Sirr saxlayan biri deyiləm, sirri dəfn edən biriyəm…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 1-ci yazı)
Mən yenə gəldim. Getməmişdim, yox, sadəcə sizin sevimli layihənizlə yenidən sizinləyəm. Sözün düzü, keçən dəfəki müsahibəni bitirdikdən sonra heç gümanım yox idi ki, nə vaxtsa yenidən belə bir layihəyə təkrar başlaya bilərəm. İzləyən dostlar bilirlər ki, keçən dəfə 30 müsahibdən, çox maraqlı müsahibələr götürmüşdüm və çox rəğbət hissi ilə də qarşılanmışdı. Bunu dəfələrlə aldığım təşəkkürlər sübut edib. Həm çətin və həm də məsuliyyətli olan bu işin altına yenidən girməyimə səbəb, mənimçün dəyərli olan insanların keçən dəfə bu müsahibədə iştirak etməməsi oldu. İnanıram ki, bu dəfə də hamınız üçün yeni dostlar qazandırmağa nail olacam.
Beləliklə, ilk müsahibimi təqdim etmək zamanı çatdı. Çoxunuzun tanıdığı, tanıdığına məmnun olduğu, çoxunun yeni tanıyacağı, bu tanışlığa şad olacağı, kiminin qibtə edəcəyi, kiminin sevəcəyi, kiminin daha çox sevəcəyi, mənimsə hamıdan və hər kəsdən çox sevdiyim, etibar etdiyim, güvəndiyim, adı kimi mətanətli olan Mətanətlə siz də yaxından tanış olun.
Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Mətanət Sarıyeva. Yolun başındayıq )))) Atalar sözun xatırladım “Qardaşını tanıyırsanmı? – Yox, hələ yoldaş olmamışam…”
2. Sizi digərlərindən fərqləndirən cəhət nədir?
– Uca yaradan yaratdığı, yer üzünün əşrəfi olan insanın on barmağındakı cizgilərin bələ biri digərini təkrarlamırsa, mən niyə təkrarlamalıyam?! Mənim ən qiymətli fərqliliyim mətanətli olmağımdır.
3. Napoleonun belə bir fikri var: Məğlubiyyətin üzünə gülə bilsən, demək ki, cəsursan. – Məğlub olduğunuzu qəbul edə bilənlərdənsinizmi?
– Bəli, məğlub olduğumu qəbul edənlərdənəm! Amma təslim olanlardan yox! Növbəti məğlubiyyəti yox, qələbəni çalmaq üçün.
4. Sevinclə iztirab aydınlıqla qaranlıq kimi bir-birlərini təqib edir. Sizin dünyanızda irəlidə olan hansıdır, sevinc, yoxsa iztirab?
– Məkana və zamana görə sevinclə iztirab həyatımızda yerlərini dəyişir. Heç kimsənin həyatında nə sevinc, nə də iztirab əbədi deyil. İztirabı dadmadan, sevincin qədrini bilməzsən.
5. Sevgi və mərhəməti çox olan insanlar acı çəkərmiş. Acı çəkməmək üçün bu hisslərin sizdə olmamasını istərdinizmi?
– Bu sualda çox incə bir məqamlar var. Sevgi və mərhəmət qoşa yaradılıb, sevgi və mərhəmət olmasa yer üzündə yaşam dayanar. Hər ikisi insanı insan kimi yetişdirən ən vacib duyğudur. Sadə bir misal deyim sizə: əlimizdə bir quşun bəslənməsin təsəvvür edək, o qarnını doyurunca bizim əlimizi incidə bilər, gözəl bir çiçəyə toxunmağımızı götürək tikanı mütləq əlimizə batacaq olsun. Və yaxud kimsəsiz bir qoca düsünək, bir nimçə xörəyə ehtiyacı olanı öz payınla onun qarnını doyurduqdan sonra öz aclıgını tamamilə unudacaqsan. Mərhəmət bəzən bir sevgi, bəzən bir sevinc, bəzən bir göz yaşı, bəzən də bir yardım əlidir. Bunların heç birini Allahım məndən almasın, nə qədər acı çəksəm xoşdur bu hisslərimə görə. Sevgi çoxldıqca, mərhəmət də çoxalır axı.💓
6. Bəzən sözlər, şüşə qırıqları kimidir, Ağzına dolar insanın…Sussan, ağrıdar…Danışsan, qanadar… Oldumu sizdə belə bir hal?
– Zamanında çox susmuşam, sonunda peşiman oldum. O sözlər mənim ağzımı qanatmaqdansa, kimin qanın axıdarsa axıtsın. Axı susub ağzımı qanatdığım üçün mənə qiymət verən olmayıb…
7. Elə xatirələr var ki, danışarkən gözəlliyi gedər… Heç vaxt danışmayacağınız xatirələriniz olacaqmı?
– Olur… İnsan dediyin sirli bir aləmdir. Hər kəsin özünə məxsus sirli olan xatirələri var ki, yalnız özü o gözəlliyə təkrar şahid olur. Səninçün dəyərli olan xatirələr, başqasıyçün adi bir hal ola bilər. İnsan tək fərd olduğu üçün xatirələri də özünə məxsusdur. Kaş ki hər kəsi sevindirən, fərəhləndirən xatirələri olsun. Tanrım heç kəsi vicdanı qarşısında utandıracaq xatirələrlə baş-başa qoymasın.
8. Bir insan Allahdan başqa heç kimə ehtiyacı olmadığına inansa, Allah da onu başqasına möhtac etməz … – möhtac olduğunuz biri varmı?
– Ucalığı, insanlığı insanın
Ləyaqətdə, abırdadı, abırda.
Yaradana yaxınlıgın yolları,
Dözumdədi, səbirdədir, səbirdə.
Həyat bizdən güc, hərəkət istəyir,
Sükut yalnız qəbirdədir qəbirdə.
Nə istəsən tək Allahdan istə sən,
Hər nə varsa o birdədir, o birdə. (Əlövsət S.)
9. Aristotel deyir ki, insanlar həqiqətə yox, həqiqət kimi görünən şeylərə inanarlar. Sizcə həqiqətlər tükənib, ya insanlar həqiqəti görmək istəmirlər?
– Məncə səhv fikirdir həqiqət kimi görünənlərə inanmaq. Həqiqət dedyimiz iki hissədən ibarət olan böyük bir nəzəriyyədir. Dini həqiqət və fəlsəfi həqiqət. Dini həqiqət sualsız inamdır, fəlsəfi həqiqət suallarla doludur. Hər iksi müxtəlif yollarla axtarışda olsalar da məqsəd həqiqətdir. Bu haqda “Qur’an və İfran işığnda” ( Hikmət va düşüncə karvanı həqiqət sorağında) kitabında geniş şəkildə açıqlama verilib. Həqiqət hər birimizin içində olmalıdır. Nankor insanlar həqiqətə göz yumar.
10. Sən məni gülüncə xoşbəxtmi sandın
Yalandan üzümə gülən dünyada?- Üzünüzə dünyadır yalandan gülən, yoxsa üzünüzdəki gülüş yalandır?
– Gəlin dünyaya toxunmayaq Sevinc xanım. Dünya açılmamış bir sirrdir. Xoşbəxtlik tərifi olmayan bir hissdir, hər an yaşaya bilərsən. Adi bir sözlə, bir toxunuşla, təbiətin bəxş etdiyi gözəlliklə və s. Əksər insanlar gülüşü ilə kədərlərin saxlayar. Göz insanın aynasıdır deyiblər. Bir insanın nələr yaşadığı gözlərindən bəllidir. Gözəl təbəssümün var dedilər; –birdən gülümsədim, o gözəlliyi görsünlər deyə. Gözlərim necə? – soruşdum… Bu gözəllikdən orda da varm? Gülən gözlərimi gördünüzmü heç?..
Kədəri gizlətmək deməzdim yaşanan həqiqətlər deyərdim.
Ağlaram gülən olsa,
Göz yaşım silən olsa.
Gülməyim ağlamaqdır,
Məni anlayan olsa.
Yəni “İblis” əsərindəki qara və qırmızı rənglərin tam əksi kimi.
11. Ayrılıq var sonu şirin vüsaldır,
Ayrılıq var sonu yoxmuş, ay aman… Vüsala dönməsini arzuladığınız ayrılıq varmı?
– Son deyilən bir yerdə xoşbəxtlikdən söz gedə bilməz. Sonu vusala dönən hansı ayrılıq var ki??? Son… Bitti… Ardı yoxdu….Hələ ölüm ayırıbsa, lap mümkünsüzdu…
Elə ayrılıqlar var ki, ona sən özün səbəb olursan. Eləsi var ki, taleyin bir hökmüdur. Sevib ayrılanlar var, nifrət edib ayrılanlar var. Ölümsə hər kəsin alnına yazılmış bir yazıdır ki, hər kəs vaxtı çatanda hamımız onu yaşayacağıq. Amma yaşayanlar vaxtsız itirdiklərini bir gün geri dönəcəklər ümidi ilə şirin bir vüsal xəyalındadırlar. Bu mümkünsüzdür! Amma vüsalını xəyalımda canlandırdığım bir Vətən həsrətim var. Nə vaxtsa o vüsala qovuşacağımı səbirsizliklə gözləyirəm. O vətən ki, orda şirin anam vardı! O vətən ki, hər daşında, hər cığırında uşaqlığımın kövrək izləri, unutmayacağım şirin gülüşlərim, ömrümün ən qayğısız illəri var. Məhz bu vusala qovuşmaq arzusu ilə əllırim tanrı dərgahına hər an açılır…
12. Sədi Şiraziyə görə sirri dosta da vermək olmaz, çünki o sirr bir gün dostunuzu sizə düşmən edə bilər. Dostunuzu düşmən edən sirriniz oldumu?
– Sirr – adından bəllidir ki, sirrdir. Dəqiq xatırlamıram hansısa bir dahidən sirr haqqda soruşanda bele bir cavab verir: “Sirr üç insan arasında saxlana bilər, əgər üçün ikisi ölübsə”))) Bu haqda özümə çox güvənirəm. O bir imtahandır deyərdim. Sirr saxlayan biri deyiləm, sirri dəfn edən biriyəm. Ancaq heç saxlayacaq bir sirrim olmayıb hələ ki. Sirrin dostu düşmənə çevirməsinə gəldikdə, düşmənə deyil, ilana çevirə bilər. O ilanın da quyruğundan elə tutmalısan ki, sən istəmədiyin anda nəfəs ala bilməsin.
13. Mahnılar danışır əslində, məni sənə, səni mənə… O hansı mahnıdır?
– Ohoooo, həssas nöqtələr… Əslində hər mahnının bir cümləsi sənə ondan danışar ve ilişib qalarsan orda. Məhəbbət Kazımovun “Təkcə mənim olaydın”.
Sən bir çəmən olaydın
Mənsə şehli bənövşə
Sən günəşə baxaydın
Mən də sənə həmişə…..((((
14. Düşünə-düşünə hərəkət et, hərəkət edə-edə düşün! Bunu alimlər deyib. Siz necə, düşünüb hərəkət edirsiniz, yoxsa hətəkətiniz sizi düşünməyə məcbur edir?
– Hərəkət etmədən düşünənəm. Hərdən ağıl o zaman gəlir ki, artıq ağılsızlığı etdin. O qədər səhvləri düzəltmək olardı ki!!!
15. Məni anlamaq üçün ayrılıq əzabı çəkmiş, qəlbi yaralanmış bir insan istəyirəm ki, iztirablarımı, dərdlərimi ona anladım…varmı anlatmaq istədiyiniz bir şeylər? Bəs sizi dinləyəcək biri necə?
– Heç kimsə mükəmməl deyil, hər birimizin ömür yolu keşməkeşlidir. Hər şeyi içinə atanlar da var, kiminləsə bölüşmək istəyənlər də. Təbiət ən gözəl seçimimdir mənim. Onun özünəməxsus harmonyası var, insanın ruhuna yaxın. Qaçıram təbiətin qoynuna, nə varsa söyləyərəm orda. Çox gözəl dinləyicidir, sual verməz, səni qınamaz, danlamaz, kimlərəsə səndən danışmaz. Sonda xəfif bir mehiylə səni oxşayar. Qapalı bir insanam, mənim olan mənimdir. Nə qədər yaxın olursan ol, məsafə saxlamaq lazımdır. Bu mənim fikrimdir.
16. Hüqo deyir: “Gücün kimin tərəfində olmasının mənim üçün əhəmiyyəti yoxdur, əhəmiyyətli olan odur ki, haqq kimin tərəfindədir”. Bəzən görürsən ki, haqlı olan biri güclü olanın əsarətində əzilir, haqqı tapdanır. Siz bu səhnədə güclünün yanında olub gücünüzü artırmağı seçərdiniz, yoxsa haqqı tapdanının müdafiəsinə qalxardınız? Onu da deyim ki, haqqlı tərəfdə olduğunuz halda itirəcəkləriniz olacağı bəllidir.
– İnsan Allahın yaratdığı ən mükəmməl varlıqdır. Və Allahdan gözəl, insanı heç kim tanıya bilməz. Biz kimi aldadırıq haqsız tərfədə durmaqla? Hər insanın əməl dəftəri qarşısında açılacaq, onda bizi kim müdafiə edəcək? Haqsızlığa uğrayan tərəf, yoxsa haqsız olduğu halda təkan verdiyimiz tərəf? Nə qədər güclü olursan ol, Yaradandan güclu olmayacaqsan. İtirəcəyim nə olsa da haqqı tapdalananın tərfindəyəm hər zaman. Təki insanlığımı itirməyim.
17. “Hər kəs layiq olduğu həyatı yaşayar deyirlər” – sizcə bu doğru deyilmiş fikirdirmi?
– Bilirsiniz, bu mövzuya çoxşaxəli cavab vermək olar. Hər bir insan dünyada olan bütün gözəlliklərə layiqdir. Lakin yaşaya bilmirik. Niyə? Hər nə varsa özümüz seçirik, bizi ağladan insanı da, güldürən insanı da. Həyatımızda görmək istədiyimiz nə varsa qapılarımızı onlara acmalıyıq, görmək istəmədiklərimizi özümüzdən kənar tutmalıyıq. Hamı zamandan şikayətçidir, unutmayaq zaman dediyimiz bu an yaşananlardır. Həyat sürprizlərlə doludur, kimə harada nə yaşadacağı məlum olmaz. Əgər qismətimizdə varsa gözəl anlar, heç kimsə mane ola bilməyəcək. Gec, ya tez o an gələcək və həmin insanlar baxıb utanacqlar.
18. Deyirlər insanın ruhu yaş tanımır, bəzən cavan birinin o qədər yaşlı ruhu olur ki, elə bil əsrlər yaşayıb…bəzən də tam əksi…Bəs sizin ruhunuz hansı qrupa aiddir?
– Raziyam bu fikrinizlə. Mənim cavabım qəribə gələ bilər sizə. Yaşadıqların bəzən insanı yaşına baxmayaraq böyüdür. Fikirlərim yaşımdan cox-cox böyukdur, icimdəki ruhumsa, hələ uşaq yaşdadır.
19. İnsanı tanımaq üçün onu sevmək lazımdır. Çoxmu tanıdığınız var və hamısını sevə bildinizmi?
– Tək sevməklə deyil, həm də nifrət etməklə tanımaq olur😊( məsləhətdi sınayın) Ətrafım çox genişdir, həddindən artıq geniş. Sadə insanlardan baslayaraq, dövlət qulluqçularına qədər gedir. Mence bu sualı onlara vermək lazımdır. Mən hamısın sevirəm deyə bilərəm, baxaq görək qarşı tərəfə bu sevgini çatdıra bilmişəmmi? Əsas qarşı tərəfin fikri önəmlidir.😉
20. Bəzən görürsən ki: “Səni dünyalara dəyişmərəm” deyən biri, səni sıradan insanlara dəyişir. Sizcə nədən? Biz doğruyamı güvənmədik, yoxsa bizi doğrularmı tapmadı?
– İnanmaq başqadır məncə, güvənmək başqa. Yox Sevincim, insan göyde ay 🌛 kimidir görünməyən tərəfləri mütləq var. Heç kim göründüyü kimi deyil. Güvənmək nədir? Güvənmək əmin olmaqdır. İnsan ilk özünə əmin olmalıdır. Qorxusuz , şübhəsiz, inanmaq və bağlanmaq, özünə və qarşındakı insana bel bağlamaqdır.
21. Ana ömrü bir laylanın diliylə,
Sənə yanmış, mənə yanmış bir ömür.
Ana ömrü körpəsinin əliylə,
Yuxuları oğurlanmış bir ömür… Bəlkə də yaranızı qanadacaq bir sual olacaq. Bu sual üçün çox tərəddüt etdim, amma vermək qərarına gəldim sonda. Mətanət xanım, yuxusuna haram qatmış bir ana üçün övlad nə etsə də azdır belə. Bəs, nəvazişindən doymadan itirdiyin ananın yerini nələrləsə doldurmaq mümkündürmü?
– Bilsə bələnəcək göz yaşlarına,
Güllərin də rəngi siyah deyilmiş.
Bir ana məzara endirilən gün,
Allahın özü də qara geyərmiş…
Uşaqkən qışın gəlişini səbirsizliklə gözləyərdim, qar yağan zaman gözünü çəkmədən diqqətlə yuxarı baxıb seyr etsən adama elə gəlir ki, sən uçursan. İndi bu sevgim ölüb, yerində nifrət var. Qış yaddašıma qara hərflərlə yazılıb. Agrılı-acılı, barışa bilmədiyim bir gerçək…Anan yoxdursa, heç nəyin yoxdur sənin.
Bir gecədə böyüyər insan, əvvəllər səndən xoşbəxti yoxdur sanarsan, ta ki talehin ilk zərbəsini alana qədər. Gözəl sandığın bu həyatın nə qədər acımasız olduğun anlarsan o zaman. Acı çəkə-çəkə öyrənərsən zalım həyatda yaşamağa. Tam səmimi deyəcəyəm, mən güzgüyə həsrət bir insanam. Baxmağa ürəyim gəlmir, çünki anama hədsiz bənzəyirəm. Nifrət edirəm kimsə əlin saçlarıma toxundursun, sığal çəksin. O anama məxsus sevgidir, məni elə yatırdardı axı.. Ən çox xəstə olduğun an istəyərsən yanında olsun. Bir toxunuşu yetərdi səni ayağa qaldırmağa, isti qucağına sıxmağı min şəfadan yetərliydi… İndi nə qədər agırdı bir soyuq məzarla dərdləşmək, nə qədər əzabdı qaçaraq gedib o məzarda səssiz bir rəsmə baxmaq. Daha da dəhşətlisi var, ananın qoxusu….heç vaxt bir də tapmayacağın qoxu…səsini demirəm hələ, o səs ki heç vaxt eşitməyəcəksən…Səni səsləməyəcək bir də – “gəl, xörəyin soyudu” deyib. Siz deyin, Sevinc xanım, bu boşluğu kimsə doldura bilərmi???
22. Arxalıya arxa olma ki, sənə yamaq desinlər, arxasıza arxa ol ki, sənə dayaq desinlər… Bilsəniz ki, sizə möhtac olan biri var və ona sahib çıxmanız lazımdır, yolunuzu kəsən maneələr bəhanəniz olmaz ki?
– Əsla yoox, bilsəm ki, kiminsə mənim köməyimə ehtiyacı var, gücüm yetdiyi qədər köməyimi əsirgəmərəm.
Mən aşiq arxasıza,
Su gələ arxa sıza.
Arxalıya əyilmə,
Arxa dur arxasıza. (Əlövsət S.)
23. Məhəbbət çox vaxt ağlı olanların ağlını alır, ağlı olmayanlara ağıl verir. Razısınız bu fikirlə?
– Bir gün bir nəfər qaçaraq gəlib Molla Nəsrəddinə deyir: “Molla tez gəl, oğlun yıxıldı, ağlı başından çıxdı. Molla gülür və fikirli halda deyir ki, onun ağlı yox idi, görəsən o çıxan nə imiş?”))))(zarafat). Məhəbbət bu günə qədər açıqlanması mümkün olmayan bir sirrdir. O elə bir hissdir ki, hər birimiz bu duyğunu bir dəfə dada bilərik. Təkrarsızdır məhəbbət…Sevgi təmizliyi, saflığı, səmimiliyi, sadəliyi, çılğınlığı, dəliliyi sevir))) Məncə sevgi xəyallarda daha gözəl görünən bir hissdir, xəyallarsa yuxulara bənzər, oyandıqda ağlayarsan. Möcüzələr diyarı deyərdim…. Sevgi yıxılan bir insanın əlindən tutan ilahi bir varlıqdır, ancaq hiss edərsən. Sevgi hətta ölüm ayağında olan birinə “səni sevirəm” kəlməsiylə yeni nəfəs verən bir möcüzədir. Bir sözlə, dahi M.Füzulinin söylədiyi kimi:
Eşqidir mehrabı uca göylərin,
Eşqisiz, ey dünya, nədir dəyərin?
Sevgi bəlkə də həyatın özüdür…
24. Vaxtdan ağıllı istifadə etsək , kifayət qədər vaxtımız olar. Zamandan şikayətçi deyilsiniz?
– Vaxtdan istifadə etsək, kifayət qədər vaxtımız olar. Tamamilə razıyam sizinlə. Belə bir deyim var: “Hər şey vaxtı gözləyir, vaxt heç nəyi gözləmir. Axıb gedən zamandan nəsə alsaq xeyrimizədir.
25. “Dünya düzəlmir ki, düzəlmir, baba!” – nə oldu dünyaya belə?
– Alimlər, aqillər mat qaldı getd,
İşi müəmmadı, sirdi dünyanın.
Heç kəsi yaşatmaz öz yaşı qədər,
Kişi kimi sözü birdi dünyanın.
A Bəhmən, ömürün bil qiymətini,
Özunə dost bilmə mərdi, mətini.
Bir dəfə gəlmisən çək ləzzətini,
Sənəmi qalıbdır dərdi dunyanın?
26. Çətin qazanıb, asan itirdiyiniz bir şeylər oldumu?
– Bilirsiniz, hər bir insan qazandığını çətinliklə qazanar. O baxır sizin sualınızn hansı istiqamətdə olmağına, yəni bu bir elnən gələn bəladırsa, təbii ki, çətinliklə qazandığını asalnlıqla itirəcəksən. Şəxsən öz qazandıqlarımı nəzərdə tutursunuzsa, ağıllı insan çətinliklə qazandığın asanlıqla itirməz. Yenə deyirəm, ağıllı insan.
27. Deyirlər ki, bağışlamaq intiqam almaqdan daha yaxşıdır. Bəs sizin dünyanızda hansı hökmranlıq edir intiqam, yoxsa bağışlamaq?
– Hə, baxır nədir.))))Bağışlamaq Allaha məxsusdur, mən kiməm ki bağışlamayım? Bəlkə də kimlərsə qınayacaq məni. Hərdən də elə bağışlayıram ki, varlığından nifrət edər bağışladığım insan… Keşkə bağışlamasaydı deyər özlüyündə… Əgər ki, kimsə məni haqsız olaraq günahlandırar, sancarsa o insanı dəfələrcə sancaram və hər dəfəsində də ləzzət alaram)))
28. Mənim həmsöhbət seçmək üçün xüsusi qanunlarım var. Bəs siz necə, həmsöhbət seçərkən nəyi əsas tutursunuz?
– Mənim heç bir qanunum yoxdur. Bu yeni bir həmsöhbətdirsə çox sərbəstlik verirəm. Müəyyən bir zaman içində bütün xarakterin tanıdacaq. Uyğundursa ya qəbul edirəm, ya da kobudcasına rədd edirəm. Bu da hisslərimlə bağlıdır.
29. Bütün dünya qadına qarşı şiddəti qəbul etmir. Lakin ən çox şiddətə məruz qalanlar da qadınlardır. Sizcə bu şiddət qadınların günahıdır, yoxsa zəifliyindən istifadə?
– Təbii ki, hər kəs kimi mən də şiddətə qarşı çıxacam. İlk öncə qadın kimdir baxaq. Qadın dünyaya insan bəxş edən anadır, qadın sevgidir, qadın şərəfdir, qadın incəlikdir, zəriflikdir, qadın namusdur, bir evin səliqəsidir, isti nəfəsidir, qadın əslində kəşf edilməmiş bir sirrdir. Qadını sevgisi tükənməyən sevgidir, hər an biruzə verməz və sevdiyinə qıymaz, sevdiyindən asanca ayrılmaz. Çox az hallarda sevər qadın, amma tam sevər. Çünki ona nəyisə məcbur sevdirə bilməzsən.
Beyninə qoymasa, ürəyinə girə bilməzsən, beynində yoxsansa, səni hər an tərk edə bilər. Qadın sirli bir varlıqdir əslində! Heç bir kişinin ağlına gəlməz ki, qadın nələr edə bilər, onu dəlicəsinə sevə bilərsən. Sahiblənə bilərsən, ancaq heç vaxt tam əldə edə bilməzsən. Nə qədər xoşbəxt etsən də o yalnızdır əslində. Özünə aid bir dünyası var içində qadının, orda ağlar, orda gülər, orda xoşbəxtdir! Oz dünyasının qapısını kiminsə açmasına icazə belə verməz qadın…
Bir qadının dəyərlisi olmaq çətin deyil əslində, əziz bəylər! İlk səmimi olun, yalansız olun, ürəyinə yol tapan bir dost olun, davamı özü gələcək.Bu günki günümüzdə əgər bir bəy öz evində səliqəsizlik görürsə, qapını açan xanımından “xoş gəldin” kəlməsinin əvəzinə, o yoxdu, bu yoxdu eşidirsə o bəy, xanımsız bir həyata sürgündür demək. Bir qadının ən böyük mədəniyyəti bəyi evə daxil olduqda ayağa qalxmağıdır. Ailə həyatı qurmadığımçün mənə çətindir bu haqda danışmaq…Qadına qalxan əli kəsmək lazımdır, bu mənim fikrimdir. Kişiyə güc qadına o gücü göstərsin deyə verilməyib. Bizi qorusun deyə verilib. Amma… Əgər bir bəy namus üstə bir xanıma əl qaldırarsa, o əlin arxasındayam. Niye? O insanı ayıltmaq üçün lazımdır bu. O kişini alqışlayardım ki, yolundan uzaqlaşan bir xanımı yoluna döndərsin, o kişilərə əhsən deyərdim ki, özünə qardaş kəlməsini qazansın.
O kişilərə arxalanaram ki, əlimizi dost bilsin. Kişilik cinslə ölçülməz, kişi xarakterli xanımlar da var. Unutmayaq nə qədər güclü olsaq da arxamızda dayanacaq bir bəyə hər birimizin ehtiyacı var. Kişilik satın alınmır, kişilik insanın qanında olur. Allah her birimizin güvənə biləcəyimiz kisilərlə rastlaşdırsın bizi. Və hər bir kişiyə də kişilik adını uca tutan xanımlar nəsib etsin Rəbbim.
30. Deyilənə görə həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda? Həyat hansı biridir sizin üçün? Ümumiyyətlə, nədir həyat?
– İki dəfə həyata sıfırdan başlayan biri üçün həyat nədir sualına çoxşaxəli cavab verərdim. Bir körpənin doğulub hər şeyə sıfırdan (yenidən) başlayıb, böyüyüb boya-başa çatmasıdır həyat. Həyat bir məktəbdir, hər anı imtahanlarla dolu. Keçmişdən dərs alıb gələcəyə səhvsiz addımlamaqdır. Həyat bu gün ikimizin bu anda gözlə ünsiyyətimizdir, insanlarla xoş münasibətdir, dəyər verməkdir. Həyat təbiəti, canlıları sevməkdir. Həyat özünə gözəl dostlar tapmaqdır, səbirsizliklə gözləməkdir, aşiq olmaqdır. Sevməkdir, sevərək ölumə hazır olmaqdır, günahsız yaşamaqdır. Bəlkə də bir nərdivandır, pillələrdə büdrəmək, sürüşüb yıxılmaq var. Kimsələr əlindən tutmadan qalxıb yenidən yaşamaqdır. Bəlkə də heç nədir, bəlkə də hər anı əlimizdən uçub gedən bir zamandır. Nə vercəyi bəlli olmayan, hərdən bizi güldürən, hərdən ağladan ömür yoludur həyat. Həyat heç nəyə baxmadan axıb gedən bir dəryadır. Kiminə çox asan, kiminə daşlı-tikanlı, kiminə güllü çiçəkli, kiminə də heç baharı gəlməyən bir qış yaşadar həyat. Akif İslamzadənin məşhur ifasını xatırladım….
Hər şey gözəldir həyatda,
Sən bu gözəlliyi anlaya, duya bilsən.
Hər şey gözəldir həyatda,
Özün bir zərrə gözəllik yarada bilsən…
Çox sükürlər olsun Allahıma bu gün, namusla, şərəflə alni acıq, üzü ağ yaşayıramsa, həyat budur mənimçün.
Müsahibə üçün təşəkkür edirəm 💐
13/01/2017 tarixində Yazılarım içində dərc edildi və müsahibə, tanımadığımız tanışlar, tanışlıq, yeni tanışlıq olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.
Oxuduqca yenidən kəşf etdiyim, kəşf etdikcə tanıdığıma sevindiyim, hər kəlməsində məna, hər kəlməsində öyüd, hər kəlməsində iman gördüyüm Mətanət, yaxşı ki tanıdım səni… 💖💖💖😘😘🌹🌹💐💐🌷🌷🌷
BəyənBəyən
Mən, deyəsən, tanımıram Mətanət xanımı 🙂 Tanışlığımıza şad oldum.
Müsahibə maraqlı, oxunaqlı alınıb. Hər iki xanıma təşəkkür edirəm.
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Yox, mələyim, tanıdığın biri deyil. İnşAllah bu dəfə də maraqlı alınar müsahibələr, Allahın izni ilə…
Mən də sənə təşəkkür edirım, dəyərli vaxtını ayırıb oxuduğun üçün 😘😘😘💖🌷🌷💐💐
BəyənBəyən
Salam gözəl xanımlar.Hər birinizi Salamlayıram. Mən çoxdandır bloqda olmurdum düzü. Mətişimizin müsahibəsi məni yenidən bura gətirdi😊 Əzizim Sevinc xanım və Mətişim. Bu gözəl və dolğun müsahibə üçün hər ikinizə sonsuz təşəkkürlər,əzizlərim. 💐💐💐💐💐💐⚘⚘⚘⚘👍👏👏👏👏💋💋💋💋 Allah var etsin sizi kimi xanımları.
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Deyirəm bloqa yayılan bənövşə iyi hardandı 💐💐💐🌷🌷🌷🌹🌹🌹🌹💓💓💓
Xoş gəldin, Zərifim. Bloq darıxmışdı sənsiz 😘😘💖💖😍😍💐🌹🌷
BəyənBəyən
Sevincim iki il olacaq taniyiriq bir-birimizi.Ele bir ureye sahibsiniz ki, sanki illerdi taniyiram, evimden, canimdan biri olmusuz menimcun.Ne yaxşı ki, tanımïşam sizi.Her defesinde musahibe menlik deyil deyerdim, sizde gûlüb kecerdiniz.Bir anin içinde alındı her şey.Ve bu gun oxuduqca özümün özüme etiraf etmediklerimi söylediyimi gördüm.Uğurlu,xeyirli ve axarli olsun meleyim.Ne yaxšı ki, tanıdım sizi.Gözel qelbin sahibi Sevincim.💖💖💋💋🙋🙋
BəyənBəyən
Gör kim gəlib 😻😻😻😻💖💖💖💖 Xoş gəldin, qədəmlərin mübarək olsun. Nə yaxşı ki mən də səni tanıdım, adı kimi mətanətli, dəyanətli Mətanətim 😘😘😘🌹🌷💐😍😍😍💖💖💖🌹🌹🌷💐
BəyənBəyən
Men eleyem de gec gelirem amma güclü gelirem😂😂Siz sağ olun ki, elimden tutub getirdiniz.Amma cox heyifsilenirem ki,sualları gerek cox vererdiniz mene….Birde cox qusa cavablar vermişem 😷😷😷 buna göre bele alındı.Yene de oxuyanlara, şerh bildirenlere, hetta oxumayanlara bele tešekkürlerimi bildirirem.Sevincise evez olunmazdı menimçün.💖🌷🌷🌷😻😻⚘⚘⚘⚘⚘⚘🌺🌺🌺
BəyənBəyən