…bəzilərinə şirin, bəzilərinə isə acı bir nağıldır həyat…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 14-cü yazı)

Cüməniz mübarək, dostlar!

Bu gün gözəl, həm də ziyalı bir xanımla sizi tanış etmək istəyirəm. Gülanə xanıma müsahibə üçün müraciət edəndə “kaş ki yox deməyə” dedim ürəyimdə. Xasiyyətimi bilirsiniz, “yox” cavabın aldımsa, israr etmirəm. Qərarına hörmətlə yanaşıram həmin şəxsin. Düzdür, “hə, göndərin” cavabın da tez almadım. Amma aldım ☺️ Ola bilər Gülanə xanım məni danışdırmaqla ondan müsahibə götürənin kimliyi ilə daha yaxından tanış olmaq istəyirmiş. Çox sevdim mən bu xanımı. Yazısındakı niskildənmi, səmimi cavablarındanmı, ya zahiri gözəlliyindənmi gəldi bu istək bilmirəm…

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.

1. Müsahibim kimdir, sizi necə tanıyaq? 

Mən, İsayeva Gülanə Vaqif qızı 20 iyun 1975 ci ildə Füzuli rayonunun Merdinli kəndində, zıyalı ailəsində dünyaya göz açmışam. Evimizin üçüncü qızı olmuşam. Üçüncü qız olsam da, atamın sevimli qızı olmuşam. Anamın ogul kimi güvəndiyi qızı olmuşam. İndi nə həmin ünvanım var, nə atam, nə anam. İndi özümü təqdim etmek istəsəm; Gedəsi ünvanım yox, ürəyi həsrətlə dolu, zamanın zalım qanunlarından yorulmuş dərd yorğunuyam. İndi özüm -özümü təqdim eləməyə çox çətinlik çəkirəm. Sənədlərlə izah etsəm 1997- ci ildə İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini bitirmişəm. 1999- cu ildə isə həmin fakültənin magistraturasını fərqlənmə diplomu ilə bitirmişəm. Elə o vaxtdan da Azərbaycan Maliyyə İqtisad kollecində müəllimə işləyirəm. Yəni sadə bir müəlliməyəm.

2. Pis müəllim şagirdinə həqiqəti çatdırır, yaxşı müəllim isə onu tapmağı öyrədir. (Adolf Disterveq). Bildiyim qədəriylə siz tələbələriniz üçün sevimli müəllimsiniz. Necə və nə ilə qazandınız bu sevgini?

– Tələbələrin sevgisini qazanmaq çox çətindir. Bunun üçün illər, təcrübə lazımdır. Əlbəttə ki, mən müəllimlik fəaliyyətimə başlayan zaman, yəni 23 yaşımda bu sevgini qazana bilməzdim. Mən sovet dövrünün şagirdi olmuşam. Ona gorə də əvvələr tələbələrlə cox sərt davranardım. Bu günkü tələbələrin sərbəstliyini sevmirdim. İstəyirdim onlar da bizim kimi olsun. Sonralar illər məni pedaqoq, psixoloq etdi. Zaman ən gözəl müəllimdir. Gərək onlarla rəftar edəndə yaş dövrlərini də nəzərə alaq. Sizə sadə bir misal çəkim. Bir tələbəm praktikaya getdiyi dövrdə praktikada oldugu yerdən oğurluq etmişdi. Məni və tələbənin valideyinlərini ora şağırmışdılar. Əslində bir valideyin üçün cox utandırıcı bir hal idi. Tələbənin anası mənə bildirdi ki, biz ölürük xəcalətdən və atası oğlunu öldürmək qərarı verib. Valideyinlərlə 5 dəqiqə söhbət etdim.Onlara anlatdım ki, sizin övladınızın 18 yaşı var. Bax bu yaşda bütun uşaqlardan hər şey gözləmək olar. İndi biz bu oglanı ya döyüb cinayətkar edecəyik, ya da başa salıb adam edecəyik. Gəlin iki yoldan birini seçək. Ana mənə baxıb elə ürəkdən aglayırdı və deyirdi ki, mən də deyirəm bizim oğlumuz sizi niyə bu qədər çox istəyir. Və mən inanıram ki, o oğlan heç vaxt bir daha oğurluq etməz. Sevgini qazanmaq üçün əvvəlcə sevməyi bacarmalısan. Hər bir tələbəmlə sevgi ilə, hörmətlə rəftar edirəm və ilin sonunda onlar cox dəyişirlər. Bir tələbəm var idi. Evin yeganə övladı idi. Kolleci bitirdikdən sonra hərbi xidmətə getmişdi. Bir gün mənə zəng vurub ki, hardasınız mən məzuniyyətə gəlirəm. Bakıya çatıram, görüşmək istəyirəm sizinlə. Dedim əvvəlcə evə get, valideyinlərinlə görüş, sonra mənimlə. Mən desəm də o əvvəlcə gəlib mənimlə görüşdü. Sonra evə getdi. Bilmirdim xəcalət çəkim, bilmirdim sevinim…Bax belə…

3. Buraxın, gənclər dünyanı arzuladıqları kimi görsünlər; necə olsa böyüdükcə olduğu kimi görəcəklər… Gənclərin dünyaya baxışı sizi qane edirmi?

– Bilirsiniz, bunu bütün gənclərə şamil etmək olmaz. Gənclər var ki, o qədər agıllıdır, savadlıdır. Onlara güvənmək olar. Gənclər də var ki, onları mütləq istiqamətləndirmək lazımdır. Çox çətin bir dövrdə yaşayırıq. İstər qız övladı, istərsə də ogul övladı böyutmək, tərbiyə etmək, onu mükəmməl bir insan edib cəmiyyətə qoşmaq valideyin üçün ən çətin vəzifədir. Elə gənclər var ki, onları istiqamətləndirməsən uçuruma dogru gedə bilərlər. Bir gənc narkaman oldusa, zaman onun üçün nə edə biləcək? Bax belə şeylərə görə valideyinlər məncə müəyyən dövr ərzində çox diqqətli olmalıdır.

4. Cingiz Abdullayevin bir deyimi var: “Azərbaycanlılar dünyada yeganə millətdir ki, müəllimə pul verirlər ki, uşaqları oxumasınlar”. Sizcə niyə belədir?

– Mənim Çingiz Abdullayevə bir yazar kimi cox böyük hörmətim var. Amma mənə belə gəlir ki, burda bu məsələyə düzgün toxunulmayıb. Məsələnin kökü tamam başqa yerdə araşdırılmalıdır. Məncə heç bir müəllim də istəməz ki, tələbənin əlinə baxsın, valideyin də istəməz ki, övladı savadsız olsun.

5. Düşünə-düşünə hərəkət et, hərəkət edə-edə düşün! Bunu alimlər deyib. Siz necə, düşünüb hərəkət edirsiniz, yoxsa hətəkətiniz sizi düşünməyə məcbur edir?

– Mən həmişə hərəkət etmədən öncə cox düşünürəm. Ona görə də həyatda çox arzularımı ürəyimdə dəfn etmişəm. El arasında bir söz var ki: “Ağıllı fikirləşincə, dəli vurdu çayı keçdi”. O qədər düşünurəm və düşünə-düşünə də ruhdan düşürəm. Görəcəyim işin o qədər çətin tərəflərini təhlil edirəm və sonra addımlarımı geri çəkməli oluram. Mən, ümumiyyətlə, çox zəif insanam, tez ruhdan düşürəm. Bu xasiyyətlərim məni irəli getməyə qoymadı. Mən inanırdım ki, heç bir elmi işin qarşısında aciz qalmaram. Yəni elmi işi yazmaga, müdafiə etməyə 5 adamın gücü çatarsa, onun biri mütləq mən ola bilərdim. Ətrafımda bir-iki adam danışdı ki, bunun əziyyəti çoxdu və mən hər şeyi yarımçıq bağladım. Sadəcə mənim kimi insanların yaşamağı, irəli getməsi üçün mütləq onun güclu dostları olmalıdır…

6. Ölümdən qorxan insan heç nəyə nail ola bilməz. Yalnız qorxmayana hər şey mənsubdur. ( L. Tolstoy ) Bəs sizin üçün ölüm nə deməkdir? Ölmək qorxusu ilə yaşayırsınızmı?

– Ölümdən yox ölümlərdən qorxuram…Hər cür ölüm var. Vaxtsız övlad itkisi, vaxtsız bacı, qardaş itkisi. Nakam ölümlərdən qorxuram. Ölüm çox dəhşətlidir, ona görə ki, səni gözləyirlər, amma sən gələ bilmirsən. Səndən ötrü bir ana fəryad edir, o boyda fəryadı duya bilmirsən. Ya sən anan üçün həsrətlə göynəyirsən, amma bilmirsən o səni hiiss edir ya yox…Bir insanın həyatının sonudur ölüm, elə bir son ki, ömrünun sonuna qədər axtaracqsan, hər şeyini qurban verməyə hazır olacaqsan. Amma heç nə mümkün deyil. Küsəcəksən həyatdan, bax beləcə küskün-küskün itirdiyin əzizinin ölümü ilə barışmayıb yaşayacaqsan. Əgər buna yaşamaq deyərlərsə…….O ki qaldı özümün ölməyimə əvvəllər çox qorxardım, amma indi anamdan sonra hərdən ölüm də mənə şirin gəlir…Hətta hərdən ölmək də istəyirəm…

7. Dürüst insan hər zaman həqiqəti söyləyər, ağıllı insan isə yalnız zamanında… Hansı yaxşıdır sizcə, hər zaman həqiqətimi demək, yoxsa həqiqəti zamanında söyləmək?

– Məncə ağıllı insan olub zamanında həqiqəti söyləmək lazımdır. Bəzən həqiqəti söyləmək insanı hörmətdən salır. Yəni söyləyirsən pis adam olursan, ona görə də susmaq daha gözəldir. Amma həqiqət acı olsa da, gözəldir. Mən tələbələrimə də həmişə yalandan uzaq olmağı tövsüyyə edirəm.

8. Amerika yazıçısı Jozef Fletçer deyir: “Vətənə borcunu ödəmədən ölən insan bədbəxtdir”. Vətən sizin üçün nəyi ifadə edir? Vətən üçün borcunuzu nədə görürsünüz?

– Mən Füzuli rayonunda dogulmuşam. Çox təssüf ki torpağımın suyunu içdim, havasını uddum, böyüdüm, amma torpağıma heç bir borcumu verə bilmədim…Torpağımın həsrəti, niskili anamın, atamın həsrəti qədər ağırdır. Çox ç,tindir. Özümü bir az pis hiss edən kimi qəriblikdə dəfn olunmaqdan qorxuram:

Sən qəribliyin rəngini bilirsənmi

Bilirsənmi qəriblik nə rəngdə olur?

Qəriblikdə günəş doğmur

Səhər açılmır, axşam düşmür qəriblikdə

Zaman səssiz

Qərib olmayanlar hardan bilsin qəribliyin rəngini…

Ən şirin yuxularımi böyüdüyüm evdə görürəm. Yuxudan ayılanda o qədər pis oluram. Kaş ki, ayılmazdım deyirəm. Hərdən fikirləşirəm ki, yaxşı ki, həsrətin yuxu yolu var…Bilirsiz bizə nə çətindir öz doğma Vətənində yurduna həsrət…Yaxşı statuslar veriblər qaçqın, köçkün…Allah qarışqanı da böyüdüyü yuvadan eləməsin…

9. Söz Vətəndən düşdüsə, o zaman ürəyində yurd həsrəti olan biri kimi bu misranı tamamlamağınızı istərdim: “Könlüm keçir Qarabağdan”…

Gah bu dağdan,gah o dagdan

Axşamüstü qoy uzaqdan

Havalansın xanın səsi,

Qarabağın şikəstəsi…

10. Damlayan su daşı deşər. Əslində daşı deşən suyun gücü deyil, damlaların davamlılığıdır. Bəs sizin israrla mübaruzə aparacağınız nələrsə varmı bu həyatda?

– Tez tez depresiya düşürəm. Yalnız qızım və onun gələcəyi üçün depresiyalara qarşı mübarizə aparıram.))))))) Mübarizələrim yalnız qızımla bağlıdır. İstəyirəm oxusun, cəmiyyətdə yaxşı mövqe tutsun. Günümün 90 faizini Nərminə həsr edirəm.

11. Hər kəsi qınamaq və hər kəsi tərifləmək, ağılsızların edəcəyi şeylərdir. Sizin qınadığınız və təriflədiyiniz hansı xüsusiyyətli insanlardır, maraqlı olardı bu haqda fikirlərinizi öyrənmək.

– Mən onun-bunun arxasınca danışan insanları, şox qeybət qıran və bir də xain inasanları sevmirəm. Hamı başın aşağı salıb sakit öz həyatını yaşasa həyat gözəl olar. Tərifləmək deyəndə o insanları sevirəm ki, onlar humanistdirlər, sadədilər və el-obasına can yandırırlar, qədir-qiymət bilirlər, sədaqətlidirlər…

12. Televiziya elə adamlardan həzz almağa imkan verir ki, biz o adamları evimizin kandarına da buraxmarıq. Ümumiyyətlə, Azərbaycan efiri sizi qane edirmi? Öyrəndiyiniz bir şeylər olurmu?

– Son dövrlər televizora çox az -az baxiram. Ona görə də bu barədə heç nə deyə bilməyəcəm.

13. Bir övlada sahib olmaq, bütün istəklərindən əl çəkmək deməkdir. Sizin üçün övlad nədir, nələri qurban verərdiniz övladınız üçün?

– Mən hələ subay idim. O qədər körpə uşaqları sevərdim. Özümdən böyük bacım uşaqlarını özüm böyüdürdüm. Anam həmişə deyərdi ki, sənin bu cür uşaq sevməyindən o qədər qorxuram. Allah insanı həmişə cox sevdiyi şeylərlə imtahan edər…Elə də oldu…çox çətinliklə bir qız övladı tapdım…yenə min şükür..Onun üçün yaşayıram.Məni həyata baglayan yeganə varlığımdır.Mən iqtisadçıyam .Yəni tamam başqa sahələrdə işləyə bilərdim.Mənə cox gözəl iş təklifləri də gəlib .Amma hər şeyi ona qurban vermişəm ki, onun tərbiyəsi ilə, dərsləri ilə məşğul olum…

14. Almazı yerin dərinliyində axtardığımız kimi, həqiqəti də düşüncələrimizin dərinliyində axtarmalıyıq. Həqiqəti görmək son zamanlar niyəsə qəliz olubdur, bəlkə insanların düşüncəsində problem yarandığı üçündür bu?

Həqiqəti bogdular…Həqiqət özü-özünü büruzə verməyə qorxur artıq…

15. Elə istəyirəm gedib görəydim,

Əlimdən yerimi mənim kim allb?!.. Gəlin bir az da orta məktəb illərinə qayıdaq. İstər yaşca sizdən böyük, istər kiçik olsun, orta məktəb deyəndə kimləri xatırlayırsınız, kimlər düşür yadınıza?

– Ürəyimin ən kövrək tellərinə toxundunuz .

O çağlar necə də mənə haydılar,

Könlümə,gözümə şəfəq yaydılar

Keçən günlərimi qaytaraydılar

Gələn günlərimi qurban verərdim…

Çox qəribədir bu gün hər şey yaddaşımdan tez çıxır. Amma orta məktəb deyən kimi bütün sinif yoldaşlarım və kim- kimlə harda otururdu olduğu kimi gəlir gözümün qarşısına .Cox gözəl müəllimlərim var idi…Yadımda qalan xatirələr çoxdu. Bir sinif yoldaşım oglanla heç yola gedə bilmirdik. O qədər dalaşdıq ki, axırda bizim oxuduğumuz məktəbləri ayırdılar. Hərdən qarşılaşırıq, amma nəyimiz şərikli düşmüşdü hələ aydınlaşdıra bilməmişik. Orta məktəbdən şirin xatirələr çoxdur, danışmaqla bitməz. Amma inanıram ki, sinif yoldaşlarımın xatirində ən yaxşı oxuyanlardan biri kimi qalmışam…

16. İnsan dünyanın hakimi olsa da, ürəyinin əsiri olur həmişə. Ürəyinizin əsiri oldunuzmu?

– Anam məni dünyaya elə gətirib. Anadan gəlmə ürəyimin əsiriyəm. Bəzən eşidirəm kimlərsə arxamca haqsız danışıb. Ürəyim imkan vermir ki, o adamların cavabın verim. Heç kimin xətrinə dəyə bilmirəm. Qarşımdakı insan pərt olmasın deyə haqqımı belə tələb edə bilmirəm.Əgər kiminsə xətrinə dəyirəmsə artıq ürəyim imkan vermir gecələr yatım. Məni istəyən, istəməyən hamı ilə səmimi rəftar edirəm.Məni tanıyanlar bilir ki bu həqiqətən belədir….

17. Övladı olan ana heç vaxt azad qadın hesab oluna bilməz. Sizcə qadınların azad olmağa can atmalarının səbəbi nədir?

– Hal hazırda hər şey çox dəyişib. Hamı azadlığı sevir, azad olmaq istəyir.Amma biz analar avropalı deyilik də on səkkiz yaşından övladlarımızı sərbəst buraxaq.Ana olan gündən ölənə qədər övladımızın əsiriyik.

18. Bəs bir xanım üçün təhsil, sənət-peşə sahibi olmaq nə dərəcədə əhmiyyətlidir?

– Məncə bu çox gözəldir. Mən özümü təhsilsiz, ümumiyyətlə təsəvvür etmirəm. Təhsil mənim görən gözümdür, düşünən beynimdir. Sənətim peşəm mənim həyatdakı stimulumdur. O ki ,qaldı bunların əhəmiyyətinə! heç kim bilmir onu gələcəkdə nə gözləyir. Sənəti olmaq qadın üçün güvən hissidir.

19. “Danışa bilmək” ilə “Danışmağı bilmək” arasında böyük bir fərq vardır. Məsələn, çox insan ikincisini bilməz. Danışığını bilməyənlərlə necə dil tapırsınız?

– Danışa bilmək dogrudan cox gözəl bir qabliyyətdir. mədəniyyətdir. Danışıq qabliyyəti inasanın ziyalılığından xəbər verir. Böyüdüyü evdən xəbər verir. O ki qaldı danışığını biməyən insanlara, çalışıram uzaq olum. Bir də gülümsəyərək keçirəm, guya başa düşmədim. Halbu ki hər şeyi gözəl görürəm. Elə insanlara fikir vermək, onlara qoşulmaq yavaş-yavaş adamı elə insanların səviyyəsinə salar…

20. Əgər sevgi bir çiçəksə, hörmət onu qoruyan saxsıdır. Çiçək solmağa başlamışsa diqqət yetirin, saxsı mütləq çatlamışdır. Bu fikrə münasibətinizi bilmək maraqlı olardı.

– Cox qəliz sualdır)))) Sevgi varsa istər istəməz orda hörmət olacaq.Əgər bir insanın bir insana hörməti yoxdursa onu necə sevə bilər. Məncə sevgidən vacib hörmətdir. Yəni o saxsı qab olmasa, o çiçək yaşaya bilməz ..

21. Sofokl deyib ki, xoşbəxtliyin birinci şərti ağıllı olmaqdır. Belə çıxır ki, xoşbəxt olmayanların ağıl sarıdan kəsiri var?

– Cox gözəl fikirdir. Amma baxır kim üçün. İnsanların əksəriyyəti müəyyən yaşa çatanda fikirləşir ki, kaş indiki aglım filan yaşımda olaydı. Hər adama qismət deyil zamanında ağıllı düşünmək, ağıllı addımlar atmaq…Həyatın çox qəribə tərəfləri var. Bəzən elə ağıllı adam olur ki, baxırsan heç bir sahədə bəxti gətirmir. Elə də ağılsız insanlar olur ki, şansı hər sahədə gətirir…Bir sözlə bu həyatdır. Ağılsız xoşbəxtlər də var, ağıllı bədbəxtlər də…

22. Mərhəmət o qədər məsumdur ki, həris gözlərdə, xəbis ürəklərdə var olabilməz. Amma deyəsən zaman irəlilədikcə insanlar bu hissdən məhrum olurlar. Sizcə bu nəylə bağlıdır?

– Mərhəmət isana Allahın bəxş etdiyi ən gözəl hisslərdəndir. Deməzdim ki, azalıb. Əslində bu gün öz dinimizə qayıtmışıq. İslam dini dünyadakı bütun dinlərin şahıdır. Oxuyan, mahiyyətinə varan hər kəs xəstəyə, aca kömək etmək istəyir, savab xatirinə. O ki qaldı bəzi insanlar var ki, lap imkanlı şəxsləri nəzərdə tuturam-Yəqin bilirsiniz hansı təbəqəni deyirəm. Mən onların yerinə olsam heç kimi demirəm,bu körpə uşaqlar ki var ataları torpaqlarımiz uğrunda şəhid olublar,o dünyalarının xatirinə o cür ailələrin üzərindən diqqətimi çəkmərəm. Onların təhsilinə, yaşadıqları evə, gələcəklərinə torpaq uğrunda canını qoyan atalarının xatirinə xüsusi diqqət olmalıdır.

23. Mövlanə deyir: “Başqalarını hər zaman əfv edin, amma özünüzü əsla əfv etməyin”. Özünüzə bağışlamadığınız hansısa addımı atdınızmı?

– Bəli, olub.Tələbəlik illərimdə çox əziyyət çəkmişdim. O əziyyətlərimin qarşısında atılmalı adddımlarım var idi, atmadım. Bu gün çox peşmanam. Zamanında görülməli işlər çox idi. Artıq yaş keşib.

24. Sizcə niyə aforizmlər əvvəlki dövrlərdə yaşamış filisoflar tərəfindən yaranıb? İndi buna ehtiyac yoxdur, yoxsa bunu deyə bilən biriləri yoxdur?

İndi də var, sadəcə biz insanlar mütaliələrə cox az vaxt ayiririq. Mən bir filosof tanıyıram. Səlahəddin Xəlil bizim filosofdur. O qədər gözəl fikirləri, aforizmləri var. Yalçın İslamzadə gənc yazar, fizik, həm də filosofdur. Mənim sinif yoldaşım olub. Qeyri-adi savadı var Yalçının. Allah hər adama verməz o talantı. Amma çox təəsüf edirəm burda onu qədrini bilmirlər. Bəlkə də Yalçın başqa bir ölkənin vətəndaşı olsaydı, bütün dünya tanıyardı, amma bizdə kimə lazımdır…

25. “Getmə” deyə biləcək qədər güclü olmalıdır insan həyatda. Çünki heç kim, itirdiklərini unuda biləcək qədər güclü deyil əslində. Unuda bilmədiyiniz gedəniniz oldumu?

– Unuda bilməyəcəyim insanlar itirdiyim əzizlərimdir. Onlara da qovuşmaq üçün Allahın mənə yazdığı ömrü başa vurmalıyam…

26. Elə xatirələr var ki, danışarkən gözəlliyi gedər… Bəs, heç vaxt danışmayacağınız xatirələriniz necə, varmı?

– Belə xatirələrim də var. Özümlə tək qalanda xatırlayıram…

27. Gülmək üçün xoşbəxt olmağı gözləməyin, bəlkə də gülmədən ölərsiniz. Sizcə yazıçı nə demək istəyib bu fikirlə?

– Bu da çox gözəl fikirdir. Biz o qədər problemlərlə yüklənirik ki, düşünmüruk bəlkə bir saat sonra həyatımızın sonu ola bilər. Onu edim, bunu edim. Heç bir günü özümüzə ayırıb demirik ki, sabah heyatda olmaya bilərik. Heç olmasa istirahət edək, yazıçı demişkən ürəkdən gülək..Hərdən atam- anam yadıma düşəndə utanıram. Bizi böyütdülər, sonra nəvələri böyütməyə başladılar. Biz bacılar hamımız işləyirdik. Sonra bir də ayıldıq ki, həyatda yoxdular…Bax belə, elə dincəlmədən, özlərinə zaman ayırmadan köçdülər.

28. Bəs o zaman xoşbəxtlik nədir sizin üçün?

– Mən istəyirəm xoşbəxtlik anlayışına tamam başqa yanaşmamı bildirim, yəni tibbi nöqteyi nəzərdən yanaşım. Bu, beyinin seratonin və endorphin hormonları ilə bağlı mənəvi bir hissdir. İnsan var ki, onun hər şeyi var, kənardan baxırsan xoşbəxtdir, amma heç özünü xoşbəxt hiss etmir. İnsan da var cox agır problemlərin içində özünü xoşbəxt hiss edir. İnsan da var gah özünü xoşbəxt hiss edir, gah boşluqlar içində olur, hər saatda özünü bir başqa hiss edir. Bunlar hamısı hormonlarla bağlıdır. O ki qaldı başqa cür xoşbəxtlik –yəni el arasında deyirlər filankəs xoşbəxtdir. Hər şeyi var, nəyi kəmdir, oglu, qızı, varı, dövləti…Amma mən belə xoşbəxtlikləri qəbul etmirəm. Kim nə bilir ki, bir saat sonra onu nə gözləyir? Mən tələbə olanda patokumuzda çox gözəl bir qız oxuyurdu. Milyonçu Elmar Məmmədovla ailə qurmuşdu. İnstitutda hamı ona xoşbəxt qadın kimi baxırdı. Bir gun dərsə getdik və eşitdik ki, qadın öz həyat yoldaşı ilə birlikdə qazdan bogulub ölüb…Bax bu da xoşbəxtliyin sonu……

29. Bilsə bələnəcək göz yaşlarına,

Güllərin də rəngi siyah deyilmiş.

Bir ana məzara endirilən gün

Allahın özü də qara geyərmiş… Yeri dolmayacaq bir boşluqdur, əvəzi olmayacaq varlıqdır ana. Hər yaşımızda ehtiyac duyarıq, yaşayırsa dünya hələ də gözəl olar gözümüzdə, getdisə…

– O getdi və inanın həmin gündən mənim də ruhumu özü ilə apardı. Həmin gundən sonra mən fəsillərin dəyişməsini, bayramların gəlişini hiss etmirəm.

Özünüz cox gözəl dediniz hamısını, mənim ürəyimdən keçənləri dediniz. Çox qəribədir mənim ruhumu apardı və sanki öz hislərini də mənə bağışlayıb gedib .O necə övladları üçün narahat ana idisə, o gedəndən elə bil o məsuliyyəti atıb üstümə gedib. Özümdən asılı olmadan bacılarım üçün o qədər narahatam. Hərdən bu yükdən yoruluram, anamdan küsürəm.

Çox maraqlıdır, atamı itirəndə tamam başqa bir hiss yaşamışdım. Sanki arxamdakı dağ uçmuşdu, amma anamı itirəndə elə bildim ki, uçan dağın altında qalmışam.. İnsan doğrudan da ana getdikdən sonra yetim qalır…

30. Deyilənə görə həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda? Həyat hansı biridir sizin üçün?Ümumiyyətlə, nədir həyat?

– Mənə görə həyat problemlərlə, çətinliklərlə dolu, enişli-yoxuşlu yoldur. Bəzən bizi güldürür, bəzən ağladır. Əslində isə bəzilərinə şirin, bəzilərinə isə acı bir nağildır həyat…

Müsahibə üçün təşəkkür edirəm sizə 💐

Advertisements

21/04/2017 tarixində Yazılarım içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 3 Şərh.

  1. Maraqlı müsahibə alınıb, heç yorulmadan oxudum. Təşəkkür edirəm hər iki xanıma 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  2. Sevinc, sağ ol ki, sayəndə daha bir həmkar, daha bir gözəl xanımla tanış oldum. Sualların da, xanımın cavabları da çoox xoşuma gəldı və tanışlığa şad oldum.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Hər ikinizə minnətdaram, Irinka, Sonayımın maması. Yaxşı ki varsınız 😘😘💐💐❤️❤️🌹🌹

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: