Bu da bir alın yazısıdır…

image

Aprel ayının 17-dən 18-nə keçən gecə…özünün qaranlığını yeni ailə qurmuş iki gəncin taleyinə həkk etdirdi bu gecə. Qaranlığı nə qədər qorxulu idisə, gətirdiyi bəla daha betər oldu. O gecə bir igidin ömrünə şəhidlik yazıldı, o gecə bir qadının gözlərində sevgi dondu, o gecə bir körpə beşiyində aramsız ağladı, o gecə hələ ana bətnində olan bir körpənin gözlərinə ömürlük ata həsrəti çökdü… Bilirəm, ruhun çox nigarandı bu gün, Namiq. Sən olsaydın hər şey başqa cür olacaqdı bəlkə də…təsəllini onda tap ki, sənin sevgini qoruyan bir qadın yaşayır ocağında. Ömrünün ən gözəl illərini sənlə yaşamaq varkən, 26 ildir sənli keçən qısa bir ömrün xatirəsinə sığınıb, sənə sadəqətli yarın. Tale ona səndən sonra ikinci zərbəni vurdu, qızını da aldı əlindən. Amma dərdə dözümlü yarın bunu da içinə sinə bildi…Sevgini heç kimə təslim etmədi, üzünü belə görmədiyi atasını kimsəyə dəyişməsin deyə tək başına böyütdü oğlunu. Sənin adına layiq böyütdü həm də… 

Faiq Şükürbəylinin “İstiqlal şəhidləri” kitabından. Kitab 1995-ci ildə çapa imzalanıb.

“Körpəlikdən bəxti gətirməmişdi, taleyi qara gəlmişdi Namiqin. İki yaşından ana qayğısına, ana nəvazişinə həsrət qalmışdı. Saçlarına ana tumarı, ana sığalı çəkilməmişdi. Bu həsrət yandırıb-yaxırdı onu. Körpə uşaq dözə bilmirdi anasızlığa. “Mən anamı istəyirəm”, “mən anama gedirəm” – deyərək hıçqıra-hıçqıra ağlayanda özündən çox da böyük olmayan qardaşı Natiq də ona qoşulub ağlayar, iki körpə uşaq Allahdan analarını istəyərdilər. İki qardaş sanki möcüzə gözləyir kimi şirin xəyallarla “nə demişəm səhər durub görək anamız yanımızdadır” – deyə ümid edirdilər.

Yetimin yekə dərdi

Yüklənib lökə dərdi

El çəkməz, oba çəkməz

Fil gərək çəkə dərdi…

Heç kəs çəkmədi bu dərdi, heç kəs…korun-korun yana-yana, gözləri ağlamaqdan böyüyə-böyüyə özü də bir boy böyüyən Namiqdən savayı. Böyüdü Namiq, ana nənəsinin himayəsində ərsəyə çatdı. Qanacaqlı, mərifətli, hər şeyin yerin bilən bir oğlan oldu. Nə etdisə öz hesabına elədi. Heç kimdən pay ummadı, kömək gözləmədi. Elinə, obasına, istəkli anasına, doğma vətəninə layiqli övlad kimi yaşadı. Əslində isə onun keşməkeşli həyat yolunun hər bir anı, vətən üçün, torpaq üçün göstərdiyi rəşadətin hər bir dəqiqəsi kitablara sığmayan dastandı, gələcək nəsillər üçün örnəkdir.

Qısa arayış:

Namiq Həsən oğlu Hümbətov 1958-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra Bakıda radio mexanikliyi peşəsinə yiyələnmişdi. Keçmiş SSRİ ordusunda nümunəvi xidmətinə görə fəxri fərmanlarla, döş nişanları ilə təltif edilmişdi. 1988-ci ildə Vladimir şəhərində SSRİ DİN nəzdindəki xüsusi milis məktəbinin hüquqşünaslıq fakültəsini bitirmişdi. Bakıda və Beyləqanda vzvod komandiri olmuşdu. 1990-cı ildən isə Füzuli RDİŞ-də çalışırdı. Haqsızlığa, ədalətsizliyə qarşı barışmaz mövqe tutardı. Paklığı, təmizliyi çox sevirdi Namiq. Bu cür insani keyfiyyətlər ömrünün sonuna qədər el-oba içərisində alnıaçıq, üzüağ elədi Namiqi.

Namiq vətənin oğlu idi. Vətənin ağır günündə ilk dəfə silaha sarılan da Namiq oldu. Kəlbəcərin, Laçının ən ucqar kəndlərində erməni quldurları ilə döş-döşə duran, sərrast atıcılığı, texniki fəndləri ilə düşmənə layiqli cavab verən, cəsurluğu və qəhrəmanlığı ilə erməniləri lərzəyə gətirən də Namiq idi.

Erməni hərbi birləşmələrinin Yuxarı Veysəlli, Yuxarı Divanallar kəndlərinə, Qızılqaya yüksəkliyinə etdikləri fasiləsiz hücumlar milis baş leytenantı Namiq Hümbətovun dəstəsinin misilsiz fədakarlığı ilə dəf edilirdi. Hər döyüşdə də düşmənlərin burnu ovulurdu. Gecəsi-gündüzü bilinməyən bu qeyrətli eloğlumuz səngərlərdən əl çəkmir, düşməni yaxına buraxmırdı.

1991-ci il aprel ayının 18-də qeyri-bərabər döyüşdə ölümü ilə ölümsüzlüyə qovuşdu Namiq. Bütün Füzuli torpağı acı göz yaşları ilə öz şəhidini doğulduğu kənddə son mənzilə yola saldı. Oxuduğu məktəbə qəhrəman eloğlumuzun adı verildi. Ölümündən sonra, göstərdiyi rəşadətə görə “Qırmızı Ulduz” ordeni ilə təltif olundu.

Taleyin işinə bax ki, özü körpə ikən anasını itirmişdi. İndi isə Namiqin 4 yaşlı Nigarı və 3 yaşlı Namiqi ata üzünə həsrət qaldılar.

Qeybdən səs!

Elə düşün yoxuymuşam,

Röyaymışam, yuxuymuşam.

Bir atılan oxuymuşam,

Ağlama,balam,ağlama!”

P.S: Bu gün şəhid Namiqin ölümündən, ölməzliyə qovuşduğu ildən 26 il keçir. Namiqin ölümündən 3 ay sonra bir oğul övladı dünyaya gəldi, adına öz qəhrəman atasının adı verildi. 5 il sonra isə qızı bu dünyaya əbədi olaraq gözlərini bağladı. Taleh bir ailəyə o qədər acılar yüklədi ki…Yerin cənnət olsun, şəhidim…

Advertisements

18/04/2017 tarixində Yazılarım içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Allah Namiqə də, onun simasında bütün şəhidlərimizə dərəhmət etsin. Bugün oturub kömpüter arxasında yazı paylaşır, fikir bildiririksə, evinmizdə rahat otura biliriksə Namıqlərin hesabına otururuq.

    tərəfindən bəyənildi 1 şəxs

    • Amin. Allah xalqımıza zəfər nəsib etsin. Tökülən qanlar hədər getməmiş olacaq onda inşəAllah.
      Allah bütün şəhidlərimizin ailəsinə səbir versin, dözüm və güc versin.

      tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: