Yoxluğunu bilə-bilə…

image

Yoxluğunu bilə-bilə yolunu gözləmək var. Alışmaq var sənsizləyə. Əslində alışmaq deməzdim, məcbur barışmaqdı bu. Gedişin o qədər gözlənilməz oldu ki…heç gözləmədiyim zamanda tərk elədin məni. Məndən getdin sən, bəlkə də yoxluğun mənim qədər heç kimi yandırmadı. Ümidim idin, güman yerim idin…itirdim hamısını. Gedişin səni aldı məndən, yoxluğun xoş günlərimi əlimdən. Sən olsaydın hər şey tamam başqa cür olacaqdı. Sən olsaydın çiynimdəki qalaq-qalaq yükün altında bu qədər əzilməyəcəkdim.  Sən olsaydın gözlərimdəki o xoşbəxt gülüş buz tutmayacaqdı, sən olsaydın ömrümün bahar çağında saçıma qarlar ələnməyəcəkdi, sən olsaydın mən xoşbəxt olacaqdım bəlkə də…bəs onda niyə getdin? Necə qıydın sənsiziliyin odunda kül olmağıma? Necə qıydın için-için ağlayıb səni axtardığım gecələrimdə axıtdığım göz yaşlarıma? Necə qıydın, necə? Sənki məni hər kəsdən çox istəyirdin…bu gecə səhəri nəmli gözlərimlə açdım, bu gecə Allahımdan yalvarıb səni istədim. Səhər oyananda başımın üstündə durasan deyə çox yalvardım. Qaytar onu mənə, Allahım, qaytar deyib için-için hönkürdüm…amma gəlmədin, yenə ümidm qırıldı, yenə sənsiz qaldım, yenə sən adlı sənsizliyə məhkum buraxdın məni…
…15 ilin acısı var ürəyimdə. Düz 15 ildir qulağım səsdə, gözüm yoldadır. Geri dönüşün mümkünsüzlüyünü bilə-bilə səni gözləyirəm. Bircə dəfə qapımdan gir, bircə dəfə gözlərinə yenə baxım. Bircə dəfə boynuna sarılım, bircə dəfə köksünə uşaq kimi sığınım, tək bircə dəfə gözümə görün. Bircə dəfə gözlərimin içinə bax, içindəki kədəri gör, o şıltaq gözlərin necə solduğunun şahidi ol özün…Bəlkə onda bilərsən sənsiz nələr yaşadığımı…heç kim doldura bilmədi yerini, heç kimdə tapa bilmədim sənin sevgini. Sığına bilmədim heç kimə sənə sığındığım kimi, ürəyimdəkini açıb danışa bilmədim kimsəyə, kimsə sən ola bilmədi mənə. Oysa sən danışmadan belə duyardın məni…O qədər yandım ki, sənsizlikdən, içimdə həsrətin tüstüsü qalaq-qalaqdır indi…gizli-gizli özümü yandırır ancaq…Gözü yolda qalmaq yaman dərddir…tək qalanda uşaq kimi o qədər hönkürüb ağlayıram ki. Göz yaşımı gizlədirəm hər kəsdən. Təkliyimi hiss etdirməmək üçün…güclü göstərməyə çalışıram özümü, yoxluğundan istifadə edib sındırmasınlar deyə məni. Deyirlər övlad anadan yetim qalar. Amma mən sənsizlikdən yetim qaldım, kimsəsiz qaldım, gözümün dərinliyinə sənsizlik çökdü, izini ürəyimdə buraxdı. O qədər ehtiyacım var ki, sənə…bircə bilsəydin…kaş ki bilsəydin. Ağlamağıma qıymazdın heç vaxt, bəs niyə gözümün yaşını leysan etmisən indi? Üzün məndən yaman döndü, birdəfəlik getdin həyatımdan. Heç yuxularıma da gəlmirsən neçə müddətdir. Yuxumda təsəlli olardın mənə, ürək-dirək verərdin, hər şey yaxşı olacaq səbirli ol, dözümlü ol deyərdin… Bilirəm gileylisən məndən, haqqın da var, amma nə olar bircə küsmə, incimə məndən. Hər kəs səni anmaq üçün toplaşıb. Bircə mən yoxam, yenə sənsizəm…ruhuna da həsrətəm, özünə də…Əlimdə əlac olsa baş daşının yanında açaram səhərlərimi…qəbrinə sarılıb günlərlə yalvarsam dönəcəksənmi?..küsmə məndən, atacan, küsmə yalvarıram…yanına gəlməyi çox istəyirəm, hər şeyi yarımçıq qoyub sənli dünyada olmaq keçir ürəyimdən. Gəl apar məni buralardan, gəl al məni dərdlərimin əlindən, ay Ata… Kənardan baxan üçün o qədər xoşbəxtəm ki…amma mən heç xoşbəxt olmadım ki…
…Getmə deyəcək qədər gücüm olmadı zamanında, nə də səni həyata qaytaracaq qüvvəyə sahib deyildim. Həyatın qanunudur deyirlər: bir gün yaranan, bir gün də getməlidir. Amma zamansız getməyəydin gərək. Arxanda bir ömür gözüyaşlı birini buraxıb gedəcəkdinsə, gərək doğulmayaydım mən…

Qayıt yollarına qurban olduğum
Qayıt, o sevginə həsrətəm indi.
Nə yaman ağırmış yükü taleyin
Bəlkə də dönükmüş bəxtimin üzü.

Elə qəribsəyib, elə dolmuşam
Könlümə bir ata öyüdü düşüb.
Yorulub qalmışam yol ayrıcında
Yadıma atalı günlərim düşüb.

Ümidim, pənahım, qibləgahımsan
Qayıt, yollarna qurban olduğum.
Elin ağsaqqalı, yol göstərəni
Qayıt, dərdlərimin gərəyi, qayıt…

Advertisements

28/02/2017 tarixində Yazılarım içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.

  1. Sabahin xeyir gozel ureklim 🌹Meqaleni oxudum cox tesir etdi mene ,menim de atam 15 ildir rehmete gedib.Allah dunyadan kocen ezizlerimize rehmet etsin,sanki menim hisslerimi qeleme almisan,oxuduqca ele bilki sene daniwmiwam kimi geldi mene.Atasiz dunya soyuq iwiqsiz bir evdir,anami 20,atami 15 ildir itirmiwem ancaq qoxusu burnumdadi anamin atamin ele bilirem indice qapidan girecekler.Allah atana rehmet etsin nur icinde yatsin cox cetindir,ancaq neynemek olar Allah bilen meslehetdir wukur Allahin meslehetine.

    Bəyən

  2. Adam qəribə vəziyyətdə olur: nə yoxluğunu qəbul edə bilirsən, nə də ki varlığını.
    Allah səbir versin, Sevinc.

    Bəyən

  3. Sevincim, heç ne ile tesselli vermek mumkun deyil bu acılara.Yaśamišam mende bu acini eyniyle 15 ildir gözum qapıda mamamı gözluyurem.Canim indi bildim men fevral ayin sevmirem deyende niye sen ele men de dediyini.Qizlar nedense en cox atalarin severler, atadir onlsri şıltaq, erköyun, urekli, delisov, besleyen cunki.Kimse seni incide bilmez o var olanda, kimse sene bu paltari geyme deye bilmez o var olanda,bir szle odur sene her an yašil işiq yandiran.
    Duzdur bu sozu mende cox ešitmişem ki, uşaq anadan yetim qalir, amma menim atam 15 ildir hem ana oldu bize hemde ata.Hec neyin olmasin, pulun, varin, lap yemeye bir tike cöreyin de olmasa urekli olursan ata yaninda.Atasiz heyatin ömrune yazilmasin istersen.Saatlarla baxrsan sonsuz semalara belke ilahi bir mcuze olacaq deye.Bilirsen ki mumkunsuzdur, yene gøzleyersen her kesden gizlin olaraq.Bilseler sene ya gulecekler, ya uşaq, ya da deli deyecekler axı….. Qumsal bir sehra duşun, ucsuz bucaqsiz, gedirsen orda arzularinin dalinca. Yorulassan, susuzdayassan yene davam etmek isteyassen.Ureyin helede getmek istryinde olmasina baxmayaraq, ayaglarin batir bu qumlu sehrada, ayaqqablarin dolub agirliq eliyir sene. Yolunsa cox cox uazqdi.Bax budur atasiz heyat, bax budur donmeyeceyini bilerek gözlemek, bax budur belke tapdim ureyimi boşaltdim deyib yola cixmaq.Belke gözumun yaşini siler xeyallarin.
    Yuxularin tek tessellin olar senin, oyanmaq istemezsen, herden de tez yataqina qacarsan belke yene geldi umidiyle.Eehhhh amma imkansizdi butun bunlar,Sevincim.
    Allah rehmet elesin, mekani cennet olsun.Tek qazandiglari boyudub boya basa catirdiglari övladlaridi.Bu gun eger onlarin adlarini serefle, leyaqetle daşiyiriqsa ne xos onlara ki bizim kimi övlad terbiyelendiribler.
    Min defe şukurler olsun allahin sene bexš etdiyi övladlarina.Duzdur ne qardaş, ne baci, ne ovladdan sene ata-ana olaz.Atan arxan var demekdi.Yende šukr etmeliyik.Sen özunu gunahkar bilme….men her qebir uste getdilimde anamdan ayirmadim atani,her ikisinin ruhuna dualar oxuyuram, oz adimdan da, senin adindan da.Cunki her ikisi menincun birdi😢😢😢😢😢😢😢😢

    Bəyən

    • Səndəmi 15 ildi gözü yoldasan? 😢😢 Allah rəhmət eləsin anana, mələyim.
      Atam məni hər kəsdən fərqli istəyərdi, ərköyünlüyün nə olduğunu da, sevgini, sevinci də onunla yaşadım…
      Allahdan atana uzun ömür diləyirəm. O sizə ananın yadiğarı hesab olunur. Qoru, qayğısına qal. Qoyma üzülməyə, qoyma nədənsə korluq çəkməyə. Sevgini doya-doya göstər.
      Hər şey üçün sağ ol, yaxşı ki varsan…

      Bəyən

  4. insanı kövrəldən paylasma..acı həqiqət…Oxuduqca fikirləşirsən – Yaşamağa dəyərmi?…sükut içində… yavaş  – yavaş başını qaldırıb ətrafa nəzər salırsan və doğmalarını, sənə sədaqətli , etibarlı insanları görürsən ..fikirləşirsən bunlar üçün dəyər! Və həyatın acılı , şirinli qanunlarını qəbul edirsən…
    Doğmaların itkisi ilə qəlbimizdə açılan yaraların əlacı yalniz xatirələrdir.Xatırlandıqca yanındaymış kimi ovunursan.Bu dunyadan nakam köçən valideyinlere,bele meqamlarda  insan ozunu cox caresiz ve bitkin hiss edir,sanki dunya ona ozu boyda derd verir. Bir gun  sene oz sirin canindan can verib yasadan insan bu vefasiz dunyadan vaxtsiz kocur…,dunyanin gerdisi beledir,biz hamimiz Allahin  qullariyiq..ve yaradana tabeyik bir gun gelen bir gunde geder,amma sevdiklerimiz biz yasadiqca ve onlari qelbimizde yasadib xatirladiqca ,,ebedi qalarlar,..onlarin ruhu daima bizimledir Allah eziz valideyinine cenneti bexs elesin ve her zaman ruhu sizlerle olsun ..Tanridan atanizaa rehmet ,sizlerede mohkem sebr dileyirem.. Yeri behışt olsun.Başınız sağ olsun.Son qəminiz olsun. Allah o dunyasin versin, butun dunyasini deyiwen ata- analarin. Son mekanlari Cennet olsun.Amin

    tərəfindən bəyənildi 1 şəxs

    • Təşəkkür edirəm, Namiq. Allah dünyasını dəyişən yaxınlarımıza rəhmət eləsin. Yaşayanlara uzun ömür versin. Siz o qədər böyük ürəyə sahibdiniz ki, o ürək bu yazıya biganə qala bilməzdi. Var olun hər zaman, bir daha dəstəyiniz üçün minnətdaram.

      Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: