Muğam bir xəzinədir, açarıdır duyğular…

image

Musiqi dünyasında əsrarəngiz duyumu, üslubu, məna dərinliyi ilə fərqlənən muğam Azərbaycan incəsənətinin özəli, təməli sayılır. Dünya musiqiləri içində özünəməxsus yeri olan muğamlarımız Azərbaycan adını çoxlarına tanıtmağa nail olubdur. Məşhur alman bəstəkarı Bethovenin gözəl bir fikri var: “Ruhumu riqqətə gətirən musiqi bənzərsiz çiçəklərin açdığı və alaq otlarının cücərə bilmədiyi bir diyara oxşayır; təəssüf ki, bunu anlayan insanlar çox azdır”. Bəli, muğam da belədir. Təəssüflər olsun ki, bir neçə il geriyə dönüb baxanda muğamın az qala unudulacağının şahidi olduğumuzu hamımız xatırlayacayıq. Amma çox hörmətli Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə qulağımız yenidən bu gözəl musiqi ilə musiqiyə doymağa qovuşdu.  Musiqi çox dərdin dərmanıdır, amma bəzi musiqilər var ki, nəinki bayağı olması ilə ruhumuzu sarsıdır, həm də dinləməyin özü belə günah sayılacaq dərəcədə haramdır. Əgər kimsə muğamı dinləməkdən imtina edib, ya da muğamı tamamən rədd edib digər musiqilərə üstünlük verirsə və həm də: “mən incəsənət vurğunuyam” deyirsə, onun zərrəcə nə zövqü, nə də musiqi duyumu var sanıram. Bir musiqinin ki, sevilməsini, yaddaşlarda həkk olunmasını bizə Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Əhməd Bakıxanov, Bəhram Mənsurov, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Fatma Muxtarova, Əbülfət Əliyev, Hacıbaba Hüseynov, İslam Rzayev, Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov, Aygün Bayramova, Nəzakət Teymurova, Könül Xasıyeva, Mələkxanım Əyyubova, Təyyar Bayramov, Qoçaq Əsgərov, Babək Niftəliyev, Ehtiram Hüseynov, Güllü Muradova, İlkin Əhmədov, Mustafa Mustafayev və adlarını çəkmədiyim digər dəyərli sənətkarlar və sevilə-sevilə dinlənilən, gələcəkdə sənətkar adı ilə məşhur olacaq xanındələrimiz çatdırıb və çatdırırlar bu musiqi necə sevilməyə bilər ki?..
Bəxtiyar Vahabzadə muğam üçün çox gözəl demişdir:

Muğam bir xəzinədir, açarıdır duyğular,
Muğamda sevinc də var, muğamda kədər də var.
Muğam mənim xalqımın misilsiz kamalıdır,
Tarixidir, eşqidir, arzusu, amalıdır.
Tar səsinə qulaq as,
Bu səs elin nəfəsi,
Bu səs gözlərdən axan yaşların damcı səsi.
Bu səs sükuta dalmış göyü də dinləndirir,
Ulduzlar da bu səsin önündə baş endirir…

Bu gün muğamdan danışmağımın özəl səbəbi var. Mən bir çox incəsənət xadimləri haqqında yazı hazırlamışam. Bu yazını da hazırlamağı özümə borc bildim…Bir zamanlar bir səs vardı, Azərbaycan incəsənəti, muğam dünyası üçün bu səsin dəyəri, qiyməti çox böyük idi. Səsindəki avaz, zəngulə, ürəyəyatımlılıq bu səsin çox zirvələr fəth edəcəyindən xəbər verirdi. Amma nədənsə hər şey yarım qaldı…Gəlin bir az keçmişə dönək:

1958-ci ilin baharı idi. Cənnətməkan olan Qarabağda, Füzuli rayonunun Merdinli kəndində dünyaya bir körpə göz açdı. İlk səsində, ilk ağlamasında belə muğamın, segahın gizli notu gizlənmişdi elə bil. Qarabağın hansı daşını qaldırsan, altında bir not gizlənib deyirlər. Bəlkə də havasından, bəlkə də suyundandır bu yerdə doğulanlara İlahidən xoş avaz pay göndərilib. Kim bilə bilərdi ki, gözünü açdığı ilk gündən muğam üstə ağlayan bu körpənin səsi illər sonra səhnələri, konsert salonlarını dolaşıb dinləyicilərin ruhunu oxşayacaq? Kim bilərdi ki: “oxuyur “Muğam” teatrının solisti Zahid Quliyev” anonsunu gözləyən minlərlə tamaşaçı olacaq?!..
Onun ecazkar səsə sahib olması idi ki, məhz tərəddüd etmədən yolunu İncəsənət institutuna saldı. Ali təhsilini başa vurduqdan sonra təyinatla Opera və Balet Teatrında işə başladı. Bir müddət burda çalışdıqdan sonra, bir neçə sənət yoldaşı ilə bərabər, çiyin-çiyinə “Muğam” teatrının təməlini qoymaq üçün əllərindən gələni əsirgəmədilər. Hətta bir neçə müddət sənət yoldaşları ilə bərabər bu teatrda təmənnasız olaraq çalışdılar.
Mənim uşaqlıq illərimə təsadüf etsə də, yaddaşımda bu teatrın ifaçıları çox gözəl qalıb. Çünki həm geyim, həm də ifa baxımından çoxlarından fərqlənərdilər. Onların içində isə Zahid Quliyev xüsusilə fərqlənirdi. Avazında bir Xan yanğısı vardı. İlahidən ona verilən bu nemətin qədrini bilmiş olsaydı, indi incəsənətimizin ən ali mərtəbəsində olacaqdı. Şəxsən öz adımdan deyirəm, çox təəssüf edirəm ki, Zahid Quliyev kimi bir ifaçı bu sənətin arxasınca getmədi. Bu gün Azərbaycan incəsənəti bir istedadlı muğam ifaçısını itirmiş sayılır. Bu gün oxusaydı, milyonlarla pərəstişkarı olacaqdı. Bu gün muğamsız qalmasaq da, bir gözəl ifadan məhrum olmuş sayılırıq…
…Bəlkə də heç nə üçün gec deyil. Səs həmin səs, ifa həmin ifadırsa niyə yenidən səhnəyə qayıtmayasınız? Bu gün doğum gününüzü qeyd edirsiniz. Ömrünüzə 59-cu bahar qədəm qoyur. İlk əvvəl sizə möhkəm can sağlığı, xoşbəxtlik, əmin-amanlıq arzu edirəm. Bir də yenidən səhnəyə dönüşünüzü istərdim. İtirdiyiniz illərin hesabatı gözləyir sizi. Bəlkə sizin də ürəyinizdə bəzən gizlin, kimsəyə deməyəcəyiniz şəkildə yenidən bu səhnəyə qayıtmaq hissi baş qaldırır. Bəlkə qarşınızı “məni qınayarlar” – sözü kəsir. Amma heç nə üçün gec deyil. Sizin səsiniz sıradan bir səs deyil ki, buna biganə qalınsın. Qayıdın və sevindirin bir zamanlar sizi sevə-sevə dinləyənləri. Bu gün Qarabağ həsrəti çox adamın ürəyində qübara dönüb. Bu gün 20 ildən çoxdur ki, qarabağlılar yurd həsrəti yaşayır. Qayıdın, səsinizin zənguləsi bəlkə dərdimizə məlhəm ola…qayıdın, o səsin sehri xatirələrin həzin laylasıdır bəlkə də…qayıdın, o səs Qarabağın zəfər nəğməsi olub tarix yazacaq bəlkə də?!… Qarabağ xatirinə, yurd xatirinə, itirdiiklərimiz xatirinə yenidən dönün bu sənətə.
Əziz dostlar! Bu gün arxivi araşdırıb Zahid Quliyevin bir neçə səsyazmasın ancaq tapa bildim. Və istəyirəm ki, siz də vaxt ayırıb bu səsə qulaq asasınız. Dəyərli fikirlərinizə ehtiyac duyacam, bunu məndən əsirgəməyin, lütfən…

Advertisements

10/03/2017 tarixində Yazılarım içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: