Kəlbəcərsiz 24 il…
Artıq 24 ildir Kəlbəcərin füsunkar gözəlliyə sahib olduğu dağları, onun yamacındakı buz bulaqları, düzlərində bitən al-əlvan, min bir dərdin dərmanı çiçəkləri doğma insan nəfəsinə möhtac qalıb. Yaran dərindir, Vətən! Bu yarana məlhəm olacaq igid oğulların harayına yetişəcək, səni yad nəfəsdən, qədirbilməz caynağından xilas edəcək bir gün. Gözlə igidlərinin yolunu…
Kədərdə bulunur, dərdli Kəlbəcər,
Dərbədər düşmüsən, ay Vətən oğlu.
Tanrıdan, taledən, yoxsa Fələkdən,-
De, kimdən küsmüsən, ay Vətən oğlu?
Laçınlar oylağı laçınsız qalıb,
Qarsıyıb güneyi, daşı da yanıb.
O cənnət diyarlar yağıya qalıb,
De, necə dözürsən, ay Vətən oğlu?
Tərlanın yuvası quzğun, sardadır,
Zirvədə dolaşan qara qarğadır,
İsmətin, namusun, arın tapdanır,
Hardadır qeyrətin, ay Vətən oğlu?
Köç edib ellərin, torpaq əmanət,
Məzarlar əmanət, ruhlar dardadır.
Sücaət, Bəhmənin söylə hardadı,
Yaslıdır dağların, ay Vətən oğlu.
Qalıbmı nişanə, qalıbmı əsər,
O dilbər guşədən kim verər xəbər,
Sazı da susmayır, ötür sərasər.
Dillərdə bayatı, ürəkdə kədər,
Döz indi bu hala, gəl, Vətən oğlu.
02/04/2017 tarixində Tariximiz içində dərc edildi və Kəlbəcərə aid şeirlər, Kəlbəcərin işğalı günü, Qarabağ savaşı olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 1 Şərh.
24 il… Bir nəsil dəyişəcək qədər müddət… Allah yolumuzu açsın, bizə düşmənlər üzərində zəfər nəsib etsin.
BəyənBəyən