Qabusnamə (9-cu fəsil)

image

Doqquzuncu fəsil
QOCALIQ VƏ CAVANLIQ QAYDALARI HAQQINDA

Ey oğul, cavan olsan da qocaağıl ol. Demirəm ki, cavanlıq etmə, lakin özünü ələ ala bilən cavan ol, dağınıq və ölüvay cavan olma, diribaş cavan yaxşı olar. Filosof Ərəstu demişdir: “Cavanlıq da dəliliyin bir növüdür, ona görə cavana dəliqanlı deyirlər”. Bundan əlavə süst cavan olma, diribaşlıqdan bəla törəməz, amma süstlükdən törəyər. Bacardığın qədər cavanlıqdan istifadə et, qocaldıqda özün bacarmayacaqsan. Necə ki, bir qoca kişi demişdir: “Cavanlığımda yaman fikir çəkirdim ki, heyf, qocalığımda gözəllər məni sevməyəcəklər, indi qocalmışam, mən özüm onları istəmirəm”. 

B e y t
Böyük tanrım, coşqun cavan çağımda
Gecə, gündüz bu idi fikrim, sözüm:
Qocaldıqda kim sevəcəkdir məni?
Qocalmışam indi, sevmirəm özüm!

      Nə qədər cavan olsan da, izzətli və böyük Allahı unutma, heç vaxt ölümdən arxayın olma, çünki ölüm qocalıq və
cavanlığa baxmır. Bu barədə Əscədi belə demişdir:

Yaşla olsa idi ölüm, hər zaman
Qocalar ölərdi, ölməzdi cavan!

      Bil ki, doğulan mütləq öləcəkdir. Eşitmişəm ki:
Hekayət. Bir şəhərdə bir dərzi var idi. Bu dərzi şəhər dərvazasının yanında dükan açmışdı. Qəbristanlığın yolu bu
dükanın qabağından keçirdi. Dərzi mıxdan bir kuzə asmış və adət etmişdi ki, hər cənazə şəhərin darvazasından çıxarılanda, o kuzənin içərisinə bir daş salsın. Ay qurtardıqda kuzənin ağzını açıb daşları sayar, neçə adamın öldüyünü bilərdi. Sonra kuzəni boşaldar və yenidən daş salmağa başlardı. Bir gün çatdı, dərzi özü də öldü. Bir kişi dərzini çağırmaq üçün gəldi, onun öldüyünü bilmirdi. Dükanı bağlı gördükdə qonşusundan soruşdu: “Dərzi hardadır ki, qapısı bağlıdır?”. Qonşusu cavab verdi: “Kuzədə”.

Ey oğul, ayıq ol, cavanlığına qürrələnmə. İstər taətdə ol, istərsə mə’siyətdə, hər vəziyyətdə olursan ol, lakin o
böyük yaradandan çəkin və bağışlanmanı istə, həmişə ölümdən qorx ki, ağır günahlarınla birlikdə dərzi kimi qəflətən kuzəyə düşməyəsən.
Həmişə cavanlarla oturub durma, hərdən bir qocalarla da gəlib-gedişin olsun. Dost və aşnalarını həm cavan və həm qocalardan seç. Cavanlıq edib nalayiq bir iş görmək fikrinə düşsən qocalar ona mane olarlar, çünki qocaların bildiklərini cavanlar bilə bilməzlər. Hərçənd qocalara sataşıb gülmək cavanların adətidir, qocaların cavanlığa ehtiyacı olduqları üçün onları bu səbəbə görə ələ salıb hörmətsizlik etmək cavanlara yaraşmaz. Əgər qocalar cavanlıq arzu edirlərsə, cavanlar da, şübhəsiz, qocalıq arzusunda olarlar. Qocalar cavan olub, onun bəhrəsini də görüblər, lakin cavanların vəziyyəti daha çətindir, onlar bu arzuya çata da bilərlər, çatmaya da bilərlər. Diqqətlə baxsan, hər ikisinin bir-birinə ehtiyacı vardır. Hərçənd cavanlar özlərini hamıdan ağıllı, çoxbilən hesab edirlər, sən belə cavanlardan olma və qocalara hörmət et, onlara nalayiq sözlər demə, qocaların cavabı ağır olar.
H e k a y ə t. Eşitmişəm, yüz yaşlı bir qoca varmış, beli bükülmüş, qəddi kaman tək əyilmiş, əsayə təkyə edərək
gəlirmiş. Bir cavan onu ələ salmaq üçün deyir: “Ey şeyx, bu kamanı neçəyə alıbsan, de mən də alım”. Qoca deyir: “Əgər ömrün olsa, səbr etsən, onu sənə havayı bağışlayarlar”.
Nə qədər ləyaqətli və iste’dadlı olsan da, yüngülbeyin qocalarla oturub durma, ağıllı-kamallı cavanlarla həmsöhbət olmaq yüngül qocalarla həmsöhbət olmaqdan yaxşıdır. Nə qədər cavansan cavanlıq et, qocaldın-qocalıq. Bu barədə iki beyt də mən demişəm:

B e y t
Dedim ört qapını, buyur otağa,
Könlümə hakim ol, qəlbimə ağa!
Dedi: “Get ağ saçı tutdur boyağa,
Qocaldın, qoca ol, qoyulma lağa!”

       Cavanlara qocalıq yaraşmadığı kimi, qocalara da cavanlıq yaraşmaz. Qocalıqda cavanlıq eşqinə düşən məğlubiyyət zamanı qələbə şeypuru çalana oxşar, necə ki, mən “Zöhdiyyat”da
demişəm:

“Qoca vaxtı eşqə düşüb cavanlığa başlamaq Məğlub ikən zəfər təbli çalmaq kimi bir işdir. Şıltaq qoca olma. Deyiblər ki, şıltaq qoca daha pis olar. Murdar şıltaq qocalardan özünü gözlə. Qocalığa qarşı cavanlığa
nisbətən daha lütfkar ol! Çünki cavanın hələ qocalmaq ümidi var, qocanın isə ölümdən başqa bir gözləməsi yoxdur və başqa bir şey gözləyə də bilməz. Ona görə ki, sünbül ağardıqda onu biçməsələr özü tökülər, eləcə də meyvə dəydikdə dərilməsə özü düşər. Mən bu barədə demişəm:

B e y t
Əgər taxtın ayaqların ay üstünə belə qoysan,
Süleyman tək dövlət və bəxt sahibi də əgər olsan,
Ömrün başa çatan zaman, gərək yükü bağlayasan,
Çünki meyvə yetişdimi ağacda saxlayanmazsan!

Əli Əmirəlmö’minin də (Allah ondan razı olsun) demişdir: Ömür axıra yetəndə tez görünər nöqsanı, Elə ki sona çatdı, tərk eyləyər insanı.
Onu da bilməlisən ki, səni həmişə olduğun kimi qalmağa qoymayacaqlar. Hisslərin kardan düşməyə başlayanda, görmə, danışma, eşitmə, qoxu bilmə, toxunma və dad bilmə qapıları sənin üzünə bağlananda nə sən öz həyatından bir ləzzət alacaqsan, nə də xalq sənin varlığından razı qalacaq, camaata yük olacaqsan. Belə yaşamaqdansa, ölmək yaxşıdır.
Lakin elə ki qocaldın, gərək cavanlıq hoqqabazlıqlarından əl çəkəsən, çünki ölümə yaxın olduqca cavanlıqdan bir o qədər uzaqlaşırsan. İnsanların ömrü günəş kimidir: cavanların günəşi şərqdə, qocalarınkı isə qərbdə olar. Qərbdə olan günəşi isə batmış hesab et. Mənim dediyim kimi:

B e y t
Qocalığın əlində acizdir dünya şahı,
Sinn altmışa çatdımı, demək yaxındır səfər.
Gündüz namazı keçmiş, gəlmişdir əsr namazı,
Əsr namazı getdimi, gecəninki tez gələr.

Buna görə qoca cavanlıq fikrinə düşüb özünü cavan kimi aparmamalıdır. Həmişə qocalara qarşı mərhəmətli ol, çünki qocalıq elə bir xəstəlikdir ki, heç kəs onu yoluxmağa gəlməz, elə bir dərddir ki, ölümdən başqa heç bir həkim onu sağalda bilməz. Ona görə qoca ölməyincə canını əziyyətdən qurtara bilməz, hər xəstəlikdə yaxşılaşmaq ümidi var, qocalıqdan başqa. O hər gün ağırlaşar və yaxşılaşmaq ümidi olmaz. Bir kitabda oxumuşam ki: “Adam otuz dörd yaşına qədər hər gün boyca və qüvvətcə artar, otuz dörddən qırx yaşa qədər olduğu kimi qalar, artıb əksilməz
(Günəş də zirvəyə çatdıqda batana qədər yavaş hərəkət edir), qırxdan əlliyə qədər hər il keçmiş ilə nisbətən özündə daha çox zəiflik hiss edər, əllidən altmışa qədər hər ay keçmiş aylara nisbətən daha çox zəifləməyə başlar, altımışdan yetmişə qədər hər həftə keçən həftəyə nisbətən daha çox gücdən düşər, yetmişdən həştada qədər hər gün özünü dünənə nisbətən daha pis piss edər. Əgər həştaddan çox yaşasa, saatbasaat dərdi və əziyyəti artar”.
Nərdivanın pilləsi qırx olduğu kimi, ömrün də həddi qırx ildir, pilləkənın kəlləsində yuxarıya yol tapa bilmədiyin üçün qalxdığın yolla yenə də aşağı enməyə məcbur olacaqsan.
Hər saat dərd və əziyyətinin üstünə yeni ağrı və sancı artan bir adam şadlana bilərmi?
Ey oğul, görünür, qocalıqdan sənə çox şikayət etdim. Nə etməli? İnsanlar qocalıqdan çox gileylənərlər və bu heç də
təəccüblü deyildir. Çünki qocalıq düşməndir, düşməndən isə şikayət edərlər. Necə ki, mən demişəm:

