Vətən sənə oğul dedi…(aprel şəhidlərini yad edək – şəhid Müşfiq Orucov)

image …soyuqlu-şaxtalı yanvar ayı idi. Hər il olduğu kimi bu dəfə də ana soyuğa baxmayaraq övladlarının əlindən tutub Şəhidlər Xiyabanını ziyarətə gəlmişdi. Küləyin çilədiyi yağış uşaqların üzündə buz kəsmişdi. Müşfiq ayağının birini qaldırıb, birini qoyurdu. Barmaqları soyuqdan donmuşdu. Anası onun narahat olduğunu görüb gözucu ayaqqabısına baxdı. Ayaqqabının cırıq yerindən Müşfiqin ayağına su dolmuşdu. Qışın şaxtasında körpə uşağın buna dözümü qalmamışdı, anasının əlindən geri çəkib evə dönməsini istəyirdi. Lakin içindəki Vətən sevgisi bir ananın övladına belə acımasına üstün gəlmişdi. Ana Müşfiqin əlindən möhkəm sıxıb:  – Dözümlü ol, onlar bizim üçün canlarından keçiblər. Bu gün onları ziyarət etməsən, sabah Vətənin, ananın, bacının qeyrətini necə çəkə bilərsən? – deyə şəhidləri göstərdi. Müşfiq bir bacısına, bir anasına, bir də məzar daşından ona baxan şəhidlərə baxıb dərindən köks ötürdü… Soyuqdan gəlmiş övladlarının qabağına şorba isidib qoyan ana Müşfiqi fikirli görüb soruşdu:

– Oğlum, niyə yeməyini yemirsən? Bəlkə dediyim sözdən incimisən?

– Yox, anacan. Niyə inciyim ki, məni başqa şeylər düşündürür. Düşünürəm ki, bir az tez böyüyə biləydim. Səni bu çətinliklərdən tez xilas edəydim. Düşünürəm ki, şəhidlərin qanını almaq üçün mən də Vətənimi ən az sənin qədər sevə biləydim. Evə gələndə sən bizə yemək hazırlayana qədər oyuncaqlarıma baxdım. Oyuncaqdan çox bayraq, xəritə, kitablardır. Mən sənin içindəki bu vətən hissinə layiq olmalıyam, məni düşündürən budur, ana.

Anası Müşviqin balaca əllərini ovcuna alıb:

– Sən mənim ağıllı balamsan, sən mənim arzularımı gözümdə qoymazsan heç zaman – deyib oğlunu bağrına basdı. Fələyin gözü kor olsun. Ana hardan biləydi ki, oğlu onun gözlərinə ömürlük dağ çəkib, sinəsini çalın-çarpaz dağlayacaqdı. Ana nə biləydi ki, oğlu onun dilinə “kaş ki” ləri sağalmaz yara kimi bitirəcəkdi. Ana hardan biləydi ki, uşaqkən bircə istəyini belə yerinə yetirə bilmədiyi balası üçün hər gün yanıb qovrulacaqdı. Kaş ki nəyi ən çox sevdiyini biləydim, kaş ki ən sevdiyi geyim nədi biləydim, kaş ki ən çox sevdiyi yeməyi biləydim, kaş ki ən çox sevdiyi musiqi hansıdır onu biləydim, kaş ki kimi daha çox sevir onu biləydim, kaş ki sevdiyi varmı onu biləydim, kaş ki, kaş ki, kaş ki… O qədər “kaş ki” lərə ünvan oldu ki dilim, ay oğul…hərdən də deyirəm yaxşı ki bilmədim istəklərini, bilsəm yaxıb yandırardı məni, onsuz da külüm qalıb, külümün özü də özümü yandırıb yaxır…

…orta məktəbi bir qarnı ac, bir qarnı tox başa vuran Müşfiq sənədlərini ali məktəbə verdi. Qəbul olub anasının gözlərindəki ümid işığını yandırdı. Hər şeyi yoluna qoyacam, ana, bir az daha səbirli ol – deyib hər gün anasına təskinlik verdi. Gündüz dərsə gedib, axşam saat 6-dan sonra evlərinin yaxınlığındakı “Səma” şadlıq evində ofisiant kimi çalışdı. Qazandığı gündəlik pulun ancaq iki manatını özünə cibxərci kimi götürərdi. Qalan pulun hamısını anasına verərdi. Bacısının toyu olmuşdu, bununla bağlı kredit borcları vardı, onu bağlamaq lazım idi.

Bir gün gecəyarısı evə gələn oğluna qapı açan ana Müşfiqin qarşısına bir stəkan isti çay qoyub baxışında bir nigarançılıqla oğlunu süzdü. Oğlu anasının qəmli baxışlarından narahat olub:

– Nəsə bir problem var, anacan, niyə belə qayğılı görünürsən? – deyə soruşdu.

– Bilirsən, oğlum, fikirləşirəm ki, iş yoldaşlarının hamısı sənin kimi evlərinə belə gec gedirlər?

– Yox, ay ana, şadlıq evi bizim ikiaddımlığımızdadır axı, ona görə də hamını gec olmamış evlərinə yola salıram, deyirəm ki, sizin işinizi də mən görərəm, gec olmamış evinizə gedin, dincəlin. Anası oğlu Müşfiqlə qürur duysa da, içindən “ah” deyə bir nida keçdi. O “ah” ın oxu ananın ciyərlərini parça-parça edəcəkdi bir gün…

Müşfiq qonum-qonşu, qohumlar arasında da çox sevilərdi. Allah ona şux qamət, boy-buxun vermişdi. Qonşular hər işləri üçün onu çağırar, ondan kömək istəyərdilər. İşdən yorğun gələn oğluna qıymayan ana narazılıq etsə də, Müşfiq bundan heç vaxt şikayətçi olmadı: – Allah mənə bu qabiliyyəti verib, mən də mənə ehtiyacı olanlardan bunu əsirgəməməliyəm, məni ki bu əxlaqda sən böyütmüsən, ana…

Müşfiq vaxt tapan kimi oxuyub sürücülük vəsiqəsi də almışdı. Avtomobil sürmək üçün çox həvəslənirdi. Bir gün nahardan sonra anasına yaxınlaşıb mehribancasına dedi:

– Ana, səndən bir şey istəyə bilərəmmi? Hələ bu yaşına qədər istəyini dilinə gəirməyən oğlundan bunu eşidən ana:

– Əlbəttə, oğlum, niyə istəməyəsən?

– Anacan, atama deməyə utanıram, amma sən mənim əvəzimdən bunu edə bilərsən. Atama de ki, artıq sürücülük vəsiqəm də var, avtomobili versin əsgərliyə gedənə qədər bir az gözümün qurdunu öldürüm.

– Yox, oğlum, olmaz. Yol üstəsən, naşısan Allah eləməmiş bir qəza törədərsən peşmançılıq yaşayarıq. İnşAllah gedib əsgərliyini çəkib gələrsən, istədiyin qədər sürərsən, – deyə anası cavab verdi. Xasiyyətinə zidd idi istəyi alınmayanda kimisə nəyəsə məcbur etmək, istəyi üçün inad etmək. Ona görə də anasının bu cavabını susmaqla qarşıladı Müşfiq. Oğlunu qorumaq istəyirdi ana. Qəfil gələn qəzadan, baş verə biləcək bədbəxt hadisələrdən…amma bilmədi ki, “yox” deməklə oğlunun istəyini əbədi olaraq gözündə qoydu…

Dördillik zəhmətinin bəhrəsini əllərinə almamış hərbi xidmət vaxtı qapını döydü. Müşfiq əsgər geyimini geyinib, doğmaları ilə vidalaşıb Vətənin keşiyini çəkmək üçün yollandı. Bir gün anası görüşə gələndə dedi ki, oğlum, bəs diplomunu almışıq evdədir. Müşfiq:

– Kaş ki gətirəydin, ana. Gətirəydin üzünü görəydim, əlimə alıb baxaydım diplomu. Sən ki bilirsən, mən onu rahatçılıqla əldə etmədim. Ağır bir zəhmətin, yuxusuz gecələrin, acılı-ağrılı illərin bəhrəsidir o, ana. Yaxşı qoru onu. Mən gələnədək əmanət kimi saxla onu…

…Novruz bayramı ərəfəsi idi. Ana xeyli sovqat hazırlamışdı, oğlunu görməyə gedəcəkdi. Sevincinin həddi-hüdudu yox idi. Axşamtərəfi idi telefona zəng gəldi. Müşfiq idi. Hal-əhvaldan sonra anası:

– Oğlum, sabah inşAllah yanına gələcəyik, istədiyin bir şey varsa de gətirim. Ürəyin nə istəyir?

– Anacan, gəlməyin.

– Necə yəni gəlməyin, niyə, oğlum?

– Bilirsən, ana, aprelin 9-u dostumun toyu olacaq. İstəyirəm məzuniyyət də götürüm gəlim. Həm toyda iştirak edim, həm də Bakını doyunca gəzim, dostlarımla vaxt keçirim.

– Çox yaxşı olar, oğlum, mən də doyunca görərəm səni. Allaha əmanət ol, balam. Apreldə yolunu gözləyirik – deyib ana oğluyla sağollaşdı. Sən demə bu onların son danışığı olacaqmış…

… Aprel ayının 4–ü…cəbhədə gərgin döyüşlər gedir. Düşmən göz açmağa imkan vermirdi. Müşfiq əsgər dostları ilə səngərdə düşmənlə üz-üzə dayanmışdı. Güllələr ard-arda calanmışdı. Nəfəs almağa belə imkan yox idu. Müşfiq əsgər dostlarının birindən xahiş etdi ki, ona su gətirsin. Əsgər dostu su üçün təzəcə aralanmışdı ki, səngərə düşən mərmi yeri-göyü oynatdı…

…Gecəni narahat yatan Aygün ana səhər yuxudan durandandı heç özünə yer tapa bilmirdi. İşlədiyi məktəblə bağlı İcra hakimiyuətində iclas olmalı idi. Heç bilmədi evdən necə hazırlanıb çıxdı. Direktordan gələn zəng onun həyacanını bir az da artırdı, iclas təxirə düşmüşdü. Sən demə artıq Zəngilan rayon İcra Hakimiyyətinə xəbər gəlibmiş – əsgər Orucov Müşfiq Arif oğlu qəhrəmanlıqla şəhid olub…

İcra hakimiyyətinin qarşısına toplaşanların sayı get-gedə çoxalırdı. Hamı bildiyi xəbəri dilinə gətirməyə qıymırdı. Valideynləri eşidər deyə hamı ehtiyatla davranırdı. Axşamtərəfi artıq hamının ayağı özlərindən asılı olmayaraq Arifgilin qapısına yönəldi. Həyətdə toplaşan adamların sayı getdikcə çoxalırdı.

Bir ana ürəyinə qəfildən yanğı düşdü, ciyəri susuzluqdan cadar-cadar olmuş kimi:

– Ay qonşular, ay qızım, ay qohumlar, bir stəkan su verin mənə, yandı bağrımın başı, – deyə bildi Aygün ana. Su stəkanı əlində qaldı yazıq ananın, bayrağa bürünmüş tabutu görəndə susuzluqdan yanan ciyəri daha betər alışdı. Sən demə balası da o bir stəkan suyu içmədən sinəsini düşmən gülləsinə veribmiş. Dili susuz getdi nakam Müşfiqin, amma o bir stəkan su dostunun həyatını xilas etdi…

…Göy ağladı, yer ağladı, ah-nalə göyün milinə ucaldı…gedərkən üzündə bir dünya sevinclə getdin, qayıdanda Vətən bayrağına bələndin gəldin, Müşfiq. Gedərkən “gözünüz yolda qalmasın” dedin, gələrkən o gözlərə dərd kimi qayıtdın. Yollardan yığılmayan gözlərə əbədi həsrət qismət oldu. Bir ananın gözlərində həyat dondu, bir atanın dizlərindən taqət itdi, bir bacının dilində “qardaş” adlı ağıya çevrildin sən, Müşviq. Qıymazdın heç kimə, amma fələk qıydı sənə…tabuta sarılan ananın fəryadı ərşə calandı: “niyə arzumu gözümdə qoydun, oğul, sən ki söz vermişdin torpaqları azad edəcəkdin, niyə ölümə təslim oldun, niyə məni yaşatmadın, məni diri-diri məzara qoyan oğlum”…

“Səma” şadlıq evi Müşfiqin yas mərasimini öz boynuna götürdü. İşlədiyi şadlıq evinin bəy-gəlin masasına bəlkə də ürəyindəki gizli, heç kimə bildirmədiyi bir sevginin xəyalı ilə çox boylanmışdı Müşfiq. Amma bu gün o masada əyləşməkçün sənə “Vağzalı” yox, ağı çalındı. Taleyinə yazılacaq ömür yazın buymuş demə…

Sənin kimi oğulların qarşısında baş əyirəm! Sənin kimi igidlərin ruhuna da baş əyirəm. Baş əyirəm o anaya, sənin kimi oğul doğub! Baş əyirəm o ataya, sənə doğru yol göstərib! Baş əyirəm o Vətənə, sənin kimi şəhidi var!

Ağlama sən, əziz anam, göz yaşına qurban olum,
Məğrur dayan, Vətən üçün mən qeyrətli oğul oldum.
Sil gözünün yaşını sən, bağlama qara başına,
Adın yazdı şəhid oğlun tarixin qan yaddaşına.

Belin bükülməsin, atam, oğlun qəhrəman olubdur,
Şərəfiylə, namusuyla bu Vətənə can qoyubdur.
Mübarizlər, fəridlər də sənin oğulların idi,
Başını dik tut sən, atam, Vətən sağ olsun qoy, atam!

Ağlama, qeyrətli bacım, qardaş deyib sən ağlama,
Göz yaşınla öz anamın ürəyini sən dağlama.
Qəhrəmanlar Vətən üçün öz canından keçənlərdir,
Vətən də, sən də bil mənim namusumdur, qeyrətimdir!

 

01/04/2017 tarixində Yazılarım içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 10 Şərh.

  1. Qarşında baş əyirəm, Müşfiq!
    Bu yazını göz yaşımla yazdım…təsəllim ucaldığın zirvə oldu…

    Bəyən

  2. Allah rehmet etsin bütün şehidlerimize..Cox agirdir.Vetenimiz bir daha itki vermesin Allahim(((

    Bəyən

  3. Mekanin cennet olsun Muşviqimiz, sen tekce Aygun xanimin deyil bizim de dogmamizsan.Bu gunki her animizi sene, senin kimi şehidlerimize borcluyuq.Allah sizin tokulen qaninizi yerde qoymasin.Yazana qeder nece ezab cekdiyimi gordum, ve sizin ananizin neler yaśadigin anladim.😢😢😢😢😢Sözun bittiyi an bu imiş…Allah rehmet elesin.Amin.

    tərəfindən bəyənildi 1 şəxs

  4. Allah rəhmət eləsin, valideynlərinə səbir versin. Sözün bitdiyi yerdir, ata-anasına təsəllidən başqa nə deyə bilərəm. Aygün xanım qarşınızda baş əyirəm, başınızı dik tutun. Allah Müşfiqin qanını yerdə qoymasın.Amin.

    Bəyən

  5. Siz ağlayaraq yazdınız bizde ağlaya ağlaya oxuduq ((((((( Allah rehmet etsin Müşfiqe Müşfiqin timsalnda bütün şehidlerimize. Amin!!!

    Bəyən

  6. Allah şəhidlərdən qərar versin və şəhid kimi mükafatlandırsın, ailəsinə də səbir versin.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: