Qabusnamə (8-ci fəsil)

image

Səkkizinci fəsil
NUŞİRƏVAN ADİLİN NƏSİHƏTLƏRİNİN
XATIRLADILMASI HAQQINDA

Əvvəl demişdir: “Nə qədər ki, gecə-gündüz gəlib gedir, illərin dəyişilməsinə təəccüb etməyin”.
Və demişdir: “İnsanlar bir dəfə peşman olduqları işlərdən nə üçün bir də peşman olsunlar?”
Sonra demişdir: “Həyatı arzu etdiyi kimi keçməyən adam nə üçün özünü diri hesab edir?”.
Sonra demişdir: “Sənə pis deyəni onu sənə xəbər gətirəndən daha tez bağışla!”.
Sonra demişdir: “Faydasız qulaq asan adamın başı başsağlığı verilən adamınkından daha çox ağrayar”.
Sonra demişdir: “Ziyan dəyənlər içərisində ən çox ziyan çəkən onu hesab et ki, ziyanını gözü ilə görmüş olsun”.
Sonra demişdir: “Alınıb-satılan qulu öz qarnının qulu olan adamdan daha azad hesab et!”.
Sonra demişdir: “Elmi olub ağlı olmayan adama elm əziyyət verər”. 
Sonra demişdir: “Həyatdan dərs ala bilməyən adama heç kəs dərs verməməlidir, çünki əməyi hədərə gedər”.
Sonra demişdir: “Nadana hər şeyi qorumaq özünü öz nadanlığından qorumaqdan daha asandır”.
Bir də demişdir: “İstəyirsən xalq səni tə’rifləsin, sən də xalqı tə’riflə”.
Sonra demişdir: “İstəyirsən sənin xalqa sərf etdiyin əmək hədərə getməsin, xalqın sənə sərf etdiyi əməyi hədər etmə!”.
Sonra demişdir: “Dostunun az olmasını istəmirsənsə, kin saxlayan olma!”.
Sonra demişdir: “Artıq dərəcədə kədərli olmaq istəmirsənsə, paxıl olma”.
Bir də demişdir: “İncidilmək istəmirsənsə, özünə rəva bilmədiyini başqasına da rəva görmə”.
Sonra demişdir: “İstəyirsən ki, asudə yaşayasan, işlərini hadisələrin gedişinə uyğun qur”.
Sonra demişdir: “İstəmirsən ki, sənə divanə desinlər, tapılmayan şeyi axtarma”.
Sonra demişdir: “Həya-abırla yaşayıb dolanmaq nstəyirsənsə, başqalarını rüsvay etmə”.
Sonra demişdir: “Aldanmaq istəmirsənsə, görülməmiş işi görülmüş hesab etmə”.

Sonra demişdir: “İstəyirsən ki, sirrinin üstü açılmasın başqalarının sirrini açma”.
Sonra demişdir: “Dalda ələ salınmaq istəmirsənsə, əlin altında işləyənlərlə mülayim dolan”.
Sonra demişdir: “Uzun müddət peşman olmaq istəmirsənsə, nəfsinə tabe olma”.
Sonra demişdir: “Zirək olmaq istəyirsənsə, öz üzünü başqalarının aynasında gör”.
Sonra demişdir: “Qorxusuz yaşamaq istəyirsənsə, başqalarına yamanlıq etmə”.
Sonra demişdir: “İstəyirsən sənin qədrini bilsinlər, başqalarının qədrini bil”.
Sonra demişdir: “İstəyirsən sənin dediyinə əməl etsinlər, özün dediyinə əməl et”.
Sonra demişdir: “İstəyirsən xalq səni ağıllı hesab etsin, ağlı olmayan adama sirr vermə”.
Sonra demişdir: “İstəyirsən camaatdan üstün olasan, duz-çörək verən ol”.
Sonra demişdir: “Nə üçün o adamı düşmən saymayasan ki, o özünün igidliyini xalqı incitməkdə görür?”.
Sonra demişdir: “Nə üçün o adama dost deyəsən ki, o sənin düşmənlərinlə dostluq edir?”.
Sonra demişdir: “İste’dadsız adamla dostluq etmə, iste’dadsız adam nə dostluğa yarayar, nə düşmənliyə”
Sonra demişdir: “Özünü alim sayan nadandan uzaq gəz”.
Sonra demişdir: “Ədalətli ol ki, ədalət məhkəməsinə işin düşməsin”.
Sonra demişdir: “Haqq acı olsa da, onu dinləmək lazımdır”.
Sonra demişdir: “İstəyirsən düşmən sənin sirrini bilməsin, onu dosta demə.
Sonra demişdir: “Xırdaçılıq edən və böyük ziyan verən olma”.
Sonra demişdir: “Ləyaqətsiz adamları diri hesab etmə”.
Sonra demişdir: “Sərvəti olmadan dövlətli olmaq istəyirsənsə, gözü tox ol”.
Sonra demişdir: “Hədərə alma ki, hədərə də satasan.
Sonra demişdir: “Tay-tuşa möhtac olmaqdansa, ölmək yaxşıdır”.
Sonra demişdir: “Əclaf adamın çörəyi ilə dolanmaqdansa, acından ölmək yaxşıdır”.

Sonra demişdir: “Hər düşündüyünü etibarsız adama demə, lakin etibarlı adamdan da gizlətmə”.
Sonra demişdi: “Özündən aşağı adama möhtac olmaq böyük müsibətdir, suda boğulmaq alçaq adamdan kömək ummaqdan yaxşıdır”.
Sonra demişdir: “Bu dünya üçün çalışan təvazökar fasiq o dünya üçün çalışan mütəkəbbir abiddən47 yaxşıdır”.
Sonra demişdir: “Ən nadan adam odur ki, birisi kiçiklikdən böyüklüyə çata, lakin ona yenə də kiçik kimi baxa”.
Sonra demişdir: “Ondan daha bədtər rüsvayçılıq olmaz ki, biri bilmədiyi şeyin doğruluğunu iddia edə, sonra yalançı
olduğu meydana çıxa”.
Sonra demişdir: “Ən aldadılmış adam ona deyərlər ki, nağdı nisyəyə dəyişə”.
Sonra demişdir: “Ən alçaq adam odur ki, birinin ehtiyacı ona düşə, imkanı ola, lakin kömək etməyə”.
Sonra demişdir: “İstəyirsən ki, ədalətlilər sırasında adın çəkilsin, sənə tabe olanları imkanın daxilində yaxşı saxla”.
Sonra demişdir: “İstəyirsən ki, sənin adını nəciblər sırasında çəksinlər, tamahkar olma və tamahkarlığı yaxına
buraxma”.
Sonra demişdir: “İstəyirsən qara camaat səni pisləməsin, onların işini tə’riflə”.
Sonra demişdir: “İstəyirsən ki, ürəklərdə özünə yurd salıb seviləsən və xalq səndən nifrət etməsin, xalqın xeyrinə danış”.
Sonra demişdir: “İstəyirsən ki, xalq arasında ən yaxşı və ən bəyənilmiş adam olasan, özünə məsləhət bilmədiyini
başqalarına da məsləhət görmə”.
Sonra demişdir: “İstəyirsən ki, ürəyinə heç bir məlhəmlə sağalmayan yaralar vurulmasın, nadan adamla höccətə girişmə”.
Sonra demişdir: “Adamların ən yaxşısı olmaq istəyirsənsə, heç şeyi xalqdan əsirgəmə”.
Axırda demişdir: “İstəyirsən ki, dilin uzun olsun, əlini gödək et”.

Nuşirəvan Adilin öyüd və nəsihətləri bunlardan ibarətdir. Ey oğul, oxuyarkən, bu sözlərə xor baxma, bunlardan həm
hikmət iyi gəlir, həm hökmdarlıq iyi, çünki bunlar həm həkimlərin1 sözüdür, həm hakimlərin. Bunların hamısını öz
malın et. İndi nə qədər ki, cavansan öyrən, qocalanda özün qulaq asmaq istəməyəcəksən. Çünki qocalar elə şeylər bilərlər ki, onları cavanlar bilməzlər.

05/01/2017 tarixində Birlikdə öyrənək içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. Oxuya oxuya həm razıalşdığım, həm də qətiyyən razılaşmadığın fikirlərə rast gəldim. Həqiqətən bu nəsihətlərdə hikmətlə yanaşı hökmdarlıq da hiss olunur. El arasında demişkən “ağzı isti yerdədir” 🙂
    Təşəkkür edirəm, Sevinc 🙂

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: