Könlümdəki qışımı yaza çevirən ailəm var…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 15-ci yazı)

Günaydın, dostlar! Müqəddəs cümə gününüz mübarək olsun. Bu gün müsahibə günü, çox gözəl bir xanımla tanışlıq günüdür. Yeganəni köhnə dostlar yaxşı tanıyır, daha doğrusu hamımız onu şirin-şəkər oğlu Aminə görə tanımışıq. MaşAllah indi böyük oğlan olub. Neçə müddət idi ki, kənardan izləyirdim səhifəsini, sözün açığı bir az incimişdim də. Amma mənim ürəyim dost dediklərimdən hələm-hələm asan sınmır. Hər xırdalığa görə münasibəti korlayan biri də deyiləm. Xüsusən də dəyər verdiyim biri olduqda. Yeganə də çox istədiyim dostlarımdandı. Hətta onu virtual olaraq görəndə o qədər doğma gəldi ki, mənə həmin gündən “əkizim” deyə müraciət etdim. Mehriban, qabiliyyətli, evdar və ən əsası xoşbəxt bir ailəyə sahib bir xanımla siz də tanış olun, əzizlərim. Və bir də rəy bildirərkən Yeganə xanımı təbrik etməyi də unutmayın, axı sabah onun doğum günüdür ☺️ 
1. Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Yaxınlarının sevgisiylə, diqqətilə əhatələnmiş xoşbəxt bir qadın! Ailəliyəm, çox sevdiyim həyat yoldaşım və varlığıyla bizə dünyaları bəxş edən bir oğlumuz var.
2. Qadın kitaba bənzəyir, onu sevərək və diqqətlə oxumaq lazımdır. Sizin oxucunuzun mütaliəsi ürəyinizcədirmi?
– Bəli, düz buyurursunuz. Qadın kişilər üçün yazılmış bir kitabdır. Amma bu “kitab” həvəslə, maraqla mütaliə olunması üçün, müdrük, fəlsəfi və maraqlı olmalıdır.
3. İnsanın dözümü onun köməkçisidir… “köməkçiniz ” varmı?
– Səbir və dözüm insanda lazımi keyfiyyətlərdəndir. Həzrət Əli (ə) buyurmuşdur: “Sizə səbirli olmağı tövsiyə edirəm, çünki baş bədənə lazım olduğu kimi, səbir də imana lazımdır! Başsız bədənin xeyri olmadığı kimi, səbirsiz imanın da xeyri yoxdur!”
4. Bəzən yaxşı biri olmaq üçün bütün pisləri tanımaq məcburiyyətində qalırsan. Buna ehtiyac duydunuzmu?
– Yaxşı bir insan olmaq üçün, məncə özünlə bərabər ətrafdakıların da mövqeyinə, fikirlərinə hörmət və anlayışla yanaşmalısan. Necə deyərlər “Özünə rəva bilmədiyini başqasına da rəva bilmə”.
5. Şekspirin kəlama çevrilən bir fikri var: Ölçülə bilən sevgi yazıq bir sevgidir. Ölçüyə sığmayan sevginiz varmı və bu kimədir?
– Sevdiklərim, sevgimi paylaşa bildiklərim hamısı mənim üçün əziz və dəyərlidilər. Məncə həyatında böyük önəm daşıyan, sevdiyin, dəyər verdiyin insanlara qarşı olan sevgini heç bir ölçü vahidi ilə müqayisə etmək olmaz.
6. Bəzən ürəyimizdə elə hisslər olur ki, ağlımız onunla əsla bacara bilmir. Ürəyinizdə elə bir hiss varmı ağlınız qarşısında acizdir?
– Ağıl və hisslərin arasında, əgər belə demək olarsa, “mübahisələr” tez-tez olur. İnsan yalnız və yalnız ağlı ilə hərəkət edənde bir növ soyuqqanlı insan kimi çox vaxt ətrafdakılarla problemlər yaşayır. Yaxud da ağılla deyil, yalnız hisslərinə qapıldıqda isə özü mənəvi “zədələr” alır. Belə vəziyyətlərə cəmiyyətdə tez-tez rast gəlirik. Odur ki, mümkün qədər ağıl və hisslərimin arasında hormoniya yaratmağa çalışıram.
7. Deyirlər ki, insan tək başına həyat yolunu başa çıxa bilməz. Mütləq özüylə yolu bilən birini götürməlidir. – Yol yoldaşınızla hər addımda addımlarınız qoşa atılırmı?
– Rəbbim hər bir bəndəsini yaradanda onun yarını-“yarısını” da yaradıb ki, bir yerdə, bütöv bir şəkildə adımlasınlar. Mən Allahımdan çox razıyam! Həyatda məhz öz yarımı tapmışam. Hər hansı bir məsələyə qarşı birimizin fikri, münasəbəti diğərimiz üçün önəmlidir. Bütün cütlüklərə keşməkeşli həyat yollarında qoşa addımlamağı arzu edirəm.
8. Qadın kişinin diqqətindən çox , diqqətsizliyinə qarşı həssasdır… Sizcə belədirmi? Belədirsə, niyə?
– Qadın təbiətin yaratdığı ən böyük sənət əsəridir! Qadın bəşəriyyətə həyat verən varlıqdır! Qadın anadır! Qadınlar həmişə doğmalarının, sevdiklərinin sevgisiylə, məhəbbətiylə əhatə olunmalıdırlar. Çünki qadınlar, məhz sevgidən, məhəbbətdən püxtələnən çiçəkdilər! Baxmayaraq ki, həyatın hər cür amansızlığına qarşı kişilərdən daha dözümlü, daha mətindilər, amma yenə də həyatlarında olan kişinin diqqətinə çox böyük ehtiyacları var.
9. Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim…qurban verərdinizmi?
– Ötən günlərin xoş xatirələri ilə mən irəliyə baxmağa daha çox üstünlük verirəm.
10. Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır. Onunla tez–tez məsləhətləşmək lazımdır. ( Paskal ) Əməlinizə görə vicdanınızın sizdən hesab sorduğu hal oldumu?
– Vicdan çoxlarını şirin yuxusuna mane olur desəm yanılmaram. Məhz vicdan bizi öz əməllərimizə kənardan baxıb qiymət verməyə sövq edir. Çox şükür Rəbbimə hələ ki, vicdan deyilən hakimlə günahkar qismində üz-üzə gəlməmişəm.
11. Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq saçır. Yolunuza işıq saçan inamın ünvanını deyə bilərsinizmi?
– Həyatda həmişə hər şeyin daha gözəl olacağına inanıram. Çünki hər şey insanın öz əlindədir deyə fikirləşirəm. Əgər insanda ağıl, iradə, ətarfındakılara qarşı sevgi, mərhəmət hissi varsa, məhz bu hisslər gələcəyin keçmişdən daha işıqlı olacağına inamı artırır.
12. Elm beyni, sənət ürəyi, din isə ruhu qidalandırır. Əskiyiniz varmı?
– Əslində buna əskik demək olarmı bilmirəm, öz sənətim üzrə işləmirəm. Amma daha da ürəyimdən gələn məşğuliyyətim var. Mətbəxi çox sevirəm. Mətbəxdə olmaqdan, ailəm üçün süfrə açmaqdan zövq alıram.
13. Xatirələr həyatı gözəlləşdirə bilərlər, amma həyatda ayaq üstə dura bilməyimizin səbəbi unutqanlığımızdır…bəs onda unuda bilmədiyimiz xatirələr nəyimizdir?
– Əlbəttə hər bir insanın keçmişi var və bu keçmiş istəsək də, istəməsək də xatirələrimizdə özünü bu gün də yaşadır.
Bəzən bir anlığa bizi xoşbəxtliyin zirvəsinə qaldıran, təəssüf ki, bəzən də qəmli, kədərli xatirələrimiz olur…
14. Gözlər təkcə sevgi vəd etmir ki… Sahibi haqqında şəhadət də verir. Görmədiyiniz biri haqqında yüksək fikirdə və ya əksinə, olduğunuz zaman oldumu? Zamanla yanıldığımızı gördünüz, yoxsa haqlı olduğunuzu?
– Elədir, gözlər qəlbin aynasıdır. Amma görmədən tanış olub, doğmalarım kimi sevdiyim, “Nə yaxşı ki, varsınız” deyək bildiyim dostlarım var!
15. Dost onu da dartıb yıxacağını bilə-bilə, sən yıxılan zaman əl uzadandır…Belə dostunuz varmı həyatda?
– Müdrik bir insandan soruşurlar:- Dostluq neçə cür olur?
Dörd növ dost olur deyə cavab verir. Dost var ki, yemək kimi – hər gün varlığına ehtiyac duyursan. Dost var ki, dərman kimi – xəstə olanda, dərdini bölüşmək istəyəndə axtarırsan. Dost var ki, xəstəlikdi – sən istəmədən özü səni axtarıb tapır. Lakin dostlar var ki, nəfəs aldığın hava kimi – onları görməsən də hər an, hər dəqiqə yanındadılar. Mən xoşbəxtem ki, mənim: -Bacararsanmı? sualıma: “Nəyi?” deyə soruşmadan:
-Əlbəttə bacararam deyən dostlarım var!
16. Tolstoy deyir ki, birinin digəri üzərində hakimiyyəti ilk növbədə hökmranlıq edəni məhv edir. Hökmranlıq edənlərin külli-ixtiyar əllərində olur axı, o zaman yazıçı nəyi anlatmaq istəyib?
– Heç kimə sirr deyil ki, hakimiyyət insanları çox vaxt arzuolunmaz istiqamətə doğru dəyişir. Birinin digəri üzərində hökmranlığı ilk növbədə hökmranlıq edənin soyuqqanlılığına, eqoistliyinə və s. gətirib çıxardır ki, bu onu tədricən insani keyfiyyətlərdən uzaqlaşdırır.
17. Təsəvvür edin ki, əlinizdə belə bir ixtiyar var: keçmiş adət-ənənələrlə indiki müasir cəmiyyəti sintez etməlisiniz. Keçmişdən gətirdiyiniz, indidən sildiyiniz nə olardı?
– Bizim xalqımız milli zənginliyi çox qədim bir tarixə köklənmiş xalqdır. Mən istəyərdim ki, məhz tariximizi unutmayaq, milli adət ənənələrimizin zənginliyini qoruyub saxlayaq. İstər mətbəximizdə, istər toylarımızda, istərsə də gündəlik həyatımızda. Çünki xalqı xalq kimi dünyaya tanıdan əsas amillərdən başlıcaları onun tarixi, mədəniyyəti, dili, onun mətbəxidir.
18. Xəyanət yoldaşlıq zəncirini qaraldar, lakin vəfa onu hər zamankından parlaq edər. Hansı xəyanəti bağışlamaq üçün yetərincə gücünüz var? Dostun, qohumun, tanışın, yoxsa həyat yoldaşının?
– Məncə xəyanətə yox deyək! Heç kim həyatda xəyanətlə üzləşməsin. Çünki xəyanət bağışlansa belə, artıq ürəkdə şübhə toxumlarını səpmiş olur…
19. Cəmiyyətə nəzər salsaq insanların çoxu kökündən qopmuş ağaca bənzəyir. Həm özlərinə yad olublar, həm də təbiətə. Nədir insanların yadlaşmasına səbəb?
– İnsan təbiətin ən ali məhsuludur. Təbiət bir ana kimi insanların biganəliyinə, şıltaqlığına hələ ki, dözür. Qaldı ki, özlərinin özlərinə yadlaşmalarının səbəbinin müəyyən bir qismini cəmiyyətdəki sosial və iqtisadi böhranlarla əlaqələndirərdim.
20. Çayımda şəkər ol demirəm sənə, çayın içində şəkərin əskikliyini hiss etdirməyəcək qədər yanımda ol, bəsimdir…kimdir sizin çayınızda şəkəri əvəz edən?
– Könlümdəki qışımı yaza, tufanlı, çovğunlu günlərimi günəşli bir yaz gününə çevirən ailəm yanımda olsun yetər.
21. Məşhur bir filmdən sitatda deyilir: “Mən mələk deyiləm, amma dünya da cənnət deyil”… – dünya cənnət deyil, yoxsa insanlar mələk?
– Dünyanı cənnətə də, cəhənnəmə də çevirən biz insanlarıq. Özümüzü günahkarlardan ayrı tutmayaq. Hər birimiz etdiyimiz günahlardan tövbə edib hər gün savaba doğru bir addım yaxınlaşsaq dünyamız da cənnətə dönər.
22. Qəlb də ayna kimidir, sındısa – yapışdırmaqla düzəlməz. Qəlbinizi sındıran oldumu?
– İnsanın qəlbi dərinliyinə heç vaxt nüfuz edilməmiş guşədir! Ağılla həll edilə bilinməyən çox məsələlər var ki, məhz qəlbdə bircə anlığa qərarı verilir. Nəinki bir kəlməylə, hətta bir baxışla belə qırıla bilər qəlbimiz. Onu da qeyd edim ki, yadların gücü yetməz qəlbimizi qırmağa…məncə insanın qəlbi qırıldıqda yalnız sevdikləri tərəfindən qırıla bilər. Sevdiklərim tərəfindən qayğıyla, məhəbbətlə əhatələndiyimə görə Rəbbimə şükürlər olsun!
23. Yoxsulların əkini bol bəhrə versə də
Bada gedər ədalət olmayan yerdə…razısınızmı bu deyimlə? İndiki zəmanə ilə nə qədər uzlaşır?
– Hər dövrdə olduğu kimi, bizim indiki zəmanəmizdə də aktual bir deyim. Sadəcə yoxsulun arxasınca gedən az olar deyə düşünürəm, amma bu “azlıq” öz birliyi, iradəsi, haqqı ilə çoxluq təşkil eləyən kütləyə qalib də gələ bilər.
24. Sizcə xoşbəxt olmaq üçün insanın nəyə ehtiyacı var?
– Xoşbəxt olmaq üçün qarşılıqlı sevgi, qayğı, anlayış, bir-birinə önəm vermək, dəyərini bilmək ən başlıca amillərdir.
25. Başqaları üçün özünüzü unudun, o zaman sizi də xatırlayacaqlar…kiminçün özünüzü belə unudarsınız? Oldumu belə halınız?
– Məncə bütün analar mənimlə razılaşarlar. Ana dediyin məhvum övladından yana, nəinki özünü unudar, “uff” demədən, hətta canından belə keçər!
26. Sidqi deyir ki, insanların ən qüvvətlisi qeyzli olanda özünü saxlayandır. Siz necə, yeri gələndə əsəblərinizə hakim ola bilirsinizmi?
– Hirs külək kimidir: bir müddət sonra dayanır, amma bir çox budaq qırılmışdır artıq…
27. Qadınların saxlaya biləcəkləri tək sirr, bilmədikləri sirrdir… – Gördüyünüz kimi qadınlar sirr saxlamamaqda günahlandırılır. Bu belədirmi?
– Qadınlar gündəlik həyatlarında kişilərin daşımağa qadir olmadığı yükləri daşıyırlar. Sirr saxlamaq özü bir emosional yükdür, gərginlikdir. Bu emosional gərginliyin təsirindən qadına gündəlik işləri daha da ağır və sanki heç bir zaman bitməyəcək kimi gəlir. Bu səbəbdən qadınlar hər zaman sirlərini bölüşməyə sirdaş axtarırlar. Əlbəttə bu statiskaya söykənən bir göstəricidir. Bu göstəricini də bütün qadınlarımıza şamil etmək olmaz.
28. Həyatı rənglərlə görsək, seçdiyiniz hansı rəng olardı, ağ, yoxsa qara, yoxsa öz rənginiz?
– Həyat bir rəngdə olsaydı yaşamaq da rəngsiz, maraqsız olardı. Yaşam uğrunda mücadilə olmazdı. Həyatın keşməkeşliyi onun məhz rəngarəngliyindədi. Həyat qəribədir. Bəzən çata bilməyəcəyimiz qədər yüksəkdə sandığın kəslər, əslində əyilməyəcəyin qədər alçaqdadırlar… Çox şeyi qazanarkən bəzi şeyləri itirərsən. Həyatda elə seçimlər et ki, qazandığın şeylər itirdiklərinə dəysin…
29. Bir mütəfəkkir deyir ki, idrakın zirvəsindən dünya dəlixana kimi görünür. Kimdir dünyanı dəlixanaya çevirən?
– Bəzən insanlar asan yolla yaxşılıq etməyi unudub, çətin yolla pislik etməyə üstünlük verirlər. Bəzən dünya ruhumuza, bəzən də ruhumuz dünyaya sığmır. Bu dünya bir damla göz yaşına dəyməyən yalan dünyadır!.. Bizə hər an hər dəqiqə “xəyanət” edib, yarı yolda qoya biləcək dünyadır…kimisi üçünsə toylu-büsatlı, kimisi üçün zindan əzablı, kimisi üçünsə dəlixanadı…yalan dünya…
30. Deyilənə görə həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda? Həyat hansı biridir sizin üçün?Ümumiyyətlə, nədir həyat?
– Həyat bir teatr səhnəsi, biz insanlar isə aktyorlarıq. Zamanla bu səhnədə komediya da olur, faciə də, dram da…biz özümüz də bilmədən müxtəlif rollarda “oynamalı” oluruq.

Müsahibə üçün təşəkkür edirəm 💐

28/04/2017 tarixində Yazılarım içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Bizim Yeganə 🙂 Nə yaxşı Sevinc topladı yenə köhnə tanışları. Səni təkrar görməyimdən çox şadam, Yegiş.
    Sevinc, təkrar görüşdürdüyünüzə, müsahibəyə görə təşəkkür edirəm.

    tərəfindən bəyənildi 1 şəxs

  2. İnşəAllah, Sevinc.

    Bəyən

  3. Yeqisim cox gozel alinib musahiben Sevinc.xanima ise sonsuz tesekkurler yaxsi ki varsiz Allah razi.olsun.sizden😘

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: