Fikrin keçmişində qalarsa həm bu günün, həm də gələcəyin əllərindən uçub gedər…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 9-cu yazı)

Bu müqəddəs gündə xoş gördük hamınızı, əziz dostlar! Bu gün yenə sizin marağınıza səbəb olacaq bir xanımla tanışlıq günüdür. Mən də tanımırdım, tanıdım və çox da məmnun oldum bu tanışlığa. Belə gəncləri, bu düşüncədə xanımları gördükcə: gələcəyimizə ümidim daha da çoxalır. Çox intizarda saxlamayım sizi, buyurun, Selcan xanımla yaxından tanış olun.

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.

1. Müsahibim kimdir, sizi necə tanıyaq? 

-Mən Kiməm?… sn29788 Kimdir?… Adı Selcan, Soyadı Səftərova. Ailə vəziyyəti subay. Yaş 28. Öz doğruları, öz yanlışları, öz arzuları, öz prinsipləri, məqsədləri, sərhədləri, çərçivəsi, hər kəsdən gizlədiyi xəyalları, yaşadığı, görünən bu dünya ilə bərabər sırf özünə aid, heç kimi qoymadığı, göstərmədiyi öz iç dünyası, öz üzərində özünün hədsiz nəzarəti olan, insan olmağa çalışan, insan kimi yaşamağa çalışan biri… Bəzən hədsiz dərəcədə mehriban, bəzən ona yaraşdırılmayacaq dərəcədə kobud, bəzən duyğusuz, laqeyd, eqoist görünən, bəzən də ən xırda,əhəmiyyətsiz bir səbəbə körpə uşaq kimi gizlin gizlin hıcqıraraq ağlayan, bəzən təkliyi sevən, bəzən də təklikdən sıxılan, qorxusuz, tək qorxusu əvvəlcə Allah, sonra da içindəki “Məni” olan, hər kəsi dinləyib sonda öz bildiyini edən qəribə biri… Bəzən mülayim, mərhəmətli, ya yaşadığı, ya da müşahidə etdiyi nədənsə təsirlənib günlərlə özünə gəlməyən, bəzən də heç nə vecinə deyilmiş kimi görünən, inadkar və qürurlu, dönmüş kimi etsə də nə olursa olsun qərarlarından, doğrularından dönməyən… Bəzən çox xəyallarpərəst, bəzən çox realist, bəzən kaş bu qədər güclü, dözümlü olmayaydım deyən, amma gücsüzlüyü də özünə sığışdırmayan, bağışlamayan, hər kəsə anlayışlı, lakin özünə çox qəddar, təsadüflərə inanmayan, bəzən göylərdə uçan, bəzən də yerdə asta-asta addımlayan təzadlı biri… Hər kəsi ürəyinə yaxın qoymayan, hörmət etsə də, sevgisində, güvənində seçici davranan, əsl Selcanı daxilində, ürəyində, ruhunda gizlədən, gizli, sirli qalmağı sevən müəmmalı biri… Tək güvənci Allah olan, Allahı özünə ən yaxın dost bilən, Allahına, Rəbbinə hədsiz, sonsuz dərəcədə bağlı olan Allah bəndəsi….

2. Bəs sizi digərlərindən fərqləndirən cəhət nədir?

-Mənə görə hər kəs fərqlidir. Nədəsə bənzərlik ola bilər bəlkə də, ancaq inanmıram kimsə kiməsə bütünlüklə bənzəyə, eyni ola. Hər kəsin onu başqalarından ayıracaq, fərqləndirəcək bir özəlliyi vardır mütləq… Ya xarici görünüşü ilə, ya da daxili aləmi ilə, düşüncəsi ilə, xarakteri ilə, yaşadığı həyat tərzi ilə, dünyagörüşü ilə, təhsili, savadı, ağlı ilə… Həyata baxış tərzi ilə…. Arzuları, məqsədləri, xəyalları ilə… Bu dünyaya gəlişi, həyat hekayəsi, hətta barmaq izləri ilə də hər kəs bir-birindən fərqlidir.

Şükürlər olsun Rəbbimin qüdrətinə. Görünüşdə hamı insandır, yəni iki ayaqlı, iki əlli, iki gözlü nə bilim yəni görünüşdə hamı bənzər olsa da, adı insan olsa da, hər kəs özü İnsan deyil. Bəzən elə insanlar çıxar qarşımıza ki, mələk kimi insandır bu, deyərik, amma unudarıq Allah Adəmi yaratdığında mələklərə və İblisə ona səcdə edin demişdi. İblis paxıllığından etməmişdi, çünki İnsanın gücünü, özəlliyini inkar etmişdi, qəbul etməmişdi, amma mələklər səcdə etmişdi Adəmə. Deməyim odur ki, Allah İnsanı yaratdığı hər şeydən üstün bildi, palçıqdan bir sürət yaradıb ona öz ruhundan üfürdü. Ona heç bir yaratdığına vermədiyi şüuru verdi. Amma İnsan Allahın ona verdiyi dəyərin qiymətini bilmir, haqqını vermir.. Niyə axı, yaxşı olan insana Mələk deyirik, pis olana İblis deyirik, ağılsızlıq edənə, nə bilim vəhşilik edənə çox üzr istəyirəm heyvan deyirik?!… Yaradanın ən ali yaratdığı bizik amma, özümüzü başqa yaradılanlarla müqayisə edirik. İnsanlar arasında fərqlilik həm də bundadır. Ona verilən imkandan, şüurdan istifadə edənlər, edə bilənlər və etməyənlər, edə bilməyənlər…

Məni digərlərindən fərqləndirən cəhət nədir deyə bilmərəm, daha doğrusu bilirəm, ancaq deməyim təvazökarlıqdan uzaq olar. Hər halda bunu məni kənardan görənlərin, məni tanıyanların deməyi daha yaxşı olar.. Kiminə görə yaxşı biriyəm, kiminə görə məndən pisi yoxdur bəlkə də.. Kiminə görə müsbətlərim daha çoxdur, kiminə görə də mənfilərim.. Kiminə görə dürüst insanam, kiminə görə bəlkə də ən yalançı insanam… Kiminə görə çox səmimiyəm, kiminə görə oyunçu… Kiminə görə çox mehribanam, kiminə görə lovğa, özündən razı… Kiminə görə genişürək biriyəm, kiminə görə eqoist… Kiminə görə paylaşmağı sevən, bölüşməyi bacaran, kiminə görə qısqanc… Kiminə görə mərd, kiminə görə…..

Kimə necə davranırsansa sən onunçun osan.Ya da kim səni necə görmək istəyirsə o cür də görür. Daha unudulurki sənin qarşındakına olan davranışına səbəbkar əslində sən yox, elə qarşındakının özüdür.

Mən bir tək ona inanıram ki, kim səni necə tanıyırsa tanısın, necə görürsə görsün hər kəs üçün eyni ola bilməzsən. Bu mümkün deyil. Bir insanı hamı tərifləyirsə demək o insanda nəsə çatışmır və ya əksinə bir insanı hamı pisliyirsə o insanda nəsə müsbət olmalıdır. Belə bir deyim də var, hər kəslə dost olanın dostu olmaz!.. İnsanı ən yaxşı özü tanıyır, özündən də yaxşı Allah tanıyır. Kimdən nədə və necə fərqləndiyini

də özü yaxşı bilir. Özündə çatışan və çatışmayan cəhətlərin fərqindədi. Ya fərqində olduqlarını düzəltməyə çalışır ya da elə eləcə kor-təbii yaşayır..

3. Bir ailə ilə bir krallığı idarə etmə arasında çox böyük bir fərq yoxdur” –Fikriniz?

-Razıyam. Hamıya bəlli ki, ailə cəmiyyətin kiçildilmiş formasıdır. Cəmiyyəti idarə etmək elə ailəni idarə etmək kimi bir şeydir. Nəzərə alsaq ki, sualda cəmiyyət deyil krallıq müqayisə edilir tarixdən bilirik ki, elə krallığı bütünlüklə bir ailə idarə edib. Şah sarayında cərəyan edənlər əslində bir ailənin həyat tarixçəsidir. Və şah sarayında olanlar, verilən qərarlar birbaşa krallığa, krallığın əhalisinə də təsir edib. Ya yaxşı, ya da pis mənada. Yanlış verilmiş qərarlar, ailə arasındakı çaxnaşma, taxt üstündə mübahisə nəhayət o ailənin, həm də krallığın süqutuna səbəb olub. Krallığın müqəddaratı kralın dünyagörüşündən, uzaqgörənliyindən, ağlından asılı olduğu kimi, ailənin müqəddaratı da kişinin nə dərəcədə məsuliyyətli olmasından, ailəyə, həyat yoldaşına, övladlarına verdiyi dəyərdən asılıdır. Doğru qərarları verməyindən, doğru-düzgün yolda olmasından asılıdır.

Ailənin başçısı kişidir. Bu danılmazdır. Fikrimcə ailədəki güzaran, ailədəki firavanlıq, ailənin uzunömürlülüyü kişidən daha çox asılıdır. Əlbəttə qadına da böyük yük düşür əslində. Ailədəki hüzur ailədəki tarazlığa, həm kişinin, həm qadının eyni nöqtəyə vurmasına bağlıdır. Ailə, qanbağı olan bir neçə insanın bir yerdə getdiyi yoldur deyək. Kişi o yolda bələdçidir. Əgər ki kişi bələdçiliyi doğru edərsə, o yoldakı çətinliyə, əzab əziyyətə ailəsi xətrinə dözərsə, tab gətirərsə, boynundakı yükün, məsuliyyətin fərqində olarsa və qadın da ona hər anında dəstək olarsa o ailənin gedəcəkləri ünvana bir yerdə çatması mümkündür. Yox əgər kişi bir səmti, qadın başqa bir səmti göstərərsə əlbəttəki o zaman tarazlıq pozular və sonu da ayrılıqla bitər. Kişinin qolunun hökmü deyil, dilinin, ağlının, əməllərinin, baxışlarının hökmü olmalıdır.

Bir əsərdə əsas qəhrəmanın dediyi sözləri nədənsə heç unutmadım. “Biz ailə deyildik, eyni dam altında, eyni evdə yaşamağa məcbur qalınan insanlardıq sadəcə.”

Hər münasibətdə eləcə də ailədə güvən, sevgi, anlayış, hörmət, fədakarlıq, vəfa, dürüstlük və s. əsasdır. Ailədə gizlinlik olmamalıdır. Ailədə sirr olmamalıdır. Ailədə bir-birinə gizlində də olsa kin, nifrət olmamalıdır. Ailədə xəyanət, yalan olmamalıdır. Kişi ilə qadın çox üzr istəyirəm ər-arvad olmaqla yanaşı həm də çox yaxın dost olmalı və o dostluğu, övladlarına da ötürməlidirlər.

Ailə sevgi, güvən, hörmət üzərində qurulmalıdır, anlaşma, xoşlanma ilə, nəyinsə xətrinə deyil. Xoşlanmaq keçicidir, sevgi isə ölməzdir. əlbəttəki əsl sevgi. Bir neçə il bundan əvvəl bir hind filminə baxmışdım (Ta Ra Rum Pum) Çox xoş təsir etmişdi o film mənə. Məsləhət görürəm, istəyən internet səhifələrindən tapıb baxa bilər. Film də olsa ailə necə olmalıdır sualına çox gözəl cavab, nümunədir zənnimcə.

Sevgi də,diqqət də, dəyər də, güvən də, hörmət də qarşılıqlı olmalıdır. Həm kişi həyat yoldaşını üstün tutmalıdır, həm də qadın.. Bir-birilərinə dəstək olmaları, bir-biriləri ilə həmrək olmaları, bir-birilərinə sadiq olmaları ailənin də uzunömürlü olmasına səbəb olar. Bir getdikləri yolda hansısa arxada, hansısa öndə deyil, yan-yana, əl-ələ eyni addımlamalı, başqa, başqa yönlərə deyil, eyni yönə baxmalıdırlar. Yalnız o zaman ailə ailə olar, daha bir neçə insanın bir yerdə yaşamaq məcburiyyəti deyil. Valideyn övladına sözündən əvvəl öz tərbiyəsi, öz əməlləri tərbiyə verər məncə. Yəni uşaq eşitdiklərindən əvvəl, gördüklərindən tərbiyə götürər. Sevgi ilə böyüyən uşaq ətrafa da sevgi bəxş edər. Boşuna deməyiblər övlad ailənin güzgüsüdür. Heyf ki, indi boşanmalar hədsiz çoxdur. Çox istəyərdim ailələr dağılmasın, övladlar o stresi, o ağırlığı yaşamasın. Nə də heç bir ev soyuq olmasın. Kaş ki…Evi ev edən, isti edən ocaq deyil, ailədəki mehribanlıq, səmimiyyət, güvən, sevgi, isti münasibətdir.

4. Qızıl olsam, dəyərimi hər kəs bilər. Mən sadə bir dəmir olum … Dəyərimi yalnız anlayan bilsin! – Qızıl, yoxsa dəmir olmağı seçərdiniz?

-“Bir gün gənc oğlan müdrik bir qocanın yanına gəlib deyir: – Mən sizin yanınıza ona görə gəlmişəm ki, özümü yazıq, bədbəxt və lüzumsuz biri kimi hiss edirəm. Hər kəs məni fərsiz insan kimi görür. Xahiş edirəm mənə kömək edin..Yaşlı müdrik ona nəzər salıb tələsik

dedi: – Bala, bağışla, ancaq mən indi sənə kömək edə bilmərəm. Çünki zəruri bir işim var – Bir az düşündükdən sonra dedi – Lakin əgər bu işdə mənə kömək etməyə razı olsan, mən də sənə öz işində məmnuniyyətlə kömək edərəm..- Baş üstə, Ustad – deyə pis oldu, özlüyündə düşündü ki, yenə də onun bəxti gətirmədi və onu ikinci plana atdılar.- Yaxşı, mənə qulaq as – dəyərək Ustad çeçələ barmağından bir üzük çıxardı -Bir at götür və bazar meydanına çap! Borcumu qaytarmaq üçün mən bu üzüyü satmalıyam. Çalış ki, bu üzüyə görə daha çox qiymət əldə edəsən. Amma nəbadə onu tələsik satasan. Çalış daha səxavətli bir alıcı tapasan. Qiyməti öyrən gör buna nə qədər verirlər. Mən istəyirəm ki, bu üzüyə ən azı bir qızıl pul versinlər. Get öyrən gəl. Gənc üzüyü götürüb bazara yollandı. O, bazarda üzüyü tacirlərə göstərirdi. Əvvəlcə hamı maraqla üzüyə baxırdılar. Amma qızıl pulun adını eşidən kimi üzüyə maraqları itir, kimisi gülür, kimisi də sadəcə üzünü çevirib gedirdi. Yalnız bir yaşlı tacir çıxdı ki, ədəb-ərkanla ona izah etdi ki, qızıl pul bu üzük üçün olduqca bahadır. Buna yalnız mis pul verərlər, ya da nadir halda gümüş pul düşə bilər. Bunu eşidən gənc kədərləndi. Ustadın sözləri yadına düşdü ki, bu üzük üçün yalnız qızıl pul istəyirdi. Bütün bazarı dolaşdı. Lakin suyu süzülə-süzülə dala qayıtdı Ustad mən sənin göstərişini yerinə yetirə bilmədim. Ən yaxşı halda buna görə bir neçə gümüş pul verərdilər. Amma qızıl pul vermələri mümkün deyildi. – Sən indi çox zəruri söz dedin, oğul, Üzüyü satmazdan əvvəl yaxşı olardı ki, onun həqiqi qiyməti təyin olunsun. Onda bunu zərgərdən daha yaxşı kim edə bilər? Get zərgərin yanına, gör bu üzüyə nə qədər verər? Amma nə desə də üzüyü satma, mənə gətir. Gənc yenidən ata minib zərgərin yanına çapdı. Zərgər bir müddət zərrəbinlə üzüyə baxdı. Sonra onu balaca tərəzidə ölçüb gəncə dedi: – Ustada de ki, mən indi buna 50dən çox qızıl pul verə bilmərəm. Ancaq mənə bir az vaxt versə 70 qızıl verə bilərəm. – Yetmiş qızıl?! – deyə gənc gülüb sağollaşaraq dala qayıtdı. Müdrikin yanına gəlib məsələni danışdı. Müdrik dedi: – Qulaq as, oğul, səni də bu üzük kimi yalnız həqiqi mütəxəssis qiymətləndirə bilər. Bəs nə üçün sən bazar içində gəzir və ilk rastına çıxan adamdan səni qiymətləndirməsini gözləyirsən?”

Zər qədrini zərgər bilər. Belə bir məsəl var. İstər qızıl ol, istər dəmir, dəyərini bilənin yanında qiymətlisən. Qızıl görünüşdə parıltılı, qiymətdə bahalıdır deyə hər kəs qızılı üstün tutur. Amma heç qızılın da dəyərini hər kəs bilmir.. Onun da dəyərini bilən bilir.

Əlbəttə dəyərimi bilənin, məni anlayanın yanında olmaq istəyərəm. İstər qızıl olum, istər dəmir, istər qiymətli daş, nə oluramsa olum məni mən olduğum üçün sevənin yanında olmaq istəyərəm.. Məni olduğum kimi qəbul edənin yanında olmaq istəyərəm. Kim istəməzki…. Məncə hər kəs onu anlayana, onu başa düşənə, onu o, olduğu üçün sevənə və bu sevgini göstərməyi bacarana, anlayışlı olana daha çox meyl edər, nəinki hər səfərində onda səhv axtarana, onu dəyişdirmək, başqa biri etmək istəyənə.. Qırıldıqca, böyüdükcə, yaşadıqca, hər dəfəsində daha da güclü zərbələr aldıqca zatən dəyişir insan…

5. Sən gərək özünü tanıtmayaydın, Mənə bu üzünü tanıtmayaydın… – Tanıdığınıza peşman olduğunuz biri varmı?

-Bəlkə də inanmayacaqsınız, ancaq xeyr yoxdur. Tanıdığım üçün peşman olduğum insan yoxdur. Əvvəldə də qeyd etdiyim kimi təsadüflərə inanmaram. Təsadüflər zərurətdən doğar buna inanaram. Heç kim həyatımıza boşuna girməz məncə. Həyatımıza girənlərin də, həyatına girdiklərimizin də bir səbəbi, bir missiyası vardır. Hətta həyatımızda olmayıb qəlbimizdə yer verdiklərimizin də bir vəzifəsi var. Heç nəyi boşuna yaşamarıq, heç kimi boşuna tanımarıq, heç kimə özümüzü boşuna tanıtmarıq. Yaşadığımız hər şey zəncirvaridir. Bunu belə izah edim. İllər öncə 5-6 yaşlarımda bir filmə baxmasaydım, ordakı qəhrəmana yazığım gəlməsəydi, onu sevməsəydim, ona olan sevgim həmin obrazı oynayan aktrisaya qarşı da sevgi yaratmasaydı bu günkü gün nə instagramda olardım, nə də siz məni tanıyıb müsahibə götürməzdiniz. Nə də dostluqlar qazanmazdım. Düzdür elə bir yerdə doğulub böyümüşəmki bu şəhərin havası da, suyu da, torpağı da şerdir, sözdür. Ancaq yenə də həmən aktrisaya olan sevgim şerə, ədəbiyyata daha güclü meyl etməyimə səbəb olub. Deyilə bilər ki sənin əvvəldən həvəsin, marağın olmasaydı nə ədəbiyyatı sevərdin, nə şeri. Amma kim bilir bəlkə də o sevgi olmasaydı həvəs, maraq olaraq qalardı. Güclənməzdi, böyüməzdi içimdə. Həmən aktrisaya olan bənzərlikləri üçün ilk sinif müəlliməmi və parta yoldaşımı bir başqa çox istəmişəm. O istək, o sevgi hələ də ürəyimdədir üstəlik.

Parta yoldaşıma olan sevgim mənə indi işlərimin çox olması səbəbimdən yarım qoyduğum hekayəni yazmağa məcbur edib. Hekayə dostluq hekayəsidir. Hekayədə bəhs etdiyim dostluğu yaşamasam da, sevgi mənim sevgimdir. Hisslər mənim hisslərimdir. İnşallah nə vaxtsa bitirərəm hekayəmi.Yəni o insanların həyatımda, qəlbimdə olmaları boşuna olmayıb. Mənə, həyatıma birbaşa təsir edib.

Bizi biz edən yaşadıqlarımızdır. Sevgilərimiz, hisslərimiz, sevinclərimiz, ağrılarımızdır, çətinliklərimizdir. Heç nəyi də tək yaşamarıq… Heç kimin həyatına boşuna girmərik, heç kim də həyatımıza boşuna girməz. Kimi zaman keçdikcə unudular, kimi yaralar qoyar, kimi iz qoyar. Kimi də həyatından getsə belə, həyatında olmasa belə qəlbində, ürəyində, ruhunda əbədilik yaşayar…

6. Yalnızlıq insana çox şey öyrədirmiş. Niyə?

-Yalnızlıq deyil, yalnızlığa qədərki yaşanılanlar insana çox şey öyrədir. İnstagramda da tez-tez rast gəlirik bu tip statuslara insanları tanıdıqca yalnızlıq gözəlləşir. Saxtalıq, sünilik, səmimiyyətsizlik, yalan, xəyanət, maskalanmış insanlar gördükcə bir sözlə insanlara inam, güvən öldükcə özünə qapanmağa başlayır insan. Ya gərək hissiz, duyğusuz ya da onlar kimi olasan ki, heç nə vecinə deyilmiş kimi yaşaya biləsən, səninlə oyun oynayanlarla sən də oyun oynayasan, ya da çəkiləsən bir kənara özünlə, yalnızlığınla baş-başa qalasan. Hər iki halda yenə də yalnız olacaqsan. İstər ətrafında çoxlu insan olsun, istər evində, otağında tək ol. Allah heç kimi tək, yalnız etməsin. Allah heç kimi sevdiklərində, güvəndiklərində, əziz, doğma bildiklərində yanıltmasın İnşallah!

7. Özünüzdə olan hansı xasiyyəti dəyişmək istərdiniz.

-Daha səbirli olmaq istərdim. Daha az əsəbləşmək istərdim. Açığı son bir neçə ildə səbirsiz olmağa, çox əsəbi, aqressiv olmağa başlamışam. Onsuz inadkar idim daha da inadkaram son vaxtlar. Deyim ki, hər zaman deyilib. Selcan çox səbirlidir. İstəyərdim o deyilən vaxtlardakı kimi olum. Çalışıram əlbəttə, nə qədər bacarıram onu deyə bilmərəm.

8. Edə biləcəyimiz hər şeyi etsəydik, buna özümüz də təəccüblənərdik. – Sizi edə bildikləriniz, yoxsa edə bilmədikləriniz üzür?

-Edə bilib də edə bilmədiklərim üzür. Bəzi etdiklərim də var etdiyim üçün üzüldüyüm. Bununla belə çox üstündə durmamağa çalışıram. Fikrin keçmişində qalarsa həm bu günün, həm də gələcəyin əllərindən uçub gedər. Onunçun da yaşadığımız hər anın qədrini bilməliyik. Dünən dünəndə qalmalıdır. Önümüzə baxmalıyıq, önümüzə baxmalıyıq ki, bəlkə dünəndə etmək istədiklərimizi sabahımızda edə bilək və ya nələrisə düzəldə bilək. Zamanı, yaşadığımız bu ömrü marafona bənzətsək o zaman gərək yorulsaq da və qaçış vaxtı nəyisə düz etməsək də dayanmamalıyıq. Dayanarsaq daha da gecikmiş olarıq. Nələrisə düzəldib qazanmaq şansını da itirərik. Nə olursa olsun Həyat davam edir.

Həm də hər istədiyimizi edə bilsəydik yəqin ki, həyat o qədər də maraqlı olmazdı. Səhvlər olmasa doğru nədir bilə bilmərik.

9. Pis xəbərlərin qanadları var, yaxşı xəbərlərin ayaqları belə yoxdur”…Niyə belədir axı?

-Deyimki suallar arasında məni ən çox düşündürən, beynimi daha çox məşğul edən bu sual oldu. Deyirlər qonşu da, dost da xoş gününə gəlmək üçün dəvətnamə gözləyər, amma pis günündə, dar günündə özü gələr, dəvət gözləməz. Hətta günlərlə səninlə qalar. Çox da yaxın olmayan bir insanla eyni məclisdə ikən hansısa sevincinə şahid olduğunda yaxın olmadığınız üçün hörmət xatirinə sözlə təbrik edib keçəcəksən və ya onun sevincini ancaq yaxınındakılar biləcək, ancaq tanımadığın birinin ağladığını gördüyündə adi sözlə kifayətlənməyəcək, yaxınlaşacaqsan, hətta qucaqlayacaq tək olmadığını hiss etdirmək istəyəcəksən. Ya da belə bir hadisə həmən o məclisdə olsa bundan hər kəsin xəbəri olacaq. Məsələn elə instagramda. Bir paylaşım etsək nəsə xoş, sevincli anımızı. Buna hamı rəy yazmayacaq, hətta sevinməyənlər də olacaq. Ancaq nəsə hüzünlü bir paylaşım etsək buna hətta heç vaxt yazmayanlar belə tək bir söz də olsa rəy yazacaq, həmdərd olmağa çalışacaq. Uzaq bir kənddə kimsə evlənsə yalnız kənddəkilər biləcək, amma o evlənənin Allah eləməmiş başına bir iş gəlsə bunu nəinki həmən kəndin əhalisi başqa kənddəkilər də biləcək, xəbər ətraf yerlərə də yayılacaq.

Məncə insanın təbiətində var dərd bölüşmək, dərd paylaşmaq. Daha doğrusu bunun konkret səbəbi yoxdur məncə, təbiətcə yaradılışca beləyik. Hadisələrə, olaylara, həm özümüzün, həm də başqalarının problemlərinə, dərdlərinə daha həssasıq.

10. Kitab ruhun dərmanıdır… Oxumağı sevirsiniz?

-Oxumağı hədsiz çox sevirəm. Düzdür son vaxtlar işimin ağırlığı, həm də boş zaman tapan kimi instagramda olmağım məni kitablardan bir az uzaqlaşdırsa da,yəni əvvəlki kimi oxumasam da kitab mənim üçün hər zaman ilk pillədədir. Şerleri çox sevirəm, ancaq daha çox əsər, roman oxumağı sevirəm. Maarifləndirici kitablar da maraq dairəmdədir. Bayatılara marağım isə bir başqadır. Son vaxtlar daha çox internetdən pdf kitablar yükləyib oxuyaram.

Kitab başqa aləm, başqa dünyadır mənim üçün. Hansısa filmə baxarkən və ya musiqi dinləyərkən kimsə məni səslədiyində eşidərəm o səsi, ancaq kitab oxuyarkən elə bil bu dünyada, özümdə olmuram.

Deyimki hər kitabı oxumaram yəni o kitabda, əsər və ya romanda nədənsə xoşlamadığım bir epizod o kitabı mənə yarımçıq saxladar. Bəzən sonuna az qalmış, bəzən də ilk başlarda kitabı yarım qoyaram. Kitab və ya əsər seçmək tərzim də başqadır. Bir kitabın adı mənə maraqlı gəlməlidir, bir də kitabı tam yarıdan açıb orda bir-iki cümləni oxuyarkən mövzu mənə maraqlı gəlməlidir. Bir xüsusiyyətim də var, hansısa filmi çox bəyəndiyimdə əgər o film əsər əsasında çəkilibsə mütləq internetdən də olsa o kitabı tapıb oxumalıyam. Tapa bilməyib üzüldüklərim də var təbii ki.

Kitab ruhun dərmanıdır bəli. Bu dünyanın qayğılarından az da olsa uzaqlaşa bilirsən. Kitab çox gözəl dostdur. Hansıki onun vasitəsilə, ordakı qəhrəmanların vasitəsilə yaxşı bir dost kimi sənə doğru yolu göstərir. Kitab bir müəllimdir, sənə həyatın başqa üzünü, başqa talelərin mövcud olduğunu, yanlışla doğrunu öyrədir.

Kitab insanda xəyal gücünü, təsəvvür gücünü, nitqi gücləndirir. Dünyagörüşünü artırır. Kitabın təsir qüvvəsi çox güclüdür. Kitab oxuyarkən yaşadığım zövqü, nə filmə baxarkən, nə də musiqi dinləyərkən almaram, ala bilmərəm.

Bu günə kimi çox kitablar oxumuşam. Ən çox sevinci Əlibala Hacızadənin “İtgin Gəlin” trilogiyasını tapdığımda yaşamışam. Çünki arzum olub o kitabı tapıb oxumaq. Ən çox təsir edən, hələ də o təsiri xatırladığım isə Əzizə Cəfərzadənin “Aləmdə Səsim Var” trilogiyasıdır. Mən Şamaxılıyam burda doğulmuşam, burda yaşayıram. Əgər oxuyanlar varsa o əsərdə Şamaxıdan, Şamaxı şairlərinin həyatından bəhs edilir. Deyim ki, oxuduqlarıma o qədər aludə olmuşdum ki, bir az qəribə çıxacaq bəlkə də Seyid Əzim Şirvaniyə vurulmuşdum. Söhbət bir şairə, bir insana, insanlığa, xarakterə vurğunluqdan gedir. O kitabın təsirindən çox gec çıxdım.

Kitab oxumaqdan kitab oxumağa fərq var əlbəttə. Var sadəcə oxuyanlar, var oxuduqlarını yaşayanlar, oxuduqlarından nəsə öyrənənlər. Mən sadəcə oxumuram, həm də yaşayıb öyrənirəm. Nəinki kitabdan eləcə də baxdığım filmdən, dinlədiyim mahnıdan, şahidi olduğum hadisələrdən.

11. Yəqin ki, bu fraza sizə tanışdır: “Abasqulu ağanın nazıyla çox oynayırıq, Kərbəlayi!” – kimin nazıyla çox oynadınız və ya oynayırsınız?

-Kimin nazıyla oynamışam və ya oynayıram?… Bir az qəribə sualdı. Məncə insan sevdiklərinin nazına dözər, sevdiyi üçün səbir edər. Sevdiklərini sevindirsin deyə onların nazıyla oynayar. Yəqin ki, mən də sevdiklərimin nazıyla oynamışam. Konkret bir ad deyə bilmərəm. Açığı son aylar heç öz nazımla oynaya bilmirəm, nəinki bir başqasının. O qədər qaçhaqaçlı bir dövrdə yaşayırıq ki… Vallah 24 saat bəs etmir. Bəyin oğurlanması filmindəki Miriş obrazı kimi elə hey qaçırıq. Hara qaçırıq heç özümüz də bilmirik. O yazıq qaçhaqaçda sevgilisi ilə vaxt tapıb danışa bilmədiyi kimi biz də sevdiklərimizə düz-əməlli vaxt ayıra bilmirik. Beləliklə də heç kimin nazıyla da oynaya bilmirik.

Texnikinanın bu qədər inkişaf etdiyi bir zamanda, bir vaxtlar Şabanın filmində gördüyümüz o robotun artıq xəyal deyil, gerçək olduğu bir zamanda sanki elə özümüz də robotlaşırıq. Allah axırın xeyirli etsin İnşallah! Başqa nə deyə bilərəm ki…

Daha çox uşaqların nazıyla oynayaram. Onlara qarşı daha çox səbirliyəm. Həm də onların gülüşü, sevinci nəyə desəz dəyər mənim üçün.

12. Bir insan Allahdan başqa heç kimə ehtiyacı olmadığına inansa, Allah da onu başqasına möhtac etməz … – möhtac olduğunuz biri varmı?

-Sualın cavabı elə sualın özündədir. Xeyr. Şükürlər olsun Allahdan başqa heç kimə möhtac deyiləm. Özümə ən yaxın bildiyim, çarəni yalnız onda gördüyüm tək olan, bir olan Allahdır. Heç vaxt heç nəyi bəndədən istəmədim, Allahdan istədim. Nəzərini, köməyini, diqqətini, sevgisini də hər zaman hiss etdim. Min kərə, milyon kərə Şükürlər olsun Rəbbimə.

Ən çox etdiyim duadır: Ya Allah məni səndən başqasına möhtac etmə. Sənə ehtiyacı olan hər bir kəsə sən özün kömək, dayaq ol. AMİN!

Bir şey istəyəndə bəndədən istəmə: versə minnətdir, verməsə zillət! İstəyəndə Allahdan istə: versə nemətdir, verməsə hikmət! Hz. Mevlanə

13. İnsanlar çox tez-tez həyatı filmə, özlərini – ətrafdakı insanları isə aktyorlara bənzədirlər. Bəs sizin həyatınızdakı ən böyük premyera və ən yadda qalan obraz hansıdır?

-Həyatımda izləri ilə, gözəl xatirələri ilə çox insan yadda qalıb. İndi hal-hazırda həyatımda olmayanlar da var, bəzilərinin qəlbimdəki yerləri hələ də dəyişilməz olaraq qalır. Ancaq premyera olaraq düşünsəm…

Həyatımın ən gözəl premyerası qardaşım oğlu Raulun, Ömrümün, Həyatımın mənasının dünyaya gəldiyi gündür. Keçən ilin oktyabr ayının onunda səhər saatlarında mamamdan gələn zənglə başladı o premyanın ilk səhnələri. Onun gəlişini elə səbirsizliklə gözləmişəmki..İnanılmaz həyəcan yaşadım o zəngdən sonra. Hava o zaman elə də soyuq deyildi, ancaq həyəcandan elə üşütmüşdüm ki… İnanmayacaqsız bəlkə də, şirinim hələ dünyaya gəlməzdən əvvəl bibisinin yuxusuna gəlib. Qəribədi ki o uşaq hələ də hafizəmdədi. Və Raul böyüdükcə, yuxumda elə gerçək Raulu gördüyümü anlayıram. Rəbbimin möcüzələri sonsuzdur. Şükür qüdrətinə. Min Şükür!..

Hal-hazırda həyatımda ən vacib obraz Rauldur. Hər qucağıma aldığımda ilk qucağıma aldığım anı xatırlayıram, yeni doğularkən gecələr ağladığında qucağımda necə sakitləşdirdiyimi xatırlayıram. Böyüdüyü hər anı yaddaşıma yazmaq istəyirəm. Vaxtımın çox hissəsini onunla keçirmək istəyirəm. Mən onsuz uşaqları sevənəm, hədsiz dərəcədə,bunu yaxınlarım da bilir. Hətta böyük insanlara adımı iki üç dəfə təkrar deməli olduğum halda uşaqların ilk sözlərindən biri də elə mənim adım olub. Ancaq Raula hiss etdiyim bambaşqadır. İlk doğulduğunda mamama da demişdim mama bu başqa uşaqları istəməyə bənzəmir. Bu başqa hissdir, çox müdhiş hissdir. Təsəvvür edin sizin canınızdan, qanınızdan bir parça. Sizdən bir parça. İndi həyatımın mənası odur. Ən vacib obraz odur. Döyünən ürəyimdir o, mənim. Onunla nəfəs alıram desəm yalan olmaz. Canımdan çox istəyirəm onu. Allah bütün körpələri, uşaqları saxlasın. Allah bütün uşaqları atalı, analı etsin. Allah dünyamızı əmin-amanlıq etsin. Mənim ən zəif yerimdir uşaqlar. Həyatda bağışlamadığım xəyanətdir, kimdən olursa olsun və səbəbi nə olursa olsun övladdan imtinadır. Allah heç bir övladı valideynlərinə, heç bir ata-ananı da övladlarına çox görməsin. Amin Ya Allah!..

14. “Quşlar kimi uçmağı, balıqlar kimi üzməyi öyrəndik, lakin bu vaxt çox sadə bir sənəti unutduq. İnsan kimi yaşamağı.” Sizcə, insan kimi yaşamaq unudulub?

-Yaxşı öyrənilsəydi unudulmazdı. Quşlar kimi uçmaq istədik, təyyarələr, indiki deyilişlə desək helikopterlər düzəltdik. Balıq kimi üzmək istədik qayıqlar, bir-birindən gözəl gəmilər düzəltdik. Olduğumuz yer kifayət etmədi Aya, Marsa uçduq. Orda da həyat varmı deyə bilmək istədik. Ancaq olduğumuz yerdə düz əməlli insan kimi yaşaya bilmədik. O dünyaya heç nə aparmayacağımızı bilə-bilə gah var üstündə, gah torpaq üstündə, gah nə bilim heç üstündə dalaşdıq, vuruşduq, Allahın verdiyi cana qıydıq. Zalım olub məzluma zülm etdik. Güclüyəmsə haqlıyam dedik. Amma əsl güclünün Allah

olduğunu unutduq. Güclünün haqlı olduğunu deyil, haqlının güclü olduğunu unutduq.

Allah insana göndərdiyi peyğəmbərlər, müqəddəs kitablar vasitəsilə insanlıq necə olur açıq aydın bildirdi zatən, amma insan o kitabları belə doğru düzgün öyrənə bilmədi. Öyrənmək istəmədi. Öyrəndiklərini də doğru düzgün öyrənmədi deyə tez də unutdu. Allahın ona verdiyi şüurdan, ağıldan insanlıqdan başqa hər şey üçün istifadə etdi.

Təbii ki, insanlığı öyrənənlər də var, insan kimi yaşamaq istəyənlər də var. Təəssüf ki, onlar da əzilir, təzyiqə məruz qalır. Mərdi qova-qova namərd edən dünyadır bu dünya!

15. Sizcə, sosial şəbəkədə həyat olduğu kimi təqdim olunur?

-Tanışlarım var sosial şəbəkədə olan. Əvvəllər soruşurdular niyə yoxsan? Deyirdim mən heç üz-üzə danışdığım insana güvənmirəm, o ki qala kompyuter arxasında olan biri olsun. Dəqiq də bilirəm ki, sevdiyim aktrisa olmasaydı heç vaxt instagrama gəlməzdim. İnstagramdan başqa da heç bir sosial şəbəkədə, internet səhifəsində yoxam, olmaq da istəmirəm. Ancaq sualınızı dərindən düşünsək əslində kim həyatda necədirsə sosial şəbəkədə də o cürdür. Yəni illərlə həyatında olan biri belə istəsə əsl kimliyini, əsl xasiyyətini çox gözəl səndən gizlədə bilər. Demək istədiyim gizlənmək istəyən hər yerdə gizlənəcək, özünü başqa biri kimi göstərən hər yerdə özünü başqa biri kimi göstərəcək. Hər yerdə səmimi, dürüst olan isə elə sosial şəbəkədə də səmimi, dürüst olacaq. Nələrisə demək istəməmək normaldır, hətta bu onun haqqıdır da. Amma dəyişib başqa cür demək bu artıq normal yox, yalandır. Saxta insan hər yerdə saxtadır, doğru insan isə hər yerdə doğrudur.

İnstagramda olmaq şəxsən mənə çox şeylər qazandırdı, əlbəttə itirdiyim də oldu. İtirdiklərimi yox qazandıqlarımı desəm insanları bir başqa yöndən tanımağa başladım, təcrübəm artdı, güvənmərəm dediyim halda güvəndiyim, çox sevdiyim dostlar qazandım. Paylaşımlar, mövzular sayəsində yazmaq, fikir bildirmək qurdumu öldürürəm burda, çünki danışmağı deyil yazmağı sevirəm daha çox. Dəyişdim, bu yaxşıdır, ya pisdir deyə bilmərəm, amma çox dəyişdim instagram sayəsində. Gün oldu instaya gəlişimin peşmanlığını çəkdim, gün oldu yaxşı ki, gəldim dedim.

Başqalarını deyə bilmərəm, ancaq mən həyatda olduğum kimi burda da özüməm. Demək istəmədiklərimi demirəm, dediklərimdə də doğruyam.

16. Yaşadığınız ömürdə elə bir səhnə varmı ki, bunu əminliklə “mən yazdım” deyərdiniz?

-Fikrimcə talelərinə, alın yazısına, yaşadıqlarına üsyan etməyənlər daha çox yazıçılar, yazar ruhlu, yazıçı təbiətli insanlardır. Mən deyə bilmərəm iyirmi səkkiz illik ömrümdə hansısa səhnəni mən yazmışam. Çünki alın yazısına inanan insanlardanam. Mənim düşüncəmdə yaşadığım bu ömrün ssenaristi də, rejissoru da Rəbbimdir. Rejissor bizə ümumi qaydaları göstərib, öyrənməyimizi istəyib, amma ssenarini yaşadıqca bilirik. Fikrimcə mən ömür səhnələrimi yazan deyiləm, yazılan səhnələri yaşayanam sadəcə. Qələm mənim əlimdə deyil. Nə dərəcədə uğurlu olacağım isə ömür adlı filmimin sonunda bilinəcək.

17. “Kaş ki, ……………….” bu cümləni necə tamamlamaq istəyərdiniz?

-Bu sualı ilk oxuduğumda keçən ilin avqust ayında paylaşmaların birində yazdığım rəyi xatırladım. Və elə o zaman qətiləşdirdim ki, suala cavab olaraq həmən rəyimi yazacam.

“ Kaş ki, elə bir gücüm olaydı ki, bütün xəstələrə şəfa verə bileydim. Kaş elə bir gücə malik olaydım ki, bütün çarəsizlərə çarə olaydım. Bütün dərdlilərə dərman olaydım. Kaş elə bir gücüm olaydı ki, evsiz, kimsəsiz insan olmayaydı. Valideyni tərəfindən atılan uşaq olmayaydı, heç bir ana, heç bir ata övladını itirməyəydi. Övlad dərdi nədir bilməyəydi. Heç bir övlad valideynini itirməyəydi. Kaş ele bir gücüm olaydı ki, heç bir ailə dağılmayaydı, nə qadın, nə kişi sevgini, diqqəti, hörməti kənarda axtarmayaydı. Axtardıqlarını evində, ailəsində, övladlarında tapaydı. Kaş elə bir gücüm olaydı ki, heç bir zalım məzluma pislik, zülm etməyəydi. Heç bir güclü ağıl olmadan gücünü sərf etməyəydi. Kaş elə bir gücüm olaydı ki, güclü haqlı deyil, haqlı güclü olaydı… Kaş elə bir gücüm olaydı ki……”

18. İnsanların dini sizin üçün nə qədər vacibdir?

-İnsanların dini deyil insanların inancı, imanı mənə daha çox vacibdir. İnsanın hansı dində olması, Allaha necə etiqad etməsi deyil vacib olan onun Allaha nə qədər vəfalı olmasıdır. Əsas olan din deyil, imandır. İstər xristian ol, istər müsəlman Allaha nə dərəcədə imanlı olmasıdır vacib olan.

Mən insanlara dininə və dindarlığına görə qiymət vermərəm. Allaha olan inamına, imanına, qorxusuna və əməllərində, xarakterində bunu dərəcədə göstərdiyinə qiymət verərəm.

Kollecdə oxuduğumun ikinci ili idi. Qiyabi təhsil almışam. Qonşuluqda başqa rayondan olan kirayədə qalan hicablı qız da mənimlə eyni ildə qəbul olmuşdu. Amma başqa qrupda oxuyurdu. Nəsə əvvəllər də bu insana o qədər də isinə bilmirdim. Bir gün dərsə getmək üçün evdən çıxdıqda onunla rastlaşdım. Məcbur yolu onunla gedəsi oldum, yox səninlə getmirəm deyib kobudluq etmək istəmədim. İnanın Allaha kollecə çatıb sinifimizə gəldikdə özümü o qədər danladım ki, o qədər özümə hirslənmişdim ki… Tək onu deyə bilərəm ki, qızın sadəcə geyimi hicab idi.. Tövbə etdim nəinki onunla yol getməyə, hətta kollecdə onunla rastlaşdığımda bir kəlmə belə kəsməyə.

İnsan əvvəlcə ürəyi, qəlbi, ruhu ilə Allahı sevməli, ona inanmalı, imanı güclü olmalı, dini nə olursa olsun. Allahı sevən yaratdıqlarını da sevməlidir və nə edirsə etsin Allaha xatir etməlidir. Yoxsa o iman kamil iman olmaz.

“Zəlimxan Yaqub – Qonaq olun.

Qulaq asın haqdan gələn səslərə,

Qulaq olun, ey Allahı sevənlər.

Qucaq açın Allah deyən kəslərə,

Qucaq olun, ey Allahı sevənlər.

Allah olsun dilinizin duası,

Allah olsun gözünüzün şüası,

Allah olsun könlünüzün mayası,

Çıraq olun, ey Allahı sevənlər.

Gözəlliyin taxtı, tacı qurulsun,

Vurulanlar, dönüb bir də vurulsun,

Sizə baxsın bulananlar durulsun,

Bulaq olun, ey Allahı sevənlər.

Çeşmə duru, dəniz duru, qum duru,

Gül üstə şeh, göz yaşından dumduru,

Hikkənizi içinizdə dondurun,

Uşaq olun, ey Allahı sevənlər.

Dinsizlərin insafından, dinindən,

Nifrətindən, qəzəbindən, kinindən,

İblisindən, şeytanından, cinindən,

Uzaq olun.. Uzaq olun, ey Allahı sevənlər.

Göyə baxın dan ulduzu doğanda,

İşıqlanın nur zülməti boğanda,

Haqqın nuru yağış kimi yağanda,

Torpaq olun, ey Allahı sevənlər.

Ayaz dəymiş yanaqları qızdırın,

Şaxta vurmuş barmaqları qızdırın,

Buza dönmüş otaqları qızdırın,

Ocaq olun, ey Allahı sevənlər.

Çəkinizi, yükünüzü tanıyın,

Allah adlı təkinizi tanıyın,

Yerə baxın kökünüzü tanıyın,

Budaq olun, ey Allahı sevənlər.

Könül dostum bir günəşdir, bir aydır,

Qəlbimdəki haqdan gələn haraydır,

Zəlimxanın ürəyi bir saraydır,

Qonaq olun.. Qonaq olun, ey Allahı sevənlər!..”

Kaş ki insanlar bir yerə getdiklərində ordakı kameralardan çəkindikləri kimi, onları hər an görən, hər an izləyən Allahdan da çəkinsələr… Kaş ki…

19. Görünüşcə hər kəs insana bənzəyə bilər. Sizin görünüşünə aldanıb insan bildikləriniz oldumu?

-Oldu bəli. Bir insan haqqında ilk zənnimdə yanılmaq istədiklərim də oldu. Bəli görünüşcə hər kəs insana bənzəyir. Amma insan sandığının insan olduğunu və ya olmadığını zamanla bilə bilirsən ancaq. Deyim ki, əksər vaxt bir insanı ilk gördüyümdə onun haqqında nəsə fikir yaranırsa məndə istər müsbət, istər mənfi sonda o fikirdə heç də yanılmadığımı anlayıram. İlk fikrimi də heç vaxt heç kimə demərəm.

Hər halda insanıq. Kimlərdəsə yanıla da bilərik. Pis bildiklərim onsuz pis çıxdı, heyf ki, yaxşı bildiklərimdən də pis çıxan oldu, daha doğrusu yaxşı olmasını istədiklərim… Az oldu amma oldu. Nə etməli belə qismət imiş…..

20. Susmaq… bu cavabı bilməməkdir, yoxsa, sadəcə, qarşındakına ən güclü cavab?

“-Bazen yalnız kalmalı insan. Bir kenara çekilmeli. Sessizliğe bürünmeli. Susmalı. Kendi içine dönmeli ruhunun derinliklerinden gelen seslere kulak vermeli. Gönlünü, yüreğini ve kalbini dinlemeli ara ara. Susmalı insan. Söz gümüşse; sükut altındır sözünü hatırlamalı. Kal(konuşan) insanı değil, hal insanı ola bilmeli. Sözlerle değil, hal ve hareketleriyle anlatabilmeli düşüncelerini. Konuşmak güzel şeydir ama sükut etmek daha ihtişamlı olsa gerek.. Hani iki talebesi bir Allah dostunu ziyarete giderler. Ahir ömründe bize bir sohbet, bir nasihat eder ümidiyle. Otururlar saatlerce, ne bir tek söz, ne bir sohbet. Canı sıkılır iki arkadaşın. Müsaade isteyip kalkarlar. Kapıya geldiklerinde aralarında konuşmaktadırlar. “Üstadımız niye sohbet etmedi.” diyerek. Fısıldaşmaları duyan evin hanımı seslenir arkalarından; -Yazık size, hiçbir şey duymadınız öyle mi? Oysa o neler anlattı size der. Susarak anlatmak zor iş olsa gerek. Susanı anlamak daha zor. Susmak ise en zoru.. Hazreti Mevlana talebelerine sohbet ederken; “Allah’ı tanıyan susar.” der. Talebelerden birisi o günden sonra hiç konuşmaz olur. Günlerce sükût edip oturur kendi halinde. Bu durumu fark eden Mevlana, niye sustuğunu sorar genç adama. Efendim siz demiştiniz ki, Allah’ı tanıyan susar, ben onun için konuşmuyorum. Güler Mevlana:

-Öyle değil, der. Allah’ı tanıyan Allah’tan gayrısına susar. Onun konuştuğu Allah (c.c) olur artık. Keşke her konuştuğumuz Allah (c.c) olsa. O’nun için olsa. Bu meselenin özünü idrak etmek, bize uzak belki. Ama daima susup, bakışlarıyla insanların halini bir güzel tanıyanlar anlayacaklar ne demek istediğimi. Susmak zor iş belli ki. Âlemlerin Efendisi “Susan kurtulur” buyurmuşlar. Susmalı insan bazen. Gönlünü, yüreğini ve kalbini dinlemeli. Kendi içine dönmeli. Kendini bilmeli. Çünkü kendini bilen Rabbini bilir..”

Bu yazıya bu yaxında izlədiyim səhifələrin birində rast gəldim. Çox bəyəndim, çox ürəyimcə oldu. Məncə ən güclü cavabdı susmaq. Susmaq səbirdir, susmaq sonrakı peşmanlığın qarşısını almaqdı, susmaq Allaha həvalə etməkdir.. Susmaq gücsüzlük deyil, əslində ən güclü olmaqdır. Çünki qarşındakından çox öz qəzəbinə, səbirsizliyinə, öz nəfsinə qalib gəlmiş olursan. Güclü o deyil başqasını məğlub etsin, özünə nəzarət etməyi bacaran güclüdür.. Çox heyf ki, bəzən sussaq da, bəzən susmağı bacarmırıq. Demədiklərimizin deyil, dediklərimizin peşmanlığını çəkirik. Çünki bəzən xeyrinə danışarkən zərərinə danışırıq zənn edilir…

21. Sevgi və mərhəməti çox olan insanlar acı çəkərmiş. Acı çəkməmək üçün bu hisslərin sizdə olmamasını istərdinizmi?

-Zaman zaman oldu bəli. Niyə yalan deyim ki.. Özümü danladığım, qınadığım oldu. Bəsdir deyə qışqırdığı oldu içimdəkinin. Amma o səsi tək mən eşitdim. Təkcə mən.

Bəzən mənə elə gəlir ki, sevgi hissi ilə mərhəmət hissi bir-birinə çox bənzəyir. Etiraf edim ki, hədsiz sevgi bəslədiyim insanların çoxuna ilk hiss etdiyim sevgi yox, mərhəmət hissi olub. O hiss sonradan sevgiyə çevrilib. Buna beşinci sualda qeyd etdiklərimi misal gətirə bilərəm məsələn. O filmlə yanaşı həm də bəlkə də xatırlayarsız Yuva adlı türk serialı da gedirdi o ərəfələrdə. O film dediyim İtgin gəlin serialıdır. Xatırlayıram bibim qızları bizə gələndə məndən həm Yuva serialının, həm də İtgin gəlin serialının mahnılarını zümzümə etməyimi istəyirdilər. O vaxtlar səsim də vardı. O vaxtlar deyirəm çünki indi demək olar zümzümə etmirəm. Uşaq olsam da bilirdilər o filmlərə necə maraqla baxdığımı. Yəqin ki baxanlar bilir Yuva serialında mövzu mərhəmət idi. Ailədən, bir məhəllədən, ordakı olaylardan bəhs olunurdu. Uşaq idim amma, ordakı hadisələr mənə çox təsir edib. Melodiya hələ də yadımdadı. Bu yaxınlarda çox axtardım yenidən baxmaq istədim təkcə birinci seriyasını tapa bildim. Əfsanəyə olan sevgim də ilk əvvəl mərhəmət hissindən başlayıb. Sinif yoldaşıma olan hissim də əvvəlcə mərhəmət hissi olub. Elə hekayəmdəki o iki qızın, o dostların sevgisi də…. Mərhəmət dediyim adicə yazığı gəlmək deyil, üzülüb keçmək deyil. O elə bir ağır hiss ki… Elə bir ağrı ki… Dözmək lazımdır o hissin gətirdiyi ağrıya, sancıya… Kiməsə yazığım gəldiyində çox pis oluram mən. Hədsiz pis oluram. Söz xatirinə demirəm həqiqətən belədi. Qapımıza gələn, ya rastıma çıxan dilənçiyə nəsə versəm belə, boş geri çevirməsəm belə günlərlə fikrimdən çıxmaz. Düzdür hamısı çarəsizlikdən dilənçilik etmir, amma fağırın fağırlığı, çarəsizliyi, pul istəyərkən hiss etdiyi o utanc gözlərindən, baxışlarından bilinir. Mən günlərlə o gözləri, o baxışları unuda bilmirəm. Bir qadına o qədər yazığım gəlmişdiki, elə qəribə hiss etmişdim ki, özümü gecə səhərəcən ağlayaraq Allaha dua etdim nə olar o qadına kömək ol deyə. Üstəlik həmən qadın dilənçi yox, süd satan qadın idi.

Keçən ilin yay aylarında iş yerimə bir ailə gəlmişdi. Növbələrin gözləyirdilər. Elə də çox sıra gözləyən yox idi. Bir qadın bir kişi və səhv etmirəmsə 8-9 yaşlarında bir oğlan uşağı. Uşaq elə də kiçik deyildi. Həm də çox gözəl, güləş, şirin uşaq idi. Amma anası, atası növbə ilə qucağında gəzdirirdi. İş yoldaşlarımı da, məni də maraq bürüdü ki, niyə qucağında gəzdirirlər. Açığı elə məqamlarda ürək edib soruşmaram. İş yoldaşım soruşdu. Sən demə uşaq anadangəlmə xəstə imiş. Gəzə bilmirmiş. İrsi xəstəlikmiş. İrana müalicəyə aparmaq istəyirdilər. İkinci övladları idi. Birinci övladlarını da irsi xəstəlikdən itirmişdilər. Bir xeyli söhbət etdikdən sonra qadın bilirsiz nə dedi? Nə qədər yaşayıram onu qucağımda gəzdirəcəm. Məni qadının danışdıqları, sonda da o sözü elə tutdu ki, gözüm doldu heç kim, əsas da o qadın görməsin deyə otaqdan çıxdım bir xeyli ağladım. Paylaşım da etmişdim həmən gün sonra sildim. İndi yazarkən belə əlim titrəyir. Çox olub belə hadisələr.

Ən çox övladını itirmiş analara yazığım gələr. Hədsiz. Ətrafımda çoxdu belə analar. Mən gözləri tutulmuş bir Ananın rəhmətə gedən oğlunun şəklini jiletinin cibində gəzdirdiyini görmüşəm. Təsəvvür edirsiz bu nə deməkdir?!… Həmin insan mənim öz Anamdır. Yəni Ana kimi sevdiyim, Ana kəlməsini eşidəndə yalnız onu xatırladığım, Ana kimi qəbul etdiyim, ondan başqa heç kimə Ana deməyəcəyim ana nənəmdir. Anamın cibindən dayımın şəklini çıxarıb mənə göstərdiyi anı, o anki heyrətimi hələ də xatırlayıram. Hətta iki övladını itirən Ana tanıyıram, az qala keçən ay birini də itirəcəkdi. İntiharı ən yaxınlarımda, yaxın qohumumda yaşamış biriyəm. Övladı intihar etmiş Ana tanıyıram. Bir neçə il keçib o gündən, amma o stress hələ də canımdan çıxmayıb. Hələ də təcili yardım maşının səsinə diksinirəm, əsirəm, ürəyim çırpınır. Yaşım elə də çox deyil bəlkə də, ancaq yaşadıqlarım da az deyil. Həm də tək yaşadıqlarımdan deyil, müşahidə etdiklərimdən də təsirlənən, günlərlə özümə gələ bilməyən biriyəm. Müşahidə etmək özümdən asılı da deyil, yəni baxarmış kimi deyil, yaşarmış kimi, hiss edərək müşahidə edirəm. Özümü bir anlıq o insanların yerində görərək müşahidə edirəm. Həm öz həyatımda, həm də ətrafımda baş verənlərə biganə deyiləm, bəzən kənardan laqeyd görünsəm də.

Yaxşılıq etməyi sevirəm, kiçik də olsa etdiyim yaxşılıq mənə inanılmaz zövq verir. Ancaq kaş ki, deyirəm. Kaş ki, daha çox yaxşılıq edə bilsəydim, kaş ki, əlimdən bundan da artığı gəlsəydi… İnşallah! Ən azından dua etməyi bacarıram Allah edilən bütün duaları qəbul etsin. Amin!…

Bəzən düşünürəm görən bu qədər hissli, həssas olmasaydım bütün bunlar mənə bu qədər təsir etməzdi yəqin. Hissli, həssas olmasaydım İnsan da olmazdım. Arada özümə nə qədər hirslənsəm də, yaxşı ki, hissliyəm, həssasam, mərhəmət hissi nədir bilirəm. Bu hiss mənə çox ağrı versə də.. Mərhəmət hissi həm də sənin vicdanındır. Bir insanın vicdanı yoxdursa, bir insan sevgi nədir bilmirsə, sevməyi bacarmırsa demək onun əstəğfirullah Allaha da sevgisi yoxdur. Allahdan qorxusu da yoxdur. Mən nifrət edirəm vicdansız insanlara, bu qədər həssas olmasaydım mən də dönüb onlar kimi olardım. Yaxşı ki, deyiləm!…..

22. “Hər kəs layiq olduğu həyatı yaşayar deyirlər” – sizcə bu doğru deyilmiş fikirdirmi?

-Məncə yox. Belə çıxır onun yaşadığı bütün çətinliklər onun cəzasıdır?!.. Və ya bütün zəngin, varlı insanlar yaxşı insanlardır?!.. Xeyr, mən bu fikirlə razı deyiləm. Qəti razı deyiləm. Bəli yaşadıqlarımızın çoxu cəzadır nə vaxtsa etdiyimiz səhvlərin, bəlkə də günahların cəzası. Səhvsiz insan yoxdur da. Amma yaşadıqlarımızın çoxu da imtahandır. Bəziləri də mükafat… Allah insanı yaxşı günlə də sınağa çəkər. Necə deyərlər cibi boş olana bir də varlananda bax. Gör özünü necə aparır. Allah insanı pis günlə də, xəstəliklə də, itki ilə də, min cür dərdlə də sınağa çəkər. Ancaq ona sadiq bəndəsinə verdiyi imtahanda yenə özü kömək olar. Yaşadığımız həyatın, taleyin, sevinclərin, kədərlərin vardır bir hikməti. Bunu da yalnız Yaradan bilir. Kədər olmasa sevincin qədrini bilmərik, həsrət olmasa vüsalın şirinliyini bilmərik. Zəhmət olmasa bəhrəsi də olmaz. Həm də kimin əslində kim olduğunu hər kəs bilə bilməz. Olub çox rastlaşmışam. Biri başqası haqqında, başına gələnlər haqqında danışanda ona yaxşı olur dediyini çox eşitmişəm. Deməyəcəm mən deməmişəm. Mən də demişəm bəli. Elə bir həddə çatdırılmışam ki, səsli deməsəm də, içimdə demişəm və ya ailəmlə, yaxınlarımla olanda demişəm. Heç kim yaşatdıqlarını istər yaxşı mənada, istərsə də pis mənada yaşamadan ölməz!.. Yenə də çox dərinə getsək bu fikirlə tam da razı olmaq doğru deyil. Elə insanlar var ki, heç öz həyatları öz əllərində deyil, o zaman necə olur layiq olduğu həyatı yaşayır?…. Məsəl üçün atılmış körpələr…. O körpələr körpə canları ilə nə günah etdi ki anası, atası tərəfindən hələ bir tərk də edildi. O körpə onu atanın imtahanı, sınağı idi və sınaqdan necə çıxacağını da yalnız Allah bilir. Hər halda heç kimin heç kimi qınamağa, həyatına müdaxilə etməyə, onun adına qərarlar verməyə, kənardan gördükləri ilə nəticə çıxarmağa haqqı yoxdur. Həyat bir imtahandır, Allah hər bir bəndəsinə bu imtahandan alnı açıq, üzü ağ çıxmağa kömək, yardımcı olsun İnşallah!

23. Susmaq insanın içindəkilərlə söhbət etməsi demək imiş. Çoxmu susdunuz?

-Düzünü desəm daha çox susqun insanam. Yəni özümlə danışan insanam. İmkan olduqca özümlə baş başa qalmağı sevən insanam. İnsanın özü ilə danışması dəlilik deyil. Dəlilik insanın özü özü ilə yola getməməsidir. Susmağın həm səbəbləri, həm də növləri olur məncə. Bəzən edilən haqsızlıq səni susdurar, dilin susar, amma için susmaz, bəzən nədənsə inciyərsən dilin danışsa da için, qəlbin o insana susar,

bəzən yaşadıqların elə ağır gələr ki, həm için susar, həm də dilin… Mən hər üçünü yaşamışam. İkincini daha çox.

Haqsızlığa susduğum da oldu, susmadığım da… Yerində verdiyim cavab da oldu, Allah bilsin deyib Allaha həvalə etdiyim də. O zaman ki sən susarsan Allah səni dinləyər, səbir edərsən əgər, susmağının boşuna olmadığını da görərsən.

Bəzən elə davranışlar görərsən ki, anlata bilmədiyin üçün susarsan. Səni anlamayacaqlarını düşündüyün üçün susarsan. O zaman için susar, dilin onlarla danışıb gülər, ancaq için onlardan küskün olar. Əgər qarşındakı sənin susqunluğunu anlasa, səni hiss etsə bəlkə nəsə düzələr, əgər düzəltmək istəsə təbii ki.. İçindəkini danışdıra bilər. Yox əgər anlamasa, ya da anlasa da anlamamazlıq etsə içindəki susqunluq dilini də susdurar və səni o insandan soyutduqca soyudar.

Qaldı üçüncü variant. O zaman sənin dərmanın təkcə zaman olar. Zamana buraxıb həyatına davam edərsən. Və zamanla bütün parçalar öz yerinə oturar.

Susmaq məncə də insanın içindəkilərlə danışması deməkdir. Həm içindəkilərlə danışması, həm də Allahı ilə dərdləşməsidir. İnsanın özünü tanıması, Allaha yaxın olması yaxşıdır düzdür ancaq susqunluq çox uzun çəkərsə sonu həm səhhətə, həm də ruha ziyan edər. İnsanın insana ehtiyacı var. Nə olursa olsun, nə yaşayırsa yaşasın ətrafdakılardan, yaxınlarından, əzizlərindən, dostlarından uzaqlaşmamalıdır. Təklik yaxşıdır, o da bir müddətlik.

24. Hər şey çox olunca ucuzlaşar, ədəb bunun əksinədir, o çoxaldıqca dəyəri artar. – İndiki gənclərin ədəbi suzi qane edirmi?

-Ağac bar verdikcə başını aşağı əyər. Açığını desəm qane etməyəni daha çoxdur. İş yerim xidməti idarə olduğu üçün təbii olaraq gün ərzində çox insanla ünsiyyətdə oluruq. Qocası olur, qadını olur, cavanı olur.. Müşahidə etdiklərim bəzən ya əsəblərimi tarıma çəkir, ya da çox pis üzür. Bir-biriləri ilə olan davranışlar, oğlanların həyat yoldaşlarına olan davranışları, hətta bəzən bizə edilən kobudluq heç də ürəkaçan olmur. Səbirsizlik var insanlarda. Anlayışsızlıq var. Bilirsiz ədəb də boşu boşuna yaranmır. İlk əvvəl ailədən gəlməlidir, sonra mühit, sonra təhsil…. Ədəb də öyrənilə bilər. Tərbiyə də istənilən vaxt qazanıla bilər. Səhvsiz insan yoxdur əsas olan insanın səhvini görməsi və onu düzəltməyə çalışmasıdır. Öz üzərində işləməsidir. İnsan təhqirə yox, amma tənqidə hər zaman açıq olmalıdır. Öyrənmək istəyi, görüb götürmək qabiliyyəti olmalıdır. Hörmət hissi necə olur ilk əvvəl onu bilməlidir. Özünə hörmət etməyən, özünə hörmət qoymayan açıq aydındır ki, başqalarına da hörmət etməyəcək. Nə evindəkilərə, nə çölündəkilərə. Bu da ilk əvvəl ailədən, uşaqlıqdan başlayır. Bir nümunə çəkim. Təsəvvür edin ki, yenicə danışmağı öyrənən uşaq necəsə, kimdənsə söyüş öyrənib. Və onu təkrar-təkrar deməyə başlayır. Əgər uşağın bu hərəkətinə gülüb keçilsə hətta var bəzi ailələr, bəzi atalar bu hərəkətin bəzilərinə xoş gələni də var, xoş gəlsə və bunu bildirsə sonrası necə olacaq Allah bilir. Daha düşünülmürki bu gün ailə içində ataya, ya anaya söyüş söyən və heç bir sərt reaksiya görməyən uşaq sabah kiminsə evində, hər kəsin içində yenə ailəsindən və ya ev yiyəsindən kiməsə həmin söyüşü söyəcək və ya başqa ədəbsizlik edəcək. Doğru verilmiş tərbiyə çox mühümdür. Olur bəli elə mədəni ailələrin elə övladları olur ki. Və ya əksinə. Yenə də övladım əzizdir, tərbiyəsi ondan əzizdir prinsipi olmalıdır. Övlad torpaqdır nə əkərsən əvəzində də onu biçərsən. Dünən ailəsindən doğru tərbiyə görməyən sabah övladına nə tərbiyə verəcək?!.. Mühit də çox böyük rol oynayır. Dost, yoldaş olanda da biləsən kiminlə dost, kiminlə yoldaşsan. Həyatda da, elə burda da ədəbi, tərbiyəsi məni qane etməyənlərdən çalışmışam uzaq olam. Bu barədə çox seçiciyəm. Olub ki səhifəmdə mənə qarşı çox diqqətcil olub, aktiv olub, amma etdiyi hansısa hərəkət mənə xoş gəlməyib səhifəmdən çıxarmışam. Və ya çıxarmasam da onunla ünsiyyətdən qaçmışam. Məsafəli davranmışam. Etdiyi hərəkət özümə qarşı olmasa belə mənə xoş gəlməyib. İnsanların tək mənə yox, başqalarına da olan davranışlarına da fikir verən biriyəm. İzlədiyim, məni izləyən səhifələrin hansı səhifələri izlədiyinə, hətta hansı paylaşmaları bəyəndiklərinə, harda nə yazdıqlarına da çox diqqət edən biriyəm. Hər canım deyənin canı olmursan. Sözlər deyil, əməl, xarakter mənimçün önəmlidir. Əslində heç kimə yox, özümə qarşı çox tələbkaram. Həm də fikrimcə zövqlər də, düşüncələr də çox ucuzlaşıb. İki paylaşım edin və səhifənizi açıq edin. Bir paylaşmada ibrətamiz hekayə paylaşın, birində heç mənası olmayan komik video paylaşın. Və izləyin. Görəcəksiz ki, o hekayəni like edən azdı və bəzisi heç sonacan oxuyub bitirməyib də. Amma gülməli videoya nə qədər baxılıb, nə qədər like edilib və hələ yerli yersiz smayliklər də qoyulub. Fikrimcə dünyagörüşünü nə televiziya, nə bu sosial şəbəkələr artırmır. İnsanlar kitab oxumağı unudub. İlk əvvəl nəyi görərsən onu da götürərsən və zaman keçdikcə də o götürdüklərin sənin içində kök salar.

Ədəbi, tərbiyəsi yerində olan insanlar da var çox Şükür. Allah onların sayını çoxaltsın İnşallah!

Məni gənclərin ədəbindən daha da çox insanlıq qane etmir!…. Çünki insanlıq olan yerdə bütün insanı keyfiyyətlər də olacaq əlbət.

25. Uşaqlıq illərindən ən unudulmayan bir hadisəni bizimlə bölə bilərdinizmi?

-Uşaqlıq deyiləndə nədənsə 12 yaşıma kimi olanları xatırlayıram.. Xatırlamaq istəyirəm. Əslində uşaq kimi uşaq olmamışam yəni ətrafımda baş verənlərə başqa uşaqlar kimi biganə olmamışam. Dərk etmişəm olanları. Fikirçəkən olmuşam. Bu günə kimi xatırlamıram nə vaxtsa başımı yastığa qoyum və qoyan kimi də yuxuya gedim. Nə uşaqlığımda, nə də indi. Ancaq bununla belə nə uşaqlıq yaşamısamsa Anam yaşayarkən yaşamışam. Mən o varkən hər şeyi dərk etsəm belə ərköyünlük edə bilmişəm. O sağ ikən tam başqa idim, ondan sonra tam başqa biri oldum. Utancaq, özünə qapanıq oldum daha çox.

Çoxdur xatirələr hansı birini deyim…. 1ci sinifə bir neçə gün idi gedirdim. Bir gün dərs başlamamış direktorumuzla bir cavan, gözəl müəllimə sinifimizə gəldi. Müəllimə yeni idi və direktor onun sinifinə keçəcək könüllü axtarırdı. Bir az bəhs etdi müəllimədən danışdıqlarını elə də xatırlamıram, amma əlimi qaldırıb könüllü olmağım yadımdadı. Mən də ki uşaqlıqdan şair demişkən gözəllik vurğunuyam. Həm də Əfsanəyə bənzətmişdim Sevda müəlliməmi. Bibim, nənəm həmən məktəbdə müəllimə idilər, məni sinifinə qoyduqları Raisə müəllimə də həm qonşumuz idi, həm də rayonda, məktəbimizdə sayılıb seçilən müəllimə idi. Valideynlər vardı uşaqlarını onun sinifinə qoymaq üçün bir, hətta iki il gözləmişdilər, bəzi uşaqlar var idi 6 yox 5 yaşında gəlmişdi məktəbə. Elə müəllimə kimi uşaqlar da sayılıb seçilən ailələrin uşaqları idi. Yəni elə belə sinif deyildi. Sonralar mama dedi müəllimə ehtiyat edibmiş nənəmdən, bibimdən, elə mamamdan da. Mamam da deyib siz nə edəsiz, uşaq özü gedib. Yəni mənim sinifi öz başıma dəyişməyim elə belə bir şey deyildi. Sevda müəllimə də məni çox istəyirdi. Onunla getməyim onda mənə qarşı bir başqa sevgi yaratmışdı. İki il oxudum onun sinifində, uşaq azlığından bölüşdürüldü sinifimiz. Amma mən indi də peşman deyiləm o seçimimdə. Sinifkom mən idim, ən biliyli şagirdi mən idim, ən ərköyünü, ən sevimlisi də mən idim. Hələ də sevimlisi, gözəliyəm. Elə mən də hələ də onu çox istəyirəm. Nümunəvi şagirdi idim mən onun, uşaqlar da əcaib qısqanır, paxıllıq edirdilər. Bir sözlə hakimiyyət mənim əlimdə idi. Çox gözəl sevilirdim, ancaq necəsə etdiyi danlağı mənim ən pis günüm olardi. İndi də xatırlayıram bir şeri düz oxumamışdım deyə danlanmışdım. O pərtliyim hələ də yadımdadı. Ona yox özümə hirslənmişdim. Raisə müəllimə yenə də bizə qonşudur, hələ də müəllimədir məktəbimizdə. Arada işdən gələndə yolda rastlaşırıq elə gözəl qızım deməyi var dünyalara dəyər. Sinifində oxumasam da hörmətim sonsuzdur. Çox nurlu qadındır. Əhvalım necə olursa olsun onu gördüyümdə istər istəməz kefim yaxşıya doğru dəyişir. Ələxsus da səhər işə gedəndə rastlaşsam həm kefim yaxşı olar, həm də günüm yaxşı keçər. 5 ci sinifdə yenidən həmən sinifə qayıtdım. 4 illik ibtidai təhsildə 3 müəlliməm olub.

Uşaqlıq deyiləndə 2-ci ya 3-cü sinifdə oxuyarkən mamama deməmiş mənə dərs deməyən bir müəlliməyə qoşulub dayımgilə getdiyim günü, Anama, xalama gülə-gülə mən gəlmişəm deməyimi xatırlayıram. Anamı görmək üçün getmişdim. Əlbəttə o etdiyimdən sonra mamamın məni necə danlamağını da umutmamışam.

Heç vaxt unutmadığım və unutmayacağım isə dayımla müharibəyə getmək istəməyimdir. Dayım polis işçisi olub. O vaxt Qarabağ müharibəsinə polisləri də aparırdılar. Dayımın gedəcəyi günün axşamı onlarda idik. Dediyim kimi o vaxt ərköyünlüyüm vardı, utanmadan çəkinmədən sözümü, istəklərimi deyə bilirdim. Dayımı da çox istəyirdim, çox istədiyimdən deyirdim mən də polis olacam, uşaqlıqdan hərbi, polis geyiminə marağım bir başqadır. İndi də istəyirəm dayımı sözsüz ki.. Hər halda uşaq istəyi ilə böyüdükdən sonrakı istək fərqli olur. Yəni o sevgini göstərmək fərqli olur. İndi adi zəng edib nəsə deməyə də utanaram düzü. Həmin gün dayıma bərk bərk tapşırmışdım ki bax səhər gedəndə məni də aparacaqsan. Uşaq da olsam bilirdim gəzməyə getmirdi, müharibəyə gedirdi, vətənpərvər uşaq olmuşam nə edim. Dayım da aparacağını dedi. Səhər tezdən durdum zəng etdim dayımgilə. Xalam götürdü dəstəyi dedi dayın getdi. Nə qədər ağlamışdım bil bilsəz… Mama indi də xatırlayanda gülür, amma mən gülmürəm. Bu yaxınlarda dayımın nəvələrinin birinin ad günündə uşaqlar şəkilləri ələk fələk edib dağıdıb tökəndə əlimə bir şəkil keçmişdi. Dayımın həmən o vaxtlarda Qarabağda çəkdirdiyi şəkli idi. Elə bir sızıltı keçdi ki içimdən… Sözlə ifadə edilməsi qeyri mümkün. Sanki içimdə həmən o balaca Selcan dayım məni aparmadı deyib yenə ağladı. Gözlərim doldu o an, şəkilləri heyf etməyin səliqə ilə yığın bunları deyə hələ uşaqları danladım da..

Gözəl illər idi… Yaxşı ki, uşaq olmuşuq, nə yaxşı ki… Uşaq ikən tez böyüyək deyə arzu edərdik, indi isə kaş ki, elə uşaq qalaydıq heç böyüməyəydik deyirik…. Eh…

26. Pul olan yerdə xoşbəxtlik olmaz deyirlər, digər tərəfdən də pul özü xoşbəxtlik gətirir deyirlər…Siz hansı ilə razısız?

-Heç biri ilə razı deyiləm!

“Para ile her şeye sahip olunacağı söylenir! Yiyecek satın alabilirsin, ama iştah satın alamazsın. İlaç alırsın ama sağlık alamazsın. Bilgi alırsın ama bilgelik alamazsın. Gösteriş alırsın ama güzellik alamazsın. Eğlence alırsın ama neşe alamazsın. Tanıdık alırsın ama dost alamazsın. Hizmetçi alırsın ama sadakat alamazsın. Boş vakit alırsın ama huzur alamazsın. Para ile her şeyin kabuğunu alır, Hiçbir şeyin çekirdeğini alamazsın..!”

Pul çox şeydir, amma hər şey demək deyil. Pul rahatlıqdır, xoşbəxtlik deyil. Xoşbəxtliyi pulda görənlər çox güman ki, xoşbəxtlik nədir onu bilmirlər. Var yemək üçün yaşayanlar, var yaşamaq üçün yeyənlər. Məncə xoşbəxtliyi pulda görənlər yemək üçün yaşayanlardır. Həyatın mənasını pulda, varda, dövlətdə, cəh-cəlalda görənlər əsl xoşbəxtliyin fərqində deyillər. Yəqin sual yaranar ki, kim istəməz ki, varlı olsun, imkanlı olsun, hər cür rahatlığı olan evdə yaşasın, istədiyində istədiyini ala bilsin, istədiyində istədiyini yeyə bilsin, istədiyində istədiyini geyinə bilsin. İstədiyi yerə gedib istədiyi kimi dincələ bilsin. Açığı elə mən də istəyərəm, kim istəməz ki… O var-dövlət xoşbəxtlik gətirər ki, zəhmətlə, əziyyətlə, halallıqla qazanılmış olsun. O da tam xoşbəxtlik sayılmaz, hüzur olar onun adı. Saraylarda yaşayan bədbəxtlər də var, daxmalarda yaşayan xoşbəxtlər də. Necə?.. Xoşbəxtlik zənnimcə anlıqdı. Bir anın sevinci bəzən sənə bir gün, bir həftə, bir ay, bir il, hətta bir ömür də bəs edər. Yetər ki, sənə o sevinci yaşadan hər zaman səninlə olsun, hər zaman sevindirsin, dəyişməsin, sən də ona dəyişməsən. Türkan Şorayın bir filmi var. Kara Gözlüm. Yəqin ki çoxu baxıb. O filmə baxan əminəm ki, nə demək istədiyimi anlayacaq. Xoşbəxtlik para ilə, pulla olmur sevgi ilə, anlayışla olur. Sevilən insan, o sevgini hər zaman hiss edən insan, dəyər verilən insan xoşbəxtdir, pulu, var-dövləti olan yox.

27. Qadınların saxlaya biləcəkləri tək sirr, bilmədikləri sirrdir… – Gördüyünüz kimi qadınlar sirr saxlamamaqda günahlandırılır. Bu belədirmi?

– Razı deyiləm. Bunu hər qadına şamil etmək, ümumilikdə demək düzgün deyil. Çox qadın tanıyıram çox gözəl də sirr saxlayır. Elə özüm də sirr saxlamağı bacarıram. Demək istəmədiklərimi, etmək istəmədiklərimi nə demərəm, nə etmərəm. Əgər nəsə deyirəmsə də bunu bilərəkdən edirəm. Yəni ay çaşım, ya da bilmədən kiminsə sözünü, sirrini deyim bu olmayıb. Bundan sonra da olmaz İnşallah!

Ümumiyyətlə, nəsə fikir yürüdüləndə ümumi yürüdülməyini xoşlamıram. Necə yəni qadınlar sirr saxlaya bilmirsə, bütün kişilər sirr saxlaya bilir?.. Bu absurddur. Bir söz var kişilərin ulqumu var, onunçun ağzıbütövdürlər. O dövr çoxdan keçib, əzizim… Hər halda görürük… Nələrisə kişiyə, qadına ayırmaq heç də doğru deyil. Nə qədər insan tipi varsa o qədər də xarakter var. Və sirr saxlamaq da, ağzıbütövlük də, iradəli, dözümlü olmaq da, mənən güclü olmaq da qadın, ya kişi olmaqla deyil, bu tamamilə xarakterə bağlıdır. Xarakterin nə qədər güclüdürsə istər qadın ol, istər kişi mənən də o qədər güclü olacaqsan.

28. Dostayevski deyir: “Kişi çata bilmədiyi qadını lənətləyər, qadın çata bilmədiyi kişiyə “eşq” deyər. Sizin üçün eşq nədir?

-Qadın çata bilmədiyi kişiyə bəlkə də eşq deyər, çünki yaxşı bilirik ki, bəzən qızların, qadınların həyatı, seçimləri öz əllərində olmur. Yəni oğlanlar qədər, kişilər qədər azad deyillər. Ancaq inanmıram ki, əsl kişi, həqiqətən sevən kişi çata bilmədiyi qadını lənətləsin. Deyim ki, əlçatmayanlar, əli çatılmayanlar daha qiymətli, daha dəyərli olur…

Mənə görə insanin Allahına olan sevgisinin əsl adıdır Eşq. Mənim eşqim Allaha olan sevgimdir.

Qaldı ki yuxarıda bəhs edilən Eşq nədir sualına cavabım. Fikrimcə o hiss eşq ola bilər ki, səni Allaha yaxınlaşdırsın. Züleyxanın Hz. Yusifə hiss etdiyi eşq kimi məsələn. Nəfsi istəkdən ruhi sevgiyə keçid. Yaradılana olan sevgi səni Yaradana yaxınlaşdırmırsa demək o hiss etdiyin Eşq deyil!…

29. Gedənin arxasından baxmayın, yoxsa gələni görə bilməzsiniz… Çox baxmadınız ki, gedənin arxasınca?

– “Gitmek gerekir bazen. Fazla yormadan, daha çok bıktırmadan. Eğer vaktiyse ardına bile dönüp bakmadan. C. Yücel.”

Gedən mən olmuşam, bilmirəm arxamca çox baxıblar ya yox. Səbəbləri olub gedişlərimin. Boşu boşuna getməmişəm. Nə vaxt gedərəm bilirsiz? Qürurum sevgimə qalib gəldiyində. Artıq o insan üçün dəyərli olmadığımı anladığımda. Sevdiyim qədər sevilmədiyimdə. Ona olan güvənim öldüyündə. Sevgim isə hələm-hələm ölməz. Ağlımla ürəyimin mübahisəsində ağlım haqlı olduğunda, edilən səhvlərə, diqqətsizliklərə, gördüklərimə artıq gözlərimi bağlaya bilməyəndə. Nəhayət o insanın mənə ehtiyac duymadığını başa düşdüyümdə. Gedərkən canını ağrıtmayacağımı yəqin etdiyimdə. O zaman ardıma baxmadan gedərəm. Özü də səsli, küylü yox səssiz gedərəm. Canım yanar əlbəttə, ancaq dözərəm. Sevməyi tərgitmərəm, həyatımda olmasa da unutmaram. Sadəcə onsuzluğa alışdırmağa çalışaram özümü. Alışaram, alışmışam da. Ürəyimdə olsa belə artıq arzularımda, xəyallarımda olmaz.

Yanında ola-ola getdiklərim də olub…. Var ola-ola əslində yox olduğum da olub. Çünki vicdanım əl verməyib bütünlüklə getməyə… Bəzilərindən də ona görə tam gedə bilməmişəm ki, həm vicdanıma görə, həm də sevgim ölməsə də, qarşı tərəf bəlkə ölən güvənimi dirildə bilər deyə ümid etmişəm. Bəlkə də onunçun əvvəlki istilikdə ola bilməsəmdə bütünlüklə gedə də bilməmişəm.

Məndən tək bir insan gedib. Anam. O da məndən deyil, bu dünyadan gedib. Ölüm heç kimin əlində deyil ki…. Onu getdi deyə günahlandıra bilmərəm. Zatən məndən getməyib, hər zaman mənimlədir. Mən yaşadığım müddətcə də hər zaman mənimlə olacaq!…

30. Deyilənə görə həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda? Həyat hansı biridir sizin üçün? Ümumiyyətlə, nədir həyat?

-“Həyat sən nə şirinsən?!

Səndən doymaq olarmı?

Həyat sən nə şirinsən?!

Ancaq hamının deyil,

Sən həyatın qədrini

Yalnız bilənlərinsən!…

Özünü bu dünyada heç kəs qonaq sanmamış,

Ancaq ömrün özü də bərabər paylanmamış.

Ömür paylanan zaman görün kimə nə düşdü?!

Üç yüz il boz qarğaya, on il şahinə düşdü.

Həyat sən nə şirinsən?! Kim səndən doydu getdi?!

Gedənlər bu dünyada qəlbini qoydu getdi.

Dünən qoca bir qarı,

Dilində ahu-zarı “Bu dünyanın əlindən gəlmişəm zara”-dedi,

“Ölmürəm ki, bir dəfə canım qurtara “-dedi.

Ürəkdənmi söylədi o, bu sözü görəsən?

Xeyr inanmıram mən! O yana – yana dedi,

Dili söylədisə də,

Ürəyində o dərhal, “Lənət şeytana “-dedi.

Həyat sevincin qədər, əzabın da şirindir,

Səni mənalandıran o keşməkeşlərindir.

İki yüz il yaşadı ləzzət içində Loğman,

Yenə möhlət istədi, ölərkən Allahından.

Həyat sən nə şirinsən?!

Kim səndən doydu getdi?!

Gedənlər öz qəlbini dünyada qoydu getdi.

Səndən doymaq olarmı?!

Çoxun, azın da şirin.

Həyat qışın da şirin, həyat yazın da şirin.

Cürbəcür yazılar var, ömrün varaqlarında,

Həyatımın qayğısız, fərəhli çağlarında,

Qədrini bilməmişəm.

“Hələ nə varki… Ömrüm qabaqdadır” demişəm

Otuzdan adlayınca gündə otuz min kərə,

Başımı yelləyirəm hədər keçən illərə.

Səndən doymaq olarmı?!

Həyat sən nə şirinsən?!

Ancaq hamının deyil, S

ən həyatın qədrini, – Yalnız bilənlərinsən!..

Bəxtiyar Vahabzadə

Həyat nədir sualına hər rastladığımda bu şeri xatırlayaram. Həyat bir pəncərədir hər gələn baxıb keçər. Həyat, nazik bir sapdır doğumla ölüm arasında çəkilmiş bir sap. Həyatı kim necə yaşayırsa elə də düşünür. Xoşbəxt olan şirin bilir, bədbəxt olan acı bilir. Hekayəmdəki qəhrəmanımın dili ilə desək “Həyat da bir məktəbdir, öyrənə-öyrənə böyüyürsən, böyüyə-böyüyə öyrənirsən. Yaşın üstünə yaş gəldikcə, sinifdən sinifə keçmiş olursan. Həyat həm də çox zalım müəllimdir. Öyrətmək istədiklərini öyrətməyincə səndən əl çəkməz.” Həyat haqqında çox sözlər demək, çox sitatlar gətirmək olar. Mənə görə isə…. Həyat bir imtahandır əbədi olan dünyada yerimizi bəlirləyəcək bir imtahan. Həyat bir yoldur sonu ölümlə bitən. Amma ölüm son deyil əslində başlanğıcdır. Həyat bir körpüdür. Bu dünyadan o biri dünyaya bir körpü.

Həyat nə olursa olsun, nə yaşayırıqsa yaşayaq, necə yaşayırıqsa yaşayaq yenə də gözəldir, yaşamasını bilənə…. Bir mahnıda deyildiyi kimi.. “Hər şey gözəldir həyatda, sən bu gözəlliyi anlaya, duya bilsən, Hər şey gözəldir həyatda, özün bir zərrə gözəllik yarada bilsən….” Əslində həyatın gözəl və ya çirkin, komediya və ya faciə, ya da dram olması bizim öz əlimizdədir… Necə düşünürüksə elə də yaşayırıq, necə yaşayırıqsa həyatı da o cür görür, o cür də bilirik.

Az müddətdə tanımağınıza baxmayaraq məni də müsahibiniz olaraq görmək istədiyiniz üçün, təklifiniz, fikirlərimə verdiyiniz dəyər üçün təşəkkür edirəm. İnşallah müsahibəm yorucu deyil, maraqlı olar.

Müsahibə üçün sizə bir daha təşəkkür edirəm 💐

 

17/03/2017 tarixində Yazılarım içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 17 Şərh.

  1. Çox təşəkkür edirəm sizə, Selcan. Mən ruhən dincəldim bu müsahibə ilə. Tanışlığa şad olduqlarımdan oldunuz.:)

    Bəyən

  2. Hər tanışlıq mənimçün xoşdur, insan ona nə qədər nemət verildiyinin fərqində olur inşəAllah. Bu tanışlıqdan da məmnunam. Bəzi xüsusiyyətlərini sevdim, amma müsahibədə bir az təkəbbürlük hiss olunur. İnşəAllah ki mən yanılıram.
    Təşəkkür edirəm sizə, Sevinc.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Men size teşekkür edirem Sevinc xanım. Çox şad oldum. Menim üçün de bir yenilik oldu. Suallarınız çox maraqlı çox düşündürücü suallar idi. Deyimki suallarınız sayesinde özümü bir daha tanıdım, uşaqlığıma qayıtdım, bir neçe gün xatirelerin tesiri altında oldum. Öz içime baş vurdum sayenizde.. Teklifiniz ve deyerli fikirleriniz üçün çox teşekkürler. Allah razı olsun. Her şey könlünüzce olsun!🙏😘

    tərəfindən bəyənildi 1 şəxs

    • Xoş gəldiniz, Selcan ☺️💐🌸🌷🌹 Cümləmizdən razı olsun inşAllah.

      Bəyən

      • Canım ezizim geçen xeyir.musahibiniz olaraq deyer veridiyim gözel dost bildiğim Selcanın seçmeyiniz ilk eşitliğin günden mene xos tesurat bağışladı Cox sevindim çünkü tanıdığım deyer veriyim insanı yeniden tanımaq belkede hec tanımamiwam yeniden kewf edeceyem deye sevinç yaşadim.Cox Cox sağ olun gözel.SEVİNCİM şekilde Cox gözel Selcani tanımaq cox gözel ve burda olmaq sizin,Selcanin ve burda deye veridiyin dostlarımla bir arada olmaz çok çok gözel inistaya gelince orda da yazacam İnşallah ❤

        Bəyən

  4. Axsamin xeyir ureyim💖💖💖yene hemišeki kimi geniş mentiqli bir musahibe.Musahibinizi tanimiram demiyecem, çunki mentiqiyle özunu tanitdi bize.Cox beyendin doğrusu.Bilirsiz her qelbi dillendirmek asan deyil.Allah sizi ele bir ince ruhda yaradib ki, hec kim bigane qala bilmir sizin qaršinizda.Her qelbi dindirmeye mukemmel urek lazimdi.Bax buna gorede ureyim deyirem sene.Ureyin cox temiz ve safdir.Belkede anan seni menim ücun doğurmuş.Opdum her ikinizide.Bir birinizi tamamlamisiniz bu musahibede.Ugurlar ikinizede.🌷🌷🌷🌷🌷💋💋💋💋💋💖💖💖💖

    Bəyən

    • Axşamın xeyir, mələyim, xoş gəldin balaca evimə sən. 😘😘😘❤️❤️🌹🌹 Qurban olum o anaya ki, səni dünyaya gətirib, qurban olum öz anama ki, məni səninçün doğurub 😘😘😍😍😍🙈🙈🙈🙈

      Bəyən

    • Her vaxtınız xeyir. Diqqetiniz deyerli fikirleriniz üçün teşekkürler size. Allah razı olsun.. Var olun 🌹❤😘

      Bəyən

      • Canım Selcanim deyerli dostum yaxşı ki sen varsan.menim sene hormatım deyerim cox boyukdu…bu hormet seni tanımadan kimliyini bilmeden var idi.amma indi seni tanıyaraq beslediyim hormetim oldukça çoxaldı..qelbini insanligini ve Selcan olaraq temiz bir dostu tanıdığım üçün Allahım şükür ettim.Canım dostum men son zamanlar herkesden uzak ola bilerem komett yazmaya bilerem instada olmayada bilerem ama bunlar sevgime dostluğuma hormetme engel deyil.SENİ ÇOK İSTEYEREM.musahibene fikirlerine xasiyyetine hislerine yaşadığın xatirlerine öz fikrimi yazacam.❤

        Bəyən

  5. Wukur oxuyub bitirdim.. ureyim coox sagol gozel suaallara gore.hemiweki kimi suallar super.duzdu bu suallari duwunub yazmagin bizim aramiza mesafe salir, ama bu musahibeler de bitecek birgun😊😊😊😋😋 Selcan xanima da cox tewekkur edirem bele gozel geniw cavablara gore..insan oxuduqca dincelir👏👏 butun cavablar gozel mentiqli idi.biri birinden anlamli👏👏 bu arada memim qardawimin oglunun da adi Rauldu..Raullarin hamisi baldi bal😍😍Allah saxlasin butun balalari😋😋😋🌹🌹🌹🌹

    Bəyən

    • Can çox Şükür bitire bildin) Çox sağ ol diqqetin deyerin üçün. Ne yaxşı Allah saxlasın Allah qorusun Raulumun adaşını..Allah bütün körpeleri, uşaqları saxlasın. Atalı analı sağlam canla böyüsünler her biri. Allah bextlerini gözel etsin. Amin! Teşekkürler can Allah razı olsun🙏🌹

      Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...