N ə z m
Ondan şikayət etsəm, təəccüblənmə məndən,
O mənim duşmənimdir, giley olar düşməndən!

     Ey oğul, mənim ən yaxın dostum sənsən, düşməndən isə şikayəti yalnız dostlara edərlər. Allah qoysa, sən də mənim kimi bu şikayəti öz övladının övladına edəcəksən. Bu barədə mənim iki beytim də vardır:

B e y t
Qocalıqdan, ah, kimə edim şikayət?
Sənsən dərman bu dərdə, digəri yoxdur.
Ey qoca, gəl, dərdimi söyləyim sənə,
Cavanların bu dərddən xəbəri yoxdur.

Odur ki, qocalığın iztirabını qocalardan başqa heç kəs başa düşməz.
H e k a y ə t. Atamın hacibləri içərisində bir hacib var idi, ona Kamil hacib deyərdilər, yaşı həştadı keçmiş bir qoca idi, at almaq istəyirdi. Mehtər ona bir cins at gətirdi, rəngi gözəl, özü kök, əliayağı düz idi. Haçib atı gördükdə bəyəndi, qiymətləşdilər, lakin dişlərinə baxdıqda, qoca olduğunu bildi, almadı, başqa birisi aldı. Mən ona dedim: “Ey hacib, filankəs alan atı sən nə üçün almadın?” Dedi: “O cavan bir adamdır, qocalıqdan xəbəri yoxdur, o at isə zahirən cözəldir, əgər elə adam belə bir ata vurulursa, üzrlü hesab edilə bilər. Lakin mənim qocalıq əzab və əziyyətindən xəbərim var, qocalığın nə olduğunu bilirəm, qoca at alsam, bu, mənim üçün üzrlü sayılmaz”.
Ey oğul, çalış, qocalıqda bir yerdə özünə məskən sal. Qocalıqda səfərə çıxmaq yaxşı iş deyildir, xüsusilə yoxsul üçün. Çünki həm qocalıq düşməndir, həm yoxsulluq. İki düşmənlə yola çıxmaq isə ağıllı adama yaraşmaz. Lakin əgər təsadüfən və ya zərurət üzündən səfərə çıxmalı olsan, Allah-taala sənə rəhm edib qürbətdə işini düz gətirsə, bu, bir yerdə oturub qalmaqdan yaxşıdır, belə halda öz doğma yurdunun havası başına vurmasın, harada işin düz gətiribsə, orada da özünə məskən sal. Harada sənə yaxşı keçirsə, oranı da özünə vətən hesab et. Doğrudur deyiblər ki, “Vətən ikinci anadır”, lakin buna çox da aludə olma və öz işlərinin yaxşı getməsinə çalış. Deyiblər ki, “xoşbəxtləri
xoşbəxtlik özü çəkər, bədbəxtləri isə doğma yurd”. Lakin elə ki, işlərinin yaxşı getdiyini gördün, əlinə faydalı bir peşə keçdi, çalış onu əldən buraxma, özünü orada möhkəmlət. Elə ki, möhkəmləndin, artıq şey tələb etmə, qorx ki, artıq əvəzinə, azlığa düşməyəsən! Deyiblər: yaxşı qoyulmuş şeyi daha yaxşı qoyma ki, artıq tamahlıq üzündən daha pis vəziyyətə salmayasan. Lakin gün keçirib dövran sürməkdə başı pozuq olma. İstəyirsən dost-düşmən gözündə qədir-qiymətin olsun, gərək xalq arasında əsil-nəsəbin, dərəcə və rütbən aydın olsun. Avara həyat keçirmə, öz yaşayışına fikir ver, ifrata varma.

07/03/2017 tarixində Birlikdə öyrənək içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 1 Şərh.

  1. Neçə gündür fürsət axtarırdım ki, “Qabusnamə”nin bu parçasını oxuyum, bu günə qismətmiş və gözlədiyim qədər varmış.
    Paylaşdığınız üçün çox təşəkkür edirəm, Sevinc 🙂

    Bəyən

Sonayın maması üçün bir cavab yazın Cavabı ləğv et