, çay olsun.
Az keçmiş Səmra sinidə iki fincan çayla otağa daxil oldu. Çayları jurnal masasına yerləşdirib pirojna, mürəbbə, konfet gətirdi.
– Hə, Vasif, danış görüm necəsiniz? Çoxdandır nə gəlir, nə də zəng edirsiniz, doğrusunu deyim nigaran qalmışdım.
– Sizi nigaran qoyduğum üçün üzr istəyirəm. Amma icazə verin söhbətə başlamadan sizdən bir xahiş edim.
– Nə xahişdir elə? – Səmra Vasifin münasibətindən bir qədər çaşqınılıq keçirsə də, özünü təmkinli aparıb, – buyurun, Vasif bəy, istəyinizi deyin.
– Mən istəyirəm ki, aramızda olan bu rəsmiyyəti bir kənara qoyub, sizli-bizli danışmanı daha səmimi bir münasibətlə davam etdirək. Buna icazə verərsinizmi? Amma səbəbini sonda deyəcəm, daha doğrusu deməyə ehtiyac qalmayacaq, elə özünüz də bunu məndən istəyəcəksiniz.
Səmra Vasifin iddialı danışığının marağından:
– Olar, Vasif bəy, daha doğrusu, Vasif. Buyur, necə istəyirsən müraciət et, – deyib Vasifin bu addımı nədən atmaq istədiyini bir anlıq da olsa ağlında götür-qoy etdi. İçinə şübhə dolsa da öz-özünə: “Yox, Vasif bunu heç vaxt etməz, Vasif bunu etməməlidir”, – deyirdi. Lakin hərdən də özünü qınayırdı, bəlkə mən ona “kimisə sevin” deyəndə məni doğru anlamayıb. Bəlkə mən hədsiz xoş münasibət göstərib özümü yanlış təqdim etmişəm ona? Çox da aramızda 4-5 yaş fərqi var. Məgər sevgi yaşa baxır ki? Bəlkə o, mənim yanlızlığımdan…yox, yox, bu ola bilməz. Sən bunu etməməlisən, Vasif, etməməlisən…
Vasif Səmranın fikrə getdiyini görüb:
– Bir narahatlığınmı var? – deyə soruşdu.
Səmra Vasifin səsindəki qayğını elə bil indi anladı. İçindəki şübhələri bir qədər artsa da, özünü toplayıb:
– Yox, Vasif, bir problem yoxdur, sadəcə son zamanlar bir qədər fikirliyəm, ondadır, sən davam elə, – dedi.
– İşdən çıxmısan, telefonuna da zəng çatmayanda səni bir daha görməyəcəm deyə çox üzülmüşdüm sözün düzü.
– Hə, işdən birdəfəlik ayrıldım. Çox yorulmuşam, sözün düzü hərdən hisslərimə hakim kəsilə bilmirəm. Gələn xəstələrlə də bəzən əsəbi danışmağa məcbur oluram. Bu da mənim peşəmin, elə xasiyyətimin də tam ziddinədir. Ona görə də hər şeyi bərbad etməmiş, dedim ərizəmi yazıb çıxım. Telefonumdakı problem də bir təsadüf nəticəsində belə alındı. Dünən işdən çıxıb evə qayıdırdım, birdən zəng gəldi mənə.
– Təxminən günorta saat on iki ilə bir arası deyildi?
– Tam o vaxt idi. Yoxsa sən idin zəng edən?
– Mən idim, Səmra. Amma açmadın, düşündüm gizli nömrədən etmişəm deyə cavab vermədin. Sonra zəng çatmayanda çox narahat oldum.
– Bilməzsən başıma nə gəldi. İşdən çıxmağımın həyəcanından idi yəqin, evə gedirdim. Telefon zəng çalanda çantamdan çıxartdım, necə oldusa ayağım büdrədi, yıxıldım. – Səmra ürəkdən gülüb davam etdi: – Yıxılmağım bir yana, telefon əlimdən düşüb avtobusun təkərinin altınacan sürüşdü. Gözüm görə-görə çilik-çilik oldu.
– Özünə bir şey olmayıb? Ciddi bir şey yəni.
– Yox, bir balaca dizimdə sıyrıntı var, o da keçib gedəcək, narahat olma. Sən danış görüm harda idin, nə yenilik var həyatında.
Çox düşündüm, çox cəhdlər etdim, amma çətin də olsa qərarımı vermişəm artıq. Ona görə də bu mövzunu dərindən incələməyəcəm. Bir tək onu deyim ki, o sevgili dediyim qadın daha mənimçün əlimi uzatsam da çatmayan, əlim çatsa belə içimi yandıran biri, Günəşin batdığı üfüqlərdə dolaşan bir xəyal olaraq qalacaq. Mən nə qədər iti addımlarla addımlayıb ona çatmaq istəsəm də, o məndən uzaqlaşdı. Daha yolumu üfüqə tərəf salan deyiləm. Elə sahildən bir yer seçib oturacam, batan Günəşin şəfəqlərində gizlənən o xəyalı seyr edəcəm. Mən, o məni hər vaxt görə biləcəyi məkanda olacam hər zaman. Dönsə belə asanlıqla tapa biləcəyi bir məkanda. Amma dönüşündə gözlərində bir başqa gözlərin izi, yanağında, dodaqlarında bir özgənin öpüşü, əllərində yad əlin istisi, nəfəsindən xəyanət qoxacaqsa, mənim əlim onsuz donmuş olsa belə, isinməsi üçün ona uzanmayacaq. Əllərim cibimdə buz kəssin qoy, amma xəyanətini əlimə bulaşdırmasın. Mən ona dönsəm, ona olan sevgimə xəyanət etmiş olaram. Sevgimi kirlətmək istəmirəm deyə adını unutmağa çalışıram və bacarıram da bunu…
– Mən sənin iradənə inanırdım, Vasif. Sənin kimi mərd, sənin kimi güclü biri aciz olmayacaqdı. Sən əslində mənim yarımçıq qoyduğum işlərimdən biri idin. Bu gün bunun da tamamlandığını görüb çox sevindim. Daha gözüm arxada qalmayacaq. Rahat gedə bilərəm buralardan.
– Əslində buna səbəb sənsən, Səmra. Yadındadır, sənin yanına gəldiyim günlərin birində mənə “sevməlisən, Vasif, yenidən sevməlisən” demişdin.
Səmra şübhələrinə bir az daha yaxınlaşdıqca ürəyi şiddətlə döyünməyə başladı. Lakin üz ifadələri dəyişməsin deyə sakitcə gülümsəyib:
– Yadımdadır, Vasif, əlbəttə, yadımdadır, – dedi.
– Mən həmin sevgini tapdım, Səmra. Elə bir sevgidir ki, sənin saatlarla anlatdıqlarından, mənim yaşadıqlarımdan tam fərqli bir hissdir. Bu nə eşqdir, bu nə çılğın məhəbbətdir, bu nə öyrəşmək, nə bağlılıqdır. Məşhur psixoloqlar sevgiyə rənglərlə qiymət verib adlandırıblar. Amma mənim sevgimin rəngi yoxdur. Bəlkə də ilk dəfədir elə mənim qəlbimdə yaranıb, müəllifi elə özüməm.
– Nələr hiss edirsən bu sevgi ilə? Sən hisslərini anlat, mən onun rəngini ortaya çıxaracağam, – Səmra üzündə bir məmnunluq ifadəsi ilə gülümsündü.
– Çox şey hiss edirəm. İlk öncə hiss etdiyim güclü bir doğmalıqdır. Sonra ünsiyyət qurmaq üçün daima can atdığım biri kimi sevirəm. Sözünə, danışığına, məsləhətlərinə, baş verənlərə münasinətinə, hərdən də özündən asılı olmadan mənə göstərdiyi qayğıkeşliyinə, bəzən sərt olsa belə verdiyi nəsihətlərinə ac hiss edirəm özümü. Yanımda olsun istəyirəm. Kiçik bir problemim olsa belə onunla bölmək, ona söyləmək keçir içimdən. Mənimlə bir oyansın demirəm, amma harda, kiminlə oyanmasından asılı olmadan gözlərini sevinc, sevgiylə açsın daima. Qısqanmıram, amma şərəfi və namusu üçün özümü onu qoruyan və buna məsuliyyətli biri sanıram. Dost deyə bilmirəm, yar deyə bilmirəm, sevgili deyə bilmirəm. Hansı münasibətin adını qoymaq istəyirəmsə, öz-özlüyümdə başımı yelləyib, “yox, bu da deyil” deyib üstündən keçirəm. Nə qırmızı, nə sarı, nə göy, nə də bu rənglərin qarışığından yaranan bir rəng yoxdur bu sevgidə. Bircə bunu bilirəm ki, hissim eşq deyil və o qadına heç vaxt sevgili ola bilmərəm.
– Kimdir bu bəxtəvər, Vasif? Lap paxıllığım tutdu.
Vasif üzbəüz oturmuş Səmranın əlini əllərinin içinə alıb:
– Bu, sənsən, Səmra. Saydığım bütün hisslərin hamısını sənə bəsləyirəm. Qadınla kişi bacı-qardaş, dost, həyat yoldaşı, sevgili ola bilər. Bunların heç biri olmursa, kim ola bilərlər onu aylardır təyin edə bilmirəm ki, qarşına çıxım. Nəhayət, yenə sənin köməyinə ehtiyac duyub qapına gəldim. Haqlı olaraq məni qəbul etməyə də bilərsən, haqlı olaraq evindən qova da bilərsən. Amma içimdəki bu sevgini məndən alma, xahiş edirəm.
Səmranın çiyinlərindən ağır bir yük götürülmüşdü. Vasifin xətrini çox istəyirdi. Onun dürüst olması, saf olması, əsl kişi xüsusiyyətinə xas olan keyfiyyətlərin onda olması, xüsusən də mərd biri olması Səmranın gözündə Vasifi ucalara qaldıra bilmişdi. Ona görə də heç tərəddüd etmədən Vasifin istəyinə münasibətini bu cür bildirdi:
– Vasif, səndəki müsbət keyfiyyətlər indi hər kişidə tapılan bir keyfiyyət deyil. Kimində biri var, digəri yox, ikisi var biri yox, yaxud da heç biri yoxdur. Sən isə bu keyfiyyətlərin məcmusu sayılırsan, ona görə də hər zaman məni yanında bil. Mənim də sənə ehtiyacım var, əslində səndən çox səndəki insani keyfiyyətlərə ehtiyacım var. Ətrafımız o qədər çirkab bataqlığı kimidir ki, o bataqlıqdan tər-təmiz bir çiçək tapdiqsa, gərək onu qoruyaq, əlimizin içində saxlayaq. Bu gündən evimin ən əziz adamısan, istədiyin vaxt gələ, istədiyin vaxt zəng edə bilərsən. Mənə zərrə qədər ehtiyacın olduğunda isə, hardasansa ora gəlməyə hazıram. Doğru deyirsən, sənin bu sevginin rəngi yoxdur, rəngsiz ad olsun qoy bu hissin adı, Vasif.
Vasif Səmraya təşəkkürünü bildirib:
– İndi icazə ver səninçün bəzi sürprizlərim var onları açıqlayım.
– Sürprizləri heç sevmirəm, bəlkə də adı sürpriz olsa da mənə xoş olmayan anlar yaşatdığındandır. Amma bu sürpriz səndən gəlirsə, yaxşı mənada həyəcanlanmağa dəyər.
– Mənim Bakıda evim vardı, bu haqda sənə danışmamışdım. Münasibətlərin korlandığı zamanlardan birində, əsəbimdən satdım o evi. Ayağım Bakıdan tamam kəsilsin istəyirdim. Amma şəhərin lap mərkəzində yenidən ev aldım. Bir zamanlar arzum idi səninlə dayanıb tabloya baxdımız həyətdəki binalardan birində ev almaq. Çiçəyin lap yaxınında olum. Nə yeyib-içdiyindən, hara getdiyindən xəbərim olsun deyə. Hansı havanı udursa, onunla nəfəs alım deyə. Amma indi onu nə görmək istəyirəm, nə də eyni havanı onunla bölüşmək.
Nə isə keçmişi xatırlamayaq, – Vasif dərindən nəfəs alıb sözünə davam etdi: – Təzə ev almışam, Yasəmənin qərarına bağlıdır, ola bilsin birdəfəlik köçüb Bakıya yerləşək. Mən səndən qiyabi də olsa Yasəmənə danışmışam. Münasib bir zamanda səni ailəmlə tanış etmək istəyirəm.
– Çox böyük zövqlə sənin ailənlə tanış olardım. Amma yaxın zaman üçün olsa daha yaxşı olar. Çünki mənim də sənə deyəcəklərim var. Bu sürprizini çox bəyəndim, Vasif, bəs növbəti nədir? – Səmra içində bir uşaq sevinci ilə ilə dilləndi.
– Növbəti səni daha da sevindirəcək, bəlkə də bunu gözləmirdin, amma oldu, – Vasif əlini pencəyinin yan cibinə salıb bir kağız çıxartdı. İkiyə qatlanmış kağızı açıb masaya qoydu.
– Bu da mənim sənə hədiyyəm.
Səmra kağızda yazılanları oxuduqca gözündəki yaşı saxlaya bilmədi, Vasifə təşəkkür edərək:
– Vasif, həyatımda övladlarımdan sonra aldığım ən dəyərli hədiyyə oldu bu. Ömrümün sonuna kimi minnətdaram sənə. Buna çəkdiyin maddi və mənəvi dəyər çox böyükdür, əvəzini necə qaytaracağam bilmirəm.
– Mən səndən heç nəyin əvəzini istəmərəm, sənin üzünün gülməsi mənə ən dəyərli əvəzdir. Hələ gözlə bir hədiyyəm də maşındadır, götürüm qalxıram.
Səmra Vasifin ardınca xeyli baxdı. Baxışları hələ qapıdaykən Vasifin səsi onu xəyaldan ayırdı. Vasif əlindəki gül dəstəsini Səmraya uzadıb:
– Bu da dünyanın ən gülərüzlü, mələk qadınına məndən ilk çiçək çələngi olsun.
Səmra çiçəkləri alıb əli ilə onları oxşadı. Vasifin eşidə bilməyəcəyi bir səslə:
– Ən sevdiyim hədiyyə…heç vaxt doğru ünvandan ala bilmədiyim, kimlərdənsə aldığımda üzüldüyüm hədiyyə, indi mənə daha əzizsən sən…
…Vasif Səmranın ən böyük arzusunu reallaşdırmışdı. Ondan xəbərsiz bütün işləri görmüş, uyğun bir məkan seçib sənədləşdirmişdi. Qalırdı Səmranın imzası. İmza atılandan sonra kimsəsiz uşaqlar üçün sığınacaq evi – “Günəş” adlı qurum fəaliyyətə başlayacaqdı. Səmra işsiz, həm də tək qalmasın deyə xaricə getməyi düşünürdü. Lakin Vasifin bu hədiyyəsi onu fikrindən daşındırmışdı. İndi daha vacib işlər onu gözləyirdi…
04/05/2017 tarixində Yazılarım içində dərc edildi və sevgi hekayələri, sevgimin rəngsiz adı olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 13 Şərh.
Göresen,her kes ayri ayriliqda xoshbextdirmi indi?? Ellerine,ureyine,qelemine sagliq,melek qadin..
Bəyəntərəfindən bəyənildi 1 şəxs
İnşAllah hər kəs xoşbəxtliyinə qovuşar…sən sağ ol, canım.
BəyənBəyən
Harika zaten çok şey Malak,,,,,,,,,,,,,,
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Təşəkkür 🙂
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Təşəkkür (*..*) 🙂 🙂 (*..*)
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Salam əzizim, hər vaxtınız xeyir olsun. Ən gözəl həyat idealım bu yazınız sizi mə bir daha sevdirdi və bir daha haqqınızda yanılmadığıma əmin etdi. Hekayəyə gəldikdəsə hekayə yox əsər deyərdim, özüdə tam məsuliyyətiylə. Çox gözəl finaldı, möhtəşəm sonluqdu. Eyni sizdən gözlədiyim kimi. Sizə demişdim insanlar haqda tez qərar verməyi xoşlamıram. Hər kəs rəyini bitirdikdən sonra inistaqramda bildirəcəm canlandırdığınız obrazlar haqda fikrimi. Bir tək onu deyim ki, ilk günki bölümü oxuduğumdan, Səmranı sizə bənzətmişdim. Səbəbini İnşAllah rəyimdə açıqlayacam. Yazan əllərinizə, düşünən beyninizə, duyan ürəyinizə, ruhunuza sağlıq əzizim. Siz mənim mükəmməlim, əvəzolunmazımsız❤🌹😙😙😙
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Salam, Xəyalə. Bilmirəm niyə sənin ürəyində belə bir yerə sahib olmuşam, amma bu məni çox sevindirir. Allah razı olsun səndən. Allah ürəyincə versin bu həyatı sənə. İnşAllah rəyini səbrsizliklə gözləyəcəm.
BəyənBəyən
Salam əzizim. Çox az insan varki tək ürəyimlə deyil bütün varlığımla, ruhumla sevib bağlanıram. O, insanlar bir gün bu ürək dayanıb, həyatdan köçdüyümdə belə mənimlə olacaq, ruhumda əbədi yaşayacaq. Siz ruhumda qoruduqlarımdan, daşıdıqlarımdansız. Dediyiniz yeri sizə qazandıran bir tək səbəb var, o da bütün insani, müsbət keyfiyyətlərin sizdə cəmlənib, var olmasıdı. Hansı ki, bu hal çox nadir olur. Biri olanda digəri əskik qalır çox zaman. Siz mənim əskiksiz mükəmməlimsiz. Allah sizi qorusun hər vəziyyətdə, hər yerdə, dəyərli əvəzolunmazım. Amin❤🌹😙
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Axşamınız xeyir Sevinc xanım,şükür mən də, uşaqlar da yaxşıdır.Siz də yaxşı olasınız.Sonayın maması sizə də çoxlu salamlar😊.
Sevinc xanım yazan əlləriniz yorulmasın.Bu gün bu yazınızı oxudum sonuna qədər, Leyla öz ailəsi ilə xoşbəxt yaşayırmı?
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Salam, qızım. Xoş gəldin sən 😘💐
Xoşbəxt olub-olmamağın deyə bilmərəm, amma iki körpə balası üçün yaşadığına əminəm.
BəyənBəyən
Ailəli xanımın kimləsə yazışmasını, danışmağını heç də düzgün hesab etmirəm.Sadəcə maraqlı gəldi mənə ki, sonunda Leyla necə oldu.
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Üreyine , ellerine sağlık , çox heyati hekayedi,çox beyendim, amma Semraya çox yazığım geldi, heyat yoldaşının bu qeder qeddar ve sevgisizliyihetta terbiyyesizliyi deyerdim meni çox üzdü, tessüfki, beleleri real heyatda çox var
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Uzun illərin həsrəti vüsala döndü. Sən mənim 2020-ci ildə qazandığım uğurlarımdan birisən. Səni və sənli Qarabağımı mənə yenidən qaytaran Allahıma şükürlər olsun…
BəyənBəyən