Qabusnamə (7-ci fəsil)

image

Yeddinci fəsil
NATİQLİK MƏHARƏTİNİ ARTIRMAQ HAQQINDA

Ey oğul, insan söz anlamağı və söz deməyi bacarmalı, pis adamlardan isə dilini saxlamalıdır. Ey oğul, sən doğru danışan ol, özünü doğru danışan tanıt ki, işdir bir gün zərurət üzündən yalan deməli olsan, doğru qəbul etsinlər. Lakin yalana oxşar doğru danışma. Doğruya oxşar yalan, yalana oxşar doğrudan yaxşıdır, çünki o yalana inanarlar, bu doğruya yox. Qəbul edilməyən doğrulardan qaç ki, rəhmətlik əmir Bus-Suvar Ğazi Şapur ibn əl-Fəzl ilə mənim başıma gələn əhvalat sənin də başına gəlməsin.
H e k a y ə t. Ey oğul, bil ki, mən əmir Bus-Suvar dövründə, həccdən qayıtdığım il Gəncəyə cihad32 davasına
getmişdim. Mən Hindistan cihadında çox iştirak etmişdim, indi də Rum cihadında iştirak etmək istəyirdim. Əmir Bus-Suvar böyuk şah idi, dediyini eyləyən, müdrik, ləyaqətli, ədalətli, olan bütün müsbət xüsusiyyətlər onda var idi, çox ciddi adam idi, zarafatı xoşlamazdı. 
Məni görəndə çox hörmət etdi, mənimlə söhbətə başlayıb cürbəcür şeylər danışdı, mən də ona qulaq asırdım, lazım olan cavablar verirdim, Cavablarım onun çox xoşuna gəldi, mənə çoxlu kəramətlər göstərdi və geri qayıtmağa qoymadı. Mənə o qədər lütfkarlıq etdi ki, axırda mən də ürəkdən meylimi ona saldım, bir neçə il Gəncədə qaldım. Mən həmişə onun qonaqlıqlarında olurdum, şərab məclisində iştirak edirdim. O məndən müxtəlif şeylər soruşur, keçmiş şahların tarixi ilə maraqlanır, dünyanın vəziyyəti haqqında suallar verirdi. Bir gün bizim vilayət haqqında söz düşdü, hər yerin əcayib-qərayib adətlərindən soruşmağa başladı. Mən dedim: “Gürganın yaxınlığında, dağın ətəyində bir kənd, bu kənddən uzaqda isə bir bulaq vardır. Kəndin arvadları su gətirmək üçün bir yerə toplanır, sonra həmin bulağa gedərək sərniclərini su ilə doldurur, başlarına qoyub qayıdırlar. Qadınlardan biri qabaqda sərnicsiz gəlir, yola diqqətlə baxır. O yerlərdə təsadüf edilən yaşıl bir qurd (cücü) var, ona rast gələndə götürüb kənara atır ki, suaparan qadınlar onu tapdalamasınlar. Kim hamin qurdu tapdalayıb öldürsə, başında olan sərnic suyu dərhal iylənir, ona
görə suyu yerə boşaldıb geri dönmək, sərnici pak eyləyib yenidən su ilə doldurmaq lazım gəlir”.
Mən bu sözü dedikdə əmir Bus-Suvar üz-gözünü turşutdu, başını yırğaladı, bir neçə gün mənimlə əvvəlki kimi mehriban olmadı. Bir dəfə Piruzan Deyləm mənə dedi: “Əmir səndən gileylənib deyir ki, filankəs ciddi adama oxşayır, ancaq bilmirəm nə üçün mənə uşaq-uşaq sözlər danışır, onun kimi bir adam mənim kimi birisinə nə üçün yalan deyir?”.
Mən o saat Gəncədən Gürgana bir qasid göndərdim və əmr etdim ki, belə bir kəndin hamin yerdə olduğu və hamin cücü əhvalatının düzlüyü haqqında qazi rəis, xətib, üləma və bütün e’timadlı adamlar tərəfindən imza edilmiş bir arayış gətirsin. Dörd ay zəhmətdən sonra mən həmin arayışı alıb əmir BusSuvarın qarşısına qoydum. Oxuyub güldü və dedi: “Mən özüm bilirəm ki, sənin kimi adamdan yalan çıxmaz, xüsusilə mənim yanımda, lakin elə də doğru danışmaq lazım deyil ki inandırmaq üçün dörd ay zəhmət çəkib iki yüz mö’təbər adamın imzası ilə sənəd hazırlayasan!”

       Onu da bilməlisən ki, söz dörd cürdür: birini nə bilərlər nə deyərlər, birini həm bilərlər, həm də deyərlər, birini deyərlər, lakin bilməzlər, birini bilərlər, lakin deməzlər. Bilinməyən və deyilməyən sözlər dinə ziyanı olanlardır, bilmək lazım olmayıb deyiləsi sözlər: haqq-taalanın kitabında, peyğəmbər əleyhissəlamın hədislərində, elmi kitablarda, üləmanın əsərlərində olan sözlərdir, çünki belə sözlərin şərhi yalnız təqliddən ibarət olar, onlardakı ziddiyyət ixtilaf və çətinlikləri açıb göstərmək vəhydən xəbər vermək və ona bənzər kimi bir şeydir. Ona görə, kim belə şeyləri şərh etmək həvəsinə düşsə, xüdavəndi-aləm onun cəzasını verər həm bilməli, həm deməli sözlərə gəldikdə, onlar həm dinə, həm dünyaya lazım olan, yə’ni hər iki dünyada işə yarayan sözlərdir. Belə sözlərin həm danışana, həm də dinləyənə faydası olar. Bilib deyilməyəsi sözə misal onu göstərmək olar ki, böyük bir adamın və ya bir dostun
sənin yanında bir eybi ola, ya ehtimal üzündən və ya işin gedişindən elə güman edəsən ki, o, şəriətə düz gəlmir, desən ya həmin böyük adamın qəzəbinə səbəb olarsan, ya o dostuna ziyan vurarsan, ya qara camaatın tə’nəsinə mə’ruz qalarsan. Belə bir söz bilib deyiləsi mümkün olmayan sözdür. Dediyim bu dörd növ sözün ən yaxşısı odur ki, onu həm bilmək olar, həm də demək.
Lakin bu dörd növ sözün hərəsinin iki üzü vardır: biri gözəl, biri çirkin. Camaat arasında danışarkən gözəllərini danış ki xalqın xoşuna gəlsin və qabiliyyətinin dərəcəsi mə’lum olsun. Böyük və ağıllı adamları sözlərinə görə tanıyarlar, sözləri adamlara görə yox. Hər adam öz sözünün altında gizlənmişdir. Əli Əmirəlmö’minin (Allah ondan razı olsun) belə demişdir: “Hər kəs öz dilinin altında gizlənmişdir”. Söz var bir cürə deyərsən, insanın ruhu təzələnər, başqa cürə deyərsən adamın qəlbi kədərlənər.
H e k a y ə t. Eşitmişəm, bir dəfə Harun ər-Rəşid yuxuda görür ki, bütün dişləri tökülübdür. Səhəri yuxuyozanı çağırıb soruşur: “Bu yuxunun mə’nası nədir?”. Yuxuyozan deyir: “Əmirəlmö’minin ömrü uzun olsun, bütün qohum-əqrəban səndən qabaq öləcək, belə ki, heç kəs qalmayacaqdır”. Harun ər- Rəşid deyir: “Bu yuxuyozana yüz çubuq vurun, o belə bir ağır xəbəri nə üçün mənim üzümə dedi, bütün qohum-qardaşım məndən əvvəl öləcəksə, onda mən kimə lazımam?!”. Əmr etdi, başqa yuxuyozanı çağırdılar, yuxunu ona danışdı. Yuxuyozan dedi: “Əmirəlmö’mininin gördüyü bu yuxu göstərir ki, Əmirəlmö’minin bütün qohum-əqrabasından çox aşayacaqdır”. Harun ər-Rəşid dedi: “Ağlın hökmü eynidir, tə’bir hamin tə’birdir, lakin ibarələrdə böyük fərq vardır”. Əmr etdi, hamin kişiyə yüz dinar versinlər.
Deməli, sözün dalına-qabağına fikir vermək lazımdır, dediyin sözü ən gözəl tərzdə demək lazımdır ki, həm söz
anladan olasan, həm söz anlayan. Əgər dediyin sözü anlamasan, səninlə o tutuquşunun nə fərqi var? O da söz deyə bilir, lakin söz anlayan deyil. Söz anlayan ona deyərlər ki, onun da sözünü başqaları anlasın, belələri ağıllı adamlar hesab edilər, əks halda insan deyil, heyvan zümrəsindən sayılarlar. Sözü böyük hesab et, söz göydən enmişdir, onun qədrini bil, yerində deyilməli sözü saxlama, de, lakin yersiz danışmaqla da onu qiymətdən salma ki, hikmətə zülm etmiş olmayasan!
Nə desən düzünü de, mə’nasız müddəalarda olma. Hər müddəa üçün isə çox da sübuta can atma. Bilmədiyin elmdən dəm vurma, o elmdən çörək gözləmə, çünki sən elə elmdən, elə minbərdən məqsədinə çata bilməzsən, yalnız bildiyin elmdən məqsədə çata bilərsən. Bilmədiyin şeydən heç şey də əldə edə bilməzsən.
Hekayət. Eşitmişəm, deyirlər ki, Xosrov (Ənuşirəvan) dövründə bir qadın Büzürcmehrin yanına gəlib bir məsələ haqqında ondan söz soruşur. Bu zaman Büzürcmehrin başı qarışıq imiş, deyir: “Ey qadın, sən soruşduğun şeyi mən bilmirəm”. Qadın deyir: “Bunu bilmirsənsə, bəs nəyə görə bizim hökmdarın çörəyini yeyirsən?”. Büzürcmehr deyir: “Bildiyim şeyə görə, şah yalnız bildiyim şeyə mənə bir şey verir. Bacarırsansa gəl özün hökmdardan soruş, gör o bilmədiyim şey üçün mənə bir şey verir, ya yox?!”.

       Lakin işlərdə həddini aşma, ifratı zərərli hesab et, hər məsələdə orta olmağa çalış. Bizim şəriət sahibi deyibdir: “İşlərin xeyirlisi ortada olanıdır”. Söz deyib iş görməkdə tələsmə. Mən ağır oturub yavaş tərpənmək üstə danlanmağı, yüngüllük edib tələsmək üstə tə’riflənməkdən üstün tuturam. Sənin yaxşı və pisliyinə dəxli olmayan sirləri öyrənməyə çalışma, özündən başqa heç kəsə sirr demə, desən, onu artıq sirr hesab etmə. Söz daxilən yaxşı olsa da, xaricən onu pisə yoza bilərlər, çünki insanların çoxu bir-birindən bədgüman olar. Hər işdə sözün, əməlin, vəziyyətin imkanına münasib olmalıdır. Hər nə desən, elə de ki, hamı sənin sözlərinin doğruluğunu təsdiq etsin. Söz ustaları yanında doğru adam kimi tanınsan da, özünü hörmətdən salmaq istəmirsənsə, heç bir şey haqqında şahid olmağa razılıq vermə. Əgər versən canfəşanlıq gestərmə və könüllü olaraq şahidlik etmə. Hər deyilən sözə qulaq as, lakin əməl etməyə tələsmə, fikirləş danış. Dediyindən peşman olmamaq üçün əvvəl düşün, sonra sözü ağzından çıxar. Əvvəlcədən düşünə bilmək bacarmağa bərabərdir.

      İşinə yarasa da, yaramasa da, heç bir sözü dinləməkdən darıxma, beləliklə, qoyma söz qapıları sənin üzünə bağlansın, sözün faydasından məhrum olasan. Heç vaxt soyuq danışma, soyuq danışmaq elə toxumdur ki, onun meyvəsi düşmənlik olar.
Alim olsan özünü nadan hesab et ki, bilik qapıları sənin üzünə açılsın. Nə qədər ki, sözün eybini və hüsnünü
anlamayıbsan, heç vaxt onu kəsmə və ya tə’rifləmə. İstərsə böyük olsun, istərsə kiçik, hər kəslə öz dili ilə danış ki,
hikmətdən xaricə çıxmayasan və dinləyicini darıxdırmayasan. Lakin danışarkən səndən dəlil və sübut tələb edilərsə, belə yerdə elə danışmalısan ki, onları razı sala biləsən və onların arasından canını salamat qurtara biləsən.
Əgər sən söz ustadı olsan, özünü bildiyindən az göstərməyə çalış ki, söhbət vaxtı piyada olduğun meydana çıxmasın. Çox bilən, lakin az danışan ol, az bilib çox danışan olma. Deyiblər ki, susmaq salamatlığa, çox danışmaq isə
ağılsızlığa bərabərdir. Çox danışan adam ağıllı olsa da, onu ağılsız hesab edərlər, az danışan ağılsız olsa da, az danışdığı üçün camaat onu ağıllı hesab edər. Nə qədər düz, təmiz və mö’min adam olsan da özünü öymə, çünki sənin özün haqqındakı şahidliyini heç kəs qəbul etməz, çalış səni xalq tə’rifləsin, nəinki özün özünü. Çox bilirsənsə, yalnız kara gələnini, işə yarayanını de ki, zənganlı ələviyə kimi sənə də ziyan gətirməsin,
He k a y ə t. Eşitmişəm, deyirlər ki, Sahibin dövründə Zənganda bir qoca var idi. Bu qoca adlı-sanlı Şafei (Allah ona rəhmət eləsin) əshabələrindən idi. Özü din xadimi, müfti, vaiz olmaqla qazı yanında müşavirlik də edərdi. Zəngan rəisinin də ələvi, (yə’ni Əli nəslindən olan) bir oğlu var idi, o da vaiz və qazı yanında müşavir idi. Bunlar hər ikisi həmişə bir-birini ifşa edər və minbərdən bir-birinə ağır sözlər deyərdilər. Bir gün bu ələvi minbərdən hamin qocanı “kafir” adlandırdı. Xəbəri qocaya çatdırırlar, o da minbərdən hamin cavanı “haramzadə adlandırdı. Bu xəbəri də ələviyə çatdırdılar. Bərk özündən çıxdı, tez yerindən qalxıb Rey şəhərinə, Sahibin yanına getdi, hamin qocadan şikayət edib, ağladı və dedi: “Sizin dövrünüzdə yaramaz ki, peyğəmbər övladını “haramzadə” adlandırsınlar”. Sahibin həmin qocaya açığı tutdu, qasid göndərib onu Reyə çağırtdırdı. Şəriət üləması və seyidlərlə birlikdə məhkəmə düzəldib qocaya dedi: “Ey şeyx, sən şafei (Allah ona rəhmət eləsin) imamlarının adamlarındansan, özün də alimsən, bir
ayağın buradadır, bir ayağın gorda, heç sənə yaraşarmı, peyğəmbər övladına “haramzadə” deyəsən? İndi ki, bunu
deyibsən, gərək sübut edəsən,yoxsa sənə şəriətin vacib bildiyi elə bir cəza verəcəyəm ki, xalq bundan ibrət alsın və heç kəs belə ədəbsizlik və hörmətsizliyə cəsarət etməsin”. Qoca dedi: “Sözümün doğruluğuna sübutum həmin ələvinin özüdür, onun üçün onun özündən daha inandırıcı sübut ola bilməz. Lakin mənim sözümə görə, o, halalzadə və təmizdir, öz sözünə görə isə haramzadədir”.
Sahib dedi: “Bunu neçə sübut edə bilərsən?” Qoca dedi: “Bütün Zəngan bilir ki, onun anasının kəbinini atasına mən kəsmişəm, o isə məni minbərdən kafir adlandırmışdır. Əgər o bu sözü ürəkdən deyirsə o, zaman kafirin kəsdiyi kəbin haramdır, bu halda, onun öz dediyinə görə, o, haramzadədir; yox, əgər ürəkdən demirsə, deməli yalançıdır, ona tənbeh lazımdır”.
Sonra qoca əlavə etdi: “Hər halda ya yalançıdır, ya haramzadə. Peyğəmbər övladı isə yalançı olmamalıdır, necə
istəyirsiniz, onu elə də adlandırın, şübhəsiz ki, bu ikisindən birisini qəbul etmək lazım gələcəkdir”.
O cavan bərk tutuldu, heç bir cavab tapa bilmədi. Bu sözü fikirləşməyib dediyi üçün ağrısını çəkdi.
Ey oğul, söz danışan ol, söz güləşdirən olma. Söz güləşdirmək divanəlik kimi bir şeydir. Hər kimlə danışsan, diqqət et, gör, o sənin sözlərinin müştərisidir, ya yox. Əgər yağlı müştəri tapsan əl çəkmə, sözlərini sat, yox müştəri deyilsə, o
sözü saxla, onun xoşuna gələn başqa şeylər danış, qoy dönüb sənin müştərin olsun. Lakin çalış adamla adam ol, insanla insan, çünki adam başqadır, insan başqa. Qəflət yuxusundan ayılanlar xalqla mən dediyim kimi rəftar edər.
Bacardıqca söz deyib, söz eşitməkdən çəkinmə, çünki insanlar söz eşitmək vasitəsi ilə söz deməyi bacaran olarlar.
Sübut: əgər uşağı anasından ayırıb zirzəmiyə salsalar, orada süd verib böyütsəlar, anası və dayası onunla danışmasalar, ona nəvaziş etməsələr, o heç kəsin səsini eşitməsə, böyüdükdə lal olar, lakin belə adam uzun müddət eşidib öyrəndikdən sonra yenə dilə gəlib danışar. Başqa bir s üb u t: anadan kar doğulan lal olar. Görmürsənmi, lalların hamısı kardırlar?

    Deməli, sözlərə qulaq as və yadında saxla, xüsusilə hökmdarların və alimlərin dedikləri hikmətli sözləri. Demişlər
ki, alimlərin, hökmdarların nasihətlərinə qulaq asmaq ağlın gözünü işıqlandırar, çünki ağıl gözünün tutiya və sürməsi hikmətdir. Bu dediyim sözlərə canla-başla qulaq asıb onlara e’tiqad etmək lazımdır.
İndi belə mə’nalı və nadir sözlərdən bə’zisi yadıma düşdü. Bu sözlər əcəm şahlarının şahı Ənuşirəvan Adilin dilindən deyilmişdir, mən onları bu kitabda ona görə xatırladıram ki, sən oxuyub öyrənəsən və onlara əməl edəsən. O padşahın sözlərinə və məsləhətlərinə əməl etmək bizə daha vacibdir, çünki biz o şahların nəslindənik.
Bil, mən keçmiş xəlifələr haqqındakı xəbərlərdə belə oxumuşam ki, xəlifə Mə’mun (Allah ona rəhmət eləsin)
Ənuşirəvanın məzarını ziyarətə getmişdi. Onun daxmasına çatanda gördü ki, bədəni taxt üzərində çürüyüb torpağa
dönmüşdür. Onun taxtının üzərində, daxmanın divarında pəhləvi dilində qızıl su ilə yazılmış bir neçə sətir yazı var idi. Mə’mun əmr etdi, pəhləvi dili bilən alimləri gətirdilər, onlar hamin yazıları oxudular və ərəb dilinə tərcümə etdilər. Hamin ərəb tərcüməsi əcəmdə məşhurdur.
Birinci növbədə deyilirdi: “Nə qədər ki, mən sağ idim, Allahın bütün bəndələri məndən kömək alırdılar, elə bir adam olmamışdır ki, mənim qapıma gəlsin, mənim ne’mətimdən bir qismət aparmasın. Ölüm qarşısında aciz qaldığım zamanda isə bu sözləri divara yazdırmaqdan başqa heç bir çarə tapmadım. Dedim, əgər bir adam bir vaxt məni ziyarətə gəlsə, bu yazıları oxuyub yadda saxlasa, qoy o da mənim mərhəmətimdən məhrum olmasın, bu nəsihət və öyüdlər o adamın ayaq zəhmətinin mükafatı olsun”. Bu nəsihətlər aşağıdakılardır:

Advertisements

12/12/2016 tarixində Birlikdə öyrənək içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 7 Şərh.

  1. İnsan okumalı. Gerçekten aydınlanmak ve çevresine ışık saçmak için okumalı. Karanlık insanı kör eder. Yani bilgisizlik. Benim kendimi şanslı hissettiğim anlarım olur. O anlardan biri de sizin gibi değerli birini tanımak ve bu kıymetli şahsiyetiniz sayesinde bu güzel tavsiye ve öğütlere ulaşıp okumak. Her cümlesi özümüze bir tembihtir. Her satırda bambaşka bir öğüt vardır. İçinden çok beğendiğim ve not aldıklarım oldu şüphesiz. Allah Razı Olsun sizden. Bu fasıldaki Hekayetler ise bir başkaydı. Harun Reşit hikayesi hele ki. Hz.Ali (Radyallahu Anha) nın özüne ait sözü ise beni mest etti. “Hər kəs öz dilinin altında gizlənmişdir” … Sevgiyle kalınız.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Asıl ben teşekkür ediyorum. İnanın yaptığınız paylaşımların çoğu insanın asla vaktini almayan ve ona güzel şeyler öğreten cinstendir. Sizi bu konuda tebrik ediyorum Sevinç Abla. Sizde iyi ki varsınız. 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  3. Çox maraqlı bir bölüm oldu. Əziyyətiniz üçün təşəkkür edirəm, Sevinc, inşəAllah faydalananlar olar.
    Bu xəbərin ilk oxucusu mən olurdum, axır zamanlar estafeti əldən vermişəm, deyəsən 🙂

    Bəyən

  4. Eksini tesevvur bele etmeyin insheAllah. Hemishe birlikde olariq Allahin iznile 👭

    Bəyən

  1. Geri bildiriş: “Qabusnamə”-dən sözün harda,necə deyilməsi haqqında gözəl hekayət | Dadashov's Blog

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: